6 hissə Nəhcül bəlağə

 "NƏHCÜL –BƏLAĞƏ" 


İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları 

 (tərcümə və şərh, 2 cilddə)

II CİLD



Toplayan:

Seyyid Rəzi


Şərhçi:

Ayətullah Feyzul-İslam


Tərcüməçilər:

Ağabala Mehdiyev

Dürdanə Cəfərli

Etibar Quliyev


Redaktolar:


İxtisas redaktoru:

Höccətül-islam vəl-müslimin 

Hacı Adil Mövlayi


Ədəbi redaktor:

Akademik Hacı Bəkir Nəbiyev


Texniki redaktor:

Rauf Kərimov






Feyzul-İslamın 

VI hissəyə yazdığı müqəddimə:




بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

أَلْحَمْدُ لِلّهِ الْأَوَّلِ بِلا أَوَّلٍ كانَ قَبْلَهُ وَ الْاخِرِ بِلا اخِرٍ يَكُونُ بَعْدَهُ الَّذِي قَصُرَتْ عَنْ رُؤْيَتِهِ أَبْصارُ النّاظِرِينَ وَ عَجَزَتْ عَنْ نَعْتِهِ أَوْهامُ الْواصِفِينَ وَ الصَّلاةُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَوَّلِينِ وَ الْاخِرِينَ الصّادِقِ الْأَمِينَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ الْهُداةِ الْمَهْدِيِّينَ 

اللّهُمَّ إِنِّي أَسْئَلُكَ بِحُرْمَةِ وَجْهِكَ الْكَرِيمِ وَ بِحُرْمَةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَواتُكَ عَلَيْهِ وَ الِهِ وَ بِحُرْمَةِ أَهْلِ بَيْتِ رَسُولِكَ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِىٍّ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِىٍّ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسى وَ عَلِىٍّ وَ مُحَمَّدٍ وَ عَلِىٍّ وَ الْحَسَنِ وَ الْخَلَفَ الْباقِى صَلَواتُكَ وَ بَرَكاتُكَ عَلَيْهِمْ أَنْ تُصَلِّىَ عَلَيْهِمْ أَجْمَعِينَ وَ تُعَجِّلَ فَرَجَ قائِمِهِمْ بِأَمْرِكَ وَ تَنْصُرَهُ وَ تَنْتَصِرَ بِهِ لِدِينِكَ وَ تَجْعَلَنِي فِى جُمْلَةِ النّاجِينَ بِهِ وَ الْمُخْلِصِينَ فِى طاعَتِهِ بِرَحْمَتِكَ يا أَرْحَمَ الرّاحِمِينَ


 «Nəhcül-Bəlağə» elə bir kitabdır ki, əgər dünyanın ağıllıları, alimləri və natiqləri insanların səadət, xoşbəxtlik və asayişi barəsində bir söz demək və ya yazmaq istəsələr,  onun kimi deyə və yaza bilməzlər. Çünki o elə bir şəxsin dil və qələmindən çıxıb ki, elmlər və ilahi maarifin nümunəsidir və peyğəmbərlərin sonuncusundan (səlləllahu əleyhi və alih) sonra bütün bəşəriyyətdən üstündür. Bü kitab möcüzədir. Çünki bəşəriyyət onun kimisini gətirməyə qadir deyildir. Əlbəttə, ola bilər ki, bəziləri bu nöqtəni dərk etməyib mənim sözlərimi puç sansınlar. Amma mən uzun illər dini elm və maariflə məşğul olub onu dərk etdikdən sonra bu mübarək kitab və onun ərəb və fars dillərində olan şərhlərini mütaliə etdiyim və onun barəsində yüzlərlə təfsir, fiqh, hədis, fəlsəfə, kəlam, tarix, lüğət, rical və digər elmlərin kitablarını diqqətlə oxuyub araşdırdığım üçün bu sözü tam əminliklə bütün bəşəriyyətə xatırladıram. Həmçinin Allaha şükr edir və «elm şəhərinin qapısı» Həzrət Əmirəl-mömininin hüsn-rəğbətindən baş ucalığı duyuram ki, məni bu kitabın beş hissəsinə tərcümə və şərh yazmağa nail edib və mənə ancaq məhdud bir təbəqənin istifadə etdiyi (və hər bir kəsin öz dərki miqdarında ondan dünya və axirət mənfəəti qazanması üçün onu ümumi kütlənin istifadəsinə çatdırmaq yolunu bilmədikləri) bir kitabı dünyanın hər yerində yaymaq və həm seçilmiş təbəqə həm də avam təbəqəni onun məziyyət və xüsusiyyətləri ilə tanış etmək bacarığı verib. İndi (bu kitabın son hissəsi olan) altıncı hissəni yazmağa başlayıram və ümidvaram ki, Allahın istəyi ilə tezliklə oxucularaın ixtiyarına veriləcəkdir.


اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِهِ وَ وَفِّقْنا فِى يَوْمِنا هذا وَ لَيْلَتِنا هذِهِ وَ فِى جَمِيعِ أَيّامِنا لِاسْتِعْمالِ الْخَيْرِ وَ هِجْرانِ الشَّرِّ وَ شُكْرِ النِّعَمِ وَ اتِّباعِ السُّنَنِ مُجانِبَةِ الْبِدَعِ وَ الْأَمْرِ بِالْمَعْرُوفِ وَ النَّهْىِ عَنِ الْمُنْكَرِ وَ حِياطَةِ الْإِسْلامِ وَانْتِقاصِ الْباطِلِ وَ إِذْلالِهِ وَ نُصْرَةِ الْحَقِّ وَ إِعْزازِهِ وَ إِرْشادِ الضّآلِّ وَ مُعاوَنَةِ الضَّعِيفِ وَ إِدْراكِ اللَّهِيفِ امِينَ يا رَبَّ الْعالَمِينَ 


Fani bəndə: 

Əliyyənnəqi Feyzul-İslam

 İsfahani Ali-Məhəmməd əd-Dibac.


Fəsil


Bu fəsildə (hissədə) Əmirəl-möminin Əli əleyhis-salamın hikmətli söz və nəsihətləri toplanıb və ona, o Həzrətdən soruşulmuş bəzi sualların cavabları və nəzərdə tutduğu şeylər barəsində bəyan etdiyi qısa kəlamları əlavə edilib.

 

1

İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:

Fitnə-fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasına süd verən) erkək dəvə balası kimi ol. 

 

2

İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:

Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş kəs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünü əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir. 


3

İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq və acizliyin məzəmməti və səbrlilik, zahidlik və günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:

Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam və dərəcəyə çatmaq şücaət və cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq və nadanı natiqləşdirir). Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir). Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya və onun malına möhtac deyil.) Günahlardan uzaqlıq (ilahi əzab müqabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pərhizkarlıq da onu dünya və axirət çətinliklərindən xilas edir.)


4

İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm, gözəl xasiyyət və təfəkkürün mədhində) buyurmuşdur:

İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah və əmin-amanlıqda saxladığı kimi, Allahın istədiyi şeyə razı olan şəxs də rifah və əmin-amanlıqda olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edib). Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir və ziyanının görür).


5

İmam Əli əleyhis-salam (sir saxlamaq, gülərüzlülük və çətinliklərə qatlaşmağın mədhində) buyurmuşdur:

Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. (Ağıllı şəxs yadı öz sirrindən xəbərdar etməz.) Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. (Gözəl xasiyyət və gülərüzlülüklə xalqın ürəyini ələ almaq mümkündür.) Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür. (Seyyid Rəzi  əleyhir-rəhmə  deyir:)

Nəql edilib ki, o Həzrət əleyhis-salam bu mətləbin yozumunda həmçinin belə buyurmuşdur: Sülh və barışıq eybləri örtməkdir. 

6

İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək və bəxşiş etməyin faydaları və hər kəsin öz əməlinin savab və cəzasına çatacağı barəsində) buyurmuşdur:

Özündənrazı kimsəyə qəzəb edən çox olar. (Çünki özündən razı olan kimsə xalqı xar sayar və buna görə də hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq. 


7

İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:

Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb) ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!


8

İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:

Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara (nisbət) verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. (Biri imkanlı olanda və bir məqama çatanda dünyapərəstlər onun üçün yaxşılıqlar uydurarlar. Yoxsul və imkansız olanda isə onun öz kamilliklərini də yaddan çıxararlar.)


9

İmam Əli əleyhis-salam (xalqla mehriban davranmağın faydası barəsində) buyurmuşdur:

İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.


10

İmam Əli əleyhis-salam (düşməni bağışlayaraq onun günahlarından keçmək barəsində) buyurmuşdur:

Düşmənini ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin (bu nemətin) şükrü et. 


11

İmam Əli əleyhis-salam (dostu olmamaq və dostu itirməyin məzəmmətində) buyurmuşdur:

İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. (Çünki dost tapmaq onu qoruyub saxlamaqdan daha asandır.)

12

İmam Əli əleyhis-salam onunla birlikdə (düşmənə qarşı) vuruşmaqdan kənara çəkilmiş şəxslər barəsində buyurmuşdur:

Haqq ilə (İmam əleyhis-salamla) yoldaşlıq etmədilər və batilə (Müaviyəyə) kömək göstərmədilər. 


13

İmam Əli əleyhis-salam (Allahın nemətlərinə şükr etməyə həvəsləndirərək) buyurmuşdur:

Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın. 


14

İmam Əli əleyhis-salam (Allahın köməksizlərə yardım etməsi barəsində) buyurmuşdur:

(Qardaş, əmi, dayı kimi) çox yaxın qohumların tərk etdikləri şəxsə (onun köməyinə) çox uzaq olan yad çatar. (Allah adamlar göndərər ki, onu tək qoymasınlar.)


15

İmam Əli əleyhis-salam (fitnə və bəlaya düçar olmuş kəslər barəsində) buyurmuşdur:

Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz. 


16

İmam Əli əleyhis-salam (tədbir tökməyə və uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur:

İşlər qəzavü-qədərin hökmlərinə elə ram və tabedir ki, (bəzən) ölüm tədbir tökmək və uzaqgörənlikdə olur. 


17

İmam Əli əleyhis-salamdan (xilafəti zamanında saqqalını rəngləməməsinin səbəbini bu yolla) soruşdular ki, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) «qocalığı dəyişdirin (saqqalınızı rəngləyin) və özünüzü yəhudilərə oxşatmayın» buyuruğunun mənası nədir? O Həzrət buyurdu: 

Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü din (əhli) az olan zaman buyurub. Buna görə də (müsəlmanlara əmr etdi ki, saqqallarını rəngləsinlər və yəhudilər kimi olmasınlar. Çünki yəhudilər saqqallarına rəng qoymurdular. Amma) indiki zamanda ki, dinin qayışı genişlənib (İslam hər yerə yayılıb) və öz sinəsini yerə qoyub (qərar tutaraq möhkəmlənib) hər bir kişi öz ixtiyarındadır. 


18

İmam Əli əleyhis-salam (uzun arzuların məzəmmətində) buyurmuşdur:

Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa ölüm onun ayağını sürüşdürər (arzusuna çatmadan ölər. Buna görə də uzun-uzadı arzuların dalınca getməyin və ölümdən qafil olmayın).


19

İmam Əli əleyhis-salam (comərdlər barəsində) buyurmuşdur:

Comərdlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın (mərhəmət) əli onun əlində olur və onu (həmin sürüşkənlikdən) qaldırır. 


20

İmam Əli əleyhis-salam (qorxu, yersiz utancaqlıq və fürsəti əldən verməyin məzəmmətində) buyurmuşdur:

Qorxu ziyanla yoldaşdır və utancaqlıq ümidsizliyə birləşikdir. Fürsət (münasib vaxt) ötəri bulud kimi keçir. Buna görə də gözəl fürsətləri əldən çıxarmayın.   

 

21

İmam Əli əleyhis-salam (xilafətinin qəsb edilməsi barəsində) buyurmuşdur:

Bizim bir haqqımız (xilafətimiz) vardır (ki, onu Həzrət Peyğəmbər müəyyənləşdirib). Buna görə də əgər onu bizə versələr, alacağıq və əgər verməsələr, bu seyr və gecə səfəri uzun olsa da, dəvələrin tərkinə minəcəyik. (Uzun çəksə də, çətinliyi özümüzə asanlaşdıraraq dözümlülüyü əldən verməyəcəyik. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

İmamın bu buyuruğu, diqqət və fikrə dalmaqla başa düşülən dolğun kəlamlardandır və onun mənası budur ki, əgər bizim haqqımızı verməsələr çətinlikdə və xar olacağıq. Səbəb budur ki, arxa tərəfə minən kəs qul, əsir və ya onların dərəcəsində olan adam olur və dəvənin tərkinə belələri minir. 


22

İmam Əli əleyhis-salam (gözəl əməllərə təşviq edərək) buyurmuşdur:

Əməlinin ağırlaşdırdığı (ibadət və bəndəlik etməyərək yaxşı işlər görməyən tənbəl) kəsi məqam və dərəcəsi qoçaqlaşdırmaz. 


23

İmam Əli əleyhis-salam (zülmə məruz qalanları və qəmgin insanları tapşırıb belə) buyurmuşdur:

Zülmə məruz qalanın dadına çatmaq və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir. (Böyük günahların bağışlanmasına səbəb olan amillərdəndir. Çünki günahkar günah etməklə fikirləri qəmləndirib. Buna görə də gərək qəmli qəlbləri sevindirsin ki, Allah onun günahlarından keçsin.)


24

İmam Əli əleyhis-salam (naşükürlər barəsində) buyurmuşdur:

Ey Adəm övladı! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Rəbbinin ardıcıl olaraq sənə nemətlər əta etməsini, eyni zamanda sənin isə Ona qarşı günah və itaətsizlik etdiyini görən zaman Ondan (əzabından) çəkin. (Çünki nankorluq və naşükürlük intiqam alınmasına və cəzalandırmaya səbəb olur.)


25

İmam Əli əleyhis-salam (sirrin gizlin qalmaması barəsində) buyurmuşdur:

Kim qəlbində bir şey gizlətsə bu mütləq, özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində biruzə verəcəkdir. (Məsələn, üzün rənginin saralması qorxu əlaməti, qızarması isə xəcalət çəkməyin nişanəsidir.)


26

İmam Əli əleyhis-salam (xəstəliklərə dözmək barəsində) buyurmuşdur:

Nə qədər ki, ağrın səni yola verir (əldən salmayıb), sən də onu yola ver. (Yəni, yüngül xəstəliyə görə yatağa düşmə.)


27

İmam Əli əleyhis-salam (zahidlik barəsində) buyurmuşdur: Zahidliyin ən gözəli onu gizləməkdir. 


28

İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur:

Sən (dünyaya) arxa çevirəndə və ölüm (sənə) üz tutanda (səninlə ölüm arasında) görüş və qovuşma necə də tez baş verəcək.

29

İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa təşviq edib) buyurmuşdur:

(İtaətsizlikdən) uzaq olun, uzaq olun. Allaha and olsun, O, (günahları elə) gizlədib ki, sanki (onları) bağışlayıb. 


30

İmam Əli əleyhis-salamdan iman haqqında soruşublar və O Həzrət (imanın və onun ziddi olan küfr və şəkkin əlamət və nişanələri barəsində) belə buyurmuşdur:

İman dörd dirək üzərində möhkəmlənib: Səbr və dözümlülük, yəqinlik və inam, ədalət və insaf, (din yolunda) cihad və çalışqanlıq. Səbr dörd növdür: arzu, qorxu, pərhizkarlıq və intizar çəkmə. Buna görə də cənnət arzusu olan kəs nəfsi istəkləri unudar və onlara göz yumar. Oddan qorxan haram və xoşagəlməz işlərdən uzaqlaşar. Dünyada pərhizkar olan kəs qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs yaxşı və xeyirxah işlərə tələsər.

Yəqin də dörd növdür: Zirəkcəsinə gözüaçıqlıq, həqiqətlərə çatmaq, başqalarından ibrət götürmək və keçmişlərin yolu. Zirəkcəsinə gözüaçıq olana (elm və əməldə) düz yol aşkar olar. Hikmət və düz yol aşkar olan kimsə müxtəlif hadisələrdən ibrət götürməyi öyrənər. İbrət götürməyi öyrənən kəs keçmişlərin arasında olmuş (onların vəziyyətini görmüş, işlərinin sonunu sınaqdan keçirmiş və nəticədə varlıqların başlanğıcı və sonu barəsində yəqinlik və inama malik) şəxsə bənzəyir.

Ədalət də dörd növdür: Düzgün anlamaq üçün diqqətlilik, elmin həqiqətinə çatmaq, yaxşı hökm çıxarmaq və dözümlülüyü möhkəm saxlamaq. Buna görə də şəxs diqqət edərək düzgün başa düşsə elmin həqiqətini əldə edər. Elmin həqiqətini əldə edən kəs din qaydaları əsasında hökm çıxarar. Səbrli və dözümlü olan kəs isə öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar.

Cihad da dörd növdür: Yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək, danışıqda düzlük və pis əməl sahibləri ilə düşmənçilik. Beləliklə, hər kim yaxşı işlərə əmr etsə möminlərə qoşularaq onları gücləndirib. Pis (nalayiq) işləri qadağan edən kəs münafiq və ikiüzlülərin burunlarını torpağa sürtüb. Danışığında düz olan kəs boynunda olan şeyi yerinə yetirib. Kim pis əməl sahibləri ilə düşmənçilik etsə və Allaha görə qəzəblənsə, Allah da ona görə (onlara) qəzəblənər və qiyamət günü onu şad edər (rəhmətindən bəhrələndirər). 

Küfr də dörd sütun üzərində dayanıb: (Mənşəyi əsassız şübhə və tərəddüd olan, ağıl və dərrakəndən kənar, yersiz) dərinə getmək, inadkarlıq və çəkişmə etmək (ki, o, ifrat - yəni, haqqı aşmaqdır), haqdan əl çəkmək (ki, o, təfrit - yəni, haqq barəsində başısoyuqluqdur), düşmənçilik və haqqa tabe olmamaq. (Yersiz) dərinə gedən kəs düz yola ayaq basmayıb. Nadanlıq üzündən çox inadkarlıq göstərib çəkişməyə düşən şəxsin haqqa qarşı kor olması həmişəlikdir. Haqdan əl götürən şəxsin yanında yaxşılıq pislik, pislik isə yaxşılıq olar və o, azğınlıq sərxoşluğu ilə məst olar. Düşmənçilik edərək haqqa tabe olmayan kəsin yolları çətinləşər, işi ağırlaşar və (azğınlıq və zəlalətdən) çıxmaq yolu daralar.

Şəkk (və tərəddüd) də dörd növdür: (Boş və nahaq yerə) söz güləşdirmək, (haqqın icrasından) qorxmaq, sərgərdanlıq və (azğınlağa) təslim olmaq (və nicat yolu istiqamətində çalışmamaq). Mübahisə və söz güləşdirməyi özünün adəti etmiş kəsin gecəsi gündüz olmaz (şəkk və tərəddüd zülmətindən yəqinlik və inam işıqlılığına çıxmaz). Qarşısındakı şeyin (cihad və haqq yolunda çalışmağın) qorxutduğu kəs arxaya qayıdar (öz işlərində bir yerə çatmaz). Kim şübhə içərisində avara və sərgərdan qalsa (və özünü yəqinlik və inamın təhlükəsiz və rahat yerinə çatdırmasa) şeytanların ayaqları onu tapdaq edərlər (şeytanlar ona hakim olaraq onu məhv edərlər). Dünya və axirəti məhv etməyə təslim olan kəs, dünya və axirətdə məhv olar. (Seyyid Rəzi-rəhiməhullah- deyir:)

Bundan sonra da söz var idi ki, biz onu söhbətin uzun olması və bu kitabda nəzərdə tutulmuş (ixtisar) qəsdimizdən xaric olmaqdan qorxduğumuz üçün bəyan etmədik.


31

İmam Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurmuşdur:

Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. (Çünki iş onu görəndən asılıdır. Buna görə də onu görən işin özündən üstündür.)


32

İmam Əli əleyhis-salam (ifrata varmaq və təfritə düçar olmaqdan çəkindirərək) buyurmuşdur:

Bəxşiş edən ol, amma israf və yersiz həddə yox (ki, ifrat və həddi aşmaq olsun)! Mötə’dil ol və xəsis olma (ki, o, təfrit- hədd və əndəzədən aşağı haldır).


33

İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurmuşdur:

Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (Çünki arzu insanı möhtac edir.)


34

İmam Əli əleyhis-salam (başqasını incitməyin ziyanı barəsində) buyurmuşdur:

Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə (düşünmədən danışsa və ya onların meyl və istəyinə zidd bir iş görsə) onun barəsində bilmədikləri şeyi danışarlar. (Çünki insan birindən inciyəndə təbii olaraq onun barəsində eşitdiyini və ya yalan deməkdən çəkinmir.)

35

İmam Əli əleyhis-salam (uzun arzuların ziyanı barəsində) buyurmuşdur:

Arzusunu uzadan kəs əməlini pisləşdirib. (Çünki uzun arzu, axirətdən qafil olmağa və əbədi həyat səadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu və ümidvarlıq bəyəniləndir.)


36

İmam Əli əleyhis-salam Şama gedəndə (İraq şəhərlərindən olan) Ənbar şəhərinin kəndxuda və böyükləri onunla rastlaşdılar və o Həzrətə təzim və ehtiram məqsədi ilə atlarından düşüb miniyinin qabağında qaçmağa başladılar. Bu zaman o Həzrət buyurdu: Bu nə iş idi ki, siz gördünüz? Dedilər: Bu bizim adətimizdir və öz əmir və hakimlərimizə belə ehtiram göstəririk. Sonra o Həzrət (Allahdan başqası üçün əyilməyin məzəmmətində) buyurdu:

Allaha and olsun ki, sizin hökmdarlarınız bu işdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada əziyyətə, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. (Çünki Allahdan başqasının müqabilində əyilmək günahdır və əzaba səbəb olur.) Arxasınca cəza olan əziyyət (Allahdan başqası üçün əyilmək) necə də çox ziyanlıdır! Kənarında oddan (cəhənnəmdən) xatircəmlik olan rahatlıq (məxluqa xoş gəlmək üçün əziyyət çəkməmək) nə qədər çox xeyirlidir! 


37

İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (öyüd verərkən) buyurmuşdur:

Oğulcanım, məndən dörd və dörd şeyi yadında saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz. (Şəxsin özünə aid olan dörd şeydən birincisi belədir:) Var-dövlətin ən üstünü ağıldır (ki, şəxs onun vasitəsi ilə dünya və axirət səadət və xoşbəxtliyini əldə edir). (İkincisi:) Ən böyük yoxsulluq ağılsızlıqdır (ki, iki dünyada da bədbəxtliyə səbəb olur). (Üçüncü:) Ən böyük qorxu xudpəsəndlikdir (ki, belə olan şəxs heç kəslə ünsiyyətdə olmur və bu səbəbdən hamı onunla düşmən olur və o, həmişə qorxu içində olur). (Dördüncü:) Ən üstün böyüklük xoşxasiyyətlilikdir. (Çünki xoşxasiyyət olan kəs hamının yanında yüksək məqama malik olur.)

Oğulcanım, (başqaları ilə davranış barəsində olan dörd şeydən birincisi budur:) axmaqla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir vermək istəyər, amma ziyan vurar. (Çünki axmaq xeyirlə ziyanın yerlərini bir-birindən ayıra bilmir.) (İkincisi:) Xəsis adamla dostluq etməkdən çəkin. Çünki o, (xəsislik və simicliyinə görə) çox ehtiyacın olan şeyi səndən əsirgəyər. (Üçüncüsü:) Pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o, səni lap az şeyə satar. (Çünki öz səadətini az şeyə görə əldən vermiş kəs səni, əlbəttə ki, daha az qiymətə satacaqdır.) (Dördüncüsü:) Çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o, uzağı yaxın və yaxını uzaq edən ilğım (hamar yerdə su kimi nəzərə çarpan suya bənzər görüntü) kimidir (öz nadürüst məqsədlərini həyata keçirmək üçün çətin işi asanlaşdırar, asan işi isə çətinləşdirər).


38

İmam Əli əleyhis-salam (vacibi əməllərə əhəmiyyət vermək barəsində) buyurmuşdur:

Müstəhəbbi əməllər vacibata zərər yetirəndə onların vasitəsi ilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil. 


39

İmam Əli əleyhis-salam (axmağın məzəmmətində) buyurmuşdur:

Ağıllı adamın dili qəlbinin arxasındadır. (Ağıllı adam əvvəl deyəcəyi şeyin yaxşı və pis cəhətlərini öz ağlı ilə ölçür və sonra deyir.) Axmağın isə qəlbi dilinin arxasındadır. (Ağılsız adam başa düşmədən istədiyini deyir və onun düz və ya səhv, xeyirli və ya ziyanlı olması barəsində  sonra fikirləşir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) 

Bu kəlam gözəl və ürəyəyatan mənalardandır. Məqsəd budur ki, ağıllı adam düşüncəsi ilə məsləhətləşmə aparıb onun müsbət rəyini almadan dilini buraxmır (söz danışmır). Ağılsızın dilinin çölə ötürdükləri və düşünülməmiş danışıqları isə, işin aqibəti barəsində fikrə və dərin düşüncəyə müraciət etməyi ötür. Buna görə də sanki ağıllı adamın dili qəlbinə, ağılsız adamın isə qəlbi dilinə tabedir. Bu məna o Həzrət əleyhis-salamdan başqa sözlə də nəql edilib və həmin kəlam belədir: «Axmağın qəlbi ağzında, ağıllı adamın dili qəlbindədir.» Hər iki kəlamın mənası eynidir.

40

İmam Əli əleyhis-salam səhabələrindən biri xəstə olan zaman (xəstəliyin günahların bağışlanmasına səbəb olması barəsində) ona buyurmuşdur:

Allah sənin xəstəliyini, günahlarının silinməsi (üçün səbəb) edib. Buna görə də xəstəlik üçün savab yoxdur. Amma (insanı üzgün və zəif etdiyi və o, belə bir vəziyyətdə tövbə edib Rəbbinə doğru döndüyü, günah və itaətsizliyindən peşman olaraq onları tərk etmək qərarına gəldiyi üçün) günahları aradan aparır və onları yarpaqların (ağacdan) tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda və əl və ayaqla olan əməllərdədir. (Xəstəlik nə danışmaqdır və nə də əməl.) Nöqsan sifətlərdən pak və uzaq olan Allah, bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edir. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Deyirəm: İmam əleyhis-salam xəstəlik üçün savab olmamasını düz buyurub. Çünki xəstəlik əvəzi olan şeylər qismindədir. Ona görə ki, əvəz Allah-təalanın bəndələrə verdiyi dərd, xəstəlik və bu kimi şeylər müqabilindədir. Savab isə bəndənin iş və əməli müqabilindədir. Deməli, əvəzlə savab arasında fərq var və İmam əleyhis-salam dərin elm və dolğun nəzəri ilə onu açıqlayıb.


41

İmam Əli əleyhis-salam Xəbbab ibn Ərətt barəsində buyurmuşdur:

Allah Xəbbab ibn Ərətti bağışlasın ki, o, İslamı (ikrah və məcburiyyətlə deyil) rəğbətlə qəbul etmişdi və itaətkarlıq üçün vətənindən hicrət etdi (və Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gəldi). (Dünya malından) keçinəcək miqdara qane oldu. Allahdan (Onun verdiyi rahatlıq, çətinlik, xəstəlik və sağlamlıqdan) razı və məmnun idi. Mücahid yaşadı (bütün həyatı boyu Allah yolunda cihad etdi). (Sonra onu tərifləyərək buyurur:) Xoş o adamın halına ki, məad və dönüş yerini yadına salır, (həmin gündə olacaq) hesab və sorğu üçün iş görür, gündəlik keçinəcəyi miqdar ruziyə qane olur və Allahdan (Onun verdiyindən) razı və məmnundur.

42

İmam Əli əleyhis-salam (mömin və münafiq barəsində) buyurmuşdur:

Əgər bu qılıncımla möminin burnunu kökündən vursam ki, mənimlə düşmən olsun, düşmənçilik etməyəcək. Həmçinin əgər bütün dünyanı (dünya malının hamısını) münafiqin başına töksəm ki, məni (həqiqətən) sevsin, sevməyəcək. Bu ona görə belədir ki, (ilahi hökm bu cür) verilib və təhsil görməmiş Peyğəmbərin (səlləllahu əleyhi və alih) dilində belə cari olub ki: «Ya Əli! Mömin səninlə düşmən olmaz və münafiq səni sevməz.» 


43

İmam Əli əleyhis-salam (özündən razılığın məzəmmətində) buyurmuşdur:

Allah yanında, səni qəmləndirən pis iş (məsələn yalan danışıb sonra ondan peşman olmağın) səni məğrurluq və öyünməyə vadar edən yaxşılığından (məsələn namaz qılmaq və ya oruc tutmaqdan) daha yaxşıdır. (Çünki peşmançılıq günahı aradan aparır. Amma yaxşı iş görüb məğrur olmaq həmin yaxşılığı məhv edən günahdır.)

44

İmam Əli əleyhis-salam (gözəl sifətlər barəsində) buyurmuşdur:

İnsanın qədir-qiyməti onun himməti miqdarındadır. (Buna görə də əgər himməti böyük olsa hörmətli və əziz, himməti az olsa isə xar və zəlil olar.) Düzlüyü isə comərdliyi miqdarındadır. Həmçinin onun şücaət və cəsurluğu şərəfinin qədərində, çirkin və nalayiq işləri ar bilməsi miqdarındadır. (Deməli, çirkin işi hər nə qədər çox ar bilsə şücaət və cəsurluğu da bir o qədər çoxdur.) Eləcə də namus və isməti qeyrəti qədərdir. 

45

İmam Əli əleyhis-salam (qələbə barəsində) buyurmuşdur:

Qələbə uzaqgörənliklədir. Uzaqgörənlik fikri işə salmaqladır. Fikir isə sir və gizli şeyləri qorumaqladır. (Deməli, öz gizlin sirrini faş edən kəs rəy və fikrini qorumayıb və uzaqgörənlikdən xaric olub və nəticədə məqsədinə çatmayacaq.)


46

İmam Əli əleyhis-salam (comərd və alçaq adam barəsində) buyurmuşdur:

Səxavətli və comərd şəxsin ac (möhtac) olanda hücum etməsindən qorxun. (Çünki belə olan halda, xalqın etinasızlığı onu qıcıqlandırır və o, onlara hakim olub intiqam almaq üçün özünü təhlükəyə atır.) Həmçinin alçağın tox olandakı (varlanandakı) hücumundan çəkinin. (Çünki varlılıq onu arzusuna çatdırar və o, təbiətinə uyğun olaraq əli altında olanlara əziyyət verər, incidər onları.)


47

İmam Əli əleyhis-salam (könüllərin ələ alınması barəsindəki tapşırığında) buyurmuşdur:

İnsanların qəlbləri hürkəkdir (bir-birləri ilə tanış deyildirlər). Buna görə də kim (yoldaşlıq, yaxşılıq və dostluq ilə) onları ələ alsa, ona üz tutarlar.


48

İmam Əli əleyhis-salam (dünya üzünə gülən şəxs barəsində) buyurmuşdur:

Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır (dünya sənə yardır), eyibin (gözlərdən) gizlin qalar. 


49

İmam Əli əleyhis-salam (əfv etmək barəsində) buyurmuşdur:

İnsanların əfv etmək və bağışlamağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlarıdır. (Çünki əfv etmək qüdrətdən asılıdır. Buna görə də zəifin əfv etməsi mənasızdır.)

50

İmam Əli əleyhis-salam (səxavətin mənası barəsində) buyurmuşdur:

Səxavət və (layiq olan kimsəyə bir şey) bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən (istəyən şəxsin və ya xalqın töhmətindən) qurtulmaqdır.

51

İmam Əli əleyhis-salam (bəzi sifətlər barəsində) buyurmuşdur:

Ağıl kimi sərvət yoxdur. (Çünki ağıl dünya və axirət səadəti və xoşbəxtliyini qazanmaq yolunu göstərir.) Nadanlıq kimi yoxsulluq yoxdur. (Çünki nadan hər bir şeyin əldə edilməsi üçün başqasından soruşmağa möhtacdır. İnsanı nalayiq və xoşagəlməz işlərdən saxlayan) ədəb kimi miras yoxdur. Məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur. (Çünki düzgün fikir məsləhətləşmə ilə əldə edilir.)

52

İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:

Səbr iki cürdür: (Biri) bəyənmədiyin şeyə səbr etmək (ki, bu növ səbr şücaət və cəsurluqdur) və (digəri) sevdiyin şeyə səbr etmək (ki, bu cür səbr namus və ismətdəndir).


53

İmam Əli əleyhis-salam (varlılıq və yoxsulluq barəsində) buyurmuşdur:

Varlılıq (insan üçün) qürbətdə vətəndir. (Çünki ona görə hamı adamla dostluq və tanışlıq edir.) Yoxsulluq isə vətəndə də qürbətdir. (Çünki onun nəticəsində hamı adamdan uzaqlaşır.)


54

İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur:

Qənaət tükənməz sərvətdir. (Çünki qənaət etmək, eləcə də əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:) 

Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir.

55

İmam Əli əleyhis-salam (sərvətin ziyanı barəsində) buyurmuşdur:

Sərvət şəhvət və nəfsi istəklərin özəl və təməlidir. (Çünki sərvət nəfsi istəklərə çatmağa imkan yaradır.)


56

İmam Əli əleyhis-salam (öyüd verən kəs barəsində) buyurmuşdur:

Səni (pisliklərdən qorxudaraq) çəkindirən kəs, səni (xeyir və yaxşılığa) müjdələyən şəxs kimidir. (Çünki şər’i dəf etmək xeyirdir.)

57

İmam Əli əleyhis-salam (düşünmədən danışmağın ziyanı barəsində) buyurmuşdur:

Dil yırtıcıdır (yırtıcı heyvan kimidir) ki, əgər özbaşına buraxılsa (düşünmədən və ağlın rəhbərliyi olmadan istədiyini desə, sahibini) parçalayar (məhvinə səbəb olar).

 

58

İmam Əli əleyhis-salam (arvadın məzəmmətində) buyurmuşdur:

Arvad əqrəbdir (onun kimi əziyyətedicidir) ki, sancmağı (onunla əlaqədə olmaq) şirindir.

59


İmam Əli əleyhis-salam (yaxşı işə əvəz vermək barəsində) buyurmuşdur:

Biri sənə salam verəndə sən (onun cavabında) ondan yaxşı salam ver. Sənə ehsan və yaxşılıq ediləndə sən ona ondan artıq əvəz və mükafat ver, (yaxşılığın əvəzini daha artıq yaxşılıqla çıx) hərçənd ki, fəzilət və üstünlük yaxşılığı ilk edənə məxsusdur. 

60

İmam Əli əleyhis-salam (vasitəçiliyin xeyri barəsində) buyurmuşdur:

Vasitəçi və ağız açan, (başqasından bir şey) istəyənin qanadıdır (onun üçün quşun, vasitəsi ilə öz istədiyinə nail olduğu qanadı kimidir).

61

İmam Əli əleyhis-salam (qəflət barəsində) buyurmuşdur:

Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir (və xəbərsizdir ki, birdən məsafə qət olunar və həmişə olacaqları yerə çatarlar və carçı car çəkər ki: düşün və yüklərinizi açın).


62

İmam Əli əleyhis-salam (tənhalığın ziyanı barəsində) buyurmuşdur:

Dostları əldən vermək qürbətdir. (Çünki bu, vətəndən uzaq düşmək kimidir.)

63

İmam Əli əleyhis-salam (nalayiq insanlardan minnət götürməmək barəsində) buyurmuşdur:

Ehtiyacın təmin edilməməsi onu ləyaqətsiz adamdan istəməkdən daha asandır. (Çünki onun təmin edilməməsi qəm-qüssəyə səbəb olur. Amma onu ləyaqətsiz adamdan istəmək təmin edilib-edilməməsindən asılı olmayaraq xəcalətliliyə səbəb olur.)


64

İmam Əli əleyhis-salam (bəxşiş barəsində) buyurmuşdur:

Azı bağışlamaqdan utanma. Çünki ümidsiz qoymaq ondan da azdır (və utanmağa daha layiqdir).


65

İmam Əli əleyhis-salam (iffətlilik və şükr etmək barəsində) buyurmuşdur:

İffət yoxsul və kasıbın zinət və bəzəyi, (Allahın nemətlərinə) şükr etmək isə varlının yaraşığıdır.


66

İmam Əli əleyhis-salam (arzular barəsində) buyurmuşdur:

İstədiyinə çatmayanda hər nə cür olsan qəmlənmə. (Çünki çatılmayan şeyə görə qəmlənmək ağılsızlıqdır.)


67

İmam Əli əleyhis-salam (nadanın məzəmmətində) buyurmuşdur:

Nadanların hamısı ya ifratçıdırlar (öz hədd və əndazələrini aşırlar), ya da çox süst və səhlənkar (ki, öz hədd və əndazələrinə çatmırlar).

