Həyatı

 ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB ƏLEYHİSSƏLAMIN HƏYATI



*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında

* İlk müsəlman olmuş şəxs

* Böyük bir şücaət

* Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi

* İki əsas yol ayrıcı

* Üç cəbhədə mübarizə

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.[1] Atası Əbutalib[2], anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri

Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:

1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;

2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;

3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;

4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;

5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).

1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər

Yuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.

Əli (əleyhissəlam) Peyğəmbər qucağında

Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə’lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:

«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri, Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.[3]»

Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki, Allah –taala da onu mənim üçün seçmişdir.[4]»

Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu.

Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi.

Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»[5]

Əli (əleyhissəlam) hira[6] mağarasında

Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni yeddi, ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.[7]

Tarixi faktlardan mə’lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.

Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.

Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: “Bu nə qışqırıqdır?” Cavab verdi ki, bu, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim, canişinimsən və xeyir-bərəkətlisən.»

Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki, bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.

Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki, Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.

İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır:

«Səhih[8]1 kitablarında rəvayət olunmuşdur ki, Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi.[9]2»

2. Be’sətdən Peyğəmbərin hicrətinədək

Həzrət Əli əleyhissəlamın ömrünün ikinci hissəsini be’sətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə on üç ildən ibarətdir. Həzrət Əli əleyhissəlamın İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Elə xidmətlər ki, İslamda Əli əleyhissəlamdan başqa heç kimə nəsib olmayıb.

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır.[10] Yə’ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə’naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə’nayadır.)

İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur’an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»[11]

Qur’anın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah-taala onların hamısına [həm birincilərə, həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] və’d buyurmuşdur.»[12]

Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə, şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.

Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə’lum olur.

Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar

Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki, onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»[13]

b) Alimlər və rəvayətçilər söyləmişlər:

«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»[14] 

v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»

q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»

d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi, peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə, bilin ki, o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»[15]

e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül–həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə’bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.

Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: “Bu çox böyük hadisədir!” O da mənə dedi: “Bu üç nəfəri tanıyırsan?” Dedim ki, xeyr. Abbas dedi: “Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki, onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»[16]

Bu hadisədən çox gözəl mə’lum olur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissəlam) qəbul etmişdir.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini

İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi.

Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də’vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.

Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam[17]!»

Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum–əqraba onun də’vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni–Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.

Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.

Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də’vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»

Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı[18] Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.

İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.

Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»[19]

Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə’ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə’lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.

Böyük bir şücaət

Be’sətin on üçüncü ili zilhiccə ayının on üçündə peyğəmbərlə Yəsrib (Mədinə) şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin Yəsribə gəlməsini istəyərək bildirdilər ki, onlar peyğəmbəri himayə və müdafiə edəcəklər. Həmən günün səhərindən e’tibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki, İslam dini üçün yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki, Peyğəmbər Yəsribə köçdükdən sonra çəkdiyi əzab-əziyyətlərin, müşriklərin ona və müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə müharibəyə başlayacaq. Əgər müharibə etmək fikri də olmasa, Qüreyş tayfasının (Məkkənin) Yəsrib şəhərinin kənarından keçdiyi Şam (indiki Dəməşq) şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq üçün be’sətin on dördüncü ili səfər ayının sonunda «Darun-nədvə»də – Məkkənin şura yığıncağında yığışıb təkliflər irəli sürdülər. Bə’ziləri belə təklif verdilər ki, Məhəmmədi (səlləllahu əleyhi və alih) ya sürgün etsinlər, ya da həbsə alsınlar. Ancaq bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə qərara gəldilər ki, peyğəmbəri öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki əgər onu öldürsələr, Bəni–Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki, hər qəbilədən bir nəfər (gənc) yığışıb gecə vaxtı Məhəmmədi (səlləllahu əleyhi və alih) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmmədin (səlləllahu əleyhi və alih) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb Məhəmmədin (səlləllahu əleyhi və alih) qan bahasını (qan pulunu) almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək.

Bu planı həyata keçirmək üçün müşriklər rəbiül-əvvəl ayının birinci gecəsini tə’yin etdilər.

Allah-taala Qur’anda müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurmuşdur: «[Ya Məhəmməd!] Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə qarşı hiylə qururdular. Allah onların da [bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır[20].»

Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu işdən xəbərdar etdi və bildirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) (doğma vətəni olan) Məkkəni tərk edib, Yəsribə getməlidir.

Burada Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən çıxmaq üçün «iz itirmək» taktikasından istifadə etməli idi. Buna görə də, canından keçmiş şücaətli, ürəkli bir nəfər lazım idi ki, gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklər yatan şəxsin Məhəmməd (səlləllahu əleyhi və alih) olduğunu güman edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. Belə bir şəxs Əli əleyhissəlamdan başqa kim ola bilərdi?

Bu səbəbdən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı müşriklərin qurduğu hiylədən agah edib ona dedi ki, bu gecə o, peyğəmbərin yerində yatmalı və Peyğəmbərin yatarkən üstünə örtdüyü yaşıl parçanı üstünə çəkib kafirlərin fikrini özünə cəlb etməlidir. (Bu yolla onlar məni tə’qib edə bilməyəcəklər.)

Əli (əleyhissəlam) peyğəmbərin dediyi kimi də etdi.

Müşriklər gecə olan kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) evini mühasirəyə aldılar. Səhərə yaxın əllərində qılınc Peyğəmbərin (səlləllahu əleyhi və alih) evinə tökülüşdülər. Bu vaxt Əli (əleyhissəlam) yataqdan qalxdı. Səhərə qədər planlarını dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli (əleyhissəlam) olduğunu gördükdə, bərk qəzəblənərək Əli əleyhissəlamdan soruşdular: “Məhəmməd (səlləllahu əleyhi və alih) hardadır?” Əli (əleyhissəlam) onların cavabında buyurdu: “Məgər Məhəmmədi (səlləllahu əleyhi və alih) mənə tapşırmışdınız ki, indi də məndən istəyirsiniz? Siz elə iş gördünüz ki, o evini atıb getməli oldu.” Vəziyyəti belə görən müşriklər Əli əleyhissəlamı tutub (Təbərinin dediyinə görə) ona əziyyət verməyə başladılar. Onu Məscidül-hərama aparıb bir az saxladıqdan sonra buraxdılar. Sonra Peyğəmbəri (səlləllahu əleyhi və alih) tutmaq məqsədilə Yəsribə tərəf hərəkət etdilər.

Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Sur mağarasında gizlənmişdi.[21]

Qur’ani-Məcid Əli əleyhissəlamın fədakarlığını əbədi tarixə yazaraq bir ayədə bu məsələyə toxunmuş və Əli əleyhissəlamı canını Allah-taala yolunda fəda edən şəxs kimi qələmə vermişdir: «İnsanlardan eləsi də var ki, Allah-taalanın razılığını qazanmaq yolunda [Allah Rizası üçün] öz canını fəda edər. Allah-taala Öz bəndələrinə qarşı çox mehribandır.» (“Bəqərə” surəsi, ayə 207)

Təfsirçilər deyirlər: «Bu ayə Əli əleyhissəlamın böyük fədakarlığı, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yatağında yatması barədə nazil olmuşdur”. (O gecə İslam tarixində «Leylətül-məbit» adı ilə məşhur olmuşdur.)

Əli əleyhissəlamın özü də Ömərin əmrilə xəlifə tə’yin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada bu məsələyə toxunaraq şura üzvlərinə meydan oxumuş və buyurmuşdur: «Sizi and verirəm Allaha, deyin görüm o təhlükəli gecədə Peyğəmbər Sur mağarasına gedərkən kim onun yerində yatıb özünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) qalxan etdi?»

Hamı «Səndən başqa heç kim» deyə cavab verdilər.[22]

3. Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək

Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı

İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox sə’ylər etmişdir. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə[23] gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.

Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.

Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhissəlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan![24].» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu.[25]

Bu məsələ Əli əleyhissəlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.

Əli (əleyhissəlam) döyüş meydanlarında

Əli əleyhissəlamın həyatı Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.

Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli (əleyhissəlam) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli (əleyhissəlam) iştirak etməmişdir. Onda da Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.

Bu müharibələrin hamısı haqqında danışmaq bu kitabın tutumundan xaric olduğu üçün təkcə Əli əleyhissəlamın Peyğəmbər dövründəki dörd əsas müharibədə göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik.

1) Əli (əleyhissəlam) Bədr döyüşündə

Hamıya mə’lumdur ki, Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi.

Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (səlləllahu əleyhi və alih) xəbər çatır ki, Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi.

Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar, müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər.

Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi.

Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.

Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Əbu Süfyanın qaynatası, Hindənin atası), Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: “Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan, bizim şə’nimizə layiq olan adamlardan göndər!”

Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə, Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr etdi ki, meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə, Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: “Bəli, siz bizim şə’nimizə layiqsiniz”. Beləliklə, Həmzə Şeybə ilə, Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli (əleyhissəlam) Müaviyənin dayısı (Əbu Süfyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş Əli (əleyhissəlam) ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər.[26]

Əli (əleyhissəlam) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir vaxtda) Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur: «Bədr döyüşündə baban Ütbəni, dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc indi də məndədir.»[27]

İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...

Bu döyüşdə ölən müşriklərin yarıdan çoxu Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirildi.

Mərhum Şeyx Müfid Bədr döyüşündə ölənlərin otuz altısının Əli (əleyhissəlam) tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki, «şiə və sünni hədis söyləyənləri hamı yekdilliklə qeyd etmişlər ki, bunları (otuz altı nəfəri) Əli (əleyhissəlam) təkbaşına öldürmüşdür. Yalnız bir neçə nəfərin qatili barədə mübahisə var. Bir neçə nəfərin qətlində isə Əli (əleyhissəlam) başqaları ilə şərik olmuşdur.»[28]

2) Əlİ əleyhİssəlamın Ühüd döyüşündəkİ mİsİlsİz şücaətİ

Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəiflədi. Buna görə də, onlar qərara aldılar ki, bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum etsinlər.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami bir şura təşkil etdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki, müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar.

Peyğəmbər (səlləllahu əleyhi və alih) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə, İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi.

Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirtdi. Peyğəmbərin nəzərini dağın başında olan yol özünə cəlb etdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) fikirləşdi ki, kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə, Peyğəmbər (səlləllahu əleyhi və alih) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ona dönə-dönə tapşırdı ki, əsla oranı boş qoymamalı, hətta müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar.

Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə, bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar tə’yin olunurdu. (Əgər biri öldü o biri bayrağı tutardı. Əgər o da ölsə, üçüncü, dördüncü... şəxs bayrağı tutardı.)

Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan «Bəni–Əbdüddar» qəbiləsindən bir neçə bayraqdar tə’yin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əli əleyhissəlamın qılıncı ilə həlak olurdu. Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu.

İmam Sadiq (əleyhissəlam) bu barədə buyurmuşdur: «Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirilmişdir.»[29]

Həmçinin ibn Əsir yazır:«Qüreyşin bayraqdarlarını həlak edən Əli (əleyhissəlam) idi.»[30]

Mərhum Şeyx Səduq rəvayət edir ki, Əli (əleyhissəlam) Ömərin ölümündən sonra xəlifə tə’yin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada öz rəqiblərinə meydan oxuyaraq bu məsələyə toxunub buyurmuşdur: «Sizi and verirəm Allaha, deyin görüm, burada (bu altı nəfərin arasında) Ühüd döyüşündə Bəni–Əbdüddar qəbiləsinin doqquz nəfər bayraqdarını məndən başqa öldürən varmı?» Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu: «Bu doqquz nəfər bayraqdarın ölümündən sonra Bəni–Əbdüddar qəbiləsinin iri bədənli Sə’vəb adlı nökəri meydana çıxdı, ağzı köpüklənmiş, gözləri qanla dolmuş halda deyirdi ki, ağalarımın qisasını almaq üçün Məhəmməddən (səlləllahu əleyhi və alih) başqa heç kimi öldürməyəcəyəm. Siz onu görcək qorxub hərəniz bir kənara çəkildiniz. Ancaq mən onun döyüşünə getdim. Bizim aramızda iki tərəfli vuruş oldu. Mən ona, o da mənə zərbələr endirirdi. Nəhayət, mən ona elə bir zərbə endirdim ki, o, kəmərdən aşağı iki hissəyə bölündü.»

Şura üzvləri hamı yekdilliklə Əli əleyhissəlamın dediklərini təsdiqlədilər.[31]

Qüreyş ordusu zəiflədi, bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbərin (səlləllahu əleyhi və alih) tapşırığını bir daha onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı.

Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə, müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri, o cümlədən Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müs’əb ibn Ümeyr şəhid oldular.

Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alih) öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) ölüm şayiəsi, digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı.

Burada Həzrət Əli əleyhissəlamın rolu mə’lum oldu. Çünki Əli (əleyhissəlam) misilsiz şücaət və rəşadətlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında vuruşur və İslamın müqəddəs və ulu rəhbəri Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu.

İbn Əsir öz kitabında yazır: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hücum etmək məqsədində olan bir dəstə müşriki görüb Əli əleyhissəlama əmr etdi ki, onlara hücum etsin. Əli (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə onlara hücum edərək bir neçəsini öldürməklə onları bir-birindən ayırdı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) başqa bir dəstə görüb yenə Əli əleyhissəlama onlara hücum etməyi əmr etdi. Əli (əleyhissəlam) da onların bir neçəsini öldürərək onları bir-birinin ətrafından dağıtdı. Bu zaman vəhy mələyi Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olub dedi: “Əli (əleyhissəlam) son dərəcə şücaət göstərir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) ona buyurdu: “O məndən, mən də ondanam.” Bu vaxt göydən belə bir səs eşidildi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur.)[32] »

İbn Əbil Hədid yazır: «Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin çoxu qaçmağa başladı, müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni–Kənanə qəbiləsindən bir dəstə, Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbərə (səlləllahu əleyhi və alih) tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, bunların hücumunun qarşısını alsın. Əli (əleyhissəlam) piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbərə (səlləllahu əleyhi və alih) hücum etmək istəsələr də, ancaq Əli əleyhissəlamın müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları mə’lum olmayan digər on nəfər Əli əleyhissəlamın qılıncı ilə yerə sərildilər.

Cəbrail Peyğəmbərə dedi: “Əli (əleyhissəlam) doğrudan da sənə çox kömək edir. Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.” Peyğəmbər (səlləllahu əleyhi və alih) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın? O məndən, mən də ondanam.” Cəbrail dedi: “Mən də sizdənəm.” Həmin gün asimandan belə bir səs eşidilirdi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əli əleyhissəlamdan başqa heç bir cavan yoxdur.) Bu cümlə dəfələrlə təkrar edilirdi. Səs eşidilir, ancaq deyən görünmürdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdular ki, bunu deyən kimdir? Cavab verdi ki, Cəbrail.[33]

3) Əlİ (əleyhİssəlam) «Əhzab» (Xəndək) döyüşündə

Əhzab[34] döyüşü adından da mə’lum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.

Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.

Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi (səlləllahu əleyhi və alih) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.

Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırıldıqda, Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.

Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.

Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.

Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi.

Digər tərəfdən  Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin, Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.

Həssas və böhranlı günlər

Qur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini «Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir:

«Ey iman gətirənlər! [Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş] ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz [mələklərdən ibarət] qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər]. Məhz onda [Xəndək vuruşunda] mö’minlər imtahana çəkilmiş [kimin həqiqi mö’min, kimin münafiq olduğu bəlli olmuş] və möhkəm sarsılmışdılar. O zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. [Biz zəfər çala bilməyəcəyik]» –deyirdilər. O zaman onlardan biri: «Ey Yəsrib [Mədinə] əhli! [Burada] sizin üçün duracaq bir yer yoxdur, [evinizə] qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır [kimsəsizdir, oğru girməsindən qorxuruq]»-deyə [geri qayıtmaq üçün] Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq [döyüşdən] qaçmaq istəyirdilər. Əgər [Mədinənin] hər tərəfindən üstlərinə yüyürülüb [cumulub] onlardan fitnə törətmək [imandan dönmək, yenidən müşrikliyə qayıtmaq] istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda [bu işdə] azacıq da olsa yubanmazdılar.»[35]

Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.

Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli, ən şücaətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, öz şücaətini göstərsin.

Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki, səsim tutuldu.»

Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki, yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cür’ət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərdən (səlləllahu əleyhi və alih) vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) ona izn vermirdi. Əli (əleyhissəlam) üç dəfə ayağa qalxdı, lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) razılıq vermədi. Əli (əleyhissəlam) bir daha icazə istədikdə Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli (əleyhissəlam) da dedi ki, ya Rəsuləllah, mən də Əliyəm![36] Nəhayət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama izn verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qılıncını Əli əleyhissəlama verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.

Əli (əleyhissəlam) meydana gedərkən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.»[37]

Bu hədisdən asanlıqla mə’lum olur ki, bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə, yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək, bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.

Əli (əleyhissəlam) piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: “Sən söz vermişdin ki, Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə, onun birini yerinə yetirəcəksən.” (Əli (əleyhissəlam) özü də Qüreyş tayfasından idi.)

Əmr dedi: “Düzdür.”

Əli: “Mənim birinci istəyim budur ki, İslam dinini qəbul edib müsəlman olasan.”

Əmr: “Bundan keç.”

Əli: “Gəl Məhəmmədlə (səlləllahu əleyhi və alih) döyüşmək fikrini başından at, çıx get. Əgər Məhəmmədin (səlləllahu əleyhi və alih) dedikləri düz olarsa, onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan, yox əgər onun dedikləri yalan olarsa, onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan.”

Əmr: “Xeyr, Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki, Məhəmməddən (səlləllahu əleyhi və alih) intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm.”[38]

Əli: “Elə isə onda atdan düş mənimlə vuruşaq.”

Əmr: “Heç güman etməzdim ki, bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get, sən hələ cavansan.”

Əli: “Ancaq mən səni öldürmək istəyirəm.”

Əmr Həzrət Əli əleyhissəlamın bu sözündən qəzəblənib atdan yerə endi və qəzəbindən dərhal atın qıçlarını kəsdi. Əli əleyhissəlamın üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əli əleyhissəlamın başına güclü bir zərbə endirdi. Həzrət Əli (əleyhissəlam) özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əli əleyhissəlamın başı yaralandı. Həzrət Əli (əleyhissəlam) da fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi. Döyüş meydanında  qalxmış toz-torpaq hər iki qoşuna öz döyüşçülərinin vuruşunu öz gözlərilə izləməyə mane olurdu. Birdən Əli əleyhissəlamın təkbir (Allahu əkbər) səsi göyə ucaldı.

İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, Əli (əleyhissəlam) ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.[39]

Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli əleyhissəlamla Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli (əleyhissəlam) xəndəyə qayıdıb onu da öldürdü.

Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.

Düşmənə sonuncu zərbəni Allah-taala güclü külək və tufanla endirdi. Düşmən naçar qalıb öz vətəninə dönməli oldu.[40]

İslam peyğəmbəri Əli əleyhissəlamın o gün göstərdiyi şücaət münasibətilə ona buyurdu: «Əgər sənin bu gün gördüyün işi ümmətimin bütün əməlləri ilə müqayisə etsələr, sənin gördüyün bu iş onlardan üstün olacaq. Çünki Əmrin ölümü ilə müşriklərin bütün evləri zillətlə, müsəlmanların bütün evləri isə izzətlə doldu.[41]

Sünni məzhəbinin görkəmli hədis söyləyəni Hakim Nişaburi Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu ifadəsini aşağıdakı şəkildə qeyd etmişdir:

«Ləmubarəzətu Əliyy ibn Əbitalib li Əmr ibn Əbdəvəd yəvməl xəndəqi əfzəlu min ə’mali ümməti ila yəvmil qiyaməh.» «Xəndək döyüşündə Əli ibn Əbutalibin Əmr ibn Əbdəvədlə mübarizəsi mənim ümmətimin Qiyamətədək edəcəkləri əməllərin hamısından üstündür.»[42]

Bu sözün fəlsəfəsi mə’lumdur. O gün İslam və Qur’an nizami səhnədə məhv olmaq həddinə yetişmiş və özünün ən böhranlı anlarını yaşayırdı. Həmin gün öz misilsiz şücaətilə İslama nicat verib onun Qiyamətədək yaşamasını tə’min edən və İslamı öz şücaətilə rişələndirən şəxs Əli ibn Əbutalib olmuşdur. Deməli, bütün ümmətin ibadəti onun sayəsində həyata keçir və bu yolda hamı Əli əleyhissəlama borcludur.

4) Əlİ - Xeybər qalasının fatehİ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir ki, Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu işə əl atmasının iki səbəbi var idi:

1) Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.

2) O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə  uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.

