1 cild 1 hissə Nəhcül bəlağə
"NƏHCÜL –BƏLAĞƏ"
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları
( tərcümə və şərh )
I CİLD
Toplayan:
Seyyid Rəzi
Şərhçi:
Ayətullah Feyzul-İslam
Tərcüməçilər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Etibar Quliyev
Redaktolar:
İxtisas redaktoru:
Höccətül-islam vəl-müslimin
Hacı Adil Mövlayi
Ədəbi redaktor:
Akademik Hacı Bəkir Nəbiyev
Texniki redaktor:
Rauf Kərimov
Feyzul-İslamın I hissəyə yazdığı müqəddimə:
I Fəsil
Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin (öz dövründəki) məclislər, müharibələr və çətin işlərdə (buyurduğu moizə və öyüdlərdən ibarət) xütbə əvəzi olan bəzi kəlamları əlavə edilmişdir.
1-ci xütbə
İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun! Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər. Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər. O, elə bir mə’buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir mə’buddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır. Onun üçün müəyyən edilmiş zaman da yoxdur. Nə də Onun üçün uzun müddət vardır. Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir. İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir. Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.
Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil. Yoxdan var olmayan bir varlıq və mövcuddur. Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil. İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən, heç bir təcrübə və sınaqdan faydalanmadan, Özündə heç bir hərəkət yaratmadan və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı. Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər.
Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər. O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib. (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.
Bu xütbənin bir hissəsi Adəm əleyhis-salamın xəlq olunması barəsindədir
(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı, bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi. Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı. Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi. Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn).
(Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı. Şeytandan və onun düşmənçiliyindən qorxutdu. Sonra düşməni onu aldatdı (Qur’ani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi: فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى «Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ünsiyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü. (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi.
Və böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər). Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər. Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı. (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı, onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bid’ətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi bəziləri Onun adında təsərrüf edirdilər. Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər. Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir. Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan onu bilməməyin maneəsi olmayandan vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş, kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır. Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).
Bu xütbənin bir hissəsi də Həcc barəsindədir
(Kə’bənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar, göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qur’ani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar).
2-ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra oxuduğu xütbələrdəndir:
(Siffeyn Fəratın Şama tərəf olan qərb istiqamətində yerləşən ərazidir. Burada o Həzrətlə Müaviyə arasında olan məşhur döyüş baş vermişdir.)
Verdiyi nemətini tamamladığına, izzəti müqabilində itaət etdiyimə və məni günahlardan saxladığına görə Allaha həmd edirəm. (Hər bir nemətin müqabilində şükür etmək neməti artırmaqdan əlavə, günah etməmək və bəndəlik üçün də bir vasitədir.) Möhtaclıqdan qurtarmaq üçün Ondan kömək diləyirəm, çünki Onun hidayət etdiyi şəxs azmaz və Onunla düşmənçilik edib Ona itaət etməyən şəxs isə nicat tapmaz. Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır.
Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir mə’bud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq. Çünki kəlmeyi-şəhadət imanın şərti, ilahi ehsanı vüsətləndirən, Allah-təalanın razılığına, şeytanın isə uzaqlaşmasına səbəbdir. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və Onun elçisidir. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Qur’an ayələriylə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxutmaq üçün göndərdi. Onu insanların (müxtəlif inanclara, fikir ayrılığı və azğınlığa görə) çoxsaylı fitnələrə mübtəla olduğu bir vaxtda göndərdi. O zaman dinin kəndiri qırılmış, imanın dirəkləri sarsılmışdı, dinin əsası ixtilaflı idi, işi (əhkamı) isə bir-birinə qarışmışdı, bu fitnələrdən qurtulmaq üçün yol daralmışdı (ondan qaçmaq qeyri-mümkün olmuşdu), doğru yola yönəlmək üçün heç bir vasitə yox idi. Beləliklə, doğru yol göstərmə və hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı. Allaha asi, şeytana isə köməkçi olmuşdular. İman zəlil, onun dayaqları viran olmuş, iz və nişanələri dəyişmiş, yolları dağılıb məhv olmuşdu. İnsanlar şeytana tabe olaraq, onun yolu ilə gedir, şeytanın bulağından su içirdilər (azğınlıq suyu içirdilər. Yəni, onun göstərişlərini qəbul edirdilər. Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi səllallahu əleyhi və alih) göndərdi.
Bu xütbənin Peyğəmbər (salavatullah) nəslinin (on iki İmamın) kamalı barədə olan hissəsində buyurur:
Peyğəmbər (səlləllahu əleyhi və alih) nəsli o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı (o böyük şəxsiyyətin Haqq-təala tərəfindən əmr etdiyinə itaət göstərdilər), o hörmətli vücudun elm xəzinəsi (Həzrətin bildiyini onlar da bilirdilər), o cənabın (xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün) hikmətlərinin mərcəyi, kitablarının (Qur’an və sünnənin) hafizi və dininin (müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılmaması və onlara görə qorunub, saxlanılması üçün) arxasında dayanan dağlar kimidirlər. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), bədəninin titrəyişlərinə sakitlik gətirdi (pak İmamlar əleyhimus-salamın xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan iztirab və narahatlıqları özündən uzaqlaşdırdı).
Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli-Beytini mədh etmiş, öymüşdür):
(Xəvaric, ya münafiqlər və ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək onu yalan və qəflətlə suvarıb həlakət biçdilər. (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (səlləllahu əleyhi və alih) Əhli-Beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək xalqı öz tərəflərinə çağırırlar, halbuki) Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər).
3-cü xütbə
İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir.
Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi. Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm.
(Allah Peyğəmbərinin - səlləllahu əleyhi və alih - vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var. Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan bey’ətinin geri götürülməsini istəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi. Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.
Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu. Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu, başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi. Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır.
(Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tökmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.
(Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (bey’ət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Bey’ətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan bey’ətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) bey’ətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.)
Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə bey’ət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir.
Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim».
(Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər, İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu.
قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا - yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.) اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür.
سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى وَإِشْناقُها إِلَى الْأَعْناقِ
Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir.
4-cü xütbə
İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq. Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm. (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu. Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz).
5-ci xütbə
Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.
Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin. Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.)
6-cı xütbə
(Təlhə və Zübeyr bey’ətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır:
And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam.
7-ci xütbə
İmam Əli əleyhis-salamın (ona qarşı çıxanların məzəmmət edilməsi haqda olan) xütbələrindəndir.
Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.
8-ci xütbə
İmam Əli əleyhis-salamın müvafiq vaxtda Zübeyri nəzərdə tutaraq buyurduğu kəlamlarındandır. (Həzrət buyurdu:)
Zübeyr güman edir ki, Əliyə bey’ət edərək ürəyində əleyhinə olub. Öz bey’ətində qalıb və iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun bey’əti öz qüvvəsində qalır və müti olmalı, itaət etməlidir.
9-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.)
İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.
10-cu xütbə
İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.
Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).
11-ci xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:
Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)
12-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).
13-cü xütbə
İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır:
Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız. Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır. Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir. Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).
14-cü xütbə
İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:
Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.
15-ci xütbə
İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.
And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaracağam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və gücsüz) olar.
16-cı xütbə
İmam Əli əleyhis-salamın Mədinə şəhərinin əhalisinin onunla bey’ət etdiyi zaman buyurduğu xütbələrindəndir.
Mənim əhdim dediyim sözlərdədir və onların hamısına zəmanət verirəm. (Sözlərimin doğruluğu şübhəsizdir və onda batildən əsər-əlamət yoxdur.) Ruzigarın hadisələri və ibrətləri qarşıda olan günahın cəzasından və dünyadakı dəyişikliklərdən saxlayan şəxsi təqva və pərhizkarlıq şübhələrə düşməkdən (haqqın batil və halalın haramla səhv salındığı şeylər) saxlayar. Agah olun ki, əzab və bəla (fikir ayrılığı və cahillik) Allahın Peyğəmbərinizi seçdiyi gün (cahiliyyət dövrü) kimi sizlərə qayıtmışdır. And olsun haqq olaraq Peyğəmbəri göndərənə ki, sizlərdən ən aşağıda olan ən yüksək məqama yüksələnə, sizlərdən ən yüksəkdə olan isə ən aşağı məqama düşənə qədər bir-birinə qarışacaqsınız. (İmtahan ələyində) ələnəcək, bir-birinizdən ayrılacaq, (qaynayıb daşan zaman) kəfkirin xörək qazanının dibini qarışdırdığı tək qarışdırılacaqsınız. İslamda qabağa düşən, (Təlhə, Zübeyr və başqaları kimi Peyğəmbərin yanında) qədri və məqamı olmayanlar önə keçəcəklər (irəli düşənlər, hamıdan əvvəl İslama iman gətirənlər Allahın peyğəmbərinin yanında böyük məqam və hörmət sahibi olanlar) əlbətdə dayanacaqlar. Allaha and olsun, heç bir sözü gizlətmədim, (deməli olduğunu dedim) heç vaxt yalan danışmadım. Bu məqam (sizin bey’ətiniz) və bu gün (bey’ət üçün toplaşmanız) barədə mənə xəbər verilmişdi (Allahın Rəsulu mənə xəbər vermişdi). Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri behiştə daxil edərlər. Təqva və günahdan çəkinmə haq və doğru yol, günahkarlıq isə batil və həlakət yoludur. Bu hər iki yolun öz əhli var. Batil yolun yolçuları çox olsalar (qəribə deyil, çünki) əvvəlki dövrlərdə də çox olub və günaha batıblar. Əgər haqq azalarsa onun artmasına ümid var. Haqq zəifləyərsə güclənməsi çətin olar. (Bundan sonra Seyyid Rəzi əleyhir-rəhmə buyurur:)
Deyirəm: bu qısa söz (İmam əleyhis-salamın) söz gözəlliklərindən bəzilərini özündə daşıyır. Mədh edənlərin öz dərk etdikləri kimi tərifi ona çatmaz. Bu sözlərin heyranlığından olan xeyir, xudpəsəndliyin xeyrindən çoxdur. Dediklərimizə əlavə olaraq bildirirəm ki, o Həzrətin sözlərində heç bir dilin vəsf etmək gücünə malik olmadığı, heç bir insanın dərinliklərini dərk edə bilmədiyi fəsahət var. Bəyan etdiyim sifətləri dərk etmək bütün ömrünü fəsahətə həsr edib onun kök və əsasını əldə edən şəxslərdən başqa heç kəsə nəsib olmur. Bu sözü alimlərdən başqa kimsə qavraya bilməz.
Bu xütbənin bir hissəsidir
Qarşısında Cənnətlə Cəhənnəm olan hər bir kəs asudə deyil. (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət və bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır. Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur (ondan kənara çıxmaq olmaz. Çünki) qorunmuş kitab (Qur’ani-Kərim) və peyğəmbərliyin nişanələri (Həzrət Rəsulun sünnəsi) onu (şahid) göstərir. Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya və axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən və dilindən ziyan görür və ya öldürülür.) Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər. Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz. Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.
17-ci xütbə
İmam Əli əleyhis-salamın camaata hökmranlıq edən, amma bu vəzifəyə layiq olmayan kəslər barəsində kəlamlarındandır.
Məxluqat arasında Allahın ən düşmən bildiyi (Haqqın rəhməti heç vaxt halına şamil olmayan) iki şəxsdir: (Əvvəl) Allahın (itaətsizlik etdiyinə və asi olduğuna görə) özbaşına buraxdığı şəxs. Belə ki, (bu cür şəxs istədiyi hər bir şeyi etdiyinə görə) doğru yoldan azıb, bid’ət yaradan sözə, camaatı azğınlığa dəvətə ürək bağlayıb (dində olmayan bir şeyin dində yaranmasına səbəb olacaq sözü danışmağı sevir, camaatı azğınlığa və pis əməllərə vadar edir). Beləliklə, bu kişi onun vasitəsi ilə fitnəyə düşən şəxs üçün fitnə-fəsad səbəbidir. Ondan əvvəl doğru yolla gedənlərin (kitab və sünnəyə əməl edənlərin) yolundan azandır, sağlığında və ölümündən sonra ona tabe olan şəxsləri azdırandır. (Azdırdığına və günaha saldığına görə) başqalarının günah yükünü daşıyır və eyni zamanda öz günahlarının da girovundadır. (İkinci) nadanlıqları özündə birləşdirən (və onların vasitəsi ilə) nadan camaatı azdıran şəxsdir. Fitnə-fəsadın qaranlıqlarında (onun üçün nicat yolunun olmamasından) xəbərsizdir. (Camaatın arasını) düzəldərkən kordur. (Onların necə islah olunacaqlarını bilmir) Avamlar onu alim adlandırır, halbuki o, nadandır. Hər səhərini azlığı çoxluğundan daha yaxşı olan şeyi artırmaq istəyi ilə açdı. Ona çatdıqda isə iylənmiş su ilə doydu, boş mətləblərlə doldu. Camaat arasında hökm vermək üçün əyləşib özündən qeyrisi üçün anlaşılmaz olanları anladığını güman edir (hər bir mübahisəli məsələnin və çətinliyin həllinə hazırdır). Əgər çətin məsələlərdən biri ondan soruşulsa, cavabında öz rəyinə əsaslanaraq boş və mənasız sözlər düzüb-qoşar (sözlərinə uyğun hökm verər) və verdiyi cavabın doğruluğuna əmin olar. Onun (camaatı aldatmaq üçün) şübhəli məsələləri (bir-birinə) qarışdırması hörümçəyin tor hörməsinə bənzəyir. Doğru hökm verdiyini və ya xəta etdiyini bilməz. Əgər doğru hökm vermiş olsa belə, xəta etməyindən qorxar. Əgər səhv etmiş olsa ümidvar olar (ki, camaat) düzgün hökm verib (desin). Nadandır və nadanlığı ilə də çoxlu səhv edir. Gözlərinin nuru çatmır (cəhalət və nadanlığın zülmətində əlacsız qalıb, hansı yolla gedəcəyini bilmir) və önünü görməyən dəvələrə çox minir (çətin məsələlərdə mat-məəttəl qalır, nə cavab verəcəyini bilmir). Nadanlığına görə qəti cavab verə bilmir (dedikləri təxəyyül əsasındadır. Heç bir məsələdə elmi və yəqinliyi yoxdur). Hədisləri (məlumatsızlığı, səhihliyini və batilliyini başa düşməməsi səbəbindən) küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur (hədislərdəki məqsədi başa düşmür və onlardan harada istifadə yerini bilmir, hədisləri səbəbsiz olaraq hər yerdə danışır). Allaha and olsun, ona verilən suala cavab vermək gücündə deyil (elm və bilikdən bəhrələnməyib). (Camaatın din və dünya işlərindən) ona həvalə olunana ləyaqəti çatmır. Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir. Başqa birinin onun dediyinə zidd biliyinin olduğuna inanmır (özünü hamıdan daha bilikli sandığından, kimsənin onun dediyinin əksinə sözü olduğunu güman etmir). Hər hansı bir məsələ ona qaranlıq qaldıqda (məsələnin cavbında ilişib qalanda), onu bilmədiyini başa düşdükdə (bilənlərdən) gizlədər və («o bilmir» deməsinlər deyə) aşkarlamağa qoymaz. Onun zülm və sitəmlə verdiyi hökmlərə görə axıdılan nahaq qanlar dilə gələrək fəryad çəkirlər. Miraslar (haqsız yerə öz sahiblərinə çatmadıqlarına görə) onun zülmünün əlindən uca səslə nalə çəkirlər. Cəhalət və nadanlıqla yaşayan, azğınlıqla ölən dəstədən Allaha şikayət (öz dərdlərimi izhar) edirəm. Doğru oxuduqda və onda heç dəyişiklik etmədikdə onlar üçün Allahın kitabından daha kasad və dəyərsiz mal yoxdur. Təhrif və dəyişiklik etdikdə (öz batil qərəzlərinə uyğun tə’vil etdikdə) ondan qiymətli və geniş yayılmış başqa bir mal olmaz. Onlar üçün yaxşı işlərdən pis və pis əməllərdən yaxşı olan iş yoxdur. (Çünki onların qərəzli məqsədləri dində qadağan edilmiş şeylərlə bağlıdır.)
18-ci xütbə
İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.
Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir. Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi və onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-təala (Qur’ani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ən’am surəsinin 38-ci ayəsində) buyurub: «Biz Qur’anda heç bir şeyi əsirgəməmişik» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub və xatırladır ki, Qur’anın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub: «Əgər bu Qur’an Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».
Qur’ani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.
19-cu xütbə
İmam Əli əleyhis-salamın Əş’əs ibn Qeysə kəlamlarındandır.
Həzrət Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əş’əs etiraz etdi və dedi: «Bu söz Həzrətin zərərinə tamamlandı və heç bir faydası olmadı». Həzrət ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu. Ey kafirin oğlu münafiq!
Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi. Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):
Deyirəm: O Həzrətin məqsədi budur ki, Əş’əs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əş’əsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əş’əs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əş’əs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).
20-ci xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir (günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey, İlahi göstərişlərə əməl etməyən kəslər).
Əgər siz ölülərinizin gözləri ilə gördüklərini gözünüz ilə görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr və qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə də ahu-zar etmir, qorxmur və Allaha, onun Rəsuluna və haq olan xəlifəsinə itaət etmir və tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz də görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görən olsanız, gözlərinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək.
21-ci xütbə
İmam Əli əleyhis-salamın (ölüm və qiyamət barəsində) xütbələrindəndir.
Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldəkilərinizi saxlayıb, axırdakılarınızı gözləyirlər. (Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər. Seyyid Rəzi buyurur:)
Deyirəm: Bu kəlam pak olan Allahın və Həzrət Rəsulun kəlamından sonra müqayisə olunduğu hər bir kəlamdan daha üstün və daha öndədir (heç bir kəlam ona çata bilməz). Amma o Həzrətin buyurduğu: تَخَفَّفُوا تَلْحَقُوا (yüngülləşin ki, yetişəsiniz) kəlamından daha qısa və daha mənalı kəlam eşidilməyib, bu kəlam necə də dərindir (hər nə qədər fikirləşsən onun dərinliyinə çata bilmirsən). Necə də bu cümlə əvvəldən axıra qədər hikmətli və nəsihətlidir, (hər bir təşnənin) susuzluğunu aradan qaldırır və biz də «Xəsais» kitabında bu kəlamın əzəmət və böyüklüyünü şərh etmişik.
22-ci xütbə
İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.)
