3 hissə Nəhcül bəlağə
"NƏHCÜL –BƏLAĞƏ"
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları
( tərcümə və şərh )
I I I CİLD
Toplayan:
Seyyid Rəzi
Şərhçi:
Ayətullah Feyzul-İslam
Tərcüməçilər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Etibar Quliyev
Redaktolar:
İxtisas redaktoru:
Höccətül-islam vəl-müslimin
Hacı Adil Mövlayi
Ədəbi redaktor:
Akademik Hacı Bəkir Nəbiyev
Texniki redaktor:
Rauf Kərimov
III hissə
Feyzul-İslamın III hissəyə yazdığı müqəddimə:
الرَّحْمنِ الرَّحِيمِ بِسْمِ اللهِ
أَلْحَمْدُ لِلّهِ الَّذِي ذَلَّتْ لَهُ رِقابُ الْجَبابِرَةِ وَ خَضَعَتْ لَدَيْهِ أَعْناقُ الْأَكاسِرَةِ لا مَلْجأَ وَ لا مَنْجا مِنْهُ إِلّا إِلَيْهِ وَ لا إِعانَةَ إِلّا بِهِ وَ لا اتِّكاءَ إِلّا عَلَيْهِ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى سَيِّدِ الْمُرْسَلِينَ وَ خاتَمِ النَّبِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعالَمِينَ مُحَمَّدٍ وَ الِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ وَ لا سِيَّما عَلى سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صاحِبِ الزَّمانِ وَ مُظْهِرِ الْإِيمانِ وَ مُعْلِنِ أَحْكامِ الْقُرْانِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ ناشِرِ الْعَدْلِ فِى الطُّولِ وَ الْعَرْضِ الْحُجَّةِ الْقائِمِ الْمَهْدِىِّ الْإِمامِ الْمُنْتَظَرِ الْمَرْضِىِّ ابْنِ الْحَسَنِ الْعَسْكَرِىِّ.
أَللّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نارٍ وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطانِهِ كُلَّ سُلْطانٍ امِينَ يا رَبَّ الْعالَمِينَ
«Nəhcül-Bəlağə» qaranlıqları işıqlandıran, yolunu azanların mayakı və günahdan çəkinənlərin örnəyidir. Hər ağıllı insan və tədqiqatçı onu dərindən düşündükdən sonra bu müqəddəs kitabın (Qur’ani-Kərimdən və Xatəmül-Ənbiya salavatullahın sözlərindən sonra) kitabların ən üstünü və dünyada misilsiz olduğunu təsdiqləyib etiraf edəcəkdir. Bütün bəşər övladları tərəfindən mütaliə olunması daha yaxşıdır. Çünki dünya fitnə-fəsaddan xali deyil və insanlar yalnız öz rəftar və sözlərində Əmirəl-möminin əleyhis-salamın yolunu tutmaqla əmin-amanlıq, rahatlıq və ağalığa çata bilərlər. Bu, (o böyük şəxsin lütfünə möhtac olan) mən bəndənin sözü deyil, hər insaflı ağıl sahibi (lap müsəlman və şiəməzhəb olmasa belə) bunu etiraf edərək Həzrət Peyğəmbərdən sonra Həzrət Əli əleyhis-salamın elm və mərifət çeşməsinin dünyanın sonuna qədər hər işin fəsad və məsləhətini bilib bəyan etmiş olmasına inanır.
Onun söz və əməllərinin nümunəsini şərafətli Seyyid Rəzi (rizvanullah əleyh) bu şərəfli kitabda toplamışdır. Elm, bilik sahibləri İmam əleyhis-salamın elə bu həcmdə olan söz və əməllərinin də dünya və axirət səadətinə, ağalığa çatmağa kifayət etdiyini bilirlər. Buna görə də ötən dövrlərin üləma və alimləri (Allah onlara rəhmət etsin, o cümlədən hədisşünas alim Nurinin - Allah ona rəhmət etsin - «Mustədrəkul-vəsail» kitabında bəyan etdiyi kimi) bu müqəddəs kitab barəsində «Əxul-Qur’an» (Qur’anın qardaşı) ifadəsini işlətmişlər. Başqa sözlə, Qur’ani-Kərim səmavi kitab olduğu və Allah-təalanın insanların islahı üçün peyğəmbəri Həzrət Mustafanın (səlləllahu əleyhi və alih) dilindən buyurduğu kimi, «Nəhcül-Bəlağə» də sözləri ilahi elm mənbəyindən süzülərək elm şəhərinin qapısı olan Əlinin (əleyhis-salam) dilindən axan bir kitabdır. Deməli, (indiyə qədər iki hissəsini çap edib yaydığımız və indi də ilahi qüdrət ilə üçüncü hissəsinə başladığımız) bu kitabı oxuyaraq həyatının təliminə çevirmək hamıya vacibdir.
اللّهُمَّ اهْدِنا إِلى سَوآءِ السَّبِيلِ فَإِنَّكَ حَسْبُنا وَ نِعْمَ الْوَكِيلُ
Fani bəndə:
Əliyyənnəqi Feyzul-İslam İsfahani
Ali-Məhəmməd əd-Dibac.
1366 H.Q.
138-ci xütbə
İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.
Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Qur’anı öz düşüncə və rəyinə çevirdiyi vaxt rəyi Qur’ana qaytaracaq.
Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır
(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).
Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.
Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Qur’anın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).
Bu xütbənin bir hissəsidir
Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.
Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər və kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək. (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Qur’an və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız).
139-cu xütbə
İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.
Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə də) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə və Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman və başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil və nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)
140-cı xütbə
İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:
Layiqlisi budur ki, günahdan uzaq duranlar və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar. Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.
(Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı? Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)
Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)
141-ci xütbə
İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.
Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.
Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.
142-ci xütbə
İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır.
Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur! Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib və sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq və özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.
143-cü xütbə
İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir.
Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək və arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin və ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi və göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (faydaya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar.
(Buna görə də) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qur’ani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər).
Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə.
İlahi, biz (suyun, otun və yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdələrin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq.
İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı!
İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk).
İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl və kərəminə uyğun qəbul et).
İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar və dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.
144-cü xütbə
İmam Əli əleyhis-salamın (mə’sum İmamların fəzilətləri barədə) xütbələrindəndir.
Allah-təala peyğəmbərlərini seçib vəhyi onlara məxsus etdi. Peyğəmbərləri camaat üçün sübut və dəlilə çevirdi ki, onların (əməllərində) dəlili olmasın. («Sənin əmr və qadağalarınla tanış deyildik» deyilməsin.) Hamını peyğəmbərlər vasitəsilə haqq yola dəvət etdi.
Agah olun ki, Allah-təala camaatın halını bilir. Ürəklərində olan gizli saxladıqları sirlərdən və düşüncələrdən xəbərsiz deyildir, əksinə, (peyğəmbərləri göndərməsi) kimin əməlinin daha yaxşı olduğunu sınamaqdan ötrüdür. Ondan ötrüdür ki, mükafatın (yaxşı əməlin) savabı (cənnət) və cəzanın (pis əməlin) əzabı (atəş) olsun. (Bu bəyanla ilahi sınağın səbəbinin nə olduğunu bildiyinizə görə.) Hardadır biz əhli-beytdən başqa elmdə (xilqətin sirləri, Qur’ani-Kərimin təfsiri və tə’vilində) özlərini bilikli sayanlar: Onların iddiası yalan və bizə zülmdür. Çünki Allah-təala bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam və rütbəni) bizə əta edib onları bundan bəhrəsiz etmişdir. Bizi daxil edərək onları çıxarmışdır. Bizim vasitəmizlə doğru yol istənilər, korluq və azğınlıqdan gözün açılması dilənər. Həqiqətən də dinin başçıları - İmamlar Haşimdən yaranmış Qüreyşdəndir. (Əli və Fatimə əleyhimas-salamın nəslindən yaranmışlar.) İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa (haqsız olaraq hakimiyyətə gəlmiş) xəlifələrin (Həzrət Peyğəmbərə) canişin olmaq səlahiyyətləri yoxdur.
Bu xütbənin (Bəni-Üməyyə və tərəfdarlarını pisləyib məzəmmət etdiyi) bir hissəsidir
Dünyanı seçib axirətə arxa çevirdilər. Saf, içməli suya (təqva və pərhizkarlığa) göz yumub, iylənmiş sudan içdilər (əbədi əzabla razılaşdılar). Sanki onlardan pis işlərin ardınca gedərək onlarla ülfət bağlayıb, ram olan və razılaşan fasiq və günahkar birini (Əbdülməlik ibn Mərvanı) görürəm. Saçı belə çirkin işlərdə ağarmış, əxlaqı onunla boyanmışdır. (Onun hakimiyyəti uzun çəkmiş, çirkin işlər onun təbiətinə və zatına keçmişdir. Hər bir çirkin işi görməklə) batıracağından qorxusu olmayan dalğalı, böyük dəniz və yandıracağını düşünmədiyi quru ota düşən alov kimi ağzı köpüklü halda (sərxoş) və qorxmadan üz tutar. (Belə bir zamanda) hardadır hidayət çırağı ilə işıqlanan ağıllar, təqva və pərhizkarlıq nişanəsi ilə baxan gözlər? Hardadır Allah üçün ayrılan və Allaha itaət edən, bəndəliyə qapanan ürəklər?
(Hardadır Allaha ibadət və itaətdən başqa işi-peşəsi olmayan din rəhbərlərinin tərəfdarları? Bir halda ki, Bəni-Üməyyə) dünya malına hücum çəkərək haram uğrunda bir-birilə vuruşurlar. Behiştin və alovun nişanələri onlara görünür. Amma onlar cənnətdən üz döndərərək öz əməlləri ilə atəşə üz tuturlar. Allah onları (nicat yoluna) dəvət edib. Onlar hürkərək arxa çevirdilər. Şeytan onları (zəlillik və bədbəxtlik yoluna) çağırdı, onlar dəvətini qəbul edərək ona üz tutdular.
145-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və vəfasızlığı haqda) xütbələrindəndir.
Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq və sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz. (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin və ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz. Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz. Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr və helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?
Bu xütbənin (bid’ətə itaət etməkdən çəkindirən və sünnənin ardınca getməyi təşviq edən) bir parçasıdır
Elə bir bid’ət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol və üslubu) aradan götürülmüş olmasın. Belə isə bid’ətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bid’ətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad və çox pozğunluğa səbəb olar.)
146-cı xütbə
İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:
Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar və məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. (Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək və sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)
147-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir.
(Allaha şükr və sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Qur’anla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi. (Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi. Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir və tə’vil edilən) Qur’andan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri və batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Qur’anı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Qur’an və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam və ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər. Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Qur’anın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qur’ana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Qur’an və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qur’andan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qur’ana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Qur’an onların rəhbəri deyil, onlar Qur’anın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri və nadürüst düşüncələri əsasında təfsir, tə’vil edirlər.) Deməli, (Qur’anı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə və Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət və nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq və onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa və tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək və əbədi əzab) onunla yoldaş olar.
Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri və sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qur’ani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər. Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət və bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr və qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Qur’anla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha və peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Qur’anla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda və onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qur’ana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri və ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan mə’sumdurlar) və (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.)
148-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə və Zübeyrin məzəmməti) barədə kəlamlarındandır.
Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər. (Buna görə də bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar. Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır. Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə və qarışıqlıq üçün) qiyam etmişdir (biz də müdafiə olunmağa və qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək və yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət və qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur. (Buna görə də Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var. (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.
149-cü xütbə
İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah və Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi və öz vəfatını xəbər verdiyi) kəlamlarındandır.
Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır. Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm. (Bu sirri tapdım və) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir. Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi və alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi və Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın. Və yandırın bu iki çırağı (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər və yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin. Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq. Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.
150-cü xütbə
İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir.
(Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına. (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin nə vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır! Sabahın nişanələri (o zamanların çatacağı və həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz. Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq və o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Qur’anın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Qur’an ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.
Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir
(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi. Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar. (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar. (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar. Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular. (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular. Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər. Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər. Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.
151-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi və çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.