68

İmam Əli əleyhis-salam (ağılın nişanəsi barəsində) buyurmuşdur:

Ağıl kamilləşən zaman (kamal həddinə çatanda) danışıq azalar. (Çünki ağlın kamilliyi bədən qüvvələrinin qorunub saxlanmasına hakim olmağı tələb edir. Buna görə də o, heç vaxt yersiz danışmır.)

69

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur: 

Dünya bədənləri köhnəldir (qocaldır), (rahatlığın azlığı ilə) arzuları yeniləşdirir, (öz gərdişi ilə) ölümü yaxınlaşdırır və (ölümün yaxınlaşması ilə) arzuları uzaqlaşdırır. Dünyaya qalib gələn (onun malını əldə edən, onları qoruyaraq artırmaq üçün) əziyyətə düşdü, onu tapmayan isə (malik olmadığı üçün) çətinliyə düçar oldu. (Xülasə, dünya həm kamına çatan, həm də çatmayan üçün əzab-əziyyət diyarıdır. Buna görə də ağıllı adam ona ürək bağlamaz və aldanmaz.)


70

İmam Əli əleyhis-salam (başçı və rəhbərlər barəsində) buyurmuşdur:

Özünü xalqın rəhbəri etmiş şəxs başqasına öyrətməkdən qabaq, öncə öz nəfsinin təliminə başlamalıdır. O, başqasını dil ilə ədəbləndirərək zinətləndirməmişdən qabaq, gərək onu öz əməli ilə ədəbləndirərək gözəlləşdirsin. (Məsələn, başqasına «namaz qıl ki, nicat tapasan» deməmişdən, qabaq gərək özü namaz qılsın.) Öz nəfsini öyrədən və ədəbləndirən, xalqı öyrədərək ədəbləndirəndən təzim və ehtirama daha layiqdir. (Çünki o, nəfsi istəklərinə tabe deyil.)


71

İmam Əli əleyhis-salam (ölümün yaxın olması barəsində) buyurmuşdur:

İnsanın aldığı nəfəs ölümə tərəf atdığı addımdır. 


72

İmam Əli əleyhis-salam (yersiz sevinmək və kədərlənmək barəsində) buyurmuşdur:

(Sevinc və kədər, xeyir və ziyan, sağlamlıq və xəstəlik kimi) saya gələn (sonu olan) hər bir şey qurtarandır (məhv olub aradan gedəndir). Çatmalı olan hər bir şey (təqdir edilmiş xeyir və ya şər) çatacaqdır. (Buna görə də ağıllı adam bu cür şeylərə görə sevinməz və ya qəmlənməz.)


73

İmam Əli əleyhis-salam (işin sonunu fikirləşmək barəsində) buyurmuşdur:

İşlər şübhəli olanda (onların sonunun yaxşı və ya pis olması bilinməyəndə) onların yerinə yetirilməsi başlanğıcları ilə müqayisə edilir, tutuşdurulur (ölçülür). (Beləliklə, başlanğıcı yaxşı və ya pis olsa, sonu da yaxşı, yaxud pis olacaq. Çünki «gözəl il baharından məlum olar».)


74

(İmam Əli əleyhis-salamın ən yaxın və yaxşı səhabələrindən olmuş) Zərar ibn Zəmrə Zibabinin nəql etdiyi rəvayətdə deyilir ki, o, Müaviyənin yanına gələn zaman və Müaviyə ondan Əmirəl-möminin barəsində soruşanda belə deyib: Mən onun, gecə öz zülmət pərdələrini sərəndə bəzi yerlərdə ibadət etməsini görməyimə şəhadət verirəm. O Həzrət ibadət mehrabında dayanıb saqqalını əli ilə tutub ilan çalmış adam kimi qıvrılır, qəm-qüssəyə düçar olmuş şəxs kimi göz yaşı tökür və (dünya barəsində belə) buyururdu:

Ey dünya, ey dünya, məndən gözünü çək! (Aldatmaq qəsdi ilə) özünü mənə təqdim edir, göstərirsən? Yoxsa mənə meyl salıb məni istəyirsən? Yaxınlaşmasın sənin (aldatma) vaxtın! Sənin arzun nə qədər də uzaqdır! Başqasını aldat ki, mənim sənə ehtiyacım yoxdur. Sənin talağını üç dəfə vermişəm (sənə göz yummuşam) ki, onda qayıdış yoxdur. Beləliklə, sənin həyatın qısa, əhəmiyyətin az, arzun isə alçaqdır. Əfsus ki, azuqə (ibadət və bəndəlik) az, yol uzun, səfər (axirət səfəri) uzaq və daxil olunacaq yer (qəbr, Bərzəx və qiyamət) isə çətindir. 

75

İmam Əli əleyhis-salamın bir şamlı kişi ondan (Siffeyn müharibəsindən qayıdandan sonra) «bizim Şama (ora əhli ilə müharibəyə) getməyimiz Allahın qəzavü-qədəri ilə idi?» soruşanda (qəzavü-qədər barəsində) buyurduğu kəlamlarındandır. (İmam) uzun söhbətdən sonra bizim seçdiyimiz bu kəlamları buyurdu:

Vay olsun sənə! (Allah sənə rəhm etsin.) Deyəsən, sən (mütləq yerinə yetirilməli olan) qəti və labüd qəzavü-qədəri güman edirsən (nəzərdə tutursan)? Əgər belə olsaydı, savab və cəza düz olmaz və xeyir və yaxşılığa (cənnətə) müjdə vermək və şər və pislikdən (cəhənnəmdən) qorxutmaq əbəs olardı. (İmam əleyhis-salam söhbətinin davamında belə buyurdu:) Nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrinə ixtiyar verməklə əmr edib və (əzabdan) qorxutmaqla qadağan edib, çəkindirib. Boyunlarına asan vəzifələr qoyub (ki, rəğbətlə yerinə yetirsinlər). (Yerinə yetirmək üçün) çətin göstəriş verməyib (ki, onların icrasında məcbur olmasınlar). Az əmələ çox savab və əvəz əta edib (ki, bunun özü ixtiyarın olmasını tələb edir). Ona itaətsizlik edilməsinin səbəbi Onun məğlub edilməsi deyil. (Çünki O, bəndələrinə qalib və üstündür.) Həmçinin itaət edilməsinin səbəbi məcbur etməsi deyil. (Əksinə, hamıya ixtiyar verib və hər bir işə lazım olan şəraiti hazırlayıb.) Peyğəmbərləri oyun üçün göndərməyib (bəlkə, əksinə, onları göndərib ki, itaət edənlərə cənnət müjdəsi versinlər və itaətsizlik edənləri cəhənnəm ilə qorxutsunlar). (Tövrat, İncil və Qur'an kimi) kitabları bəndələr üçün boş yerə göndərməyib (bəlkə onları göndərib ki, bəndələri Allahın göstərişləri ilə tanış olsunlar). Həmçinin göyləri, yeri və onlarda olanları əbəs yerə yaratmayıb. (Onların hamısını hikmət əsasında yaradıb. Buna görə də bütün işləri düz olan hikmət sahibinin kimisə məcbur etməsi necə ola bilər?! Qur’ani-Kərimin Sad surəsinin 27-ci ayəsində belə buyurulur:) «ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ» «Bu, (iman gətirməyib) kafir olanların zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!» (Sonra həmin qoca dedi: Qəzavü-qədər nədir ki, biz ancaq onun səbəbindən getmişik? İmam buyurdu: O, Allahın hökm və göstərişidir. Sonra bu ayəni - İsra surəsinin 23-cü ayəsini - oxudu: «وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ» «Rəbbin yalnız Ona ibadət etməyi hökm etmişdir.» Sonra həmin qoca sevincək yerindən qalxıb belə dedi:  

أَنْتَ الْإِمامُ الَّذِى نَرْجُو بِطاعَتِهِ               يَوْمَ النُّشُورِ مِنَ الرَّحْمنِ رِضْواناً 

أَوْضَحْتَ مِنْ دِينِنا ما كانَ مُلْتَبَساً            جَزاكَ رَبُّكَ عَنّا فِيهِ إِحْساناً 

 Yəni: «Sən elə bir imam və rəhbərsən ki, biz sənə tabe olmaqla qiyamət günü bağışlayan Allahın razılığını əldə edəcəyimizə ümidvarıq. Sən dinimizdən bizə məchul olan şeyi aşkar etdin. Rəbbin bizim tərəfimizdən sənə bu xidmətinə görə gözəl savab əta etsin.»)


76

İmam Əli əleyhis-salam (hikmət barəsində) buyurmuşdur:

Hikməti (düz və haqqa uyğun sözü) harda olsa əldə edin (istər yaxşı əməl sahibindən olsun, istərsə də pis əməllidən). Çünki hikmət münafiq və ikiüzlünün sinəsində də var və (onun dilindən) xaric olub öz sahibi olan möminin sinəsində məskən salıncaya qədər orada (hikmətin saxlanılmasına layiq olmayan yerdə) iztirab və sıxıntıdadır.


77

İmam Əli əleyhis-salam (yenə də hikmət barəsində) həmin kəlama bənzər bir açıqlamada buyurmuşdur:

Hikmət möminin itiyidir (həmişə gərək onun arxasınca olsun). Buna görə də hətta ikiüzlülərdən olsa belə, onu əldə et.


78

İmam Əli əleyhis-salam (peşə barəsində) buyurmuşdur:

Hər bir insanın dəyəri (onun xalq yanındakı məqamı) yaxşı (edə) bildiyi şeydir (peşədir, yaxşı bildiyi peşə miqdarındadır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu sözə qiymət təyin etmək, hər hansı bir hikmət və nəsihəti onunla müqayisə etmək və hansısa bir sözü ona tay tutmaq mümkün deyil. 


79

İmam Əli əleyhis-salam (nəsihət verərək) buyurmuşdur:

Sizə beş şey vəsiyyət edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (sürətlə gedərək əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər: (Birinci:) Heç biriniz öz Rəbbindən başqa birisinə ümidvar olmamalıdır. (İkinci:) Öz günahından başqa bir şeydən qorxmamalıdır. (Üçüncü:) Ondan bilmədiyi şey soruşulanda «bilmirəm» deməkdən utanmamalıdır. (Dördüncü:) Bilmədiyi şeyi öyrənməkdən utanmamalıdır. (Çünki utansa cəhalət və nadanlıqda qalar və bədbəxt olar. Beşinci:) Səbrli və təmkinli olun. Çünki (səbr fəzilət və kamilliklərin hamısında mövcuddur və) səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Başsız bədəndə, eləcə də səbrsiz imanda xeyir yoxdur.

80

İmam Əli əleyhis-salam, o Həzrətə əqidəsi olmadan onu tərifləməkdə ifrata varan bir kişiyə (təvazökarlıq üsulunu öyrədərək) buyurmuşdur:

Mən sənin dediklərindən (Allah və Peyğəmbərə layiq olan mədh və sənadan) aşağı, fikrində keçirdiklərindən (mənim fəzilət və üstünlüklərimə etiqad və inamının olmamasından) isə üstünəm.


81

İmam Əli əleyhis-salam (yaxşı insanların nəsl və övladlarının qalması barəsində) buyurmuşdur:

Qılıncdan qalanlar (şərafət döyüşündə öldürülməyənlər) sayca daha qalarlı və övladca daha çoxdurlar. (Məsələn, şəhidlərin ağa və başçısı imam Hüseyn əleyhis-salam və onun tərəfdarlarının övladları çox, qalarlı və möhkəmdirlər. Bunun müqabilində onun nanəcib düşmənlərinin çox olmalarına baxmayaraq, indi onlardan heç bir əsər-əlamət qalmayıb.)

82

İmam Əli əleyhis-salam («bilmirəm» deməməyin ziyanı barəsində) buyurmuşdur:

(Bilmədiyi bir şey soruşulanda) «bilmirəm» deməyən şəxsin ölüm yeri (həlak olacağı yer) ona çatacaq (o, rüsvay və məhv olacaq).

83

İmam Əli əleyhis-salam (qoca adamın nəzəri barəsində) buyurmuşdur:

Mən (müharibə və digər bütün işlərdə) qoca adamın nəzərini, gəncin bacarıq və cəsurluğundan çox sevirəm. (Çünki gənc təcrübəsinin azlığı ucbatından məğrur olaraq özünü və dostlarını məhvə düçar edə bilər.)

Bəzi rəvayətlərdə («مِنْ جَلَدِ الْغُلامِ» «gəncin cəsurluğu»nun yerinə) «مِنْ مَشْهَدِ الْغُلامِ» «gəncin iştirakı» nəql edilib (yəni, qocanın fikir və nəzərini gəncin iştirakından çox sevirəm).


84

İmam Əli əleyhis-salam (istiğfar - bağışlanma istəmək barəsində) buyurmuşdur:

(Günahları üçün) istiğfar və bağışlanma istəmək imkanının olmasına baxmayaraq, (Allahın onu bağışlamasından) naümid olan kəsə təəccüb edirəm. (Amma istiğfar, İmam əleyhis-salamın kitabın sonundakı 409-cu kəlamında buyurduğu şərtlərlə olmalıdır.)


85

Həzrət Əbu Cə’fər (imam) Məhəmməd Baqir ibn Əli (ibn Hüseyn) əleyhimus-salam nəql edib ki, İmam Əli əleyhis-salam (istiğfar etməyə həvəsləndirərək) buyurmuşdur:

Yer üzündə Allahın cəzasından pənah aparıb rahatlanmaq üçün iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin yanınızdadır. Buna görə də ondan yapışın (onu qoruyun). Əldən çıxmış sığınacaq, Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) idi (ki, sizin aranızdan köçdü). Qalan sığınacaq isə istiğfar və (günahlar üçün) bağışlanma istəməkdir. Allah-təala (Qur’ani-Kərimdə Ənfal surəsinin 33-cü ayəsində) buyurur: «وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ اللّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ» «Nə qədər ki, sən onların arasındasan Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!» (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu bəyan (Qur’ani-Kərimdən şahid gətirmək) gözəl sözlər və həqiqətləri dərk etmək istiqamətindəki incəliklərdəndir (ki, İmam əleyhis-salam onu açıqlayaraq anladıb).


86

İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyurmuşdur:

Kim özü ilə Allah arasında olanları düzəltsə (Allahın göstərişlərinə əməl etsə) Allah onunla xalq arasında olanları düzəldər (ona çətinliklərdən nicat verər). Kim axirət işini düzəltsə (qiyamət əzabından qurtulacaq iş görsə və bütün səy və təlaşını dünya işinə sərf etməsə), Allah onun dünya işini düzəldər. Kimin özündən, bir nəsihətçisi olsa (düşüncə ilə nəfsini günahlardan saxlasa və cəhənnəm əzabından qorxutsa), Allah tərəfindən onun gözətçisi olar (ki, onu hər bir bəla və çətinlikdən qorusun.)

87

İmam Əli əleyhis-salam (təbliğ üsulu barəsində) buyurmuşdur:

Dərrakəli və zirək alim o kəsdir ki, xalqı Allahın mərhəmət və bağışlamasından məyus etməsin, onları Allah tərəfindən olan rahatlıq və asayişə naümid etməsin və həmçinin onları Allahın cəza və intiqamından xatircəm və asudə etməsin. 

88

İmam Əli əleyhis-salam (kənarında əməl olmayan elmin məzəmmətində) buyurmuşdur:

Elmin ən dəyərsizi, dildə yerləşən (insanın ona əməl etmədiyi) elmdir. Elmin ən üstünü bütün bədəndə zahir olan elmdir. (O elmdir ki, insan ona əməl edir. Bu elmin axirətdə xeyiri vardır.)

89

İmam Əli əleyhis-salam (elm və bilikdən təngə gəlməmək, yorulmamaq barəsində) buyurmuşdur:

Bədən və cisimlər (bir növ yemək yeməkdən və bir cür iş görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tərkib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulurlar. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları və alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi və elm əldə edilməsində çalışasınız və yorulmayasınız).

90

İmam Əli əleyhis-salam (fitnədən Allaha pənah aparmaq barəsində) buyurmuşdur:

Heç biriniz «Allahım! Fitnə və imtahandan Sənə pənah aparıram» deməməlidir. Çünki fitnəyə düçar olmayan şəxs yoxdur. Lakin pənah aparan kəs gərək (haqq yoldan) azdıran fitnələrdən pənah aparsın. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Ənfal surəsinin 28-ci ayəsində) buyurur: «وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلادُكُمْ فِتْنَةٌ» «Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər.» Bunun mənası budur ki: Nöqsan sifətlərdən pak və uzaq olan Allah onları var-dövlət və övladları ilə imtahana çəkir ki, ruzisinə qəzəblənən və öz qismətinə razı olan bəlli olsun, hərçənd ki, eyb və nöqsanlardan pak olan Allah onlardan, onların özündən də çox xəbərdardır. Amma imtahan ona görədir ki, savab və cəzaya layiq əməllər (onların özləri vasitəsi ilə) aşkar olsun. Çünki onların bəziləri oğlan uşağını çox istəyir, qızdan isə xoşları gəlmir, bəziləri var-dövləti çoxaltmağı sevir və onun azalmasından narahat olurlar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam o Həzrətdən təfsirdə (və bu mübarək ayənin bəyanında) eşidilmiş heyranedici sözlərdəndir.


91

İmam Əli əleyhis-salamdan xeyir və yaxşılığın nə olmasını soruşdular. O Həzrət (onun təfsirində belə) buyurdu:

Xeyir və yaxşılıq var-dövlət və övladının çox olması deyil. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbrliliyin böyüsün və Rəbbinə itaət və bəndəlik etməyin nəticəsində xalq arasında başuca olasan. Beləliklə, yaxşılıq edəndə Allaha şükr edəsən və pis iş görəndə Allahdan bağışlanmaq istəyəsən. Dünyada iki şəxsdən - etdiyi günahların əvəzini tövbə etməklə çıxan və (az olsa da) Allahın bəyəndiyi işləri yerinə yetirməyə tələsən kəsdən - başqa heç kəs üçün xeyir və yaxşılıq yoxdur. Təqva və pərhizkarlıqla yerinə yetirilən iş az deyil. Qəbul edilən əməl necə az ola bilər?

92

İmam Əli əleyhis-salam (itaət və bəndəliyin fəziləti barəsində) buyurmuşdur:

İnsanların peyğəmbərlərə ən layiqli və yaxını onların (Allah-təala tərəfindən) gətirdiklərinə daha çox alim olanlarıdır. Sonra İmam əleyhis-salam (Ali İmran surəsinin 68-ci ayəsi olan bu ayəni) oxudu: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ» «İnsanların İbrahimə ən yaxını onun, bu Peyğəmbərin (Həzrət Mustafaya - səlləllahu əleyhi və alih-) və (o Həzrətə) iman gətirənlərin ardınca gedənlərdir.» Sonra buyurdu: Məhəmmədin dostu Allaha itaət edən kəsdir, hətta onun (o Həzrətlə) qohumluğu uzaq olsa belə (məsələn Salman, Əbuzər və Miqdad kimi)! Həmçinin Məhəmmədin düşməni Allaha itaət etməyən və tabe olmayan kəsdir, hətta onun yaxın qohumu olsa belə (məsələn, Əbu Ləhəb və Əbu Cəhl kimi).


93

İmam Əli əleyhis-salam Həruriyyədə olanlardan (Əmirəl-mömininlə müxalifət məqsədi ilə Kufə yaxınlığındakı Hərura səhrasında toplaşmış Nəhrəvan Xəvaricinin) birinin gecə namazı qılıb Qur’an oxuduğunu eşidəndən sonra (zəmanə imamını tanımadan ibadətin faydasız olması barəsində) buyurmuşdur:

(Zəmanə imamı və haqq xəlifəyə) yəqinlik və inamla olan yuxu şəkk və tərəddüdlə namaz qılmaqdan daha yaxşıdır. 


94

İmam Əli əleyhis-salam (hədislərdə düşünmək barəsində) buyurmuşdur:

Hədisi eşitdiyiniz zaman onu, kəlmələrini nəql etməklə deyil barəsində dərindən düşünməklə dərk edin. Çünki elmi nəql edənlər çox, onda düşünənlər isə azdırlar.


95

İmam Əli əleyhis-salam bir kişinin «إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ» «biz Allahın əmri ilə gəlmişik və Ona tərəf qayıdacağıq» deməsini eşidib (onun təfsirində belə) buyurdu:

 «إِنّا لِلّه» «Biz Allahın əmri ilə gəlmişik» deməyimiz Allahın padşahlığını (və bizim Onun bəndəsi olmağımızı) etiraf etməyimiz, «‌وَ إِنّا إِلَيْهِ راجِعُون» «Ona tərəf qayıdacağıq» deməyimiz isə həlak olacağımızı (və ölərək qiyamətdə hazır olacağımızı) iqrar etməyimizdir.


96

Bir dəstə İmam Əli əleyhis-salamı üzünə təriflədi. O Həzrət (təvazökarlıq yol və üsulu barəsində belə) buyurdu:

Allahım, Sən məni mənim özümdən yaxşı tanıyırsan və mən özümdən onlardan çox xəbərdaram. İlahi bizi onların güman etdiklərindən (təriflədiklərindən) yaxşı et və bizdən bilmədikləri (və Sənin bildiyin) şeyləri (pislikləri) bağışla. 


97

İmam Əli əleyhis-salam (ehtiyacları təmin etmək barəsində) buyurmuşdur:

Ehtiyacları üç şeydən başqa cür təmin etmək münasib deyil: (Birincisi) onu (Allahın yanında) böyüməsi üçün kiçik saymaq; (ikincisi) onu (savab zamanı) aşkar olması üçün gizli saxlamaq; (üçüncüsü, ehtiyac sahibinə) nuş və ləzzətli olması üçün yerinə yetirilməsində tələsmək. 


98

İmam Əli əleyhis-salam (qarşıya çıxacaq bəzi hadisələr barəsində) buyurmuşdur:

İnsanlar üçün elə bir dövran gələcək ki, onda şaha söz gəzdirəndən başqa heç kəs yaxın olmayacaq, pis əməlli yalançıdan başqa heç kəs zirək adlandırılmayacaq və əməli düz olan insaflıdan başqa heç kəs zəif və aciz sayılmayacaq. O zaman Allah yolunda sədəqə vermək və mal sərf etməyi cərimə (məcburi verilən mal) sayarlar, qohumlarla get-gəl edərək əlaqə saxlamağa minnət qoyarlar (məsələn, deyərlər ki, «filan-bəhmən edən mənəm») və Allaha bəndəlik etməyi xalqdan üstünlük amili hesab edərlər! (Bu pis əməllərin nəticəsində) həmin dövrdə padşahlıq (hökmranlıq) kənizlərin (səfil və avara qadınların) məsləhət və məşvərəti, uşaqların (təcrübəsiz şəhvətpərəst gənclərin) hökmdarlığı, xədimlərin (nalayiq və alçaq kişilərin) tədbiri ilə olacaq. (İbn Əbil Hədid öz şərhinin bu yerində belə yazır: İmam əleyhis-salamın bu buyuruğu qeyb xəbərlərindən və o Həzrətə məxsus möcüzələrdən biridir.)


99

İmam Əlinin (əleyhis-salam) əynində köhnə və yamaqlı paltar gördülər. Sonra bu barədə o Həzrətlə söhbət oldu. (Ondan bu cür paltar geyinməsinin səbəbini soruşdular.) O Həzrət (köhnə paltar barəsində belə) buyurdu:

Qəlb onunla təvazökar, nəfsi-əmmarə (-pis işlərə əmr edən nəfs) isə ram olur və möminlər onun arxasınca gedirlər (köhnə paltar geyinməklə təvazökarlıq yolu ilə gedir və nəfsin istəklərinə etinasız yanaşırlar. Bunun müqabilində təzə və gözəl paltar insanı məğrurlaşdırır və o, haqdan qafil olaraq günaha düşür).


100

İmam Əli əleyhis-salam (dünya və axirət barəsində) buyurmuşdur:

Dünya ilə axirət bir-birinə zidd iki düşmən və bir-birindən ayrı iki yoldurlar (cənnət və cəhənnəm yollarıdırlar). Buna görə də dünyanı sevən və ona ürək bağlayan kəs axirətə düşmən olaraq onunla düşmənçilik edib (ona göz yumub). Bu iki şey şərqlə qərb kimidirlər ki, onların ikisinin arasında yol gedən şəxs birinə nə qədər yaxınlaşsa digərindən uzaqlaşar. (Dünyaya ürək bağlayan ona nə qədər çox bağlansa axirətdən bir o qədər qafil qalar. Eləcə də axirətə ürək bağlamış kəs dünyaya rəğbətsiz olar.) Onlar bu ixtilaflarından sonra bir əri olan iki arvada oxşayarlar (ki, heç vaxt bir-birləri ilə düz gəlməzlər. Çünki onların hər birinə yaxınlaşaraq dostluq etmək digərindən uzaqlaşmaq və onunla düşmən olmağa səbəb olur.)


101

(İmam Əli əleyhis-salamın səhabələrinin seçilmişlərindən olan) Nauf (ibn Fəzalə) Bikalidən nəql edilib ki: Bir gecə gördüm ki, Əmirəl-möminin əleyhis-salam öz yatağından qalxıb çölə çıxdı və ulduzlara baxaraq belə buyurdu: Ey Nauf, yatmısan, yoxsa oyaqsan? Dedim: Oyağam, ey Əmirəl-möminin. 

Buyurdu: Ey Nauf, dünyada zahid olub axirətə ürək bağlayanların xoş halına! Onlar yeri xalça, onun torpağını yataq və suyunu dadlı şərbət ediblər (məişət ləvazimatlarına etinasızdırlar) və (həmçinin) Qur'anı köynək (qəlbin zinət və bəzəyi) və duanı üst paltarı (hadisələrin qarşısını alan) ediblər. Beləliklə, (dünyaya rəğbəti olmayan Həzrət İsa) Məsih kimi dünyanı özlərindən ayırıblar.

Ey Nauf, Davud əleyhis-salam gecənin bu saatında (səhərə yaxın Allah-təala ilə razü-niyaz üçün) qalxaraq dedi: Bu elə bir saatdır ki, onda dəhyek toplayandan (bac alan və yolkəsəndən), xalqı zalımlara tanıtdıran və sirlərini onların yanında faş edəndən, gecə qarovulçusundan və darğanın həmkarlarından və saz, nağara və təbil çalandan başqa dua edən hər bir kəsin duası qəbul olar. (Çünki onların günahları istəklərinin rəva olmasına mane olur. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) «عَرْطَبَة» «ərtəbə» «طُنْبُور» «tunbur» (saz), «كُوبَة» «kubə» isə «طَبْل» «təbl» (təbil və nağara) mənasındadır. Bəziləri isə deyiblər ki, «عَرْطَبَة» «ərtəbə» «طَبْل» «təbl», «كُوبَة» «kubə» isə «طُنْبُور» «tunbur» mənasındadır.

102

İmam Əli əleyhis-salam (Allahın hökmlərinə tabe olmaq barəsində) buyurmuşdur:

Allah sizə (namaz, oruc, xums, zəkat, həcc və bu kimi) vacibatı əmr edib. Belə isə onları zay etməyin (onların yerinə yetirilməsində səhlənkarlıq etməyin ki, cəzalandırılarsınız). Həmçinin sizin  üçün (alver, nigah, boşanma və irs hökmləri kimi) həddlər müəyyənləşdirib, onları aşmayın (öz zövqünüzə uyğun hərəkət etməyin ki, biçarə olarsınız). Sizləri (zina, livat, qumar, şərab və sələm kimi) bəzi şeylərdən çəkindirib, onların hörmət pərdəsini yırtmayın (onları yerinə yetirməyin ki, dünyada ziyan görər, axirətdə isə əbədi əzaba düçar olarsınız). (Axirətə xeyri olmayan elmin öyrənilməsi kimi) Bəzi şeylərdə isə sizin üçün sükut edib. O, onları unudaraq tərk etməyib (çünki Allah unutmaq xislətindən pak və uzaqdır). Buna görə də özünüzü onları əldə etmək üçün çətinliyə salmayın.


103

İmam Əli əleyhis-salam (dinə etinasızlıq barəsində) buyurmuşdur:

İnsanlar dünya mənfəəti əldə etmək üçün din işlərini tərk etsələr, Allah mütləq onların qarşısına ziyanı həmin xeyirdən çox olan şey çıxarar. (Çünki din işlərinə etinasızlıq Allah-təalanın rəhmindən uzaq düşməyə səbəb olur.)


104

İmam Əli əleyhis-salam (dini hökmlərdən xəbərsizliyin ziyanı barəsində) buyurmuşdur:

Nə çox alim (sehr, hesab, nücum, astronomiya, nəsəb və bu kimi elm alimləri) ki, (onlarla məşğul olmaq nəticəsində din elminin kəsbindən uzaq düşüb və məsum imamlar əleyhimus-salamdan nəql edilmiş din elminə olan) cahillik və nadanlığı onu öldürür (əbədi səadətdən məhrum edir) və onunla olan elm ona fayda vermir.

105

İmam Əli əleyhis-salam (qəlb barəsində) buyurmuşudur:

Bu insanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. O, qəlbdir. Onun xoşagələn sifətləri və onlara zidd xoşagəlməz keyfiyyətləri var: ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda (xoşagəlməz işlərdən) çəkinməyi unudar; qorxu qəflətən onu bürüyəndə (işdən) uzaqlaşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəflət onu oğurlayar; müsibət və kədər üz verəndə dözümsüzlük onu rüsvay edər; mal tapanda varlılıq onu itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik onu əldən salar; toxluğu çoxalıb həddini aşanda qarnının doluluğu onu zəhmətə salar. Beləliklə, hədd və normadan aşağı olan hər bir səhlənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıqlıq onu məhv edər. (Buna görə də mötədəllik və orta vəziyyəti əldən verməyib hikmət əsasında davranan hər bir qəlb həm dünya, həm də axirət mənfəəti və xeyrini əldə edər.)


106

İmam Əli əleyhis-salam (on iki imam  barəsində) buyurmuşdur:

Biz (Əhli-Beyt), ortada olan söykənəcəyik. Geridə qalmış (bizi tanımaqda səhlənkarlıq etmiş) kəs özünü həmin söykənəcəyə çatdırmalıdır (ki, rahatlıq və səadət əldə etsin). Həmçinin həddi aşıb qabağa düşmüş (bizim barəmizdə ifrata vararaq bizi bəşər həddindən çıxaran) kəs də həmin söykənəcəyə tərəf qayıtmalıdır (ki, azğınlıqdan nicat tapsın).


107

İmam Əli əleyhis-salam (hökm icra edən şəxs barəsində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmünü (barəsində ilahi hökm icra edilən şəxsə qarşı) mülayimlik və yumşaqlıq etməyən (yaxud ondan rüşvət tələb etməyən), (ona) təvazökarlıq göstərməyən və tamah və arzuların arxasınca getməyən kəsdən başqa heç kəs icra etməməlidir.


108

İmam Əli əleyhis-salam digərlərindən çox istədiyi Səhl ibn Hüneyf Ənsari o Həzrətlə Siffeyndən (müharibədən) qayıtdıqdan sonra Kufədə vəfat edən zaman (öz dostlarının çətinlikləri barəsində) buyurmuşdur:

Əgər məni dağ sevsə, parça-parça olub tökülər. (Seyyid Rəzi-əleyhirrəhmə deyir:)

Bu kəlamın mənası budur ki, imtahan çətinliklərlə və imkansızlıqla onu sıxar və qəm-qüssə sürətlə ona üz tutar. Bu ancaq yaxşı əməl sahibi olan pərhizkarlar və böyük məqama malik seçilmiş insanlar barəsində olur. Bu kəlam o Həzrət əleyhis-salamın bu buyuruğu kimidir ki: «Biz -  Əhli-Beyti sevən kəs gərək yoxsulluq və kədər köynəyini geyinməyə (onlara səbr etməyə) hazırlaşsın. (Yoxsulluğa səbr etməyi ona görə köynəyə oxşadıb ki, köynək bədəni örtdüyü kimi səbrlilik də yoxsulluğu gizlədir.) O Həzrətin («əgər məni dağ sevsə parça-parça olub tökülər» və ya yoxsulluq barəsindəki digər) kəlamı (kasıblıq və imkansızlıq mənasında olan zahiri mənadan) ayrı bir mənaya yozulub ki, bura onu açıqlamaq yeri deyil. 


109

İmam Əli əleyhis-salam (bəyənilən sifətlərə yiyələnməyə həvəsləndirərək məğrurluğun məzəmmətində) buyurmuşdur:

Ağıldan faydalı heç bir var-dövlət yoxdur. (Çünki dünya və axirət səadəti ağıl vasitəsi ilə əldə edilir.) Məğrurluqdan qorxulu tənhalıq yoxdur. Tədbir tökmək və düşünmək kimi ağıl yoxdur. Pərhizkarlıq kimi comərdlik yoxdur. (Çünki pərhizkar həm Xaliqin, həm də xalqın yanında əziz və möhtərəmdir.) Gözəl xasiyyət kimi yoldaş yoxdur. (Çünki gözəl xasiyyət qəlbləri ələ alır.) Ədəb kimi miras yoxdur. (Çünki ədəb insanı sevimli edir.) Müvəffəqiyyət və bir işə nail olmaq kimi rəhbər yoxdur. (Ona görə ki, müvəffəqiyyət insanı düz və Allahın bəyəndiyi yola çəkir.) Gözəl əməl kimi ticarət və alver yoxdur. (Çünki o, əbədi səadətə səbəb olur.) (İlahi) savab kimi mənfəət yoxdur. (Çünki o, əbədi mənfəətdir.) Şübhə (naməlum şey) müqabilində özünü saxlamaq kimi pərhizkarlıq yoxdur. (Çünki şübhəli işlərə girişmək insanı haram işlərə çəkir.) Harama rəğbətsizlik kimi zahidlik yoxdur. (Çünki harama meyl göstərməmək gözəllik və paklığa səbəb olur.) Təfəkkür və uzaqgörənlik kimi elm yoxdur. (Çünki insan onun vasitəsi ilə yaradılışın başlanğıcı və sonunu dərk edir və azğınlıqdan qurtulur.) Vacibatı yerinə yetirmək kimi ibadət yoxdur. (Çünki onun savabı müstəhəbbi əməllərdən çoxdur və onu tərk etməkdə əzab və cəza var.) Həya və səbr kimi iman yoxdur. (Çünki iman bu iki şeylə kamilləşir.) Təvazökarlıq kimi yüksəklik və baş ucalığı yoxdur. (Çünki təvazökar şəxsi hamı ürəkdən sevir.) Elm kimi şərəf və böyüklük yoxdur. (Ona görə ki, elm insanın bələdçisidir.) Dözümlülük kimi izzət yoxdur. (Çünki dözümlülük baş ucalığına səbəb olur.) Məşvərət kimi möhkəm arxa yoxdur. (Çünki məşvərət işin sonunu və onun xeyir-ziyanını dərk etməyə səbəb olur.)


110

İmam Əli əleyhis-salam (bədbinlik və nikbinlik barəsində) buyurmuşdur:

Yaxşılıq zəmanə və onun insanlarını bürüyən zaman rüsvayçılığı aşkar olmayan birinə qarşı bədbin olan kəs, ona zülm edib. Fitnə-fəsad və pozğunluq zəmanə və onun insanlarına hakim olan zaman başqasına nikbin olan şəxs isə özünü təhlükə və həlakətə atıb. (Çünki fitnə-fəsad hakim olan zəmanədə tərbiyə olunmuş və pozğun insanlarla əlaqə və ünsiyyətdə olmuş adamdan yaxşılıq gözləmək olmaz.)


111

İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, özünü necə hiss edirsən? O Həzrət (dünyanın çətinlikləri barəsində) buyurdu:

Öz varlığı ilə yox olan (varlığı yoxluğa doğru çəkən), sağlamlığı ilə xəstələnən (sağlamlığı qocalıq xəstəliyinə doğru aparan) və ölümün, sığınacağında (dünyada) yaxaladığı şəxsin halı necə olar?


112

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:

Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi  nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşılıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər nə qədər çirkin iş görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb. Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat və yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir.)


113

İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur:

Mənim yolumda iki nəfər həlak oldu. (Biri məni sevməkdə) ifrata varan (məni vilayət məqamından daha yüksək bilən) dost və (digəri) düşmənçiliyində həddini aşan (mənim məqam və dərəcəmi inkar edən) düşmən.


114

İmam Əli əleyhis-salam (fürsəti əldən vermək barəsində) buyurmuşdur: 

Fürsəti əldən vermək (işə münasib vaxtında başlamamaq) qəm-qüssədir (qəm və kədərə səbəb olar).


115

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:

Dünyanın misalı əl vuranda yumşaq, qarnında isə öldürücü zəhər olan ilan kimidir. Aldanmış nadan ona tərəf gedir, uzaqgörən ağıllı isə ondan uzaqlaşır.