Agah olun ki, şeytan zülm və cövrün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,) özlərinin tərk etdikləri haqqı, özləri tökdükləri qanı (qisası) tələb etməkdədirlər. Belə isə əgər mən o qanın tökülməsində (Osmanın qətlində), onlarla ortaq olmuş olsaydım, onlara da bundan fayda çatardı. Əgər mənsiz özləri bu işi ediblərsə onda onlardan başqa heç kəs təqsirləndirilməməlidir. Onların ən böyük dəlil və sübutları (Osmanın qətlində iştirakı mənim adımla bağlamaları) öz zərərinədir. (Çünki özləri onu qətlə yetiriblər və mən bilirəm ki, onlar Osmanın qanını almaq niyyətində deyillər, onlar) südü qurumuş anadan süd istəyirlər, ölmüş bid’əti diriltmək istəyirlər. Ey dəvət edən naümid, (ya məni müharibəyə, ya da özünlə razılaşmağa çağırırsan, hazır ol) dəvət edən kimdir və nə ilə cavab veriləcək?. Mən Allahın onlara olan hüccətinə və onlar barəsində elminə razıyam. Əgər onlar boyun qaçırsalar, (haqq yoluna dönməsələr) qılıncın iti tərəfini onlara yönəldərəm (onları qətlə yetirərəm) ki, batildən (zülm və cövr xəstəliyindən) şəfa tapmaq üçün bu onlara kifayət edər və haqqa kömək olar. Vuruşmaq üçün meydana çıxmağımı mənə xəbər yollamaları, döyüşdə dözümlü və səbrli olmağımı demələri nə qədər heyrətlidir! Anaları vaylarına otursun, heç vaxt mən müharibə ilə təhdid olunmamışam, qılınc zərbəsindən qorxmamışam. Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur. (Təhdid olunmaq və qorxmaq öz Allahına yəqinliyi olmayan, dinində şübhəsi olan kəslərə layiqdir. Onlar buna görə ölməkdən və öldürməkdən qorxurlar).
23-cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:)
Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır.
Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərlərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin. Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir:
-Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır.
-Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik.
Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır. Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar. (Seyyid Rəzi buyurur:)
Deyirəm: غَفِيرَة bu xütbədə çoxluq mənasındadır. Necə ki, جمع كثير sözünün yerinə جَمُّ غَفِير və جَمّآءُ غَفِير deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً deyilmişdir. عَفْوَة yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.
24-cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:)
Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır). Belə isə, ey Allah bəndələri, Allahdan çəkinin (yersiz danışmayın, nalayiq söz deməyin), Allahdan Allaha (onun qəzəbindən rəhmətinin, əzabından əfvinin, ədlindən fəzlinin pənahına) sığının. Sizin önünüzdə qoyduğu aydın yola (şəriətin doğru yoluna) yönəlin. Sizin boynunuza qoyduqlarını (şəriət məsələlərini) yerinə yetirin. Beləliklə, (ilahi göstərişə əməl edib şəriət məsələlərini yerinə yetirsəniz) əgər dünyada nicat tapmasanız, axirətdə sizin nicat və qələbənizə Əli zamindir.
25-ci xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir.
Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfində Yəməndə vali və hakim olan Übəydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər. O Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi, sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu:
İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şe’rini oxudu:
لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ
-yəni, ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.) Ondan sonra buyurdu:
Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olcaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların bey’əti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir).
(Beləliklə, sizi o qədər xəyanətkar sanıram ki,) əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun (dəvənin palanından asdıqları) tutacağını aparasınız. Pərvərdigara, mən onlardan (Kufə əhlindən) bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini (əzab və qorxudan) duz suda əriyən kimi ərit. (Ey Kufə əhli,) agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Fəras ibn Qənm övladlarından min süvarinin olmasını istərdim. (Burada Fəras ibn Qənmin övladlarını tərif etmək üçün şairin bu şe’rini oxuyur:)
هُنالِكَ لَوْ دَعَوْتِ أَتاكِ مِنْهُمْ فَوارِسُ مِثْلُ أَرْمِيَةِ الْحَمِيمِ
-yəni, ey Ummu-Zənba (Ummu-Zənba bir qadının ləqəbidir) kömək və zəfər üçün əgər onları (Bəni-Təymi) çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər. Bundan sonra Həzrət minbərdən endi. (Seyyid Rəzi buyurur:)
Deyirəm: أَرْمِيَة kəlməsi رَمِيّ kəlməsinin cəmidir və mənası bulud deməkdir. حَمِيم burada yay fəsli mənasında işlənmişdir. Şair də yay buludlarına ona görə təşbih işlətmişdir ki, yay buludlarında su olmadığından iti sürətlə hərəkət edirlər. Bulud su ilə dolu olduqda, adətən yavaş hərəkət edir və qışda rast gəlinir. Şair də həmin camaatın, kömək və zəfər üçün çağırdıqda, dəvəti dərhal qəbul edib köməyə tələsdiklərini buna bənzətmişdir. Buna sübut şairin bu şe’rdə dediyi sözləridir.
26-cı xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir (Nəhrəvana doğru hərəkət etməzdən öncə buyurmuşdur).
Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (səlləllahu əleyhi və alih) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ kimi) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı (öz əllərinizlə yaratdıqlarınıza pərəstiş edirdiniz) və günahlardan çəkinib uzaqlaşmırdınız.
Bu xütbənin bir hissəsidir
(Həzrət Peyğəmbərin vəfatından sonra başına gələnləri qısa şəkildə bəyan edir: Müxaliflərim mənim haqqım olan xəlifəliyi qəsb etdikdə)
Beləliklə, (öz işlərimi) fikirləşib gördüm ki, öz əhli-beytimdən (Bəni-Haşimdən) başqa yavərim yoxdur, (onlar da bu qədər əleyhdarlarımla mübarizə apara bilməzdilər. Buna görə də) onların öldürülməsinə razı olmadım. Çöp batmış gözümü yumdum, sümük boğazımı tutsa da uddum, tənəffüs yolunun tutulmasına (qəm və kədərin çoxluğundan) və əlgəm otundan (olduqca acı bir bitkidir) daha acı şeylərə dözdüm.
Bu xütbənin başqa bir hissəsidir
(Əmr ibn Asın Müaviyəyə necə bey’ət etdiyini bəyan edir və buyurur:)
Əmr girov və qiymət şərtini (Misirin hakimliyini) qoymayınca Müaviyəyə bey’ət etmədi. Satıcının (dinini dünyanın qiymətinə satanın) əlinin bərəkəti olmaz və alıcının (Müaviyənin) əhd-peymanı onun rüsvayçılığına səbəb olar. Buna görə də (indi ki, Əmr Müaviyəyə qoşulub), müharibəyə hazırlaşın, onun tədarükünü görün ki, döyüş məşəli alovlanıb, onun işığı ucalıb. Dözümü özünüzə şüar edin (döyüşdə sabit olun, onun ziyanına dözün) ki, düşmənə zəfər çalmağın ən mühüm yolu dözümdür.
27-ci xütbə
İmam Əli əleyhis-salamın (şərafətli ömrünün sonlarında buyurduğu və öz səhabələrini Müaviyə ilə cihad etmədiyinə görə qınadığı) xütbələrindəndir:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, cihad (dinə qarşı çıxanlarla döyüş) Allahın özünün xüsusi dostlarının üzünə açdığı Cənnət qapılarından biri, təqva və pərhizkarlıq libasıdır. (Paltar insanı soyuqdan və istidən qoruduğu kimi təqva əhlini müxaliflərin şərindən qoruyar.) Haqq-təalanın möhkəm zirehi və onun (təqva əhlini düşmənlərin silahlarından qorumaq üçün) güclü qalxanıdır. Hər kəs ondan uzaqlaşıb, onu tərk edərsə Allah ona zillət və xarlıq paltarı, bəla və çətinlik cübbəsi geyindirər. Bunun təsirindən isə həmin adam həqir, alçaq, zəlil və biçarə olar. Allah öz rəhmətini onun qəlbindən götürdüyünə görə ağılsızlığa mübtəla olar (öz işlərində heyran və sərgərdan olar). Cihada getmədiyinə və bu mühüm işə əhəmiyyət vermədiyinə görə haqqın yolundan uzaqlaşaraq batil yola qədəm qoyar. Müsibətə və biçarəliyə düçar olaraq ədalət və insafdan məhrum olar (zülmkar ona hakim kəsilərək onunla insafsızcasına davranar).
Agah olun, mən sizləri gecə və gündüz, gizlində və aşkarda döyüşə (Müaviyə və ona tabe olanlara qarşı döyüşə) dəvət edərək dedim ki, onlar sizinlə döyüşə gəlməmiş, siz onlarla döyüşə çıxın. Allaha and olsun, hər hansı qövmün öz evində (diyarında) elə bir müharibə olmayıb ki, orada onlar zəlil və məğlub olmasınlar. Siz isə vəzifənizi bir-birinizə həvalə etdiniz (sizlərdən hər biriniz başqasının öz vəzifəsinə əməl etməsini umurdunuz). Mal-mülkünüz hər yandan qarət olunana, (düşmən qələbə çalıb) yurdunuz əlinizdən çıxana qədər bir-birinizi xar etdiniz. Bu, öz süvarilərilə (Müaviyənin əmrinə əsasən Fərat çayının şərq sahillərində yerləşən İraqın qədim şəhərlərindən biri olan) Ənbar şəhərinə daxil olub, Həssan ibn Həssan Bəkrini (şəhərin vali və hakimi) öldürüb, süvarilərinizi şəhərin hüdudlarından uzaqlaşdıran Qamidin (Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əuf) qardaşlarındandır. Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və müsəlmanların amanında olan bir kafir qadına hücum edərək xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da zar-zar ağlayaraq öz qohumlarını köməyə çağırmaqdan başqa cür onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtdılar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layiqlidir. Nə qədər də heyrətli və təəccüblüdür! And olsun Allaha, onların (Müaviyə və tərəfdarlarının) özlərinin nahaq işlərinin ətrafında birləşməsi, sizin isə haqq işinizdə təfriqə və ixtilafa düşməniz ürəyi öldürür, qəm və hüznü özünə çəkir. Onların oxlarına tuş gəldiyiniz vaxt üzünüz qara, qəlbləriniz qəmli olsun (düşmən sizə doğru ox atır, siz isə qeyrətsizliyinizə, təfriqə və ixtilafınıza görə sinələrinizi onun hədəfinə çevirib sakit oturmusunuz). Onlar sizin malınızı yağmalayırlar, siz isə əlinizə heç nə almırsınız. Sizinlə döyüşürlər, sizsə döyüşmürsünüz. Allaha asi olurlar, siz isə razısınız. Yayda sizə onlarla döyüşə çıxmağı əmr etdikdə dediniz ki, indi hava istidir və istilər sınana qədər bizə möhlət ver. Qışda onlarla döyüşmənizi əmr etdikdə isə dediniz ki, bu günlər hava çox soyuqdur və soyuqlar çıxana qədər bizə möhlət ver. Siz isti və soyuqdan qaçmaq üçün bu qədər bəhanə gətirirsiniz, Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız. Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər. Allah atalarına rəhmət etsin! (Öz dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur.
28-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyaya etimadsızlıq və axirətə hazırlıq barədə buyurduğu) xütbələrindəndir.
Haqq-təalaya həmd-sənadan və Həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir. Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür. Önə keçmək (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir. Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu?
Görəsən özünün bədbəxtlik günü gəlmədən (ilahi əzabdan) öz nicatı üçün çarə edən yoxdurmu? (Yaxşı əməllər etsin ki, o gün saleh əməllərdən başqa heç nə nicata səbəb olmayacaq.) Agah olun ki, siz ardında ölüm dayanan arzu və ümid (həyatın əbədiliyi və yaşayışın davamı) günlərindəsiniz. Əcəli çatmazdan öncə arzu və ümid günlərində iş görən (camaata köməklik, Allaha bəndəlik edən) kimsənin əməli ona xeyir gətirəcək, ölümü ziyan vurmayacaqdır. Əcəli çatmamış həmin günlərdə səhlənkarlıq edənin (camaata köməklik, Allaha bəndəlik etməyənin) işi xarabdır və ölümdən ziyan çəkəcəkdir. (Çünki ölüm vaxtı camaata xidmət və Allaha bəndəlikdəki təqsirlərinə görə peşmançılığın xeyri yoxdur. Buna görə də nəticə etibarı ilə ziyan görəcəkdir.) Agah olun, rahatlıq və əmin-amanlıq vaxtında (əlləriniz çatan vaxt), xof və qorxunun sizə hakim kəsiləndə iş gördüyünüz kimi (xalqa xidmət və Allaha ibadət yolunda çalışın) əməl edin. Agah olun, mən Cənnət kimi bir nemət görmədim ki, onu arzulayan qəflət yuxusunda olsun. Nə də atəş kimi bir əzab gördüm ki, ondan qaçan bihuşluq yuxusunda olsun! Bilin ki, haqqdan xeyir tapmayana mütləq batilin ziyanı yetişəcəkdir. Hidayətlə doğru yola gəlməyəni azğınlıq çarəsizliyə və ölümə sürükləyir. Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz. Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar) və digəri isə arzularınızın çoxluğudur. (Sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz.) Belə isə sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin, (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün. (Seyyid Rəzi buyurur:)
Deyirəm: Xalqı zahidliyə, dünyaya rəğbətsizliyə, axirətdə işə yarayan xeyir əməllərə vadar edən söz olarsa, hərhalda bunlar Həzrətin həmin sözləridir. Camaatı çox bağlı olduqları amal və arzulardan daşındırır, öyüdün, Allaha və Peyğəmbərə qarşı üsyan və itaətsizliyin qadağa şöləsini həddən çox alovlandırır. O Həzrətin sözlərinin heyranediciliyi ondadır ki, buyurur: «ألا وَ إِنَّ الْيَوْمَ المِضْمارُ وَ غَداً السِبَاقُ وَالسَّبْقَةُ الْجَنَّةُ وَالْغايَةُ النَّارُ» Çünki bu sözdə ifadənin böyüklüyü və mənanın dərinliyilə yanaşı həqiqətə və işin mahiyyətinə uyğun təşbihdə heyrətamiz sirr və incə məna vardır. Buyurur: وَالسِّبْقَةُ الْجَنَّةُ وَالغايَةُ النَّارُ İki mənadakı fərqə görə iki növ sözdən istifadə etmişdir: أَلسَّبْقَةُ sözünü Cənnət üçünأَلْغايَة sözünü isə atəş üçün işlətmişdir. وَالسِّبْقَةُ النَّارُ deyilوَالسَّبْقَةُ الْجَنَّةَ buyurmuşdur. Çünki إِسْتِباق (önə keçmək) sözü yaxşı bir iş üçün və müsbət mənada işlədilir və Behiştin sifətidir. Atəş bu mənanı vermir. O atəşdən Allaha pənah aparırıq. Deməli, وَالسِّبْقَةُ النَّارُ buyurması düzgün olmazdı və ona görə də belə buyurmuşdur: وَالغايَةُ النَّارُ Çünki الغاية ona çatan hər bir kəs üçün bəzən şadlıq gətirmir, bəzən də sevinc bəxş edir. Deməli, bu sözü hər iki mənada izah etmək olar. الغاية kəlməsi burada Allah-təalanın buyurduğu مَصِير و مَأل sözü kimidir. (Qur’ani-Kərimin İbrahim surəsinin 30-cu ayəsi) قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النّارِ «De, nalayiq işlərdən ləzzət alın. Beləliklə, sizin işlərinizin sonu atəşdir». Burada فَإِنَّ سَبْقَتَكُمْ إِلَى النَّارِ deyilməsi düzgün olmaz. Belə isə bu sözü dərindən düşün ki, onun batini heyrətamiz və çox dərindir. O Həzrətin sözlərinin əksəriyyəti belədir. Bəzi əlyazmalarda göstərilir ki, başqa rəvayətə görə سُبْقَة kəlməsində sin zəmmə ilə qeyd olunmuşdur. Ərəblər (yarışda) ötdüyü üçün önə keçənə (qalibə) mükafat verilən mala سُبْقَة (sini zəmmə ilə) deyərlər. سَبْقَة sözünün fəthə ilə olan mənası zəmmə ilə olan mənasına yaxındır. Çünki سُبْقَة (sözündə) sinin zəmməli olması pis və qəbahətli işin cəzası deyil, bəyənilən və sevilən işin mükfatıdır.
29-cu xütbə
İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir.
Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır. Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və İmamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb. Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqqdan qeyrisinə tamah salırsnız?
30-cu xütbə
İmam Əli əleyhis-salamın Osmanın qətli barəsindəki kəlamlarındandır.
Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım (onu öldürənlər mənimlə məsləhətləşməyiblər ki, mən onlara əmr vermiş, yaxud çəkindirmiş olum). Lakin (bilirəm ki,) ona kömək edən (Mərvan ibn Həkəm və Bəni-Üməyyədən bir dəstə adam) «Mən onu xar edəndən (ona köməklik göstərməyəndən) daha yaxşıyam» deyə bilməz. Onu xar edən də (Mühacir və Ənsardan bir dəstə) deyə bilməz ki, «ona kömək edən məndən daha yaxşıdır». (Burada o Həzrətin məqsədi Osmanı məzəmmət etməkdir.) Belə isə mən indi sizin üçün onun qətl səbəblərini (müxtəsər şəkildə) bəyan edirəm: Osman xilafəti öz ixtiyarına keçirib istibdad və özbaşınalıq etdi. (Məsləhətləşmədən, ümmətin razılığını nəzərə almadan istədiyini edirdi.) Deməli, belə iş görüb özbaşınalıq etməklə çox pis etdi, (siz isə zülm və sitəmdə) səbirsizlik etdiniz (səbr etməyib onu qətlə yetirdiniz), deməli, siz də bu səbirsizliyinizlə pis iş tutdunuz (gərək səbr edəydiniz ki, bu iş yumşaqlıqla islah olunardı və ya onun ətrafından dağılardınız ki, haqq öz sahibinə qayıtsın). Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir (Allah-təala qiyamət günü onlar barəsində hökm verəcək və hər kəsi öz günah və təqsiri qədər cəzalandıracaqdır).
31-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl müharibəsindən əvvəl, Zübeyrin itaət etməsi üçün Abdullah ibn Abbasi onun yanına göndərdiyi zaman buyurduğu kəlamlarındandır.