Allahdan şeytanı uzaqlaşdırdığı və saxladığı yerlərdə, (ibadət, bəndəlik vaxtı və şeytana tabeçiliyə mane olan layiqli işlərdə Allahdan uğur diləyirəm) onun yalanlarına və tələlərinə (nəfsi istəklərə və dünyanın xoş görüşünə) düşməməkdə kömək diləyirəm. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi, seçilmişi və bəyəndiyidir. Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur, yoxluğunu heç nə əvəz etməz. Şəhərlər (sakinləri) zülmət azğınlığından və (bütpərəstlikdən), böyük nadanlıqdan, ünsiyyətdə kobudluq və pis əxlaqdan (daş qəlblilik və qan tökmədən) sonra Onunla (doğru yolun nuru ilə) işıqlandılar. İnsanlar (o Həzrətin peyğəmbərliyindən əvvəl) haramı və nalayiq olanı halal bilər, alimi və biliklini xar sayardılar. (Onları doğru yola yönəldəcək) peyğəmbərin olmadığı bir dövrdə yaşayıb, zülmətdə (küfr və azğınlıqda) ölürdülər. Siz, ey ərəb camaatı! (Görünməsi) yaxında olan bəlaların (fəsad və pozğunluqların) nişanələrisiniz (oxlarısınız). Qəflətdən və (insanın məhvinə, tükənməsinə səbəb olan) nemətin məstliyindən uzaq durun (çarəsiz qalmamaq üçün öz dininizə əhəmiyyət verin) və (dinə etinasızlığa görə) cəzanızın ağırlığından çəkinin. Şübhənin tozunda və qaranlığında (batilin haqla səhv salınmasında), fitnənin (yolunun) əyriliyində və kələ-kötürlüyündə, gizlinin aşkar olub üzə çıxmasında, qütbün asılmasında və onun oxunun fırlanmasında ləngiyin (düşünüb-daşınmadan dolaşıq və fitnə-fəsadın başlanğıcı olan işlərə girişməyin). (Çünki) fitnə və pozğunluq gizli yollarda üzə çıxar və rüsvayçılıq, çirkinlik yaradar. (Fitnə törədən səhv işlər əvvəldə az olar və yavaş-yavaş artar.) Onun böyüyüb artması (tədricən güclənən) gəncin böyüməsinə, nişanələri isə (çırpıldığı hər şeyi dağıdıb sındıran) daşın nişanələrinə bənzər. Zülmkarların hər biri başqası üçün bağladığı əhd-peymanla həmin fitnəni miras götürür. Onların (və azğınlığa aparan) ilki sonuncularının rəhbəri, sonuncuları isə (yaxşılara zülm etməkdə) ilklərinin ardınca gedəndir. Alçaq dünyaya (sahib olmağa) meylli, rəğbətlidirlər və (bu işdə) bir-birini ötüb keçirlər. İylənmiş, pis qoxulu murdar ətə çox tamah salaraq, onun üstündə bir-birilə düşmənçilik edirlər. Az zamandan sonra davamçı öz rəhbərindən, rəhbər isə ardıcılından bezər, sonra düşmənçiliklə bir-birindən pərən düşərlər. Görüşəndə biri digərini lənətləyib söyər. Müqəddimə olan bu fitnədən sonra daha bir məhvedici, qırıcı fitnə gələr. (Bu fitnə insanları çox pərişan və puç edər.) Ürəklər gücləndikdən sonra tutulmağa və daralmağa meyl edər, kişilər sağaldıqdan sonra azğınlaşarlar. O fitnənin üz tutduğu vaxt istəklər korlanar. Onun yarandığı vaxt düşüncələr (doğrusu nadürüstü ilə) səhv salınar. (Nadan başını itirər) onu dəf etmək niyyətində olan hər kimsəni fitnə sındıraraq puç edər, onunla əlləşib (unutmağa) çalışanı əzib məhv edər. Həmin fitnədə insanlar vəhşi uzunqulaq kimi bir-birinin boğazını gəmirib əziyyət verəcəklər. Birləşdirən iplər (dinin qaydaları və şəriət hökmləri) qırılıb qopacaq, işlərin üstü örtüləcək. (Qurtuluş yolu görünməz olacaq.) Bu fitnədə (alimlərin söz deməyə qüdrətləri olmadığına görə) elm, bilik azalacaq, zalımlar dil açacaqlar. O fitnə çöllərdə yaşayanları öz cilovunun dəmiri ilə döyəcək, sinəsi ilə onları əzəcək. (Pozğunluq dikbaş atın insanı ayaqları altına salıb öldürmək üçün onun üstünə çıxması kimi hər yanı bürüyəcək.) O fitnənin toz-torpağında (nişanə və əlamətlərində) tək yol gedənlər (alimlər və fazillər) puç olacaq (aradan gedəcək) və atlılar (igidlər və güclülər) onun (qarşısının alınması) yolunda həlak olacaqlar (öldürüləcəklər. Qısası, bu fitnədən az adam sağ çıxacaq). O fitnə acı tale (ən ağır ilahi hökmlə) ilə gələcək, yeni və pak qanları sağacaq (çox qan töküləcək), dinin nişanələrinə (şəriət hökmlərinə) nüfuz edəcək (belə ki, şəriət qanunlarına uyğun rəftar olunmayacaq). Yəqinlik əhd-peymanlarını (haqq inam və əqidələri) bir-birinə vuracaq (onları dəyişəcək). Ağıllılar və uzaqgörənlər ondan qaçacaq, natəmizlər və bədxahlar ağıl, düşüncə işlədərək həmin yola qədəm qoyacaqlar. Şimşək kimi çaxacaq (qovğalı və hay-küylü olacaq və yaxud qılıncların səsi qınlarından çıxarılarkən və qan axıdılarkən hər yerdə eşidiləcək) və çox ağır, tələsik olacaq (əlini belinə qoyub işində tələsən insan kimi). Onda qohumlar və yaxınlar bir-birindən ayrılacaq. İslam dini ondan uzaqlaşıb ayrı duracaq. (Çünki dinin qaydalarına ziddir.) Ona nifrət edən (günahdan və qarışıqlıqdan uzaq olan) xəstədir (müxtəlif çətinliklərə düşmüşdür), köçən (ondan qaçmaq istəyən) isə qalandır (nicatı və xilası yoxdur).
Bu xütbənin (möminlərin və yaxşı insanların axirəz-zamanda vəziyyəti barədə olan) bir parçasıdır
(Möminlərdən) bəziləri öldürüləcək və qanları hədər gedəcək, bəziləri isə (zülmkarlardan) qorxaraq aman istəyəcəklər. Verilən andlara (münafiq və ikiüzlü insanların zahirən göstərdikləri) yalan imana aldanacaqlar (hiyləgərlər yalan andlarla və özlərini imanlı göstərməklə onları arxayın salar, son nəticədə həlak edərlər). (Həmin zamanlarda ilahi əzabdan xilas olmaq istəyirsinizsə) fitnə və bid’ətlərə bayraq, nişanə olmayın (pozğunluğa səbəb olmayın və dində hökm yaratmayın). Vəhdət ipinin bağlandığı və ibadətin, itaətin sütunlarının üzərində qurulmuş şeydən (müqəddəs İslam dinindən) əl çəkməyin. Allahın hüzuruna zülmkar deyil, məzlum kimi gəlin. Şeytanın yollarından (tələ və yalanlarından) və zülm, sitəm məkanlarından uzaq durun. Qarınlarınıza (az da olsa) haram loxma daxil etməyin. Çünki günahı sizə haram etmiş, (ən xırda işlərinizi bilən və əməllərinizə şahid olan), sizlərə itaət və ibadət yolunu asanlaşdırmış (hökmlərin heç birini sərtləşdirməyən) Allahın nəzərindəsiniz.
152-ci xütbə
İmam Əli əleyhis-salamın (tovhid və Allahın sifətləri haqqında) xütbələrindəndir.
Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna və varlığına yolgöstərəndir. Yaratdıqlarının sonradan əmələ gəlmiş və yeni yaranmış olması Onun əzəliliyinə və başlanğıcının olmamasına dəlalət edir. Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir. Hisslər Onun əslinə vara bilməz. Örtüklər Onu örtməz. Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş və məhdud, Yaradanla yaradılmış arasında fərq var. (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil. Yaradandır, hərəkətsiz və əziyyətsiz (çünki hərəkət və dəyişmə mümkünül-vücuda xasdır və vacibül-vucudda qeyri-mümkündür). Eşidən və görəndir, qulaq (eşitmə) aləti olmadan və göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə (və yerin yaxınlığı ilə) deyil və ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir və Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə və dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq və yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, «vacib»in şə’ninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq və Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə və çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı və hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. «Necədir?» deyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. «Haradadır?» deyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış və qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan və qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli və əbədi bilən, yaradan və qüdrətlidir.)
Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi və camaata nəsihət barəsində olan) bir hissəsidir
(Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik. (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır və Ona sitayiş olunur. Buna görə də) onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz. Onlar da onu (onlara müti və tabe olmasını) tanısınlar. Onları inkar edən və Onların da (ədavət və düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz.
Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr və şirkdən) pak və layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad və çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna və böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan və peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) və zahiri elmdən (Qur’an və sünnədən) və batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri və bilik sahiblərini heyrətə salan əlamət və nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə və xoşbəxtliyə çatdığı) nemətlərin bahar yağışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük və əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq və azğınlıq xəstəliklərinin əlacı) və (dünya və axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyacsızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya və axirət səadətindən məhrum qalmaz.)
Bu xütbənin (azğınlıq yolunda sərgərdan
qalan insanın təsvir edildiyi) bir parçasıdır
Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.
Bu xütbənin (günahkarlar barədə söylənilən və eşidənlərə öyüd olan) bir hissəsidir
(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət və itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab və bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq və sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri və əldə etdikləri şeydən (dünyanın ləzzəti və xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü və sizi bu hadisədən (səfillik, əzab və çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət və şadlığına bel bağlamayın). İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə və ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər və pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun və (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha və peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur və dərələrə (nəfsi istəklərə) düşməkdən və (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına iş görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) və ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) və xəbərsizliyindən (çirkin əməl və sözlərinin cəzasından) oyan, (qalımlığı və varlığı az, məhvi və yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi və o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona və əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən və diqqətini ondan qeyrisinə (şeytana və nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq və bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya və axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür və xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə də əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla və (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha və peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət və ibadətə) çalış və heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər və mə’sum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)
Allah-təalanın Qur’anda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) və onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi və qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət və bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət və sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq. (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq. (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək. (Dördüncüsü) öz dinində bid’ət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq. (Beşincisi) camaatla nifaq və ikiüzlülüklə görüşmək və ya onların arasında iki dildə danışmaq. Bu (xatırlanan) məsəlin əzəmət və böyüklüyünü başa düş və onu düşün. Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir. (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)
Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun və ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik və başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə və istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan və qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad və pozğunluq etməkdir. (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban və (Allahın qəzəbindən) qorxandır.
153-cü xütbə
İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.
Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)
İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bid’ətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq. Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.
Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir
Qur’anın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir. (Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz. Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir. Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)
Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.
154-cü xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri və) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.
Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət və böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət və hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit və aşkar olan Allah, haqq və doğru olan padşah. Ağıllar hədd və hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan və nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən və bir yardımçıdan kömək istəmədən yaratdı. (İlahi) əmr və iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu və Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər və tabe olaraq boyun qaçırmadılar. Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri də bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur və işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə də kor və qaranlıqdır? Necə də Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı və işıqları kərtənkələlərin də yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi və sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış və sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını və xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə və məsləhətinə uyğun yaratmışdır.)
155-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.
O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam. O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir. Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi. Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.
Bu sözlərin (iman barədə olan) bir hissəsidir
İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.
(Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur. Elm səbəbindən ölümdən qorxu və xof yaranır. Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur. Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar. O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).
Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qur’ani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:
(Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz. (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qur’ani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)
Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz. Onu dilinə gətirən doğru danışandır. (Çünki Qur’ani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)
Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı?» Sonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı?» kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir?» Buyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək.» Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmı?» Sonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq?» Dedim ki, «ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar.» Sonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim?» Buyurdu ki, (dində) «fitnə və sınaq» məqamında olanlardan.