Bu iki məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu.

Xeybər qalaları böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmədilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər gün bayrağı bir nəfərin əlinə verib qalanı fəth etməyi ona tapşırırdı. Ancaq onlar heç bir nəticə almadan geri dönürdülər. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı Əbu Bəkrin əlinə, səhəri gün isə Ömərin əlinə verib onları qalaya tərəf göndərdi. Ancaq onlar heç bir qələbə qazanmadan geri döndülər.

Vəziyyətin bu cür gedişinə Peyğəmbər (səlləllahu əleyhi və alih) tab gətirə bilmirdi. İşin belə olduğunu görən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah-taala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.»[43]

O gecə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri fikirləşirdilər ki, görəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) çadırının qarşısında durub hamı ümid edirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verəcək. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əli haradadır?» Səhabələr cavab verdilər ki, o, gözü ağradığı üçün istirahət edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əlini bura gətirin!» Əli (əleyhissəlam) gəldikdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) duası nəticəsində Əli əleyhissəlamın gözü sağaldı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Əli (əleyhissəlam) dedi: “Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama də’vət et, onların Allah-taala qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin də’vətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür.[44]” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.) (Səhihi-Müslim, c.7, səh121)

Əli (əleyhissəlam) bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi

İyirmi ildən artıq idi ki, İslam dini Hicazda ərəblərin müşrik qəbilələri arasında şirk və bütpərəstliyin ziddi olaraq yayılmışdı. Bu müddətdə ərəblərin demək olar ki, hamısı İslamın büt və bütpərəstlik haqqındakı məntiqindən xəbərdar olmuş və bilirdilər ki, bütpərəslik əcdadlardan kor-korana təqlid etməkdən başqa bir şey deyil, onların (əcdadların) sitayiş etdiyi bütlər o qədər ləyaqətsizdirlər ki, nəinki başqaları üçün bir iş görə bilməzlər, hətta özlərindən belə təhlükəni uzaqlaşdırmağa qadir olmayıb yaxud da özlərinə bir xeyir yetirə bilməzlər. Ona görə də, bu cür ləyaqətsiz bütlərə sitayiş etməyə dəyməz.

Vicdanı ayıq və qəlbi təmiz olanlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərini eşitməklə öz həyatlarında böyük dəyişikliklər etdilər və bütpərəstlikdən əl götürüb tövhidə (təkallahlığa) tərəf gəldilər. Xüsusən Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkəni fəth etdikdən sonra din təbliğatçıları dini aşkar şəkildə azad bir mühitdə təbliğ etməyə başladılar. Nəticədə Hicazın bir çox şəhər, qəsəbə və kəndlərində bütlər sındırıldı və ürəkaçan tövhid və haqq nidası hər tərəfdə eşidilməyə başladı. Ancaq inadkar və nadan insanlar öz keçmiş adət-ən’ənələrindən əl çəkə bilmir və bütpərəstlikdən əl götürmək onlara çox çətin gəlirdi. Onlar öz vicdanlarının əksinə hərəkət edərək öz çirkin adətlərindən əl çəkmir və onlarla əxlaqi və ictimai pozğunluqlara səbəb olan bu cür işlərdən itaət edirdilər. Buna görə də, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih) hər cür bütpərəstlik və qeyri-insani hərəkətlərə qarşı nizami qoşun yeritməklə və qüdrətə arxalanmaqla əxlaqi və ictimai pozğunluqların mənşəyi olan, daha doğru desək, insaniyyət məqamının hörmətini aradan aparan bütpərəstliyi birdəfəlik məhv etmək istəyirdi.

Bununla həmzaman olaraq Qur’anın «Bəraət» (Tövbə) surəsi nazil oldu. Bu surənin nazil olması ilə əlaqədar Peyğəmbərə (səlləllahu əleyhi və alih) Allah-taalanın və peyğəmbərin müşriklərdən zəhləsi getdiyini dünyanın hər tərəfindən Məkkəyə gələn hacıların arasında həcc mərasimində e’lan etməsi tapşırılır. Uca səslə Hicaz müşriklərinə bildirilməlidir ki, dörd ay müddətində məsələni həll etsinlər. Əgər dönüb müsəlman olurlarsa, onda digər müsəlmanlara qoşulub İslamın maddi və mə’nəvi ne’mətlərindən bəhrələnəcəklər. Yox əgər öz inadkarlıqlarına davam edib bütpərəstlikdə qalsalar, onda dörd aydan sonra (haram aylar çıxdıqdan sonra) döyüşə hazırlaşsınlar. Bunu da bilsinlər ki, nə vaxt harada tutulsalar dərhal öldürüləcəklər.

«Bəraət» surəsi elə bir vaxtda nazil oldu ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) həcc mərasiminə getmək fikri yox idi. Çünki ondan bir il qabaq – Məkkənin fəth olunduğu ildə Allah evini ziyarət etmiş və bir də gələn il (sonralar bu ziyarət «Həccətül-vida» (vida həcci) adlandırıldı) həccə ziyarətə getmək istəyirdi. Buna görə də, Allahın hökmünü çatdırmaq üçün bir nəfəri Məkkəyə göndərməli idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) əvvəl Əbu Bəkri yanına çağırıb «Bəraət» surəsinin ilkin ayələrini ona öyrətdi və onu qırx nəfərlə Məkkəyə göndərdi. Tapşırdı ki, Qurban bayramı günü bu ayələri müşriklərə oxusun. Əbu Bəkr Məkkəyə təzəcə yola düşmüşdü ki, vəhy nazil olub Peyğəmbərə (səlləllahu əleyhi və alih) əmr edildi ki, bu xəbəri ya peyğəmbərin özü, ya da peyğəmbərdən olan bir nəfər müşriklərə çatdırmalıdır. Bu iki nəfərdən başqa heç kimin bu işə səlahiyyəti çatmır.

Vəhy baxımından Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan və bu xəbərin çatdırılması ona həvalə olunan şəxs kim ola bilər? Vaxt ötmədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı çağırtdırıb ona əmr etdi ki, Məkkəyə tərəf yola düşsün və yolda Əbu Bəkri görüb ayələri ondan alsın. Həmçinin, ona desin ki, peyğəmbərə vəhy gəlib bildirildi ki, bu ayələri ya Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü, ya da ondan olan bir nəfər müşriklərə oxumalıdır. Buna görə də, bu ayələri oxumaq mənə həvalə edilmişdir.

Əli (əleyhissəlam) Cabir və Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin bir dəstəsi ilə Peyğəmbərə (səlləllahu əleyhi və alih) məxsus dəvəyə minib Məkkəyə yola düşdü. Əli (əleyhissəlam) yolda Əbu Bəkri görüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğunu ona dedi. Əbu Bəkr də ayələri Əli əleyhissəlama təhvil verdi. Əli (əleyhissəlam) Məkkəyə daxil olub zil-həccə ayının onu (Qurban bayramı günü) Cəməreyi-Əqəbənin üstünə çıxıb uca səslə «Bəraət» surəsinin ilk ayələrini və Peyğəmbərin (səlləllahu əleyhi və alih) dörd maddədən ibarət xəbərdarlığını müşriklərə çatdırdı.[45]

Bunu eşidən müşriklər başa düşdülər ki, artıq onların cəmi dörd ay vaxtları qalıb ki, İslam hökumətinə qarşı öz münasibət və fikirlərini bildirsinlər.

Qur’an ayələri və Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəbərdarlığı müşriklərdə böyük tə’sir qoydu və dörd ay keçməmiş onlar dəstə-dəstə İslam dinini qəbul etdilər. Hicrətin onuncu ili qurtarmamış Hicazda bütpərəsliyin kökü kəsildi.

Əbu Bəkr ayələri Əli əleyhissəlama təhvil verdikdən sonra narahat halda Mədinəyə qayıtdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib gileylənərək dedi: “Nə oldu ki, əvvəl məni bu iş (Allahın hökmünü müşriklərə çatdırmaq) üçün layiq gördün, bir az keçməmiş məni bu işdən saxladın? Bu barədə Allahdan bir hökümmü nazil oldu?”

Peyğəmbər (səlləllahu əleyhi və alih) cavab verdi ki, vəhy mələyi nazil olub bildirdi ki, bu iş üçün mənim özüm, ya da özümdən olan bir şəxsdən başqa heç kimin səlahiyyəti çatmır.[46]

4. Peyğəmbərin (s) vəfatından Əli əleyhissəlamın zahiri xilafətinədək

Bu bölməyə başlamazdan əvvəl xatırladırıq ki, İmamət məsələsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (hicrətin on birinci ili səfər ayının iyirmi səkkizi) İmam Həsən Əskəri əleyhissəlamın vəfatınadək (hicrətin iki yüz altımışıncı ili rəbbiül-əvvəl ayı) təxminən dörd mərhələdən ibarətdir. Hər mərhələ İmamların dövrün hakiminə qarşı tutduqları mövqelərə əsasən bir sıra xüsusiyyətlərə malikdir. Bu dörd mərhələ aşağıdakılardır:

1) İmamın səbr etməsi və ya dövrün hakimləri ilə yola getməsi mərhələsi.

Bu mərhələ Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (18-ci hicri ili) Əli əleyhissəlamın zahiri xilafətinə qədərki (35-ci hicri ili) dövrünü əhatə edir.

2) Əli əleyhissəlamın xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Əli əleyhissəlamın dörd il doqquz ay, ondan sonra isə İmam Həsən əleyhissəlamın bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq bu iki İmam (Əli (əleyhissəlam) və Həsən (əleyhissəlam)) bir çox çətinliklərlə üzləşmiş, İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə mə’ruz qalmışdır, ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.

3) Həqiqi İslam hökuməti və dövlət quruluşu qurmaq üçün aparılan az müddətli sə’ylər mərhələsi. Bu mərhələ İmam Həsən əleyhissəlamın sülhündən (hicrətin qırx birinci ili) İmam Hüseyn əleyhissəlamın şəhadətinə qədər (hicrətin altımış birinci ili məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir. İmam Həsən əleyhissəlamın sülhündən sonra şiənin yarımgizli işi başlamış və məqsədi, hökumətin münasib fürsətdə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qaytarılması olan proqramlar hazırlanmışdı. Bu imkan elə də çətin şey deyildi. Yə’ni, Müaviyənin ölümündən sonra bu işi həyata keçirmək olardı.