Əlbəttə, Təlhə ilə görüşmə, onunla görüşsən görərsən ki, o, buynuzunu əyib itiləmiş öküz kimidir. İtaətsiz dəvəyə minib deyir: Bu, ram olan dəvədir (çətin işlərdən yapışıb nadanlıq və özbaşınalıq üzündən onları asan hesab edir). Lakin Zübeyrlə görüş, çünki o yumşaq təbiətlidir (gözəl əxlaqı və itaətkarlığı daha çoxdur). Ona de: Dayın oğlu (Zübeyrin anası Səfiyyə Əbu Talibin bacısı idi) deyir ki, sən məni Hicazda (Mədinədə) tanıdın (mənə bey’ət etdin), İraqda (Bəsrədə) inkar etdin (öz əhd-peymanını sındırıb, itaətdən çıxdın). Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin? (Nə baş verdi ki, öz əhd-peymanını pozub mənə qarşı çıxdın və mənimlə müharibəyə qalxdın. Seyyid Rəzi buyurur:)
Deyirəm: O Həzrət əleyhis-salam bu kəlməni « فَمَا عَدَا مِمَّا بَدَا» işlədən ilk şəxsdir.
32-ci xütbə
İmam Əli əleyhis-salamın (öz zəmanəsinin əhlindən şikayət etdiyi) xütbələrindəndir.
Ey camaat, (əhalisi) zülmkar və nemətə küfran edən, yaxşı əməl sahibinin pis sanıldığı və zalımın öz zülmünü artırdığı bir rüzigarda sabahı açdıq (qərar tapdıq). Bildiyimizdən bəhrələnmirik (bildiyimizə əməl etmirik), bilmədiyimizi də soruşmuruq və (nadanlıq və təkəbbürün təsirindən) bizə yetişənə qədər böyük bəladan qorxmuruq. Deməli, (bədbəxtliyə və çarəsizliyə mübtəla olana qədər öz işimizin sonunu düşünmürük. Bu zəmanədə) insanların dörd sinfi var: birinci qism insanları çarəsizlik, qılıncının kütlüyü və mal-dövlətinin azlığından başqa heç nə fitnə-fəsaddan çəkindirməz. İkinci qism qılıncını qınından sıyırıb öz şərini aşkar edərək, piyada və süvarilərini (qoşununu) toplayaraq, özünü fitnə-fəsada hazırlayıb və qənimət olaraq oğurladığı mala və ya (təkəbbür və böyüklüyünü izhar etmək üçün) ardınca gedən süvarilərə, yaxud da (xalqa öz rəhbərliyini göstərmək üçün) çıxmaq istədiyi minbərə görə dinini zay edəndir (əldən verəndir). Özünü və Allahın sənin üçün yaratdığı Cənnəti satıb, onun qiymətinə dünyanı almaq uğursuz ticarətdir. Üçüncü qismi axirət əməli ilə (özünü abid və bəndə kimi göstərməklə) dünyanı, dünya əməli (həqiqi zöhd, təqva və ibadət) ilə axirəti istəməyən, özünü vüqarlı və mətanətli göstərən (pərhizkarlar tək özünü təvazökar aparan) addımlarını bir-birinə yaxın atan (əziyyətsiz adamlar kimi yol gedəndə asta-asta addımlayan) və (ibadət və bəndəlik üçün) paltarının ətəklərini yığib tam sürətlə yol gedən, özünü mötəbər və əmin tanıtmaq üçün (camaat arasında zöhd və təqvayla) bəzənən, Allahın pərdəsini (din və şəriətin yolunu) günah vasitəsinə çevirəndir. Dördüncü qism həqarətinə, alçaqlığına və hakimiyyətə çatmaq üçün vasitəyə malik olmadığına görə xanənişin olandır. Öz arzularına əli çatmadığından özünü qaldığı vəziyyətə qane olan kimi göstərər. Nə gecələr sakitləşən daxilində, nə də gündüzləri keçirdiyi zahirində (heç vaxt) qənaət və zöhd əhli olmadığı halda, özünü zöhd və təqva əhlinin libası ilə bəzəyər. Qalan bir neçə kişi də Qiyamət gününü xatırlatmaq onların gözlərini (dünyanın ləzzətinə) yummuşdur, o günün qorxusundan gözlərindən yaş axır. Bəziləri qovulmuş və hürküdülmüşdür bir dəstəsi qorxaq və xar, bəziləri isə sakit və dilləri bağlı qalıblar (haqqı aşkar edə bilmirlər). Bəziləri də ixlas və doğruluqla (xalqı doğru yola) dəvət edir (və ya Allahı ixlasla çağırır, bağışlanmalarını diləyirdilər), başqa bir dəstə isə (zülmkarların sitəminin təsirindən) qəmgin və incikdir. Təqiyyə və (düşməndən) gizlənmək onları itirib-batırmış (belə ki, heç kəs onları tanımır), başdan başa zəlalət və xarlıq onları bürümüşdür. Deməli, onlar şor dənizdə batmışlar, ağızları bağlı, ürəkləri isə yaralıdır. Özləri incik düşənə qədər (çünki onların sözlərinə qulaq asmır, onları saymırdılar) camaata öyüd-nəsihət verdilər. Məğlubiyyətin təsirindən zəlil və xar olub öldürüldülər və beləliklə, azaldılar. (Əcdadlarınızla belə rəftar etmiş) dünya sizin nəzərinizdə (səhrada bitən və yarpağından dabbaqlıqda istifadə olunan) səlm ağacının yarpağının qurusundan, (qoyun və bu kimi heyvanların yununu qırxılmasından sonra) qırxımdan qalan tullantıdan da dəyərsiz olmalıdır. Gələcək nəsillər sizlərin halından ibrət almamış (köçüb gedən və əməllərinin cəzasına çatan) əcdadlarınızın halından ibrət alın (tənbeh olunun). Bu pislənmiş və bəyənilməyən dünyadan əl çəkin. Çünki dünya onu sizlərdən daha artıq sevənlərə vəfa etməmişdir. (Seyyid Rəzi buyurur:)
Deyirəm: Hansısa bir nadan bu xütbəni Müaviyənin adına çıxmışdır. Bu xütbənin Əmirəl-möminin əleyhis-salamın sözləri olmasına heç bir şübhə yoxdur. Qızıl torpaqla, şirin su şor su ilə necə bərabər ola bilər? Bu sözün doğruluğunu mahir yol göstərən və gözüaçıq bəsirətli birisi – Əmr ibn Bəhr Cahiz sübut etmiş və aydınlaşdırmışdır. O, bu xütbəni «بيان و تبيين» kitabında bəyan etmiş, onu Müaviyənin adına çıxanın da adını göstərdikdən sonra demişdir: «Bu xütbə Əli əleyhis-salamın sözlərinə daha çox bənzəyir. İnsanların bölgüsü, onların sifətlərinin təsnifatı, məğlubiyyət, zəlillik, təqiyyə və xof kimi vəziyyətlərinin təsviri o Həzrətin üslubuna daha layiqdir». (Elə həmin kitabda) qeyd edir: «Biz Müaviyənin öz sözlərində zahidlərin yolunu tutduğunu, Allahın bəndələri kimi rəftar etdiklərini harada görmüşük?».
33-cü xütbə
İmam Əli əleyhis-salamın Bəsrə camaatı ilə müharibəyə (Cəməl müharibəsinə) gedərkən buyurduğu xütbələrindəndir.
Abdullah ibn Abbas deyir: «Zi-Qar»da (Bəsrənin yaxınlığında bir yerdir) Əmirəl-möminin əleyhis-salam ayaqqabısının cırığını tikərkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Ərz etdim ki, dəyəri yoxdur. Buyurdu: «Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm». Sonra Həzrət bayıra çıxaraq camaata bu xütbəni oxudu:
Eyb və nöqsan sifətlərdən uzaq olan Allah Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) aralarında bir nəfər kitab oxuyanın və peyğəmbərlik iddiası edənin olmadığı ərəblərin içinə göndərdi. (Onların arasında nə peyğəmbər, nə də kitab var idi.) Sonra o Həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz və əməlləri qadağan etdi) və (onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə və həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab və narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər. (İtaəti qəbul etməyib döyüşənlərlə müharibə etdim.) Mən (o vaxt) aciz qalmadım, qorxunu özümə yaxın buraxmadım. Mənim Bəsrə camaatı ilə müharibəyə getməyim Peyğəmbərlə xalqı doğru yola yönəltmək və nicat vermək üçün getdiyimiz vaxtlarda olduğu kimidir. (İndi də aciz deyiləm və qorxu mənə yaxın düşməz.) Haqqı onun içindən çıxarmaq üçün batili yaracam. (Mən haqqın üzə çıxması üçün öz əməlimin işığı ilə haqqı örtmüş batil zülmətini dağıdacağam.)
Mənim Qüreyşlə nə işim var? (Onların mənimlə düşmənçiliyinin səbəbi nədir?) Allaha and olsun, (onlarla müharibə etməkdən məqsədim budur ki,) kafir (müşrik və bütpərəst) olduqları vaxt onlarla döyüşdüm və haqqın yolundan dönərək fitnə-fəsad yolunu tutduqları indiki vaxtda da onlarla döyüşürəm. (Deməli, bu iki dövranda onlarla döyüşməyim küfr və azğınlığa görədir, yoxsa Qüreyşlə düşmənçiliyim yoxdur.) Mən dünən (Peyğəmbərin sağlığında müharibələrdə) onlara yol yoldaşı olduğum kimi (müqavimət göstərirdim) bu gün də onlarlayam.
34-cü xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrindəndir:
Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz (həyəcanlanırsınız). Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz (doğru yolu səhv yoldan, yaxşını pisdən, izzəti zillətdən seçə bilmirsiniz) və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım (sizə etimad etmədim və indi də inanmıram). Nə (düşməni dəf etmək üçün) meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz. Allaha and olsun, siz müharibə atəşini alovlandırmaq üçün pis camaatsınız. (Çünki) Sizə qarşı hiylə və məkr işlədirlər, siz isə hiylə işlətmirsiniz. Sizin şəhərləri tuturlar, siz isə qəzəblənmirsiniz (müdafiə olunmağı düşünmürsünüz). Düşmən yuxulamır, sizi isə qəflət yuxusu aparıb və unutqansınız. Allaha and olsun, (düşmənin irəliləməsinin qarşısını almaq üçün) bir-biri ilə yoldaşlıq etməyənlər məğlubdurlar. Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və ölüm, qətl atəşi alovlansa, sizlər baş bədəndən ayrılan kimi Əbu Talibin oğlundan (onun yanından) ayrılarsınız. (Belə xof və qorxaqlığınızla ikinci dəfə mənim ətrafıma yığışmağınız mümkün deyil.) Allaha and olsun ki, ətini sümükdə heç nə qalmayana qədər gəmirən, sümüyünü sındıran və dərisini soyacaq həddə düşməni özünə hakim kəsən (yəni, onun varlığını, canını, malını, arvad-uşağını ələ keçirən düşmənin qarşısını almayan) kimsənin acizliyi və qeyrətsizliyi hədsiz, ürəyi və ya onun sinə tərəfdən ürəyini əhatə edənləri zəifdir. Ey eşidən, sən də acizlikdə və qeyrətsizlikdə bu kişi kimi olmaq istəyirsənsə, ol. Amma mən, and olsun Allaha, düşmənə bu fürsət və imkanı verməzdən əvvəl Məşrəfi qılınclarla (Məşarif bu qılıncların hazırlandığı kəndin adıdır) onu elə vuracağam ki, başının sümüyünün xıncımları göyə sovrulsun və qolları, qıçları kəsilsin. Mənim səylərimdən sonra fəth və qələbənin ixtiyarı Allahın əlindədir.
Ey camaat! Mənim sizin üstünüzdə, sizin də mənim üstümdə haqqınız var: Sizin mənim üstümdə olan haqqınız sizə nəsihət vermək (bəyənilmiş əxlaqa təşviq etmək və nalayiq söz və əməllərdən çəkindirmək), qənimət və hüquqları bütünlüklə (israf edilməyə qoymadan, müsəlmanların beytülmalından) sizə çatdırmaq, nadan qalmamanız üçün (kitab və sünnədən bilmədiklərinizi) sizlərə öyrətmək, öyrənənə qədər də (şəriət qaydalarını öyrənib ona uyğun rəftar etməniz üçün) tərbiyə etməkdir. Mənim sizin üzərinizdə olan haqqım isə bey’əti saxlamanız, gizlində və aşkarda ixlas və dostluğunuz, sizi çağırdığım an cavab verməniz və sizə əmr etdiklərimə itaət etmənizdir.
35-ci xütbə
İki hakimin rəy verməsindən sonra İmam Əli əleyhis-salamın buyurduğu xütbələrindəndir:
Ruzigar böyük bəlalar və ağır hadisələr yaratsa belə, sitayiş Allaha məxsusdur. Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa Allah və ondan başqa mə’bud yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir. Ona və ailəsinə Allahın salamı olsun! (Hər şeyi) Bilən və təcrübəli olan mehriban nəsihətvericiyə itaətsizliyin nəticəsi həsrət və kədərdir. Bunun arxasınca isə təəssüf və peşmançılıq durur. Mən bu hakimlik barədə (onun zərərini bildiyim üçün) öz fikrimi və nəzərdə tutduğumu qısaca sizə bəyan etdim. (Siz sözümə əməl etmədiniz. Peşmançılığa düçar oldunuz ki, bunun da heç bir faydası yoxdur.) «لَوْ كَانَ يُطاعُ لِقَصيرٍ أَمْرٌ» Ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı. Nəsihət verən (sizin itaətsizlik və müxaliflikdə şüarınız nəticəsində) nəsihət verməkdə tərəddüd edənə, alov verən alov verməkdən imtina edənə qədər zülmkar müxaliflər, itaətdən çıxan əhd pozanlar kimi mənə tabe olmayıb imtina etdiniz. Mənimlə sizin hekayətimiz Həvazənin qardaşının (Durəyd ibn Simə) dediyi kimidir.
فَلَمْ تَسْتَبِينُوا النُّصْحَ إِلّاضُحَى الْغَدِ أَمَرْتُكُمْ أَمْرِى بِمُنْعَرِجِ اللِّوى
Yəni: Mun’əricul-livada öz fikrimi sizə dedim. Mənim nəsihətimin faydasını sabahkı gün səhər günəş çıxana qədər bilmədiniz.
36-cı xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu xütbələrindəndir.
Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız və düşmən kəsilməniz üçün) səbəb və höccət olmadan, (bu işdə) aydın dəlilsiz bu çayla dərə-təpəli yerlər arasında öldürülmüş halda səhərə çıxmağınızla çəkindirirəm. Dünya sizi həlak edir və ilahi qəzavü-qədər sizi tora salır (öz İmamınızın əleyhinə çıxmağınızın öldürülməkdən başqa cəzası yoxdur). Mən sizi (indi peşman olduğunuz) iki hakimin hökm verməsindən çəkindirdim. Siz isə əhdini pozan müxaliflər kimi imtina edərək əleyhimə çıxdınız. (Siffeyn müharibəsində Müaviyənin qoşunu Qur’anları nizələrinə sancdıqları vaxt dediniz: «Onlar bizi Allahın Kitabına tərəf dəvət edirlər və dəvətlərini qəbul etməyimiz lazımdır». Mən onların, məğlub olduqlarına görə bu hiyləni işlətdiklərini bildiyimdən sözlərinə inanmadım. Siz mənə qarşı çıxıb dediniz ki, əgər dəvətlərini qəbul etməsən səni onlara təslim edəcəyik. Mən razı deyildim, amma çarəsiz idim.) Beləliklə, sizin istək və xahişinizə uyğun hərəkət etdim (döyüşdən əl çəkib Malik Əştəri geri çağırdım. Dünən iki hakimin hökm çıxarmasını vacib bilən, bu gün isə onu küfr sanan) sizlər quşbeyin, səfeh və səbrsiz bir dəstəsiniz (çünki söz və əməllərinizdə möhkəm deyilsiniz, ağılla söz danışıb iş görmürsünüz). Mən sizlərə şər gətirmədim, sizin ziyan görmənizi istəmədim, ey atasızlar.
37-ci xütbə
İmam Əli əleyhis-salamın xütbə əvəzi olan kəlamlarındandır: Müsəlmanlar zəif və gücsüz olduqları vaxt İslam dininə kömək üçün ayağa qalxdım. Onlar (acizlik və gücsüzlükdən) boyunlarını bükdükləri zaman özümü aşkar etdim. Əldən düşdükləri vaxt (din məsələlərini) danışdım. Onlar heyran və sərgərdan olduqları vaxt ilahi nurla (cəhalət zülmətindən) keçdim. (Hər məchul mənə məlum idi.) (Bu sifətlərə malik olduğum halda, özünü göstərməkdə) Hamıdan sakit, önə keçməkdə (kamal baxımından) onlardan üstün idim. Fəzilətlərin cilovunu tutaraq pərvazlandım (çətinlikləri həll etmək üçün dərhal hazır olurdum) və bərk, dağıdıcı küləklərin yerindən tərpədib qopara bilmədiyi dağlar kimi fəzilətləri udurdum (kamal və fəzilətdə heç kəsin məqamı mənə çatmadı hər bir işdə dönməz idim). Heç kəs (nə hüzurumda, nə də yoxluğumda) məndən eyb və nöqsan tuta bilməyib. Zəlilin və sitəm çəkənin haqqını (zalımdən) alana qədər o, mənim üçün əziz və dəyərlidir. Güclü və zülmkar (məzlumun) haqqı ondan alınana qədər mənim üçün gücsüzdür. Biz ilahi qəzavü-qədərə şadıq və onun fərmanına təslimik. (İlahi vəhy və peyğəmbərin aşkar və aydın təsdiqi ilə onun canişini və xəlifəsi olduğum halda) Məni Allahın Rəsulu barəsində yalan danışan görmüsənmi?! And olsun Allaha, mən onu təsdiq edən ilk şəxsəm. Belə isə (vəfatından sonra) onu təkzib edən ilk şəxs deyiləm. (Çünki gizlində və aşkarda mənim doğruluğumu, dürüstlüyümü və paklığımı öymuş və öz qardaşı adlandırmışdır. Deməli, yalan danışsam onu təkzib etmiş olaram. Xəlifələrlə sərt rəftar etməməyimin səbəbi budur ki,) öz xəlifəlik məsələm barəsində düşünüb gördüm ki, Həzrət Peyğəmbərin fərmanına itaət edib tabe olmaq mənə vacibdir (iş çəkişməyə gedib çıxarsa, boyun əyməyimi buyurmuşdur). Buna görə də bey’ət edib o Həzrətlə öz əhd-peymanıma uyğun rəftar etdim.