156-cı xütbə
İmam Əli əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.
Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir. Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)
Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.
Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı. Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar. (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).
Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?!
Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar. Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub. (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar). Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.
Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayıdar. Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)
157-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qur’ani-Kərimin tərifi haqda) xütbələrindəndir.
Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi. Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qur’andır. İstəyin ki, dilə gəlsin. Heç vaxt (Qur’an öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qur’andadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.
Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları və hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir
O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik və səfalət gətirmədikləri nə gildən bir ev, nə də bir çadır ev (şəhərlərdə tikilən ev və biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma və yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz və (dünyada dost və haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə də qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən və (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası və qılınc paltarı. (Çünki) onlar günah yükünü çəkən heyvan və günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə də) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə və gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.
158-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.
Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.
159-cu xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir.
Allahın əmri lazımi (rədd edilməyən) və Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq və (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm və bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm və səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın və bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin və mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun. Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada və yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz və hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək və yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, (nə qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük və əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan və ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik. Düşüncələr Sənin əslinə və zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan. (Bəndələrin) əməllərin hesabını saya alırsan. (Günahkarları) kəkillərindən və (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan. Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc və qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət və hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi və ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar.
Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa və peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir
(Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl və rəftarında görünməsin? Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) və kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq və itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şə’ninə nə olub ki, bəndələri üçün edilən (təvazökarlıq və ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan? Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə də onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir. Deməli, bəndələrdən olan qorxusunu nağd və mövcud, Allahın qorxusunu isə nisyə və vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət və ibadətdən) üstün tutan, yalnız ona yönələn və ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən də Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi və qorxusu dünyadan, dünya sahiblərindəndir.)
Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq və pisliklərinin çoxluğunda sənin üçün sübut və yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq və sevgi) o Həzrətdən alınmış və onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə də Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qur’ani-Kərimin Qəsəs surəsinin 24-cü ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam». Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qarnının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi və cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın və əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu və ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə və göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. Nə onu fitnə və fəsada salmağa arvadı var idi, nə də kədərləndirməyə övladı. Nə var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, nə (dünya və onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.)
(Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı və (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri və dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir. (Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq və qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bildikdə, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Kiçik qərar verdiyini o da kiçiltdi. (Buna görə də) Bizdə Allah və Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah və Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən başqa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik və Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) quru yerdə (süfrə açmadan) yeməyini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı və ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə də (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: «Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı və onun bəzək-düzəklərini yada salıram». Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin və oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı və (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir.
Allahın peyğəmbərinin (səlləllahu əleyhi və alih) yolunun hər anı dünyanın pislik və çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam və (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi və alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, «xar etdi», böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar. Əgər «onu sevmişdir» desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri və əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya və axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi və əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət və xoşluqlarından bəhrələnmədi) və axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) və Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: «Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.
160-cı xütbə
İmam Əli əleyhis-salamın (böyük Peyğəmbəri mədh etdiyi və camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qur’ani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə Həzrətə kömək etmişdir). Allah-təala onu kifayət edən dəlil (o Həzrətin digər möcüzələrindən əlavə Qur’ani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O Həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bid’ətlərini məhv etdi və (Qur’an və sünnədə) bəyan etdiyi ehkamları üzə çıxardı. İslamdan qeyri bir din istəyən kimsənin bədbəxtliyi qəti, (səadət və xoşbəxtlik) ipi qırıq, (atəşə) üzü üstə düşməsi ağırdır. Onun (qiyamətdə) qayıdışı dərin kədər və ağrılı əzabladır. (Buna görə də) mən gözünü hər şeyə yumub Ona tərəf açan kimsənin təvəkkül etdiyi kimi Allaha təvəkkül edir, (yolçunu) cənnətə (İslama əməl etmək xoşbəxtliyinə) çatdıran, razılığını və şadlığını nəsib edən bir yolu Ondan diləyirəm.
Ey Allahın bəndələri! Sizlərə Allahdan qorxmağı və Ona itaət etməyi tövsiyə edirəm. Çünki Onun əmrlərinə tabe olmaq sabah (qiyamətdə) nicata və həmişəlik (əzabdan) qurtuluşa səbəb olar. (Camaatı qiyamət gününün cəzasından) qorxutdu, sonra (peyğəmbərin vasitəsilə Öz hökmlərini) təbliğ və (onları səadət və xoşbəxtlik yoluna) təşviq edib (onu) təkmilləşdirdi. (Əbədi səadətə çatmağa aid olanı bəyan etdi.) Sizin üçün dünyanı, onun ayrılıb məhv olması və başqa şeyə çevrilməsini vəsf etdi. Sizi bu dünyada heyran edənlərdən uzaqlaşın, çünki ondan az bir şey sizinlə gələcək (dünyanın zəngin mallarından yalnız kəfəndən artıq bir şey qazancınız olmayacaq, o da torpağın altında çürüyəcək). Dünya (şəhvət və nəfsi istəklərə tabeçiliyə görə) Allahın qəzəbinə ən yaxın saray, (haqqa, həqiqətə tabe olanların azlığına görə) Allahın razılığından (əbədi cənnətdən) ən uzaq saraydır. Belə isə, ey Allahın bəndələri, onun ayrılığına, halının dəyişəcəyinə inandığınıza görə (dünyadan tezliklə ayrılacağınızı, çəkdiyiniz əzab-əziyyətin başqasına nəsib olacağını bilirsiniz) çətinliklərə və (sizi axirətdən saxlayan) işlərə göz yumun. Dünyadan (ona aldanıb, vurğun olmaqdan) çəkinib qorxun, öyüd verən, çalışan və zəhmət çəkən xeyirxahın (İmam əleyhis-salamın) çəkindiyi kimi. (Camaatın çətinliklərdən xilas olmasına çalışıb, onların doğru yola yönəlməsi və nicatı üçün zəhmət çəkir.) Sizdən öncəki ruzigarların əhlinin korlanmasından gördüklərinizdən ibrət götürün ki, onların da ipləri bir-birindən ayrılmış, göz və qulaqları sıradan çıxmış, şərafət və böyüklükləri əllərindən getmiş, şadlıq və sevinc onlardan uzaq düşmüşdür. Övladları ilə olmaqları onlardan uzaqlığa, arvadları ilə yoldaşlıqları ayrılığa döndü. Bir-biri ilə öyünüb naz etmir, övlad əkmir, bir-birini görməyə getmirlər. Qonşu və yoldaş da deyillər.
Ey Allahın bəndələri! (Bu sözlərdən) qorxun! Öz nəfsinə hakim olub nəfsi istəklərinin qarşısını alaraq ağlın və zəkanın köməyi ilə düşünənin (xeyrini və ziyanını başa düşənin qorxduğu) çəkindiyi kimi. Çünki (dinin) əmri aşkar, (qurtuluş) nişanəsi asılı, (əzabdan nicat) yolu hamar, (Allah və peyğəmbərin razılığını qazanmağın) vasitəsi görünən və doğrudur.
161-ci xütbə
İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:
Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan. Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi. (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şe’rini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma». Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qur’ani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır)».
162-ci xütbə
İmam Əli əleyhis-salamın (şə’ni uca olan Allahın bəzi sifətlərinin bəyanı barəsindəki) xütbələrindəndir.
Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan və bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı və əbədiliyinin sonu yoxdur. (Buna görə də buyurur:) Həmişə olmuş əvvəl və sonu olmayan əbədi Odur. (Əzəmət və böyüklüyünə görə ibadətə layiq olduğu üçün) alınlar torpağa qoyularaq Ona səcdə edib və qəlblər Onun tovhid və təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahiri və batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv və aləti yoxdur.) Onun barəsində «nə vaxt olub?» deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz. (Ağıl qarşısında elə) əyandır ki, «nədən zahir oldu?» demək olmaz. (Gözlərdən elə) məxfidir ki, «nədə gizlənib?» deyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir və yer və məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil. Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (ay batan kimi gün çıxanda və günəş batan kimi ayın görünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil. O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır. (Buna görə də buyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir. Əşyaları əzəli və əbədi əsas, mənşə və nümunələr əsasında yaratmayıb (çünki Onun yaratmasının mənşəyi olmayıb), bəlkə yaratdığını və həddini təyin etdiyini (nümunə və mənşəyi olmadan, sırf istəməklə) yaradıb. Vücuda gətirdiyinə surət və şəkil verdi və onun surətini gözəl və münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hər bir şey itaətkar və tabedir). İtaət və tabeçilikdən Ona bir xeyir və mənfəət nəsib olmur. Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.
Bu da həmin xütbənin (insanın yaradılışının heyranediciliyi və yaradanın əzəmət və böyüklüyü barəsindəki) bir hissəsidir
Ey bərabər yaradılışla (heç bir nöqsan və çatışmazlığı olmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə (bətn, uşaqlıq və ciftin, yəni, insanın dünyaya gələrkən ana bətnindən onunla birlikdə çıxdığı pərdənin qaranlığında) qorunmuş məxluq! Xalis gildən (və torpaq ünsürlərindən təşkil olunmuş insan bədənindən) başlanmısan və məlum ölçüyə (en, uzun, naziklik və qalınlıq aşkar olana) və bölünmüş müddətə (yeddi və ya doqquz ay, yaxud ondan az və ya çox hamiləlik dövrünə) qədər möhkəm yerə (ananın uşaqlığına) qoyulmusan. Ananın qarnında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananın uşaqlığından) görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? (Məgər bütün bunlar yaradanın varlığına və mövcud olmasına bir dəlil deyil ki, sən Onun zatının həqiqət və mahiyyətini araşdırıb dərk etmək istəyirsən? Onun zatının həqiqət və mahiyyətini dərk etmək) necə də uzaqdır! (Çünki) şəkil, surət və əndam sahibinin sifətlərində (onları tanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz və Onu, yaratdıqlarının hədd və sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.
163-cü xütbə
İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır. (Osmanın özünün və nümayəndələrinin fitnə-fəsad və əyrilikləri Mədinə və digər şəhərlərdə yayıldıqdan sonra Mədinənin Həzrət Peyğəmbərin səhabələrindən olmuş və digər sakinlərinin bir dəstəsi, başqa şəhərlərin əhalisinə belə bir məktub yazdılar: Siz ki Allah yolunda cihad edərək din düşmənləri ilə vuruşmaq istəyirsiniz, tez bizim yanımıza gəlin. Sizin xəlifəniz dini məhv edib və aradan aparıb. Beləliklə, xalqın qəlbi Osmandan sındı və onu məqamından uzaqlaşdırmaq qərarına gəldilər. Misir, Bəsrə və Kufə əhalisinin böyük bir dəstəsi Mədinəyə gəldi.) Onlar (Osmandan İmama gileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini və onun onların razılığını təmin etməsini (pis davranmaqdan əl çəkərək dində yaratdığı bid’ətləri yox etməsini, Həzrət Peyğəmbərin səhabələrinə bu qədər zülm etməməsini və şəhərlərin hakimi vəzifəsinə düz insanları göndərməsini) istəməsini xahiş etdilər. Buna görə də İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:
Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. (Məndən onların sözlərini sənə çatdıraraq fəsadı aradan qaldırmağımı istəyiblər.) Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. (Nə dil ilə danışım ki, sənə təsir etsin? Sənin bid’ət və çirkin əməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş (yerinə yetirdiklərinin haram olması) barəsində bələdçi deyiləm. (Bəlkə özün davranışının haram və dinə zidd olmasını bilirsən.) Bizim bildiyimizi sən də bilirsən. (Sənin gördüyün işlərin çirkinliyi bizə məlum və aşkar olduğu kimi sənin özünə də aşkar və məlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan. Nə Əbu Quhafənin və nə də Xəttabın oğulları düzlüyə səndən layiq deyildi. Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) onlardan daha yaxınsan. Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr və Ömərin çatmadıqları bir məqama çatmısan. Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən və nadan olub sonra öyrədilən olmayacaqsan. Həqiqətən yollar (Allahın hökmləri) aşkar və dinin nişanələri (Qur’an və Əhli-Beyt) möhkəm və bərqərardır. Odur ki, (əgər qəflətə düşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) və batil və səhv bid’əti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bid’ətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bid’əti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Qiyamət günü zalım başçını gətirəcəklər və onun nə kömək edəni olacaq (ki, onu cəhənnəm odundan xilas etsin), nə də üzrxahı (ki, əzabı ondan dəf etsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq və dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda və dibində həbs olunaraq saxlanılacaq». Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (Həzrət Peyğəmbər buyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək və (onun öldürülməsi nəticəsində) qiyamətə kimi qan axıdılması və döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli və qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq və onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı və nigaran olarlar. Buna görə də (səksən ildən artıq olan), uzun illərdən və ömürü başa vurduqdan sonra (katib və məmurun) Mərvan (ibn Həkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.
Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:
Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.
164-cü xütbə
İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir.
Allah təəccüblü və qəribə varlıqlar yaradıb: bəziləri (insan və heyvanlar kimi) canlı, bəziləri (cansız təbiət kimi) cansız, bəziləri (dağlar kimi) hərəkətsiz və bəziləri (ulduzlar kimi) hərəkət edəndir. Onun yaradılışının gözəlliyi və qüdrətinin böyüklüyünə şəhadət verən aşkar dəlillərdən ağılların, qarşısında tabe olaraq inandıqları şeyi bərqərar etdi. Belə ki, (ağıllar) Onun varlığını iqrar edərək əmrinə tabedirlər və ağılların inandıqları şeyin Onun birliyinə olan dəlilləri, bizim qulaqlarımızda fəryad qoparırlar. Həmçinin quşların yerin dəliklərində, (iki dağın arasında yerləşən) geniş dərələrdə və dağların başında yerləşdirdiyi müxtəlif şəkillilərini yaratdı. Onların cürbəcür qanadları və müxtəlif görkəmliləri vardır. Onların boyunlarına itaətkarlıq və tabeçilik cilovu salınıb və açıq hava və geniş fəzanın boşluqlarında qanad çalırlar. Onları bu aşkar heyranedici surətlərdə yaratdı, halbuki bundan öncə yox idilər. (Onları yoxdan yaratdı.) Onları (ət və dərilərində) gizlənmiş oynaqların möhkəm sümükləri ilə bir-birinə birləşdirdi. Onların bəzisini (dəvəquşu və hacıleylək kimisini) iti yerimək və asan uçmaq üçün yüksəklikdə uçmaqdan saxladı və onu elə yaratdı ki, yerə yaxın uçur. Növbənöv quşları hikmət və məsləhətə əsaslanan qüdrət və yaradılışı ilə müxtəlif rənglərdə sıraladı. (Hər birini məxsus bir rəngdə yaratdı.) Beləliklə, onların bəzisi elə bir rəngin qəlibinə salınıb ki, ona başqa bir rəng qarışmır, bəzisi isə bir rəngə salınıb və boynunda elə bir boyunbağı cizgilənib ki, onun rəngi bədəninin digər yerlərinin rənginin əksinədir.
Quşların yaradılış baxımından ən heyrətləndiricisi tovuz quşudur ki, Allah onu ən möhkəm ölçüdə yaradıb və rənglərini kökünü (piy, sümük və damarla) bir-birinə birləşdirdiyi qanadla və uzunluğunu çox etdiyi quyruqla ən gözəl qaydada nizama salıb. Nə vaxt (cütləşmək istəsə və) dişi tovuzquşuna tərəf getsə, quyruğunun burulğanını açar və onu qaldıraraq başına kölgə salar. Həmin quyruq (bir yerə yığılanda və açılaraq yayılanda) sanki Darəyn (gəmisinin) yelkənidir ki, gəmiçi onu bir tərəfdən digər tərəfə çevirir. O, rəngləri ilə lovğalanaraq özünü öyür. Quyruğunun hərəkəti ilə öyünür və nazlanır. Xoruzlar kimi cütləşir və bala verməsi üçün öz dişisi ilə çox şəhvətli erkəklər kimi yaxınlıq edir. (İmam əleyhis-salam burada tovuzquşunun cütləşməsinin belə olmamasını güman edən şəxsin sözünü puç etmək üçün buyurur:) Tovuzquşunun cütləşməsi barəsində dediklərimdə səni müşahidə etmək və göz ilə görməyə göndərirəm və (sözünü) etimad edilməyən zəif və səhv dəlilə əsaslandıran kəs kimi deyiləm. (Çünki həmin şəxs deyir: Belə deyirlər. Mən isə deyirəm: Get gör!) Əgər onların zənn etdikləri kimi olsa - erkək tovuzquşunun öz dişisini mayalandırması, erkəyin gözündən axaraq göz qapaqlarının kənarlarında yığılan göz yaşı vasitəsi ilə olsa və dişi tovuzquşu onu öz dimdiyi ilə götürüb daddıqdan sonra yumurta qoysa və erkək tovuzquşunun cütləşməsi gözdən çıxan yaşdan başqa bir yol ilə olmasa, hər halda bu (yanlış) güman ala qarğanın cütləşmə üsulundan (onların dimdiklərini bir-birinin üstünə qoyaraq cütləşmələrindən) daha təəccüblü və qəribə deyil. (İmam əleyhis-salam sonra yenə də tovuzquşunun vəsfinə davam edərək buyurur: Ağlıq və şəffaflığının çoxluğundan) onun lələklərinin sümüklərini gümüş millər təsəvvür edər və həmçinin həmin lələklərin üstündə bitənləri - heyrətamiz dairələr və boyunbağıları (sarılıq və parlaqlıqda) xalis qızıl və (yaşıllıqda) zəbərcəd (qızıla çalar yaşımtıl rəngli qiymətli daş) parçaları sanarsan. Buna görə də əgər onun qanadını yerin bitirdiyi gül və çiçəklərə oxşatsan, deyəcəksən ki: O, hər baharın çiçəklərindən toplanmış bir dəstə güldür. Əgər onu geyimlərə oxşatsan, (deyəcəksən ki:) rəsm və şəkil işlənmiş bəzəkli və ya Yəməndə toxunmuş gözəl rəngli və qəşəng paltar kimidir. Əgər zinət əşyalarına bənzətsən, (deyərsən ki:) cəvahirlə bəzədilmiş gümüş arasında yerləşdirilmiş rəngarəng üzük qaşları kimidir. Çox işvəli sevincək şəxsin nazlanması kimi yol gedir. Tam diqqət və mülahizə ilə öz quyruq və qanadına baxır. Köynəyinin və paltarının (müxtəlif) rənglərinin gözəlliyindən qəhqəhə ilə gülür. Gözü ayaqlarına sataşanda isə haray qopararaq uca səslə ağlayır, sanki aşkarcasına, köməyə bir kimsə çağırır və (bu əməli ilə) özünün (ayaqlarının çirkinliyindən olan) qəm-qüssənin həqiqiliyinə şəhadət verir. Çünki ayaqları (nə ağ, nə də qara, bəlkə torpaq rəngində olan) xoruzun ayaqları kimi nazikdir (və çirkindir) və onun baldırının sümüyü tərəfdən (xoruzun ayağında olan və elə də aşkar olmayan tikan kimi) gizli bir tikan qabarır. Boynunun arxasında yalının yerində nəqş edilmiş bir yaşıl kəkil var. Boynunun çıxacağı bardaq kimidir (nazik və uzundur). Boynunun batacağı isə qarnının altına qədər (çox yaşıl olan və rəng qoyulmasında istifadə edilən) Yəmən basması və ya cilalı güzgüyə bükülmüş rəngli və bəzəkli ipək kimidir. Tovuzquşu sanki özünü qara çadraya bürüyüb. Amma təravət və parıltının çoxluğundan, ona çoxlu gözəl yaşıl rəngin qatışdırıldığı güman edilir. (Şəffaflıq və aydınlığının çoxluğundan onun qaralığı yaşıla çalır və baxanda hər an bir rəngdə görünür. Odur ki, buyurur:) Qulağının yarığında qələmin ucuna bənzər (nazik) bir xətt var və o, rəng baxımından çox ağ olan çobanyastığı gülüdür (onun kimidir). O, qara rəng içində parıldayan ağ xətt kimidir. Tovuzquşunun bəhrələnmədiyi rəng çox azdır. O, çox cilalı, parlaq, işıqlı və gözəl olduğu üçün həmin rəngi daha yaxşı göstərib. Beləliklə, o, (rənglərə boyanmasında) bahar yağışlarının və çox isti günəşlərin yetişdirmədiyi (bəlkə eyb və nöqsanlardan pak və uzaq olan Allahın hikmət əsasında yaradılışın əvvəlindən başdan-ayağa müxtəlif heyranedici rənglərlə yaratdığı) dağınıq çiçəklər kimidir. O, bəzən öz tük və lələklərindən xaric olaraq paltarını çıxarıb lütlənir. Beləliklə, tükləri bir-birinin ardınca tökülür və yenə bir-birinin ardınca bitir. Tükləri yarpaqlar ağacdan tökülən kimi tökülür. Sonra bir-birinin ardınca tükləri tökülməmişdən qabaqkı şəklinə düşənə kimi bitir. (Belə ki,) onun heç bir rəngi əvvəlki rənglərin əksinə olmur və heç bir rəng öz yerindən başqa yerdə durmur. (Düşən hər bir tük və lələyin yerinə həmin şəkil və rəngdə olan bir tük və lələk çıxır.) Əgər onun lələklərinin tüklərindən birinə diqqətlə baxsan, (onların rəngə boyanmaları) sənə (bir dəfə) qızılgül qırmızısı, bir dəfə zəbərcəd yaşılı, bəzən isə qızıl sarısı rəngində görünər. Buna görə də dərin və dəqiq dərrakələr bu heyvanın yaradılışının necəliyini necə qavraya, əqli düşüncələr onu necə dərk edə və ya vəsf edənlərin sözləri onun necəliyini necə nəzmə çəkə bilər?! Halbuki həmin heyvanın ən kiçik hissəsi (tükü) fikirləri onu dərk etməkdə və dilləri öz vəsfində aciz qoyub. Buna görə də eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, ağılları gözlər önündə cilvələnən və onların məhdud, yaranmış, mürəkkəb və rənglənmiş şəkildə dərk etdikləri varlığın vəsfində məğlub edib, dilləri Onun həqiqətinin necəliyinin bəyanında bacarıqsız və sifətlərinin şərhində aciz edib. Həmçinin eyb və nöqsan sifətlərdən pak və uzaqdır o Allah ki, kiçik qarışqa və balaca ağcaqanadların ayaqlarını, eləcə də onlardan böyüklərin - balıq və fillərin yaradılışını möhkəm edib. Özünə vacib edib ki, ruh və can verdiyi heç bir cüssə, onun üçün ölüm vədəsi və yoxluq sonluğu müəyyənləşdirməyincəyə qədər hərəkət edib tərpənməsin.
