2 hissə Nəhcül bəlağə

 "NƏHCÜL –BƏLAĞƏ" 


İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları 

 ( tərcümə və şərh )

I I CİLD



Toplayan:

Seyyid Rəzi


Şərhçi:

Ayətullah Feyzul-İslam


Tərcüməçilər:

Ağabala Mehdiyev

Dürdanə Cəfərli

Etibar Quliyev


Redaktolar:


İxtisas redaktoru:

Höccətül-islam vəl-müslimin 

Hacı Adil Mövlayi


Ədəbi redaktor:

Akademik Hacı Bəkir Nəbiyev


Texniki redaktor:

Rauf Kərimov





II hissə



Feyzul-İslamın II hissəyə yazdığı müqəddimə






بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ


«Nəhcül-Bəlağə» müqəddəs İslam dininin və şərafətli Cə’fəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət və ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil və iki əsasa (əql və elmə) söykənir. Alimlər və insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər.

Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə və şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə də qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma və çap nüsxələrinə müraciət etmək, alimlər və fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə və söz demək haqqı yoxdur) və düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.


يا رَبِّ أَعْطِنِى جَمِيعَ ما سَأَلْتُكَ وَ زِدْنِى مِنْ فَضْلِكَ لا أَرْجُو غَيْرَكَ

 وَلا أَثِقُ إِلّا بِكَ يا أَرْحَمَ الرّاحِمِينَ 


Fani bəndə: 

Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd  əd-Dibac.

1366 H.Q.




90-cı xütbə 


İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir. Bu, böyük və əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi.

Məs’ədə ibn Sədəqə Həzrət İmam Cə’fər Sadiq ibn Məhəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz və elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi və camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş və qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam və salavat göndərərək buyurdu: 

Həmd olsun Allaha ki, əta etməyi kəsməsi və bağışlamaması malını, dövlətini artırmaz, səxavət və bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta və bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə də İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-təaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir. Odur böyük nemət, nəsib və bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş və müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər və vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət və səadətin) yolunu aydın və işıqlı etmişdir. Ondan istənilən şeydəki əta və bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil. İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun. (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) və Onu dərk etməsinə mane olan Odur. Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət və gücsüzlük, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik və bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə və (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun. Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr və mirvarini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə və dənizdə olan xəzinə və mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş və səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq və nöqsan mümkünə xasdır, vacibə aid deyil). 

Ey sual verən, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal və Qur’anın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-təalanı həmin sifətlə vəsf et). Qur’anın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi və kitabda (Qur’ani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, Həzrət Peyğəmbər və doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm və biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-təalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qur’ani-Kərimdə, Həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar və sifətlərlə çağırasan, vəsf edəsən). Bunu bil ki, elm və bilikdə qüvvətli və möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdəli olan və təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-təala da onların elm və biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk və gücsüzlüklərini etiraf etmələrini mədh etmiş və onların həqiqət və zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik və mətanətlilik adlandırır. Belə isə sən də Qur’anın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak və nöqsansız Allahın əzəmətini və böyüklüyünü öz ağlınla ölçmə ki, həlak və puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət və gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə və fikirlər qeyb və görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, ürəklər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran və vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-təala, (gücü və qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl və düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda və Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət və böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət və örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq və mə’buddan nümunə götürməyə ölçü və əndazə olmadığı halda məxluqatı xəlq edən. Öz padşahlığının güc və qüdrəti, Onun hikmətinin nümunə və nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut və qəti dəlilləri bizə göstərdi və bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri və hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər və bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr də), Onun varlığına dəlil və sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə və misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı və müqəddəsliyi barədə buyurur:) 

Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin və ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən də Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma və imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ  «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qur’ani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək və fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər və oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil və sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir. Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son və nəhayət yoxdur. Buna görə də düşüncələrin mənşəyində keyfiyyət və necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan və yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət və dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)


Bu da həmin xütbənin 

(əşyanın xilqəti və pak Allahın yaradılmışların 

sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir


Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət və məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması və arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onun iradə və istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın. Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır. 


Bu xütbənin bir hissəsi 

səmanın vəsfi haqqındadır


(Allah-təalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)

Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı. Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi. Onun bağlanmış qapılarını yığıldıqdan sonra açdı. Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən və dağılmaqdan qorudu. Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi. Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən də tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin. Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə və cismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları və (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı. Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiq olanları və müvafiq olmayanlarını Öz iradəsi və əmri ilə) ram və bərqərar etdi. 


Bu xütbənin bir hissəsi mələklərin 

vəsfi barəsindədir

Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onları ibadət və itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar. Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər. Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir. Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi. Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) mə’sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan və nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə və nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə də insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənn və yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq və sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-təalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (və qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər. Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanın qüdrət və əzəmətini bildiklərinə görə) Onun (əzabının) xof və qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət və bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir. Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (və başqasına ürək bağlamırlar). Münacat və (Allah-təala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur və öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən və itaətin çoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-təalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət və rahatlıq heyvani məzacın tələbatlarındandır və mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar. Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişə xof və ümid içində olar və bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı) səy və zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu və xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-təala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm və iradələri Allaha ibadət və itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr və fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır. 


Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan edilir


Böyük Allah yeri (yerin çoxunu) erkək heyvanın öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaların arasında erkək heyvanların şəhvani həyəcan və məst vaxtı ağzı köpükləndiyi tək biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətrafları ilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağın suda yerləşməsindən sonra onun çalxalanması dayandı və dalğaları sakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, boyun əyməmək və böyüklükdən (öz dalğalarının coşub daşması nəticəsində səs-küy salmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünə çevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birinin üstünə çevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-təala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-təala göylə yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlini (onun üzərində yaşamaq üçün) bütün ehtiyaclarını ödəyən şeylərlə birgə yaratdı. Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerə su versin) onun bitkilərini cücərtsin. Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanların döşündən süd sağan kimi sağdı). Sonra bulud (ağır yüklü dəvə sinəsi üstə yerə çökən kimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağış yağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-təala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər ələflər bitirdi. Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəl görünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşıl olar). Allah-təala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədikləri hər bir yerə gedib gəlmələri üçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlar və dağlar kimi) əlamətlər, nişanələr qoydu (ki, ətraf aləmə yol tapa bilsinlər). Allah-təala yeri açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Sonra Allahın əvvəlcədən onun barəsində olan elminə uyğun olmaq üçün Adəm Allah-təalanın qadağan etdiyi işi gördü. Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunla olan və ya sonradan dünyaya gələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıca və məada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən Allahı tanımaq məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onları doğru yola yönəltdi.) Bu minvalla peyğəmbərimiz Məhəmməd (səlləllahu əleyhi və alih) vasitəsilə hüccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi. Ruziləri təyin etdi (ölçüsünü müəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələri arasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hər kəsə Öz hikmətinə və məsləhətinə uyğun, onun bacarığı müqabilində bağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsün ki, varlılar şükr, yoxsullar səbr edirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlını kasıb, sağlamı xəstə və şadı qəmgin etdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülmək və bu kimi) səbəblərini yaratdı. Ölümü (quyudan vedrə çəkən kimi) ömürlərin uzun kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərinin uzunluğuna ümidvar olan qüvvətli insanlar bilsinlər ki, ölüm güclü və zəif tanımır). 

(İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-təalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir  və buyurur:) 

Allah-təala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqası hiss etmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heç kəsin agah olmadığından), hicab və pərdələrlə örtülmüş (heç bir kəsə aşkar olmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların ah-nalə səsləri və hönkürtülərindən, (addımlayanların) addımlarının ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqanadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağac budaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaq və çör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarət və bu qəbildən tikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləl və mərcandan), gecə qaranlığının örtdüklərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-huyunu, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insanda olduğu kimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahı tanıma, ibadət, nemətə şükr etmə və təşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi. 

(İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:) 

Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən. İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tovhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən. 


91-ci xütbə


İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona bey’ət etdiyi vaxt (hicrətin otuz beşinci ilinin zilhiccə ayının iyirmi beşində, cümə günü) buyurduğu kəlamlarındandır.

Məndən əl çəkib başqasını istəyin. Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq. (Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bid’ət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (bey’ətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm. Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır. 


92-ci xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir: Allaha həmd və şükr etdikdən, Həzrət Peyğəmbərə salamdan sonra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum. Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı. Məni tapmayacağınız vaxt gəlməmiş (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun. And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə və ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az və ya çoxunu) doğru yola yönəldənlər və yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri və qovanları (hakimləri), onların endikləri və yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər və öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni tapmasanız (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq və bu pis hadisələrdən və çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə və nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik və əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər və daha uzun gələcək). Nəhayət, Allah-təala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq və camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini və nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. (Nə qədər ki,  fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar və bir şəhərdən keçərlər. Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü və ən çətini) Bəni-Üməyyənin fitnəsidir. O, kor və qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə və dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla və çətinlikləri (pərhizkarlara və şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla və çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr və qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda və əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağarkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən və süd sağmağa qoymayan, soncuq atan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç nə verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən və ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər və ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası və hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən və tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq və namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat və hidayət üçün nə bir əlamət, nə də (haqq yolu üçün) görünən bir nişanə vardır. Biz Əhli-Beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-təalanın buyruqlarına uyğun rəftar edəcəyik) və həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-təala onları zəlil və xar edib zorla (ətrafa) dartacaq (bəla və müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər və qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz və zəlil olduqda) Qüreyş dünyanı və onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi və bu gün onların bəzilərindən istədiyim və mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar. 


93-cü xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətlərinin xatırılandığı, peyğəmbərlər və vəsilərinin mədh edildiyi və sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir.

Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz və zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.) Əvvəldir və Onun üçün son yoxdur ki, axırına çatılsın. 