38-ci xütbə
İmam Əli əleyhis-salamın (şübhənin «şübhə» adlandırılması haqqında və heç kəs üçün ölümdən xilas yolu olmaması barədə) xütbələrindəndir.
Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. (Hər adam haqla batili bir-birindən ayıra bilməz Allaha və Peyğəmbərə) iman və etiqad Allah dostlarının şübhəli görünən işlərdə işığıdır. Yolları hidayət və nicat yoludur. (Bu yolla öz ardıcıllarını şübhələrin qaranlığından xilas edərək haqqı onlara aşkar edərlər.) Ancaq Allahın düşmənlərini o şübhələrə dəvət edən azğınlıq, bələdçiləri isə korluq və sərgərdanlıqdır. (Bu səbəbdən də öz yolçularını dünyada bədbəxt, axirətdə isə ilahi əzaba düçar edərlər.) Deməli, (Allah dostlarının ardıcılları ölümdən və öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də həmişə diri qalmayacaqdır.
39-cu xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir:
Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? (İşlərinizdə süstlüyünüzün və Allah yolunda cihada getməməyinizin səbəbi nədir?) Sizi (dünya və axirət səadətini qazanmaq yolunda bir-birinizə kömək etməyiniz üçün) bir yerə toplayacaq din, (düşməni dəf etmək üçün) sizi tərpədəcək (din və onun əhlini qorumaq üçün) bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, (itaətsizlik etdiyinizin və mənə qarşı çıxdığınızın nəticəsində) pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz (düşmən sizin can, mal və imanınıza hakim kəsilir), sizlərlə intiqam almaq olmaz, (sizlərlə düşmənə müqavimət göstərmək mümkün deyil), sizlərlə (din və dünya işlərində) məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım (ah-vay etdiniz), göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. (Döyüş meydanına və qardaşınıza köməyə getmək üçün) arxası yaralı xəstə dəvə kimi (yol getməkdə) süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür. (Seyyid Rəzi buyurur:)
Deyirəm: Həzrət مُتَذآئِب sözünü narahat və həyəcanlı mənasında işlətmişdir. Bu ərəblərin işlətdiyi تَذَآءَبَتِ الرِّيحُ (həyəcanlı küləklər əsdi) sözündən götürülmüşdür. Buna görə də narahat rəftarı ilə seçilən canavara da ərəbcə ذِئْب deyilir.
40-cı xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.
Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur. Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab və narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru və soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.
(Seyyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm.
Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)
41-ci xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Bu xütbədə vəfalılıq təqdir, hiylə isə məzəmmət olunur.)
Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün) əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. (Qiyamətdə) qayıdışın nə cür olmasından agah kimsə (ondan hansı şəkildə sorğu-sual ediləcəyini bilən heç vaxt) məkr işlətməz. Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin (ki, camaat şərlərindən azad olsun və ya Allah onları öz rəhmətindən uzaq salsın)! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində (Müaviyə və Əmr ibn As kimi) heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.
42-ci xütbə
İmam Əli əleyhis-salamın (nəfsi istəklərə itaətin və hədsiz arzuların dalınca düşməyin məzəmmət olunduğu) xütbələrindəndir.
Ey camaat! Sizin iki ən dəhşətli şeyə-birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı, sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür. (Seyyid Rəzi buyurur.)
Deyirəm: حَذّاء sözü sürət və tələskənlik mənasını verir. Bəziləri جذّاء - cim və zal hərfləri ilə nəql edərlər yəni, bu dünyaya ürək bağlamağın xeyir və faydası yoxdur.
43-cü xütbə
İmam Əli əleyhis-salamın (bey’ət almaq üçün) Cərir ibn Abdullah Bəcəllini Şama, Müaviyənin yanına göndərdikdən sonra buyurduğu kəlamlarındandır.
O böyük şəxsiyyətin səhabələri (Müaviyənin Həzrətin əmrinə itaət etməyəcəyini bildiklərindən, Cərir Şamdan qayıtmamış və cavab gətirməmiş) dedilər ki, Şam camaatı ilə müharibəyə hazırlaşmaq məsləhətdir. (Həzrət buyurdu:)
Cəririn onların yanında olduğu (hələ mənim cavabımı gətirmədiyi) halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır və niyyət etmiş olsalar, onların yaxşılıqdan (bey’ətdən) üz döndərmələrinə səbəb olar. Amma mən Cərir üçün bir vaxt qoymuşam ki, (Müaviyəyə) aldanmasa (onu cavabı almaq üçün məəttəl saxlamasa) və ya itaətsizlik göstərməsə (ondan cavab almağa səhlənkar yanaşmasa) bundan artıq orada qala bilməz. Mənim rəyim (onlarla) mülayim rəftar etməkdir, siz də mülayim rəftar edin. (Hərçənd ki) döyüşə hazır olmanızdan da acığım gəlmir. وَلَقَدْ ضَرَبْتُ أَنْفَ هَذَا الْأَمْرِ وَ عَيْنَهُ Yəni, mən bu işin burnunu və gözünü vurmuşam, gizlinini və aşkarını alt-üst etmişəm. Mən özüm üçün başqa çarə görmürəm. Ya (Müaviyəyə və tərəfdarlarına qarşı) döyüşməli və ya küfrü və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) gətirdiklərini inkar etməliyəm. (Daha sonra Müaviyənin o Həzrətin adı ilə bağladığı Osmanın qətlinin səbəbi haqda buyurur:) Osman ümmətə rəhbərlik edirdi və bir neçə bid’ət (nalayiq və imana zidd işlər) yaratdı, (bu çirkin işlər də) xalq arasında söz-söhbətə (məzəmmətə və etiraza) səbəb oldu. Onlar da, (onun barəsində deyilməli olanı) dedilər və ona rəğbətlərini itirib dəyişdirdilər. (Onu öldürdülər, buna görə də onun qətlini Müaviyənin mənim adıma çıxması həqiqətə ziddir.)
44-cü xütbə
İmam Əli əleyhis-salamın Məsqələ ibn Hübeyrə Şeybaninin Müaviyənin yanına qaçdığı vaxt buyurduğu kəlamlarındandır. O, Bəni-Naciyə əsirlərini Əmirəl-mömininin nümayəndəsindən satın alaraq azad etmiş, Həzrət onların pulunu istədikdə isə xəyanət edərək Şama qaçmışdı.
Allah Məsqələnin üzünü qara eləsin. Böyüklərə layiq iş görüb (əsirləri satın alıb, azad etdi), qullara layiq qaçışla qaçdı. Onu öyəcək adama fürsət verməmiş susdurdu. Vəsf edən onun işini təsdiqləməmiş, onu qınamağa və pisləməyə məcbur oldu. Əgər getməyib qalsaydı, gücü çatan qədərini ondan alacaq, (qalan hissəsini almaq üçün) var-dövlətinin artmasını gözləyəcəkdik.
45-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanı və onun fəsadlarını qınadığı) xütbələrindəndir.
Həmd olsun Allaha ki, heç kəs rəhmətindən məyus olmaz, nemətləri hamıya şamil edilər, heç kimsə onun bağışlamasından ümidsiz olmaz, ona ibadət kimsəyə başıaşağılıq gətirməz. Elə bir mə’buddur ki, rəhmətini əsirgəməz və neməti bitib-tükənməz. Dünya bir saraydır ki, onun üçün fənalıq və yoxluq, əhli üçün isə köçünü çəkmək labüddür. O (öz əhlinin nəzərində), xoş və yamyaşıldır və (aldatmağının, qəflətə salmağının səbəbi budur ki,) tələsik onu istəyənlərin, tələb edənlərin sorağına gəlir, öz məhəbbət və istəyini ona nəzər salanın ürəyinə salır. Belə isə ondan köçün (ona ürək bağlamayıb, axirət səfərinə hazırlaşın və rahatlığı orada axtarın) və ən yaxşı malınızdan (Xaliqə ibadət və xalqa xidmətdən) azuqə yığın, orada ehtiyacınızdan artıq istəməyin. Sizə çatandan artığını tələb etməyin.
46-cı xütbə
İmam Əli əleyhis-salamın Şam şəhərinə hərəkət etmək qərarına gəldiyi vaxt buyurduğu kəlamlarındandır:
Ey Allah! Səfərin məşəqqətindən, (yaxınların ölümü və ya malın tələf olmasından yaranan) dönüşün kədərindən, (camaatın) əhli-əyala, mala və övlada pis baxışından Sənə pənah gətirirəm. Allahım, Sən səfərdə yoldaşım, ailəmdə isə canişinimsən. Səndən başqa səfərdə yoldaşım, vətənimdə isə canişinim ola biləcək kimsə yoxdur. Çünki (vətəndə) hər kim canişin olsa, (səfərdə) yoldaş olmaz, yoldaş olan isə canişin deyil (Seyyid Rəzi buyurur:)
Bu sözlərin əvvəli Allahın peyğəmbərindən (səlləllahu əleyhi və alih) nəql olunur və Həzrət əleyhis-salam ondan sonra وَلا يَجْمَعُهُمَا غَيْرُكَ sözündən buyuruğunun sonuna qədər ən bəlağətli kəlmələr işlətmiş və onu ən gözəl şəkildə tamamlamışdır.
47-ci xütbə
İmam Əli əleyhis-salamın Kufə barədə (onun viran olması, o böyük şəxsiyyətdən sonra zülmkarların şəhər əhalisinə edəcəyi zülm və sitəm haqda xəbər verdiyi) kəlamlarındandır.
Ey Kufə! Səni sanki Okkaz gönü kimi (müxtəlif qoşunların gediş-gəlişi və hərcmərclikdən) dartılmış görürəm. Baş verən hadisələrdən (zülmkarların zülm və sitəmindən, dabbaqlar gönü ayaqlayan kimi) tapdalanacaq, (cürbəcür müsibət və bəlalarla) çalxalanacaqsan. Mən bilirəm ki, yalnız Allah-təalanın bəlaya düçar etdiklərindən və ya onların üzərində bir qatili hakim etdiklərindən başqa heç bir zülmkar sənə zülm və sitəm etmək qəsdində olmaz.
48-ci xütbə
İmam Əli əleyhis-salamın Şama gedərkən (Nuxeylədə) buyurduğu xütbələrdəndir. (Siffeyn müharibəsi iyirmi beş şəvval otuz yeddi h. q. ilində baş vermişdir.)
Gecənin düşdüyü və dünyanın zülmətə, qaranlığa qərq olduğu hər dəfə Allah həmd olunmağa layiqdir. Ulduzların görünüb və gizləndiyi hər vaxt Haqq-təalaya sitayiş etmək rəvadır (həmişə, günün hər bir vaxtında Allah-təalaya həmd və şükür etmək hər bir kəsə vacib və lazımdır). Saysız-hesabsız şükrlər bütün kamal sifətləri özündə cəmləşdirən, nemət və bəxşişləri bitib-tükənməyən (hamıya şamil olan), fəzl və kəramətinin bərabəri olmayan bir mə’buda məxsusdur. Sonra öz qoşunumun önündə gedənləri (Ziyad ibn Nəsr və Şüreyh ibn Hanini on iki min süvari ilə) göndərdim və mənim (hərəkət barədə) fərmanım onlara çatana qədər Fəratın sahilində ləngimələrini əmr etdim. Məsləhət bildim ki, bu sudan (Fəratdan) keçərək Dəclənin ətrafında yaşayan (Mədain əhalisi) sizlərdən (müsəlmanlardan) bir dəstənin yanına gedim və onları təchiz edərək sizinlə birgə düşmənlərinizə qarşı döyüşə gətirim, onları sizə köməkçi edim. (Seyyid Rəzi buyurur:)
Deyirəm: Həzrət مِلْطَاط dedikdə Fəratın sahilində yerləşən və öz qoşununun öndə olanlarına ora enməyi əmr etdiyi yeri nəzərdə tutur. Bundan başqa, dəniz sahilinə də مِلْطَاط deyirlər. Bu sözün əsl mənası isə «hamar yer» deməkdir. Həzrətin نُطفَة dedikdə məqsədi (az və ya çox miqdarda saf su mənasını daşıyır) Fəratın suyudur. Bu təbirlər qeyri-adi və heyrətamiz ifadələrdəndir.
49-cu xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın sifətləri vəsf olunduğu) xütbələrindəndir.
Həmd olsun Allaha ki, gizlin işləri bilir, (gizli şeylər onun üçün aşkardır. Deməli, aşkar olan hər şeyi, şübhəsiz, bilir) görünən və aşkar nişanələr (bütün varlıq) onun mövcudluğuna, varlığına dəlalət edir gözlə görünməsi mümkün deyil (çünki bir yerdə deyil ki, gözlə görünsün). Deməli, Onu görməyənin gözü (varlığının nişanələrini gördüyünə görə onun mövcudluğunu) inkar etməz, varlığını (nişanə və əlamətlərinə görə) başa düşənin qəlbi isə zatının həqiqətini dərk etməz. Yüksəklikdə (hər şeydən) üstündür, heç nə ondan uca deyil, yaxınlıqda (hamıya) yaxındır və heç nə ondan daha yaxın deyil. Deməli, (hər şeyi əhatə etdiyinə görə) yüksəkliyi onu yaratdıqlarından uzaqlaşdırmamış, yaxınlığı isə xalqı bir məkanda onunla bərabərləşdirmişdir. Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir. Deməli, O elə bir Allahdır ki, mövcud əlamət və nişanələr Onu inkar edənin qəlbinin Onu təsdiqləməsinə şəhadət verir. Allah Onu məxluqata bənzədənlərin və Onu inkar edənlərin sözlərindən pak və nöqsansızdır.
50-ci xütbə
İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir.
(Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qur’ani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə bağlanmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir. Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər).
51-ci xütbə
Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır.
Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq və sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik və rəzilliyi boynunuza alaraq şücaət və şərəfinizi əldən verməli (acizlik və gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın və nadanı döyüşə gətirib və (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət və rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına və azğınlıqlarına görə ölümə hazırdırlar.)
52-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı və ona əhəmiyyət verməmək, camaatın axirətə təşviqi, savab, əməlin cəzası və Haqq-təalanın nemətlərinin böyüklüyü haqda) xütbələrindəndir.
(Bu xütbə daha öncə bir rəvayətin əsasında nəql olunmuşdur. Burada iki rəvayət arasında olan fərqə görə, başqa bir rəvayətə əsasən nəql edirəm.)
Agah olun, dünya faniliyə və məhvə doğru getməkdədir və (onda müşahidə olunan dəyişikliklərə görə) sonun yetişdiyini elan etmişdir. Onun (gənclik və sağlamlıq kimi) xoşluğu daimi qalmır və sürətlə (öz əhlindən) üz döndərir. Öz sakinlərini fənalığa və yoxluğa sürükləyir, qonşularını (qəbristanlığa tapşırmaq üçün) ölümə doğru qovur: (Cavanın qocalması və sağlamlığın xəstəliklə əvəz edilməsi kimi vasitələrlə) şirinliyi acıya çevrildi, saflığı qaraldı. (Onda hər an və sürətli dəyişikliklər baş verirsə, ondan faydalanmaq müvəqqətidirsə, dünyaya ürək bağlamaq lazım deyil.) Bu dünyadan (hər kəsin ömrü baxımından) kiçik müşkün dibində qalan az çöküntü tək çöküntüdən (bir neçə gün) və ya Məqlə qurtumu qədər bir qurtumdan (az bir vaxtdan) başqa bir şey qalmayıb. (Ömürlərindən az bir müddət qalan, dünyaya) təşnə həmin çöküntünü və ya Məqlə qurtumunu sorsa, (dünyaya ürək bağlayıb, axirətə göz yumsa) susuzluğu yatmaz (nəzərdə tutduğu faydanı götürə bilməz). Ey Allah bəndələri, (dünya sizinlə belə rəftar etdiyi halda) sakinlərinə zaval və yoxluq labüd olan bu saraydan köçməyə hazırlaşın. Arzu sizləri üstələməsin, orada yaşadığınız müddət nəzərinizdə uzun görünməsin (yersiz arzulara arxalanmayın və sizi qəflətən haqlayan ölümdən qafil olmayın). Allaha and olsun, əgər balası ölmüş dəvə kimi nalə çəksəniz, göyərçin kimi ötsəniz, dünyanı tərk edən rahib tək fəryad çəkərək zarısanız və Onun yanında məqam və mövqe baxımından yaxınlaşmaq üçün, yaxud yazılmış və Onun mələklərinin qeydə aldığı günahın bağışlanması üçün Allah yolunda malınızdan, övladlarınızdan keçsəniz, mənim, böyük Allah tərəfindən sizə veriləcəyinə ümidvar olduğum savabın müqabilində həqiqətən azdır. (Eyni zamanda) bunlar mənim sizlər üçün qorxduğum Onun əzabının müqabilində də azdır. Allaha and olsun! Əgər Haqq-təalaya şövqdən və ya onun qorxusundan ürəkləriniz közərsə, yaxud gözlərinizdən qan axsa və dünya durduqca bu minvalla yaşasanız belə, sizin əməlləriniz və cidd-cəhdli səyləriniz Allahın sizə əta etdiyi böyük nemətlərə, sizləri imana yönəltməsinə bərabər olmaz.
Bu xütbənin bir hissəsi
Qurban bayramı və qurbanlıq heyvanın
xüsusiyyəti barədədir
Qurbanlıq heyvanın şərtlərindən biri budur ki, qulağı bütöv (kəsilmiş və deşilmiş olmasın), gözü sağlam olsun. Qulağında və gözündə eybi olmasa, qurban doğru və səhihdir. Buynuzu sınmış olsa (qurbanlığa yaramır, ayağı sınmış qoyun kimidir ki,) qurban kəsilən yerə gedəndə axsayar. (Ayağı və buynuzu sınmış qoyunu qurban kəsmək düzgün deyil. Seyyid Rəzi buyurur:) Mənsək (ibadət yeri mənasını versə də,) burada qurban kəsilən yer mənasında işlənmişdir.
53-cü xütbə
İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) bey’əti barədə olan kəlamlarındandır.
(Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (bey’ət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların bey’ətlərini qəbul etdim, bundan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı. (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.
54-cü xütbə
İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır:
Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.
Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.
Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).
55-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Özünün və Həzrət Peyğəmbərin digər səhabələrinin müqəddəs İslam dininə kömək üçün aparılan müharbələrdəki fədakarlığını və dönməzliyini bəyan edərək öz səhabələrini Allah yolunda cihada və düşmənlərlə müharibəyə həvəsləndirir və onların bu işdə süstlüyünü pisləyir.)