Bu da həmin xütbənin Cənnətin necəliyi barəsindəki bir hissəsidir
Əgər qəlb gözü ilə sənin üçün Cənnətdən vəsf edilənlərə baxsan (və onlar barəsində fikrə dalaraq düşünsən), nəfsin mütləq bu dünyada olan və onun, nəzərdə cilvələnən istək, ləzzət və bər-bəzəklərindən uzaqlaşar. Fikir və düşüncə ilə kökləri Cənnət arxlarının kənarında müşk dəfinələrində basdırılmış ağacların yarpaqlarının bir-birinə dəymələrinin səsindən, təzə və təravətli mirvari salxımların nazik və qalın budaqlardan asılmasından, heç bir çətinlik olmadan (ağacın başına çıxmadan və ya daş və çubuq vasitəsi ilə salınmadan) yığılan və yığanın arzusuna uyğun olaraq onun ixtiyarında duran (onu zəhmətsiz yığması üçün arzulaması ilə yaxınlaşan) rəngarəng meyvələrin həmin ağacların güllərinin tumurcuqlarından zahir olmasından çaş-baş qalar. Cənnət əhli üçün onun saraylarının qarşısında pak və təmiz ballar və saflaşdırılmış şərbətlər dolandırılır (ki, istəyən götürüb içsin). Cənnət əhli həmişəlik evə (əbədi Cənnətə) daxil olana və yerdəyişmə və səfərlərdən qurtarıb rahatlanan zamana kimi ilahi əta və bəxşişlər daim hallarına şamil olan dəstədir (və onlar Allah və Peyğəmbərə tabedirlər). (İnsan öləndən sonra qiyamət başlanana kimi səfər çətinliklərinə düçar olan şəxs kimidir və ölüm, bərzəx aləmi və qiyamətin çətinliklərindən nicat tapıb, yükünü Cənnətdə açandan sonra yolun əziyyətlərindən qurtulur, rahatlıq tapır.) Buna görə də ey dinləyici, əgər qəlbini qəflətən sənə çatacaq şeyə - heyranedici mənzərələrə məşğul etsən (fikrə dalaraq onların barəsində düşünsən), canın onlara çatmağın şövqündən bədənindən çıxar və həmin mənzərələrə çatmağa tələsdiyin üçün mənim bu məclisimdən qəbristanlıq əhlinin qonşuluğuna gedərsən (dünyaya və onda olanlara göz yumaraq ölümü gözləyərsən). Allah fəzl və mehribanlığı üzündən bizi və sizi yaxşı əməl sahibilərinin mənzillərinə (əbədi Cənnətə) getmək üçün qəlbən səy göstərib çalışanların (Allah və Peyğəmbərin razılığını əldə edənlərin) zümrəsində yerləşdirsin. (Seyyid Rəzi deyir:)
Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:
O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mər’ətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nu’tiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir və onun mənası tikə və parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir və o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir və onun təki «عُسْلُوج» «usluc»dur.
165-ci xütbə
İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan (və quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.
Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi və səhabələrini məzəmmət etdiyi) bir hissəsidir
(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam və dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət və doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi və) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni də heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı (və elə selin də yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar və onlara güc və qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq və hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət və bütün şeyləri aradan gedər).
Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar və Allahın Qur’ani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır. Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin və Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik və səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).
166-cı xütbə
İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.
Allah-təala Kitabı (Qur’ani-Kərimi bəndələr üçün) bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, söz və əməlin hansının pis və hansının yaxşı olmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (Allah və Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq və həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin! Onları (riya və özünü göstərmək üçün deyil) Allaha görə (Onun rəhmətinə yaxınlaşmaq üçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Qur’anda və Həzrət Peyğəmbərin sünnəsində) məchul olmayan (bəlkə hamıya məlum olan) şeyi haram etdi (buna görə də ondan xəbərsiz olan üzrlü sayılmır) və heç bir eyb və nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamın əzəmətinə görə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıq olmadan tam sədaqət və saflıqla ibadət və bəndəlik etmək) və tovhid (Allah-təalanı tək bilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə də (təkallahlı və ixlası olan şəxsə müsəlmanların hüquqlarına riayət etmək vacibdir. Belə olmasa, bu onun ixlas və tovhidi ilə ziddiyyət təşkil edər. Odur ki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (Allah və Peyğəmbərin buyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən və əlindən salamat və rahat olsunlar (dili ilə yalan, qeybət və böhtan danışmasın və başqalarını incitməkdən və zülm etməkdən əl saxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Amma əgər kimsə müsəlmanı nahaq yerə öldürsə, ondan qisas alınması və öldürülmüş şəxs kimi onun da öldürülməsi vacibdir.) Hamı üçün ümumi olan və sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölümə və dünyadan köçməyə hazır olun). Çünki insanlar (onların bir dəstəsi) sizin qarşınızdadır (sizdən qabağa düşüblər) və qiyamət sizi arxadan qovur. (Sanki bir karvan qabaqcadan gedib və karvanın başçısı arxada qalanları qabaqda gedənlərə çatmaları üçün sürətlə aparır. Buna görə də) yüngülləşin ki, (özünüzü ağır yüklər altından nicat verib karvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb və onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamı toplaşsın və birlikdə qiyamətə daxil olasınız). Çünki (qiyamətdə) sizdən (hər şeyi) soruşacaqlar, hətta yerlər və dördayaqlılar barəsində. Allaha itaət edin və Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünya və axirətinizə xeyri var) və pislik görəndə ondan uzaq olun (ki, sizi əzaba düçar edər).
167-ci xütbə
İmam Əli əleyhis-salamın xilafətində bey’ət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr bey’ətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə və çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər və yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın (və bey’ətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:
Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm də indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış (və bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?! Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar və əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər (və heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb və heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən də çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin və bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».
168-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.
Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir və şər yolu açıqlayan) Kitab (Qur’ani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq və əyriliyin yol tapa bilmədiyi) iş (din və qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bid’ətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi və nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din və dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun. And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə və Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.
Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik və vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət və əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).
169-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Bey’ət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:
Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə bey’ət etmək üçün) əlini uzat. Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün bey’ətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla bey’ət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.
170-ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.
(Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)
Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)
Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!
171- ci xütbə
İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.
Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.
Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir
Bir nəfər (Sə’d ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)
Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)
Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir
(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla bey’ətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər. (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə bey’ət etmişdi. Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər. (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)
172- ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq və dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.
Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır. Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri və rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini (və hökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür. (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb və ona bey’ət etməmişəm. Təlhə ilə Zübeyr isə bey’ətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Bey’ət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç və səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri və xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə bey’ət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (bey’ətini pozmamalı) və qaib olan (başqasını) seçməməlidir. Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan bey’ətlərini pozmuşdular).
Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarla müharibəni və onun şərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz. Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi və çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul və ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.
Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət və bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət və çətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın və onun müxtəlif bəla və çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha və Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək və Öz Kitabında (Qur’ani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr və Qur’anın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həm də) sizə (itaət, müsibət və günahla qarşılaşanda) səbr əta etsin.
173- cü xütbə
İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.
(İndiyə kimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək (və düşmənə qalib gəlmək) vədəsinə arxayınam. (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan və haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi. Əgər (indi öz dilinə gətirdiyi və xalqın arasında yaydığı kimi Osman) məzlum idisə (və onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanın zalım və ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı və xalqı onu öldürməyə həvəsləndirdi) və (indi) yolu tanınmamış və (bey’ətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək və onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.
174- cü xütbə
İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi və öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.
Ey (qiyamət, hesab və sorğu-sualdan) qafil olan, amma (söz və əməl dəftərində heç bir artırma və azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar! Ey (dünyaya aldanmaq nəticəsində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın əmr və qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət və bər-bəzəkləri, eləcə də ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir. And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək və indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək və indiki zamandan xəbər verib.)
Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.
175- ci xütbə
İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi və Qur’ani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub).
Allahın (Qur’ani-Kərimdəki dünya və axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda və mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar «biz bilmirdik, bizə nə üçün əzab verirsən?»deyə bilməyəcəklər) və (bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb. Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) və pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qur’ani-Kərimdə və Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı ki: «Cənnət çətinliklərə (narahatçılıq və əziyyətlərə dözmək, itaətdə səbrli olmaq və günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə (və günah və itaətsizliklərə) bürünüb.» Bilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir və Allaha itaətsizlik olan hər bir şey meyl və istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə də Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək və arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir və o, həmişə istək və arzuları nəticəsində itaətsizliyə meyllidir. Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca və ondan yerinə yetirdiyindən (ibadət və bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz və səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola və onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş və önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər və onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya və onun malına qətiyyən bağlılıqları olmadı). Bilin ki, bu Qur’an (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Qur’anla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qur’andan (onu öyrənəndən, mənalarında düşünəndən və hökmlərinə əməl edəndən) sonra (öz dünya və axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qur’andan (onunla tanış olandan) qabaq (öz xeyir və ziyan yolunu müxtəlif elm və kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri və batini, ruhi və cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Qur’anda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qur’ana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qur’ana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Qur’an kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək və Ona yaxınlaşmaq üçün Qur’anı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Qur’an (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Qur’an qiyamət günü kimə şəfaət etsə (kimin söz və əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Qur’an qiyamət günü (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hüzurunda) kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış və şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki: «Bilin! Qur’an əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin və əkdiyi şeyin nəticəsinin əsiridir». Belə isə siz onun əkinçisi və arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz və əməldə düşüncələrə etimad etməyin) və nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).
Yaxşı əməl, yaxşı əməl! (Allaha çox ibadət və bəndəlik edin və onun azı ilə kifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm və mətin olun, möhkəm və mətin olun! (Din işində möhkəm və mətanətli olun və ayağınızı doğru yoldan kənara qoyub hara gəldi üz tutmayın. Günahlar qarşısında) səbrli olun, səbrli olun (və nəfsi istəklərə tabe olmaqdan çəkinin)! Çəkinin, çəkinin (Allahın çəkindirdiklərindən uzaq olun)! Sizin üçün son və axır var, özünüzü ona (əbədi Cənnətə) çatdırın. Sizin üçün bayraq və əlamət (Həzrət Peyğəmbər və o Həzrətin haqq canişinləri) var. Buna görə də (gözəl son və nəticəyə çatmaq üçün) öz əlamətinizlə hidayət olunun və nicat tapın. İslamın fayda və mənfəəti (əbədi ağalıq və xoşbəxtliyi) var, onu əldə edin. Allaha üz tutun və sizə vacib etdiyi haqqını və (Qur’an və sünnədə) bəyan etdiyi hökmlərini yerinə yetirin. Mən qiyamət günü sizin üçün şahidlik edəcəyəm və (əzabdan qurtularaq nicat tapmağınız üçün) sizin tərəfinizdən dəlil-sübut gətirəcəyəm.
Bilin! Bundan qabaq təqdir edilmiş şey (xəlifələrin xilafəti və onun o Həzrətə keçməsi) baş verdi. Həmçinin barəsində Allahın hökm və istəyi olan şey (fitnələr və qan tökülməsi bundan sonra) bir-birinin ardınca qarşıya çıxacaqdır. Mən (sizinlə) Allahın vədi və Onun dəlili (Qur’ani-Kərim) əsasında danışıram. Allah-təala (Fussilət surəsinin 30-cu ayəsində) buyurur:
«إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَنْ لاّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ» «Rəbbimiz Allahdır-deyən (Onun Rəbb olmaqda təkliyini iqrar edən), sonra (həmin sözün üstündə) duran (Allahın əmrlərini yerinə yetirərək qadağan etdiklərindən uzaq olan) kəslərə (ölüm zamanı) mələklər nazil olacaq (və deyəcəklər) ki, (çətinliklərdən) qorxmayın və (əlinizdən çıxanlara) kədərlənməyin. (Dünyada) vəd olunduğunuz Cənnətlə gözünüz aydın olsun». Siz «Rəbbimiz Allahdır» demisiniz. Odur ki, (öz etirafınıza əsasən) Onun Kitabına, aydın yol olan hökm və göstərişinə və layiqli ibadət və bəndəlik yoluna əməl etməkdə sabitqədəm olun. Ondan xaric olmayın, onda bid’ət qoymayın və onunla müxalifət etməyin. Çünki ayaqlarını həmin yoldan kənara qoymuş kimsələr qiyamət günü Allahın rəhminə yol tapa bilməzlər. Buna görə də xasiyyətlərin dəyişməsindən və əvəz olunmasından çəkinin (doğruçuluq, yalançılıq, söz gəzdirmə və islahatçılıqda ikiüzlülükdən uzaq olun). Dilinizi bir edin (bir cür söz danışın). Kişi gərək öz dilini qorusun (yersiz danışmasın). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, pərhizkar bəndə dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu və bu kimi şeylərdən) saxlamayınca pərhizkarlığının ona bir xeyir verməsini görmürəm. (Pərhizkar əgər dilini saxlamasa, pərhizkarlığının heç bir xeyri olmaz. Çünki pərhizkar ancaq bütün günahlardan uzaq olub çəkinmək nəticəsində öz əməllərindən bəhrələnə bilər.) Doğrudan da möminin dili qəlbinin arxasındadır (sözü qəlbindən gəlir və etiqadına əsaslanır), münafiqin qəlbi isə dilinin arxasındadır (dediyinə etiqadı yoxdur). Çünki mömin bir söz demək istəyəndə fikrə dalar və düşünər. Əgər yaxşı və məsləhət olsa, onu deyər, pis və nalayiq olsa isə, gizlədər (onu deməkdən çəkinər). Münafiq isə dilinə gələni deyər və hansı sözün ona xeyirli və hansının ziyanlı olmasını bilməz. Həmçinin Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: «Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz». (Çünki dil qəlbin dilmancıdır və onun möhkəmlik və səbatı dildən asılıdır.) Buna görə də sizlərdən əli müsəlmanların qan və malından pak, dili isə onların abırlarını tökmək və şərəflərinə hörmətsizlikdən uzaq halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahla görüşməyə (Onun rəhminə layiq olmağa) qadir olan kəs gərək elə etsin. (İslamın şərtləri və imanın zərurətlərindən biri müsəlmanın digər bir müsəlmanın əlindən və dilindən əmin-amanlıqda olmasıdır.)