116

İmam Əli əleyhis-salamdan Qureyşin (sifətləri) barəsində soruşdular (və o Həzrət belə) buyurdu: (Qureyş tayfalarından olan) Bəni-Məxzum Qureyşin xoş ətirli gülüdür. (Çünki kişiləri zirək və qadınları gözəldirlər.) Kişilərinin sözlərini (şirindil olduqlarına görə) və qadınları ilə evlənməyi (gözəlliklərinə görə) sevərsən. (Qureyşin digər bir tayfası olan) Bəni-Əbd Şəms nəzər və düşüncə baxımından Qureyşin ən uzaqgörəni, arxalarında olan şeyin qarşısını ən yaxşı alanlarıdır. (Hadisələrdə təkdirlər, bərabərləri yoxdur.) Amma (Qureyşin digər bir tayfası olan) biz (Bəni Haşim) əlimizdə olanları (var-dövləti) bağışlamaqda ən səxavətli və ölüm zamanı can verməkdə ən comərdik (döyüş meydanında ölməkdən qorxumuz yoxdur). Onlar (Bəni Üməyyənin də mənsub olduğu Bəni Əbd Şəms isə say baxımından) daha çox, (münasibətlərdə) daha hiyləgər və çirkinsifətdirlər. Biz (danışıqda) daha fəsahətli (dolğun və yetərli danışan), daha xeyirxah və (ünsiyyətdə olarkən) daha gülərüzük.


117

İmam Əli əleyhis-salam (bəndəliyə təşviq edərək) buyurmuşdur:

İki əməl - ləzzəti keçib gedən və ziyanı (cəzası) qalan əməl (itaətsizlik) ilə zəhməti ötüb gedən və savab və mükafatı qalan əməl (itaət və bəndəlik) arasında nə qədər də uzaq fasilə var!


118

İmam Əli əleyhis-salam (qəbristanlığa aparılan) bir cənazənin arxasınca gedirdi və bir nəfərin gülüş səsini eşitdi. Sonra (bəyənilən xislətlərə yiyələnməyə həvəsləndirərək) buyurdu:

Sanki ölmək dünyada bizdən başqası üçün yazılıb. Sanki haqq (ölüm) dünyada bizdən ayrı biri üçün vacib olub. Sanki (hər gün getdiklərini) gördüyümüz ölülər, tezliklə bizə tərəf qayıdacaq müsafirlərdir! Onları qəbrlərinə qoyur və var-dövlətlərini yeyirik. Biz onlardan sonra əbədi qalacağıq kimi öyüd verənləri (ölən kişi və qadınları) unutmuşuq və hər cür bəla və ziyana düçar olmuşuq. Xoş o adamın halına ki, nəfsi ram olub (təvazökralığı özünə peşə edib), əməl və hərəkətləri pak və layiqli, niyyəti (etiqadı) bəyənilən və xasiyyəti gözəl olub; mal və var-dövlətinin artığını (Allah yolunda ehtiyacı olanlara) bağışlayıb, dilini çox danışmaqdan saxlayıb (yersiz danışmayıb), pisliyini camaatdan uzaqlaşdırıb (onları incitməyib), sünnə (Həzrət Peyğəmbərin davranış üsulu) ona ağır gəlməyib və bid’ətə nisbət verilməyib. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Deyirəm: Bəziləri bu kəlamı, eləcə də bundan qabaqkı kəlamı Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət veriblər.


119

İmam Əli əleyhis-salam (qeyrət barəsində) buyurmuşdur:

Qadının (kişiyə) qeyrəti küfrdür. (Çünki onun belə bir qeyrətə malik olması kişinin iki və ya daha artıq arvad almasını haram bilməyə səbəb olur, halbuki Allah onu halal edib.) Kişinin (qadına) qeyrəti isə imandır. (Çünki bu, iki kişinin bir arvadda şərik olmalarını haram bilməyə səbəb olur və bunu Allah da haram edib.)


120

İmam Əli əleyhis-salam (həqiqi İslam barəsində) buyurmuşdur:

İslamı elə vəsf edim ki, məndən qabaq heç kəs (elə) vəsf etməmiş olsun: İslam (Allah və Peyğəmbərin göstərişlərinə) təslim olmaqdır. Təslim olmaq (onlara) inanmaqdır. İnanmaq (onları) qəbul etməkdir. Qəbul etmək (onları) etiraf və təsdiq etməkdir. Etiraf və təsdiq etmək (onları) yerinə yetirməyə hazır olmaqdır. Yerinə yetirmək (onlara) əməl etməkdir. (Deməli, əslində İslam Allah və Peyğəmbərin göstərişlərinə əməl etməkdir.)


121

İmam Əli əleyhis-salam (çirkin xasiyyət və nalayiq əməllərin məzəmmətində) buyurmuşdur:

Xəsis və simic şəxsə təəccüb edirəm ki, qaçdığı yoxsulluq və kasıblığa doğru tələsir (çünki əlində olandan bəhrələnmir. Buna görə də yoxsullarla birdir), axtardığı varlılığı əldən çıxarır (ona görə ki, mal və sərvətindən istifadə etmir). Beləliklə, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla varlılar kimi hesab çəkəcəklər. (Çünki yığılanların hesabını vermək lazımdır.) Dünən nütfə olmuş, sabah isə leş olacaq (və əgər cəsədinin üstündən torpağı götürsələr üfunətindən hamı qaçan) təkəbbürlü adama təəccüb edirəm. Allahın yaratdıqlarını görməsinə baxmayaraq, Allah barəsində şəkk və tərəddüddə olan kəsə təəccüb edirəm. (Axı yaradansız yaranmış necə ola bilər?!) Təəccüb edirəm o kəsə ki, ölənləri görə-görə ölümü unudur. Nütfədən yaranmanı görməsinə baxmayaraq, məadın olması və qiyamətdə təkrar qayıdış olacağını inkar edən şəxsə təəccüb edirəm. Yoxluq evini abadlaşdıran (dünya üçün çalışan), varlıq evini (axirəti) isə buraxan (onun üçün azuqə tədarük görmək fikrində olmayan) kəsə təəccüb edirəm.


122

İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq etməyin ziyanı barəsində) buyurmuşdur:

Əməl və işində (Allaha bəndəlik etməkdə) səhlənkarlıq edən (və öz vaxtını dünyasını abadlaşdırmağa sərf edən) kəs (onu əldə etmək, eləcə də səylərinin nəticəsiz qalması üçün) qəm və kədərə düçar olar. Mal və canında Allahın payı olmayan kəsin Allaha yolu yoxdur. (Öz malından Allah yolunda verməyən və Allahın dininin yayılması istiqamətində çalışmayan kəs Onun rəhm və mərhəmətini gözləməməlidir.)


123

İmam Əli əleyhis-salam (bədənin qorunması barəsində) buyurmuşdur:

Soyuğun əvvəlində (payızda) qorunun (özünüzü yaxşı bürüyün, çünki bədən istiyə öyrəşdiyi üçün narahat olar). Onun sonunda (baharda) isə onun pişvazına gedin (özünüzü çox bürüməyin, çünki bədən soyuğa öyrəşdiyi üçün heç bir ziyan görməz). Çünki soyuq, bədənlərə ağaclara etdiyini edir: onun əvvəli yandırır (ağacların yarpaqlarını tökür), axırı isə (yarpaqları) bitirir.


124

İmam Əli əleyhis-salam (Allahın böyüklüyü barəsində) buyurmuşdur:

Yaradanın böyüklüyünü başa düşməyin, yaranmışları sənin gözündə kiçildər (və nəticədə yaranmışa etina etməz, həmişə öz Yaradanına üz tutar və dünya və axirət səadətini əldə edərsən).

125

İmam Əli əleyhis-salam Siffeyndən (Siffeyn müharibəsindən) qayıdan zaman Kufənin kənarındakı qəbristanlığa çatanda (pərhizkarlıq barəsində belə) buyurmuşdur:

Ey qorxulu diyarların, kimsəsiz və otsuz-susuz yerlərin və qaranlıq qəbirlərin sakinləri! Ey torpaq sakinləri, ey vətəndən uzaq qalanlar, ey kimsəsizlər, ey qorxulular! Siz bizim irəli getmiş qabaqcıllarımızsınız və biz sizin arxanızca gələnlərik və sizə çatacağıq. Evlərə (evlərinizə) gəldikdə, (bilin ki,) onlarda sakin oldular, arvadları (arvadlarınızı) aldılar, var-dövlətləri (sizin sərvətlərinizi) bölüşdürdülər. Bu bizim yanımızda olan şeylər barəsindəki xəbərlərdir. Bəs sizin yanınızda olan şeylərdən nə xəbər?

Sonra üzünü yoldaşlarına tutub buyurdu: Bilin! Əgər onlara danışmaq icazəsi və əmri verilsəydi sizə xəbər verərdilər ki, (bu yolda) ən yaxşı azuqə təqva və pərhizkarlıqdır.


126

İmam Əli əleyhis-salam bir kişinin dünyanı məzəmmət etməsini eşidəndə (dünyanın tərifində belə) buyurmuşdur:

Ey dünyanı məzəmmət edən ki, onun hiylələrinə aldanmısan və puçluqlarına məftunsan! Dünyaya aldanmısan və onu məzəmmət edirsən?! Sən ona günah yükləyirsən, yoxsa dünya sənə günah yükləyir? Dünya səni harada və nə vaxt avara qoydu, yaxud nə vaxt aldatdı? Atalarının torpağa düşüb çürüdükləri yerlərlə, yoxsa analarının torpaq altındakı yataqları ilə? Öz əllərinlə (təkcə, yaxın xəstələrinin dərdlərinin sağalması üçün) nə qədər kömək etdin və (xəstələrə) öz əllərinlə nə qədər qulluq göstərdin? Onların sağalmalarını istədin, (dərdi müəyyənləşdirib xəstəliyin nə olduğunu bildikdən sonra) təbiblərdən dərmanın xeyrini soruşdun. Səhər sənin dərmanın onların ehtiyacını aradan qaldırmırdı (onları sağaltmırdı) və sənin göz yaşların (çəkdiyin əziyyətlər) onlara xeyir vermirdi. Sənin qorxun onların heç birinə fayda vermədi, onun barəsində öz istəyinə çatmadın (o şəfa tapmadı) və öz gücünlə (xəstəliyi və ölümü) ondan uzaqlaşdıra bilmədin! Dünya (çox çalışmağına baxmayaraq, ölümün çəngindən çıxara bilmədiyin) həmin şəxsi sənə örnək, onun ölümünü sənin ölümün etdi (ki, ona etdiyini sənə də edəcəyini biləsən). Həqiqətən dünya ona (onun sözlərinə) inanan üçün düzlük diyarıdır; başa düşən və onun xəbər verdiklərini dərk edən üçün (ilahi əzabdan) aman və xatircəmlik evidir; ondan azuqə götürən (Allah və Peyğəmbərə tabe olan) kəs üçün varlılıq diyarıdır; ondan nəticə çıxaranlar üçün öyüd yeridir. Allah dostlarının (pərhizkarların) ibadət və bəndəlik yeri, Allahın mələklərinin namazgahı (yaxud salam göndərmək və bağışlanma istəmə yerləri), ilahi vəhyin (tapşırığın) nazil olma məkanı və Allahın dostlarının ticarət yeridir ki, onda rəhmət və mərhəməti (Onun mərhəmətini) əldə edərlər və qazancları cənnət olar. Dünya (camaatı onlardan) uzaqlaşacağından xəbərdar etdiyi, ayrılacağı barədə haray saldığı və özünün və əhlinin (insanların) fani və yox olacağından agah etdiyi halda, onu kim məzəmmət edə bilər, halbuki o, öz çətinliyi ilə onlara çətinliyi (axirət çətinliyini) göstərib və öz şadlığı ilə onları şadlıq və sevincə (axirət şadlıqlarına) həvəsləndirib?! İnsanı (itaət və axirət işinə) həvəsləndirmək və şirnikləndirmək, eləcə də (günah və itaətsizlikdən) qorxutmaq və çəkindirmək üçün sağ-salamat axşamlayır (və insan onun nəticəsində asayiş və rahatlıqda olur) və çətinlik və kədərlə səhəri açır. Buna görə də peşmançılıq səhərində (əməllərin aşkar olacağı qiyamətdə) insanların bir dəstəsi (pis əməl sahibləri) onu məzəmmət edərlər (ondan incik və qəmgin olarlar). Digərləri (yaxşı əməl sahibləri) isə qiyamət günü onu tərifləyərlər (ondan razı olarlar) ki, dünya (axirəti) onların yadlarına saldı və onlar da (onu) yada saldılar, onlara xəbər verdi və onlar da təsdiq etdilər, onlara öyüd-nəsihət verdi və onlar da qəbul etdilər (və əbədi səadətə qovuşdular). 


127

İmam Əli əleyhis-salam (dünyanın sonu barəsində) buyurmuşdur:

Allahın bir mələyi var ki, hər gün belə fəryad qoparır: doğun ölmək üçün, toplayın yox və məhv olmaq üçün və tikin viran olmaq üçün!


128

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:

Dünya qalmaq yeri deyil keçid diyarıdır. İnsanlar onda iki dəstədirlər: bir dəstə onda özünü (nəfsi istəklərə) satar və beləliklə də, özünü (onların cəzası olaraq) həlak edər. Digər bir dəstə isə özünü (itaət və bəndəliklə) alar və beləliklə də, özünü (qiyamət əzabından) azad edər.


129

İmam Əli əleyhis-salam (dostluğun şərtləri barəsində) buyurmuşdur:

Dost öz qardaşına (dostuna) üç vaxtda qayğı göstərməyincə (həqiqi) dost deyil: onun çətinlik və narahatlıqlarında (can və malı ilə onun yanında olmalıdır), o özü olmayanda (barəsində xoşagəlməz sözlər deyilməsi və eşidilməsinə mane olmalıdır) və vəfat edərək həyatla vidalaşanda (dua və istiğfar etməklə onu yad etməlidir). 


130

İmam Əli əleyhis-salam (dua, tövbə, istiğfar və şükr barəsində) buyurmuşdur:

Dörd şey verilmiş şəxs, dörd şeydən məhrum olmayıb: dua etməyə əmr olunmuş kəsi, istəyini rəva etməkdən məhrum etməzlər; tövbə etməsi göstərişi verilmiş kəsi (tövbəsini) qəbul etməkdən naümid etməzlər; istiğfar etməyə məcbur olunmuş şəxsi bağışlanmaqdan naümid etməzlər; şükr öyrədilmiş kəsi (nemətlərin) çoxalmasından məhrum etməzlər. (Seyyid Rəzi - rəhiməhullah - deyir:)

Bu kəlamın təsdiq və şahidi Allah-təalanın kitabındadır ki, dua barəsində (Mu’min surəsinin 60-cı ayəsində belə) buyurmuşdur: «أُدْعُونِي أَسْتَجِبْ لَكُمْ» «Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim!»; istiğfar barəsində (Nisa surəsinin 110-cü ayəsində belə) buyurmuşdur: «وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا» «Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»; (İbrahim surəsinin 7-ci ayəsində) şükr etmək barəsində buyurmuşdur: «لَئِن شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ» «Əgər nemətlərin şükrünü etsəniz, sizə olan nemətimi artıracağam.» Tövbə barəsində də (Nisa surəsinin 17-ci ayəsində belə) buyurmuşdur: «إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً» «Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal (ölüm çatmamışdan qabaq) tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən Allah (həqiqi tövbəni) bilən və (hamı barəsində) hikmətlidir.»


131

İmam Əli əleyhis-salam (bəzi ibadətlərin sirləri barəsində) buyurmuşdur: 

Namaz hər bir pərhizkarın (Allahın mərhəmətinə) yaxınlaşma vasitəsidir. Həcc (kafirlə cihad etmək imkanı olmayan) hər bir zəifin cihadıdır. Hər bir şeyin zəkatı var və bədənin zəkatı oruc tutmaqdır. Qadının cihadı əri ilə xoş rəftarlı olmaq və ona tabe olmaqdır. (Çünki ona cihad etmək rəva deyil və onun ən mühüm cihadı pis işlərə əmr edən nəfslə mübarizə və ərinə tabe olmasıdır.)


132

İmam Əli əleyhis-salam (sədəqə barəsində) buyurmuşdur:

(Rəhmət səmasından) ruzinin gəlməsini sədəqə verməklə istəyin. (Çünki sədəqə vermək ruzinin gəlib çatmasına səbəb olur.) Əvəz alacağına yəqini və inamı olan kəs bağışlamaqda səxavətli və comərd olar. (Allah tərəfindən əvəz alacağına inandığı üçün bir şey bağışlamaqda xəsislik və simiclik etməz.)


133

İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:

Kömək və yardım (hər bir kəsin ruzisi, Allah tərəfindən) ehtiyac miqdarında verilir.


134

İmam Əli əleyhis-salam (mötə’dilliyə həvəsləndirərək) buyurmuşdur:

(Həyatda) mötə’dilliyi öz peşəsi edən kəs yoxsul olmayıb. 

135

İmam Əli əleyhis-salam (rahat və dinc olmaq barəsində) buyurmuşdur:

Külfətin azlığı iki əlin biridir (əlin digəri isə mal əldə etməkdir). (Camaatla) dostluq etmək ağlın yarısıdır (onun digər yarısı isə digər sifətlər və ya onların şər və pisliklərindən uzaq olmaqdır). Qəm-kədər qocalığın yarısıdır (və onun digər yarısı ömrün uzunluğudur).


136

İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:

Səbr qəm-qüssə miqdarında verilir. (Müsibət hər nə qədər böyük olsa Allah onun miqdarında səbr əta edir.) Müsibət zamanı əlini dizinə vuran (dözümsüzlük edən) şəxsin (həmin müsibət üçün nəzərdə tutulmuş) savabı məhv olar.


137

İmam Əli əleyhis-salam (əməlin yerinə düşməyən şəkildə edilməsinin məzəmmətində) buyurmuşdur:

Nə çox oruc tutan ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır. Nə çox namaz (gecə namazı) qılan ki, namaz qılmasından ona oyaqlıq və əziyyətdən başqa bir şey qalmır. (Çünki o, namaz və orucu göstərişlərə uyğun yerinə yetirməyib.) Zirəklərin yuxusu və onların oruc açmaları necə də gözəldir! (Çünki onların etdikləri yerinə düşər və göstərişlərə uyğun olar.)


138

İmam Əli əleyhis-salam (sədəqə vermək, zəkat çıxartmaq və dua etməyə həvəsləndirərək) buyurmuşdur:

İmanınızı sədəqə ilə qoruyun. (Çünki sədəqə imanın kamillik nişanəsidir və mömin savab ümidi ilə pak niyyətlə ona tərəf tələsər.) Var-dövlətinizi zəkat verməklə amanda saxlayın. (Çünki əgər zəkat verməsəniz yoxsul və ehtiyacı olanlara xəyanət etmisiniz və buna görə də var-dövlətiniz məhv olmağa daha layiqdir.) Bir-birinin ardınca gələn bəla və çətinlikləri dua etməklə uzaqlaşdırın.


139

İmam Əli əleyhis-salamın (ən seçilmiş və yaxşı dostlarından olan) Kumeyl ibn Ziyad Nəxəiyə buyurduğu kəlamlardandır. Kumeyl ibn Ziyad deyir: Əmirəl-möminin Əli ibn Əbu Talib mənim əlimdən tutub məni səhraya apardı. Şəhərin kənarına çatanda bəlaya düşmüş şəxs kimi bir ah çəkdi. Sonra (elm və alimlər barəsində belə) buyurdu:

Ey Kumeyl ibn Ziyad! Bu qəlblər qabdırlar (elm, həqiqət və sirlərin qablarıdır) və onların ən yaxşısı daha yaxşı saxlayanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq yadda saxlayanıdır). Buna görə də (diqqətli ol və) sənə dediklərimi qoruyaraq yaxşı saxla:

İnsanlar üç qisimdirlər: Rəbbani və ilahi alim (yaradılışın başlanğıc və sonundan xəbərdar olub ona əməl edən, Allahı tanıyan alim); (cəhalət və nadanlıqdan) nicat və qurtuluş tapmaq yolunda olan elm axtaran və öyrənən; kiçik və zəif «milçəklər» (müxtəlif çirkinliklərə bulaşmış nadan və qanmaz) ki, hər çağıranın arxasınca (hər yola) gedir və hər küləklə bir tərəfə əyilirlər (düzü əyridən seçmirlər, heç bir yolda sabitqədəm deyildirlər və qarşıya çıxan hər bir yola gedirlər), elm nurundan işıq götürməyiblər (nadanlıq zülmətində qalıblar) və möhkəm sütuna (ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınmayıblar (onları öyrənməyiblər və azdırıcı insanların arxasınca düşüblər).

Ey Kumeyl, elm maldan daha yaxşıdır. (Çünki) elm səni (dünya və axirət çətinliklərindən) qoruyur, malı isə (məhv olmaqdan) sən qoruyursan. Bağışlamaq malı azaldır, elm isə bağışlamaq (başqasına öyrətmək) nəticəsində artır. Sərvət ilə yetişdirilmiş şey və əldə edilmiş böyüklük onun əldən çıxması ilə əldən çıxar (elm ilə qazanılmış böyüklük isə yox olan deyil).

Ey Kumeyl ibn Ziyad, elmlə tanışlıq və onu əldə etmək dindir ki, (qiyamət günü) ona görə savab və mükafat verilər. İnsan elmlə öz həyatında (Allah, Peyğəmbər və dini imam və rəhbərlərə) itaət və tabeçiliyi, ölümdən sonra isə yaxşı və gözəl sözləri (xalqın onun barəsindəki xoş danışıqlarını) əldə edir. Elm hökm edən, mal isə hökmə tabe olan və məğlubdur (mal əldən-ələ keçir və zavala uğrayır, elm isə bərqərar və qalandır).

Ey Kumeyl ibn Ziyad, sərvət toplayanlar diri olmalarına baxmayaraq, həlak olublar (onlar diri olsalar da qürur və azğınlıq onları məhv edəcəkdir). Alimlər, zaman durduqca duracaqlar. Onların vücüdları (bu dünya ilə vidalaşmaqla) itib, surətləri isə (xalqın onlar barəsində olan gözəl və xoşagələn xatirələri nəticəsində) qəlblərdə bərqərardır. Bil ki, (mübarək əli ilə sinəsinə işarə edib) burada çoxlu elm var, əgər onun üçün onu öyrənən şəxslər tapa bilsəydim! Bəli, zehni iti olan tapıram, amma (həmin elmlər barəsində) ondan xatircəm deyiləm. (Çünki) o, dini vasitələri dünya üçün istifadə edir və Allahın nemətləri (elm və mərifət əldə etmək nailiyyəti) ilə Onun bəndələrinə və dəlilləri (ağıl və düşüncə) ilə Onun dostlarına lovğalıq edir. Yaxud elm əhlinə itaətcil (danışıq və davranışında tabe) olan birini tapıram, amma onun (da) öz ətrafı barəsində (bilənə tabe olmaqda) gözüaçıqlıq və ayıqlığı yoxdur; qarşıya çıxan ilk şübhə onun qəlbində əks şəkk və güman alovu şölələndirir. Bil ki, nə bu (bəsirətsiz tabe olan kəs) layiqdir (əmanət və həqiqi elm əhlidir), nə də o (iti zehinli). Yaxud da ləzzət və kefdə ifrata varan və asanlıqla şəhvətə və nəfsi istəyinə tabe olan bir kəs tapıram. Ya da (dünya malı və sərvət) toplamaq və yığmaq vurğunu olan bir kəsi! Bu iki nəfər də dini hər hansı bir işdə qoruyanlardan deyildirlər. Bunların ikisinə ən yaxın misal otlayan dördayaqlılardır. Belə bir dövrdə (ki, elm daşıyıcısı tapılmır) elm, daşıyıcısı və qoruyanının ölümü ilə ölür (məhv olub aradan gedir).

Allahım, bəli, yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən şəxsdən boş olmaz. (Həmin şəxs) ya (on bir imam əleyhimus-salam kimi) aşkar və məşhurdur, ya da (fitnə-fəsada görə on ikinci imam–Allah onun zuhurunu tezləşdirsin–kimi) qorxu içində və gizlin ki, Allahın aydın subut və dəlilləri (peyğəmbərliyin nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin. Onlar neçə və haradadırlar (yaxud nə vaxta kimi qorxu içində və gizlindirlər)? Allaha and olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox əzəmətlidirlər. Allah Öz aşkar dəlil və sübutlarını, onlar (dünyanın din, elm və hikmətdən boş qalmaması üçün) həmin dəlilləri öz bənzərlərinə tapşırana və qəlblərində əkənə qədər onların vasitəsi ilə qoruyur. Elm və bilik həqiqi bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam əldə ediblər. Naz-nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri yüngül və asan qəbul edərlər; (Onlar Allahın razılığını əldə etmək üçün dünyanın bütün çətinlikləri ilə keçinir və pərhizkarlıq edərək dünyaya ürək bağlamırlar;) nadanların (kimsəsizlik, çətinlik, yoxsulluq və giriftarlıq kimi) qaçdıqları şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən) asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri onlardırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin çox həsrət və arzusundayam. (Sonra buyurdu:) Ey Kumeyl, istəyirsənsə qayıt.


140

İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur:

İnsan öz dilinin altında gizlənmişdir (danışmayınca tanınmaz).

141

İmam Əli əleyhis-salam (məqam və dərəcə barəsində) buyurmuşdur:

Öz qədir-qiymət və məqamını (necə qiymətli inci və cavahir olmasını) bilməyən (və ya həddini aşaraq ayağını yorğanından kənara çıxaran) insan həlak oldu.

142

İmam Əli əleyhis-salam ondan öyüd-nəsihət istəyən şəxsə (xoşagəlməz xasiyyətlərin məzəmmətində belə) buyurmuşdur:

Əməlsiz (ibadət və bəndəliyi olmadan) axirətə ümid bəsləyənlərdən və uzun arzu ilə tövbəni və (günah və itaətsizlikdən) qayıtmağı dala atanlardan olma. Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir. Dünyadan (onun malından) ona verilsə doymaz, çatmasa qane olmaz (öz payından razı qalmaz). Ona verilmiş şeylərin (nemətlərin) şükrünə acizdir və çatmayan (ona verilməmiş) şeyin daha çoxunu axtarır; (başqalarını nalayiq işlərdən) çəkindirir, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkmir; (başqalarına) özü etmədiyi şeyləri əmr edir. Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir, günahkarlara nifrət edir, halbuki özü onlardan biridir. Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir, amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə (günahlara) israrlıdır. Xəstələnsə (pis əməllərindən) peşman olar, sağalan kimi isə asudə və qafil qalar. (Xəstəlikdən) rahatlıq və əmin-amanlıqda olanda məğrurlaşar, bəlaya düçar olanda isə ümidsizləşərək solar. Qarşısına bəla və çətinlik çıxsa narahatlıqla dua edər və nalə qoparar, rahatlıq və şadlığa düşəndə isə qürür və (dünya malına) aldanma səbəbindən (Allahdan) uzaqlaşar. Barəsində zənni olan şeylərdə (günahların bağışlanmasında, pis işlərə əmr edən) nəfs ona hakimdir, o isə inamı olan şeyə (ölüm və əbədi əzaba) hakim deyil. Başqası üçün özünün günahından kiçik olan günahlara görə qorxur (onun günahını böyük hesab edir) və özü üçün əməlindən artıq savab ümidindədir (öz itaətini böyük sanır). Var-dövlətə çatanda sevincək olub fitnə və azğınlığa düşər (bir-birinin ardınca günah edər), yoxsullaşanda isə (Allahın rəhmindən) ümidsizləşər və (ibadət və bəndəlikdə) süstlük edər. İtaət və bəndəlik edəndə səhlənkarlıq edər (onları düzgün yerinə yetirməz), istəyəndə (Allahdan hacət diləyəndə) isə israr edər. Ona bir şəhvət və istək (asayiş və rahatlıq) üz tutanda itaətsizlik yolunu tutub tövbəni təxirə salar, amma qəm-kədər üz versə dinin (çətinlik zamanı səbrli və dözümlü olmaq və Allaha pənah aparmaq kimi) göstərişlərindən uzaqlaşar. (Camaata) başqalarından ibrət almağı bəyan edir, özü isə ibrət götürmür. Öyüd-nəsihət verməkdə səy edər, özü isə öyüd qəbul edən deyil. Beləliklə, o, danışdığı ilə öyünər, əməli isə azdır. Fani və məhv olmalı şeydə (dünya və onun malında) çalışır, əbədi olan şeydə (axirət və onda olan şeylərdə) isə səhlənkarlıq edir. Qənimət və mənfəət (itaət və Allah bəndəliyi) gözünə zərər-ziyan görünər (onları ziyan güman edər), zərər-ziyanı (günah və itaətsizliyi) isə qənimət və mənfəət sanar. Ölümdən qorxur, amma fürsət əldən çıxmamış (saleh əməllər və Allahın xoşu gələn işlərə) tələsmir. Başqasının itaətsizliyindən o günahı böyük hesab edir ki, özünün ondan daha böyük olan günahını kiçik sayır. Həmçinin başqasından az hesab etdiyi itaəti öz bəndəliyi üçün çox bilir. Beləliklə, o, başqalarına qarşı tələbkar, özünə qarşı isə səhlənkardır. Yoxsullarla Allahı yad etməkdənsə, varlılarla boş-boş danışmağı daha çox sevər. Öz xeyrinə görə (hətta səhv olsa belə,) başqasının ziyanına hökm edər, amma başqasının xeyrinə (hətta düz olsa da) öz ziyanına hökm etməz. Başqasına yol göstərir, özünü isə azdırır. Beləliklə, (başqaları) onun arxasınca gedərlər, o özü isə günah edər. (Öz haqqını) tam alır, (başqasının haqqını isə) tam vermir. Xalqdan qorxar, amma Rəbbinin yolunda yox (onların qorxusundan Allahın bəyənmədiyi işlər görər)! Həmçinin xalqın işində Rəbbindən qorxmaz (onlara ziyan vurar və Allahdan çəkinməz). (Seyyid Rəzi  əleyhir-rəhmə -deyir:)

Əgər «Nəhcül-Bəlağə» kitabında bu kəlamdan başqa ayrı bir şey olmasaydı, təkcə o faydalı nəsihət, yetərli hikmət, bəsirət sahibi üçün gözüaçıqlıq və düşüncə sahibi üçün ibrət və öyüd olmaq baxımından kifayət edərdi.


143

İmam Əli əleyhis-salam (hamının sonu və aqibəti barəsində) buyurmuşdur:

Hər kəsin sonu və aqibəti ya şirin (səadət və xoşbəxtlik), ya da acıdır (bədbəxtlikdir).

144

İmam Əli əleyhis-salam (hər bir şeyin yox olacağı barəsində) buyurmuşdur:

Hər gələn qayıdandır, qayıdan şey isə olmamış kimidir. (Dünyanın növbə ilə hamının qarşısına çıxan şirinlik və acılığı elə yox olacaq, zavala uğrayacaq ki, sanki belə bir şirin və ya acı gün olmayıb.)


145

İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:

(Çətin) zaman uzun çəksə də, qələbə səbrli və dözümlüdən ayrılmır.


146

İmam Əli əleyhis-salam (başqasının işinə razı olmaq barəsində) buyurmuşdur:

Bir tayfanın gördüyü işə razı olan kəs həmin işdə onlarla birgə olmuş kimidir. (Çünki çirkin işə razı olmaq onu sevməyi tələb edir və bu, rəzil, günah və cəzaya layiq sifətlərdəndir. İşi görənlə ona razı olan arasındakı fərq budur ki,) batil və nahaq iş görənin iki günahı var: (biri) onu etməyin günahı, (digəri isə niyyət və qəlbdə) ona razı olmağın günahı.


147

İmam Əli əleyhis-salam (əhd-peyman barəsində) buyurmuşdur:

Əhd-peymanların tutacaqlarından yapışın. 


148

İmam Əli əleyhis-salam (hidayət və nicat imamları əleyhimus-salama tabe olmağa təşviq edərək) buyurmuşdur:

Tanımamağınızda üzrlü olmadığınız şəxsə tabe olun. 


149

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

Sizə göstəriblər – əgər göz açsanız, doğru yolu göstəriblər – əgər yola gəlsəniz, eşitdiriblər – əgər qulaq assanız! (Yəni, əgər göz açıb diqqət etsəniz görərsiniz ki, düz yola gəlməyiniz üçün lazım olan bütün tədbirlər görülüb, amma siz istəməyərək özünüzü korluğa, azğınlığa və karlığa vurmusunuz.)


150

İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur:

Öz qardaşını (dostunu) yaxşılıqla məzəmmət et. (Onu məzəmmət etmək əvəzinə ona yaxşılıq et ki, utansın. Çünki xəcalətin təsiri bütün məzəmmətlərdən çoxdur.) Onun pisliyini ona bəxşiş etməklə dəf et. 

151

İmam Əli əleyhis-salam (töhmətə səbəb olan yerlərdən çəkinmək barəsində) buyurmuşdur:

Töhmət və pis gümanlara səbəb olan yerlərə gedən kəs, onun barəsində pis zənnə düşəni qınamamalıdır. (Çünki o özü barəsində pis güman edilməsinə səbəb olub.)


152

İmam Əli əleyhis-salam (məsləhət barəsində) buyurmuşdur:

(Bir şeyi) ələ keçirən kəs özbaşınalaşar (başqalarının nəzər və fikirlərinə etinasızlaşar). Özbaşınalıq edən (işlərdə məsləhətləşməyən) həlak oldu. (Təcrübəli) insanlarla məsləhətləşən kəs onların ağıllarına şərik olub. (Məlumdur ki, hər hansı bir işdə bir neçə ağlın hökm verməsi bir ağlın hökm verməsindən daha xeyirli və münasibdir.)


153

İmam Əli əleyhis-salam (sirri faş etməmək barəsində) buyurmuşdur:

Xeyir və yaxşılıq öz sirrini gizli saxlayan kəsin öz əlindədir (sirrini faş edən şəxsin əksinə olaraq onun xeyir və mənfəəti öz əlindədir).


154

İmam Əli əleyhis-salam (yoxsulluğun məzəmmətində) buyurmuşdur:

Yoxsulluq və kasıblıq çox böyük ölümdür. (Çünki ölümün çətinliyi bir dəfə olur. Yoxsulluğun çətinliyi isə hər an müşahidə olunur.)


155

İmam Əli əleyhis-salam (layiq olmayan şəxsə yaxşılıq etmək barəsində) buyurmuşdur:

Hər kim haqqını əda etməyən kəsin haqqını yerinə yetirsə (ona hörmət etməyən şəxsə ehtiram göstərsə) ona bəndəlik edib. 

156

İmam Əli əleyhis-salam (məxluqa itaət və tabeçilik barəsində) buyurmuşdur:

Allaha itaətsizlik olan məsələdə məxluqa tabe olmaq rəva deyil (Yaxud günaha səbəb olan yerdə ibadət və bəndəlik düz deyil, məsələn, qəsb edilmiş torpaqda və ya zülm ilə alınmış yerdə namaz qılmaq olmaz).  

157

İmam Əli əleyhis-salam (başqasının haqqına toxunmaq barəsində) buyurmuşdur: 

Öz haqqı barəsində səhlənkarlıq edən kəs məzəmmət edilməz. Məzəmmət və qınaq o kəs üçündür ki, başqasının haqqına toxunub. (Çünki başqasının haqqına əl uzadan kəs zülm edib və zülm çirkinliklərin ən pisidir və zalım məzəmmətə layiqdir.)

158

İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) buyurmuşdur:

Xudpəsəndlik (insanı) daha artıq əldə etməkdən saxlayır. (Çünki xudpəsənd bütün məqamların son dərəcəsini əldə etdiyini zənn edir və onun bu gümanı onu daha yüksək məqam qazanmaqdan saxlayır.)

159

İmam Əli əleyhis-salam (dünyaya və onun əhlinə ürək bağlamamaq barəsində) buyurmuşdur:

İş (ölümlə başlayan axirət) yaxındır (azuqə tədarükü üçün çalış) və (dünyada olan) birgəlik azdır (tezliklə ayrılacaqsınız. Buna görə də ona ürək bağlamağa dəyməz).

160

İmam Əli əleyhis-salam (gözüaçıqların və bəsirət sahiblərinin tərifində) buyurmuşdur:

Həqiqətən iki gözü olan üçün səhər açılıb. (Bəsirət sahibi olan ağıllı üçün haqq din və düz yol aydındır və o, qəlbləri kor olan kəslər kimi şəkk və tərəddüddə deyil.) 


161

İmam Əli əleyhis-salam (itaətsizlik etməmək barəsində) buyurmuşdur:

Günah etməmək tövbə(nin qəbul edilməsini) istəməkdən daha asandır. 


162

İmam Əli əleyhis-salam (özünü cilovlamaq barəsində) buyurmuşdur:

Nə çox bir dəfə yemək ki, dəfələrlə yeməyə mane olur. 

163

İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur:

İnsanlar bilmədikləri şeyin düşmənidirlər. 


164

İmam Əli əleyhis-salam (məsləhətləşmə və məşvərət etmək barəsində) buyurmuşdur:

Fikir yollarına üz tutan (ağıllı insanlardan nəzəri kömək istəyən) kəs xəta və səhv yerləri tanıyar (və zərər-ziyanı olan şeydən uzaq olar).


165

İmam Əli əleyhis-salam (Allaha görə iş görməyin xeyri barəsində) buyurmuşdur:

(Öz) qəzəb nizəsini Allaha (Onun razılığını əldə etməyə) görə itiləyən (başqalarını pis işlərdən çəkindirən) kəs, ən çətin və ağır batil və nahaqları öldürməyə və məhv etməyə qadir olar (Allah ona, batil və nahaq qüdrətli olsa belə, onları məğlub etməkdə kömək edər).