4) Nəhayət dördüncü mərhələ həmin məqsədin və proqramların uzun müddət davam etməsi mərhələsi. Bu mərhələnin iki əsrə yaxın müxtəlif sahələrində bir sıra müvəffəqiyyətlər və uğursuzluqlar əldə olmuş, ideoloji işlərdə, yüzlərlə münasib taktikalarda və minlərlə ixlas və şücaətlə dolu işlərdə qəti uğurlar əldə edilmişdir.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatı və İmamət məsələsi

Əli (əleyhissəlam) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (səlləllahu əleyhi və alih) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad etmək və bu kimi gözəl xüsusiyyətlərdə Əli əleyhissəlama çatmazdı. Məhz bu üstünlüklərə görə Əli (əleyhissəlam) dəfələrlə Allah və Peyğəmbər tərəfindən müsəlmanların gələcək rəhbəri tə’yin olunmuşdu. Onların hamıdan əsası «Qədir Xum» hadisəsidir. Buna görə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra ehtimal verilirdi ki, Əli (əleyhissəlam) hökumətə gələrək müsəlmanlara başçılıq edəcək. Ancaq heç də belə olmadı və xilafət yolu Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra tamamilə dəyişdi. Əli (əleyhissəlam) siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.

İki əsas yol ayrıcı

Əli (əleyhissəlam) İslam hökumətinin təhrif olunmasına heç vaxt dözə bilməzdi və bu cür işin qarşısında sakit durmağı da ar sayırdı. Dəfələrlə sübutlar və mətin ehticacları (meydan oxuması) ilə xəlifə və onun ətrafındakıları tənqid atəşinə tutaraq onlara öz e’tirazını bildirirdi. Ancaq tarix və hadisələrin sonrakı cərəyanı göstərdi ki, bunların heç bir faydası yoxdur. Xəlifə və onun ətrafındakılar öz vəzifələrindən möhkəm yapışmışdılar. Belə olduqda Əli (əleyhissəlam) iki əsas yolayrıcında durmalı olur; Ya yeni hökuməti qanunsuz sayan öz həqiqi səhabələrinin və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin həqiqi dostlarının köməyi ilə ayağa qalxmalı və qüdrətə arxalanaraq hökuməti ələ keçirməli, ya da bu vəziyyətə dözməli və mümkün olan qədər müsəlmanların müşkülatını həll etməli və öz vəzifəsini yerinə yetirməli idi. İlahi rəhbərlərin rəhbərlik məqamından məqsədləri vəzifəyə yetişmək deyil. Onların məqsədləri vəzifədən qat-qat üstün bir şeydir. Rəhbərin vücudu ona görədir ki, məqsədə çatmaqda sə’y etsin. Buna görə də, əgər bir gün rəhbər iki yolayrıcına çatıb vəzifə və məqsədin ikisindən birini buraxmalı olsa, gərək vəzifədən əl çəkib məqsədi vəzifədən üstün tutsun. Belə iki yolayrıcına çatan Əli (əleyhissəlam) ikinci yolu seçdi. O vəziyyətin gedişatı və İslam cəmiyyətinin vəziyyətini araşdırıb belə nəticəyə gəldi ki, əgər o, hökuməti ələ keçirmək üçün ayağa qalxıb mübarizə aparsa, Peyğəmbərin (səlləllahu əleyhi və alih) iyirmi üç il çəkdiyi bütün əziyyətlər heç olacaq, bu yolda tökülən bütün qanlar hədər gedəcək. Əli (əleyhissəlam) bu məsələyə «Şiqşiqiyyə» xütbəsində toxunaraq buyurur: «Mən xəlifəlik vəzifəsindən əl çəkdim, ondan kənar oldum. Mən bu fikirdə idim ki, təkbaşına ayağa qalxıb özümün və camaatın haqqını müdafiə edim, yoxsa bu cür qaynar bir mühitdə və belə bir zülmətdə səbr edim? Bu mühit qocaları əldən salmış, cavanları isə qocaltmışdır. İmanlı kişiləri ömrünün son anlarına qədər əziyyətdə qalmağa vadar etmişdir. (Nəhəyət) gördüm ki, səbr etmək ağıl və düşüncəyə daha yaxındır. Buna görə də, səbr etdim. Ancaq səbr edərkən gözünə tikan batmış, boğazına sümük qalmış şəxsə bənzəyirdim. Öz gözümlə görürdüm ki, mirasımı qəsb edirlər.»[47]

Əli (əleyhissəlam) İslam hökumətinin özünün əsl yolundan çıxmaması və İslam dininin əsasını qorumaq üçün səbr etdiyinə başqa yerlərdə də işarə etmişdir. O cümlədən, Osman xəlifə seçilərkən şuranın rə’yi Osmanın lehinə başa çatdıqdan sonra və o, xilafət başında oturduqdan sonra üzünü şuranın digər üzvlərinə tutub buyurdu: «Mənim xəlifə olmağa hamıdan səlahiyyətli olduğumu hamınız yaxşı bilirsiniz. And olsun Allah-taalaya ki, müsəlmanların işi nə qədər öz qaydasındadır və nə qədər məndən başqasına zülm olunmursa, səbr edəcəyəm.»[48]

Daxili və xarici təhlükələr

Qeyd etdik ki, Əli (əleyhissəlam) qiyam edib xilafəti ələ keçirdiyi təqdirdə irəli çıxacaq təhlükələri nəzərə alıb səbr etməli oldu. Ola bilər biri fikirləşsin ki, o vaxt yenicə təməli qoyulmuş İslam hökuməti üçün hansı təhlükələr ola bilərdi?

Bu sualın cavabını daxili və xarici təhlükələr və Əli əleyhissəlamın qiyam etməsinin qarşısını alan maneələrlə aydınlaşdırıb onları aşağıdakı şəkildə bə’yan etmək olar:

1) Əgər Əli (əleyhissəlam) xilafəti ələ keçirmək üçün qiyam etsəydi, özünün həqiqi dostlarını və qəlbən o Həzrətin İmamətinə e’tiqadları olan bir çox yoldaşlarını mübarizə nəticəsində itirəcəkdi.[49] Həmçinin Həzrət silahdaşlarının az olduğunu qiyama qalxa bilmədiyinin səbəbləri kimi vurğulayaraq bir yerdə belə deyir: “Kaş, qırx nəfər cəsur adamım olaydı!...”[50] Bundan əlavə, Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməyən peyğəmbərin səhabələri də arada qırılacaqdılar. Bu dəstənin xilafət məsələsində Əli əleyhissəlamla müxalif olması, kinə və qərəz üzündən Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməməsinə baxmayaraq, onlar başqa işlərdə Əli əleyhissəlamla müxalif deyildilər. Bütpərəstlik, məsihiyyət və yəhudiliklə müqabil olan bu dəstənin ölümü ilə İslam çox zəifləyərdi. Əli (əleyhissəlam) əhdlərinə vəfasız çıxan Təlhə və Zübeyrin başlarına topladığı ordunu dağıtmaq üçün Bəsrəyə hərəkət edərkən bu məsələyə toxunaraq buyurmuşdur: “Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra Qüreyş eqoistcəsinə özlərini bizdən üstün sayıb rəhbərliyə hamıdan səlahiyyətli olduğumuz halda, bizi öz haqqımızdan məhrum etdilər. Mən gördüm bu işin müqabilində səbr etmək müsəlmanlar arasında təfriqə salıb boş yerə qan tökməkdən üstündür. Çünki camaat təzəcə müsəlman olmuş, din südlə dolub köpüklənmiş bir tuluğa bənzəyirdi. Balaca bir səhv, qəflət onu xarab edər və balaca bir insan onu dağıda bilərdi...”[51]

2) Peyğəmbərin (səlləllahu əleyhi və alih) ömrünün sonlarında müsəlman olmuş bir çox qəbilə və tayfalar hələ lazım olan İslami tə’limləri tam öyrənməmişdilər. İman nuru onların qəlbində hələ tam şəkildə təşəkkül tapmamışdı. Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfat xəbəri onların arasında yayıldı, onların bir çoxu yenidən müşrik olub bütpərəstliyə qayıtdılar. Mədinədə İslam hökuməti ilə açıq-aşkar müxalifət etməyə başladılar, İslam vergilərini (xums, zəkat və s.) ödəməkdən boyun qaçırdılar. Hələ bu azmış deyə nizami ordu toplayıb Mədinəni möhkəm qorxuya da saldılar. Buna görə də, yeni qurulmuş İslam hökumətinin bunlara qarşı ilk tədbiri o oldu ki, müsəlmanlardan ibarət bir ordu təşkil olundu və müxaliflərin qiyamı müsəlman ordusunun sə’yi nəticəsində yatızdırıldı. (Əlbəttə, bu o demək deyil ki, yeni xəlifə Əbu Bəkrin gördüyü bütün işlər düzgün olmuşdur.)

İslamın əvvəlki düşmənlərinin qiyam qaldırıb İslam hökumətini hədələdiyi bir vəziyyətdə İmamın başqa bir bayraq qaldırıb qiyam etməsi əsla düzgün olmazdı.