Ey Allahın bəndələri! Bilin ki, mömin keçən il halal bildiyini bu il də halal bilir və keçən il haram hesab etdiyini bu il də haram hesab edir. İnsanların yaratdıqları (xəlifələrin əsasını qoyduqları) bid’ətlər (hökmlər) sizə haram olan şeyi halal etmir, bəlkə halal yalnız Allahın halal buyurduğu və haram ancaq Allahın haram etdiyidir. Təcrübə və sınaq ilə işləri möhkəmləndirmisiniz (fikrinizi işə salmısınız və nəticədə sizin üçün yaxşı pisdən və haqq batildən ayrılıb). Özünüzdən qabaqkılarla öyüd-nəsihət verilmisiniz (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Qur’ani-Kərimdə yaxşı əməl sahiblərinin xoşbəxt, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarını buyurub). Sizə misallar çəkilib (Qur’ani-Kərimdə haqqın batildən seçilməsi üçün misallar çəkilib). (Düzlüyü hamıya bəlli olan) aydın işə (İslam dininə) tərəf dəvət olunmusunuz. Buna görə də (qəlbinin qulağı) kar olandan başqa heç kəs ona (münasibətdə) kar qalmaz (qulaqlarını tutmaz) və (qəlbinin gözü) kor olan kəsdən başqa heç kəs ona (münasibətdə) kor qalmaz (gözlərini yummaz). Allahın çətinliklərə düçar etmək və işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə və öyüddən bəhrələnməz (çünki bəlanın və hiss olunan işlərdə edilən sınağın təsiri öyüd-nəsihətin təsirindən daha çoxdur). Ona qarşısından (bir-birinin ardınca) nöqsan və ziyan dəyər və nəticədə (nadanlıq və azğınlığının artması nəticəsində) nalayiq və çirkini yaxşı, bəyənilən və yaxşını isə çirkin bilər. İnsanlar iki dəstədirlər: (Birincisi) şəriətə tabe olan (söz və əməli Qur’an və sünnə əsasında olan) kəs və (ikincisi) bid’ət yaradan ki, (pis işlərə əmr edən nəfsə və şeytana tabe olar və) əlində nə Allahdan aşkar bir dəlil olar, nə sünnədən (Həzrət Peyğəmbərin sünnəsindən) və nə də Qur’ani-Kərimdən. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (keçmiş peyğəmbərlərin davamçılarından) heç kəsə bu Qur’an kimi (onda olan öyüdlər kimi) öyüd verməyib. O, Allahın (heç vaxt qırılmayan) möhkəm ipidir (və hər kim ondan yapışsa, dünyanın bədbəxtliyindən və axirət əzabından qurtular). O, Allahın (qədəm basana) xəyanət etməyən yoludur. Qəlbin baharı və elm və bilik çeşmələri ondadır. (Çünki ayələri oxumaq və onların mənalarında fikirləşərək düşünmək müxtəlif elm və mərifət çiçəklərini bitirir. Həmçinin onun ayələrinin hər biri elm və hikmət mənbəyidir ki, ruhların həyatı onlara bağlıdır.) Qəlbin ondan başqa cilası yoxdur. (Qur’anı) yada salanların (və ona əməl edənlərin) getmələrinə və unutqanların və ya özlərini unutqanlığa vuranların qalmalarına baxmayaraq, (öyüdün sizə heç bir təsiri olmasa da hər halda mən deyirəm): Xeyir və yaxşılıq görəndə ona kömək edin (onu yerinə yetirin), şər və pislik görəndə isə ondan keçin (uzaqlaşın. Yəni, İmam əleyhis-salamın əmr və qadağalarına tabe olaraq onun müxaliflərindən və bey’ətlərini pozanlardan üz döndərin). Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı: «Ey Adəm övladı! Yaxşılıq et və pisliyi burax (tərk et). Belə edəndən sonra sən xoşrəftarlı və orta yol ilə gedənsən (haqq yolun ortasına qədəm qoymusan və heç vaxt azmazsan).
Bilin ki, zülm üç qisimdir: Bağışlanmayan zülm, məsuliyyətə alınacaq zülm və məsuliyyətə alınmadan bağışlanmış zülm. Bağışlanmayan zülmə gəldikdə, o, Allaha şərik qoşmaqdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Nisa surəsinin 48-ci ayəsində) buyurur: «إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ » «Allah Ona şərik qoşanları bağışlamır». Bağışlanan zülmə gəldikdə, o, bəndənin bəzi kiçik günahlar etməklə özünə olan zülmüdür. Məsuliyyətə alınan zülm isə bəndənin digər bəndəyə olan zülmüdür. Axirətdə olan qisas və əvəzçıxma çətin və ağırdır. Orada qisas bıçaq yarası və qamçı vurmaqla deyil, yara və qamçı onun yanında kiçik sayılan bir qisasdır. Odur ki, Allahın dinində ikirəngli və ikiüzlü olmaqdan çəkinin. Çünki meyl və rəğbətiniz olmayan haqq barəsində bir yerə toplaşmaq (əl-ələ verərək bir olmaq) sevdiyiniz batilə görə parçalanmaqdan daha yaxşıdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah təfriqə və parçalanmaya görə keçmişlərdən və qalanlardan heç kəsə xeyir əta etməyib.
Camaat! Xoş o adamın halına ki, öz nöqsan və eybləri onu xalqın nöqsanlarından saxlayır. Həmçinin xoş o adamın halına ki, evində oturar (fitnə-fəsad yaratmaz, əmr be mə’ruf və nəhy əz münkər etmək, eləcə də pozğunluqların qarşısını almağa hazır olar), öz ruzisini yeyər (başqalarının malında gözü olmaz), Rəbbinə itaətlə məşğul olaraq öz günahına ağlayar (tövbə edərək qayıdar) və nəticədə başı öz işlərinə qarışar və xalq ondan (onun əlindən) rahat olar.
176- cı xütbə
İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əri və Əmr ibn As barəsində (Nəhrəvan Xəvarici ilə) olan kəlamlarındandır.
(Nəhrəvan Xəvarici İmam əleyhis-salama qarşı üsyankarlıq edib «nə üçün Allahın dini barəsində insanları hakim etdin və indi ki sənin əleyhinə hökm çıxarıblar, onların hökmlərini qəbul etmirsən?» deyib etiraz etdikdən sonra, o Həzrət onların cavabında buyurdu:) Sizin böyüklərinizin nəzəri iki kişini (Əbu Musa Əş’əri və Əmr ibn Ası) seçmək oldu (ki, onlar haqq ilə batil arasında hökm çıxarsınlar) və biz onlardan Qur’an əsasında davranaraq ondan kənara çıxmamaları, dillərinin onunla olması və qəlblərinin ona tabe olması əhdini aldıq. (Onlarla əhd bağladıq ki, zahirdə özlərini Qur’ana tabe kimi göstərərək batində öz fikirləri əsasında davranıb hökm çıxarmasınlar.) Amma onların hər ikisi yollarını azıb Qur’andan əl çəkərək haqqı tərk etdilər, halbuki onu görürdülər (bilirdilər ki, xilafətə məndən başqa heç kəsin ləyaqəti yoxdur). Meyl və istəkləri zülm və zülmkarlıq, adət və yolları əyrilik və yanlışlıq (azğınlığa qədəm basmaq) idi (və buna görə də haqqı bilə-bilə ona zidd hökm çıxardılar). Düzgün və haqq hökm çıxarmaq və Qur’ana əməl etmək barəsində bizim onlarla olan şərtimiz onların zülm və haqsızlığa əsaslanan düşüncə və hökmlərindən qabaqdır. Onlar haqq yoldan çıxıb şərtimizə zidd olaraq batil və nahaqqın xeyrinə hökm çıxaran zamandan bizim əlimizdə dəlil var.
177- ci xütbə
İmam Əli əleyhis-salamın (xilafətinin əvvəlində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın sifətləri, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) mədhi barəsindəki və eşidənlərə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
Allah-təalanı bir iş digər bir işdən saxlamır. Zaman onu dəyişdirmir. (Çünki O, zamanın yaradanıdır, zamanı əhatə edib və vacibəl-vücud varlıqdır. Dəyişmək isə vücudu mümkün olan varlığın xüsusiyyətlərindəndir.) Heç bir yer və məkan Onu əhatə etməz. (Çünki haradasa yerləşmək və qərar tutmaq cisim və maddi varlıq olmağı tələb edir. O isə cisim deyil.) Heç bir dil Onu (Onun zatının mahiyyət və həqiqətini) vəsf edə bilməz. Su damcılarının sayı, göyün ulduzları, küləyin havaya səpələdiyi şey, qarışqanın sərt daşlar üzərində hərəkəti və zülmət və qaranlıq gecədə kiçik qarışqaların yataqları Ona gizli deyil. Yarpaqların düşdükləri yeri və gözaltı baxışları bilir. Bənzəri olmamış, varlığında şəkk-şübhə olmayan və din və yaratması inkaredilməz olan Allahdan başqa bir mə’budun (ibadət olunanın) olmamasına şəhadət verirəm, niyyəti düz (səmimi qəlbdən), batini (riyakarlıq və özünü göstərməkdən) saf, yəqin və inamı (şəkk və tərəddüddən) pak və tərəziləri ağır (gözəl əməlləri çox) olan şəxsin şəhadəti kimi! Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Onun yaratdıqları arasından seçilib, hökmlərinin bəyan edilməsi üçün bəyənilib, qiymətli lütflərinə məxsus edilib və gözəl xəbər və tapşırıqlarının çatdırılması üçün seçilib. Onun vasitəsi ilə hidayət və nicat nişanələri aşkar olub və korluq və azğınlıq zülmətləri işıqlanıb.
Camaat! Dünya onu istəyəni və ona arxalananı aldadır, onun vurğunu olan (və onu özü üçün istəyən) kimsəyə simiclik etmir (çirkinliklərə düçar edir) və ona qalib gələnə (malını əldə edənə) qələbə çalacaqdır (məhv edəcəkdir). And olsun Allaha ki, heç vaxt nemət bolluğu və həyatın şadlığında olan heç bir tayfanın firavanlıq və şadlığı etdikləri günahlardan başqa bir şey səbəbindən zavala uğramayıb. Çünki (əgər onlar nemət nankorluğu və günah etməklə yenə nemətə layiq olsaydılar, nemətin onlardan əsirgənməsi birindən layiq olduğu şeyi əsirgəmək olardı ki, bu da zülmdür. Allahın zülm etməsi isə qeyri-mümkündür, necə ki, Ənfal surəsinin 51-ci ayəsində buyurulur:) «أَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ» «Allah bəndələrə əsla zülm edən deyildir». Əgər insanlar çətinliklər onlara üz tutanda və nemətlər onlardan alınanda düzgün niyyət və vurğun qəlblərlə Rəbblərinə pənah aparsalar, O, əldən çıxanı onlara qaytarar və hər bir fəsadı onlar üçün islah edər, düzəldər. Mən sizin (xilafəti qəsb edərək Həzrət Peyğəmbərin vəsiyyətinə uyğun davranmayan kəslərə tabe olmaq kimi nalayiq əməlləriniz nəticəsində cahiliyyət dövrünün insanları kimi) durğunluq və boşluğa düçar olmağınızdan (Peyğəmbərin dinindən uzaqlaşaraq zaman keçdikcə dindən əl götürüb nadanlıq və azğınlıq nəticəsində puç və yanlış düşüncələrə tabe olmağınızdan) qorxuram. Bir sıra işlər olub keçdi (xəlifələr haqları olmadan iş üstünə gəldilər) ki, siz onlara meyl göstərərək haqdan əl götürdünüz və mənim yanımda bəyənilməyən və xoşagəlməz insanlar idiniz. Əgər (Allahın Peyğəmbərinin - səlləllahu əleyhi və alih - zamanında) malik olduğunuz üsul və qayda (çirkinliklərdən sonra) sizə qayıtsa, xoşbəxtlərdən olacaqsınız. Mənim vəzifəm ancaq (işlərin düzəlməsi və öyüd-nəsihət vermək istiqamətində) səy və təlaş göstərməkdir. Əgər (sizin üç xəlifənin zamanındakı çirkin söz və əməllərinizi) demək istəsəydim, deyərdim. (Lakin onları əfv etmək və onlara göz yummaq məsləhətdir.) Allah olub keçənləri əfv etsin, bağışlasın.