166

İmam Əli əleyhis-salam (işə girişmək barəsində) buyurmuşdur:

Bir işdən qorxduğun zaman özünü onun içinə at. Çünki çəkinib ehtiyatlanmağın çətinliyi qorxduğun şeyin özündən daha böyükdür.

 

167

İmam Əli əleyhis-salam (başçılıq barəsində) buyurmuşdur:

Başçılıq və rəisliyin aləti könül genişliyidir (çətinliklərə tab gətirmək, işlərdə səbr etmək, dada çatmaq və bu kimi şeylərdir).


168

İmam Əli əleyhis-salam (pis əməllərin qarşısını almaq barəsində) buyurmuşdur:

Pis əməl sahibini yaxşı əməl sahibini mükafatlandırmaqla (onu əziz tutub ona yaxşılıq və bəxşiş etməklə) incit. (Çünki pis əməl sahiblərinə, yaxşı əməlliləri əziz tutub onlara yaxşılıq etməkdən ağır əziyyət yoxdur.)


169

İmam Əli əleyhis-salam (bədxah olmamaq barəsində) buyurmuşdur:

Pisliyi (kin-küdurəti) başqasının qəlbindən, onu öz qəlbindən qopartmaqla (kənar etməklə) biç (uzaqlaşdır). (Çünki hər kim başqaları barəsində pis fikirləşsə, onun barəsində də pis fikirləşərlər; hər kəs qəlbində başqalarına qarşı kin saxlasa, başqaları da qəlblərində ona qarşı kin saxlayarlar.) 


170

İmam Əli əleyhis-salam (tərslik və inadkarlığın məzəmmətində) buyurmuşdur:

Tərslik (sağlam) fikri uzaqlaşdırır (insanı doğru yoldan saxlayır və o, fikir və düşüncənin xeyirini əldən çıxarır).


171

İmam Əli əleyhis-salam (tamahın məzəmmətində) buyurmuşdur:

Tamahkarlıq əbədi köləlikdir. (Tamahkar həmişə qul və əsirdir və tamahına göz yummayınca azad olaraq qurtulmaz.)


172

İmam Əli əleyhis-salam (uzaqgörənlik barəsində) buyurmuşdur:

(Hər hansı bir işdə) səhlənkarlıq etməyin nəticəsi peşmançılıq, ehtiyat və uzaqgörənliyin bəhrəsi isə salamatlıqdır (zərər-ziyandan qurtulmaqdır).


173

İmam Əli əleyhis-salam (yersiz susmağın və yersiz danışmağın məzəmmətində) buyurmuşdur:

Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.


174

İmam Əli əleyhis-salam (düz və doğru yolun bir olması barəsində) buyurmuşdur:

(İki nəfərin) bir yola bir-birinə zidd iki çağırışının biri mütləq azğınlıqdır. 


175

İmam Əli əleyhis-salam (özünün haqq yolda sabitqədəm olması barəsində) buyurmuşdur:

Haqq (müqəddəs İslam dininin kök və şaxələri mənə) göstəriləndən (onları biləndən) bəri onun barəsində şəkk və tərəddüdə düşməmişəm.


176

İmam Əli əleyhis-salam (özünün Bəzi sifətləri barəsində) buyurmuşdur:

(Heç vaxt) yalan deməmişəm və mənə yalan deyilməyib yolumu azmamışam və heç kəs mənim vasitəmlə yolunu azmayıb.

177

İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) buyurmuşdur:

Zalım sabah (qiyamət günü qəm-kədərinin çoxluğundan) əlini çeynəyəcək. 


178

İmam Əli əleyhis-salam (ölüm barəsində) buyurmuşdur:

Köç etmək (dünyadan getmək) yaxındır. (Buna görə də ağıllı o adamdır ki, azuqə götürüb ölüm çatan zaman hazır olsun.)


179

İmam Əli əleyhis-salam (haqq yolunun çətinlikləri barəsində) buyurmuşdur:

Üzünü haqqa göstərən (ona kömək və yardım edən) kəs xalqın nadanları yanında məhv olar. 

180

İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyurmuşdur:

Səbrliliyin nicat vermədiyi kəsi dözümsüzlük məhv edər. (Çünki o, səbrliliyin savabını əldən verərək dözümsüzlüyün cəzasına düçar olar.)


181

İmam Əli əleyhis-salam (xəlifələrdən şikayətlənərək) buyurmuşdur:

Əcəba, xilafət (Həzrət Peyğəmbərlə) yoldaşlıq və birgəliklə çatır (ki, Əbu Bəkr Ömərə «əlini ver sənə bey’ət edim» deyəndə, Ömər Əbu Bəkrə «sən çətinlik və rahatlıqlarda Allahın Peyğəmbəri ilə yoldaş və birgə olmusan, əlini ver mən sənə bey’ət edim» demişdi), amma (o Həzrətlə) yoldaş və qohumluğa görə çatmır?! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu barədə o Həzrətdən belə bir şe’r də nəql olunub ki:

فَإِنْ كُنْتَ بِالشُورى مَلَكْتَ أُمُورَهُمْ             فَكَيْفَ بِهذا وَ الْمُشِيرُونَ غُيَّبُ

وَ إِنْ كُنْتَ بِالْقُرْبى حَجَجْتَ خَصِيمَهُمْ            فَغَيْرُكَ أَوْلى بِالنَّبِىِّ  وَ أَقْرَبُ

Yəni: «Əgər sən (Əbu Bəkr) şura və ümmətin ümumi nəzəri ilə xalqın işlərinin idarəçiliyini ələ almısansa, bəs nəzər və düşüncə sahibləri (Bəni-Haşim, xüsusilə İmam əleyhis-salam həmin şura və icmada) iştirak etməyə-etməyə ona necə nail olmusan? Yox əgər (Peyğəmbərə) qohumluğa əsaslanıb onların (xilafət barəsində) mübahisə edənlərinə dəlil gətirib onlara qalib gəlmisənsə (Əbu Bəkr Səqifədə Ənsarla mübahisə edərək dəlil gətirib ki, biz Peyğəmbərin qohum və yaxınlarıyıq), onda başqası (İmam əleyhis-salam) Peyğəmbərə daha yaxın və bu işə daha layiqdir. (Çünki əgər Peyğəmbər sənin qızını alıbsa, İmam əleyhis-salam onun kürəkəni və əmisi oğludur.)»


182

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

İnsan dünyada ölümlərin (ölüm amillərinin) ox atdığı hədəf, bəla və dərdlərin ona tərəf tələsdikləri qarət edilmiş qənimətdir. Hər içməyində boğaz tutulması, hər loxmasında kədərlər var (hər bir ləzzət və kefi qəm-qüssə ilədir). Bəndə bir nemətə ancaq digər bir nemətdən ayrılmaqla çatar; həyatının (yeni) bir gününə ancaq (onun üçün təqdir edilmiş) öz (ömür) müddətinin digər bir günündən ayrılmaqla üz tutar. Buna görə də biz ölümün yardımçılarıyıq (ki, hər gün ona yaxınlaşırıq və çəkdiyimiz hər bir nəfəslə ona tərəf bir addım atmış oluruq) və canlarımız məhv olmaq və ölümlərə hədəfdir. Belə isə əbədiliyə necə ümidvar ola bilərik, halbuki gecə ilə gündüz nəyə şərafət və böyüklük veribsə tez ona tərəf dönərək qurduqlarını viran, topladıqlarını isə darmadağın edib?! 

183

İmam Əli əleyhis-salam (mal toplamaq üçün çalışmaq barəsində) buyurmuşdur:

Ey Adəm övladı! Öz azuqə və ruzindən artıq qazandığın şeydə (var-dövlətdə) başqası (varislər və ya digərləri) üçün xəzinədarsan (ki,onu onlara verəcəksən və onun sənə heç bir xeyri olmayacaq).

184

İmam Əli əleyhis-salam (bir işə məcbur etməyin ziyanı barəsində) buyurmuşdur:

Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də (meylsizlik və istək olmayan yol ilə deyil) istək və üz tutmaq yolu ilə onlara tərəf gəlin (onları həmin hallarda olanda işə vadar edin). Çünki qəlb (bir işi görməyə) məcbur ediləndə korlaşır (yorğunlaşıb acizləşərək onu düz yerinə yetirmir).


185

İmam Əli əleyhis-salam (qəzəbi udmağa həvəsləndirərək) buyumuşdur:

Qəzəblənib üzümü turşudan zaman qəzəbimi nə vaxt boğum? İntiqam almaq və cəzalandırmağa gücüm çatmayanda və «mənə, (əgər güclənənə kimi) səbr etsəydin (yaxşı olardı)» deyiləndə, yoxsa intiqam almaq qüdrətim olanda və mənə «əgər bağışlasaydın (yaxşı olardı)» deyiləndə? (Hər halda, insanın qüdrətli və zəif olmasından asılı olmayaraq öz qəzəbini boğması təqdirəlayiqdir.)


186

İmam Əli əleyhis-salam zibillikdə olan murdarın yanından keçən zaman (dünya malına ürək bağlamamaq barəsində) buyurmuşdur:

Budur xəsislərin xəsislik etdikləri şeyin nəticəsi! (Seyyid Rəzi deyir:) Digər bir rəvayətdə o Həzrətin belə buyurduğu deyilir: Bu, sizin dünən onun üçün çalışaraq rəğbət göstərdiyiniz şeydir.

187

İmam Əli əleyhis-salam (əldən çıxmış şey barəsində) buyurmuşdur:

Malının sənə öyüd verəni əlindən çıxmayıb. (Əlindən çıxmış şeyin ziyanının qəmini çəkmə. Çünki o sənə təcrübə öyrədir və təcrübə həmişə işinə yarayacaq.)


188

İmam Əli əleyhis-salam (elm və bilikdən təngə gəlməmək, yorulmamaq barəsində) buyurmuşdur:

Bədən və cisimlər (bir növ yemək yeməkdən və bir cür iş görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tərkib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulur. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları və alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi və elm əldə edilməsində çalışasınız və yorulmayasınız).


189

İmam Əli əleyhis-salam Xəvaricin «hökm ancaq Allaha məxsusdur» sözlərini eşidəndə (onların bu sözdən məqsədlərinin səhv olması barəsində) buyurmuşdur:

O, haqq və düz sözdür ki, onlar ondan batil və səhv nəticə alırlar. (Bu cümlənin şərhi xütbələr fəslində qırxıncı kəlamda keçdi.)


190

İmam Əli əleyhis-salam fitnəkar adamlar barəsində buyurmuşdur:

Onlar bir yerə toplaşanda irəliləyir, dağılışanda isə tanınmırlar (ki, fitnə-fəsadlarına görə cəzalandırılsınlar. Seyyid Rəzi-rəhiməhullah-deyir:) Deyirlər ki, İmam əleyhis-salam elə deyil belə buyurmuşdur: Onlar bir yerə toplaşanda zərərlidirlər (çünki həmin zaman işlər dayanır) və dağılışanda xeyirlidirlər. Sonra dedilər: Bir yerə toplaşmalarının ziyanını bildik, bəs dağılışmalarının xeyiri nədir? Buyurdu: Sənət və peşəsi olanlar öz iş-sənətinə qayıdırlar və xalq onlardan faydalanır, bənnanın öz tikintisinə, toxucunun öz iş yerinə və çörəkçinin öz çörəkxanasına qayıtması kimi.


191

İmam Əli əleyhis-salamın yanına bir cinayətkar gətirdilər və onunla birlikdə fitnəkar adamlar da var idi. O Həzrət (onların məzəmmətində belə) buyurdu:

Ancaq çirkin və rüçvayçı işlərin yanında görünən üzlər heç açıq və şad olmasın! 


192

İmam Əli əleyhis-salam (əcəl çatmayınca ömrün sona çatmaması barəsində) buyurmuşdur:

Hər bir kəsin yanında onu qoruyan iki mələk var. (İlahi) təqdir gələndə (onun əcəli çatanda) həmin iki mələk onunla təqdirin arasını boşaldır. Ömür müddəti (ölüm müqabilində) möhkəm qalxandır. (Buna görə də ömür sona çatmayınca şəxs ölmür.)


193

İmam Əli əleyhis-salam Təlhə və Zübeyr (Osman öldürüldükdən sonra) o Həzrətə «biz sənə bu işdə (xilafətdə) şərik olmaq şərti ilə bey’ət edir, əhd-peyman bağlayırıq» deyəndə (onların istəklərinin rədd edilməsi barəsində) buyurmuşdur:

Xeyr! (Birdən artıq imam və rəhbər olmaz.) Amma siz kömək və yardım etməkdə şərik olun (yardıma ehtiyac olanda kömək edin) və acizlik və çətinlikdə kömək olun. (Əgər hansısa bir işdə aciz qalınması və çətinlik çəkilməsini görsəniz onun aradan qaldırılması və düzəldilməsinə kömək edin.)


194

İmam Əli əleyhis-salam (pərhizkarlığa təşviq edərək) buyurmuşdur:

Ey insanlar! Danışdığınızı eşidən və gizlətdiyinizi bilən Allahdan qorxun. Sizi qaçsanız da haqlayacaq, dayansanız belə tutacaq və əgər yadınızdan çıxarsanız belə (ömrün keçməsi, zəiflik, acizlik, dərdlər və xəstəliklərlə) yad edəcək ölümü (ibadət və bəndəliklə) qabaqlayın (özünüzü onun vəhşət və qorxusundan qurtarın).

 

195

İmam Əli əleyhis-salam (yaxşılıq etməyə təşviq edərək) buyurmuşdur:

Sənin yaxşılığının müqabilində təşəkkür etməyən kəs, səni yaxşılıq etmək həvəsindən salmasın. Çünki sənə həmin yaxşılığına görə o kəs (Allah) təşəkkür edəcək ki, həmin yaxşılıqdan bəhrələnməyib. Və sən həmin təşəkkür edənin təşəkküründən (Allahın sənə verəcəyi mükafatdan), o nankorun zay etdiyindən çox şey əldə edəcəksən. Allah yaxşılıq edənləri sevir.


196

İmam Əli əleyhis-salam (elmin mədhində) buyurmuşdur:

Elm və bilik qabından (sinə və qəlbdən) başqa hər bir qab içinə qoyulan şeylə daralır (dolur). O isə (ona elm doldurulduqca) genişlənir (və digər bir elmi qəbul etmək üçün tutuma malik olur).


197

İmam Əli əleyhis-salam (səbrliliyin xeyri barəsində) buyurmuşdur:

Səbrli şəxsin səbrliliyindən (qazandığı) ilk xeyir və əvəz budur ki, xalq (vuruşma və dava zamanı) nadan və səbrsizin müqabilində onun yardımçısı olur.


198

İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyurmuşdur:

Əgər səbrli deyilsənsə də, özünü səbrliliyə vadar et. Çünki az olur ki, insan özünü bir dəstəyə bənzətsin və onlardan olmasın. (Ona görə ki, insan özünü təbiəti olmayan xislətə vadar edəndə həmin xislət onun üçün adətə çevrilir və adət, ikinci - təbiətdir. İmam əleyhis-salamın bu kəlamı əxlaq və sifətlərin dəyişilməsinin mümkünlüyünə dəlalət edir.)


199

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

Öz hesabını aparan kəs qazanıb. Ondan qafil olmuş kəs isə ziyana düşüb. (Allahdan) qorxan (qiyamət gününün əzab və cəzasından) amanda olar. Hər kim (dünyadan) ibrət götürsə (axirət işində) gözüaçıq olar. Gözüaçıq olan kəs (pis ilə yaxşını) başa düşər, dərk edər. Başa düşən kəs isə (Allahı tanımaqda) alim olar.

200

İmam Əli əleyhis-salam (Məhəmməd Əhli-Beyti əleyhimus-salamın haqq dövlətinin zühuru barəsində) buyurmuşdur: 

Dünya pisxasiyyətli və dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi bizə (Məhəmməd Əhli-Beytinə) qayıdaraq mehribanlıq edəcək. (O Həzrət) bunun arxasınca bunu (Qəsəs surəsinin 5-ci ayəsini) oxudu: «وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ» «Yer üzündə zəif hesab olunanlara minnət qoyub (onlara qüdrət və əzəmət verib) onları imam və varislər (din və dünya başçıları) etmək istəyirik.»

 

201

İmam Əli əleyhis-salam (pərhizkarlığın necəliyi barəsində) buyurmuşdur:

Allahdan o kəsin qorxmağı kimi qorxun ki, (işlərdə) kəmərini möhkəm bağlayaraq (hazır dayanaraq) özünü (hər hansı bir şeyə bağlılıqdan) təcrid edib, səy və təlaş göstərərək özünü çevikləşdirib, ömrünün verdiyi möhlətdə (yaxşı işlər görməyə) tələsib, qorxudan (fürsəti əldən vermək qorxusundan) əliitilik edib və qərar tutacağı və sonda gedəcəyi yer (ya cənnət səadəti və xoşbəxtliyi, ya da cəhənnəm bədbəxtliyi) barəsində fikirləşib.

202

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

Bəxşiş abırların qoruyucusudur. (Xalq bəxşiş edən kəsdən razı olaraq onun abrını qoruyur.) Səbrlilik nadan və səbrsizin ağızına vurulan qıfıldır. (Səbrlilik nadanı boş-boş danışmaqdan saxlayar və pisliyi qaytarar.) (Günahdan keçib) güzəşt etmək zəfər və qələbənin zəkatıdır. (Hər bir kəsin düşmənə qalib gəlməsinin zəkatı ona güzəşt etməsidir.) Vəfasızlıq etmiş kəsdən uzaqlaşmaq sənin (ondan) çıxdığın əvəzdir. (Vəfasız dostdan qəlbini qıraraq uzaqlaş ki, onun vəfasızlığının əvəzini çıxmış olasan.) Məsləhətləşmək (və düz yolu axtarmaq) elə, hidayət və yolu tapmaqdır. Öz nəzər və fikri ilə kifayətlənən (və başqalarından məsləhət almayan) kəs özünü təhlükə və həlakətə atıb. Səbrlilik dövranın çətinliklərini uzaqlaşdırır. Dözümsüzlük zəmanənin yardımçılarındandır. (Çünki zəmanə qocaltmağa və yox etməyə hazırdır və dözümsüzlük də həmin işi görür.) Ən böyük sərvət və varlılıq, arzuya malik olmamaqdır. Nə çox ağıl ki, ona hakim olan nəfsi istəklərə əsirdir. (Nəfsi istəklər insanların çoxlarının ağıllarına hakimdir.) Təcrübəni qorumaq bir növ müvəffəqiyyət və yaxşı işə nail olmaqdır. (İnsanlarla) dostluq, bəhrələnilən qohumluqdur. (Səndən) qəlbi sınmış və incimiş kəsdən xatircəm olma (öz sirrini ona demə və onun əhd-peymanına ürək qızdırma). 


203

İmam Əli əleyhis-salam (xudpəsəndliyin ziyanı barəsində) buyurmuşdur:

İnsanın özünü bəyənməsi onun ağlının paxıllarından biridir. (Çünki ağıl gözəl xislətləri çoxaltmağı tələb edir. Özünü bəyənmək və xüdpəsəndlik isə onun qarşısını alır. Buna görə də sanki o, ağla paxıllıq edərək fəzilətli və gözəl sifətlərin çoxalmasına mane olur.)


204

İmam Əli əleyhis-salam (dünya çətinliklərinə etinasızlıq barəsində) buyurmuşdur:

Tikanlara (çətinliklərə) göz yum (etinasız ol), yoxsa heç vaxt şad olmayacaqsan (çətinliklər səni əldən salacaq).

205

İmam Əli əleyhis-salam (gözəl əxlaqın xeyri barəsində) buyurmuşdur:

Ağacının çubuğu yumşaq olanın (əxlaq və xasiyyəti gözəl olanın) budaqları (dostları) çox olar.


206

İmam Əli əleyhis-salam (müxalifət etməyin ziyanı barəsində) buyurmuşdur:

(Yersiz) müxalifət və dava (düzgün) nəzər və fikri viran edir (işə salmır. Yəni, uyuşmayan və müvafiq olmayan kəsin fikri zidd olar və düz gəlməz).

207

İmam Əli əleyhis-salam (məğrurluq barəsində) buyurmuşdur: 

Kim bir nailiyyət qazandısa məğrurluq etdi (gözəl əxlaqa malik olub Allahı nəzərə alaraq təvazökarlıq edəndən başqa)!


208

İmam Əli əleyhis-salam (halların dəyişilməsi barəsində) buyurmuşdur:

İnsanların gövhərləri (onların eyb və hünərləri) halların dəyişməsində (ucalıq və alçaqlıqda, varlılıq və yoxsulluqda, xəstəlik və sağlamlıqda) bilinir, başa düşülür.


209

İmam Əli əleyhis-salam (paxıllıq barəsində) buyurmuşdur:

Dostun paxıllığı dostluğun xəstəliyindəndir. (Ona görədir ki, o, dostluğunda düz deyil. Çünki həqiqi dost o kəsdir ki, dostu üçün özü üçün istədiyi şeyi istəyir. Bu sifət paxıllıq etməklə ziddiyyət təşkil edir.)


210

İmam Əli əleyhis-salam (hərisliyin və tamahın ziyanı barəsində) buyurmuşdur:

Ağılların torpağa düşdüyü (büdrədiyi) yerlərin çoxu tamah və hərisliyin şüaları altındadır. (Tamah insanı ağıl və şərafət zirvəsindən endirib alçaqlıq və xarlıq quyusuna salar.)


211

İmam Əli əleyhis-salam (pis gümanda olmaq barəsində) buyurmuşdur:

İnanılmış şəxs barəsində pis güman və zənn ilə hökm etmək ədalət və insafdan deyil. 


212

İmam Əli əleyhis-salam (zülmün məzəmmətində) buyurmuşdur:

Bəndələrə zülm etmək qiyamət günü üçün pis azuqədir.


213

İmam Əli əleyhis-salam (göz yummağa həvəsləndirərək) buyurmuşudr:

Alicənab və möhtərəm şəxsin ən yaxşı işlərindən biri onun bildiyi şeylərə (başqalarının çirkinliklərinə) göz yummasıdır (özünü onlardan xəbərsiz kimi göstərməsidir. Çünki alicənab adam heç kəsin abır-həyasını tökməz və özünü çirkinliklərin çoxundan xəbərsiz kimi göstərər).


214

İmam Əli əleyhis-salam (həyalılığın faydası barəsində) buyurmuşdur:

Həya hər kimə öz libasını geyindirsə (hər kim həyalı olsa), xalq onun eybini görməz. (Onun eybi olmaz ki, camaat onu görsün. Yaxud əgər eybi olsa da həya nəticəsində xalqın gözündən gizlin qalar.)

215

İmam Əli əleyhis-salam (Bəzi gözəl sifətlərə təşviq edərək) buyurmuşdur:

Çox susmaqla vüqar və əzəmət yaranır. (Çünki susmaq ağıl və dərrakənin əlamətidir.) İnsaflılıq nəticəsində (insana) birləşənlər və dostlar çoxalarlar. (Hər kim insaflı olsa camaat ona birləşər və onunla birgə olar.) Yaxşılıq etməklə məqamlar böyüyər. (Çünki hər bir kəs, yaxşılıq edənə hörmət gözü ilə baxır.) Təvazökarlıqla nemət təkmilləşər. (Allah hər kimə nemət versə və o, xalqa qarşı təvazökarlıq etsə, nemətin şükrünü yerinə yetirmiş olur və buna görə də daha artıq nemətə layiq olur. Yaxud əgər insan birinə nemət versə və onunla təvazökarlıq etsə, neməti tamamlamış olur.) Əziyyət və çətinliklərə (xalqın əziyyət və çətinliklərinə) dözməklə böyüklük vacib olur. Yaxşı və bəyənilən rəftarla düşmən məğlub olar. Səfeh və ağlı az olan adamla münasibətdə həlim və səbrli olanın yardımçıları çoxalar. 


216

İmam Əli əleyhis-salam (sağlamlığın əhəmiyyəti barəsində) buyurmuşdur:

Paxılların, bədənlərin (xalqın cisimlərinin) sağlamlığından qafil qalmaları təəccüblüdür. (Yəni, təəccüblüdür ki, paxıllar başqalarının mal və məqamına paxıllıq edirlər, amma onların ən böyük nemətlərdən olan sağlamlıqlarına paxıllıq etmirlər.)  

 

217

İmam Əli əleyhis-salam (hərisliyin ziyanı barəsində) buyurmuşdur: 

Həris (əsir kimi) zillət və xarlıq zəncirindədir. (Çünki hamı onu kiçik və xar sayır və ona əhəmiyyət vermir.) 

 

218

İmam Əli əleyhis-salamdan imanın mənasını soruşdular və o Həzrət (imanın həqiqi mənasının açıqlamasında belə) buyurdu: 

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. 

 

219

İmam Əli əleyhis-salam (bəzi nalayiq sifətlərin ziyanı barəsində) buyurmuşdur: 

Dünya (malı əldə edə bilmədiyi) üçün kədərlənən kəs, Allahın qəzavü-qədərinə qəzəblənib. (Çünki insanın dünyadan olan pay və qismətinə razı olmaması, onun üçün təqdir edilmiş şeyə razı olmaması deməkdir.) Ona üz tutmuş müsibətdən (başqasının yanında) gileylənən kəs, Rəbbindən şikayətlənib. (Bu, imanın zəif və süst olmasının nişanəsidir. Çünki o, səbr və dözümlülüyü əldən verib.) Kim varlı şəxsin yanına gedib sərvətinə görə ona təvazökarlıq göstərsə, dininin üçdə ikisi əlindən gedib. Qur’an oxuyub ölümündən sonra oda düşən kəs, Allahın ayələrinə istehza edənlərdəndir. Qəlbi dünya məhəbbətinə məftun olan kəs dünyadan üç şeyə bağlı olar: ondan ayrılmayan qəm-qəssəyə (çünki tapmayanda bir kədərlənər, tapanda isə onu artıraraq qorumaq üçün qəm-qüssə yeyər); ondan əl çəkməyən (və həmişə onun qəlbini qorxulu çəkişmədə saxlayan) hərisliyə; çatmayacağı ümid və arzuya.  


220

İmam Əli əleyhis-salam (qənaət və gözəl xasiyyətə təşviq edərək) buyurmuşdur: 

Qənaətlə şahlıq etmək olar, xoşxasiyyətliliklə naz-nemət içində olmaq. 

221

İmam Əli əleyhis-salamdan Allah-təalanın (Nəhl surəsinin 97-ci ayəsində olan) «فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً» «Yaxşı işlər görən saleh əməlli bəndəyə gözəl həyat nəsib edəcəyik» kəlamının mənasını soruşdular və o Həzrət (onun təfsirində belə) buyurdu: 

Həmin gözəl həyat qane olmaqdır. (Qaneçilik hakim olan həyat xoş və gözəldir. Hərisin həyatı isə, onun çox sərvətə malik olmasına baxmayaraq, acı və usandırıcıdır.) 

 

222

İmam Əli əleyhis-salam (şərik olmağın xeyri barəsində) buyurmuşdur: 

(Alverdə) ruzisi bol olanla şərik olun. Çünki onunla şəriklik varlılığa daha münasib və qazanca üz tutulmasına daha layiqdir. (Çünki ruzisi az olan insan ruzisi bol olanla şərik olmaq nəticəsində mənfəət əldə edir.) 

 

223

İmam Əli əleyhis-salam Allah-təalanın (Nəhl surəsinin 90-cı ayəsindəki) «إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْاِحْسَانِ» «Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir» kəlamı (ayədəki ədalət və yaxşılığın mənası) barəsində buyurmuşdur: 

Ədalət və insaf zülm etməməkdir. Yaxşılıq etmək isə comərdlik və bəxşişdir. (Bu kəlam, həmin kəlmələrin daha aydın ibarələrlə hərfi tərifidir.)  


224

İmam Əli əleyhis-salam (başqalarına əl tutmağın xeyri barəsində) buyurmuşdur: 

Qısa əl ilə (öz mal və sərvətindən hətta az olsa da Allah yolunda) bağışlayan kəs (Allah tərəfindən) uzun əl ilə bəxşiş tapar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) 

Bu kəlamın mənası budur ki, Allah-təala öz mal və sərvətindən hətta az olsa belə, xeyir yollarda xərcləyən şəxsin mükafat və əvəzini böyük və çox edir. Burada iki əldən məqsəd iki nemətdir (biri bəndənin verdiyi, digəri isə Allahın bağışladığı nemət). Beləliklə, İmam əleyhis-salam bəndənin neməti ilə Allahın nemətini «qısa» və «uzun»luqla bir-birindən ayırıb; bəndənin nemətini qısa, Allahın nemətini isə uzun adlandırıb. Çünki Allahın nemətləri həmişə məxluqun nemətlərindən daha çox və artıqdır. Ona görə ki, Allahın nemətləri bütün nemətlərin özəl və təməlidir və hər bir nemət onlara qayıdır, onlardan yaranır və meydana çıxır. 


225

İmam Əli əleyhis-salam oğlu İmam Həsən əleyhis-salama (düşmənlə vuruşmaq barəsində) buyurmuşdur: 

Gərək (heç kəsi) mübarizəyə (sıradan qabağa çıxmağa) çağırmayasan. Amma səni ona çağırsalar (müdafiə məqsədi ilə) qəbul et və qarşıya çıx. Çünki çağıran zülmkardır. (Çünki o, həddini aşaraq inadkarlıq göstərib, ədalət və düzlükdən əl götürüb və bu iş zülmkarlıq və düşmənçilikdir.) Zülmkar isə torpağa sərilmişdir. 

226

İmam Əli əleyhis-salam (qadının bəzi gözəl xasiyyətləri barəsində) buyurmuşdur: 

Qadınların ən yaxşı xasiyyətləri kişilərin ən pis xasiyyətləridir: təkəbbürlülük, qorxaqlıq və xəsislik. Beləliklə, əgər qadın təkəbbürlü olsa (ərindən başqa heç kəsə) baş əyməz; xəsis və simic olsa özünün və ərinin malını qoruyar; əgər qorxaq olsa qarşısına çıxan (və adının pisliyi və ərinin qəzəbinə səbəb olan) hər bir şeydən qorxar (və ondan uzaqlaşar). 

 

227

İmam Əli əleyhis-salama dedilər ki, ağıllı adamı bizə vəsf et. O Həzrət (ağıllı adamın nişanəsi barəsində belə) buyurdu: 

Ağıllı, hər bir şeyi öz yerinə qoyan kəsdir. (Münasib olan sözü deyir və layiq olan işi yerinə yetirir.) Dedilər ki, nadanı da bizim üçün vəsf et. Buyurdu: Anlatdım. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) 

Yəni, nadan heç bir şeyi öz yerinə qoymayan kəsdir. Deməli, (İmam əleyhis-salamın) onun sifətini bəyan etməməsi onun üçün sifətdir. Çünki onun sifəti ağıllının sifətlərinin əksidir. 

 

228

İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur: 

Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir. 

 

229

İmam Əli əleyhis-salam (ibadətin növləri barəsində) buyurmuşdur: 

Bir dəstə adam Allaha (savab və mükafata) rəğbət üçün ibadət edir. Bu, (alverin xeyir-ziyanını nəzərdə saxlayan) tacirlərin ibadətidir. Bir dəstə isə Allaha qorxudan ibadət edir. Bu da qul və kölələrin ibadətidir (ki, onlar ağalarının göstərişlərini qorxudan yerinə yetirirlər). Digər bir dəstə isə Allaha şükr etmək üçün ibadət edir və bu, azad insanların ibadətidir (ki, onlar agahlıq və niyyət paklığı ilə Allaha ibadət edirlər və Onu ibadət və bəndəlik etməyə layiq bilməkdən başqa, digər bir məqsədləri yoxdur). 

 

230

İmam Əli əleyhis-salam (qadının məzəmmətində) buyurmuşdur: 

Qadının hər şeyi (bütün hal və sifətləri) pisdir və onda olan ən pis şey isə budur ki, ondan (kişi üçün onunla olmaqdan) başqa bir çarə yoxdur. 

 

231

İmam Əli əleyhis-salam (süstlüyün və söz gəzdirməyin ziyanı barəsində) buyurmuşdur: 

Kim (işlərdə) süstlük etsə, payları əldən çıxarar. Kim söz gəzdirənin (ara vuranın) sözünə qulaq assa, dostu (öz dostunu) itirər. 

 

232

İmam Əli əleyhis-salam (qəsbi mal və zülm ilə əldə edilən var-dövlətin ziyanı barəsində) buyurmuşdur: 

(Kimə məxsus olmasından asılı olmayaraq hər hansı bir) evdə olan qəsbi daş həmin evin viran olmasına girovdur. (Girov borcun ödənilməsini zəruriləşdirdiyi kimi, qəsbi daş da həmin tikilinin xarab və viran olmasını zəruriləşdirir. Seyyid Rəzi-rəhiməhullah-deyir:) 

Bu kəlam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilib. Bu iki kəlamın bir-birinə bənzəməsi təəccüblü deyil. Çünki bu iki su bir quyudan çəkilib və bir vedrədən tökülüb. (Peyğəmbərin - səlləllahu əleyhi və alih – buyurduqları Allah tərəfindəndir və İmam əleyhis-salam da o Həzrətin buyurduğunu bəyan edir.) 

 

233

İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) buyurmuşdur: 

Məzlumun zalım üzərindəki günü (qiyamət gününün intiqamı) zalımın məzlum üzərindəki günündən (dünyada ağalıq etdiyi gündən) daha ağır və çətindir. 

 

234

İmam Əli əleyhis-salam (pərhizkarlıq barəsində) buyurmuşdur: 

Allahdan müəyyən şəkildə qorx, hətta az olsa belə! (İşini Allahla birdəfəlik sona çatdırma ki, həmişəlik çətinliyə düçar olmaq həddinə çatsın.) Özünlə Allah arasında pərdə saxla, hətta nazik olsa belə! (Allahın əmr və göstərişlərinə riayət edərək aradakı pərdəni tamamilə götürmə və barışığa yer saxla ki, peşman olanda qayıtmağa yolun olsun.) 

 

235

İmam Əli əleyhis-salam (bir suala bir neçə cavab verməyin ziyanı barəsində) buyurmuşdur: 

(Bir suala verilən) cavab çox olan zaman düzlük (cavabın düzlüyü) gizli qalar (sual soruşan şəkk və tərəddüdə düçar olar və sualının cavabının hansı olduğunu bilməz). 

 

236

İmam Əli əleyhis-salam (şükr etməyin xeyri barəsində) buyurmuşdur: 

Həqiqətən Allah-təalanın hər bir nemətdə şükr haqqı vardır. Buna görə də hər kim onu yerinə yetirsə, Allah ona həmin nemətdən daha çox verər. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar. 

 

237

İmam Əli əleyhis-salam (imkan barəsində) buyurmuşdur: 

İmkan və qüdrət (bir şeyi əldə etmək imkanı) çoxalan zaman (həmin şeyə olan) istək və meyl azalar. 

 

238

İmam Əli əleyhis-salam (şükr etməyə həvəsləndirərək) buyurmuşdur: 

(Naşükrlük və nankorluq nəticəsində) nemətlərin uzaqlaşmasından qorxun ki, hər qaçan geri dönmür. (Buna görə də gərək elə iş görülsün ki, qayıtması qeyri-mümkün olan qaçan, heç qaçmasın.) 

 

239

İmam Əli əleyhis-salam (comərd barəsində) buyurmuşdur: 

Comərd (dost), qohumdan da mehribandır. (Çünki onun mehribançılığı təbiidir. Qohumun mehribançılığı isə bəzən süni və rəsmiyyət xarakterlidir.) 

 

240

İmam Əli əleyhis-salam (yaxşı işə təşviq edərək) buyurmuşdur: 

Sənin barəndə yaxşı gümanda olanın zənnini doğrult. (Səndən gözlədiyi yaxşılığı yerinə yetir. Çünki əgər onun zənnini puça çıxarsan başqaları sənin barəndə yaxşı gümanda olmayacaqlar və bu, çox pisdir.) 

241

İmam Əli əleyhis-salam (çətin və ağır işlər barəsində) buyurmuşdur:

Əməl və işlərin ən yaxşısı öz nəfsini onun yerinə yetirilməsinə məcbur etdiyin işdir. 


242

İmam Əli əleyhis-salam (Allahı tanımaq barəsində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahı insanın qətiyyətli olduğu istəklərin (qərarların) pozulması və düyünlərin (fikir və işlərin düyünlərinin) açılması ilə tanıdım. 


243

İmam Əli əleyhis-salam (dünyanın acılıq və şirinlikləri barəsində) buyurmuşdur:

Dünyanın acılığı (onda özünü əziyyətə qatlaşdırmaq) axirət şirinliyidir (xoşbəxtliyidir). Dünyanın şirinliyi (ləzzətlərə vurğunluq) isə axirət acılığıdır. 