İmam Misir əhalisinə yazdığı məktubda bu məsələyə toxunaraq buyurmuşdur: «And olsun Allaha, mən fikir eləməzdim və heç ağlıma belə gəlməzdi ki, ərəblər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İmamət və rəhbərliyi onun ailəsindən alsınlar, (başqa yerdə qərar versinlər, inanmazdım ki,) məni xilafətdən uzaqlaşdırsınlar. Məni narahat edən yalnız camaatın, filankəsin (Əbu Bəkrin) başına toplaşıb onunla bey’ət etmələridir. (Vəziyyəti belə görüb) əl saxladım. Hətta iş o yerə gəlib çıxmışdı ki, bir dəstənin dindən çıxıb Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini öz gözümlə gördüm. Belə olduqda qorxdum ki, əgər İslama və (hökumətə) müsəlmanlara kömək etməsəm, İslamın məhv olmasının şahidi olaram. Bunun müsibəti mənə xilafətdən uzaq düşməyimdən və sizlərə hakimlik etməkdən məhrum olmağımdan da baha başa gələrdi. Çünki bu, dünyanın bir neçə günlük faydasıdır, bir müddətdən sonra qurtarıb gedəcək. Necə ki, yolda görünən ilğım qurtarır və necə ki, buludlar aralanıb gedirlər. Belə olduqda mən ayağa qalxdım. Bununla da batil aradan getdi və din möhkəmcə yerində qaldı.»[52]

Əli (əleyhissəlam) bu məsələyə xilafətə gəldiyi ilk günlərdə də toxunmuşdur. Abdullah ibn Cüneyd deyir: “Mən Əlinin xilafətinin ilk günlərində Məkkədən Mədinəyə gəldim. Gördüm bütün camaat Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidində əyləşib İmamın gəlməsini gözləyir.” Birdən Əli (əleyhissəlam) əlində qılınc evdən bayıra çıxdı. Bütün gözlər ona zilləndi. O, minbərdə əyləşib Allaha həmd-səna etdikdən sonra sözlərinə belə başladı: «Ey camaat! Peyğəmbər (səlləllahu əleyhi və alih) bizim aramızdan getdikdən sonra belə fikirləşirdik ki, xilafət barəsində heç kəs bizimlə mübarizə etməyib bizim haqqımıza göz dikməyəcək. Çünki biz Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi və onun varisi idik. Ancaq gözlədiyimizin əksinə olaraq camaatın bir dəstəsi bizim haqqımıza təcavüz edib xilafəti bizim əlimizdən aldı. Xilafət başqasının əlinə keçdi. And olsun Allaha, əgər müsəlmanlar arasında təfriqə yaranması, küfr və bütpərəstliyin bir daha İslam məmləkətinə qayıtması və İslamın məhv olması qorxusu olmasaydı, mən onlarla başqa cür rəftar edərdim.»[53]

3) Dindən çıxmış şəxslərin qiyam etməsi təhlükəsindən başqa bir sıra yalançı peyğəmbərlərin, o cümlədən Müseyləmə, Tüleyhə və Səccah kimilərin meydana gəlməsi və hər birinin öz ətrafına dəstə toplayaraq Mədinəyə hücum etmək fikrində olmaları da bu təhlükələrdən biri idi. Ancaq müsəlmanların birləşib müqavimət göstərməsi nəticəsində bu təhlükə də sovuşdu.

4) Roma imperiyasının hücum etmə ehtimalı da digər tərəfdən müsəlmanlar üçün təhlükə yaratmışdı. Çünki o vaxta qədər müsəlmanlarla romalılar üç dəfə vuruşmuşdular və elə buna görə də, romalılar müsəlmanları özlərinə böyük təhlükə sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. Əgər Əli (əleyhissəlam) xilafət uğrunda mübarizəyə qalxsaydı, müsəlmanlar arasında vətəndaş müharibəsi baş verər və daxili cəbhənin zəifləməsi nəticəsində romalılar üçün ən yaxşı əlverişli bir fürsət yaranardı.

Bu dörd məsələni nəzərə aldıqda, İmamın səbr etməyi mübarizədən üstün tutması və səbr etməklə, uzaqgörənliklə İslam cəmiyyətini böyük təhlükədən qurtarması yaxşı mə’lum olur.

Əgər Əli (əleyhissəlam) müsəlmanların birliyini istəməsəydi və həmçinin, onların ayrılması nəticəsində irəli gələn təhlükələrin qorxusu olmasaydı, heç vaxt xilafətin Peyğəmbərin (səlləllahu əleyhi və alih) həqiqi xəlifələrinin əlindən çıxıb başqalarının əlinə düşməsinə icazə verməzdi.

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi.

1) Allah-taalaya ibadət, özü də Əli (əleyhissəlam) kimi bir şəxsiyyətə məxsus olan ibadət! Gör Əli (əleyhissəlam) necə ibadət edirmiş ki, ibadətlə məşhur olan İmam Səccad (əleyhissəlam) öz ibadətini Əli əleyhissəlamın ibadəti qarşısında heç hesab edir.

2) Qur’anın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək;

3) Dünya alimlərinin, xüsusilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra onun dini barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat və İncildən xəbərdar olması başa düşülən Əli əleyhissəlamdan başqa cavab verən tapılmırdı. Əgər bu suallara cavab verən tapılmasaydı, İslam aləmi rüsvay olardı. Elə ki, Əli (əleyhissəlam) onların suallarına qəti və qaneedici şəkildə cavab verirdi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yerində oturmuş xəlifələrin üzü gülümsəyirdi.

4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şər’i hökmlərini bəyan etmək; Bə’zi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki, qazılar onun həllində aciz qalırdılar. Bu cür mühakimələrin həlli Əli əleyhissəlamın həyatının əsas məsələlərindən biri idi. Əgər səhabələrin içində Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğuna görə, ümmətin ən biliklisi və qəzavət (mühakimə) işlərinə hamıdan yaxşı xəbərdar olan Əli (əleyhissəlam) kimi bir şəxsiyyət olmasaydı, İslamın ilk vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı.

Bu cür yeni məsələlərin irəli gəlməsi İslamın bütün məsələlərinə (istər kiçik olsun, istərsə də böyük) elmi olan Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra elmli və hər şeydən xəbərdar olan öz geniş elmi ilə ümməti səhv yönəlmələrdən və gümana, qiyasa əməl etməkdən qoruyan mə’sum bir İmamın peyğəmbərin yerində olmasını tələb edirdi. Bu ləyaqət isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinin e’tirafına əsasən, Əli əleyhissəlamdan başqa heç kəsdə yox idi.

Əli əleyhissəlamın qəzavətləri və onun Qur’an ayələrindən çıxardığı gözəl yeniliklər hədis və tarix kitablarında öz yerini tapıb. Bə’zi alimlər bunlar haqqında ayrıca kitablar yazmışlar.

5) Ruhu təmiz, pak və seyri-süluk üçün hazır olan insanları tə’lim-tərbiyə etmək; Bu yolla onlar İmamın mə’nəvi rəhbərliyi sayəsində mə’nəvi kamal qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mə’nəvi gözlə görürdülər.

6) Bir çox kimsəsizlər və kasıbların dolanışığını tə’min etmək; Hətta İmam öz zəhməti ilə bağlar salıb, quyular qazıb onları vəqf edirdi.

7) Xilafətdə olanlar siyasi məsələ və ya başqa işlərdə çətinliklə rastlaşıb çıxılmaz vəziyyətə düşdükdə, e’timadlı məşvərətçi kimi yalnız Əli əleyhissəlamı görürdülər. Əli (əleyhissəlam) özünəməxsus həqiqət görünüşü ilə müşkülatı həll edir və yolu tə’yin edirdi. Bu məşvərətlərin bə’ziləri Nəhcül-bəlağədə və başqa tarix kitablarında gəlmişdir.

Əlİ (əleyhİssəlam) və xəlİfələrİn elmİ və sİyasİ müşkülatının həllİ

Tarix şahiddir ki, Əbu Bəkr və Ömər öz xəlifəlik dövrlərində siyasi, maarif, əqaid, (əqidələr) Qur’anın təfsiri, İslami məsələlərin əsl və fər’lərində Əli əleyhissəlama müraciət edirdilər və İmamın bu barədə verdiyi məşvərətlərdən, yol göstərmələrindən bəhrələnirdilər. İndi bunların bir neçəsini oxucuların nəzərinə çatdırırıq.

Romalılarla müharİbə

Yeni İslam hökumətinin əsas düşmənlərindən biri Roma imperiyası olmuşdur. Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsindən qafil olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cə’fəri-Təyyarın başçılığı ilə Şam istiqamətində bir ordu da göndərmişdi.Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan bu məğlubiyyətin əvəzini çıxmaq məqsədilə hicrətin doqquzuncu ili Peyğəmbər (səlləllahu əleyhi və alih) böyük bir ordu ilə Təbuk məntəqəsinə tərəf getdi. Ancaq müsəlmanlar düşmənlə rastlaşmadan Mədinəyə qayıtdılar. Bu səfərin bir sıra parlaq nəticələri oldu. Tarixdə bunların hamısı qeyd olunmuşdur. Romalıların hücum təhlükəsi həmişə Peyğəmbərin (səlləllahu əleyhi və alih) fikrini cəlb edirdi. Bu cəhətdən Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir sıra səbəblər üzündən Mədinədən çıxmadı. Ordu Mədinənin bir neçə kilometrliyində olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdi.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən Əbu Bəkr Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını (romalılarla döyüş fərmanını) yerinə yetirməkdə ikiürəkli idi. (Yə’ni, bilmirdi romalılarla vuruşsun, yoxsa vuruşmasın.) Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri qane etmədi. Nəhayət Əbu Bəkr Əli əleyhissəlamla məsləhət etdi. Əli (əleyhissəlam) onu Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki, əgər vuruşsan, qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) İmamın onu ürəkləndirməsindən sevinib dedi: “Yaxşılığa yozdun və xeyirliyə müjdə verdin.[54]1”

Əlİ (əleyhİssəlam) və İkİncİ xəlİfənİn onunla sİyasİ məsləhətlərİ

Əli (əleyhissəlam) ikinci xəlifənin dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi. İndi ikinci xəlifənin Əli əleyhissəlamla siyasi məsləhətlərindən bir nümunəni sizin nəzərinizə çatdırırıq:

Hicrətin on dördüncü ili müsəlmanlarla Sasani imperiyası (iranlılar) arasında Qadisiyyə adlı məntəqədə çox çətin bir döyüş baş verdi. Gərgin gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu qələbə nəticəsində İraq bütünlüklə İslamın nəzarəti altına keçdi və Sasani imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. İran döyüşçüləri canlarını qurtarmaq üçün ölkənin içərisinə tərəf geri çəkildilər. Sasanilər qorxurdular ki, İslam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni ələ keçirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil etdi. Firuzana tapşırdı ki, müsəlmanların ehtimal verilən hücumunun qarşısını alsın və vəziyyət yaxşı olarsa, hücuma da əl atsın.

Müsəlmanların ordu başçısı Sə’d ibn Vəqqas (bir ehtimala görə isə Kufə hökmdarı Əmmar Yasir) xəlifə Ömərə məktub yazaraq onu düşmənin hərəkətindən xəbərdar edib bildirdi ki, Kufə ordusu (o vaxtlar İslamın əsas nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən hücuma keçməzdən qabaq yaxşı olar ki, biz onları qorxutmaq üçün hücuma başlayaq.

Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən xəbərdar etdi. Xəlifə bildirdi ki, özü, Mədinədən Bəsrə ilə Kufə arasında olan bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb xəlifənin fikrini bəyəndiyini bildirdi. Təlhənin sözlərindən xəlifəyə yaltaqlanması açıq-aşkar hiss olunurdu.

Ondan sonra Osman qalxıb nəinki xəlifənin Mədinədən çıxmaq istəmək fikrini bəyəndiyini bildirdi, hətta ona belə bir məsləhət verdi: “Şam və Yəmən ordusuna da məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya çıxa bilərsən”.