Biz Allahın peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbər dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-birini öldürmək qəsdində olurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslam yolunda hər şeydən keçməyi göstərdik) dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (din nizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. (İslam düşmənin iztirab və narahatlığından xilas oldu, onun həqiqətləri dünyanın hər yanına yayıldı.) Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizlər tək süstlük və səhlənkarlıq etsəydik) dinin bünövrəsi qoyulmazdı (Allaha iman olmazdı) və iman ağacının budağı göyərməzdi (İslamın qanunları yayılmazdı). And olsun Allaha! Bu (bəyənilməyən) rəftarınıza görə (döyüşdə səhlənkarlığınıza görə, dünyanın dəvəsindən süd əvəzinə) qan sağacaqsınız və ondan sonra (düşmən sizə hakim kəsildikdə) peşman olacaqsınız.
56-cı xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinə buyurduğu kəlamlardandır. (O böyük şəxsiyyətdən sonra Kufə əhlinin başına gələcək bəlalardan onları xəbərbar edir və o zaman necə rəftar etmələri barədə göstəriş verir.)
Agah olun ki, məndən az sonra iri hulqumlu və yekə qarınlı bir kişi (Müaviyə ibn Əbu-Süfyan) sizə qalib gələcək, tapdığı hər bir şeyi yeyəcək, tapmadığını istəyəcək. Belə isə (gücünüz və imkanınız olsa) onu öldürün, hərçənd ki, onu heç vaxt öldürməyəcəksiniz (onu öldürmək gücündə deyilsiniz). Agah olun, həmin kişi tezliklə sizləri məni söyməyə məcbur etsə, söyün məni. Çünki mənə söyməyiniz məqamımın yüksəlməsinə, sizin isə nicatınıza və (onun şərrindən) xilasınıza səbəb olacaq. Üz döndərməyə gəldikdə isə, məndən sonra məndən üz döndərməyin (batində məni sevin). Çünki mən fitrətən müsəlman doğulmuşam. İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.
57-ci xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinə buyurduğu kəlamlarındandır:
Üzünüzə çınqılları tərpədən küləklər əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını buduyan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın. (Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, doğrayan qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər. (Seyyid Rəzi buyurur:)
Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ ra hərfi ilə ərəb sözü olub xurma ağacını budayana رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ üç nöqtəli sə hərfi ilə-hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ nöqtəli za hərfi ilə-sıçrayan mənasındadır. آبِزٌ həm də هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.
58-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə müharibə etmək qərarına gəldiyi və onların Nəhrəvan körpüsündən keçməsi o Həzrətə deyildiyi vaxt buyurmuşdur:
Onların qətlgahları (öldürüldükləri yer) suyun (Nəhrəvanın) bu tərəfidir. Allaha and olsun, onlardan on nəfəri belə (ölməkdən) xilas olmayacaq, sizlərdən onca nəfər də həlak olmayacaqdır. (Seyyid Rəzi buyurur:)
Həzrətin نُطْفَة (saf su) sözündən məqsədi çay suyudur. Su çox həcmdə olsa belə, bu, su üçün ən fəsahətili ifadədir. Bundan öncə bu məna (Xəvariclə müharibə barədə olan qırx səkkizinci xütbənin sonlarında) qeyd olunmuşdur.
59-cu xütbə
Nəhrəvan xəvarici öldürüldükdə İmam Əliyə dedilər: Ya Əmirəl-möminin, onların hamısı öldürüldülər. Buyurdu:
And olsun Allaha, belə deyil. Onlar kişilərin bellərində, qadınların bətnlərində olan rüşeymlərdir. Hər zaman onlardan bir budaq (bir baş) qalxacaq və sındırılacaqdır (tezliklə qətlə yetiriləcəkdir) beləliklə, onların sonuncuları da (əcdadları tək) oğrular (və), quldurlar olacaqlar.
60-cı xütbə
İmam əleyhis-salam Xəvaric barəsində buyurub:
Məndən sonra Xəvarici öldürməyin çünki haqqı əldə etmək istəyib xəta edən (yolunu azan), batili diləyib onu əldə edənə bənzəməz (Seyyid Rəzi buyurur:)
مَنْ طَلَبَ الْباطِلَ فَأَدْرَكَهُyəni-batili istəyib onu əldə edənlər ifadəsinində Həzrətin nəzərdə tutduğu Müaviyə və tərəfdarlarıdır.
61-ci xütbə
İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli əleyhis-salamın buyurduğu kəlamlardandır (Səhabələri İbn Mülcəmin onu öldürmək niyyətində olduğunu xəbər verdikdə buyurdu:) Allah mənim üçün möhkəm qalxan yaratmışdır. (Mənim üçün ölüm təyin etdiyi vaxta qədər məni qoruyar.) Belə isə mənim günüm başa çatdıqda, o qalxan (qoruyucu) məndən ayrıldıqda və məni (ölümə) təslim etdikdə o zaman nə ox (ölüm) boşa çıxar, nə də yara (qəzavü-qədərin nizəsindən) şəfa tapar.
62-ci xütbə
İmam Əli əleyhis-salamın (fani dünyaya bel bağlamamağın və qiyamət hesabından qorxmağın bəyan edildiyi) xütbələrindəndir.
Agah olun, dünya elə bir saraydır ki, ondan xilas olmaq ancaq ordaykən (təqva və pərhizkarlıqla) olar. Heç kəs dünya üçün gördüyü işə (söz və əmələ) görə nicat tapmaz. (Axirətdə sözləri və əməlləri Allaha xatir olanlar nicat tapacaqlar.) İnsanlar imtahan və sınağa görə bu dünyaya mübtəla olublar. Deməli, dünyadan dünya üçün topladıqları hər şey (mal) ovuclarından çıxar (ölən vaxt yerdə qoyarlar) və (axirətdə) bunların hesabını onlardan sorarlar. Dünyadan qeyri (o biri) dünya üçün (axirət) tədarükü gördükləri onlara qalar və həmişə onlarla olar. Belə isə (dünyanın işi ziyanlı olduğuna görə, ona ürək bağlama. Çünki) ağıllı insanlar üçün dünya sanki kölgənin qayıtması kimidir ki, onu yayılmış görən kimi yığışar, çox göründükdə itər (itən kölgə kimi öz əhlinə qalmaz).
63-cü xütbə
İmam Əli əleyhis-salamın (xalqı Allaha pərəstişə və dünyada xeyir əməllər etməyə, axirət səfərinə hazır olmağa çağırdığı) xütbələrindəndir.
(Allaha şükr və sitayişdən, Həzrət Peyğəmbərə salamdan sonra:) Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin (günah etməyin və əzabdan qorxun) və öz əməlləriniz sayəsində ölümlərinizi qabaqlayın (ölümdən sonra rahat olmaq üçün həyatınızda xeyir əməllər görün). Əlinizdən çıxan şeyi deyil, sizlərə qalan şeyi (saleh əməlləri) alın. (Həmişəlik qalacaq axirəti əldə edin və tezliklə puç olacaq dünyanın şəhvətlərinə göz yumun. Axirət səfərinə) hazır olun ki, sizi köçürməyə çalışır və tələsir, sizləri kölgəsinə alan (yaxınlaşan və nişanələri görünən) ölümə hazırlaşın. (Ölümün çəngi boğazlarına keçənə qədər qəflət yuxusunda olanlar kimi deyil.) Onlar üçün zəng çalındıqda agah (oyaq) olanlar və dünyanın onların (yaşayış) yeri olmadığını bilənlər, sonra isə (onu axirətə) döndərənlər kimi olun, çünki Böyük Allah sizləri boş yerə yaratmayıb və boş da buraxmayıb. Sizlərin heç birinizlə Cənnət və ya Cəhənnəm arasında sizi tapacaq ölümdən başqa bir fasilə yoxdur. (Çünki ölümdən sonra əməl, tövbə və qayıdış qapısı bağlanır. Deməli, ölən hər kəs dünyada itaət və ibadət edibsə Cənnətə düşər, itaətsizlik etmişsə Cəhənnəmdə qalar.) Hər anın azaltdığı və (ölüm) saatının aradan götürdüyü (dünyadakı) həyat müddətiniz qısa olmağa layiqdir. (Tezliklə başa çatacaq dünya həyatınızı qısa sanmalı, axirət işlərindən geri qalmamalısınız.)
Gecə və gündüzün (həqiqi mənzilinə) qovduğu (öz əsl vətəni olan axirətdən uzaqlaşmış) qəribin tezliklə (vətəninə) qayıtması yaxşıdır (əsl vətənlərinə qayıtmaq fikrində olmalı və dünyaya səfərindən orada asayiş üçün faydalanmalıdır). Səadət, xoşbəxtlik və ya bədbəxtliklə (vətəninə) gələn ən yaxşı tədarükə möhtacdır. Belə isə, dünyada sabah (qiyamətdə ilahi əzabdan) sizi xilas edəcək şeylərdən azuqə yığın. (Axirət üçün ən yaxşı azuqə budur ki,) bəndə Allahın əzabından çəkinsin, özünə öyüd versin (gözəl rəftar və danışığı öz şüarına çevirsin) və tövbədə, qayıdışda önə keçsin (ölüm gəlmədən öncə günahlardan tövbə etsin), şəhvətinə (nəfsi istəklərinə) hakim kəsilsin. Çünki onun ölümü özünə gizlindir (ömrünü nə vaxt başa vuracağı məlum deyil) və arzuları onu aldadır (axirət işlərindən saxlayır). Şeytan onunla yoldaşdır və günahı, (Allaha və Rəsuluna) itaətsizliyi onun üçün cilvələndirir ki, onlara minsin (bulaşsın). Şeytan onu arxayın salar ki, tövbəni gecikdirsin, ölüm isə onu çox qəflətdə olduğu vaxt qəfildən yaxalasın. Belə isə, ömrü (qiyamətdə) ona sübut və dəlil olan o qafil insan həsrət və qəm çəksin (ki, dünyada onun üçün hər cür şərait olduğu halda nəyə görə xoşbəxtliyə çatmadı) və dünyadakı həyatı onu bədbəxt edər (dünyadakı itaətsizliyinə görə əbədi əzaba düçar olar).
Pak və uca Allahdan istəyirəm ki, bizi və sizləri heç bir nemətin düşmənə və itaətsizə çevirmədiyi (nə qədər nemət tapsa, təvazökarlığı bir o qədər artan) insanlardan etsin, heç bir fayda və məqsəd (özünü göstərmək və riya kimi batil məqsədlər) bizi Allaha ibadət və bəndəlikdən saxlamasın, (elə iş görək ki,) öləndən sonra peşman olub kədərlənməyək.
64-cü xütbə
İmam Əli əleyhis-salamın (Allahın sifətləri barədə) xütbələrindəndir.
Həmd və şükr heç bir sifəti başqa sifətindən önə keçməyən Allaha məxsusdur. Deməli, son olmamışdan qabaq, əvvəldir. Gizli olmazdan əvvəl isə aşkardır. Ondan qeyri hər nə vahid və tək adlandırılsa (çoxun müqabilində) azdır. Ondan qeyri hər əziz zəlil və xardır, (çünki nəticədir. Nəticə isə səbəbin zəlilidir) Ondan başqa hər bir güclü gücsüzdür. Ondan qeyri sahib və mülkiyyətçi (Onun iradə və istəyi müqabilində zəlildir), Onun quludur. (Çünki Allah Təaladan başqa hər nə varsa vücudu mümkün olanlardandır və mümkün isə nəticədən doğmadır, nəticə səbəbdən aslıdır və deməli, həqiqi sahib Odur.) Ondan başqa hər bir bilikli isə öyrənəndir. Ondan qeyri hər bir güclü və qadir (bəzi işlərdə) güclü və (digər işlərdə) acizdir. Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar, yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər. Ondan qeyri bütün görənlər (qaranlıqda rənglər tək) gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur. Ondan başqa, hər bir aşkar olan gizli, gizlin isə aşkar deyil. (O, elə Allahdır ki,) yaratdıqlarını nə hakimiyyət və padşahlığını gücləndirməyə, nə ruzigarın hadisələrindən qorxduğuna görə (bir gün möhtac qalmasın deyə), nə Onunla çəkişən tayına qarşı (onu dəf etmək üçün) kömək almağa, nə də öz şərikinin və Ona qarşı olanın qələbə, öyünmə və iftixarının qarşısını almaq üçün yaratdı. (Yaranmışlar Onun nemətləri ilə) bəslənmiş məxluqat və (Onun hökm və iradəsi qarşısında) zəlil, xar bədənlərdir. O, nələrdəsə hülul etmədi ki, «onlardadır» deyilsin. (Çünki əşyaya hülul etmək cismilik və imkan tələbatlarındandır) və heç nədən uzaqlaşmadı ki, «ondan uzaqdır» deyilsin. (Çünki bütün əşyaları əhatə edir.) Məxluqatı yaratmaq və onların vəziyyətini düzəltmək Onu yorub əldən salmadı, əşyanı yaratmaqda aciz olmadı. Hökm verdiyi və müəyyən etdiyi şeylər barədə şübhəsi yaranmadı. Onun hökmü qəti, elmi möhkəm, işləri dönməzdir. Bəndələr Onun qəzəb və cəzalarına rəğmən Ona ümidvardırlar. (Çünki Ondan başqa pənahları yoxdur) və nemətləri, bəxşişləri olsa da Ondan qorxurlar (ki, nəbadə əzaba düçar olacaqları bir iş görsünlər).
65-ci xütbə
İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır. Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur:
Ey müsəlmanlar, xof və qorxunu özünüzə şüar edin (Allahdan qorxun və düşmənlə döyüşdə süstlük etməyin). (Döyüşdə) vüqar və sakitliyi öz düşüncənizə çevirin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) və dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət və döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə və tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth və qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) və qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin. Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın. Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ və ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu və tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qısadırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın. Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) və Allahın Rəsulu səlləllahu əleyhi və alih və səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin və qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab və Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin. Bu böyük qaragüruha (Müaviyənin qoşununa) və kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir. O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin).
Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub. Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla və yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın və bu yolda çalışın). Siz üstün və yüksəksiniz (siz haq yolundasınız və qələbə, zəfər sizinlədir). Allah sizinlədir və heç vaxt əməllərinizin (mükafatını) naqis və az etməz (sizə dünya və axirətdə nicat verər).
66-cı xütbə
İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.
Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) in vəfatından sonra Səqifə xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı. Həzrət buyurdu: «Ənsarlar nə dedi?» Cavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən də bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi və alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəill və sübut ola bilər?» Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) nə dedilər?» Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını və xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».
67-ci xütbə
Misirə hakimiyyətin boyunduruğunu (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrin boynuna keçirdiyi (oranın xeyir-şərini, əyri və düzgününü ona tapşırdığı) vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü.
Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim. Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As və qoşunu ilə) döyüş meydanını boş qoymazdı. Onlara (şücaət və qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum və rəbibim (arvadımın oğlu) idi.
68-ci xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır.
Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) nə vaxta qədər sizinlə yola gedim, dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə də dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil və xardır (çünki ağıllı və igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə və məğlub etməkdə də sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) və əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm. Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar və mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə və nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz).
69-cu xütbə
İmam əleyhis-salam mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu: (Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.)
Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi və alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) və düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et. Mən də dedim:
Pərvərdigara, onlardan daha yaxşı şəxslər mənə ver və onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası müstəcəb oldu. Həccac onlara hakim oldu və cürbəcür zülm və sitəm edərək onları zəlilliyə və bədbəxtliyə düçar etdi.)
Seyyid Rəzi buyurur: O Həzrətin أَوَدِ kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik və nadürüstlük), لَدَدِ kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)dir və bu, çox fəsahətli kəlamlardandır.
70-ci xütbə
İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır. (Həzrət buyurdu:)
Böyük Allaha şükr və sitayişdən və Həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz. Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim və Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə də) naçar qalıb gəldim. Mənə xəbər çatıb ki, siz (nifaqa və ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz və (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız və pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.
71-ci xütbə
İmam Əli əleyhis-salamın xalqa Peyğəmbərə (səlləllahu əleyhi və alih) salavat və salam göndərməyi təlim etdiyi xütbələrindəndir.
Allahım! Ey yerləri açıb-genişləndirən və göyləri yığıb-saxlayan! Ey bədbəxtliyi seçən ürəkləri, səadət və xoşbəxtliyi seçən qəlbləri yaradan! Özünün ən böyük salavat və salamlarını və ən çox bərəakətini ondan əvvəlki peyğəmbərlərə gələnləri (vəhy və risaləti) xətm edən, bağlı qalan yolları (bəşərin səadət və ucalıq yolunu) açan bəndən və elçin Məhəmməd üçün qərar ver. O, haqqı (din və şəriəti) haqla (əqli və elmi dəlillərlə) aşkarladı, batilin və nadürüstlüklərin (cahiliyyət dövrü fitnələrinin) coşub-daşmasının önünü kəsdi, (yolundan dönən və çıxanların), azğınlıqların hökmranlığını yox etdi. Vəzifəsinin ağırlığı onun öhdəsinə qoyulduqda, var gücü ilə dözdü, Sənin əmrinlə qalxdı (haqq olan dini, elm və maarifi camaata öyrətdi). İrəliyə keçmədən və geridə qalmadan, iradə və qərarında süstləşmədən Sənin razılığını qazanmağa (risalətin təbliğinə) tələsdi. Sənin vəhyini qorudu, əhd-peymanını saxladı və atəşi alovlandırana qədər (Allahı tanımaq elm və biliklərini xalq arasında yayana qədər) Sənin fərmanının icrasında israr etdi, əyri yolda (nadanlıq və fitnə yolunda) olanlara haqq yolu aşkar edib göstərdi. Fitnə və azğınlıqlara qərq olmuş ürəklər o Həzrətin vasitəsilə doğru yola yönəldilər. O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı. O, Sənin doğru əmrinin və Sənin elminin, sirlərinin xəzinəsidir. Qiyamət günündə (yaxşı və pis əməl sahiblərinə) Sənin tərəfindən şahiddir. Haqq yolu üçün peyğəmbər edilib, Sənin xalqa göndərilən rəsulun və elçindir.