244

İmam Əli əleyhis-salam (bəzi şəriət hökmlərinin fəlsəfəsi barəsində) buyurmuşdur:

Allah imanı (bəndələrinin qəlblərini) şirkdən təmizləmək üçün, namazı təkəbbür və məğrurluqdan paklaşmaq üçün, zəkatı (yoxsullara) ruzi vasitəsi olması üçün, orucu insanların (Allaha olan) sədaqət və səmimiyyətlərini sınamaq üçün, həcci (Məkkəyə getməyi) dinin güclənməsi üçün (–çünki müxtəlif tayfaların bir yerə toplaşması nəticəsində İslamın əzəmət və böyüklüyü üzə çıxır), cihadı İslamın izzəti (və kafirlərin məğlubiyyəti) üçün, əmr be mə’rufu (bəyənilən işlərə əmr etməyi) adi xalq kütləsini islah etmək (və onları səadət və xoşbəxtliyə sövq etmək) üçün, nəhy əz münkəri (nalayiq işlərdən çəkindirməyi) ağlı az olanların (itaətsizlik və günahlarının) qarşısını almaq üçün, qohumluq tellərini birləşdirməyi (qohum-əqraba ilə münasibət və əlaqədə olmağı, onların) saylarının çoxalması üçün (çünki qohum-əqrabanın bir-biri ilə birləşməsi nəticəsində onların köməkçi və yardımçıları artır), qisası (birini öldürəni öldürməyi və ya yaralayanı yaralamağı) qanların qorunması üçün, şər'i cəza növlərinin icrasını bərqərar etməyi (məsələn- şərab içən, orucunu yeyən və ya zina edən şəxs üçün müəyyənləşdirilmiş cəzaları icra etməyi) haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi üçün, şərab içilməməsini ağılları (fəsad və pislikdən) qorumaq üçün, oğurluqdan uzaqlığı (camaatın malına əl uzatmaqdan) paklaşmağı gerçəkləşdirmək üçün, zina etməməyi soy və nəsillərin düzgün qalması üçün (çünki zina soyları bir-birinə qarışdırır və aləmdə olan quruluşların pozulmasına səbəb olur), livatı (kişinin kişi ilə yaxınlıq etməsini) tərk etməyi nəsil və övladların çoxalması üçün, şahidlikləri, inkar edilən şeylər üçün kömək istəməyə görə (ki, inkar etmək nəticəsində heç kəsin haqqı zay olmasın), yalan danışmamağı düzlüyün böyüklüyünü aşkar etmək üçün (ki, xalqın rahatlığının ona bağlı olması bəlli olsun), salamı (insanların bir-birini salamlamalarını) qorxulu yerlərdən xatircəmlik üçün (çünki «salamun ələykum»dan məqsəd budur ki, mənimlə sizin aranızda dava-dalaş deyil sülh və barışıq bərqərardır), imamət və rəhbərliyi xalqın (işlərinin) nizam-intizamı və rahatlığı üçün və (imama) itaət və tabeçiliyi imamətin (onun məqamının) böyük hesab edilməsi üçün (çünki imamətin xeyir və bəhrəsi ancaq xalqın ona tabe olması zamanı mümkündür) vacib edib.


245

İmam Əli əleyhis-salam (zalıma and verdirməyin yolu barəsində) buyurmuşdur:

(Yalançı) zalımın and içməsini istədiyiniz zaman onu (əgər həmin işdə yalan deyirsə) «Allahın qüdrət və qüvvəsindən bizar olmasına» and verdirin. Çünki əgər bu ifadə ilə yalandan and içsə cəzaya (yalanının cəzasına) tez çatar. Əgər «Ondan başqa heç bir tanrı olmayan Allaha (and içirəm ki, yalan demirəm deyib)» and içsə (onun cəzalandırılmasında) tələsilməz. Ona görə ki, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahın yeganəliyini iqrar edib (və bu, yalan danışmaqla ziddiyyət təşkil etmir). 


246

İmam Əli əleyhis-salam (maldan paylamağa təşviq edərək) buyurmuşdur:

Ey Adəm övladı! Özün özünün canişin və qəyyumun ol və mal və var-dövlətindən səndən (ölümündən) sonra vermələrini istədiyini (ölümündən qabaq) özün  ver. (Çünki sən özünə hamıdan çox canıyanansan.)

247

İmam Əli əleyhis-salam (əsəbiliyin məzəmmətində) buyurmuşdur:

Tündxasiyyətlilik və əsəbilik dəliliyin bir növüdür. Çünki tünd xasiyyətli və əsəbi şəxs (əsəbləşdikdən sonra özünə gələndə) peşman olur (necə ki, dəli sağalandan sonra etdiklərinə peşman olur). Buna görə də əgər peşman olmasa dəliliyi öz yerində qalmaqdadır.


248

İmam Əli əleyhis-salam (həsəd aparmamağın xeyri barəsində) buyurmuşdur:

Bədənin sağlamlığı həsədin azlığındadır. (Çünki qəm-kədər xəstəlik gətirir. Paxıl və həsəd aparan adam qəm-qüssəyə çox düçar olar və nəticədə sağlamlıqdan bəhrəsiz qalar.)


249

İmam Əli əleyhis-salam (səhabələrinin ən yaxşılarından olmuş) Kumeyl ibn Ziyad Nəxəiyə (qəlbləri ələ almağın faydası barəsində) buyurmuşdur:

Ey Kumeyl! Qohum-əqrabanı gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et (Gecələr istək sahibləri yuxuda olsalar da, onlar həmin şəxslərin istəklərini yerinə yetirməyə getsinlər.) Eşitmə qüdrəti səs və fəryadları əhatə edənə and olsun ki, hər kim bir qəlbi sevindirərək şad etsə, Allah həmin sevinc və şadlıq müqabilində o şəxs üçün bir lütf və mehribançılıq (yaxşı iş görmək nəticəsində insana üz tutan mənəvi şadlıq) yaradar ki, ona kədər üz verəndə həmin mehribançılıq hündürdən axan su kimi həmin kədərə tərəf axsın və yad dəvə qovulub uzaqlaşdırılan (dəvəçi öz dəvə sürüsündən və ya onların su içdikləri yerdən yad dəvəni qovan) kimi müsibəti ondan uzaqlaşdırsın.


250

İmam Əli əleyhis-salam (Allah yolunda bəxşiş etməyə təşviq edərək) buyurmuşdur:

Əliniz aşağı olan zaman (ehtiyacı olanlara) sədəqə verməklə Allahla ticarət edin. (Bacardığınız və imkan olan qədər Allah yolunda xərcləyin ki, sədəqə bəla, çətinlik və gözlənilməz hadisələrin qarşısını aldığı kimi həm də varlılıq vasitəsidir.)


251

İmam Əli əleyhis-salam (peyman və dostluqda vəfasızlıq edənlər barəsində) buyurmuşdur:

Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. (Çünki öz əhd-peyman və dostluğuna vəfa etməyən kəs Allahın göstərişinə əməl etməyib.)


252

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:

Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşılıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər nə qədər çirkin iş görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb. (Çünki məğrurluq onu Allahın nemətlərinə və həmin nemətlərdən biri olan xalqın onun barəsində xoş sözlər danışmasına görə şükr etməkdən saxlayır və o, əzab və çətinliyə düçar olur.) Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat və yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam bundan öncə (eyni ilə yüz on ikinci kəlamda) keçdi. Amma onun burada bir daha bəyan edilməsi gözəl və mənfəətli bir təkrardır. (Bəlkə də onun burada bir daha bəyan edilməsinin xeyri yuxarıda «vəfasızlara vəfasızlıq etmək Allaha vəfa etməkdir» buyurulan kəlama görədir. Bu, Allahın, bəndələrini onun vasitəsi ilə imtahan edərək sınadığı işlərdən biridir.)

Bu fəsildə o Həzrət əleyhis-salamın, (bu kitabda) mənasının dərki çətin və 

izah və təfsirə ehtiyacı olan seçilmiş kəlamlarının bəzilərini bəyan edəcəyik


1

 İmam Əli əleyhis-salamın (Həzrət Sahibəzzamanın–Allah onun mübarək zühurunu tezləşdirsin–əzəmət və böyüklüyündən xəbər verdiyi) hədisində deyilir:

Onun vaxtı çatanda alicənab başçı və dinin rəhbəri (gizlin qalmadan və nigarançılıqdan çıxıb öz səltənət və xilafət məqamında) yerini tutacaq. Sonra (möminlər, dünyanın müxtəlif yerlərindən) bulud parçaları payız fəslində bir yerə toplaşıb bir-birlərinə birləşdikləri kimi o Həzrətin yanında bir yerə toplaşacaqlar. (Bu kəlam aşkar şəkildə İmami-Zaman əleyhis-salamın sağ olmasına, düşmənlərdən gizlin olmasına, yer üzünü seyr etməsinə və Allah istəyən zaman üzə çıxacağına dəlalət edir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) 

(Əsas mətndə işlədilmiş) «يَعْسُوبُ الدِّينِ» «yə'subuddin» kəlməsinin mənası «alicənab başçı»dır. (O Həzrətin işlətdiyi «ضَرَبَ بِذَنَبِهِ» «zərəbə bizənəbihi» kəlməsinin mənası budur ki, İmami-Zaman nigarançılıqdan sonra öz yerini tutacaqdır. Çünki «يَعْسُوب» «yə'sub» lüğətdə «bal arılarının şahı» mənasındadır ki, günün çox hissəsini iki qanadı ilə uçur, quyruğunu yerə qoyduqdan sonra isə hərəkət və uçuşu dayandırıb öz yerində durur.) «قَزَع» «Qəzə» (istər sulu, istər də) susuz və yağışsız (nazik) bulud parçalarıdır. (Lüğət yazan alimlər də onun mənasını deyilən kimi yazıblar. Həzrət Sahibəzzaman əleyhis-salamın əshabı ona görə payızın bulud parçalarına oxşadılıb ki, payız qışın əvvəlidir və dağınıq buludlar həmin vaxt bir-birlərinə tez birləşirlər.)


2

İmam Əli əleyhis-salamın (Əmirəl-möminin əleyhis-salamın səhabələrinin əzəmətli, xas və yaxşılarından olmuş Sə'sə’ə ibn Sauhan Əbdini təriflədiyi) hədisində deyilir:

Bu xütbə oxuyan mahir və zirəkdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Əsas mətndəki «شَحْشَح» «şəhşəh» kəlməsindən) məqsəd xütbə oxumaqda mahir, zirək və usta olan və dolğun söz söyləməkdə bacarığı olan şəxsdir. Danışıq və hərəkəti iti olan hər bir şəxsə «شَحْشَح» «şəhşəh» deyirlər.

«شَحْشَح» «şəhşəh» bundan başqa yerdə bəxşiş etməyən xəsis və simic mənasında işlədilib. 


3

İmam Əli əleyhis-salamın (çəkişmə və dava-dalaşın ziyanı barəsindəki) hədisində deyilir:

Çəkişmə və dava-dalaşda çətinlik və məhv olma vardır. (Çünki əgər şəxs çalışaraq onda israrlı olsa günaha düçar olar, ona göz yumub əl çəksə isə məğlub olar və zülmə məruz qalar. Hər iki halda əziyyətə və çətinliyə düşər. Belə olan şəxs pərhizkarlıqdan qalar, necə ki, iki yüz doxsanıncı kəlamda bu nöqtəyə təkid edilib. Buna görə də gərək insan elə iş görsün ki, çəkişmə və düşmənçilik qarşıya çıxmasın. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

İmam əleyhis-salamın (əsas mətndəki) «قُحَم» «quhəm» kəlməsindən məqsədi «məhv olmaqlıqlar»dır. Çünki çəkişmə çox vaxt insanları çətinliklərə və məhvə düçar edir. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab», yəni, «ərəb çölçülərinin çətinlikləri» də ondan götürülüb. Məqsəd budur ki, onlar qəhətlik və quraqlığa düçar olurlar. Belə ki, bu, onların var-yoxlarını aradan aparır, heyvanlarından ətsiz quru sümükdən başqa bir şey qoymur və var-yoxlarının məhv olmasının mənası da elə budur. «قُحْمَةُ الْأعْرابِ» «Quhmətul-ə’rab»ın (mənası) barəsində başqa cür də deyilib və o budur ki, qəhətlik və quraqlıq onları abad şəhərlərə getməyə məcbur edir. Yəni, çöllərin quruması (və onda ot və suyun olmaması) onları möhtac edir və şəhərə gəlməyə vadar edir.


4

İmam Əli əleyhis-salamın (qız üçün ər seçmək barəsindəki) hədisində deyilir:

Qadınlar (qızlar) həddi buluğa çatan zaman (onların ərə getmək və öz hüquqlarını ələ almaq vaxtları çatanda) ata qohumları (onu ərə verməyə ana qohumlarından) daha layiqdirlər. (Seyyid Rəzi-rəziyəllahu ənhu-deyir:)

(Əsas mətndə olan «نَصُّ الْحَقائِق» «nəssul-həqaiq» kəlməsinin yerinə) «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» da rəvayət edilib. «نَصّ» «nəss» hər bir şeyin son həddi və axırıdır. Məsələn, yol getməkdə «نَصّ» «nəss» heyvanın getməyə qadir olduğu hərəkətin son həddidir. Sən o vaxt «نَصَصْتُ الرَّجُلَ عَنْ الْأَمرِ» «nəsəstur-rəculə ənil-əmr», yəni, «filan şey barəsində filan kişidən sualımı sona çatdırdım» deyirsən ki, həmin şey barəsindəki suallarını onda olanları əldə edənə kimi verib sona çatdırmış olasan. Buna görə də Həzrətin «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan (bu cümlədən) məqsədi, qızların, uşaqlığın sonu olan və uşağın böyüklük həddinə çatdığı «həddi-buluğ»a yetişmələridir. Həzrətin (نَصُّ الْحِقاقِ «nəssul-hiqaq») kəlamı, bu mənada ən dolğun və heyrətləndirici metaforalardandır. Buyurur ki, qızlar həmin həddə (ərə getmək vaxtına) çatan zaman onu ərə vermək istəsələr qızın ata qohumları–əgər qardaşlar və əmilər kimi ona məhrəm olsalar–onu ərə verməyə anadan daha layiqdirlər. «حِقاقِ» «hiqaq» (kəlməsi) ananın, qızı barəsində qızın ata qohumları ilə çəkişməsi mənasında olan «مُحاقَّة» «muhaqqə»dən götürülüb. «مُحاقَّة» «muhaqqə» onların hər birinin digəri ilə, qızı ərə verməyə daha layiq olması barəsində çəkişmə aparması və qalmaqalıdır. «جادَلْتُهُ جِدالاً» «cadəltuhu cidalən» kimi olan «حاقَقْتُهُ حِقاقاً» «haqəqtuhu hiqaqən», yəni, onunla çəkişdim və dava etdim, ibarəsi də ondan götürülüb. Deyiblər ki: «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq» əqlin həddi buluğa, kamillik həddinə çatmasıdır. Çünki İmam əleyhis-salam (bu kəlamda) o sonun və zamanın çatmasını nəzərdə tutub ki, onda haqq və hökmlər (qıza) vacib olur. «نَصُّ الْحَقائِق» «Nəssul-həqaiq» rəvayət edən kəs, «حَقائِق» «həqaiq»i «حَقِيقَة» «həqiqə»nin cəmi hesab edib.

Bu deyilənlər Əbu Ubəyd Qasim ibn Səlamın bəyan etdiyi məna idi. Mənim fikrimcə isə burada «نَصُّ الْحِقاقِ» «nəssul-hiqaq»dan məqsəd, qızın, ərə getməsi və öz hüquqlarını ələ alması rəva olan həddə çatmasıdır. Çünki o, dəvə barəsində işlədilən «حِقاق» «hiqaq»-a oxşayır və o, «حِقّ» «hiqq» və «حِقَّة» «hiqqə»-nin cəmidir. Bunların mənası üç yaşı tamam olmuş və dörd yaşına keçmiş dəvədir və o, həmin vaxt minilmək və yaxşı sürülməsi mümkün olan həddinə çatır. «حَقائِق» «həqaiq» də «حِقَّة» «hiqqə»nin cəmidir və hər iki rəvayətin («نَصُّ الْحَقائِق» «nəssul həqaiq» və «نَصُّ الحِقاقِ» «nəssul-hiqaq»-in) mənası birdir. (Bizim dediyimiz) bu (məna), ərəbin məslək və yoluna, deyilmiş birinci mənadan daha çox oxşayır.

5

 İmam Əli əleyhis-salamın (iman barəsindəki) hədisində deyilir:

İman qəlbdə ağ nöqtə kimi yaranır, zahir olur. İman artdıqca həmin ağ nöqtə də artır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Əsas mətndəki) «لُمْظَة»«lumzə», nöqtə və ya onun kimi ağ bir şeydir. Aşağı dodağında ağ xal olan ata deyilən «فَرَسٌ أَلْمَظ» «fərəsun əlməz» (ifadəsi) də bu mənadan götürülüb. 

6

İmam Əli əleyhis-salamın (borcun zəkatı barəsindəki) hədisində deyilir:

Əgər birinin alacağı varsa və həmin borcu (borcludan) alıb-almayacağını bilmirsə, onu alanda üzərindən keçmiş il üçün onun zəkatını (verilməsi layiq olan kəsə) verməsi vacibdir.  (Seyyid Rəzi əleyhirrəhmə deyir:)

(Əsas mətndəki) «الدَّيْنُ الظَّنُونُ» «əd-dəyn əz-zənun» borc sahibinin borcludan alıb-almayacağını bilmədiyi borcdur. Belə ki, borc yiyəsi onun barəsində zənn və gümandadır. Bəzən onun çatacağına ümid bəsləyir, bəzən də naümiddir. Bu, (məqsədə dəlalət edən) ən fəsahətli və dolğun kəlamlardandır. Həmçinin sənin axtardığın, amma tapıb-tapmayacağını bilmədiyin hər bir şey «الظَّنُون» «əz-zənun»dur. (Cahiliyyət dövrünün məşhur şairlərindən olmuş və ərəblərin, onun şe’rlərinə mahnı qoşub oxuduğu) Ə’şanın sözü də bu mənadadır ki:

ما يُجْعَلُ الْجُدُّ الظَّنُونُ الَّذِى                        جُنِّبَ صَوْبَ اللَّجِبِ الْماطِرِ

مِثْلَ الْفُراتِىِّ إِذا ماطَما                              يَقْذِفُ بِالْبُوصِىِّ وَ الْماهِرِ

«Suyunun olub-olmaması barəsində zənn və güman edilən və səs–küylü axar yağışın gəlməsindən uzaq olan quyunu, Fəratın tüğyan edən zamanda (suyun çoxluğu və dalğaların təlatümü nəticəsində) gəmi və mahir üzgüçünü diz çökdürən suyuna tay tutmaq olmaz.» (Bu cümlə simic və xəsis adamla comərd və əliaçığın bərabər olmaması barəsində bir məsələdir. Şe’rin mətnində olan) «جُدّ» «cudd» (kəlməsi) çöl və səhrada olan köhnə quyu mənasındadır. «الظَّنُون» «Əz-zənun» isə suyunun olub-olmaması bilinməyən bir quyudur.

7

İmam Əli əleyhis-salam, müharibəyə göndərdiyi qoşunu ötürərkən (onlara öyüd-nəsihət verib belə) buyurmuşdur:

Bacardıqca qadınlardan uzaq olun. (Seyyid Rəzi–rəhiməhullah–deyir:)

Bu kəlamın mənası budur ki, (müharibə zamanı) qadınları yadınıza salmaqdan və onlara ürək bağlamaqdan çəkinin və özünüzü onlarla yaxınlıq etməkdən saxlayın. Çünki bu, qeyrət və kişilik gücünü süstləşdirir, qəti qərarlara xələl gətirərək onlarda boşluq yaradır, insanı düşmən müqabilində məğlub edir və müharibəyə gedərək onda səy və təlaş göstərməkdən uzaqlaşdırır. Bir şeydən çəkinən şəxs (barəsində «أَعْذَبَ عَنْهُ» «ə’zəbə ənhu», yəni,) «ondan uzaqlaşıb və özünü ondan saxlayıb» deyilir. Özünü yemək-içməkdən saxlayan kəsə «عاذِب» «azib» və «عَذُوب» «əzub» deyilir.


8

İmam Əli əleyhis-salamın (23-cü xütbədə paxıllıq etməmək və həsəd aparmamaq barəsindəki) hədisində deyilir:

Qələbə axtaran mahir qumarbaz kimi olsun ki, qələbəni əvvəlcə öz qumar oxlarından gözləyir. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

(Əsas mətndə olan) «ياسِرُون» «yasirun», alıb kəsdikləri dəvənin üstündə qumar oxları ilə qumar oynayan kəslərdir. «فالِج» «falic», qələbə axtaran və mahir mənasındadır. (Bu barədə belə) deyirlər: «فَلَجَ عَلَيْهِمْ وَ فَلَجَهُمْ» «fələcə ələyhim və fələcəhum», yəni, dostlarına qalib gəldi və onlardan uddu. (Döyüş meydanında) hərif çağıraraq rəcəz oxuyan şəxs belə deyir: «لَمّا رَأَيْتُ فالِجاً قَدْ فَلَجا» «ləmma rəəytu falicən qəd fələca» yəni, «o zaman ki, qələbə çalanı qalib gələndə gördüm.»


9

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - şücaət və cəsurluğu barəsindəki və oxşarı doqquzuncu məktubda keçmiş) hədisində deyilir:

Biz qorxu və vahimə qızaranda (döyüş çətinləşəndə) özümüzü Allahın elçisi (səlləllahu əleyhi və alih) vasitəsi ilə qoruyurduq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu sözün mənası budur ki, düşməndən qorxu artanda və müharibənin sancmaqları ağırlaşanda müsəlmanlar Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) vuruşan tərəfə qaçırdılar və Allah-təala o Həzrətin bərəkətindən onlara yardım göndərirdi. Onlar da həmin Həzrət vasitəsi ilə qorxduqları şeydən xatircəm olub rahatlanırdılar.

Həzrətin «إِذَا احْمَرَّ الْبَأْسُ» «qorxu və vahimə qızaran zaman» ibarəsi, döyüşün ağırlığını məcazi dillə anlatmaqdır. Bu barədə bir neçə fikir deyilib. Onların ən yaxşısı budur ki, Həzrət, müharibənin qızışmasını istilik və qırmızılığı öz əməl və rəngində toplayan oda bənzədib (ki, həm yandırıcıdır həm də şöləli). Bu nəzəri Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Taif ilə Məkkə arasındakı yerin adı ilə adlandırılan) Hüneyn müharibəsində müsəlmanların qılınc çalmalarını görən zaman buyurduğu söz də təsdiqləyir. O, (Qeys qəbilələrindən olan) Həvazən döyüşü idi (ki, Həzrət onda buyurdu): «الْانَ حَمِىَ الْوَطِيسُ» «indi müharibənin təndiri qızışdı». (Əsas mətndəki) «وَطِيس» «vətis» (kəlməsi) od yandırılan yer mənasındadır. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onların döyüşlərinin qızışmasını odun alışaraq şölələnməsinə bənzədib.



Bu fəsl sona çatdı və biz özümüzün bu bölümün əvvəlindəki üsulumuza 

(o Həzrətin buyurduğu kəlmələrin təfsiri deyil, 

İmam əleyhis-salamın sözlərinin bəyan edilməsi 

olan məqsədimizə) qayıdırıq


253

Müaviyənin qoşununun (İraqın qədim şəhərlərindən olan) Ənbara hücum edərək qarətçilik və soyğunçuluq etməsi xəbəri İmam Əli əleyhis-salama çatanda, o Həzrət təkcə piyada (Kufədən) çıxaraq (Kufə yaxınlığındakı) Nuxəyləyə kimi gəldi. Camaat (onun arxasınca gəlib) xidmətinə yetişərək belə dedi: Ey Əmirəl-möminin! Sənin yerinə biz onlara bəsik. Sonra Həzrət (onların məzəmmətində belə) buyurdu:

Allaha and olsun ki, siz mənə özünüz (sizə gələn ziyanlar) üçün bəs deyilsiniz, başqaları üçün necə bəs ola bilərsiniz? Əgər məndən əvvəlki rəiyyətlər hakimlərinin zülmündən şikayətlənirdilərsə, bu gün mən öz rəiyyətimin zülmündən şikayətlənirəm. Sanki mən tabe, onlar rəhbərdirlər, yaxud mən əmri yerinə yetirən, onlar isə əmr verəndirlər! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

İmam əleyhis-salam bu sözü – bizim, bir hissəsini xütbələr fəslində (iyirmi yeddinci xütbədə) bəyan etdiyimiz uzun bir söhbətdə –deyəndə, səhabələrindən iki nəfər qabağa çıxdı və onların biri dedi: Mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır. Ey Əmirəl-möminin! Bizə istədiyin şeyi əmr et, yerinə yetirək. İmam əleyhis-salam buyurdu: Mənim istədiklərim sizinlə hara kimi qabağa gedər və siz iki nəfərin əlindən nə gələr?


254

Deyirlər ki, Haris ibn Hut (və ya Xut) İmam Əli əleyhis-salamın yanına gələrək deyib: Elə bilirsən mən Cəməl əhlinin (Təlhə, Zübeyr, Aişə və onların tərəfdarlarının) azğınlıqda olmasını güman edirəm?

İmam Əli əleyhis-salam (onun məzəmmətində) buyurub:

Ey Haris! Sən öz altına baxdın (onların batil və səhv sözlərini qəbul etdin), amma üstünə və yuxarı baxmadın (mənim haqq və doğru sözlərim barəsində isə düşünmədin), beləliklə, çaş-baş və avara qaldın! Sən haqqı tanımadığın üçün onun əhlini də tanımadın, batili tanımadığın üçün onun davamçılarını və arxasınca gedənlərini də tanımadın. Haris dedi: Mən Sə’d ibn Malik (Sə'd ibn Əbi Vəqqas) və Abdullah ibn Ömər (ibn Xəttab) ilə kənara çəkilib bir guşəyə gedirəm. Sonra İmam əleyhis-salam buyurdu: Sə’d ilə Abdullah ibn Ömər haqqa kömək etmədilər və batili tərk etmədilər. 

255

İmam Əli əleyhis-salam (padşahın həmsöhbəti barəsində) buyurmuşdur:

Padşahın həmsöhbəti şir minmiş kəs kimidir. Xalq onun məqam və yerinin arzusundadır, o isə öz yerindən daha yaxşı xəbərdardır (ki, nə qədər təhlükəlidir).


256

İmam Əli əleyhis-salam (yaxşılıq barəsində) buyurmuşdur:

Başqalarının övladlarına yaxşılıq və mehribançılıq edin ki, sizin övladlarınızın hörmətini saxlasınlar.


257

İmam Əli əleyhis-salam (böyüklərin sözləri barəsində) buyurmuşdur:

Elm və bəsirət sahiblərinin sözü əgər düz olsa (dünya və axirət dərdləri üçün) dərman, səhv olsa isə dərddir (fitnə-fəsada səbəb olar. Buna görə də hikmət sahibi və alim çalışmalıdır ki, səhv söz deməsin. Çünki deyiblər ki: «زَلَّةُ الْعالِمِ زَلَّةُ الْعالَمِ» «alimin büdrəməsi aləmin büdrəməsidir.»)


258

Bir kişi İmam Əli əleyhis-salamdan imanın (mənasının) nə olmasını ona başa salmasını istədi. O Həzrət (sözün hürkəkliyi barəsində belə) buyurdu:

Hamı eşitsin deyə sabah mənim yanıma gəl və mən sənə xəbər verim ki, əgər sən mənim sözlərimi unutsan başqası onu əzbərləsin. Çünki söz hürkək ov kimidir. Biri (öz hafizəsi ilə) onu oğurlayır, başqa birisi isə (kütbeyinliyinə görə) onu əldən çıxarır. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Biz o Həzrətin həmin kişinin cavabında buyurduqlarını bu fəslin keçən hissəsində (otuzuncu kəlamda) bəyan etmişik və o, «iman dörd dirək (sütun) üzərində möhkəmlənib» (cümləsi ilə başlayan) kəlamıdır.

259

İmam Əli əleyhis-salam (gəlib çatmamış şey üçün qəmlənməmək barəsində) buyurmuşdur:

Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək. (Buna görə də yaxşı olar ki, insan özünü gəlib çatmamış günlərə görə əldən salmasın və hər gün həmin gün üçün çalışsın.)


260

İmam Əli əleyhis-salam (dostluq və düşmənçilik barəsində) buyurmuşdur:

Dostunu sev, amma həddi aşmaq miqdarında yox (onu bütün sirlərdən xəbərdar etmə). Ola bilər ki, o, bir gün sənin düşmənin olsun (və peşman olasan). Həmçinin düşməninlə orta səviyyədə düşmənçilik et (aradakı pərdələri tam götürmə). Ola bilər ki, günlərin bir günü o, sənin dostun olsun (və onda sən xəcalətli və başıaşağı olarsan).


261

İmam Əli əleyhis-salam (dünya və axirət üçün çalışmaq barəsində) buyurmuşdur:

İnsanlar dünyada iki dəstədirlər: Biri dünyada dünya üçün işləyir və dünya onu özünə məşğul edərək axirətindən (axirət işlərindən) saxlayıb. O, varislərinin yoxsulluğa düçar olmalarından qorxur (onlar üçün mal və sərvət toplayır ki, birinə möhtac olmasınlar), öz yoxsulluğu barəsində isə xatircəmdir. Beləliklə, öz həyatını başqasının xeyrinə sona çatdırır. Digəri isə dünyada axirət üçün işləyir, dünyadan onun üçün olan (təqdir edilmiş) şey işləmədən ona çatır. Beləliklə, o, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edib. Həmçinin Allahın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istəyi rəva olar. (Çünki onun Allah yanında hörmətli olması istəklərinin rəva olmasına səbəb olur.)


262

Nəql edilib ki, Ömər ibn Xəttabın xilafəti zamanında onun yanında (Allahın əzəmətli Məkkə şəhərindəki evi) Kə’bənin zinəti və bu zinətin çoxluğu barəsində söhbət düşür və bir dəstə belə deyir: Əgər onları götürüb müsəlmanların qoşununa xərcləsən savab və mükafatı çox olar, Kə’bə zinəti nə edir? Ömər də onları götürmək qərarına gəlir. Bu barədə Əmirəl-möminin Əli əleyhis-salamdan sual soruşur. O Həzrət (Kə’bənin zinətlərinə toxunmamaq barəsində belə) buyurur:

Qur’an Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil oldu və mallar dörd qisim idi: (Birincisi:) Müsəlmanların (öləndən sonrakı) malları ki, onları hesab əsasında varislər arasında böldü və payladı. (İkincisi:) Qənimət (qələbə nəticəsində düşməndən əldə edilən şey) ki, onu, ona layiq olan kimsələr arasında böldü. (Üçüncüsü:) Xums (qazanc və alverin beşdə biri) ki, Allah onu müəyyənləşdirdiyi yerdə yerləşdirdi (və onun kimlərə çatmalı olmasını buyurdu). (Dördüncüsü:) Sədəqələr (zəkat və bəxşişlər) ki, Allah onu (da) öz yerinə qoydu (ondan kimlərin istifadə etməsini müəyyənləşdirdi). Kə’bənin zinəti həmin vaxt da onda idi və Allah onu öz vəziyyətində saxladı (onları xərcləmək və sərf etmək barəsində bir göstəriş vermədi). (Allah) onu unutqanlıq səbəbindən tərk etmədi və onun yeri Allaha gizli və qaranlıq deyildi. Buna görə də (bütün mallar barəsində hökm verdiyi, Kə’bənin zinəti barəsində isə heç nə buyurmadığı üçün sən də) onu Allah və Peyğəmbər qoyduğu kimi öz yerinə qoy. Ömər dedi: Əgər sən olmasaydın, biz (Allahın hökmünü bilmədiyimiz üçün) rüsvay olardıq. O, zinətləri öz yerinə qoydu (onları heç yerə sərf etmədi).


263

Rəvayət edilib ki, İmam Əli əleyhis-salamın yanına Allahın malından (beytülmaldan) oğurluq etmiş iki kişini gətirirlər. Onlardan biri qul və kölə və beytülmalın əmlakı, digəri isə camaatdan birinin qulu idi. Buna görə də o Həzrət (beytul-maldan oğurluq etmiş hansı şəxsin əlinin kəsilməsi barəsində) buyurdu:

Beytülmala məxsus olan bu qula gəldikdə, ona (şər'i) hədd və cəza icra edilmir (onun əlini kəsmək lazım deyil, çünki) beytülmalın bir hissəsi digər hissəsini yeyib. Amma o biri barəsində (şər'i) hədd icra edilir. (İmam) sonra onun əlini kəsdi. 


264

İmam Əli əleyhis-salam (öz çətinlikləri barəsində) buyurmuşdur:

Əgər ayaqlarım bu sürüşkənliklərdə möhkəm qalsa (xilafətim sabitləşsə və daxili müharibələrdən qurtulsam) bir sıra şeyləri dəyişdirəcəyəm (müxaliflərin bid'ətlərini aradan apararaq hökmləri, Allahın Peyğəmbərinin – səlləllahu əleyhi və alih – göstərişlərinə uyğun şəkildə həyata keçirəcəyəm).


265

İmam Əli əleyhis-salam (təqdir edilmiş şeylərlə razılaşmağın gərəkliyi barəsində) buyurmuşdur:

Tam yəqinlik və inamla bilin ki, Allah bəndəyə, o nə qədər çox zirək, çox çalışqan və hiylə-kələkdə çox bacarıqlı olsa da, ilahi elmdə onun üçün təqdir edilib müəyyənləşdirilmiş şeydən artıq nəsib etməyib. Həmçinin bəndənin zəif və aciz olmasına görə, onunla, ilahi elmdə onun üçün təqdir edilmiş şeyin ona çatması arasında fasilə və ayrılıq salmayıb. Bu sirdən agah olan və onu həyata keçirən kəs (dünya və axirətdə) qazanc əldə etmək rahatlığı baxımından insanların ən üstünüdür. Ona göz yumaraq onda şəkk edən ziyana düçar olmaq baxımından insanların ən giriftarıdır. Nə çox nemətə çatan ki, nemətə görə yavaş-yavaş əzab və cəzaya yaxınlaşıb. Nə çox çətinliyə düçar olan ki, giriftarçılığına görə ona ehsan və yaxşılıq edilib. Buna görə də ey (bu sözləri) eşidən kəs! Çox şükr et və az tələs, ruzindən sənə çatanla kifayətlən və razı ol (ki, insana, çatması labüd olan miqdardan artıq verilmir). 


266

İmam Əli əleyhis-salam (ibadətə təşviq edərək) buyurmuşdur:

(Dünyanın yox olacağına dair) elminizi (axirətə göz yumub dünyaya ürək bağlamaq üçün) nadanlıq (la əvəz) etməyin, (ölüm barəsindəki) yəqinliyinizi şəkkə çevirməyin. (Buna görə də) əgər (dünyanın yox olacağını) bilirsinizsə (axirət üçün) iş görün, (ölümə) yəqin edəndə (azuqə götürərək) irəli durun.


267

İmam Əli əleyhis-salam (tamah və arzudan uzaq olmaq barəsində) buyurmuşdur:

Tamah (insanı) suyun üstünə apararaq geri qaytarmayandır (insanı suyun yanına aparar və onu sudan doydurmadan geri qaytarar. Kim ona düçar olsa məhv olar və ondan qurtula bilməz) və o, (öz əhd-peymanına) vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış çeçiyir. (Nə çox tamahkar və həris ki, mətləbini əldə etmək yolunda ona çatmamış və bəhrələnməmiş məhv olur.) Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kor edir. (Təqdir edilmiş) pay və qismət, ona tərəf getməyən şəxsə tərəf gəlir. (İnsan onu əldə etmək üçün çalışmasa və onu arzulamasa da təqdir edilmiş pay və qismət ona çatacaqdır.)

268

İmam Əli əleyhis-salam (zahirin yaxşı, batinin isə pis olması barəsində) buyurmuşdur:

Allahım, zahirimin gözlərin müqabilində (xalqın gözlərinin qarşısında) yaxşı, batinimin isə gizlətdiklərim şeylərdə Sənin yanında çirkin olmasından, özümü camaatın yanında Sənin məndən də (yaxşı) xəbərdar olduğun şeylərlə riyakarcasına qorumağımdan, beləliklə, xalqa zahirdə yaxşı görünüb pis əməllərimi Sənə tərəf gətirməyimdən və nəticədə bəndələrinə yaxınlaşaraq Sənin razılıqlarından (və mərhəmətindən) uzaqlaşmağımdan Sənə pənah gətirirəm.


269

İmam Əli əleyhis-salam (Həzrət Sahibəzzamanın zühurunu xəbər verərək) buyurmuşdur:

Əlbəttə! Aydın gündüzdən yaranan qaranlıq gecənin qalan hissəsində (qüdrəti ilə) gecələdiyimiz Allaha and olsun ki, filan-bəhmən olmayıb. 


270

İmam Əli əleyhis-salam (əzmkarlıq göstərərək çalışmağın mədhində) buyurmuşdur:

Davam etdirdiyin az iş (onun xeyir verməsi), bezib yorulduğun (və nəticədə tərk edilən) çox işdən ümidvericidir.