Bu zaman Əli (əleyhissəlam) ayağa qalxaraq buyurdu: «Bu işin (İslamın) qalib gəlib-gəlməməsi ordunun az ya çox olmasına bağlı deyil. Bu, Allahın dinidir və O Özü onu qalib edər. O, ordusunu Özü hazırlayır və onlara da kömək edir. Allah-taala lazım olduğu yerə qədər İslamı gətirib çıxartdı, hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib gələcəyimizi və’d edib. Biz də bilirik ki, Allah Öz və’dəsinə əməl edib Öz ordusuna kömək edəcək.

Xəlifənin mövqeyi zəncir halqalarına bənzəyir, xəlifə bu zəncirləri bir-birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa, dağılıb parça-parça olacaq, daha onu bir yerə yığmaq da mümkün olmayacaq.

Bu gün ərəb ordusu sayca az olsa da, İslam qüvvəsi sayəsində çoxdur və birlik, vəhdət sayəsində isə əziz və qüdrətlidir.

Buna görə sən (xəlifə) bir dəyirman daşının mərkəzi kimi müsəlmanları hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına toplaşacaqdır. Belə olduqda da, arxada qalanlar qarşıdakılardan mühüm olacaqdır.

Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa, deyəcəklər ki, bu, ərəblərin rəhbəridir. Əgər onu  aradan götürsək, rahat olacağıq. Bu fikir onları səninlə mübarizədə daha da həvəsləndirəcək və düşmənin daha ciddi hərəkətinə səbəb olacaq. Deyirsən, bundan narahatsan, bil ki, Allah bu işdə səndən də çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır.

Ancaq o ki, deyirsən düşmənin ordusunun sayı bizdən çoxdur, (unutma ki) biz keçmiş döyüşlərimizdə ordumuzun sayına deyil, Allah-taalanın köməyinə arxalanıb qalib gəlmişik!»[55]1

Ömər Əli əleyhissəlamın sözlərini bəyənib Kufəyə tərəf tək getmək fikrindən daşındı.[56]2

Bu cür çıxılmaz məsələləri həll etməyinə görə Ömər deyərdi: «Bir çətinlik üz verərkən bunun həlli üçün Əbül Həsənin (Əli əleyhissəlamın) tapılmamasından Allaha pənah aparıram.»[57]3

5. Xilafətdən şəhadətədək



Əli əleyhissəlamla be’yət tərzi

Osmanın maliyyə və idarə pozğunluqları, beytül-malı yüz faiz qeyri-şər’i yollarla istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman camaatın, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi haqqındakı şikayətlərinə baxmadığına görə, nəhayət camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat Əli əleyhissəlama bey’ət etdi. Bu baxımdan Osmanın ölümündən sonra iş başına keçən Əli əleyhissəlamın hökuməti qiyam və camaatın sabiq hökumətin zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökumət idi.

Osmanın hökumətinin pozğunluqlarından biri də bu idi ki, Həkəm ibn Əbul-Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də onu Mədinəyə qaytarmağa cür’ət etməmişdilər. Osman onları Mədinəyə gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra aparatına başçı tə’yin etmişdi. Bu da təbiidir ki, camaatın qəzəblənməsinə səbəb olmuşdu.

Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı.[58]1 Osman nə vaxt camaatla yumşaq davranmaq istyirdisə, Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda müsəlmanlar qəzəblənib Osmanın evinə tökülərək onu qətlə yetirdilər.

Əli əleyhissəlamın parlaq məqamı

Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür, Əli əleyhissəlamın adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi, lakin qiyamçılar gələcək üçün (yeni xəlifə tə’yin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osmanı öldürdükdən sonra yeni bir çətinliklə-xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular.

Digər tərəfdən Əli (əleyhissəlam), Əbdürrəhman ibn Ovf, Osman, Təlhə, Zübeyr və Sə’d ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi, yə’ni, Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli (əleyhissəlam) camaatın daha sevimlisi idi. Belə ki, fəzilət və İslamdakı parlaq keçmişinə görə digər şura üzvlərinin heç biri ona çatmırdı. Bu da camaatın Əli əleyhissəlama tərəf gəlməsinə səbəb oldu.

Əli (əleyhissəlam) vəziyyəti nəzərə alıb Osmanın dövründəki dəyişiklikləri mülahizə etməklə, həmçinin müsəlmanların ilkin həqiqi İslamdan uzaq düşmələrini nəzərə alaraq yaxşı bilirdi ki, Osmanın fəsadla dolu olan hökumətindən sonra xəlifə olmaq çox çətin bir işdir. Camaat, xüsusilə tayfa başçıları onun nəzərdə tutduğu islahatlarla razılaşmayacaq və onun ədalətinə dözə bilməyəcəklər. Buna görə də, qiyamçılar Əli əleyhissəlama xəlifə olmasını təklif edəndə, Əli (əleyhissəlam) qəbul etmədi.

Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir, ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər.[59] Bir məsələ mə’lumdur ki, Osmanın ölümü ilə Əli əleyhissəlamın xəlifə olması arasında azı dörd-beş gün fasilə olub.[60] Bu bir neçə gün ərzində müsəlmanlar heyrət və hökumətsizlik mühitində yaşadılar.

Qiyam başçıları Əli əleyhissəlama müraciət edirdilər. Amma Həzrət o qədər də zahir olmurdu. Çünki qiyamçıların onunla bey’ət etmək istədiklərini gördüyündən və xilafət başına keçmək üçün vəziyyətin yaxşı olmadığını bildiyi üçün qiyamçıların bu təklifini özünə hüccət bilməyib buyurardı: «Məndən əl çəkin, gedin başqa adam tapın. Çünki indi vəziyyətin siması müxtəlif olub cəhətləri ayrı-ayrıdır. (Vəziyyət çox qarışıqdır.) Ürəklər bu vəziyyətə dözməz, ağıl bunu qəbul edə bilməz. Fəsad buludları İslam səmasının üstünü örtmüş və doğru yol tanınmaz qalmışdır. Bilin ki, əgər sizin təklifinizi qəbul etsəm, sizinlə öz elmimlə rəftar edəcək və onun-bunun sözlərinə qulaq asmayıb dedi-qoduçuların sözlərinə e’tina etməyəcəyəm. Ancaq məndən əl çəksəz, mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən yaxşı qulaq asacaq və əmrlərini sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər və xəlifəniz olmağımdansa, sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır.»[61]

Ancaq get-gəllər, müsəlmanların tə’kidli istəkləri, keçmiş zülmlərdən cana gəlmiş və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli əleyhissəlamın evinə çoxaldığından Əli (əleyhissəlam) özünə vəzifə bilib camaatın bey’ətini qəbul etdi.

Əli (əleyhissəlam) Nəhcül-bəlağənin bir neçə yerində camaatın onun xilafət başına gəlməsi üçün evinə axınları və camaatın bey’ət etmək üçün tə’kidləri barədə söhbətlər etmişdir. Bir yerdə belə buyurur: «Camaat susamış dəvənin su görərkən sarbanın əlindən azad olub suya hücum etdikləri kimi mənim üstümə hücum etdi. Bir-birini sıxışdırıb çiyin-çiyinə dəyirdilər. Vəziyyət o hala çatmışdı ki, mən deyərdim məni öldürmək istəyirlər, ya da bir dəstə başqa bir dəstəni öldürmək istəyir. Sonra bu işi (xilafətin qəbul etməsini) araşdırdım. Bütün cəhətlərini ölçüb biçdim. Belə ki, yuxunu gözümdən çəkmişdi.»[62] Başqa bir yerdə İmam (əleyhissəlam) camaatın onun ətrafına toplaşmasını canlandırıb camaatın onun xilafəti qəbul etməsini eşidib sevindiklərini, həyəcanlanmalarını bəyan edərək buyurur: «Siz mənim əlimi (bey’ət etmək məqsədilə) açdınız, mən isə bağladım. Siz onu özünüzə tərəf çəkirdiniz, mən isə onu geri dartırdım. Ondan sonra susamış dəvələrin su içmək üçün suya yaxınlaşarkən bir-biri ilə çiyin-çiyinə dəydiyi kimi mənim ətrafıma toplaşdınız. Belə ki, ayaqqabımın bağı qırıldı, əba çiynimdən düşdü və zəif insanlar ayaq altında qaldılar.

O gün camaatın mənimlə bey’ət etmək üçün yaranmış sevinci o həddə çatmışdı ki, hətta uşaqlar belə sevinirdilər. Evdə oturmuş qocalar ayaqları titrəyən halda bey’ət mənzərəsini müşahidə etmək üçün yola düşmüşdülər. Xəstələr də bu mənzərəni müşahidə etmək üçün yataqlarından qalxmışdılar.»[63]

Əli (əleyhissəlam) məşhur «Şiqşiqiyyə» xütbəsində də camaatın şüurlu pişvazı barədə və eləcə də xilafəti qəbul etməsi barədə söhbət etmişdir: «Məni qorxudan o idi ki, camaat kaftar kimi sıx şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib məni əhatə etmişdi. Belə ki, Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) ayaq altda qaldılar, paltarım iki tərəfdən cırıldı, camaat qoyun sürüsü kimi mənim ətrafıma toplaşdı. And olsun toxumu bölən və insanı yaradan Allaha! Əgər o camaat bey’ət üçün ətrafıma toplaşaraq mənə arxa olmaları ilə hüccət mənə tamamlanmasaydı və həmçinin, Allahın alimlərdən zülmkarların zülmü və məzlumların aclığı qarşısında sükut etməmələri barədə peymanı olmasaydı, mən xilafət məqamından əl götürüb ondan üz döndərər, onun sonunu başlanğıcındakı piyalə ilə doyuzdurardım. (Yə’ni, necə ki, ilk üç xəlifənin dövründə kənarda qalmışdım indi də kənarda qalardım.) Onda yaxşı bilərdiniz ki, sizin dünyanız mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir.»[64]

Üç cəbhədə mübarizə

Əli əleyhissəlamın hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əli əleyhissəlamın hökuməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda «Nakisin», «Qasitin» və «Mariqin» döyüşləri ilə nəticələndi. İndi də həmin döyüşlər barədə ayrı-ayrılıqda qısa mə’lumat veririk:

Nakisin[65] döyüşü (cəməl döyüşü)

Nakisin döyüşünün səbəbi bu idi ki, Təlhə və Zübeyr Əli əleyhissəlama bey’ət etdikdən sonra ondan Bəsrə və Kufə şəhərlərinə vali (başçı) tə’yin olunmalarını istədikdə, İmam (əleyhissəlam) onların bu istəyi ilə razılaşmadı. Nəhayət onların hər ikisi “ümrə”ni bəhanə edərək Məkkəyə yola düşdülər. Orada (Məkkədə) Bəni-Üməyyə tərəfindən qarət olunmuş beytül-maldan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qanını almaq qəsdi ilə Bəsrəyə üz tutdular. Bəsrəni tutub öz əllərinə keçirdilər. Əli (əleyhissəlam) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində Əli (əleyhissəlam) qalib gəldi və «nakisinlər» məğlubiyyətə uğradılar. Bu döyüş hicrətin otuz altıncı ilində baş vermişdir.