Allahım! Öz rəhmət və ehsan kölgəndə onun üçün geniş bir yer aç. Ona (haqq olan elmi və maarifi yaymaq yolunda çəkdiyi əziyyətlərin müqabilində) fəzl və kərəmindən yaxşı mükafat ver. Allahım, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfi olduğu peyğəmbərlərin dinindən) uca (zəfərli) et. Onun məqamını yanında əziz et, nurunu (haqq yolda yandırdığı çırağını bütün dünya əhalisinin ondan bəhrələnməsi üçün) tamamla. Onun risalətinin mükafatı olaraq şahidliyini qəbul edilən, sözlərini bəyənilən et ki, o, düz danışan və haqla batili bir-birindən ayıran idi. Allahım! Bizlərlə onu yaşayışı gözəl, nemətləri əbədi, istəkləri bəyənilən və yerinə yetirilən, çox asayişli, gözəl ərməğan və töhfələrlə istirahət məkanı olan yerdə qovuşdur.
72-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu kəlamlarındandır.
Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə İmam Həsən və İmam Hüseyn əleyhimas-salam vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə bey’ət edir». Həzrət onu azad edərək buyurmuşdur:
Osman öldürüldükdən sonra o mənə bey’ət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun bey’ətinə ehtiyacım yoxdur. Onun bey’ət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik və əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə bey’ət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir. Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır. Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.
73-cü xütbə
İmam Əli əleyhis-salamın camaatın Osmana bey’ət etmək əzmində olduğu vaxt buyurduğu kəlamlarındandır.
Siz bilirsiniz ki, xəlifəliyə mən hamıdan daha layiqli və hamıdan daha üstünəm. (Bununla belə, onu xəlifə seçirsiniz.) Allaha and olsun, müsəlmanların işləri nizam-intizamla davam edənədək (onların arasında fitnə-fəsad qopmayanadək) və başqasının xilafəti zamanında məndən başqasına zülm olunmayanadək xəlifəliyi (başqasına) buraxıram. (Öz haqqımı tələb etmir, ona göz yumuram.) Bu, (Haqq-təalanın məzlumlara əta etdiyi) əcr və savabı əldə etməyə, sizin vurğunu olduğunuz dünya malına, zinətinə (başçılıq və rəhbərliyə) rəğbətim olmadığına görədir.
74-cü xütbə
İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır.
Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı? (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil və sübutlarımdan biri də budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qur’ani-Kərimlə tutuşdurular. Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.
75-ci xütbə
İmam Əli əleyhis-salamın (insanları dünya və axirət səadəti qazandıran bəyənilən sifətlərə rəğbətləndirmək üçün buyurduğu) kəlamlarındandır.
Allah rəhmət eləsin o kişiyə ki, ağıllı sözü eşidir və qəbul edir, doğru yola çağırıldıqda ona tərəf gedir, yol göstərənin (Həzrəti Peyğəmbərin və mə’sum İmamların) belindən yapışaraq (dünya və axirətin çətinliklərindən) xilas olur. Pərvərdigarına (onun əmrlərinə) itaət edir, (Allahın buyurduqlarına uyğun rəftar edir), öz günahından qorxur, xalis əməli (riya və özünü göstərməkdən uzaq olan əməli) öncədən göndərir, gözəl və layiqli rəftar edir, onun üçün (axirətdə) ehtiyat toplananları (ibadət və bəndəliyin savab və mükafatını) qazanır və qadağan edilmişlərdən (çirkin əməl və söz) uzaq durur. Oxu düz hədəfə vurur (həmişə Allahı nəzərində saxlayır), dünya malının yerinə axirət malı toplayır (dünyaya göz yumaraq əbədi səadəti qazanmağa çalışır), öz nəfsi istəklərinə qalib gəlir və arzularını yalan sanır. Dözümü özünün nicat və qurtuluşuna, öz minik vasitəsinə çevirir, (müsibətlərdə səbri öz şüarına çevirir, yük daşıyan dəvə tək dünyanın ağrı-acılarına qatlaşır), təqva və pərhizkarlığı öz ölüm anına azuqə yığır. Aydın bir yola (İslam şəriətinə) qədəm qoyur və parlayan (aşkar və aydın olan) əsas yoldan uzaqlaşmır (yolsuzluğa ayaq basmır). Həyatın bir neçə günlük möhlətini qənimət sayır və fürsəti əldən vermir (Allahın və Peyğəmbərin razılığına səbəb olan iş görür, ömrünü boş yerə başa vurmur) ölümə hazır olur (dünyaya bel bağlayır, onu qəfil yaxalayan ölümə hazır olur) və əməlindən (layiqli əməl, Allaha bəndəlik və xalqa xidmətindən) azuqə toplayır.
76-cı xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Sə’d ibn As Osmanın təyinatı ilə Kufədə hakim olduğu vaxt Mədinəyə Həzrət üçün hədiyyə və məktub göndərərək bildirmişdi ki, mən Osmandan başqa heç kimə belə qiymətli hədiyyə göndərməmişəm. Həzrət onun məktubunu oxuduqdan sonra buyurmuşdu:)
Bəni-Üməyyə Məhəmmədin (səlləllahu əleyhi və alih) mirasından (o Həzrətin bərəkətindən əldə olunmuş qənimətlərdən) mənə anası sağılarkən dəvə balasına verilən süd qədər az verirlər. Allaha and olsun, onlara hakim olsam qəssab cigər tikələrini və ya torpağa bulaşmış qarını atdığı kimi onları uzağa ataram. (Seyyid Rəzi buyurur).
Başqa bir rəvayətdə التُّرابُ الْوَذَمَةَ göstərilir və bu da اَلْوِذامَ التَّرِبَةَ-nin əksinədir. Həzrət əleyhis-salamın buyurduğu لَيُفَوِّقُونَنِى sözünün mənası budur ki, beytülmaldan mənə dəvənin «فُواقِ »kimi az verirlər. «فُواق» dəvə balasına anasının südündən bir dəfə verməyə deyilir. «وِذامُ» sözü «وَذَمَةٍ» kəlməsinin cəm formasıdır, yerə düşüb torpağa bulaşmış qarın, yaxud ciyər parçası mənasındadır.
77-ci xütbə
İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır: Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.
78-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əş’əs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır. O, Həzrətə ərz etmişdi:
Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
Həzrət buyurdu:
Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Qur’anı yalan sanar, İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin. Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər. Münəccim kahin kimi, kahin isə sehrkar kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.
79-cu xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları pisləyərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)
Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər).
80-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı tərkidünyalığa və Allahın nemət və bəxşişlərinə şükr etməyə təşviq etdiyi) kəlamlarındandır.
Ey camaat! Zöhd və dünyaya bel bağlamamaq (nişanələri) arzuları azaltmaq və (Allahın) nemətlərinə şükr etmək, haramlardan uzaqlaşmaqdır. Bu üç şeyə nail olmasanız (hər üçünü yerinə yetirə bilməsəniz, onlardan ikisini tərk etməyin: birincisi), haram sizin dözümünüzə üstün gəlməsin (dözümlü olun və günaha batmayın) və (ikincisi, Allahın) nemətlərinə görə şükr etməyi unutmayın. (Çünki bunu etməsəniz) Allah-təala (qiyamətdə əzab üçün) aydın-aşkar dəlillər (peyğəmbərlər və ağlın dəlilləri) və (hamınızın əlinin altında olan) aydın (səmavi) kitablar vasitəsilə sizlər üçün üzr istəməyə yer qoymamışdır.
81-ci xütbə
İmam Əli əleyhis-salamın dünyanın sifəti barədə kəlamlarındandır.
Əvvəli əziyyət, sonu yoxluq olan bir sarayı necə vəsf edim? Halalının hesab-kitabı, haramının cəzası var (halal yolla qazandığının Qiyamətdə sorğu-sualı edilər, haram yolla qazanansa axirətdə əzaba düçar olar). Onda varlı və ehtiyacsız olan fitnəyə, bəlaya düşər, möhtac və fəqir qəmgin olar. Onu əldə etməyə çalışan istəyinə çatmaz, dünya onun üçün çalışmayana üz tutar. Dünya ona (ibrət gözü ilə) baxanı gözüaçıq və agah edər (ki, doğru yolu taparaq özünü axirətə hazırlasın), zinətinə və bəzəyinə nəzər yetirəni kor edər (ki, yolunu aszın. Seyyid Rəzi buyurur:)
Kim İmam Əli əleyhis-salamın مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ «dünya ona ibrət gözü ilə baxanı gözüaçıq və agah edər» buyruğu üzərində dərindən düşünüb-daşınsa, onda sonuna çatmaq mümkün olmayan heyrətamiz məna və böyük məqsəd tapar. Onun həqiqətini dərk etmək olmaz. Xüsusilə də, bu cümləni وَ مَنْ أَبْصَرَ إِلَيْها أَعْمَتْهُ «dünya, zinətinə və bəzəyinə nəzər yetirəni kor edər» أَبْصَرَ بِهَا cümləsi iləأَبْصَرَ إِلَيْهَا yanaşı qoysa, arasındakı fərqi heyrətlə açıq-aydın görər.
82-ci xütbə
İmam Əli əleyhis-salamın «Qərra» (nurani, görkəmli) xütbəsi adlandırılan, heyrətamiz xütbələrindəndir.
Şükür etmək öz gücü və qüdrəti ilə (hər şeyə) qalib gələn, bəxşiş və ehsanı ilə (hər kəsə) yaxın olan, hər fayda və xeyiri bağışlayan, bütün böyük və ağır bəlaları dəf edən Allaha məxsusdur. Ardı-arası kəsilməyən ehsanlarına və bol nemətlərinə görə Ona şükr edir, Ona iman gətirirəm. (Varlığına və vahidliyinə yəqinliyim var) ki, əvvəl (hər bir şeyin başlanğıcı) və (varlığı hamıya) aşkardır. Ondan məni doğru yola yönəltməsini istəyirəm ki, O, (hamıya) yaxın və yol göstərəndir. Ondan kömək diləyirəm ki, güclü və qüdrətlidir (hər bir şəri məndən uzaqlaşdırıb, hər bir xeyri mənə çatdırsın). Ona təvəkkül edirəm ki, (mənə) kifayətedən və köməkçidir. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) onun bəndəsi və elçisidir. Onu əmr və buyruqları yerinə yetirmək, dəlil və sübutlarını təbliğ etmək, (günah iş görənləri) oyanış günündən qabaq Onun əzabından qorxutmaq üçün göndərmişdir.
Ey Allah bəndələri! Sizlərə (yol göstərmək) üçün (Qur’ani-Kərimdə) misallar çəkən (qəflətdən azad olmanız üçün əhvalatlar danışan), əcəllərinizi müəyyən edən, sizə (başqa yaradılmışlardan üstün olmaq üçün insanlıq) paltar geydirən, məişətinizi yüngülləşdirən (rahatlığınız üçün vasitələr yaradan), əməllərinizdən (yaxşı və pisindən, böyük və kiçiyindən) agah olan, onlara görə əvəzləri hazır qoyan, sizlərə bol nemət və saysız-hesabsız ehsan bəxş edən, açıq-aşkar dəlillər (peyğəmbərlər və səmavi kitablar) vasitəsilə sizləri (əzabdan) qorxudan, sizləri (imtahan və sınaqda) sayan (onun elmi bütün söz və əməllərinizin cüziyyatını və külliyatını əhatə edir), ömür və həyatınızın müddətini sınaq evində və ibrət sarayında təyin edən Allahdan (onun əzabından) qorxmağı və təqvalı olmağı tövsiyyə edirəm. Siz (yaxşı əməl sahiblərinizin pis əməl sahiblərinizdən ayrılması üçün) dünyada imtahan olunursunuz və (qiyamətdə) dünyada dediyiniz sözlərin və tutduğunuz işlərin hesabı soruşulacaq. Beləliklə, (dünyaya ürək bağlamayın ki,) dünya çeşməsinin gözü bulanıq və palçıqlıdır. (Dünyapərəstlərin gözündə) onun mənzərrəsi heyrətamiz, imtahan və sınağı isə kor edəndir. Yox olan bir aldadıcı, gizlənən bir işıqlıq, itən bir kölgə, dağılmağa doğru gedən bir söykənəcəkdir (sabitlik və davamlılıq onun üçün deyil). (Öz ağlına əsasən) ondan uzaqlaşıb, ona ürək bağlamayan kimsə onunla ünsiyyətdə olub, arxayınlaşdığı zaman dünya at və yaxud dəvə kimi (onu yerə yıxmaq üçün) ayaqları ilə ona zərbə vurar, (yollarda qurduğu) tələləri ilə ovlayar, (kamana çəkdiyi) oxları ilə həlak edər, ölüm kəndirlərini (cürbəcür xəstəlikləri və çətinlikləri şücaətli və igid) kişinin boynuna salar, onu uyuyacağı dar yerə (qəbrə), qayıdacağı qorxulu yerə (axirətə) və əbədi məkanına (cənnət, ya cəhənnəm), əməllərinin (pis və ya yaxşı) əvəzini görməyə çəkər. Öz ata-babalarının canişini sayılan gəlməkdə olanlarla da dünyanın rəftarı belədir: Ölüm (onları) qırmaqdan (və biçarə etməkdən) qalmır, yerdə qalanlar isə günah törətməkdən əl çəkməyərək peşman olmurlar. Özlərindən əvvəlkilərin yolu ilə gedir və axırı fənalıq və yoxluq olan sona qədər dalbadal (gəlib) keçirlər (hamısı ölürlər). İşlərin kəndiri (məxluqatın ölümü nəticəsində) çözüldükdə, zaman ötüb keçdikdə, insanların oyadılmaları günü yaxınlaşdıqda (qiyamət qopduqda) Allah onları qəbirlərdən, (onları yemişlərsə) quşların yuvalarından, (onlara yem olmuşlarsa) yırtıcıların mağaralarından, müharibə meydanlarından (ölmüş olsalar) bayıra çıxarar. Haqq-təalanın əmr və fərmanını yerinə yetirməyə hazır vəziyyətdə sürətlə Allahın onlar üçün ayırdığı məad və qayıdış yerinə doğru gedərlər. Sakit, dinməz və sıraya düzülmüş (əyləşməyə və danışmağa taqəti olmayan) bir dəstə olarlar. Allah onların hamısını görəndir (onlardan heç kimsənin dünyadakı sözü və əməli Allaha gizli deyil) və (hesab-kitab üçün çağrıldıqda) carçı öz səsini hamıya eşitdirər. (O günün qorxusunun təsirindən) onlara təvazökarlıq, itaət, zillət və xarlıq paltarı geyindirilər. O gün (dünyada çətinliklərdən xilas olmaq üçün işlədilən) məkr və hiylə işə yaramaz, ümidlər kəsilər və ürəklər (əzabın qorxusundan) əzgin və qəmgin olar, səslər təvazökarlığın təsirindən alçalar və batar, ağızları (atın ağzındakı cilov kimi) köpük basar. (Günahlarının cəzasına görə) qorxu hüdudsuzdur. Haqqı batildən ayırmaq, xeyir və şər əməlin cəzasını, savab və mükafatını vermək üçün carçının səsinin heybətindən qulaqlar lərzəyə gələr.
(Dünyanın onlara qarşı rəftarı, qiyamət günü yenidən diriləcəkləri və geri dönəcəkləri haqda danışdığınız insanlar Allahın) qüdrətdən yaradılmış, ixtiyarsız boya-başa çatdırılmış, ölümə düçar olaraq, qəbrlərdə parça-parça olan, (ailəsindən və var-dövlətindən uzaq) təkcə dirildilən, (yaxşı, pis əməl və sözlərinin) cəzasına çatan və hesab-kitabla, təhqiqlə (yaxşı əməl sahibi pis əməl sahibindən) ayırd edilən bəndələridir. (Onda, yaxşı olar ki, qəflət yuxusundan ayılıb, günah və itaətsizlik etməyin ki, öləndən sonra peşmançılığın faydası yoxdur. Çünki insanlara dünyada) azğınlıqdan xilas olmaq üçün möhlət verilmişdir, (onlar peyğəmbərlərin vasitəsilə) doğru yola yönəldiliblər. Onlara özündən narazı olanın razılığını qazanmaq üçün verilən fürsət kimi fürsət verilmişdir. Şübhələrin (nadanlıq və azğınlığın) qaranlıqları (ağıl neməti və peyğəmbərlərin təbliği ilə) onlar üçün qaldırılmışdır. Yaxşı atları cıdırda hamını ötmək üçün arıqladaraq hazırladıqları kimi hazırlaşmaları, Haqqı-həqiqəti əldə etmək üçün düşünüb fikirləşmələri, axtaranın elm və bilik nuruna yiyələnməkdə tələsməməsi üçün ömürləri boyunca əcəl gəlib çatana kimi əllərində olan fürsətlə (dünyada) öz ixtiyarlarına buraxılmışlar. Heyrət, bircə bu doğru-düzgün (xəta və səhvin olmadığı) örnəklər, (nadanlıq və azğınlıq xəstəliklərinə) şəfa bəxş edən bu öyüdlər təmiz qəlblərə, eşidən qulaqlara, möhkəm düşüncələrə və (doğru ilə fəsadı bir-birindən ayıran) güclü ağıllara çatsaydı. Beləliklə, nəsihəti eşidib ondan boyun qaçıranın, (nadanlığı ucbatından) günaha bataraq etiraf edən (tövbə edib geri dönən) və (günahdan, itaətsizlikdən) qorxaraq savab iş görən (Allahın və peyğəmbərin razılığını əldə edib) və (ilahi əzabdan) çəkinən, (ibadətə və bəndəliyə) tələsən, (qiyamət gününə) yəqinlik hasil edən, (dünyada) öz rəftarını yaxşılaşdıran və ona öyüd-nəsihət verdikdə (doğru yola yönəltdikdə) qəbul edən, (ölümdən sonrakı çətinliklərlə) qorxutduqda qorxan (özünü çətinliyə salacaq iş görməyən), (günah və itaətsizliyi) qadağan etdikdə (ondan) uzaqlaşan, (Allahın fərmanına) boyun əyən, (azğınlıqdan) uzaq olan, (öz ağlına) müraciət edən, (törətdiyi günahlardan) tövbə edərək geri dönən, (rəhbərlərinə) tabe olan, (eynilə onların) yolunu gedən, doğru yol göstərildikdə onu görən (ona qədəm qoyan), sonra isə tələsə-tələsə haqqı axtaran, (nadanlıq və azğınlıqdan) qaçdığı halda nicat tapan, (qiyamət gününə ehtiyacı üçün) azuqə qazanan, öz batinini paklaşdıran, məad və qayıdışını (təqva və pərhizkarlıqla) abad edən, (dünyadan) köç günü, yol (axirət səfəri), ehtiyac və kasıblıq vaxtı (qəbr və qiyamət) üçün azuqə (Allaha ibadət və xalqa xidmət) ilə öz arxasını gücləndirən, həmin azuqəni özündən qabaq əbədi məkana (axirətə) göndərənin qorxduğu kimi Allahdan qorxun. Belə isə, ey Allah bəndələri, pərhizkar olun, onun üçün yaradıldığınızı (ibadət və bəndəliyi) niyyət edin, sizi qorxutduğundan (əbədi əzabdan) artıq dərəcədə qorxun. Qiyamətin dəhşətinin qorxusu haqda Ondan əhdinə vəfa etməsini istəməklə sizin üçün hazırladığı cənnətə layiq olun. Onun vədi həmişə doğrudur.