178- ci xütbə
İmam Əli əleyhis-salamın Zi’ləb Yəməni ondan «ey Əmirəl-möminin, Rəbbini görmüsən?» soruşan zaman buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam buyurdu: Məgər görmədiyim şeyə ibadət edərəm?! (Halbuki ibadət məbudla danışmağı, eləcə də rəhmət, bağışlanma və təvazökarlıq istənilməsini tələb edir. Və bu cür işlər ibadət olunanın hüzurunda olmağı və onu görməyi tələb edir.) Buna görə də (sual verən şəxs elə zənn etdi ki, Rəbbi görməkdən məqsəd Onu göz ilə görməkdir. Odur ki) dedi: Onu necə görürsən? (Halbuki Onu görmək qeyri-mümkündür.) İmam əleyhis-salam buyurdu:
Gözlər Onu aşkar dərk etməzlər, lakin qəlblər imanın həqiqətləri vasitəsi ilə (Onun vücudunu, təkliyini, hər şeyin sahib və idarə edəni olmasını və digər sifətlərini təsdiqləməklə) Onu dərk edərlər. Hər şeyə yaxındır (əhatə edib), amma yapışmayıb. Hər şeydən uzaqdır, amma ayrı deyil. (Çünki yapışmaqla olan yaxınlıq və ayrılıqla olan uzaqlıq cismin xüsusiyyətlərindəndir.) Danışır (söz yaradır, amma) təfəkkür və düşüncəsiz. (Çünki düşünmək nadanlığın, naçarlığın nəticələrindəndir və Allah ondan pak və uzaqdır.) İstəyəndir (yaradandır, amma) qərara gəlmədən və hazırlaşmadan. Yaradandır (amma əl, ayaq və bu kimi), hər hansı bir üzvün rolu (köməyi) olmadan. (Çünki köməyə, möhtac varlığın ehtiyacı olur. O isə zatı zəngin və mütləq ehtiyacsızdır. Zahir və aşkar olmasının çoxluğu səbəbindən) gizliliklə vəsf edilməyən lətifdir. (Çünki bir şey Onu əhatə etməyib. Öz əli altında olanlara zülm edən zalımlar kimi) zülmkarlıqla vəsf edilməyən böyükdür. (Çünki mütləq ədalətlidir.) Elə bir görəndir ki, (hiss orqanlarından) heç bir hissə malik olmaqla vəsf edilməz. (Çünki hisslər mümkün varlığın sifətlərindəndir.) Mehribandır, (amma) ürəyiyananlıq və acıma ilə yox (fəzl və lütfü ilə)! Yaranmışlar Onun əzəmət və böyüklüyü qarşısında xar və təvazökardırlar (çünki onların hamısı Onun istək və iradəsi müqabilində ramdırlar) və qəlblər (Onun izzət və əzəməti qarşısında) Onun (əzabının) qorxusundan iztirablı və nigarandırlar.
179- cu xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.
Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?! Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız. Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Qur’anı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı! Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!
180- ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan və (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid və onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu:
Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi və bununla da Allahın rəhmətindən) uzaq düşdü (və məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda və qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq (və öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə də onlara (onların əzaba layiq olmaları üçün) hidayət və nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq və korluğa (azğınlıq və korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri və azğınlıqda (azğınlıq yolunda) tüğyan və itaətsizlik etmələri kifayətdir.
181- ci xütbə
İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir. (Nauf) deyir:
Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) Cə’də ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı və ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın mədh və tərifi və qüdrət və gücü, təqva və pərhizkarlığa həvəsləndirmək və dünyaya ürək bağlamamaq barəsində) buyurdu:
Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların və işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu və (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin və Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl və bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf və kərəmini etiraf edən və söz və əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin və inamla Ona (Onun fəzl və kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli və səmimi olan, şükr etməklə Onu böyük bilən və (Ondan başqa bir sığınacaq və pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət və səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət və əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir və izzət və böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun. Vaxt və zaman Onu ötməyib. (Çünki O, vaxt və zamanın yaradanıdır.) Artmaq və azalmaq bir-birinin ardınca Onu əhatə etməyib. Bəlkə (göyün, yerin və digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam və möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil və şahidlərindən biri sütunsuz sabit və bərqərar qalmış və dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət və tabeçiliklə dayanıb durmadan və duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq və qəbul, itaət və bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı və bəndələrinin gözəl söz və əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib və qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə də pak və qüsursuzdur o Allah ki, nə zülmət gecənin qaranlığı, nə də gecənin, dərin yerlərin künclərində və bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə və göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin və yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil. Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini və dişinin (döllü olarkən) qarnındakının nə (erkək, yoxsa dişi) olmasını bilir.
Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin və insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir və zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür və Onun elminə qəflət yol tapa bilməz.) Əta və bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl və ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı və ona üzv və alətlərsiz, danışıqsız və (boğazda yerləşən və vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış (və Allahın əzəmət və böyüklüyündən) başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş və aciz qalan Cəbraili, Mikaili və Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz və zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil və alətləri var və o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə də Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb və hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir).
Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı və (isti və soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş və sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda nə üçün günah və itaətsizliklə Onun nemət və bəxşişlərinə nankorluq edirsiniz? Nə üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən və böyük məqam və dərəcəyə malik olmaqdan əlavə cin və insanlara hakim və padşah idi. (O, dünya və axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü (və o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz və evlər boş qaldı və başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə və onların övladları? Haradadır (Misir şahları olmuş) Fironlar və (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) və zalımların ən’ənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi? Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər və ordu toplayaraq şəhərlər tikirdilər?!
Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir
(İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları əleyhimus-salamın) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. («اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ «Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!»)
İmam əleyhis-salam sonra buyurdu:
Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi və canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik və mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!!
Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?!
Bilin! Dünyanın üz tutanı arxa çevirdi və arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi və onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər və dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər və onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) nə ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi və (dünyada olan) qorxu və vahimədən sonra onları qorxusuz və rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş və (ömürlərini) düzlük və doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn? Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə və digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular və) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar və başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə və tərəfdarlarına) göndərildi?
Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı və buyurdu:
Heyf və əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Qur’anı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bid’əti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər və başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı:
Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin.
Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn Sə’di on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə və onlardan başqalarını da başqa sayda qoşunlara əmir və başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məl’un (Allah ona lə’nət etsin) o Həzrəti zərbətlədi. Buna görə də qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş və hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.
182- ci xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.
Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.
Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).
Bu da həmin xütbənin Qur’anın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir
Qur’an (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Qur’anın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qur’ani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir. Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir. (Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur. Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir. Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib. Sizə təqvalı və pərhizkar olmağı tapşırıb. Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölümdən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız. Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?! Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?
Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar).» Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir.» O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar). Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qur’ani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir.» Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.
183- cü xütbə
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:
Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu və sən onda (qoşunun içində) arıq və aciz idin (heç kəs sənə etina etmirdi) və səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil və nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın və) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.
Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi «Nəhcül-Bəlağə»nin əlyazma və çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir
184- cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. Rəvayət edilib ki, Əmirəl-möminin əleyhis-salamın Həmmam deyilən abid səhabə və ardıcıllarından biri o Həzrətə dedi: Ey Əmirəl-möminin, pərhizkarları (onların sifətlərini) mənə elə vəsf et ki, onları görmüş kimi olum. İmam əleyhis-salam onun cavabında duruxdu və gec tərpəndi. (Çünki cavabı gecikdirməyi daha məsləhət bilirdi.) Sonra qısa şəkildə buyurdu: Ey Həmmam, sən özün Allahdan qorx və yaxşı işlər gör ki (Qur’ani-Kərimin Nəhl surəsinin 128-ci ayəsində buyurulur): «إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ» «Allah pərhizkarlar və yaxşı işlər görənlərlədir». Həmmam bu cavaba qane olmadı (öz istəyində israr etdi) və nəhayət, o Həzrəti and verdirdi. Buna görə də o Həzrət Allaha həmd və şükr edib Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam göndərdikdən sonra buyurdu:
Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah məxluqatı yaradarkən onların itaət və bəndəliyindən ehtiyacsız, günah və itaətsizliklərindən qorxusuz və amanda idi. Çünki günahkarların itaətsizliyinin Ona bir ziyanı yoxdur və tabe olanların itaəti Ona bir xeyir gətirmir (bəlkə itaətə əmr etmək və itaətsizlikdən çəkindirməkdən məqsəd bəndələrin özlərinin mənfəət əldə etmələridir). Buna görə də ruzi və asayiş vasitələrini onların arasında böldü və dünyada hər bir kəsi (hikmət və məsləhət əsasında yoxsulluq və varlılıq, yaxşılıq və pislik kimi layiq bildiyi) bir mərtəbədə yerləşdirdi. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur) və (xalq arasında) təvazökarlıqla davranarlar. Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) və onlara xeyir verən elmə qulaq verərlər. Çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər (ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin və inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin və inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir. Qəlbləri qəmgin, zərər-ziyanları təhlükəsiz (hamı onların zərər-ziyanından xatircəm və qorxusuzdur, çünki başqalarını incitmək və hər bir günahın mənşəyi dünyanı sevməkdir ki, onların da ona meylləri yoxdur), bədənləri (oruc tutmaq, çoxlu ibadət və bəndəlik etmək və qənaət nəticəsində) arıq, (dünyadakı) istəkləri az (naçarlıqdan möhtac olduqlarından artıq bir şey istəmirlər) və nəfsləri pak və təmizdir (şəhvət arxasınca getmirlər). (Dünyada olan) bir neçə qısa günü səbrlə başa çatdırarlar və onun arxasınca həmişəlik rahatlığı (sonsuz Cənnət nemətini) əldə edərlər. Bu iş Rəbblərinin onlar üçün hazırladığı çox qazanclı və mənfəətli bir ticarətdir. (Onlar özlərini ibadət və bəndəliyə hazırladıqları üçün Allah da səadətə qovuşmaq yolunu onlara göstərib.) Dünya onlara üz tutdu (öz mal və bər-bəzəyini onlara göstərdi), onlar isə ondan üz döndərdilər (ona göz yumdular); onları çətinliklərə əsir etdi, onlar isə canlarını qurban verərək (onun çətinliklərinə dözdülər və sonda) özlərini ondan qurtardılar. Gecə olanda (namaz üçün) ayaq üstə duraraq Qur’anın ayələrini diqqət və düşüncə ilə oxuyarlar və onu oxumaq və barəsində düşünməklə özlərini qəmləndirərlər. Onun vasitəsi ilə öz dərdlərinə əlac etməyə çalışarlar (Qur’anı oxumaq və ona əməl etməklə qiyamətin əzab və çətinliklərindən nicat tapmaq istəyərlər). Beləliklə, şövqə gətirən və ümidverici (yaxşı əməl sahiblərinin mükafatını bəyan edən) bir ayə ilə rastlaşanda ona tamah salarlar və şövqlə ona baxarlar, sanki ayənin, barəsində xəbər verdiyi mükafat onların gözləri önündədir və onu görürlər. Həmçinin qorxu və vahimə olan (pis əməl sahiblərinin cəzasından danışan) bir ayə ilə rastlaşanda qəlblərinin qulaqlarını ona elə açarlar ki, sanki cəhənnəmin (onun əhlinin) nalə və fəryadları qulaqlarının dibindədir. (Allah qarşısında rüku etmək üçün) qamətlərini əyər və (səcdə etmək üçün) alın, əllərinin içi, diz və barmaqlarının uclarını yerə qoyaraq Allah-təaladan özlərinin (qiyamət əzabından) azad olmalarını istəyərlər. Gündüz olanda isə səbrli, alim, yaxşı əməlli və pərhizkardırlar. Qorxu (Allah qorxusu) bədənlərini, yonulmuş oxların nazikliyi kimi arıqladıb. Görən onların xəstə olduqlarını güman edər, halbuki heç bir xəstəlikləri yoxdur (bəlkə əzabın qorxusundan arıqlayıblar), (onlardan eşitdiyi sözləri başa düşmədiyi üçün) sərsəri və dəli olduqlarını deyər, halbuki dəli deyildirlər, bəlkə böyük iş (qiyamətin fikri) fikirlərini qarışdırıb. Özlərinin az işlərindən razı olmurlar və çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar və öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar və deyər: Mən özümü başqalarından daha yaxşı tanıyıram və Rəbbim məni mənim özümdən də yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən də üstün et və onların bilmədikləri günahlarımı bağışla!