Qasitin[66] döyüşü (siffeyn döyüşü)

Müaviyə hələ Əli (əleyhissəlam) xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli (əleyhissəlam) xilafətə gəlcək Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali tə’yin edilmişdi.) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə də təbii ki, İmamın fərmanı ilə razılaşmadı.) Bu müxalifətin nəticəsi o oldu ki, İraq və Şam qoşunları «Siffeyn» adlı bir çöldə üz-üzə gəldilər. Əli (əleyhissəlam)ın ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə (Əmr Asın köməyilə) hiylədən istifadə edərək Əli əleyhissəlamın ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət Əli (əleyhissəlam) ordusunun tə’kidi nəticəsində məcbur qalıb Əbu Musa Əş’əri ilə (Əli əleyhissəlamın tərəfindən) Əmr Asın (Müaviyə tərəfindən) danışıqlarına razı oldu. Belə ki, onlar (Əbu Musa Əş’əri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. Əli əleyhissəlamın ordusundan olanların onu Əbu Musa Əş’ərini Əmr Asla danışıqlara göndərməsi barədəki tə’kidləri o dərəcəyə çatmışdı ki, əgər Əli (əleyhissəlam) bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.

Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əş’ərini aldatdı[67] və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əli əleyhissəlamın ordusundan bir dəstəsi İmamın danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar İmamı danışıqlarla razılaşdığına görə tənqidə tutdular.

Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir.(Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.)

Mariqin döyüşü (Nəhrəvan döyüşü)

Mariqin (yolunu azmışlar) Əli əleyhissəlamı Əbu Musa Əş’əri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmamdan danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli (əleyhissəlam) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əli əleyhissəlama qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli əleyhissəlamla bu dəstə arasında döyüş baş verdi. Əli əleyhissəlamın ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Tarixçilərin yazdığına görə bu döyüş hicrətin 38 yaxud 39-cu ilində baş vermişdir.

Əlinin (ə) dövləti idarə sistemİndə tutduğu əhəmiyyətli islahat addımları

Peyğəmbər (s)-in hicrətindən sonra Mədinədə qurduğu İslam hökumətinin ikinci nümunəsi olan Əli (ə)-ın bərpa etdiyi həmin dövlət təəssüflər olsun ki, çox da ömür sürmədi. Hərçənd Əli (ə) daxildə baş verən münaqişələr, xəyanətkar ünsürlərin törətdiyi təxribatların ucbatından nəzərdə tutduğu islahat ideyalarının həyata keçirməyə nail olmadı, lakin İslam hökumətinin prinsiplərinə əsaslanan ideal dövlət numunəsini ərsədə işıqlandıra bildi. Həzrətin təşkil etdiyi dövlətin parlaq strukturu ətrafında geniş mülahizələrə burada macal olmasa da, imkan daxilində hökuməti idarə istiqamətində onun əhəmiyyət verdiyi çox qiymətli örnək və ülgü kimi mahiyyət kəsb edə biləcək yüksək ideyalarına müxtəsər də olsa toxunacağıq:

1. Əli (ə) elə ilk başdan xilafəti qəbul etməyinin mahiyyətini ədalətin icrası kimi irəli çəkərək onu, xüsusilə ictimaiyyətdə rifah və maddi tə`minatın, bir-birinə tam əks olan iki sinfi qütbün həlli perspektivində arayırdı.[68] 

Qabaqda keçdiyi kimi çox qabarıq dərəcədə sosial problemə çevrilən iki aclar və toxlar təbəqələri arasındakı sinfi ayrıseçkiliyə öz münasibətini bildirən Həzrət deyirdi: Allah bilici və alimlərlə əhd-peyman bağlayıb ki, belə vəziyyətin qarşısında sükut etməsinlər.

2. Həzrət (ə) mənsəb və iqtidarı yalnız xalqa xidmət, ictimai hüquqların bərpası və batili (zülm və haqsızlıq) məhv etmək üçün vəsilə bilmiş[69] və heç vaxt ona sui-istifadə mənbəyi yaxud yağlı bir tikə kimi tamah gözü ilə baxmamışdır. Deyilənlərə açıq və aydın dəlil onun dövlətçiliyidir. Elə buna görə də, nə vaxtdan bəri iqtidara susamış Təlhə və Zubeyr kimilərinə hər hansı mənsəb və rəhbərliyi tapşırmaqdan qəti imtina etmiş və nəticədə onların müxalifəti və təxribatları ilə qarşılaşmışdır.

3. O, mö`minlərin əmiri və xəlifəsi olduğuna baxmayaraq son dərəcə sadə bir güzaranla keçinir və vəzifələrə seçdiyi şəxslərə də orta və sadə tərzdə həyat sürməyi tövsiyə edirdi.[70] Dünyanın cazibədarlığına tam e`tinasızlıq, cəlbedici maddi rəngarənglik və təmtəraqdan uzaqlıq Həzrətin şəxsiyyətində ən spesifik xüsusiyyətləri, onun dövlətçiliyində ən üstün xarakterik çalarları aşılayır.

4. Onun dövlət nümayəndələrinin seçki və tə`yinində əsas qarşıya qoyduğu me`yarları təqva, sağlam ömür və parlaq keçmiş, rəhbərlik bacarığı, qətiyyətli dindarlıq və digər layiqli keyfiyyətlərdən ibadət idi. Qohumluq və digər nisbət əlaqələrini onun vəzifə bölgüsündə hətta zərif izlərini belə görə bilmərik. Həzrətin bütün İslam ölkəsində rəhbərlik etdiyi 51 nəfər vali və nümayəndəsi arasında mühacir, ənsar, yəmənli, nəzarlı, haşimi və qeyri-haşimi, hicazlı, iraqlı, qoca və cavan şəxslər göründüyü halda oğulları imam Həsən, imam Hüseyn və Məhəmməd Hənəfiyyə, qızı Zeynəbin (ə.h.) əri Abdullah ibn Cə`fər kimilərindən əsər-əlamət yoxdur. Halbuki, bu adamların özləri də yaş və qabiliyyət baxımından vəzifə və rəhbərliyə layiq kəslər idi və bir çox həssas mövqelərdə, müharibə və döyüş meydanlarında mühüm rol oynayırdılar. Lakin Həzrət hər hansı vəzifənin öz qohum-əqrəbasına həvaləsində ciddi pəhriz edirdi.

5. İmam (ə) bir çox hakim və rəhbərlərin (keçmişdə və indi) yeritdiyi “hədəf vəsiləyə bəraət qazandırır” siyasi prinsipinin tam əksinə olaraq öz ali və müqəddəs məqsədlərinin həyata keçməsində heç vaxt mənafe yönümlü əyri yollara əl atmırdı. Mə`lum olduğu kimi elə xəlifəliyin ilk günlərində bə`zi xeyirxah tərəfdarlarının beytül-malın bölüşdürülməsində hələlik mənsəb, şərəf və sərvət sahiblərinin səhm və payına qismən də olsa artıq ödəyərək yeni qurulmuş hökumətin dayaqlarını möhkəmləndirmək təklifini rədd edərək buyurmuşdu: Siz deyirsiniz ki, hal-hazırda rəhbəri olduğum adamlara zülmə yol verərək qalib gəlim?! Allaha and olsun, nə qədər ki, dünya durur, belə şeyə yol vermərəm! Əgər bu mal öz malım olsaydı belə etməzdim. O ki qaldı bu Allah malıdır![71]

Əks tərəfdə isə qatı düşmən olan Müaviyə öz çirkin və şeytani məqsədlərinə nail olmaq üçün heç nəyi əsirgəmir, şəriətə zidd olaraq hər bir alçaqlığa əl atırdı. Beləliklə də, bə`zi sadəlövh və şüursuz adamlar Müaviyənin ağıllı, siyasətçi və zirək kimi İmamdan üstün olduğunu təsəvvür edirdilər. Həzrətin isə bu məqamda buyurduğu kəlamı diqqəti özünə cəlb edir: Allaha and olsun, Müaviyə məndən ağıllı deyildir. O, həqiqətdə kələkbazlıq, yaramazlıq və alçaqlıq edir. Əgər kələkbazlıq və hiyləgərlik çirkinlik olmasaydı, mən ən zirək adam olardım.[72]

6. Həzrət heç vaxt müxaliflər və ya düşmənlərlə üsul və zabitəni tapdamır, ixtiyarındakı qüdrətdən istifadə edərək onları öz azadlıq hüquqlarından məhrum etmirdi. Bu o vaxta qədər davam edirdi ki, özləri öz əleyhinə zəmin hazırlamasınlar. Həzrətin, vəzifəyə çatmayacağından naümid olub e`tiraz hissi ilə kənara çəkilmiş Təlhə və Zubeyrin ümrə həccini bəhanə edərək Məkkəyə getməsinə icazə verməsi bunun aşkar nümunəsidir.[73] Zahirən sırf təxribat yönümlü bu səfərin gedişatını aydın görən İmam (ə) hələ bir xəta baş verməmiş onların qarşısını almadı. Həmçinin nadan və cahil qövm olan Xəvaric “siffeyn” döyüşündən sonra qayıdarkən yolda qoşundan ayrılıb Nəhrivan ərazisində düşərgə saldıqdan, eləcə də təxribat və terror əməliyyatlarına başlamazdan əvvəl Həzrət onlara belə buyurmuşdu: Nə qədər ki, bizimləsiniz (düşmənə qoşulmamısınız) sizin üç hüququnuz qorunur:

1. Əgər məscidlərdə namaz qılmaq istəsəniz, azadsınız, sizə mane olunmayacaq.