271

İmam Əli əleyhis-salam (vacibi əməllərə təşviq edərək) buyurmuşdur:

Müstəhəbbi əməllər vacibata ziyan vuranda (xələl gətirəndə) həmin müstəhəbbiləri tərk edin. 

272

İmam Əli əleyhis-salam (itaətə rəğbət göstərmək barəsində) buyurmuşdur:

Səfərin (axirət səfərinin) uzaqlığı yadında olan kəs hazırlıq görər (təqva və pərhizkarlığı öz şüarı edər).


273

İmam Əli əleyhis-salam (ağla tabe olmaq barəsində) buyurmuşdur:

Görmək (qəlbin xəbərdar və agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir). 


274

İmam Əli əleyhis-salam (öyüd-nəsihətə qulaq asıb tabe olmaq barəsində) buyurmuşdur:

Sizinlə moizə və nəsihət (onlara qulaq asıb tabe olmaq) arasında qəflət və xəbərsizlik pərdəsi vardır. 


275

İmam Əli əleyhis-salam (ifrat və səhlənkarlıq barəsində) buyurmuşdur:

Nadanınız (işi nadanlıq ucbatından) çox edir, aliminiz isə (işi öz vaxtından) təxirə salır. 


276

İmam Əli əleyhis-salam (elmin bəhanə yollarını bağlaması barəsində) buyurmuşdur: Elm və (dinin hökmlərini) bilmək («Allah kərimdir, rəhimlidir, bizim əziyyət çəkməyimizə və bəndəlik etməyimizə ehtiyacı yoxdur» deyən) bəhanə axtaranların yolunu bağlayır. (Buna görə də din, kitab və Peyğəmbərlə tanış olan şəxsin bəhanəsi qəbul deyil.)


277

İmam Əli əleyhis-salam (işi vaxtında yerinə yetirməyən şəxsin məzəmmətində) buyurmuşdur:

Kimi tələsdirirlərsə (ölümü tez çatırsa) möhlət istəyir (ki, ibadət və bəndəlik etsin), kimə möhlət verirlərsə və tələsdirmirlərsə (ömrü uzundursa, ölümün) təxirə düşməsi ilə («vaxtım var və gələcəkdə yerinə yetirərəm», deyib) bəhanə axtarır (bu günün işini sabaha saxlayır).


278

İmam Əli əleyhis-salam (şadlığa ürək bağlamamaq barəsində) buyurmuşdur:

Ruzigar xalqın «xoş halına» dediyi hər bir şey üçün bir pis gün gizlədib. (Zəmanə insanda gördüyü nemətə paxıllıq edər və onu, onun əlindən alar. Buna görə də ağıllı adam dünyanın şadlıqlarına ürək bağlamaz və rahat oturmaz.)

279

İmam Əli əleyhis-salamdan qəzavü-qədər (onun necəliyi) barəsində sual soruşdular. O Həzrət (onun barəsində düşünməkdən çəkindirərək belə) buyurdu:

O, qaranlıq bir yoldur, onunla getməyin (ki, şübhələr nəticəsində onların həllində aciz və sərgərdan qalar, yolunuzu azarsınız); dərin bir dənizdir, ona daxil olmayın (ki, müxtəlif düşüncələrdə qərq olarsınız); Allahın sirridir, özünüzü onda (onu aydınlaşdırmaq üçün) əziyyətə salmayın (ki, xeyir görməz və bir yerə çatmazsınız).


280

İmam Əli əleyhis-salam (itaətsizliyin ziyanı barəsində) buyurmuşdur: Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər. 


281

İmam Əli əleyhis-salam (gözəl xasiyyətlərə həvəsləndirərək) buyurmuşdur:

Keçmiş zamanlarda mənim Allah yolunda (Əbuzər Qəffari və ya Osman ibn Məz’un adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi (danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə və öyüd-nəshətlə) yatırdardı. (Allaha itaət və bəndəlik, xalqla səbrlilik nəticəsində) zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir və ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi. Vaxtından qabaq) qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər və düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi (və bu üsul, ədalət və insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük və doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. (Yersiz danışıq və söhbətlərdə sakit idi.) Danışmaqdansa qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən (düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. (Buna görə heç olmasa həmin xüsusiyyətlərin bəzilərinə də olsa yiyələnin.)


282

İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) buyurmuşdur:

Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm də əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə də itaət və şükrün zərurət və tələblərindən olan günahın tərk edilməsi də vacib olacaqdır.)


283

İmam Əli əleyhis-salam (öz səhabə və yoldaşlarının münafiq simalarından olmuş) Əş’əs ibn Qeysə övladının ölümünə görə baş sağlığı verib onu səbr və dözümlülüyə təşviq edərkən (dözümsüzlük etməmək barəsində) buyurmuşdur:

Ey Əş’əs! Əgər oğluna (onun ölümünə) görə kədərlənsən, (onunla) bağlılığına görə qəmlənməyə haqlısan (sənin övladının ölümünə görə kədərlənməyin yersiz deyil). Amma səbr etsən Allah yanında hər bir müsibət və kədərin canişini (əvəz və mükafatı) vardır. Ey Əş’əs! Əgər səbr etsən sənin barəndə qəza-qədər cari olacaq və sən savab və mükafat alacaqsan, amma dözümsüzlük etsən sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Ey Əş’əs! Oğlun (dünyaya gələn zaman) səni şad etdi, halbuki o, (sənin üçün) bəla və çətinlik idi və (ölümü ilə) səni kədərləndirdi, halbuki (sənin üçün) mükafat və mərhəmət vardır. (Buna görə də onun müsibətində səbrli olmağın daha münasibdir.)


284

İmam Əli əleyhis-salam Allahın Peyğəmbərini (səlləllahu əleyhi və alih) dəfn edən zaman o Həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur:

Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən Həzrətin qəminə nisbətdə) asan və kiçikdir.


285

İmam Əli əleyhis-salam (axmaqla yoldaşlıq etməyin ziyanı barəsində) buyurmuşdur:

Axmaqla yoldaşlıq etmə. Çünki o (öz ağılsızlığı ucbatından) işini sənin nəzərində bəzəyib gözəlləşdirir və sənin də onun kimi olmağını (onun axmaqlıqlarına tabe olmağını) istəyir.


286

İmam Əli əleyhis-salamdan şərqlə qərb arasındakı məsafənin nə qədər olmasını soruşdular. O Həzrət (onların arasındakı məsafənin müəyyənləşdirilməsi barəsində belə) buyurdu:

Günəşin bir günlük hərəkət və fırlanması miqdarında! 


287

İmam Əli əleyhis-salam (dost və düşmən barəsində) buyurmuşdur:

Dostların da üçdür, düşmənlərin də: dostların sənin öz dostun, dostunun dostu və düşməninin düşmənidir. Düşmənlərin isə sənin öz düşmənin, dostunun düşməni və düşməninin dostudur.


288

İmam Əli əleyhis-salam gördü ki, bir kişi düşməninə ziyan vurmaq üçün elə bir işdə səy və təlaş edir ki, özünə ziyan vurur. (Ziyan vurmağın məzəmmətində) buyurdu:

Sən tərkinə minmiş şəxsi öldürmək üçün özünə nizə batıran kəs kimisən. 


289

İmam Əli əleyhis-salam (öyüd-nəsihət qəbul etməmək barəsində) buyurmuşdur:

(Ruzigar və öyüd verənlərdən götürülməli) ibrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul etmək isə nə qədər də az!


290

İmam Əli əleyhis-salam (dava-dalaşın məzəmmətində) buyurmuşdur:

Çəkişmə və dava-dalaş istiqamətində çalışaraq israrlı olan kəs günah edib. Onda səhlənkarlıq və təmkinlilik göstərən isə zülmə məruz qalar. (Başqası ilə) dava-dalaş edən kəs (dava-dalaş əsnasında günahdan uzaq olub) pərhizkar ola bilməz. (Çünki dava-dalaşda təqva və pərhizkarlığın zərurətlərindən olan ədalətlilik və həddi aşmamaq çətindir.)


291

İmam Əli əleyhis-salam (tövbə etməyə həvəsləndirərək) buyurmuşdur:

O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdım (qəflətən ölmədim), məni kədərləndirmədi. 


292

İmam Əli əleyhis-salamdan soruşurlar ki: Allah bu qədər çox məxluqla (qiyamət günü) necə hesab aparacaq və sorğu-sual edəcəkdir? O Həzrət (Allahın hər şeyə qadir olması barəsində belə) buyurdu:

Bu qədər çoxluqla onlara ruzi verdiyi kimi! Soruşdular: Onlar Onu görməyə-görməyə onlarla necə sorğu-sual aparacaq? Buyurdu: Onlar Onu görməyə-görməyə onlara ruzi verdiyi kimi! 

293

İmam Əli əleyhis-salam (xəbər göndərmək barəsində) buyurmuşdur:

Sənin qasidin (başqası üçün) sənin ağlını bəyan edir. (Buna görə də gərək zirək və bilikli olsun ki, sənin məqsədini şirin kəlmə və dolğun sözlərlə tərəf müqabilə başa sala bilsin.) Həmçinin sənin məktubun sənin tərəfindən danışan ən yetərli şeydir. (O, sənin dilin kimidir. Artıq-əskik danışaraq çətinliklərə düçar olmaq və məhvə gətirib çıxarmaq ehtimalı olan elçi kimi deyil.)


294

İmam Əli əleyhis-salam (dua etməyə həvəsləndirərək) buyurmuşdur:

Dərd-qəmin çətinliyə salmış olduğu giriftar kəs, duaya bəla və dərddən amanda olmayan sağlam şəxsdən daha möhtac deyil. (Əksinə, onların hər ikisi Allaha dua edib Ondan kömək istəməyə möhtacdırlar. Biri sağalmasını, digəri isə sağlamlığının davamlı olmasını istəməyə möhtacdır.)


295

İmam Əli əleyhis-salam (dünyapərəstlərin məzəmmətində) buyurmuşdur:

İnsanlar dünyanın oğullarıdır və kişini anasını sevməyə görə məzəmmət etməzlər. (Bu o sözə oxşayır ki: «pis əməl və çirkin işlər filankəsin təbiətinə çevrildiyi üçün onu məzəmmət etməzlər.»)


296

İmam Əli əleyhis-salam (ehtiyaclılara əl tutmaq barəsində) buyurmuşdur:

Yoxsul və fəqir Allahın elçisidir. (Çünki Allahın onu ruzidən az bəhrələndirməsi buna oxşayır ki, varlı və imkanlı bəndəsini öz elçisi ilə sınamaq üçün yoxsulu onun yanına göndərib.) Buna görə də onu (yoxsulu) məhrum edən (ona kömək etməyən) Allahı məhrum edib (Onun, varlıların yoxsullara kömək etmələrinin zəruriliyi göstərişinə əməl etməyib.) Ona (yoxsula) bir şey verən isə Allaha verib (Onun göstərişinə əməl edib).

297

İmam Əli əleyhis-salam (zina barəsində) buyurmuşdur:

Qeyrətli şəxs heç vaxt zina etməz. (O, kiminsə onun yaxınları ilə zina etməsini qəbul etmədiyi kimi, qeyrəti, onun özünün də ona haram olan qadınla yaxınlıq etməsinə icazə vermir.)


298

İmam Əli əleyhis-salam (ömrün başa çatması barəsində) buyurmuşdur:

(İnsanı hər bir hadisədən) qorumaq üçün əcəl (ömrün sona çatma müddəti) kifayətdir. (Əcəl çatmayınca heç kəsin ölməməsi buna bənzəyir ki, əcəl onun qoruyucusudur.)


299

İmam Əli əleyhis-salam (mal və sərvətə bağlılıq barəsində) buyurmuşdur:

İnsan övlad ölümündə yatar (səbr edər), mal və sərvətinin oğurlanmasında isə yatmaz (dözümsüzlük edərək çalışar)! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlamın mənası budur ki, insan övladlarının öldürülməsinə səbr edir, sərvətinin oğurlanmasına isə səbr etmir. (Çünki ölümdən sonra övladın qayıtması mümkün deyil, var-dövlətin qayıtması isə mümkündür.)


300

İmam Əli əleyhis-salam (dostluq barəsində) buyurmuşdur:

Ataların dostluğu (dostluqlarının əsəri) oğullar arasında qohumluqdur (qohumluq kimidir. Çünki oğullar ataları arasında olan dostluq və düşmənçiliyi irs aparırlar və onların bir-birlərinə kömək etmələrinin kökü dostluqdur və qohumluq onun amillərindəndir). Və (buna görə də) qohumluq dostluğa, dostluğun qohumluğa ehtiyaclı olmasından daha möhtacdır. (İbn Əbil Hədid burada belə yazır: Birindən soruşurlar ki: «Qardaşını çox istəyirsən, yoxsa dostunu? Deyir: Əgər dost olsa qardaşımı.»)


301

İmam Əli əleyhis-salam (möminin zirəkliyi barəsində) buyurmuşdur:

Möminlərin gümanlarından çəkinin (ona əhəmiyyət verin). Çünki Allah haqq və düzlüyü onların dillərində qoyub. 


302

İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək barəsində) buyurmuşdur:

Bəndənin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (qüdrət) əlində olan şeyə arxayınçılıq və inamı öz əlində olan şeyə inamından çox olmayınca, onun imanı doğru deyil. 


303

İmam Əli əleyhis-salam Bəsrəyə gələndə (Həzrət Peyğəmbərin səhabələrindən olmuş və rical alimlərinin məzəmmət etdikləri) Ənəs ibn Maliki Təlhə və Zübeyrin yanına göndərdi ki, (o Həzrətin yanında) Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) onların barəsində eşitdiyi sözü («Siz Təlhə və Zübeyr Əli ilə müharibə edəcəksiniz və ona qarşı zalımsınız» hədisini) onların yadına salsın. Ənəs isə bu barədə şəhadət verməkdən boyun qaçırdı və o Həzrətin yanına gələndə dedi: Peyğəmbərin o sözü mənim yadımdan çıxıb. Həzrət (ona qarğış edərək) buyurdu:

Əgər yalan deyirsənsə, Allah sənə elə bir parlaq ağlıq vursun ki, əmmamə və çalma onu örtməsin (sənin üzünə elə ağ ləkələr salsın ki, əmmamə onu xalqın gözündən gizlədə bilməsin. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həmin ağlıqdan məqsəd qoturluqdur ki, ondan sonra Ənəsin hər iki üzündə zahir oldu və o, (xəcalətindən el arasında) ancaq rübənd ilə görünürdü.


304

İmam Əli əleyhis-salam (vacibata əhəmiyyət vermək barəsində) buyurmuşdur:

Qəlblərin üz tutma və üz döndərmələri (hazırlıq və əzginlikləri) vardır. Buna görə də üz tutma zamanı onları (vacibatdan əlavə) müstəhəbbiləri də yerinə yetirməyə vadar edin. Üz döndərəndə isə vacibatın yerinə yetirilməsi ilə kifayətlənin. (Çünki vacibatı heç bir halda, hətta insanın qəlbi özünü Allah dərgahında lazımı səviyyədə hiss etməsə belə tərk etmək olmaz.)


305

İmam Əli əleyhis-salam (Qur'anı oxumağa və dərk etməyə təşviq edərək) buyurmuşdur:

Sizdən qabaq olanların xəbəri (keçmişlərin əhvalatları), sizdən sonra olacaq şeylərin (qəbr, Bərzəx və qiyamətin necəliyi) xəbəri və sizin aranızda olanların (vacib, haram müstəhəb, məkruh və mübah şeylərin) hökmü Qur’andadır.


306

İmam Əli əleyhis-salam (şərin geri qaytarılması barəsində) buyurmuşdur: Daşı gəldiyi yerə qaytarın. (Pisliyi, həddi aşmamaq və dinin hökmlərinə zidd olmaması şərti ilə öz misli ilə cəzalandırın, əvəz çıxın.) Çünki şər və pisliyi şərdən başqa bir şey aradan aparmaz. 

307

İmam Əli əleyhis-salam (səhabələrinin xaslarından, şiələrinin ləyaqətlilərindən və o Həzrətə tabe olanlardan olmuş) katibi Ubeydullah ibn Əbu Rafeyə (xəttin gözəlliyi barəsində) buyurmuşdur:

Mürəkkəbqabını (onda olan rəngi toz-torpaq və çirkdən) təmizlə, qələminin ucunu uzun et (ki, mürəkkəb ondan kağız üzərinə yaxşı axsın), sətirlərin arasını geniş götür və hərfləri bir-birinə yaxın yaz ki, bu üsul xəttin gözəlliyi üçün daha uyğun və münasibdir.


308

İmam Əli əleyhis-salam (öz məqamı barəsində) buyurmuşdur:

Mən möminlərin başçısı və rəhbəriyəm, mal və sərvət isə pis əməllilərin rəhbəridir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlamın mənası budur ki, bal arısı öz başçısına tabe olduğu kimi möminlər də mənə tabedirlər, pis əməllilər isə var-dövlətə.


309

Yəhudilərdən biri İmam Əli əleyhis-salama dedi: Siz (müsəlmanlar) peyğəmbərinizi torpağa tapşırmamış onun barəsində ixtilaf və ziddiyyətə düşdünüz. Həzrət (yəhudilərin məzəmmətində) ona belə buyurdu:

Biz onun barəsində deyil, ondan olan şey barəsində (onun ümmətində canişinlik məsələsinə görə) ixtilafa düşdük. (Onun peyğəmbərliyi, Allahın birliyi və buyurduqları barəsində fikir ayrılığımız yox idi.) Amma sizin ayağınızın dəniz suyundan olan yaşlığı qurumamış (Allah siz yəhudiləri fironçulardan nicat verərək dənizi sizin üçün yaranda və siz oradan keçəndə, fironçuları isə suda batıranda, bütün bu tovhid nişanələrini görməyinizə baxmayaraq, dənizin sahilinə çatıb orada bütlərə pərəstiş edən bir dəstəni görən kimi nadanlıq və itaətsizlik səbəbindən) öz peyğəmbərinizə (Həzrət  Musa əleyhis-salama) dediniz: «اجْعَل لَّنَا إِلَـهًا كَمَا لَهُمْ آلِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ» (Ə’raf-138) «Bizim üçün onlarınkı kimi (görünən) bir tanrı düzəlt. Musa dedi: Siz doğrudan da çox nadan bir tayfasınız (və azğınlığa qərq olubsunuz ki, bu qədər tovhid nişanə və əlaməti görməyinizə baxmayaraq, yenə də bu cür yaramaz sözlər danışırsınız.).»


310

İmam Əli əleyhis-salama dedilər ki: (Döyüşlərdə) igidlərə nə ilə qalib gəldin (onları necə xar etdin və ya öldürdün)? O Həzrət (öz heybəti və camaatın ondan qorxması barəsində belə) buyurdu:

(Döyüşdə) qarşılaşdığım hər bir kəs mənə öz ziyanına (onu öldürməyimə) kömək edirdi. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həzrət bu sözü ilə özünün heybət və qorxusunun qəlblərdə yer almasına (ki, igidlər ona görə özlərini itirərək məğlub olurdular) işarə edib.


311

İmam Əli əleyhis-salam oğlu Məhəmməd ibn Hənəfiyyəyə (fəqirlik və yoxsulluğun məzəmmətində) buyurmuşdur:

Ey oğlum! Sənin üçün yoxsulluqdan qorxuram (ki, məbada yoxsulluq ucbatından camaata tamah əli açaraq Allahın verdiyinə razı olmayasan). Buna görə də ondan (onun şərindən) Allaha pənah apar ki, yoxsulluq dində məğlubiyyət və nöqsan yeridir. (Çünki yoxsulluq insanı xəyanətə, yalan danışmağa, alçaqlığa və haqqa kömək göstərməməyə vadar edə bilər və bunlar dində nöqsandır.) Həmçinin ağlın sərgərdanlıq yeridir (çünki səbrsiz yoxsul düz yolu itirər və görəcəyi iş barəsində ağlı çaş-baş, düşüncəsi sərgərdan qalar). O həm də düşmənçiliyə səbəb olar. 

312

İmam Əli əleyhis-salam (sınaq və imtahan etmək məqsədi ilə) o Həzrətdən çətin və ağır bir sual soruşmuş şəxsə (bilən şəxsdən sual soruşmaq üsulu barəsində) buyurmuşdur:

Çətinliyə salmaq üçün deyil, başa düşmək və öyrənmək üçün soruş. Çünki elm öyrənən nadan, alimə oxşayır (çünki elm əldə etməyə hazırlaşıb və düz yola ayaq basıb). Azğınlığa qədəm basan (başqasına qalib gəlmək və üstünlük əldə etmək istəyən) alim isə nadana bənzəyir (çünki o da nadan kimi layiq olmadığı şeyi tələb edir).


313

İmam Əli əleyhis-salam Abdullah ibn Abbas o Həzrətə nəzəri ilə uyğun olmayan məsləhət verən zaman (insanın öz imamına tabe olması barəsində) buyurmuşdur:

Sən gərək (məsləhət yolu ilə) məni istiqamətləndirəsən və mən öz nəzər və düşüncəm ilə ona baxam. Amma əgər (sənin məsləhətinin səhv olmasını bilib) sənə tabe olmasam, sən mənə tabe ol. 


314

Nəql edilib ki, İmam Əli əleyhis-salam Siffeyndən (müharibədən) qayıdıb Kufəyə gələn zaman (ərəb qəbilələrindən biri olan) Şəbamiyyinin yanından keçəndə arvadların Siffeyn (müharibəsinin) ölülərinə ağlamalarını eşitdi. Öz qəbiləsinin böyüklərindən olan Hərb ibn Şərhəbil Şəbamı Həzrətin yanına gəldi. İmam Əli əleyhis-salam (arvadların müharibə zamanı şivən qoparmalarının məzəmmətində) ona belə buyurdu:

     Arvadlarınız eşitdiyim bu ağlamaqları ilə sizə ağalıq edirlər? Onların bu nalə və fəryadlarının qarşısını almırsınız? (Gərək bunun qarşısını alasınız. Çünki belə bir vəziyyətdə onların ağlayaraq nalə etmələri kişilərin müharibədən qorxmalarına səbəb və onların döyüşə getmələrinə mane olur.)

Hərb istədi ki, minikdə olan o Həzrətin yanı ilə piyada getsin. İmam əleyhis-salam (cah-cəlal sevməyin ziyanı barəsində) ona buyurdu: Qayıt! Sənin kimisinin mənim kimisi ilə piyada gəlməyi hakim üçün bəla və çətinlik, mömin üçün isə zillət və xarlıqdır. (Hakim üçün ona görə bəla və çətinlikdir ki, bu iş ona ilahi əzab və cəzaya səbəb olan qürur və təkəbbürlülük gətirir. Möminin də bir miniyin yanı ilə piyada getməsi xarlıqdır. Çətinlik və bəlaya, eləcə də xarlığa səbəb olan hər bir şeyi tərk etmək isə vacibdir.)


315

İmam Əli əleyhis-salam Nəhrəvan müharibəsində Xəvaricin ölülərinin yanından keçən zaman (onların məzəmmətində belə) buyurdu:

Çəkin cəzanızı ki, sizi aldadan kəs ziyan vurdu sizə! Dedilər: Ey Əmirəl-möminin, kim aldatdı onları? Buyurdu: Azdıran şeytan və pisliyə əmr edən nəfslər. Pisliyə əmr edən nəfs onları arzularla aldatdı, onlara itaətsizlik yolunu açdı və (müharibədə) qələbə qazanmağı vəd etdi onlara. Beləliklə, onları çətinliklə oda atdı (əbədi əzaba düçar etdi).


316

İmam Əli əleyhis-salam (günahlardan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Xəlvətlərdə (də) Allaha qarşı günah etməkdən çəkin. Çünki şahid, hökm edənin özüdür. (Əgər gizlində günah edilsə və şahid olmasa Allah həm şahiddir, həm də hökm edən. Hökm edən özü şahid olanda isə onun başqalarının şahidliyinə ehtiyacı olmur.)


317

Məhəmməd ibn Əbu Bəkrin (Allah ondan razı olsun) (Misirdə Müaviyənin qoşununun əli ilə) öldürülməsi xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun üçün təəssüflənmək və kədərlənmək barəsində belə) buyurdu:

Bizim onun üçün olan kədərimiz onların ona görə (onun öldürülməsinə görə) olan sevincləri miqdarındadır. (Onun barəsində bizim kədərimizin və onların sevinclərinin çoxluğu bərabərdir.) Amma (bizimlə onlar arasındakı fərq budur ki,) onlar bir düşməni azaltdılar, biz isə bir dostu əldən verdik.


318

İmam Əli əleyhis-salam (bəhanəni qəbul etmək barəsində) buyurmuşdur:

Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır. 


319

İmam Əli əleyhis-salam (Allahdan başqasının yolunda qələbə qazanmağın məzəmmətində) buyurmuşdur:

Günahın qalib gəldiyi kəs zəfər çalmayıb. (Allah itaətindən ayrı yerdə qələbə qazanmış kəs, nəfsi istəyə və şeytana tabedir və əslində günah ona qalib gəlib.) Pisliklə (günahla) qabağa gedən kəs (əslində) məğlub olub. (Çünki o, ən pis düşmən olan nəfsi istəyə məğlub olub və düşmənlərin ən pisinin əlində əsir olan kəs qələbə qazanmayıb.)


320

İmam Əli əleyhis-salam (zəkat verməyə təşviq edərək) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıların mallarında yoxsulların ruzilərini vacib edib. Buna görə də varlı ondan (onun öz haqqını) əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah (Qiyamət günü) onları bu işə görə sorğu-sual edəcəkdir.


321

İmam Əli əleyhis-salam (bəhanə gətirməməyin tərifində) buyurmuşdur:

Üzr və bəhanə gətirməyə ehtiyacsızlıq, onun (üzr və bəhanənin) düzgün və yerində olmasından daha şərafətlidir. 


322

İmam Əli əleyhis-salam (günahdan uzaq olmaq barəsində) buyurmuşdur:

Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən (qəzəbinə səbəb olmamaq üçün) Onun nemətlərindən kömək istəməməyinizdir. 


323

İmam Əli əleyhis-salam (bəndəlikdə səhlənkarlıq edənlərin məzəmmətində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, acizlər (itaətdə acizlər kimi başısoyuqluq edənlər) səhlənkarlıq edən zaman itaəti zirək və gözüaçıqların (yaxşı işlər görən ağıllıların) qənimət və mənfəəti edib. (Onların səhlənkarlıqları müqabilində ağıllıların çalışqanlığı mənfəət və qazancdır.)


324

İmam Əli əleyhis-salam (padşahlar barəsində) buyurmuşdur:

Padşahlar Allahın yer üzərindəki gözətçiləridirlər (ki, insanların bir-birlərinə ziyan vurmalarının və pislik etmələrinin qarşısını alırlar). 

325

İmam Əli əleyhis-salam möminin vəsfində buyurmuşdur:

Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir (çətinliklər zamanı səbri qədərsizdir); nəfsi hər şeydən xardır (təvazökarlığı çoxdur); itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir. (İşin sonu barəsindəki) kədəri uzun, (layiqli işlərdəki) səy və təlaşı yüksəkdir. (Fikir və düşüncə nəticəsində) dinməzliyi çox, vaxtı (itaət və bəndəliyə) məşğul, (Allahın nemətlərinə) şükr edən və (bəla və çətinliklərdə) çox səbrlidir. Öz fikir və düşüncəsində (bəndəlik və işin sonu barəsində təfəkkürə) qərq olub, öz istəyində (başqasından bir şey istəməkdə) simiclik edir (ehtiyacını heç kəsə bildirmir), xasiyyəti yumşaq, təbiəti mülayimdir (təkəbbürlü, məğrur və başqalarını incidən deyil). O, quldan xar (hamıya qarşı çox təvazökar) olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir (din yolunda şücaətlidir).


326

İmam Əli əleyhis-salam (başqalarının malında gözü olmamaq barəsində) buyurmuşdur:

Ən böyük zənginlik xalqın əlində olan şeylərdə (var-dövlətdə) gözü olmamaqdır. (Çünki başqalarının malında gözü olmayan kəs varlılar kimi rifah və asayişdədir.)


327

İmam Əli əleyhis-salam (vədə vəfa etmək barəsində) buyurmuşdur:

Bir şey istənilən şəxs, vədə verməyincə azaddır (istəsə edər, istəməsə etməz). 

328

İmam Əli əleyhis-salam (arzu barəsində) buyurmuşdur:

Əgər bəndə (bəsirət gözü ilə) ömrün müddətinə və onun rəftarına (onu yoxluq və faniliyə çəkməsinə) baxsa, arzuya və onun aldatmalarına nifrət bəsləyər (ondan uzaqlaşar və fikrini onunla məşğul etməz).

329

İmam Əli əleyhis-salam (var-dövlət barəsində) buyurmuşdur:

Hər bir kəsin malında iki şəriki var: biri irs aparan, digəri isə hadisələr (bəla və müsibətlər. Buna görə də ağıllı adam elə bir iş görər ki, onun payı o iki şərikindən az olmasın).


330

İmam Əli əleyhis-salam (Allahdan istəmək barəsində) buyurmuşdur:

İtaət və bəndəliyi olmadan (Allahdan) bir şey istəyən, kamanının yayı olmayan ox atan kimidir (ki, oxu hədəfə çatmaz). 

331

İmam Əli əleyhis-salam (elm barəsində) buyurmuşdur:

Elm iki növdür: biri fitri (nişanələri əməldə aşkar) olan elm, digəri isə (öyrənmək və mütaliə ilə olan) eşidilmə elm. Eşidilmə elm fitri olmayınca fayda verməz (insanı elmin həqiqətlərinə çatdıraraq xoşbəxt etməz).

332

İmam Əli əleyhis-salam (fikir barəsində) buyurmuşdur:

Düzgün fikir dövlət, üstünlük və sərvətə bağlıdır. Onların gəlməsi ilə gəlir və onların getməsi ilə gedir. 


333

İmam Əli əleyhis-salam (yoxsulluq və varlılıq barəsində) buyurmuşdur:

Yoxsulluğun zinəti abır-ismətdir. Varlılığın zinəti isə şükrdür. 

334

İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:

Ədalət (qiyamət) günü zalıma məzluma zülm edilmiş gündən daha ağırdır. (Bu məsələnin şərhi 233-cü kəlamda keçdi.)


335

İmam Əli əleyhis-salam (bəyənilən işlərə təşviq edib nalayiq işlərdən çəkindirərək) buyurmuşdur:

Sözlər qorunub (mələklər onları əməl səhifələrinə qeyd edirlər); gizli sirlər aşkar olub və (Muddəsir surəsinin 38-ci ayəsində buyurulur:) «كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ» «Hər kəs öz əməlinin girovudur (onun cəzasına çatacaq).» İnsanlar – Allahın qoruduğu (eyb və nöqsandan saxlayıb zinətləndirdiyi) kimsədən başqa – (inkişafda) naqis və (ağıldan) eyblidirlər. (Çünki) sual soruşanları insanı çətinliyə salıb incitmək istəyir, cavab verənləri (heç bir cavabda geri qalmamaq üçün) çətinliyi qəbul edir. Onların fikiri daha düz olanını da sevinc və qəzəb tez gözəl fikrindən döndərir. Ağlı onlardan möhkəm olan kəsə də gözucu bir baxış tez ziyan vurar (ağılın hökmünə zidd davranaraq hörmətini itirər) və bir kəlmə onu bir haldan digər hala salar (deyilən bir söz nəticəsində qəzəblənərək xoşagəlməz iş görər).


336

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Ey camaat! Allahdan qorxun (dünyaya və onun malına ürək bağlamayın). Nə çox adam ki, çatmayacağı şeyi arzulayır, yaşamayacağı binanı tikir, tezliklə tərk edəcəyi sərvəti toplayır və bəlkə də onu əyriliklə (əyri yol ilə) toplayıb və haqqın qarşısını alıb, (yəni,) ona haram yol ilə çatıb və ona görə günahların yükü altına girib. Beləliklə, (qiyamətdə) onun ağır yükü ilə qayıdacaq və (hesab və araşdırma zamanı) Rəbbinin hüzuruna həsrət və kədərlə gələcək. O, (belə bir şəxs Qur'ani-Kərimin Həcc surəsinin 11-ci ayəsində buyurulduğu kimi) «خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ» «Həm dünyada, həm də axirətdə ziyana uğrayıb. Bu (hamıya) aşkar olan bir ziyandır.»


337

İmam Əli əleyhis-salam (günahdan kənar qalanlar barəsində) buyurmuşdur:

Günahlara (onun edilməsinə) əli çatmamaq paklıqdandır (paklığa səbəb olan amillərdəndir). 


338

İmam Əli əleyhis-salam (abır barəsində) buyurmuşdur:

Abrın donmuş haldadır (qorunur). Ağız açmaq və istəmək onun damcılarıdır (onu tökür). Onu kimin yanında tökməyinə diqqət et. (Alçaq adamlardan bir şey istəmə. Çünki onlar istəyini yerinə yetirməsələr xəcalət çəkəcəksən, amma yerinə yetirsələr sənin həmişə qarşılarında əyilməyini istəyəcəklər.)


339

İmam Əli əleyhis-salam (yaltaqlıq barəsində) buyurmuşdur:

(Birini) layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır (və ikiüzlülük nişanəsidir). Layiq olduğundan az tərifləmək isə acizlik (danışmaqda bacarıqsızlıq) və ya (ona) paxıllıqdır. (Deməli, ədalət və bərabərlik hər bir kəsi layiq olduğu qədər tərifləməyimiz və məqam və dərəcəsini həmin miqdarda üzə çıxarmağımızdır.)


340

İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur:

(Allah yanında) ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır. 

341

İmam Əli əleyhis-salam (bəzi xislətlərin xeyir və ziyanı barəsində) buyurmuşdur:

Kim öz eybinə (çatışmazlıqları və pisliklərinə) baxsa, başqasının eybini görməz. (Çünki öz pisliklərini düzəltməklə məşğul olar və başqasında eyb axtarmağa növbə çatmaz.) Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz. (Çünki insanın bir şey tapması və onun şəxsin əlində qalması, onun ruzisinin həmin şey olmasının nişanəsidir. Bir şeyi axtarıb tapmırsa, yaxud tapır və sonra əldən çıxarırsa, deməli, o, onun ruzisi deyilmiş. Buna görə də bir şeyi əldə etməmək üçün və ya tapandan sonra əldən çıxarmağa görə kədərlənmək təqdir edilmiş ruziyə razı olmamağa dəlildir.) Kim zülm qılıncını (qınından) çəksə (çox zülm etsə) həmin qılıncla öldürülər (axirətdən əlavə dünyada da məhvə düçar olar). Kim (alət və vasitəsiz, çətin) işlərdə çalışsa və əziyyət çəksə (qəza-qədərdən asılaraq) həlak olar. Özünü çətinlik və əziyyət burulğanlarına atan (zəif olmasına baxmayaraq, böyük işlərə girişən) kəs boğular (məhv olar). Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar (hətta pis iş görməsə belə). Çox danışan kəs çox səhv edər (çünki danışanda fikirləşməz). Çox səhv edən kəsin həyası az olar (çünki çirkin iş onun peşəsi olar). Kimin həyası az olsa onun pərhizkarlıq və günahdan uzaqlığı (da) az olar. (Çünki həyası olmayan kəs heç bir nalayiq işi görməkdən çəkinməz.) Pərhizkarlığı az olanın qəlbi ölər (Allahın rəhmindən uzaq olar. Çünki qəlbin yaşaması günahdan çəkinməkdən asılı, ona bağlıdır). Qəlbi ölmüş şəxs oda daxil olar. (Çünki əbədi cənnət və Allahın rəhmi qəlbi ölənlər üçün deyil.) Kim xalqın eyb və nöqsanlarına baxıb onları bəyənməsə və sonra onları özünə rəva bilsə (özü etsə), deməli, o, elə axmaq və qanmazın özüdür. (Çünki o, düz və doğru bildiyi şeyin əksinə gedib və bu, qanmazlıq və axmaqlıqdır.) Qaneçilik (öz payına razı olmaq və ya qənaət) tükənməz sərvətdir. Ölümü çox yada salan kəs dünyadan aza razı olar. (Çünki ölümdən qafil olmaq insanda dünyaya hərislik gətirir.) Kim danışığının əmələ əsaslanmasını (dediyini etməli olduğunu) bilsə, barəsində qərara gəldiyi və əhəmiyyət verdiyi şeydən  başqa az danışar. 


342

İmam Əli əleyhis-salam (zalım barəsində) buyurmuşdur:

Zalım insanın üç nişanəsi var: (birincisi:) günah və itaətsizliklə özündən üstün olana (Allaha) zülm edər; (ikincisi:) zor və üstünlüyü ilə əli altında olana zülm edər; (üçüncüsü:) zalımların dəstəsinə (söz, əməl və mal xərcləməklə) kömək edər.


343

İmam Əli əleyhis-salam (rahatlıq və çətinlik barəsində) buyurmuşdur:

Çətinlik və sıxıntının ən son həddə çatmasında rahatlıq, bəla və müsibət halqalarının daralmasında dinclik vardır. 