Pərhizkarların birinin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq və gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbrlilikdə alim, zənginlikdə mö’tədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət və bəndəlikdə təvazökar görərsən və o, yoxsulluq və imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın). Onlar çətinlikdə səbrli, halal axtaran, hidayət və qurtuluşda şad, tamah və hərislikdən uzaqdırlar. (Beləsi) yaxşı işlər görməsinə baxmayaraq, qorxu içindədir. Gecə, onun səy və təlaşı (Allah-təalanın nemətlərinə görə) şükr etməyə sərf olunur. Gündüz, istəyi Allahı zikr etmək, yada salmaqdır. Gecəni öz qəflətindən qorxan halda (ki, məbada vəzifələrində səhlənkarlıq etmiş olar) başa vurar və gündüz Allahın lütf və mehribançılığından (onu müsəlman və Məhəmmədə və Məhəmməd əhli-beytinə tabe olanlardan etməsindən) şad və sevincək olar. Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət və bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı əbədi olan şeydir və çiyrindiyi, qalmayan şeydir (gözünü axirətə dikib və dünyaya arxa çevirib). O, səbri elmlə və sözü əməl ilə qarışdırır. (Çünki elm və ağla əsaslanmayan səbr və əməl ilə birgə olmayan söz xoşagəlməzdir.) Onu arzusu qısa (məhdud), səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi yox və qəzəbi yatırılmış görərsən. Xalq onun yaxşılığına göz dikib və pisliyindən rahat və xatircəmdir. Əgər (Allah və Peyğəmbərdən) qafil və xəbərsiz insanlar içərisində olsa, xəbərdarların zümrəsində sayılar. (Çünki onun qəlbi Allahı zikr etməklə məşğuldur.) Əgər xəbərdarların içərisində olsa, qafillərdən sayılmaz. Ona zülm edəni bağışlayar, onu məhrum edənə yaxşılıq və ehsan edər və ondan ayrılana birləşər. Söyüş söyməkdən və çirkin sözdən uzaqdır və sözü mülayim olar. Ondan xoşagəlməz bir iş görünməyib və bəyənilən işi aşkardır. Onun yaxşılığı üz tutub və pisliyi arxa çevirib. Çətinliklərdə vüqarlı və dözümlü, acı anlarda səbrli, dinclik və rahatlıqda şükr edəndir. Nifrət etdiyi kimsəyə zülm etməz və sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan və zalım insanların əksinə olaraq sevmək və ya nifrət bəsləmək onun öz şər’i vəzifəsini yerinə yetirməsinə mane olmur.) Şahid gətirilməmişdən qabaq haqqı qəbul edər. Ona tapşırılan şeyi zay etməz və yadına salınan şeyi unutmaz. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq və çirkin kəlmələrlə) çağırmaz və qonşuya ziyan vurmaz. İnsanların başına gələn acı hadisələrə sevinməz. Batil və nahaq yola qədəm qoymaz və haqq yoldan kənara çıxmaz. Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz və əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbr edər. Nəfsi onun əlindən əzab və çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır.) Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür.) Axirət işində özünü əziyyətə salar və xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına və (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar və mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq və özünü böyük tutmaq deyil və yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə və kələk yolu ilə deyil.
Bu xütbəni nəql edən deyir: (Söz bu yerə çatanda) Həmmam özündən getdi və elə həmin özündən getməklə də dünyadan köçdü. Sonra Əmirəl-möminin əleyhis-salam buyurdu: Bilin! Vallah onun üçün bundan (belə bir hadisənin baş verməsindən) qorxurdum. Daha sonra buyurdu: Düzgün nəsihətlər əhlinə belə (təsir) edir. Orada olanlardan biri (Xəvaricdən olan Abdullah ibn Kəvva) dedi: Ey Əmirəl-möminin, sənin vəziyyətin necədir? (Nə üçün bu nəsihətlər sənə təsir etmir və ya əgər belə olacağını bilirdinsə, nə üçün onun ölümünə səbəb oldun?) İmam əleyhis-salam buyurdu: Vay olsun sənə! Hər bir əcəlin öz vaxtı var ki, ondan keçmir (gec və tez olmur) və səbəbi var ki, onu aşmır. Odur ki, özünü şeytanın sənin dilinə üfürdüyü bu cür sözlərdən saxla (bir daha demə. Çünki İmama etiraz etmək şeytanın azdırmaları və göstərişlərindəndir).
185- ci xütbə
İmam Əli əleyhis-salamın münafiq və ikiüzlü insanları vəsf etdiyi xütbələrindəndir.
Bizə itaət və tabeçilik uğuru nəsib etdiyi və bizi günah və itaətsizlikdən saxladığı üçün Allaha şükr edirik. Ondan, bizə olan nemətini kamil həddə çatdırmasını və əlimizi ipinə (Qur’ani-Kərimə) birləşdirməsini istəyirik. Və şəhadət veririk ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Allahın razılığını əldə etmək üçün hər bir çətinliyə qatlaşdı və Onun (hökmlərinin təbliği) yolunda hər bir qəm-kədəri qurtum-qurtum içdi (peyğəmbərlik dövründə qarşılaşdığı hər bir çətinliyə səbr etdi). Yaxınları və qohumları neçə cür idilər. (Bir dəstəsi fədakar və onu sevənlərdən ibarət idi ki, can və mallarını o Həzrətin yolunda verirdilər. Bəziləri isə düşmən və münafiq idilər və onu məhv etmək istəyirdilər.) Uzaq və yadlar o Həzrətlə düşmənçilik etmək üçün bir yerə toplaşdılar. Ərəblər noxtalarını qıraraq o Həzrətə tərəf üz qoydular və onunla müharibə etmək üçün öz yük dəvələrinin qarnını döyəclədilər (ki, tez çatsınlar). Nəhayət ən uzaq məkan və get-gəl yerlərindən düşmənçiliklə o Həzrətin yaşadığı yerə və yurda daxil oldular. (Xülasə, onunla düşmənçilik üçün uzaq yollardan müharibə etməyə gəldilər.)
Ey Allahın bəndələri! Sizə təqvalı olaraq Allahdan qorxmağı tövsiyə edirəm və (zahirdə müsəlman, batində isə kafir olan) ikiüzlü insanlardan (onların hiylə və kələklərindən) çəkindirirəm. (Məbada onların söz və əməllərinə aldanaraq onların arxasınca gedəsiniz.) Çünki onlar azğın və azdıran (özləri zəlalət və azğınlıq yolu ilə gedir və başqalarını da doğru yoldan saxlayaraq özlərinə yoldaş edirlər), həmçinin sürüşmüş və sürüşdürəndirlər (özləri günah və səhv işlər görürlər və başqalarını da səhvə salırlar). Özlərini müxtəlif rənglərə və hallara salarlar (hər an və hər bir məclisdə öz danışıq və davranışları ilə, puç məqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçün bir rəngə düşərlər). Sizin üçün bütün vasitələri nəzərdə tutublar və bütün pusqularda güdükdədirlər. (Əgər onların fikirlərini başa düşüb onlardan uzaqlaşsanız, sizi digər vasitələrlə aldatmaq qərarına gələrlər ki, hər nə cür olur-olsun sizi özlərinə qoşsunlar. Paxıllıq, ikiüzlülük, düşmənçilik və şəkk-şübhə içində olmaqdan) qəlbləri xəstədir. Onların zahirləri isə pak və təmizdir. (Belə ki, onların həqiqəti sevən və haqq istəyən olmaları güman edilər.) Gizli yol gedirlər (öz planlarını heç kəsin başa düşmədiyi şəkildə işə salır və fitnə-fəsad yaradırlar) və meşənin sıx ağacları arasında (ovu tutmaq üçün yavaş-yavaş hərəkət edən ovçu kimi) tərpənirlər. Sifətləri dərmana oxşayır və sözləri şəfavericidir. Amma əməlləri əlacı olmayan bir dərddir. Rifaha (insanların rifah içində olmalarına) paxıllıq edirlər (onlarla dostlaşaraq rahatlıqlarını əllərindən alırlar) və (onların) çətinlik və bədbəxtliyə düşmələrinə çalışırlar (aralarında söz gəzdirərlər ki, birlikləri dağılsın və onları bədbəxtliyə düçar etsinlər). Həmçinin ümidləri (xalqın ümidlərini) qırarlar (onları Allahın bəyəndiyi işlərdən saxlayarlar). Hər bir yolda birini torpağa səriblər (məhv etmək üçün çoxlu yollar nəzərdə tutublar), hər bir qəlbdə vasitələri var (hər bir şəxslə onun meyl və istəyinə uyğun şəkildə danışa bilirlər) və hər bir qəm-kədərdə göz yaşı tökərlər (ki, onun vasitəsi ilə öz məqsədlərini həyata keçirsinlər). Bir-birlərini tərifləməyi bir-birlərinə borc verər və onun əvəzini gözləyərlər (öz içərilərindəkilərdən birini tərifləyərlər ki, o da əvəzində onu tərifləsin). İstəkləri olanda onda (müqabil tərəfi istəklərini yerinə yetirməyə məcbur edənə kimi) israr edərlər. Danlayanda (birinin səhvini başa salmaq istəyəndə) pərdələri götürərlər (bütün eyblərini açaraq rüsvay edərlər). Əgər onları (bir işdə) hakim təyin etsələr, israf edərlər (haqqa zidd hökm çıxararlar). Hər bir haqqın qarşısında bir batil, hər bir düzlüyün müqabilində bir əyrilik, hər bir dirinin qarşısında bir qatil, hər bir qapıya bir açar və hər gecə üçün bir çıraq hazırlayıblar (məqsədlərinə çatmaq üçün müxtəlif hiylə və kələklərdən istifadə edərlər). Ümidsizlik və (xalqın malından) ehtiyacsızlığı öz tamah və hərislikləri üçün vasitə edərlər ki, bazarlarını qoruyaraq nəfis sandıqları mallarını işə salsınlar (hiyləbazlıqla özlərini dünyaya rəğbətsiz göstərərək ehtiyacsızlıq nümayiş etdirirlər ki, öz məqsədlərinə çatsınlar). (Səhv söz) deyirlər və (onu haqqa) bənzər və oxşar göstərirlər. (Məqsədlərini) açıqlayırlar və onu bəzəyirlər (haqq şəklinə salırlar). Batil yolu asan göstərərlər (ki, hamı ona qədəm qoysun) və darı (zəlalət və azğınlığı) əyərlər (ki, azğınlıqdan qurtarmaq, nicat tapmaq mümkün olmasın). Beləliklə, onlar şeytanın ardıcılları və odun şölələridirlər. (Qur’ani-Kərimin Mucadilə surəsinin 19-cu ayəsində buyurulur:) «أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ» «O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.»
Комментарии
Отправить комментарий