2. Nə qədər ki, bizimlə əl-ələ verib çalışırsınız beytül-maldan məhrum olunmayacaqsınız.

3. Nə vaxta qədər ki, bizimlə müharibəyə başlamamısınız sizinlə döyüşə girməyəcəyik.

Həzrətin əlində onları tam yatırmaq iqtidarı olduğu halda, beləcə, onların yersiz müxalifət və e`tirazlarını böyük təmkinlə qarşıladı və nəhayət dinc qalmayaraq terror əməliyyatlarına əl atmaqla çox yaramaz işlər ilə iğtişaş yaratdıqları zaman çarəsiz onların üzərinə qoşun yeritdi.

7. Əli (ə) iş başına ləyaqətli, sağlam nümayəndələr tə`yin etməsinə baxmayaraq onların iş üsulu və rəftarlarından daim xəbərdar olmaq üçün nəzarət məqsədi ilə xüsusi adamlar ayırmışdı. Heç bir hərəkət və hadisə onun gözündən yayınmır, lazım gəldikdə onların haqqında münasib yerli qərarlar verirdi. Bunun gözəl nümunəsi Həzrətin ə`yan-əşrafların ziyafət məclisində iştirak etmiş Osman ibn Hüneyfə və yazdığı şiddətli danlaq məktubudur.[74] Məsələnin incəliyi burasındadır ki, məktubun yazıldığı tarix Həzrətin xilafətə gəldiyi ilk aylara təsadüf edir (çünki Osman ibn Hüneyf “cəməl” döyüşünədək Bəsrənin valisi olmuş və bu döyüş Həzrətin xilafətinin 6-cı ayında baş vermişdi) və o vaxt İmamın başı çox gərgin surətdə quruculuq, nizam-intizam işlərinə qarışmış, demək olar bütün vaxtını üçüncü xəlifə Osmanın qətlindən sonra bütün İslam ictimaiyyətini bürüyən böhranlı vəziyyətin həllinə ayırmışdı. Bununla belə İmamın uzaq bir nahiyədə öz valisinin hətta bir qonaqlıqda belə hüzurundan xəbərdar olub onu məzəmmət etməsi dəqiqliyi və digər xüsusiyyətləri onu əbədi rəhbər kimi cahanda yaşadır.

Əli (əleyhissəlam) nəhayət, dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının on doqquzuncu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) zərbətlənib iki gün sonra şəhadətə qovuşmuşdur.




[1] Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min Şəblənci) səh. 76.

[2] Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında “rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. (“Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)

[3] İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2, s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2, səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-bəlağə, c.13, səh.119.

[4] Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15.

[5] Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsi olan nüsxə).

[6] Hira mağarası Peyğəmbərin (səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir. Bə’ziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzü Hiradır. (Mütərcimdən)

[7] İbn Hişam: Sireyi Nəbəviyyə, c.1, səh.252.

[8] Səhih kitablar sünni məzhəbinin mö’təbər bildiyi altı kitabdır. O kitablar bunlardır: 1) Səhihi-Müslim. 2) Səhihi-Buxari. 3) Sünəni-Termizi. 4) Sünəni-İbn Macə. 5) Sünəni-Nəsai. 6) Sünəni-İbn Davud. (Mütərcimdən)

[9]2 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208.

[10] Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18.

[11] “Vaqiə” surəsi, ayə 10-11.

[12] “Hədid” surəsi, ayə 10.

[13] Əl-İstiab fi mə’rifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər.

[14] İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.

[15] Tarixül-üməm vəl-mülük, c.2, səh.57.

[16] Tarixül-üməm vəl-mülük, c.2, səh.212.

[17] “Şüəra” surəsi, ayə 214-216.

[18] Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e`lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə`lumat almaq üçün “Şər`i Nəhcül-Bəlağə”, c. 13, səh. 234-235; “Rövzətül-kafi”, səh. 339-a müraciət edin.

[19] Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.

[20] “Ənfal” surəsi, ayə 30.

[21] İbn Hişam, Sirətun-nəbəviyyə, c.2, səh.124-128.

[22] Əl-Xisal, c.2, səh.560; Ehticaci-Təbərsi, c.1, səh.75.

[23] Yəsrib şəhəri Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən sonra «Mədinətur-rəsul» adlandırıldı. Mə’nası Peyğəmbər şəhəri deməkdir. Sonralar qısa olaraq Mədinə adı ilə məşhur oldu.(Mütərcimdən)

[24] Əl-Mustədrəku ələs-səhihəyn, c.3, səh.35.

[25] Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.35.

[26] Əs-sirətün-nəbəviyyə, c.2, səh.277; Əl-Kamilu fit-tarix, c.2, səh.125.

[27] Nəhcül-bəlağə, 64-cü məktub.

[28] Əl-İrşad, səh.29.

[29] Əl-İrşad, səh.47.

[30] Əl-Kamilu fit-tarix (İbn Əsir), c.2, səh.154.

[31] Əl–Xisal, səh.560.

[32] Əl-Kamilu fit-tarix, c.2, səh.154.

[33] Şərhi-Nəhcül-bəlağə, c.14, səh. 250-251; Mənaqibi Xarəzmi, səh. 223.

[34] Əhzab hizb sözünün cəmi olub dəstələr,qruplar mə’nasını ifadə edir.

[35] “Əhzab” surəsi, ayə 9-14.

[36] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.284.

[37] Biharul-ənvar, c.20, səh.215.

[38] O vaxt ərəblərdə başlarına yağ çəkmək adət idi.

[39] Əl-Məğazi, c.2, səh.471.

[40] Bu hadisə müxtəlif mənbələrdə qeydə alınmışdır:

Biharül ənvar, c. 20, səh. 203-206; Xisal (təshih) səh. 560; Sirətün-nübüvvə (təhqiq), c. 3, səh. 236; Əl-kamil fit-tarix, c. 2, səh. 181; İrşad, səh. 54; Şərhi Nəhcül-Bəlağə, c. 19, səh. 62-64.

[41] Biharul ənvar, c.20, səh.216.

[42] Əl-Mustədrəku ələs-səhiheyn, c.3, səh.32.

[43] Əl-İstiab fi mə’rifətil-əshab, c.3, səh.36.

[44] Dəvə ərəblər üçün hər şey demək idi. Həm minik vasitəsi, həm yemək, həm də içmək idi. Bu ifadə bir nəfəri müsəlman etməyin nə qədər xeyirli olduğunu göstərir.

[45] Peyğəmbərin (səlləllahu əleyhi və alih) dörd maddədən ibarət xəbərdarlığı belə idi: a) Müşriklərin sazişi ləğv olunur. b) Müşriklərin həcc mərasimində iştirak etmək hüququ yoxdur. v) O vaxtadək müşriklər arasında adət olmuş lüt şəxslərin təvaf etməsi qadağan olunur. q) Müşriklərin Məscidül-hərama girməsi qadağandır.

[46] Ruhul-məani, c.1, (“Tövbə” surəsinin təfsiri).

[47] Nəhcül-Bəlağə (Sübhi Saleh), Xütbə 3.

[48] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 74.

[49] Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20.

[50] Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20; Bihaul-Ənvar, c. 30, səh. 15.

[51] Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid) c. 1, səh. 308; Biharül Ənvar, c. 29, səh. 633.

[52] Nəhcül-bəlağə, 62-ci məktub (Sübhi Saleh); Əl-ğarat, c. 1, səh. 306 çox cüz`i fərqlə.

[53] İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.1, səh.307; İrşad (Şeyx Müfid) səh. 131.

[54]1 Tarixi-Yə’qubi, c.3, səh.39.

[55]1 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 146.

[56]2 İbn Əsir, Əl-Kamilu fit-tarix, c.3, səh.8.

[57]3 Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.39. Xəlifələrin müxtəlif zamanlarda müsəlmanların çətinliklərinin həlli üçün Əli (ə) ilə müşavirə etmələri barədə geniş mə`lumat üçün Əsgər Qaidanın “Əli ibn Əbu Talibin siyasi mövqelərinin təhlili” kitabına müraciət edə bilərsiniz.

[58]1 Məs’udi, Mürucuz-zəhəb, c.2, səh. 346.

[59] Yə’qubi Osmanın ölümünü zil-həccənin on səkkizi, c.2,səh.165, Məs’udi isə zil-həccənin qurtarmasına üç gün qalmış bildirir.(Mürucuz-zəhəb) c.2, səh.346.

[60] Yə’qubi Əli əleyhissəlamın xilafət başına gəlməsini zil-həccənin qurtarmasına bir həftə qalmış, Məs’udi isə deyir ki, Osman ölən kimi camaat Əli əleyhissəlama bey’ət etdi. Başqa bir yerdə isə deyir ki, deyilənə görə Əli əleyhissəlamla bey’ət dörd gün sonra baş vermişdir.

[61] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 92.

[62] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 54.

[63] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 229.

[64] Nəhcül-bəlağə, Xütbə 3 (Şiqşiqiyyə xütbəsi), (Sübhi Saleh).

[65] Nakisin ərəb sözü olub, «Əhdlərini sındıranlar» mə’nasını bildirir. Əli əleyhissəlama bey’ət etdikdən sonra bir dəstə bey’ətini sındırıb Əli əleyhissəlamın üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. (Mütərcimdən)

[66] «Qasitin» haqdan dönmüşlər, zülmkarlar deməkdir.

[67] Əmr As danışıqlardan qabaq Əbu Musa Əş’ərini görmüş onunla danışıqlar barədə söhbət etmişdir. O, söhbətində bildirmişdi ki, müsəlmanlar iki nəfərin - Əli və Müaviyənin üstündə bir-biri ilə müxalifət yaradıblar. Gəl sən Əli əleyhissəlamın nümayəndəsi kimi onu xilafətdən kənara qoy, mən də Müaviyənin nümayəndəsi kimi onu xilafətdən kənara qoyum. Sonra müsəlmanlar yığışıb özlərinə yeni bir xəlifə tə’yin etsinlər. Əbu Musa Əş’əri Əmr Asın hiyləsinə aldanıb onunla razılaşdı. Ancaq Əmr As öz dediyinə əməl etməyib Müaviyəni xilafətdə saxladı. (Mütərcimdən)

[68] Nəhcül-Bəlağə, xütbə 3.

[69] Nəhcül-Bəlağə, xütbə 33.

[70] Nəhcül-Bəlağə, məktub 45.

[71] Nəhcül-Bəlağə, xütbə 126.

[72] Nəhcül-Bəlağə, xütbə 200.

[73] Tarixi Yaqubi, c. 2, s. 180.

[74] Tarixi Təbəri, c. 4, səh. 53.

Комментарии

Популярные сообщения из этого блога

Жизнь Имама Али (а).