344

İmam Əli əleyhis-salam səhabələrinin birinə (arvad-uşaq barəsində) buyurmuşdur:

İşinin çoxunu arvad-uşağına həsr etmə. Çünki əgər onlar Allahın dostu olsalar, Allah Öz dostlarını puç etməz (və onlara yardım etməkdə başqasına möhtac deyil). Amma əgər Allahın düşməni olsalar, Allahın düşmənləri üçün kədərlənərək iş görməyin nəyə gərəkdir?! (Onun düşmənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün çalışma. Çünki onlara kömək etmək əzab və cəzaya səbəb olur.)


345

İmam Əli əleyhis-salam (eyb axtarmaq barəsində) buyurmuşdur:

Ən böyük eyb və qəbahət özündə olan sifəti (başqasında) nöqsan tutmaqdır.


346

İmam Əli əleyhis-salamın hüzurunda bir kişi oğlu olmuş digər bir kişini təbrik edərək belə dedi: Süvari (yaxud zəkalı və zirək) övladın mübarək olsun sənə! (Bu cümlə cahiliyyət dövründə ərəblərin şüarı idi. Onlar bu cümlə ilə təbriklərində uşağın süvarilik və xoşbəxtliyini proqnozlaşdırırdılar.) Sonra İmam əleyhis-salam belə buyurdu: 

(Uşağın olmasını təbrik edəndə) elə demə, de ki: Onu əta edən Allaha şükr olsun, sənə əta edilmiş övlad mübarək olsun, bu övlad tam kamala çatsın və onun yaxşı əməllərindən bəhrələnəsən.


347

İmam Əli əleyhis-salamın işçilərindən biri böyük bir ev tikmişdi. Buna görə də İmam əleyhis-salam (sərvətin aşkar olması barəsində belə) buyurdu:

Dirhəmlər (gümüş pullar) başlarını üzə çıxartdılar (gizlətdiyin şeylər faş oldu). Ev sənin varlılığını vəsf edir (sənin varlılığının nişanəsidir).


348

İmam Əli əleyhis-salama dedilər: Əgər birinin evinin qapısını üzünə bağlasalar və onu orada (azuqəsiz) qoysalar, ruzisi haradan gələr? O Həzrət ruzi barəsində buyurdu:

Əcəl və ölümü gələn yerdən! (Ölümü haradan gəlirsə Allah-təala ruzini də oradan göndərməyə qadirdir. Buna görə də qapının bağlı olması ölümün gəlməsinə mane olmadığı kimi, ruzinin də gəlməsinə mane olmur.)


349

İmam Əli əleyhis-salam adamları ölmüş bir tayfaya baş sağlığı verib səbr etmələrini tövsiyə edərək (ölüm barəsində belə) buyurdu:

Onun bu ölümü nə sizdən başlayıb,  nə də sizinlə qurtarır (ki, acı olsun. Əksinə, onda hamı bərabərdir). Sizin bu yoldaşınız (həyatı zamanı) səfərə çıxırdı (sizdən ayrılırdı). Buna görə də belə hesab edin ki, o öz səfərlərinin birinə gedib və sizin yanınıza qayıdacaq. Əgər qayıtmasa, (elə belə də olacaq) siz onun yanına gedəcəksiniz. (Buna görə də ondan ayrılmağa görə qəmlənmək yersizdir.) 


350

İmam Əli əleyhis-salam (şükr və səbr etməyə həvəsləndirərək) buyurmuşdur:

Ey insanlar! Allah gərək sizi (Onun) əzab və cəzasından qorxan gördüyü kimi, nemət və bəxşişlərindən də qorxan görsün. (Gərək həmişə Allahın nemətlərinə şükr etməkdə diqqətli olasınız və naşükrlük etməyəsiniz ki, əzab və cəzaya düçar olmayasınız.) Həqiqətən əlində sərvəti artan və onu əzabın tədricən gəlməsi (gəlmə səbəbi) bilməyən (və naşükrlük edən) kəs qorxuludan xatircəm və arxayın (qafil) olub. Həmçinin yoxsullaşan və onu sınaq və imtahan (öz sınağı) bilməyən (və səbrliliyi əldən verən) kəs, ümid bəslənilərək arzulanan (səbrli şəxs üçün nəzərdə tutulmuş) mükafatı zay edib.


351

İmam Əli əleyhis-salam (nəfsin istəklərindən uzaq olmaq barəsində) buyurmuşdur:

Ey nəfsin istəyinin əsirləri, dayanın (ona tabe olmayın)! Çünki dünyaya ürək bağlayanı müsibət və qəm-qüssənin dişlərinin səsindən (qəzəb və sərtlikdən yaranan ağır dərdləri eşitməkdən) başqa bir şey qorxutmur (necə ki, insan birinə qarşı qəzəblənəndə dişlərini bir-birinə sürtür). Ey insanlar! Nəfslərinizi ədəbləndirmək və islah etməklə özünüz məşğul olun (bəyənilənləri öz şüarınız edin) və onları (nalayiq) xislət və vərdişlərə cürət etməkdən qaytarın (ki, qiyamət cəzasından qurtulasınız).


352

İmam Əli əleyhis-salam (pis güman barəsində) buyurmuşdur:

Birindən (birinin ağzından) çıxan söz barəsində nə qədər ki, yaxşı ehtimal verə bilirsən, pis güman etməməlisən. (Nə qədər ki, mümkündür, ona qarşı pis gümanda olma. Həmçinin birindən gördüyün işi bacardıqca yaxşı san. Amma bəzi yerlərdə uzaqgörənliyi əldən vermək olmaz. 110-cu kəlamda nikbinlik və bədbinliyin yerləri müəyyənləşdirilib.)


353

İmam Əli əleyhis-salam (salavat göndərməyə təşviq edərək) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan hacət və istəyin olanda, öz istəyini Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) salavat göndərməklə başla və sonra öz hacətini istə. Çünki Allah Ondan istənilən iki hacətdən birini (Peyğəmbərə rəhmət və salam göndərməsi istəyini) qəbul edib digərini (sənin öz hacətini) qəbul etməməkdən çox-çox səxavətlidir.


354

İmam Əli əleyhis-salam (qalmaqal və çəkişmə barəsində) buyurmuşdur:

Abrına simiclik edən (abırını qorumağı sevən) kəs, gərək (başqası ilə bir şey barəsində) mübahisə etməyi kənara qoysun. (Çünki mübahisə etmək, xüsusilə eyb axtaranlarla çəkişmək insanın abrını aparır və qəlblərdə ona qarşı kin yaradır.)


355

İmam Əli əleyhis-salam (tələskənlik və süstlüyün məzəmmətində) buyurmuşdur:

(Hər hansı bir işə) imkan yaranandan qabaq (onda) tələsmək və münasib vaxt və fürsət yaranandan sonra süstlük etmək axmaqlıq və qanmazlıqdandır. (Çünki tələsmək ifrat, süstlük isə səhlənkarlıqdır və ağıllı adam onların hər ikisindən uzaq olar.)


356

İmam Əli əleyhis-salam (faydasız sual barəsində) buyurmuşdur:

Olmayacaq şey (məsələn, haqqında bəhs edilən fərzi məsələlər) barəsində sual soruşma. Çünki (şər’i hökmlər və həyati işlər kimi) mövcud şeylərdə sənin üçün məşğuliyyət və iş var (ki, gərək onlarla məşğul olasan).

357

İmam Əli əleyhis-salam (bəzi bəyənilən sifətlərə yiyələnməyə təşviq edərək) buyurmuşdur:

Fikir saf və aydın güzgüdür (ki, işin sonu onda görünür). (Ruzigardan) ibrət götürmək qorxudan öyüdverəndir. Başqasından bəyənmədiyin şeydən (çirkinlikdən) uzaq olmağın ədəb və zinəti sənə bəsdir.


358

İmam Əli əleyhis-salam (əməl ilə birgə olan elm barəsində) buyurmuşdur:

Elm əmələ bağlıdır. Buna görə də kim bildisə əməl etdi (əks halda, yəni, əgər zahirdə bilən kimi görünüb əməl etmirsə, deməli, əslində bilmir). Elm əməli çağırır (özünə tərəf dəvət edir). Əgər onu (onun dəvət və çağırışını) qəbul etsə həmin elmdən xeyir görülür. Əks halda isə elm əməldən uzaqlaşır (həmin elmdən xeyir görülmür, necə ki, nadanlıqdan xeyir əldə edilmir. Deməli, bu elm xeyir verməməkdə nadanlıqla bərabərdir).


359

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmaq barəsində) buyurmuşdur:

Ey insanlar! Dünya malı məhvedici vəba gətirən doğranmış quru otdur. Buna görə də köçmək və qalmamaq onda qərar tapmaqdan daha xeyirli olan otlaqdan uzaq olun. (Çünki onda qalmaq və ona ürək bağlamaq bədbəxtliyə səbəb olur.) Onun az (bu yolu sona çatdıracaq) ruzi və xörəyi, onun sərvətindən daha pakdır. (Çünki onun dünyada zəhməti, axirətdə isə hesabatı daha azdır.) Onda (hərislik və tamahkarlıq ucbatından) çoxlu sərvət toplayanın (axirətdə) kasıb və yoxsul olması hökm edilib. (Çünki o, dünyada giriftar olub və azuqə götürə bilməyib.) Həmçinin ondan (qənaət etmək və qane olmaqla) ehtiyacsız olan (sərvət toplamayan) kəsin (qiyamət günündə) rahat olmasına kömək edilib. Dünya, onun zinət və bəzəyinin heyrətləndirdiyi kəsin iki gözünü də anadangəlmə kor edib. (Sanki onda görmə əsər-əlaməti yoxdur.) Onunla dostluğu öz peşəsi edən kəs, fikir və zehnini kədərlərlə doldurar və həmin kədərlər onun qəlbində iztiraba səbəb olar. Bir iradə və istək onu (dünya malı əldə etmək üçün) məşğul və giriftar edər, digər bir iradə və istək isə onu qəmləndirər. O, nəfəs yolu (boğazı) tutulana (ölənə) kimi həmişə qəm-qüssə və düşgünlüklərin çəkişməsindədir. Beləliklə, qəlbinin iki damarı qırılmış (həlak olmuş) halda onu səhraya atarlar (qəbristanlıqda torpağa tapşırarlar). Allaha onun məhv olması, qardaş və dostlarına isə onu (qəbrə) atmaq yüngül və asandır. Mömin dünyaya ibrət gözü ilə baxır, naçarlıqdan məcbur olub qarnının ehtiyacı miqdarında qida və ruzi əldə edir və (dünya barəsindəki söhbəti) qəzəb və nifrətlə dinləyir. (İnsanın dünyadakı vəziyyəti isə belədir:) Əgər «filankəs varlı və imkanlı oldu» deyilsə (bir müddətdən sonra) «kasıb və yoxsul oldu» deyilər; əgər varlığına sevinsələr (digər bir gün) yoxluğuna kədərlənərlər. Budur insanın dünyadakı vəziyyəti və hələ (dünyapərəstlərin əzabın ağırlığı və çətinlik və giriftarlığın əbədiliyi səbəbindən Allahın rəhmi və asudəlikdən) naümid olacaqları gün (qiyamət) gəlməyib.


360

İmam Əli əleyhis-salam (Allahın savab və cəzası barəsində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah, (itaətə möhtac olduğu və ya itaətsizlikdən qorxduğu üçün deyil) bəndələrini Öz əzabından saxlayıb onları cənnətə göndərmək üçün bəndəlik və itaətə savab və günaha cəza müəyyənləşdirib.


361

İmam Əli əleyhis-salam (fitnəkarların və fitnəkarlıq zamanının məzəmmətində) buyurmuşdur:

İnsanlar üçün elə bir dövran gələcək ki, onda Qur’andan nişanədən (mənaları və həqiqətləri barəsində düşünmədən yazıb oxumaqdan), İslamdan isə addan (onun hökmlərinə əməl etmədən şəhadətləri deməkdən) başqa bir şey qalmayacaq. Həmin zamanda onların məscidləri bina (zinət və gözəlliyi) baxımından abad, hidayət baxımından isə (onlarda pərhizkar və hidayət edən olmadığı üçün) virandır və onların sakin və abadlaşdıranları (məsciddə toplaşanlar) yer üzünün ən pisləridirlər. (Çünki) onlardan fitnə xaric olar və onlarda itaətsizlik və günah yerləşər. Həmin fitnədən kənarlaşan hər bir kəsi ona qaytararlar və ondan arxada qalanı ona tərəf apararlar. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: Öz haqqıma and içmişəm ki, həmin insanlar üçün səbrli və ağıllıların onda (ondan qurtulmaqda) sərgərdan qaldığı bir fitnə göndərim. Həqiqətən (O, dediyini) edəndir. Biz Allahdan (fitnəkarlar kimi əbədi cəzaya düçar olmamağımız üçün) qəflət və xəbərsizlik günahından keçməsini istəyirik.

 

362

Nəql edilib ki, İmam Əli əleyhis-salam çox az vaxtlar istisna olmaqla həmişə minbərə çıxanda xütbədən qabaq (pərhizkarlıq barəsində belə) buyurardı:

Ey insanlar! Allahdan qorxun. Heç kəs boş yerə yaradılmayıb ki, oynasın; özbaşına buraxılmayıb ki, yersiz və bihudə iş görsün. Onun özünü bəzəyərək gözəl göstərən dünyası pis baxışın ona çirkin kimi göstərdiyi axirətin əvəzi və yerini tutan deyil. Həmçinin ən yüksək əzm və çalışqanlıqla dünyadan istədiyini əldə edən aldanmış kəs, axirətdən ən az payını və nəsibini əldə etmiş digəri kimi deyil. 


363

İmam Əli əleyhis-salam (bəyənilən və xoşagələn xislətlər barəsində) buyurmuşdur:

(İnsanı dünya və axirət səadətinə qovuşduran) İslamdan uca heç bir şərəf və böyüklük yoxdur. Pərhizkarlıqdan (Allahdan qorxmaq və Ona itaət etməkdən) üstün izzət, çəkinməkdən (günahdan və haram olması şübhəli şeylərdən özünü saxlamaqdan) gözəl və möhkəm sığınacaq və tövbədən səmərəli və nicatverici şəfaətçi yoxdur. Qənaətdən zəngin xəzinə yoxdur və verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb. Dünyaya meyl və rəğbət ən ağır çətinliyin açarı və giriftarçılığın miniyidir. Hərislik, təkəbbür və həsəd insanı günahlara düşməyə çağırır. Şər və pislik bütün çirkinlikləri bir yerə toplayır (əhatə edir).


364

İmam Əli əleyhis-salam (Həzrət Peyğəmbərin–səlləllahu əleyhi və alih–səhabələrinin yaxşılarından olmuş) Cabir ibn Abdullah Ənsariyə (din və dünyanın dayağı barəsində) buyurmuşdur:

Ey Cabir! Din və dünyanın möhkəmlik və bərqərarlığı dörd kəsin vasitəsi ilədir: öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) alim, öyrənməyi eyb və ar bilməyən nadan, (başqası barəsində) öz yaxşılıq və ehsanında simiclik etməyən varlı, öz axirətini dünyaya satmayan yoxsul. Buna görə də alim öz elmini işlətməyəndə nadan öyrənməyi ar biləcək, varlı öz yaxşılıq və ehsanında xəsislik edəndə yoxsul axirətini dünyasına satacaq (nalayiq işlər görəcək).

Ey Cabir! Allah hər kimin nemətlərini (hər kimə əta etdiyi mal, sərvət, böyüklük və bu kimi lütfləri) artırsa, xalqın ona olan ehtiyacları (istəkləri) da artar. Buna görə də kim Allaha görə həmin nemətlərdə vacib olan şeyi yerinə yetirsə, Allah onları davamlı və həmişəlik edər. Amma kim onlarda vacib olanları Allaha görə yerinə yetirməsə  Allah onları məhv və yox edər.


365

İbn Cərir Təbəri özünün tarix kitabında nəql edib ki, (İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından və) İbn Əş’əs ilə Həccaca qarşı müharibə etmək üçün üsyana qalxanlardan olmuş Əbdürrəhman ibn Əbi Leyla Fəqih camaatı cihada (Həccac ilə müharibəyə) həvəsləndirərkən belə deyirmiş: Biz (Siffeyn müharibəsində) Şam əhli ilə qarşılaşdığımız gün Əlinin – Allah saleh və xeyirxahlar içində onun dərəcəsini ucaltsın və ona şəhidlər və doğruçuların savabını əta etsin – (əmr be mə'ruf və nəhy əz münkər barəsində) belə buyurduğunu eşitdim ki:

Ey möminlər! Kim zülm və sitəm edilməsini və xalqın xoşagəlməz və nalayiq işlərə dəvət edilməsini görsə və onu qəlbi ilə inkar etsə, (qiyamət gününün sorğu-sualından) qurtulub və (günahdan) uzaq olub. (Bu, insan əl və dili ilə həmin şeyi inkar və rədd edə bilməyəndə və ya qorxu və zərər yetirilməsindən amanda olmayan zaman üçündür. Ümumiyyətlə onun hökmü yerlərinin müxtəlifliyi ilə dəyişir.) Kim onu dili ilə inkar etsə savab qazanıb və onun mükafatı qəlbi ilə inkar edəndən çoxdur. Allahın sözünün (din, tovhid və itaətin) uca, zalımların sözlərinin (şirk, küfr, azğınlıq və günahın) alçaq və xar olması üçün onu qılıncı (vuruşma) ilə inkar edən kəs isə hidayət və nicat yoluna çatıb, (Allahın bəyəndiyi) düz yolda dayanıb və (Allah və Peyğəmbərə) yəqinlik və inam onun qəlbində nurlanıb (aşkar olub).


366

İmam Əli əleyhis-salam özünün bu məzmunda (əmr be mə'ruf və nəhy əz münkər barəsində) olan digər bir kəlamında da buyurmuşdur:

Onlardan (inkar edənlərdən) bəziləri pislikləri öz əl, dil və qəlbi ilə inkar edir. Beləliklə, o, gözəl xislətləri sona çatdırıb, kamala yetirib. Bəziləri əli ilə deyil, dil və qəlbi ilə inkar edir. O, iki gözəl xislətdən yapışıb, birini (əl ilə inkar etməyi isə) zay edib. Bəzisi isə əl və dili ilə deyil qəlbi ilə inkar edib. O, üç xislətin ən şərəfli ikisini zay edib və bir xislətdən (qəlb ilə inkar etməkdən) yapışıb. Bəziləri isə nalayiq işləri dil, qəlb və əli ilə inkar etmir. O, dirilərin ölüsüdür. Bütün yaxşı əməllər və Allah yolunda cihad etmək, əmr be mə'ruf və nəhy əz munkərin müqabilində geniş dəryaya ağız suyu atmaq kimidir. (Çünki İslamın vücudu əmr be mə'ruf və nəhy əz münkər ilədir.) Əmr be mə'ruf və nəhy əz münkər əcəli yaxınlaşdırmır və ruzini azaltmır. Əmr be mə'ruf və nəhy əz münkərin ən gözəli, zalım padşahın yanında (onu zülmdən saxlayan, xeyir və yaxşılığa sövq edən) bir haqq və düz sözdür (haqq söz deməkdir).

367

Əbu Cuhəyfədən nəql edilib ki: Əmirəl-möminin Əli əleyhis-salamdan (əmr be mə’ruf və nəhy əz münkər barəsində) belə buyurmasını eşitdim:

Məğlub olacağınız (bədbəxtçilik və ilahi rəhmdən uzaqda qalmağınız nəticəsində sizdən alınacaq) ilk şey əllərinizlə cihaddır (vuruşmaqdır ki, kafir və müşriklərlə müharibə etməyəcək, fasiq, zalım və günahkarlar barəsində Allahın müəyyən etdiyi cəza növlərini icra etməyəcək və onları məzəmmət edərək ədəbləndirməyəcəksiniz). Ondan sonra (itirəcəyiniz şey) dillərinizlə olan cihaddır (ki, günah və çirkin əməlləri eşidib görəcəksiniz, amma görməmiş və eşitməmiş sayacaqsınız). Ondan sonra isə qəlblərinizlə olan cihaddır (ki, zalım və pis əməl sahiblərinə xeyir yetirəcək, onlarla dostluq edəcək və onlara ehtiram göstərəcəksiniz). Buna görə də qəlbi ilə bəyənilən işi tanımayan və nalayiq əməli inkar etməyən kəs (yaxşı əməl sahiblərini sevməyən və pis əməlliləri düşmən hesab etməyən – bu, əmr be mə’ruf və nəhy əz münkər məsələsində vacib olan işin ən aşağı həddidir –) tərsinə çevriləcək və başı aşağı, ayağı isə yuxarı olacaqdır (dünyada rahatlığı olmayacaq və sərgərdan qalacaq, axirətdə isə səadətini əldən verərək əbədi cəzaya düçar olacaqdır).


368

İmam Əli əleyhis-salam (haqq və batil barəsində) buyurmuşdur:

Haqq (zahirdə) çətin və ağır, amma (batində) şirin, batil isə (zahirdə) yüngül və asan, lakin (batində) vəbagətiricidir (məhvedicidir).

369

İmam Əli əleyhis-salam (insanların aqibəti barəsində) buyurmuşdur:

Bu ümmətin ən yaxşısı üçün belə Allahın əzab və cəzasından arxayın və xatircəm olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Ə'raf surəsinin 99-cu ayəsində) buyurub ki: «فَلا يَأْمَنُ مَكْرَ اللّهِ إِلاَّ الْقَوْمُ الْخَاسِرُونَ» «Allahın cəzasından ziyana uğramış tayfadan başqa heç kəs xatircəm olmaz.» Bu ümmətin ən pisi üçün belə Allahın rəhm və mərhəmətindən naümid olma. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Yusuf surəsinin 87-ci ayəsində) buyurub ki: «إِنَّهُ لا يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ» «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.» (Buna görə də hamının işinin sonunun necə olacağını Allah bildiyi üçün heç kəs zahiri vəziyyətə arxayınlaşıb onun aqibətindən xatircəm və ya naümid olmamalıdır.)


370

İmam Əli əleyhis-salam (xəsislik və simicliyin məzəmmətində) buyurmuşdur:

Xəsislik pislik və çirkinliklər toplusudur. O, (insanın,) vasitəsi ilə hər bir pisliyə çəkildiyi cilovdur. (Çünki xəsislik insanı həsəd, hərislik, qohumlarla əlaqələri kəsmək, zəif və yoxsullara zülm etmək və bu kimi günahlara çəkir.)


371

İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:

Ruzi iki növdür: sənin axtardığın ruzi və səni axtaran ruzi ki, sən ona tərəf getməsən də o, sənə tərəf gələcəkdir. Buna görə də ilinin qəm-qüssəsini gününün qəm-qüssəsinə yükləmə. Sənə hər gün həmin günün öz ruzisi bəsdir. Belə olan halda, əgər (ruzisinin qəm-qüssəsini çəkdiyin) il sənin ömründən olsa, Allah-təala yeniləşən hər sabahda sənə ayırdığı ruzini tez sənə çatdıracaq. Amma əgər (həmin) il sənin ömründən olmasa, sənin olmayan şeyin qəmini çəkməklə nə işin var? Heç bir axtaran sənin ruzində səndən qabağa düşə bilməz və heç  bir güclü onda sənə qalib gələ bilməz (və onu sənin əlindən ala bilməz). Sənin üçün təqdir edilmiş şey heç vaxt gecikməyəcəkdir (öz vaxtında çatacaqdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam (hər bir kəsin təqdir edilmiş ruzisinin gəlib çatması cümləsi) bu fəsildə bundan öncə (iki yüz əlli doqquzuncu kəlamda) keçdi. Amma burada daha aydın və geniş izahlı olduğu üçün kitabın əvvəlində qoyulmuş qaydaya əsasən onu bir daha, ikinci dəfə bəyan etdik.


372

İmam Əli əleyhis-salam (dünyanın uyuşmazlığı barəsində) buyurmuşdur:

Nə çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz (əcəl ona axşama çıxmağa imkan verməz). Nə çox gecənin əvvəlində (vəziyyətinin yaxşılığına) qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar. (Bəli, gecənin əvvəlində taxt-tacı var idi, səhər tezdən isə torpağın altına getdi. Buna görə də ağıllı adam dünyaya və onun malına ürək bağlamaz və öz dinini və əbədi xoşbəxtliyini ona satmaz.)


373

İmam Əli əleyhis-salam (söz barəsində) buyurmuşdur:

Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki dilə gətirdin sən onun əsirisən. (Əvvəlcə sən ona hakim idin, indi isə o sənə hakimdir və istəsə sənə xeyir gətirər, istəsə ziyan.) Buna görə də qızıl və gümüşü xəzinədə saxladığın kimi dilini də (ağız xəzinəsində) saxla. Çünki ola bilər ki, bir kəlmə, neməti əldən çıxarsın və qarşıya əzab və çətinlik gətirsin. (Buna görə də gərək çox danışılmasın və düşünmədən bir söz deyilməsin.)


374

İmam Əli əleyhis-salam (yenə də söz barəsində) buyurmuşdur:

Bilmədiyini demə. (Çünki o, ya yalandır, ya da yalan ehtimalı olan bir şey. Nadanlıq və cahillik üzərində olan hər bir sözdən isə çəkinmək vacibdir.) Hətta bildiyin hər şeyi də demə. (Çünki sənin özünə və ya başqasına ziyanı ola bilər, birinin sirrini açmaq kimi.) Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, sənin bütün bədən üzvlərinə bir sıra hökmlər vacib edib və qiyamət günü onlarla sənə qarşı dəlil gətirəcək. (Məsələn buyuracaq ki, sənə dili haqq söz danışmaq üçün verdim, sən isə itaət etmədiyin üçün əzab və cəzaya layiqsən.)


375

İmam Əli əleyhis-salam (günahdan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Allahın səni Ona qarşı günah işlətməkdə görməsi, Ona itaətdə isə tapmamasından qorx ki, ziyana uğrayanlardan olarsan. Güclənəndə, Allahın itaətində güclən. Zəifləyəndə, Allaha qarşı günah etməkdə zəiflə. 


376

İmam Əli əleyhis-salam (öyüd verərək) buyurmuşdur:

Gözünlə dünyanın etdiklərini (yalan və vəfasızlığını) görə-görə ona arxalanmaq, ürək bağlamaq nadanlıqdır. Savabına əmin olduğun zaman (nəticəsinin cənnət və əbədi rahatlıq olmasını biləndə) gözəl əməldə (itaət və bəndəlikdə) səhlənkarlıq etmək ziyana uğramaqdır. Sınamamış, hər bir kəsə etimad etmək acizlik və uğursuzluqdur (işdə uğursuzluğa səbəb olar. Çünki həmin şəxs kimə etimad etməsini bilmir və inama layiq adam axtara bilmir).


377

İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:

Allaha qarşı ancaq dünyada günah edilməsi və Onun yanında olan şeyə (səadət və xoşbəxtliyə) ancaq dünyadan uzaqlaşmaqla nail olunması, dünyanın Allah yanında həqirliyinin nişanələrindəndir.


378

İmam Əli əleyhis-salam (gözəl əmələ həvəsləndirərək) buyurmuşdur:

Əməlinin ağırlaşdırdığı (ibadət etməyən və yaxşı işlər görməyən tənbəl) kəsi soy və kökü qoçaqlaşdırmaz. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Digər bir rəvayətdə isə belədir: Öz məqam və dərəcəsini itirən kəsə atalarının məqam və dərəcəsi fayda verməz. 

379

İmam Əli əleyhis-salam (işdə çalışmaq barəsində) buyurmuşdur:

Bir şeyi axtaran kəs onu və ya onun bir hissəsini tapacaqdır. 

380

İmam Əli əleyhis-salam (həqiqi yaxşılıq və pislik barəsində) buyurmuşdur:

Arxasında od olan (ilahi əzaba səbəb olan) xeyir və yaxşılıq (dünya mənfəəti, əslində) xeyir və yaxşılıq deyil. Arxasında cənnət olan çətinlik və pislik (dünyada çəkilən əziyyətlər, əslində) çətinlik və pislik deyil. Cənnətdən aşağı hər bir nemət kiçik və əhəmiyyətsizdir. Oddan aşağı hər bir bəla və çətinlik rahatlıq və asayişdir. (Çünki o nemətə nemət demək olar ki, onun arxasında cəza olmasın. Həmçinin o çətinliyi çətinlik hesab etmək olar ki, onun arxasınca əbədi rahatlıq olmasın.)


381

İmam Əli əleyhis-salam (çətinliklər və nemətlər barəsində) buyurmuşdur:

Bilin ki, bəla və çətinliklərdən biri yoxsulluqdur. Yoxsulluqdan daha çətini bədənin xəstə olmasıdır. Bədənin xəstə olmasından daha ağırı isə qəlbin xəstəliyidir. (Çünki o, axirət xoşbəxtliklərinin əldən çıxmasına səbəb olur.) Bilin ki, nemətlərdən biri var-dövlətin çoxluğudur. Var-dövlətin çoxluğundan daha yaxşı, sağlamlıqdır. Sağlamlıqdan daha yaxşı isə qəlbin pərhizkarlığıdır. (Çünki o, əbədi xoşbəxtliklərin əldə edilməsinə səbəb olur.)

382

İmam Əli əleyhis-salam (möminin vaxtı barəsində) buyurmuşdur:

Möminin üç saatı var (gecə-gündüz saatlarını üç hissəyə bölməlidir): Rəbbi ilə razü-niyaz etdiyi saat (vaxtının səkkiz saatını Allahın işlərinə sərf etməlidir); öz məişətini (yaşayış ehtiyacını) təmin etdiyi saat (gecə-gündüzünün səkkiz saatını ticarət, müəyyən peşə və ya digər işlərə sərf etməlidir); özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat. Ağıllı adama (əməli ağıla əsasən) bu üç şeydən başqası üçün səfər etmək rəva deyil: məişətini düzəltmək (ticarət, alver və iş) üçün, yaxud məad işində addımlamaq üçün ya da (ab-havanı dəyişmək və sağlamlıq üçün edilən səfərlər kimi) haram olmayan şeylərdən ləzzət almağa görə.


383

İmam Əli əleyhis-salam (dünya və onun malı barəsində) buyurmuşdur:

Dünyaya (onun malına) rəğbət və meyl göstərmə (ona ürək bağlama) ki, Allah sənə onun çirkinliklərini göstərsin. (Çünki vurğun eybləri görmür və onun görən gözü kor olur. Öz işindən) xəbərsiz olma ki, səndən xəbərsiz deyildirlər. (Allah sənə və sənin işlərinə baxır.)


384

İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur:

Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıllılar və alimlər danışmayınca məqamları məlum olmaz. Cahil və nadanın danışmaması daha yaxşıdır. Çünki dilin bağlılığı qəbahət və rüsvayçılıqları gizli saxlayır.)

385

İmam Əli əleyhis-salam (müşk barəsində) buyurmuşdur: 

Müşk gözəl ətirlidir. Onun qabı yüngül, iyi isə gözəldir.

 

386

İmam Əli əleyhis-salam (təvazökarlıq barəsində) buyurmuşdur:

Öyünməyini kənara qoy, kibr və lovğalanmağı başından çıxart (hamıya qarşı təvazökar ol) və qəbrini yadına sal (ki, nalayiq işlərdən çəkinəsən).


387

İmam Əli əleyhis-salam (dünya malı üçün çalışmaq barəsində) buyurmuşdur:

Dünyadan (onun malından halal yol ilə) sənə tərəf gələni götür və səndən üz çevirəndən (əlin çatmayandan) sən də üz çevir. Əgər sən (bu işi) etməsən (əlin çatmayan şeylərin arxasınca getsən), onda axtarış və istəyində ifrata varma (haram və günahdan uzaq ol və özünü və ailəni çox çətinliyə salma).


388

İmam Əli əleyhis-salam (gözəl söz barəsində) buyurmuşdur:

Nə çox söz ki, (qəlblərə) təsiri  hücum etmək və sıçramaqdan daha çoxdur. (Ola bilər ki, ağıllı adam qılınc və döyməklə görülə bilməyən işi sözlə görsün.)


389

İmam Əli əleyhis-salam (qənaətə həvəsləndirərək) buyurmuşdur:

(Ruzidən) hər nə ilə kifayətlənmək (yaşayışı keçirmək) mümkündürsə o bəsdir. 

390

İmam Əli əleyhis-salam (zülmə tabe olmamaq və alçalmamaq barəsində) buyurmuşdur:

(Mərd üçün) ölüm alçalmaq və həqirlikdən üstün və daha yaxşıdır. Aza razı olmaq (varlılara) yaxınlaşmaq və yaltaqlıq etməkdən daha yaxşıdır. Oturduğu yerdə bir şey verilməyən (səy və təlaş etməyib bir şey əldə etməyən) kəsə durduğu yerdə də verilməz. Ruzigar iki gündür: bir gün sənin şadlıq və kam almağın üçün, bir gün isə çətinlik və nakamlığın üçün. Buna görə də şadlıq günündə itaətsizlik etmə (naşükür olma) və çətinlik olan günündə səbrli ol (dözümsüzlük etmə və özünü alçaltma).


391

İmam Əli əleyhis-salam (ata ilə övladın bir-birlərinin boyunlarında olan haqqı barəsində) buyurmuşdur:

Övladın atanın, eləcə də atanın övladın boynunda haqqı var. Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı, itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun (məsumlar əleyhimus-salamın özlərinin və ya övlad və ailə üzvlərinin birinin adını qoysun övladına), onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur’an öyrətsin.


392

İmam Əli əleyhis-salam (təsiri olan və olmayan şeylər barəsində) buyurmuşdur:

Göz dəyməsi, ovsun, cadu, ağzını xeyirliyə açmaq (məsələn xəstənin kimdənsə «ey sağlam» müraciətini eşitməsi və eşitdiyi kimi olacağına inanması) haqdır (onların hər biri öz təsirini göstərir). Ağzını pisliyə açmaq və xəstəliyin birindən digərinə keçməsi düz deyil (təsirsizdir). Gözəl iy, bal, minik minmək və yaşıllığa baxmaq qəm və kədərləri aradan aparan ovsunlardır və xəstələr onların vasitəsi ilə sağalarlar. 


393

İmam Əli əleyhis-salam (xalqla eyniləşmək, uyuşmaq barəsində) buyurmuşdur:

Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).


394

İmam Əli əleyhis-salam onunla danışanlardan biri, özündən böyük söz söyləyərkən (yersiz söz barəsində) buyurmuşdur:

Qanad çıxarmamış uçdun və körpə ikən nərildədin. (Xülasə, bizim yanımızda belə sözlər danışmaq sənə yaraşmaz. Yaxud sənin kimisinin belə bir söz deməsi layiq deyil. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Burada (əsas mətndəki) «الشَّكِيرُ» «əş-şəkir»dən məqsəd quşun güclənərək möhkəmlənəndən qabaq çıxartdığı ilk qanadıdır. «السَّقْبُ» «əs-səqb» isə böyüyənə kimi nərildəməyən dəvə balası mənasındadır.


395

İmam Əli əleyhis-salam (hər işlə məşğul olmağın ziyanı barəsində) buyurmuşdur:

Kim müxtəlif işlərlə məşğul olsa (müxtəlif işlər görmək istəsə) çarə qılmaq bacarıqları onu tərk edərlər (o, qıldığı çarələrdən heç bir nəticə əldə etməz və müvəffəqiyyət qazanmaz).

396

İmam Əli əleyhis-salamdan «لا حَوْلَ وَ لا قُوَّةَ إِلاّ بِاللهِ» «Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur» kəlamının mənasını soruşarkən o Həzrət buyurmuşdur:

Biz Allahla birgə bir şeyə malik deyilik (Onunla şərik deyilik) və O, bizi malik etməyincə heç bir şeyə (əndam, güc, ağıl və sairə) malik olmuruq. Buna görə də bizi bir şeyə malik edəndə – ki, Onun Özü bizdən daha qabaq malikdir – boynumuza vəzifə qoyur (nəyəsə əmr edir və ya nədənsə çəkindirir). Həmin şeyi (bir şeyə gücün çatmasını) bizdən alanda isə, o barədəki vəzifəni boynumuzdan götürür (həmin şey barəsində bizdən sorğu-sual etməyəcək).


397

İmam Əli əleyhis-salam Əmmar ibn Yasirin (rəhiməhullah) Müğeyrə ibn Şö’bənin sözlərinə cavab verməsini eşidəndə (dini dünya üçün vasitə etmiş şəxsə etina etməmək barəsində) ona buyurmuşdur:

Ey Əmmar! Müğeyrəni öz ixtiyarında qoy (onun sözlərinə etina etmə). Çünki o, dindən dünyanı ona yaxınlaşdıran (dünyasına xeyri olan və yarayan) şeydən başqa bir şey götürməyib, öyrənməyib; qəsdən (bilərəkdən) özünü şübhələrə atıb ki, onları (haqqa və doğruya oxşayan əyrilikləri) öz səhv və büdrəmələrinə bəhanə gətirsin. 


398

İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək və arxalanmaq barəsində) buyurmuşdur:

Varlıların Allah yanında olan savabı əldə etmək üçün yoxsullara qarşı təvazökar olmaları necə də gözəldir. Onlardan gözəl isə yoxsulların Allaha arxalanaraq varlılara etinasızlıqları və əyilməmələridir. 