Bu da həmin xütbənin (insan bədəninmn xəlq edilməsi, Haqq-təalanın nemətlərinin xatırlanması, Siratın vəhşətindən qorxudulması və təqvaya, pərhizkarlığa həvəsləndirilməsi barədə) bir hissəsidir.
Böyük Allah sizin (eşitməkdən) faydalanmanız üçün iki qulaq (eşitmə hissi) yaratdı ki, lazım olanı (cəmiyyətin həyatında işə yarayanı) qoruyasınız. (Görmək üçün) iki göz (görmə hissi) yaratdı ki, qaranlıqdan xilas olub, görəsiniz. Hər (zahiri) üzvü (batini) üzvlərin mühtəvasına çevirdi. (Hər bir üzv bir neçə üzvdən ibarətdir. Məsələn, əl damar, qan və sümükdən və bu kimi digər hissələrdən ibarət olduğu kimi.) Həmin üzvləri öz faydalı hissələri ilə bərqərar olan bədənlərə, (ağıl və tədbirlə) o bədənlərin ruzisini istəyən (və ya öz ruzisinə «elm və maarif»- cəlb edən) ürəklərə quruluş və şəkil verdi, davamlılığına görə münasib yerlərdə yerləşdirdi. Bir halda ki, Onun ucsuz-bucaqsız nemətinin minnətinə sahibsiniz, Onun minnətinin səbəbləri sizə aşkardır. (Xəstəliklərə) maneə olan vasitələrlə onun salamatlıq nemətindən faydalanırsınız. (Sizə əta etdiyi nemətlərdən biri budur ki,) ömrün və həyatın müddətini sizdən gizli saxladı (nə vaxt öləcəyinizi bilmirsiniz. Bunu bilməməyinizin özü dünyəvi işlərinizin nizamlanması üçün çox xeyirlidir). Sizdən öncəkilərdən sizlərə ibrət nişanələri qoydu. Dünyadan aldıqları ləzzət və faydadan, ölüm kəndirinin boğazlarına keçməsinə qədər nəsibləri olan vaxtın uzunluğundan və bolluğundan. Arzularına çatmadan öncə ölüm onları tələsik haqladı və onlarla arzuları arasına ayrılıq saldı. Sağlam olduqları vaxt (axirət üçün) azuqə yığmadılar, ilkin çağlarda (cavan və güclü olarkən) ibrət götürmədilər (ömürlərini boş yerə başa vurdular). Cavanlıq və gücünün zirvəsində olanı qocalıqdan və bükülməkdən başqa bir şey gözləyirmi? Sağlam olan kimsənin gözü müxtəlif xəstəliklərdən qeyri bir şeyin yolunda olarmı? Bərqərar və mövcud olan kimsə yoxluq və fənalıqdan başqa bir şeyi gözləyərmi? (Xoşbəxt o kəsdir ki, nə qədər ki, sağlam və güclüdür, fürsəti qənimət bilib işlərini sürətləndirsin.) Özü də (dünyadan) uzaqlaşmaq ayrılıq, (axirətə) köç və daşınma, müsibət və çətinliyin (can vermənin) ağrısının iztirab və narahatlığından titrəmək, qəm və kədərin çoxluğundan ağız suyunu axıtmaq, fəryada çatmağa çağırmaq üçün gözlərini ətrafa dolandırmağın, xidmətçilərdən (və ya övladlarınızın balalarından), yaxınlardan, dostlardan və əyaldan kömək istəməniz yaxın olduğu bir vaxtda. Qohumlar (ölümün çətinliklərini) dəf edəcəklərmi? Onların vay-şivənlərinin xeyri varmı? Bir halda ki, qəbristanda gora tapşırılmış, dar yataqda (qəbirdə) tənha qalmışdır. Gəmiricilər (ilan, əqrəb, qurd və başqa heyvanlar) bədəninin dərisini parça-parça etdilər, çətinliklər onun təravətini çürütdü və məhv etdi. Şiddətli küləklər izlərini, zəmanənin müsibətləri nişanələrini yox etdi. (Ondan qəbirdə bir iz, camaat arasında isə sorağı qalmadı.) Cəsədləri təravətli, təzə olduqdan sonra dəyişdi, sümükləri gücləndikdən sonra çürüdü, canları ağır yükün (günahın) altında qaldı. Qeybdən və görünməzdən gələn xəbərlərə (qəbir, qiyamət, hesab haqqında heyran və sərkərdan olduqları Cənnət və Cəhənnəmə) yəqinlik əldə etdilər. (Bu vaxt) onlardan yaxşı əməllərini artırmaq istəməzlər, (onların) xətalarının pisliyindən razı və şad olmazlar. Sizlər bu camaatın oğulları, onların ataları, qohumları və qardaşları deyilmisiniz ki, onların rəftarına əməl edib, atlarına minib, getdiyi yolla gedirsiniz? Ürəklər öz nəsibini və bəhrəsini əldə etmək üçün bərk və doğru yola yönəlməkdən və nicatdan qəflətdədir. Öz yolundan qeyri bir yolla (günah və itaətsizliyə doğru) gedir. Sanki məqsəd (ilahi vəzifələrə diqqət) onlardan qeyrisi üçündür. Sanki, onların nicatı dünyanı (malını) toplamaqdadır. (Axirət azuqəsi qazanmaq, deyil!)
Bilin ki, sizin yolunuz Siratdan (cəhənnəm körpüsündən) kecəcək ki, addımlar onun üzərində büdrəməkdən titrər, insan böyük qorxu və həyəcana düşər. Belə isə, ey bəndələr, qorxun Tanrıdan! (Qiyamət gününün) fikir və düşüncəsi ürəyini bürüdüyü, (ilahi əzabdan) xof və qorxu bədənini incitdiyi, gecə ibadət və itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümidin günün günorta çağı (isti və hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan (həmişə Allahı xatırlayan) ağıllı insanın qorxduğu tək qorxun! (Qiyamət günündə) əmin-amanlıqda olmaq üçün (günah və itaətsizlikdən olan) qorxunu üstün tutdu (qiyamətdə əzaba mübtəla olmamaq üçün dünyada günah etmədi), onu doğru və aşkar yoldan saxlayan söz və əmələ gözlərini bağladı və yaxşı olan, aydın, doğru yola (Allahın razılığı və şadlığına) çatmaq üçün ən yaxşı yolları seyr etdi. (Nicat üçün) böyük maneə olan (dünyaya) aldanmaq onu (ibadət və bəndəlikdən) saxlamadı. Şübhəli şeylər ona gizli deyil (heç bir işdə o, nadan deyil), müzəffər və (cənnət) müjdəsinin sevincindən, ən asudə yatağında (qəbirdə) çox rahat və xoş olmağına, daha əmin-aman gündə (qiyamətdə) şaddır. Dünyanın keçidindən keçdi və tərifləndi. Axirətinin azuqəsini əvvəlcədən göndərərək xoşbəxt oldu. (Allah) qorxusundan (doğru yola tələsdi). Möhlət verilmiş dünyada (ibadət və bəndəlik üçün) sürətlə irəlilədi. Allahı razı salmaq üçün şövqə gəldi. (İlahi əzabdan) qaçmaq üçün (doğru yolla) getdi. Bu günündə (dünyada) sabahını (axirətini) qoruyurdu. Onu gözləyənləri (qəbir, bərzəx və qiyamətdəki halını) köçməmişdən qabaq gördü. Deməli, cənnət bəxşiş və savablarına görə (xeyir əməl sahiblərinə) kifayət edər. (Elə işlər görün ki, əbədi məkanınız orada olsun), cəhənnəm də əzab və çətinliklərinə görə (günahkar insanlara) bəs edər. (Elə iş görün ki, ora düşməyəsiniz). Yetər ki, Allah (pis əməl sahiblərindən) intiqam alsın və (yaxşı əməl sahiblərinə) mədəd və kömək olsun. Qur’anın (ona əməl etməyənlərə qiyamət günündə) sübut gətirərək düşmən kəsilməsi bəs edər.
Mənim sizə vəsiyyət və tövsiyyəm pərhizkarlıq və qorxutduğu şeylə (qiyamətin əzab və çətinlikləri) üzrxahlığa yer qoymayan, aşkar, aydın etdiyi şeylə (Qur’ani-Kərimlə) hüccəti (dəlil-sübutu) tamam edən Allahdan qorxmaqdır. (O) sizi düşmənlə (Şeytanla) qorxutmuşdur «وَلاَ تَتَّبِعُواْ خُطُواتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ» ki, gizlincə sinələrə nüfuz edər, xeyirxahcasına (azdırmaq üçün) qulaqlara söz deyər. Sonra, (dalınca gələni) azdıraraq puç edər. (Ona) vəd verərək (yersiz istəklərə) meylləndirər, pis günahları (onun nəzərində) bəzəyər, öldürücü böyük günahları asan göstərər. Tədricən öz ardıcılını aldadaraq girov kimi öz itaətinin əsarətinə keçirər. (Bu vaxt) zinət verib bəzədiyini (istəkləri) danar, asan qələmə verdiklərini (günahları) böyük sanar, (arxasınca gələnləri) əmin etdiyi ilə qorxudar.
Bu xütbənin bir hissəsi insanın necə yaradılması barəsindədir
(Onun dünyadakı və qəbirdəki halını şərh edərək insanlara keçmişlərdən ibrət götürməyi xatırladır və onları tövbə etməyə həvəsləndirib buyurur:)
(Sizi Şeytanın hiyləsindən agah etdim, indi) sizə insanın necə yaradılmasını xatırladım ki, Allah onu bətnlərin (uşaqlıqların) və (onun üçün) örtük olan pərdələrin qaranlığında (bətnlər dedikdə qarın, uşaqlıq və uşağla birlikdə çıxan pərdə kimi cift nəzərdə tutulur) tökülmüş nütfədən və naqis qan laxtasından yaratdı. O, qarında uşaq, daha sonra isə südəmər körpə oldu və südəmərlikdən başlayaraq yetkinlik yaşına çatdı. Sonra ona anlaması (keçmişlərdən) ibrət götürməsi, itaətsizlik və günahdan uzaqlaşması üçün qoruyan qəlb (ağıl), danışan dil, görən göz bəxş etdi. Kamal həddinə çatdıqda qəd-qamətini düzəltdikdə təkəbbür və qürur ona hakim kəsildi, qaçdı (Allaha və peyğəmbərə itaət etmədi) və azğınlaşdı, (batil yola qədəm qoydu, pis əməl və sözdən) qorxmadı, belə ki, (quyunun başında vedrə ilə su çəkən kimi) öz nəfsi istəyini böyük vedrədə (azğınlıq quyusundan bayıra) çəkir, öz dünya ləzzətlərinə və istəklərinə yetişmək üçün çox səy göstərir və çalışır, ona nakamlığın və bəlanın üz verəcəyinə inanmır və heç bir günahdan qorxmurdu. Beləliklə də, öz günah və xətaları ilə (dünyada) yaşadığı az müddətdə Allahın ona bəxş etdiyi nemətlərin müqabilində (axirət üçün) fayda götürmədən və ona vacib olanı yerinə yetirmədən nadanlıq, qəflət, azğınlıqla ömrünü başa vurdu. İtaətsizliyin, həvayi-nəfsə tabe olmağın və xoşhallıq anının sonunda ölümün kədəri onu yaxaladı. Gecələr şiddətlənən müxtəlif xəstəliklər, ağır ağrılarla, heyranlıq və dalğınlıqla gündüzü gecəyə çatdırır, gecə də sübhədək oyaq qalırdı. Qəm çəkən qardaşı, mehriban atası, səbirsizlikdən «vay-vay» deyən həyat yoldaşı, iztirab və narahatlıqdan sinəsinə vuran qızı (yaxud anası) onun ətrafında olduqları halda o kişi başını qatan can vermənin bihuşluğunda çox qəm və kədər, dərdli nalə içində, çətin can verməyə, əziyyətlə dünyadan köçməyə mübtəla olmuşdu. (Öldükdən) sonra ümidsiz halda kəfənə bükülüb (əlindən bir iş gəlmədiyindən) itaətkar və sakit vəziyyətdə (qəbrə doğru) çəkilər. Sonra onu səfərdən qayıdan və xəstəlikdən arıqlayan əzgin dəvə kimi əlacsız və haldan getmiş vəziyyətdə tabut taxtalarının üstünə atarlar. (Ondan sonra) qulluğunda duran övladlar və qardaşlar yığılaraq onu qürbət və kimsəsiz evə (qəbrə) bir daha görüşməyəcəkləri yerə qədər çiyinlərinə alarlar (apararlar). Dəfnə gələnlər və müsibət sahibləri (qəbristanlıqdan) qayıtdıqdan sonra, onu (İnkir və Minkirin) sual və imtahanında büdrəməyin qorxusundan, vəhşətindən yavaş danışdığı halda qəbirdə oturdarlar. Orada ən böyük müsibət nazil olmuş qaynar su, cəhənnəmə daxil edilmək, alovun səsinin həyəcanı və şiddətidir. Əzabda nə ona rahatlıq verən süstlük, nə əziyyətləri aradan qaldıracaq asayiş, nə ona mane olacaq gücü, taqəti, nə də onu (bu çətinlikdən) xilas edəcək ölüm, nə kədərini siləcək azacıq yuxu və gözünü qırpmaq var. Müxtəlif növ ölümlərə (ağır dərdlər) və ardıcıl əzablara mübtəladır. (Bu əzablardan) Allaha pənah aparıram (və ondan bu çətinliklərdən xilas olmağı diləyirəm).
Ey Allah bəndələri, Allahın ömür və həyat əta etdiyi, öz nemətlərinə sahib etdiyi insanlar haradadır? Bilməli olduqlarını onlara öyrətdi, anladılar. Onlara möhlət verdi, onlar isə oyunla, boş yerə fürsəti əldən verdilər. Sağlam və rifah içində olanda (Allahın əta etdiklərini) unutdular? Onlara uzun müddət möhlət verib, ehsan və yaxşılıq edib, ağrılı əzabla qorxutdular. Böyük nemətlər vəd etdilər (onlar isə qəflət yuxusundan oyanmadılar).
Ölüm və puçluq gətirən günahlardan, (Allahı) qəzəbləndirən eyblərdən uzaqlaşın (ki, nicat tapasınız). Ey görən gözləri, eşidən qulaqları, sağlam bədəni və dünya malı (mal və övladı) olanlar, (Allahın əzabından) qaçmağa, qurtulmağa, pənah aparmağa, arxalanmağa və ya qayıtmağa bir yer var, yoxsa yox? (Allahın hökmündən) necə dönür, hara qayıdır, nəyə aldanırsınız?! Sizlərdən hər birinin (torpaqla örtüləcəyiniz zaman) torpaqdan nəsibi toz-torpağa bulaşmış çöhrə, qamətinizin eni və uzunu qədər olan torpaqdır. (Belə isə, evlərə və saraylara sahib olmaq üçün bu qədər əziyyət və zəhmət nə üçündür?) İndi ey Allah bəndələri! Nə qədər ki, kəndir (ölüm) boşdur və sizin boğazlarınıza keçməyib, ruhunuz bədəninizdədir, doğru yola yönəlməyə və nicata vaxt var, bədənləriniz rahatdır, toplama (meydanı) geniş, həyata möhlət, iradə və ixtiyar var, tövbəyə, qayıdışa vaxt, ehtiyacı yerinə yetirməyə macal qalıb fürsəti qənimət bilin və fürsət keçmədən, dar yerə (qəbrə) düşmədən, yoxluq qorxusundan öncə, canın bədəndən ayrılmasından və sizi gözləyən gözəgörünməzin (ölümün) gəlişindən, qalib və güclü Allaha (əzabına) düçar olmamışdan qabaq fürsəti qənimət bilin. (Seyyid Rəzi buyurur:)
Xəbərdə göstərilib ki, İmam əleyhis-salam bu xütbəni bəyan etdikdə bədənlər lərzəyə düşdü və gözlər yaşardı, ürəklər narahat oldu, iztirab çəkdi. Bir sıra insanlar bu xütbəni «Qərra» (nurani, görkəmli) xütbə adlandırıblar.
83-cü xütbə
İmam Əli əleyhis-salamın Əmr ibn As barəsində (onun nadürüst söz və əməllərini pislədiyi və qınadığı) xütbələrindəndir:
Zinakar arvadın oğluna heyrətlənirəm. (Belə atasızın biri) Şam camaatına yalandan deyir ki, mən zarafatcıl, lağlağı bir adamam və daim zarafatla, oyunla məşğulam. Nadürüst söz danışıb, bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır və (hər kəsə) vəd etsə, onun əksinə əməl edər, öz sualları ilə naqqallıq edər, ondan soruşulduqda isə (cavabında) xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə qılınclar işə düşməyənə qədər (fəsadı və müharibə atəşini alovlandırmaq üçün) çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir. Bilin! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün (öz zəmanəsinin İmamının əleyhinə çıxması üçün) azacıq rüşvət (Misirin bir neçə günlük hakimliyi) bağışlamasaydı, Müaviyəyə bey’ət etməzdi.
84-cü xütbə
İmam Əli əleyhis-salamın (tovhid və Allah-təalanın bəzi sifətləri haqqında) xütbələrindəndir.
Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur, şəriki olmayan təkdir. Əvvəldir, ondan öncə heç bir şey olmayıb (əzəlidir və hər bir mövcudun mənşəyidir). Axırdır, onun üçün heç bir hədd və son yoxdur (əbədidir və hər bir mövcud onda sonlanır). Təsəvvürlər onun heç bir sifətinə yetişməz və qəlblər (ağıllar) onun necəliyini təsdiq edə bilməz (çünki onun necəliyi yoxdur ki, ağıl onu dərk etsin). Bölünmə və ayrılma onun üçün rəva deyil (çünki hissə və tərkib varlığı mümkün olanlara layiqdir). Gözlər və qəlblər onu əhatə etməz.