399

İmam Əli əleyhis-salam (ağlın xeyri barəsində) buyurmuşdur:

Allah ağlı insanda ancaq ona görə əmanət qoyub (ona bağışlayıb) ki, insana günlərin birində onun vasitəsi ilə (onun gördüyü tədbirlərlə dünya fitnə-fəsadlarından və ya itaət və bəndəliklə axirət çətinliklərindən) nicat versin.


400

İmam Əli əleyhis-salam (haqqın batil üzərində qələbəsi barəsində) buyurmuşdur:

Kim haqq ilə əlbəyaxa olsa (vuruşaraq onu aradan aparmaq istəsə), haqq onu yerə vurar (məhv edər. Çünki Allah haqqın yardımçısıdır və heç kəsin Onunla əlbəyaxa olmaq qüdrəti yoxdur).

401

İmam Əli əleyhis-salam (fikirləşmək barəsində) buyurmuşdur:

Qəlb gözün səhifəsidir. (Gərək gözün gördüyü şey qəlbin səhifəsinə yazılsın, barəsində fikirləşərək düşünülsün, haqq və ya batil, xeyir və şər olması aydınlaşdırılsın.)


402

İmam Əli əleyhis-salam (pərhizkarlığın mədhində) buyurmuşdur: Pərhizkarlıq xasiyyətlərin başçısıdır. (Hər bir gözəl xasiyyət ona bağlıdır və pərhizkarlıq, onların hamısını əhatə edir.)


403

İmam Əli əleyhis-salam (müəllimə ehtiram göstərməyə təşviq edərək) buyurmuşdur:

Dilinin itiliyini səni danışdırana (sənə danışmaq öyrədənə), eləcə də natiqlik bacarığını səni (natiqlikdə) düz yola istiqamətləndirənə yönəltmə. 


404

İmam Əli əleyhis-salam (çirkinliklərdən uzaq olmaq barəsində) buyurmuşdur:

Sənin ədəb və gözəlliyin üçün başqasında pis saydığın şeydən (çirkin işlərdən) uzaqlaşmağın kifayətdir.

405

İmam Əli əleyhis-salam (səbrlilik barəsində) buyurmuşdur:

Kim (müsibət və qəm-qüssə baş verəndə dünyanın bəzək-düzəyinə bağlı olmayan) azad insanlar kimi səbr etsə, səbrlidir (və öz savabını alacaqdır). Əgər (həmin hadisədə dözümsüzlük edərək) səbr etməsə, təcrübəsiz nadanların unutması kimi yaddan çıxaracaqdır. (Həmin nadanlar hadisələrlə qarşılaşanda dözümsüzlük edərlər və sonra bir çarə olmamasını görüb susarlar. Onların bu susmağında savab yoxdur və əksinə, dözümsüzlüklərinə görə cəzalandırılacaqlar.)


406

Digər bir rəvayətdə deyilir ki, İmam Əli əleyhis-salam başsağlığı və ürək-dirək verdiyi Əş’əs ibn Qeysə (yenə də səbrlilik barəsində) buyurmuşdur:

Əgər böyüklər və alicənablar kimi səbrlilik etsən, bu, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın yanında) gözəl və bəyənilən bir işdir. Amma səbrsizlik etsən, (həmin müsibəti) heyvanlar (çəkdikləri əziyyətləri) unutduqları kimi yaddan çıxaracaqsan. (Axır ki, naçarlıqdan səbrli olacaqsan, amma bu dəfə savabsız.)


407

İmam Əli əleyhis-salam dünyanın vəsfi və necəliyi barəsində buyurmuşdur:

Dünya (öz zinət və bəzəyi ilə) aldadır, (bəla və çətinlikləri ilə) ziyan vurur və (sürətlə, tez) keçir (onlardan ayrılır). (Dünya həqir və alçaq olduğu üçün) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah onu Öz dostlarının savabı, düşmənlərinin isə cəzası etməyə razı olmadı. Dünya əhli o karvan kimidir ki, (bir az istirahət edib yorğunluqlarını almaq üçün) düşdüyü əsnada birdən karvanbaşıları (karvanın qabağında gedən başçıları) haray salar (ki: yola düşün, bura istirahət yeri deyil) və sonra onlar yola düşərlər.


408

İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (varislərə mal-sərvət saxlamağın ziyanı barəsində) buyurmuşdur:

Oğulcanım! Özündən sonra dünyadan (dünyanın mal və sərvətindən) heç nə qoyma. Çünki onu iki şəxsdən biri üçün qoyursan: ya Allahın itaət və bəndəliyi yolunda sərf edən kəs üçün ki, belə olan surətdə o, sənin bədbəxt olmağına və ziyana uğramağına səbəb olan şeylə xoşbəxt olur. Ya da Allaha qarşı günah və itaətsizlik edən kəs üçün ki, belə olan halda, o, sənin onun üçün topladığın şeyə görə bədbəxt olur və sən onun günah etməsinə köməkçi və yardımçı olmusan. Bu iki haldan heç biri sənin, özün üçün seçib götürməyinə layiq və münasib deyil. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam başqa cür də rəvayət edilib və o belədir:

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünyadan (dünya malından) sənin əllərində olanların səndən qabaq sahibi olub. Səndən sonra da digər bir sahibə çatacaq. Sən (onu) iki nəfərdən biri üçün toplayırsan: (Ya) o kəs (üçün) ki, sənin topladıqların barəsindəAllaha itaət edəcək və beləliklə, sənin, səbəbindən bədbəxt olduğun şeylə xoşbəxt olacaq. Ya da o kəs (üçün) ki, onu Allaha itaətsizlikdə işlədəcək və beləliklə, sənin topladığın şeylə bədbəxt olacaq. Bu ikisindən heç birini özün üçün seçməyin və eləcə də onun üçün öz çiyinlərinə yük (günah) götürməyin layiq deyil. Buna görə də keçən (ölən) üçün Allahın bağışlamasına, qalan üçün isə Allahın ruzisinə ümidvar ol. (Nə gedənə təəssüflən, nə də qalanın dərdini çək.) 

 

409

İmam Əli əleyhis-salam o Həzrətin hüzurunda «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyən şəxsə (istiğfar edib günahların bağışlanmasını istəməyin şərtləri barəsində) buyurmuşdur:

Anan vayına otursun! İstiğfarın (həqiqi mənasının) nə olmasını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar, yüksək məqamlı dəstənin (möminlərin) dərəcə və məqamıdır. O, altı mənası (şərti) olan bir addır. (Əgər altı şərtin hamısı bir yerdə toplanmış olsa istiğfar kamil, əks halda isə naqisdir.)

Birincisi keçmiş günahdan peşman olmaq; ikincisi ona qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək; üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın (mükafat əldə etməyin) üçün xalqın haqlarını əda etmək; dördüncüsü sənə (namaz, oruc və həcc kimi) vacib olmuş, eləcə də əldən çıxardığın (yerinə yetirmədiyin) hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək; beşincisi səy göstərib (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin; altıncısı budur ki, günahın şirinliyini bədəninə daddırdığın kimi ibadət və bəndəliyin əziyyətini də ona daddırasan. Belə olan halda, (deyilən şərtlər bir yerə toplanan zaman) «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyərsən.


410

İmam Əli əleyhis-salam (səbrliliyin xeyiri barəsində) buyurmuşdur:

Səbrlilik qəbilədir (qəbilə və qohumlar insanı düşmənin şərindən qoruduğu kimi, səbr də insanı qoruyur. Yaxud də məqsəd budur ki, səbrliliyə görə xalq həmin şəxslə dostlaşar və onun yardımçısı olar, sanki o, qəbilə sahibi olub).


411

İmam Əli əleyhis-salam (insanın acizliyi barəsində) buyurmuşdur:

Yazıq və aciz Adəm övladı: əcəli gizlidir (nə vaxt öləcəyini bilmir), xəstəlik və dərdləri naməlumdur (həmişə acı hadisələr və xəstəliklərə düçar olmaq təhlükəsindədir), əməli saxlanılır (əməl dəftərində yazılır və əgər özünün yadından çıxsa da unudulmaz). Ağcaqanad onu incidir, suyun boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı belə bir kəsə lovğalıq və məğrurluq edərək öyünmək yaraşırmı?!)


412

Nəql edilib ki, İmam Əli əleyhis-salam öz səhabələrinin arasında oturmuşdu və onların yanından gözəl bir qadın keçdi. Səhabələri ona baxdılar. O Həzrət əleyhis-salam (qadınlara baxmaqdan çəkindirərək belə) buyurdu:

Bu erkəklərin gözləri (kefli və sərxoş dəvə kimi) şəhvətə bərəlir və bu cür baxışlar onlarda şəhvət və ehtirasların həyacana gəlməsi və oyanmasına səbəb olur. Buna görə də sizlərdən biri ona xoş gələn qadına baxanda gərək öz arvadı ilə yaxınlıq etsin. Çünki o da (digər) qadınlar kimi bir qadındır. (Qadınlar hamısı ləzzət vermək baxımından birdirlər.) Sonra xəvaricdən biri dedi: Allah onu kafir Öldürsün, necə də alim edib onu?! Səhabələr sıçrayıb həmin şəxsi öldürmək istədilər. İmam əleyhis-salam buyurdu: Möhlət verin ona (işiniz olmasın). Söyüşün yerinə (öldürmək deyil) ya gərək o da söyülsün, ya da günahından keçilsin.


413

İmam Əli əleyhis-salam (ağlın mənfəəti barəsində) buyurmuşdur:

Ağlından sənə bu (mənfəət) bəsdir ki, o sənin üçün azğınlıq yollarını nicat yollarından seçir. (Çünki bu xeyir və mənfəət bütün xeyirləri əhatə edir.)


414

İmam Əli əleyhis-salam (yaxşı və xeyir işi kiçik saymamaq barəsində) buyurmuşdur:

Yaxşı iş görün və onun azını kiçik hesab etməyin. Çünki onun kiçiyi (Allahın yanında) böyük, azı (azının savabı) çoxdur. Gərək sizlərdən heç kəs «başqası yaxşı iş görməyə məndən daha layiqdir» deməsin. Allaha and olsun ki, başqası daha layiq olar. (Çünki) yaxşı ilə pisin hər birinin öz adamı var və siz onlardan hər hansı birini tərk etsəniz, adamı onu sizin yerinizə yerinə yetirəcək (və onu yerinə yetirən daha layiqdir).


415

İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyurmuşdur:

Kim öz gizlinini düzəltsə (düşüncəsini paklaşdırsa) Allah onun aşkarını düzəldər (gözəlləşdirər). Kim dini üçün iş görsə, Allah onun dünya işini təmin edər (çətinliklərdən qurtarar onu). Kim özü ilə Allah arasında olan şeyi gözəlləşdirsə (Allahdan başqasından gözünü çəksə) Allah onunla xalq arasında olanları gözəlləşdirər (xalqı ona qarşı mehribanlaşdırar).


416

İmam Əli əleyhis-salam (səbr və ağıl barəsində) buyurmuşdur:

Səbr (eybləri) örtən pərdədir. Ağıl (pis işlərə əmr edən nəfsi) kəsən qılıncdır. Belə isə xasiyyətinin eyblərini səbrliliklə ört və nəfsini və şəhvətini ağıl ilə öldür.

417

İmam Əli əleyhis-salam (ehtiyacı olanlara əl tutmağa həvəsləndirərək) buyurmuşdur:

Allahın bəzi bəndələri var ki, O, (digər) bəndələrinin xeyri üçün onlara nemətlər ayırır. Onlar nə qədər ki, (həmin nemətlərdən ehtiyaclılara və əl altında olanlara) bağışlayırlar, Allah həmin nemətləri onların əllərində saxlayır. Həmin nemətləri əsirgəyəndə (heç kəsə bir şey verməyəndə) isə onları onlardan alıb başqalarına həvalə edir (ki, möhtacların yolunda sərf etsinlər).


418

İmam Əli əleyhis-salam (sağlamlıq və varlılıq barəsində) buyurmuşdur:

Bəndənin iki şeyə arxalanması yaraşmaz: sağlamlıq və varlılıq. (Çünki) onu sağlam gördüyün əsnada birdən xəstələnər; varlı gördüyün əsnada birdən yoxsullaşar.

 

419

İmam Əli əleyhis-salam (ehtiyaclılıqdan gileylənmək barəsində) buyurmuşdur:

Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. (Çünki mömin Allahın dostudur.) Amma kim həmin ehtiyacından kafirə gileylənsə, sanki Allahdan gileylənib. (Çünki kafir Allahın düşmənidir.)


420

İmam Əli əleyhis-salam bayramların birində (orucluq bayramında) buyurmuşdur:

Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb (təzə paltar geyinən, amma Allahın yanında abrı olmayan kəsin yox). Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram (şadlıq və şənlik) günüdür.


421

İmam Əli əleyhis-salam (haram malın ziyanı barəsində) buyurmuşdur:

Qiyamət gününün ən böyük peşmançılığı o şəxsin peşmançılıq və əfsusudur ki, var-dövlətini haram yolla qazanıb və digər bir şəxs onu irs apararaq Allahın itaət və bəndəliyində sərf edib. Beləliklə, həmin şəxs cənnətə, haram var-dövləti qazanan isə oda daxil olar.


422

İmam Əli əleyhis-salam (çox çalışmağın ziyanı barəsində) buyurmuşdur:

İnsanların alış-verişdə ən çox ziyana uğrayanı və səy və təlaşda ən ümidsizi o kəsdir ki, bədənini öz arzularına çatmaq üçün köhnəldib (özünü qocaldaraq ömrünü başa çatdırıb), amma qəza-qədərlər istəyində ona yardım etməyiblər (o, öz arzularına çatmayıb). Beləliklə, o, həsrət və əfsusla dünyadan gedər və (çox çalışmalarında qazandığı) günahları ilə axirətə daxil olar.


423

İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:

Ruzi iki cürdür: biri səni axtarar, digərini isə sən axtararsan. Buna görə də kim dünyanı istəsə (ruzi üçün özünü çətinliyə salsa) ölüm onu axtarar, arxasınca düşər ki, dünyadan çıxarsın. Amma kim axirəti istəsə (itaət və bəndəliklə məşğul olaraq ruzi üçün ehtiyacından artıq çalışmasa) dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın. (Xülasə, axirət istəyəni ruzi özü axtarar, dünyatələb isə ruzini özü axtarar.)


424

İmam Əli əleyhis-salam (Allahın dostlarının bəzi xislətləri barəsində) buyurmuşdur:

Allahın dostları camaat dünyanın zahirinə (zinət və bəzəyinə) baxanda onun batininə (yox olacağına) baxanlar, camaat onun bu günü ilə məşğul olanda (dünya malı əldə etmək fikrində olanda) onun sonu ilə məşğul olanlardır (ölüm səfəri üçün azuqə toplayanlardır). Beləliklə, onlar dünyanın onları öldürməsindən qorxduqları şeyi öldürərlər (ilahi əzab və cəzaya səbəb olan şeydən çəkinərlər), onun onları tərk edəcəyini bildikləri şeyini tərk edərlər (onlardan ayrılacağını bildikləri üçün onun malına ürək bağlamazlar), dünyadan başqalarının çox bəhrələnmələrinin (axirət bəhrələrinə nisbətdə) az olmasını və dünyanı əldə etmələrinin (əbədi səadəti) itirmək olduğunu (əbədi səadəti əldən çıxarmağa səbəb olmasını) görərlər. Onlar camaatın barışdığı şeylə düşmən, camaatın düşmən olduğu şeylə isə barışıqdadırlar (nəfsi istəklərdən çəkinərək onun müqabilində müqavimət göstərərlər). Kitab onların vasitəsi ilə tanındı (xalq Qur'anın hökmlərini dərk etdi) və onlar da həmin kitabla tanıdılar; kitab onların vasitəsi ilə öz yerində qaldı (dəyişdirilmək və azalıb-çoxalmaqdan qorundu) və onlar həmin kitabla qaldılar (malik olduqları bütün şeyləri ondan götürdülər). Öz ümid və arzularından (eyb və nöqsan sifətlərindən pak və uzaq Allahın savabından) üstün ümid, qorxularından (ilahi cəzadan) üstün qorxu görmürlər.


425

İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur:

Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada salın. (Ölümün fikrində olun. Çünki onun çatması ilə bir neçə günlük ləzzətlər aradan gedəcək və günahların cəzası həmişəlik olaraq qalacaqdır.)


426

İmam Əli əleyhis-salam (insanları sınayaraq imtahan etmək barəsində) buyurmuşdur:

(İnsanları) sına ki, (onları) düşmən biləsən. (Çünki zahirdə insanların çoxu pis deyildirlər. Amma sınayanda pislikləri üzə çıxır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bəziləri bu kəlamı Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql ediblər. Amma bu kəlamın Əmirəl-möminin əleyhis-salamdan olması nəzərinin dəlili, Sə’ləbin bu bəyanıdır: İbn Ə’rabi bizə nəql etdi ki, Mə’mun dedi: Əgər Əli əleyhis-salam «sına ki, düşmən biləsən» buyurmuş olmasaydı mən deyərdim ki, «insanları düşmən bil ki, onları sınayasan». 

427

İmam Əli əleyhis-salam (şükr etmək, dua və tövbə barəsində) buyurmuşdur:

Ola bilməz ki, Allah bəndənin üzünə şükr qapısını açsın (şükr etməyə əmr etsin), amma artım qapısını onun üzünə bağlasın (neməti artırmasın); dua və istəmək qapısını açsın (Ondan istənilməsinə əmr etsin), amma rəva olmaq qapısını üzünə bağlasın (onun istəyini qəbul etməsin); tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın (günahlarını bağışlamasın).


428

İmam Əli əleyhis-salam (comərdlik barəsində) buyurmuşdur:

İnsanların comərdliyə ən layiqlisi comərdlərin onda kök atdığı (ata-babaları yaxşı və comərdlərdən olmuş) kəsdir. 


429

İmam Əli əleyhis-salamdan soruşdular ki, ədalətlilik üstündür, yoxsa səxavətlilik? O Həzrət (ədalətin səxavətdən üstün olması barəsində belə) buyurdu:

Ədalət işləri öz yerinə qoyur, səxavət isə onları öz yerindən çıxardır. (Çünki səxavətli şəxs lazım olandan artıq bağışlayır.) Ədalət hamını saxlayır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir verir. Buna görə də ədalət daha şərəfli və daha üstündür.


430

İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur:

İnsanlar bilmədikləri şeyin düşmənidirlər. (Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qur'ani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər.»)


431

İmam Əli əleyhis-salam (pərhizkarlıq və zahidlik barəsində) buyurmuşdur:

Zahidlik və pərhizkarlığın hamısı Qur’anın iki kəlməsində xülasə edilib. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Hədid surəsinin 23-cü ayəsində) buyurmuşdur: «لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ» «ki, heç vaxt əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verilənə sevinməyəsiniz.» Keçmişə heyfslənməyən və gələcəyə sevinməyən kəs, zahidliyi onun iki tərəfindən (keçmişə və gələcəyə etinasızlıqla) əldə edib.

432

İmam Əli əleyhis-salam (hökmdarlar barəsində) buyurmuşdur:

Hökumətlər kişilərin (sınaq) meydanlarıdır. (Yarış atları müsabiqə meydanında tanındığı kimi insanların yaxşı və ya pis olmaları da onlar hakimiyyətə gələndə üzə çıxır.)

433

İmam Əli əleyhis-salam (işdə süstlük barəsində) buyurmuşdur:

Yuxu gündüzün qərarlarını necə də çox pozur və məhv edir. (Bu kəlamın şərhi xütbələr fəslində 211-ci kəlamın şərhində deyildi.)


434

İmam Əli əleyhis-salam (yaşayış yeri barəsində) buyurmuşdur:

Sənin üçün şəhərin biri digərindən daha münasib deyil. Şəhərlərin ən yaxşısı səni çiyinlərinə alan (əhalisi səni istəyən və yaşayışında rifah və asayişdə olduğun) şəhərdir.


435

Əştərin (Allah onu bağışlasın) ölüm xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun böyüklüyü və cəsurluğu barəsində belə) buyurmuşdur:

Malik getdi, amma nə idi Malik! Allaha and olsun ki, əgər dağ idisə, ayrı qalmış və əzəmətli bir dağ idi; əgər daş idisə, elə möhkəm daş idi ki, (böyüklük və möhkəmliyindən) heç bir dırnaqlı heyvan ondan yuxarı qalxa bilmir və heç bir quş onun üzərindən uçmurdu. (O, tək və misilsiz idi, heç kəs ona qalib gələ bilməzdi. Seyyid Rəzi əleyhirrəhmə deyir:)

(Əsas mətndəki) «فِنْد» «find» kəlməsi digər dağlardan ayrı olan dağ mənasındadır.


436

İmam Əli əleyhis-salam (işdə əzmkarlıq göstərərək onu davam etdirməyin mədhində) buyurmuşdur:

Davam etdirilən az iş yorğunluq gətirən çox işdən daha yaxşıdır. (Bu kəlam elə 270-ci kəlamdır, amma kəlmələrində olan bir az fərqlə ki, onun şərhi orada deyildi.)


437

İmam Əli əleyhis-salam (sifətlərin inkişaf etməsi barəsində) buyurmuşdur:

Birində (yaxşı və pisliyindən asılı olmayaraq) təəccüblü bir sifət və xislət olsa, onun bənzərlərini gözləyin. (Əgər həmin sifət yaxşı idisə daha yaxşı, pis idisə daha pis olacaq.)


438

İmam Əli əleyhis-salam söhbət əsnasında (şair) Fərəzdəqin atası Qalib ibn Sə’sə’əyə dedi:

Çoxsaylı dəvələrini neylədin? Qalib dedi: Haqlar (xalqın onda olan haqları) onları dağıtdı (sədəqə, zəkat, qohum-əqrabaya kömək və borcun ödənilməsi kimi xeyirli yollarda işlədildi). O Həzrət əleyhis-salam (xalqın haqqını ödəməyin mədhində) buyurdu: Bu dağılmaq o dəvələrin dağılma yollarının ən tərifə layiqidir.


439

İmam Əli əleyhis-salam (dinin hökmlərini bilməməyin ziyanı barəsində) buyurmuşdur:

Dinin hökmlərini bilmədən alver edən kəs ribaya (borcda harama və ilahi cəzaya səbəb olan faiz alıb verməyə) batar (düçar olar).


440

İmam Əli əleyhis-salam (naşükrlüyün ziyanı barəsində) buyurmuşdur:

Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər. 


441

İmam Əli əleyhis-salam (şərəf və heysiyyət barəsində) buyurmuşdur:

Kimin nəfsi möhtərəm və uca olsa (kim özünü şərəfli bilsə), şəhvətləri onun yanında xar olar (zillət və xarlığa düşməmək üçün onlara tabe olmaz).


442

İmam Əli əleyhis-salam (zarafatın ziyanı barəsində) buyurmuşdur:

Növündən asılı olmayaraq zarafat etmiş hər bir şəxs mütləq ağlının bir hissəsini müəyyən şəkildə itirəcəkdir. (Zarafat ağlın yüngülləşməsinə səbəb olur.)


443

İmam Əli əleyhis-salam (qarşılıqlı ünsiyyətdə olmaq barəsində) buyurmuşdur:

Sənin, sənə rəğbəti olan kəsə etinasızlığın pay və qismətin azlığıdır (azalmasına səbəb olur). Sənə etinasız olan kəsə rəğbət göstərməyin isə nəfsin zilləti və xarlığıdır (xarlığına səbəb olur).


444

İmam Əli əleyhis-salam (Abdullah ibn Zübeyrin məzəmmətində) buyurmuşdur:

Zübeyr onun nəhs oğlu Abdullah böyüyənə kimi həmişə biz əhli-beytdən (qohumlarımızdan) idi. 

445

İmam Əli əleyhis-salam (öyünmək və məğrurluğun məzəmmətində) buyurmuşdur:

Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir; nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir.


446

İmam Əli əleyhis-salam (həqiqi zənginlik və yoxsulluq barəsində) buyurmuşdur:

Zənginlik və yoxsulluq (qiyamət günü) vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. (Həqiqi varlı o kəsdir ki, qiyamət günü ilahi savab və əbədi cənnət onun nəsibi olsun. Həmçinin həqiqi yoxsul o kəsdir ki, həmin gün Allahın cəza və əzabına düçar olsun.)


447

İmam Əli əleyhis-salamdan şairlərin ən böyüyünün kim olmasını soruşublar. O Həzrət (İmrəul Qeys barəsində) buyurmuşdur:

Şairlər bir dəstə mərc atlarında çapmayıblar ki, onların kamilliklərinin sonu girov qamışın götürülməsində bilinsin. (Şairlərin şe’rlərinin hamısı bir səpkidə deyil və ona görə onların birini digərindən üstün tutmaq olmaz.) Əgər kiməsə üstünlük vermək labüd və zəruri olsa, onda «azğın şah» üstündür. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Həzrətin «الْمَلِكُ الضَّلِيلُ» «əl-məlikuz-zəlil», yəni, azğın şah ifadəsindən məqsədi İmrəul Qeysdir. (Onu şah adlandırmasının səbəbi şe’rlərinin gözəlliyidir. Azğın adlandırılmasının səbəbi isə onun kafir və fasiq olmasıdır.)


448

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:

Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.


449

İmam Əli əleyhis-salam (elm və dünya istəyən barəsində) buyurmuşdur:

İki yeyən doymaz: elm axtarışı və arzusunda olan (ki, hər nə qədər məsələlər aşkar olsa yenə də digər bir məchulu məlum etmək istəyər) və dünya istəyən (ki, hər nə qədər dünya malı əldə etsə yenə də digər şeylər əldə etmək arzusunda olar).


450

İmam Əli əleyhis-salam (imanın bəzi nişanələri barəsində) buyurmuşdur:

İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın. Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan. 


451

İmam Əli əleyhis-salam (tədbir tökmək və uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur:

İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tökmək və uzaqgörənlikdə olur. (Buna görə də insan təvəkküldən əl götürməməli, öz tədbir və fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəlmələri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi. 

 

452

İmam Əli əleyhis-salam (səbrlilik və tələsməmək barəsində) buyurmuşdur:

Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik və tələsməmək bir dərəcə və mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik də etmir və işin sonunu fikirləşir.)


453

İmam Əli əleyhis-salam (qeybət etməyin məzəmmətində) buyurmuşdur:

Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi və ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir).

454

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:

Nə çox adam ki, barəsindəki gözəl sözlər səbəbindən (xalqın onun barəsində olan xoş sözlərinə görə) fitnə və çətinliyə düşüb. 


455

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:

Dünya özü üçün deyil, başqası üçün yaradılıb. (Dünya axirət üçün bir yoldur ki, insan savab əldə etmək üçün gərək onda bəndəlik etsin; həmişəlik deyil ki, onda ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun!)

456

İmam Əli əleyhis-salam (Bəni Üməyyə dövlətinin dağılması barəsində) buyurmuşdur:

Bəni-Üməyyə üçün bir möhlət zamanı və bir fürsət meydanı vardır ki, onda (səltənət və şahlıq atını) çaparlar. Aralarında xilafət və şahlıq üstündə dava-dalaş düşəndən sonra goreşənlər (alçaq və nanəciblər) aldatmaq yolu ilə onlara hakim olarlar. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) 

(Əsas mətndə passiv növün feli sifəti olan) «أَلْمُرْوَدُ» «əl-murvəd» kəlməsinin kökü «الْاِرْوادُ» «əl-irvad»dır və mənası möhlət və fürsət verməkdir. O, «مُفْعَل» «muf'əl» vəznindədir. Bu ən dolğun və heyrətləndirici sözlərdəndir. Sanki o Həzrət əleyhis-salam onlara verilmiş zaman möhlətini, onların axırına kimi çapdıqları və sona çatandan sonra işlərinin nizam-intizamı pozulan meydana bənzədib.


457

İmam Əli əleyhis-salam Ənsarın mədhində buyurmuşdur:

Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər. 


458

İmam Əli əleyhis-salam (gözün açıq olması barəsində) buyurmuşdur:

Göz düz bağırsağın bağıdır. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam heyranedici metaforalardandır. Sanki Həzrət düz bağırsağı qaba, gözü isə bağa oxaşadıb ki, bağ açılanda qab öz vəziyyətində qalmır (içində olanlar çölə tökülür). Daha məşhur nəzərə əsasən bu kəlam Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamlarındandır. Bir dəstə isə onu Əmirəl-möminin əleyhis-salamdan nəql edib. Bu məsələni Mübərrəd «əl-Müqtəzəb» kitabının «əl-ləfz bil-huruf» fəslində bəyan edib. Biz bu metafora barəsində özümüzün «Məcazatil-asaril-nəbəviyyə» adlı kitabımızda söhbət etmişik.


459

İmam Əli əleyhis-salam (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:

(Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu. 


460

İmam Əli əleyhis-salam (qarşıya çıxacaq xoşagəlməz hadisələr barəsində) buyurmuşdur:

İnsanlar üçün elə bir tikanlı (və çətin) zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq (mal və sərvətində xəsislik edərək onu Allah yolunda verməyəcək), halbuki bu işə əmr olunmayıb. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur'ani-Kərimin Bəqərə surəsinin 237-ci ayəsində) buyurub: «وَلا تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ» «Bir-birinizə yaxşılıq etməyi unutmayın (bir-birinizə yardım edin)!» Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və biçarələrlə alver edərlər (onlara baha satarlar, onlardan alanda isə ucuz alarlar). Halbuki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) acizlərə (yemək) satmağı (və ya onlarla alver etməyi) qadağan edib. (Çünki onlara kömək olunmalıdır, yaxud onlarla, aciz olmayanlarla aparılan alver kimi alver edilməlidir. Yəni, onlara kömək edilməsə də, heç olmasa alverdə onları aciz görüb aldatmaq olmaz və hamı ilə çəki və qiymətdə necə alver edilirsə onlarla da elə alver edilməlidir.)


461

İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur:

Mənə görə iki nəfər həlak və məhv olacaqdır: (Biri məni sevməkdə) ifrata varan dost və (digəri mənə) yalan yapışdıran böhtançı (ki, mənə, məndə olmayan şeyi nisbət verər. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam o Həzrət əleyhis-salamın bu (yüz on üçüncü) kəlamı kimidir ki: Mənim yolumda iki nəfər həlak oldu: ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. (Bu kəlamın şərhi öz yerində bəyan edilib.)


462

İmam Əli əleyhis-salamdan tovhid və ədalət (onların mənaları) barəsində soruşdular. O Həzrət buyurdu:

Tovhid və Allahı tək bilmək Onu fikir və xəyala gətirməməyindir. (Çünki zehn və xəyala gələn şey sənin kimi məxluqdur.) Ədalət Onu (Ona layiq olmayan şeylərdə) ittiham etməməyindir. (Çünki nalayiq iş görməyin səbəbi ya nadanlıq və cəhalətdir, ya da ehtiyac və naçarlıq ki, Allah bunların hər ikisindən uzaq və pakdır.)

463

İmam Əli əleyhis-salam (yersiz susmağın və yersiz danışmağın məzəmmətində) buyurmuşdur:

Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.


464

İmam Əli əleyhis-salam (Allahdan) yağış yağmasını istədiyi duada belə buyurmuşdur:

Allahım, bizə itaətsiz bərk buludlarla (yük çəkməyən itaətsiz dəvələr kimi olan yağışsız buludlarla) deyil, itaətkar ram buludlarla (ram olub yük çəkən dəvələr kimi olan yağışlı buludlarla) su ver. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam fəsahət və dolğunluğu heyrətləndirici olan kəlamlardandır. Belə ki, İmam əleyhis-salam gurultulu və vahiməli səsli, eləcə də parıltılı, işıqlı, küləkli ildırımlı və alovlu buludları (belində olan palan və yükləri yerə atmaq üçün) yüklə birlikdə sıçrayan və minənləri (yerə yıxmaq üçün) silkələyən itaətsiz dəvələrə, bu qorxulu şeylərə malik olmayan buludları isə südləri sağılanda itaətkarlıq edən və belinə minəndə xoş davranan ram dəvələrə oxşadıb.

465

İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, əgər (saqqalının) ağ tüklərini dəyişdirsəydin (onları rəngləsəydin) yaxşı olardı. Həzrət (rəng barəsində belə) buyurdu:

Rəng zinət və gözəllikdir. (Amma) biz əzada və qəm-qüssədə olan bir tayfayıq. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həzrətin («biz əzada və qəm-qüssədə olan bir tayfayıq» deməkdən) məqsədi Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatıdır. (Rəng barəsində on yeddinci kəlamın şərhində də danışılıb.)

466

İmam Əli əleyhis-salam (iffətliliyin mədhində) buyurmuşdur:

Allah yolunda şəhid olmuş mücahidin savabı (haram və nalayiq işlər görmək) qüdrət və imkanı olan, amma iffət-ismət göstərən kəsdən çox deyil. (Haram və nalayiq işlərdən çəkinən) iffətli şəxsin mələklərdən biri olması daha yaxındır. (Bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.)


467

İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur:

Qənaət tükənməz sərvətdir. (Çünki qənaət və əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir.


468

İmam Əli əleyhis-salam Ziyad ibn Əbihi Abdullah ibn Abbasın yerinə Fars vilayəti və onun ətraf bölgələrinə vali təyin edən zaman aralarında olan uzun bir söhbətdə onu (rəiyyətdən) vergiləri qabaqcadan almaqdan çəkindirərək buyurmuşdur:

(Rəiyyətlə) ədalətli və insaflı ol və yolu azmaqdan və zülmdən qorx. Çünki yolu azmaq (insafsızlıq) didərginliyə (onların didərgin düşmələrinə) səbəb olur və zülm, qılınca (rəiyyətlə vali arasında çəkişmə və dava-dalaş yaranmasına) gətirib çıxarır (yaxud zülm, valinin rəiyyətin əli ilə öldürülməsinə səbəb olur).


469

İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur: 

(Allah yanında) ən ağır günah, insanın yüngül və kiçik hesab etdiyi günahdır. 


470

İmam Əli əleyhis-salam (nadanı öyrətməyə təşviq edərək) buyurmuşdur:

Allah alimlərdən öyrətmələri barəsində əhd-peyman almayınca nadanlardan öyrənmələri barəsində əhd-peyman almadı. (Nadanlara öyrənməyi o vaxt vacib etdi ki, ondan qabaq alimlərə öyrətməyi və elmlərini gizlətməməyi vacib etmişdi.)


471

İmam Əli əleyhis-salam (dostu əziyyətə salmağın məzəmmətində) buyurmuşdur:

Qardaşların (dostların) ən pisi insanın ona görə zəhmətə düşdüyü (dostluğu çətinlik və əziyyətə səbəb olan) kəsdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Çünki «تَكْلِيف» «təklif», yəni, taqətdən artıq olan şey məşəqqətə səbəb olur və məşəqqət insanı zəhmətə salan qardaş və dostun bais olduğu şər və pislikdir. Buna görə də o, qardaşların ən pisidir.


472

İmam Əli əleyhis-salam (dostu itirmək barəsində) buyurmuşdur:

Mömin öz qardaşını (dostunu) qəzəbləndirən (və ya utandıran) zaman ondan ayrılıb. (Qəzəbləndirmək və ya xəcalətli etmək ayrılığa səbəb olur. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Ərəb dilində) birini qəzəbləndirən zaman «حَشَمَهُ» «həşəməhu» və «أَحْشَمَهُ» «əhşəməhu» deyilir. Bəziləri onun, «xəcalətli etmək, utandırmaq» (mənasında) olmasını deyiblər. «إِحْتَشَمَهُ» «ihtəşəməhu» (yəni,) «onun qəzəblənməsini və ya xəcalətli olmasını istədi». Və bu, (elə) onun ayrılığını güman etməkdir.




* * *


İndi işimiz sona çatdı və biz Əmirəl-möminin Əli əleyhis-salamın kəlamlarından seçdiklərimizdən əl götürüb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha, bizə o Həzrətin kəlamlarının pərakəndə olanlarını bir yerə toplamaq və uzaq olanlarını yaxınlaşdırmaq imkanı və şəraiti yaradaraq minnnət qoyduğu üçün şükr edirik. İstəyirik, kitabın əvvəlində vədələşdiyimiz kimi əldən çıxanları geri almaq və əldə edilənləri bir-birinə birləşdirmək üçün hər fəslin sonuna bir neçə ağ səhifə artıraq ki, bəlkə bizə qaranlıq olan söz aşkar olsun və ayrılıqdan sonra bizə çatsın. İşimizdə müvəffəqiyyət qazanılması üçün lazım olan hər bir şey ancaq və ancaq Allahın kömək və yardımı ilə mümkün olub. Ona təvəkkül edir və arxalanırıq; O, bizə bəsdir və O, ən gözəl vəkil və yardımçıdır.



Bu kitab hicrətin dörd yüzüncü ilinin Rəcəb ayında sona çatdı. Allah peyğəmbərlərin sonuncusu və yolların ən yaxşısının bələdçisi, bizim ağa və sərvərimiz Məhəmmədə, onun (hər bir eyb və nöqsandan) pak olan əhli-beytinə və elm və bilik ulduzları olan səhabələrinə salam çatdırsın.








Комментарии

Популярные сообщения из этого блога

Жизнь Имама Али (а).