Bu, xütbənin (camaata nəsihət etdiyi) hissəsidir
Ey Allah bəndələri, faydalı ibrətlərdən öyüd götürün, parlaq və aşkar əlamətlərdən ibrət alın, (Qur’an və sünnədə) gələn (günahlardan) hər növ qorxudulduğunuz şeylərdən (ilahi əzabdan) çəkinin, xatırlatmalardan və öyüdlərdən (nəsihət verənlərin öyüdlərindən) bəhrələnin. Sanki ölüm pəncələri (yırtıcı heyvanların pəncələri kimi) sizdən asılıb (əcəl sizə yaxındır), dilək-istək bağları sizdən üzülübdür, çətin rüsvayedici işlər (can vermək, dünyanı əliboş tərk etmək, dəhşət və qorxu məkanı olan qəbirdə qalmaq və sairə), gedilməli olan yerə (qiyamətə) sürülüb aparılmaq sizi bürümüşdür. (Bütün məxluqat ora gedəcək) və (bu yolda) hər insanın bir qövanı və bir də şəhadət verəni vardır: qövanı (ölüm) onu Məhşərə qovur, şəhadət verən (bədən üzvləri) onun (yaxşı və pis) işlərinə şəhadət verir.
Bu da həmin xütbənin Cənnətin vəsfi
barəsindəki bir hissəsidir
Cənnətin biri digərindən üstün olan dərəcə və özülləri, bir-birinin müqabilində imtiyaza sahib mənzilləri var. Onda rahatlıq və xoşluq puç olmur. Orada yaşayanlar köçmürlər və oradan bayıra çıxmayacaqlar. Orada əbədi olan qocalmaz, oranın sakini yoxsullaşmaz.
85-ci xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın bəzi sifətlərinin bəyan edildiyi, camaata öyüd-nəsihət verildiyi və onların ibadətə, bəndəliyə təşviq edildiyi) xütbələrindəndir.
Böyük Allah gizlinləri bilən və (ürəklərdəki) düşüncələrdən agah, bütün şeyləri əhatə edən (əşyanın cüziyyatına və külliyyatına hakimdir), hər şeydən üstündür və hər bir şeyə gücü yetər. Belə isə, ölüm tezliklə onu haqlamamışdan öncə möhlət günlərində, (qəbir və qiyamətin dəhşətinə, qorxusuna) düçar olmamışdan qabaq, əldə fürsət varkən, nəfəs yolu açıqkən, bu yol bağlanmamış (ölməmiş) sizlərdən əməl edənlər iş görməlidirlər (Allahın və Peyğəmbərin razılığını qazanmalıdırlar) özünün rahatlığı və addımının möhkəmliyi üçün yaxşı işlərlə məşğul olmalıdırlar. (Allah və Peyğəmbərin fərmanına əməl etməlidirlər ki, qiyamət günü rahat olub ayaqları Siratda büdrəməsin.) Özlərinin köç yeri olan saraydan (dünyadan) əbədi məkanları (axirət) üçün azuqə götürməlidirlər (oranın azuqəsi bu saraydan başqa heç yerdən götürülmür). Ey Allah bəndələri, Allahın öz kitabında (Qur’anda) qorumağı və riayət etməyi sizə əmr etdiyindən, (Qur’anı dərindən düşünün və fikirləşin) öz haqqınızdan sizin yanınızda əmanət qoyduğundan qorxun (Allahın əmrlərinə və qadağalarına riayət edin). Çünki pak və münəzzəh Allah sizi əbəs yerə yaratmayıb, işsiz, bihudə buraxmayıb və sizləri nadanlıqda, korluqda (azğınlıqda) özbaşına qoymayıb.
O sizin əməllərinizi məlum etdi (xeyir və şər, ibadət və günah yolunu sizə göstərdi) və sizin rəftarınızdan (yaxşısından, pisindən, böyük-kiçiyindən, gizlin və aşkarından) agahdır, həyatınızın, ömrünüzün müddətini müəyyən etdi və Kitabı (Qur’ani-Kərimi) hər bir şeyə dəlil kimi sizlərə göndərmişdir. (O öz əmr və qadağalarını orada bəyan etmişdir.) Bir müddət səmadan yerə göndərdiyi kitabdakılarla dinini peyğəmbər və sizin üçün kamilləşdirənə qədər diri peyğəmbərini sizin aranızda saxladı. Bu onun bəyəndiyi bir dindir (dinlərin ən kamilidir). O Həzrətin dili ilə yaxşı əməllərdən sevdiyini, çirkin əməllərdən ikrahına səbəb olanları, öz qadağa və əmrlərini sizə çatdırdı. Sizə üzrxahlıq üçün yer qoymadı və sizə höccəti (dəlil-sübutu) tamam etdi. Sizi qiyamət qopmamış əzabla təhdid etdi, ağır əzab gəlməmiş qorxutdu. Belə isə (qəflət yuxusundan oyanın və) ömrünüzdən qalanını qənimət bilin (Allahın razılığı üçün çalışın) və ömrünüzdən qalan günlərdə dözüm yolunu tutun (özünüzü günahdan və itaətsizlikdən saxlayın). Çünki bu qalan günlər (ola bilər ki, əldən buraxılmışların tədarükünə sərf edilsin) qəflətdə (yaşadığınız), öyüd-nəsihətdən üz döndərdiyiniz çoxlu günlərin müqabilində azdır. (İtaətsiz) Nəfslərinizə fürsət verməyin (günahı asan sanmayın) ki, bu fürsətlər sizi zülmkarların yollarına sürüklər, (onların rəftarının ardınca aparar) və (heç bir işdə) səhlənkar olmayın ki, səhlənkarlıq sizi bilməyərəkdən günaha batırar.
Ey Allah bəndələri, insanlardan özünə ən çox öyüd verəni Pərvərdigarına daha çox itaət və bəndəlik edəndir. İnsanlardan özünü ən çox aldadanı Allahına qarşı daha çox günah və itaətsizlik edəndir. Aldanmış şəxs ziyanı özünə rəva görəndir (özünü həlak və puç edərək ilahi əzaba səbəb olan bir iş görəndir), şad, xoşhal şəxs dinini qoruyandır. Xoşbəxt o şəxsdir ki, başqalarından öyüd alsın (yaxşı əməl sahiblərinin yolu ilə gedərək pis insanların çirkin əməllərindən uzaqlaşsın) və bədbəxt o şəxsdir ki, nəfsinin istəklərinə və öz nadürüstlüklərinə aldansın (nəfsinə itaət edərək onun təhlükəsindən xəbərsiz olsun). Bilin ki, (ibadətdə və bəndəlikdə) azacıq riya və özünü göstərmə şirkdir. (Çünki hər kəs Allaha ibadətdə qeyrisini nəzərdə tutsa, şübhəsiz ki, onu Allaha şərik bilmişdir.) Nəfsinə uyanlarla (günahkarlarla) yoldaşlıq imanın unudulmasına və şeytanın gəlişinə səbəb olar. Yalandan uzaq durun ki, o imandan uzaqdır. Doğru danışan (əzabdan) nicat, qurtuluş məqamındadır. Yalançı ölüm, zəlillik və xarlıq çuxuruna düşməyə yaxın olan yüksəklikdədir. Bir-birinizin həsədini çəkməyin (başqasının zavala uğramasını arzulamayın). Çünki alov odunu diddiyi kimi (yandıraraq külə döndərdiyi kimi) həsəd də imanı didər (məhv edər, dağıdar). Bir-birinizlə düşmənçilik etməyin, çünki düşmənçilik (qohumlarla əlaqənin kəsilməsinə və) hər bir xeyrin, bərəkətin (ülgücün saçı başdan qırxdığı kimi dibdən) kəsilməsinə səbəb olar. Bilin ki, arzu ağlın yanılmasına və səhvinə, Allahın zikrini unutmağa gətirib çıxarar. Belə isə (ölümü, qiyamət gününün qorxu və vəhşətini xatırlamaqla) arzunu yalan sanın. Çünki (həqiqi olmayan şeylərin) arzu aldadıcıdır və arzulayan aldanmışdır.
86-cı xütbə
İmam Əli əleyhis-salamın (Allahın çox sevdiyi bəndənin və düşmən bildiyi kimsənin sifətlərini bəyan edərək camaatı İmamların əleyhimus-salam ardınca getməyə təşviq etdiyi) xütbələrindəndir.
Ey Allahın bəndələri! Allahın yanında ən sevimli (Haqq-təalanın mərhəmət nəzəri şamil olan) bəndə öz nəfsinə hakim kəsilməkdə Allahın kömək və yardım etdiyi bəndədir (şəhvətlər və nəfsani istəklərə uymamaq üçün onun ağlını gücləndirmişdir). Beləliklə, (həmin bəndə) hüzn və kədəri öz şüarına çevirdi (Haqqın rizasını qazanmaq üçün ona səbəb olan işlər barəsində düşündü), xof və (ilahi əzabdan) qorxunu özünə yol seçdi. (Heç vaxt Allahın və Peyğəmbərin qanunlarına zidd hərəkət etmədi.) Beləliklə, onun ürəyində hidayət çırağı (ilahi elm və maarif) işıqlandı (onunla nadanlıq və azğınlığın zülmətindən xilas olub doğru yola qədəm qoydu) və çatacağı bir gün üçün ziyafət (süfrəsini) hazırlayıb (ibadət və bəndəlik etdi ki, öləndən sonra əliboş olmasın), uzağı özünə yaxın etdi və çətinliyi (ölümü, qəbri və qiyamət gününün qorxu və dəhşətini ibadətinin, bəndəliyinin azuqəsi ilə) asanlaşdırdı, (yerin, göyün və onlarda olan hər şeyin yaradılışı barədə) fikirləşdi, düşündü. (Mənşə və məad barəsində) gözü açıldı. Və Allahı xatırlayıb (axirət azuqəsi olan) yaxşı əməlləri artırdı. Və giriş yolları onun üçün asanlaşdı, təmiz və şəffaf sudan doydu. Elə ilk dəfə içən kimi doydu. Doğru və hamar yolla getdi (ibadət və itaət yolu bilən pərhizkarların yolu ilə addımladı). Şəhvət və nəfsi istəklər libasını əynindən çıxardı (dünyaya və onda olanlara ürəyini bağlamadı), yalnız bir məqsəddən (Allahın razılığın qazanmaqdan) başqa bütün məqsədləri özündən uzaqlaşdırdı. (İlahi elm və mərifət sifətini qazanaraq) korluqdan (cəhalət və nadanlıqdan) və öz nəfsinə uyanlarla ünsiyyətdən xilas oldu və özü hidayət, nicat qapılarının açarına, həlakət qapılarının qıfılına çevrildi (başqalarına yol göstərməklə azdıranların qarşısını aldı). Öz yolunu görüb ona qədəm qoydu və özünün (hidayət və nicat) əlamətlərini, nişanələrini tanıdı, içində qərq olduqlarını (çətinlikləri və kədərləri) özündən uzaqlaşdırdı, ən möhkəm halqalardan, ən qırılmaz iplərdən (Qur’ani-Kərimdən və Peyğəmbərin əhli-beytindən) yapışdı (və nicat, qurtuluş yolunu tapdı). Onun (Haqqa) yəqinliyi günəş işığına və aydınlığına olan yəqinlik kimidir. (Ona heç bir şəkk-şübhə yol tapa bilməz və Haqq elmlərdən, ilahi maarifdən bəhrələndiyinə, camaata yol göstərdiyinə görə.) Hər cəhətdən böyük işlərdə öz nəfsini Allahın ixtiyarına verdi (ki, ondan nə istənilsə yerinə yetirsin və nə soruşulsa cavab versin) və hər bir törəməni öz əslinə qaytardı (doğru əsaslandırma və ictihadla onun barəsində hökm çıxardı). Odur qaranlıqların çırağı, aydın olmayan oxşar işlərə aydınlıq gətirən, mübhəm işlərin açarı (ehkamı öyrədən) və müşkülləri dəf edən (öz kamil sözləri ilə məsələləri, deyilən iradları aradan götürən) və geniş bəyanların (əqli məsələlərin) yol göstərəni. Deyir və (mətləbi) başa salır (nadanlığı və şəkki artırmır), sakit qalır ki, (danışığın büdrəyişindən və haqsız fətvalardan) amanda olsun. Rəftarını Allahına görə (şirk, riya və özünü göstərməkdən) təmizlədi və Haqq-təala da onu Özü üçün seçdi (ona cürbəcür feyzlər və kamil sifətlər bəxş etdi). Deməli, (bu sifətlərlə) o, dinin mədənlərindən və yer üzündəki sütunlarındandır. Ədaləti (düzlüyü və doğruluğu) özünün zərurətinə çevirib (ondan uzaqlaşmadı və heç vaxt, heç bir işdə ifrata, yəni, həddini aşmağa, nə də təfritə, yəni, haqda təqsirə, təxirə yol vermədi) Deməli, onun ədalətinin ilk mərhələsi budur ki, nəfsinin istəklərini özündən uzaqlaşdırar və haqqı bəyan edər (xalqa yaxşı əməlləri buyurar və pis əməllərdən çəkindirər), özü də ona uyğun hərəkət edər. Heç bir yaxşı, xeyir əməlin sonunu niyyət etməmiş tərk etmədi, heç bir yaxşılıq ehtimalını niyyət etməmiş buraxmadı. (Onun bütün səyləri bundan ibarətdir ki, yaxşılıq, xeyir yolların hamısı ilə getməklə nicatın ən yüksək həddini, güman yolu ilə olsa belə, qazansın.) Öz cilovunu kitaba (Qur’ana) tapşırıb. Deməli, Allahın kitabı onun rəhbəridir. Qur’anın yükünün endiyi hər məqamda aşağı enər, Qur’anın yeri olduğu hər yerdə yerləşər. (Allahın özünə düşmən bildiyi) bəndə isə (o kəsdir ki,) nadan olduğu halda özünü alim, bilikli adlandırar. Nadanlardan nadanlığı, azğınlardan isə azğınlığı öyrənib aldadıcı kəndirlərdən və yalan sözlərdən camaata tələ qurar. Kitabı (Qur’ani-Kərimi) öz düşüncələri əsasında daşıyıb (təfsir edər) və (Qur’anı öz fikri ilə təfsir edən) haqqı öz istəklərinə uyğunlaşdırıb camaatı böyük təhlükələrdən arxayın salar, böyük günahları (onların nəzərində) asanlaşdırar. İçində batdığı halda (riyakarlıqla və özünü göstərməklə) şübhələrdən (şübhəli və qaranlıq hökmlərdən) uzaqlaşdığını deyər (hökm verər və şəriət hökmləri, onun halları barəsində nadan olduğuna görə hər bir qaranlıq məsələ onun nəzərində doğru olar). Onların arasında yatdığı halda bid’ətlərdən (şəriət qanunlarına zidd hökmlərdən) çəkindiyini söylər (verdiyi hər hökm bid’ətdir). (Onun) surəti insan surəti, (onun) qəlbi isə heyvan qəlbidir. Hidayət qapısını və doğru yolu tanımır ki, (ona qədəm qoyub) onun ardınca getsin. Nadanlıq və korluq qapısını tanımır ki, ondan uzaqlaşsın. O, dirilərin arasında bir ölüdür. (İndi ki, haqqı və batili tanıdınız, Allahın sevdiyi və düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun) və (haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət və qurtuluşdan) mayak qurulduğu halda sizləri (hidayət və nicat yolundan) necə döndərirlər? (Və ya sizi nə vaxt və harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin əhli-beyti (pak İmamlar) aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüz.) Onlar (adamın dəvənin cilovunu əlinə alıb onu istədiyi tərəfə apardığı kimi camaatı) haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir. (Sözləri doğru, düzgündür, yalan olması ehtimal edilmir. Həzrət Peyğəmbərə vəhy edilənləri xalq üçün təfsir edib onları həqiqətlərlə tanış edirlər.) Onları Qur’anın ən yaxşı mənzillərinə endirin. (Onlar elm və maarif çeşməsi olduqlarına görə) çox təşnə dəvələrin (su başına) çatmağa tələsdiyi tək onlara doğru tələsin (və elmlərindən, biliklərindən bəhrələnin).
Ey camaat! Bu rəvayəti Xatəmül-ənbiya səlləllahu əleyhi və alih və səlləmdən öyrənin (öz ailəsinin mədhi və əzəməti barədə buyurmuşdur). Bizlərdən biri (zahirən) ölsə belə diridir. Və (nadanların səhv əqidələrinə görə) bizdən çürüyənlər də çürümüşdür, halbuki çürüməmişlər. Belə isə tanımadığınız (bilmədiyiniz) şeydən (Həzrət Peyğəmbərin ailəsi barədə) danışmayın, çünki sizin inkar etdiklərinizdə həqiqət daha çoxdur. (İlahi əzab sizə çatdıqda) dəlil və sübutunuz olmadığı kimsəni üzürlü bilin və o mənəm.
Sizinlə böyük qiymətli yükə (Qur’ani-Kərimə) uyğun rəftar etmədimmi? (Qur’anı sizə öyrətmədimmi?) Qiymətli kiçik yükü (Həzrət peyğəmbərin ailəsini, Həsən və Hüseyni) sizlərin arasında qoymadımmı? Sizin aranızda imanın bayraq və nişanəsini asdım (ki, azmayasınız). Sizləri halal və haramın hüdudlarından hali etdim. Öz ədalət və dada yetişməyimlə sizə nicat libası geydirdim (zülm və sitəmdən xilas olmağın yolunu sizə öyrətdim). Öz sözlərim və rəftarımla (Allahın və Peyğəmbərin razı olduğu) xeyir əməlləri yaydım (göstərdim). Öz bəyənilən əxlaqımı sizə aşkar etdim (layiqli əxlaqla tanış etdim).
Belə isə əslini bəsirət gözünün dərk etmədiyi, düşüncə və fikirlərin yol tapmadığı şeylərdə (öz nadürüst) fikir və tədbirlərinizi işlətməyin.
Bu da həmin xütbənin bir hissədir
(Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.)
(Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)
87-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi və peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.
Böyük Allaha həmd və şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır. (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın). Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?! Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir. Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).
88-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir.
Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı. Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi. Şüarı qorxu və xof, yolları qılınc yolu idi. İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz. Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil. O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər verilmişdi. Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız. Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq).
89-cu xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.
Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır. O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın mə’budu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər. Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıxmaz.
Комментарии
Отправить комментарий