Bu xütbənin bir hissəsi 

peyğəmbərlər (Həzrət Peyğəmbər və pak İmamlar) haqqındadır


Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhis-salamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)

(Ey Allah bəndələri,) Allah sizə rəhmət etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat və qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-Səlama (əbədi cənnətə) dəvət edən işıqlı və aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-təalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. (Nə qədər ki, bu dünyadasınız və fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb və möhürlənməyib) və (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat və dillər danışmaqdadır. (Çirkin əməllərə görə) tövbələr və (yaxşı) əməllər qəbul olunar. 


94-cü xütbə


İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir. 

Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv və bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə peyğəmbərlik verdi. (Yersiz) İstək və arzular onları yaxalamış, təkəbbür və xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət və nadanlıqları onları quşbeyin və qanmaza çevirmişdi. Belə ki, pərişan və öz işlərində narahat (idilər), nigarançılıq və nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi və alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik və gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya və axirət səadətini qazansınlar). 


95-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya həmd-səna edildiyi və Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – vəsf olunduğu) xütbələrindən biridir. 

Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur və axırdır (bütün yaradılmışların qayıdışı onadır). Ondan sonra bir şey yoxdur. (Əlamət və nişanələrə görə) görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və (zatının əsli) gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. (Başqa sözlə desək,) görünən və qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc və qüdrəti qarşısında acizdir). Əşyanın batinindən və onun cüziyyatından xəbərdardır. Heç nə Ondan (əşyaya) daha yaxın deyil. 

Bu xütbənin bir hissəsində Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfi verilir:

Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədineyi-Teyyibə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq yataqlarında (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam daldanacaqlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o Həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) və düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi. 


96-cı xütbə


İmam Əli əleyhis-salamın (zülmkarın son nəticədə öz cəzasını görəcəyini, Allah-təalanın ondan sorğu-sual edəcəyini bildirdiyi, sonra öz qoşununu Müaviyə və qoşunu ilə müharibədə səhlənkarlıqlarına görə danlayıb qınadığı) kəlamlarındandır.

Allah-təala zülmkara möhlət versə, onun sorğu-sualından heç vaxt keçməz. Yolunun ortasında, ağızın suyunu belə keçməyə qoymayan boğazı qurudan qəmli və kədərli bir yerdə (dünyadakı çətinliklər və ölümün ağır anlarında) pusqudadır. (Sanki onun yolunun üstündə dayanıb ki, onu lazım olan vaxtda cəzasına çatdırsın.) Agah olun. And içirəm canım güc və qüdrətinin əlində olana ki, bu dəstə (Şam qoşunu) sizlərə qalib gələcək. Bu, onların haqqa sizdən daha layiqli olmalarına görə deyil, əmirlərinin (Müaviyənin) batilini qazanmağa (fərmanını yerinə yetirməyə) tələsmələrinə və sizin mənim haqqım üçün gec tərpənmənizə görədir. (Padşah və əmirin) ümmət və rəiyyətlər(i) hər an öz rəhbərlərinin zülmünün qorxusu ilə sabahı açırlar (ki, məbada itaətsizliklərinə görə cəzalandırsın). Ancaq mən səhərləri öz rəiyyətimin qorxusu ilə açıram (Allahdan qorxduğuma görə onlara zülmü rəva görmürəm, onlar isə mənə zülm edir, sözümə qulaq asmırlar.) Sizi düşmənlə cihada, döyüşə getməyə çağırdım, getmədiniz və (döyüşə getməyin xeyrini və getməməyin ziyanını) xatırlatdım, eşitmədiniz, gizlində və aşkarda sizi dəvət etdim, yerinə yetirmədiniz, öyüd-nəsihət verdim, qəbul etmədiniz. Siz burada olsanız da yox kimi deyilsinizmi? (Sözlərimi eşitməyib öyüdlərimdən faydalanmırsınız.)

Sizlər qulamlar və rəiyyət olsanız da böyüklər və başçılar kimisinizmi? (Özünüzü rəy sahibi hesab edərək mənim kimisinə itaət etmirsiniz) hikmətləri (və böyüklüyü, dünya və axirət səadətini əhatə edən sözləri) sizlər üçün deyirəm, (vəhşi heyvan kimi) ondan ürkürsünüz, sizlərə gözəl öyüdlərlə nəsihət verirəm, ondan uzaqlaşırsınız (qəbul etmirsinz). Sizləri fitnə-fəsad salanlarla (Şam əhli ilə) cihada rəğbətləndirirəm, sözüm sona çatmamış hamınızı Səba övladları kimi dağınıq görürəm. Öz məclislərinizə qayıdırsınız (gedib gəlirsiniz), bir-birinizi öz öyüdlərinizlə aldadırsınız (hər birisi başqasına «elə etmək, belə etmək lazımdır» deyir, ancaq özü isə bir addım belə atmır). Hər səhər erkən sizləri (düşmənlə döyüşə hazır olmağınız üçün şümşad çubuğu kimi) düzəldirəm, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız (döyüşə getməkdən boyun qaçırırsınız). Öyüd verən aciz qaldı və qulaq asan (işi) çətin sandı. (Bundan sonra, belə rəftarla mənim nəsihətimin sizə təsiri yoxdur.) Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! (Bir yerdə toplaşıb ağılın göstərişinə əməl etməyən və işlərdə hər biri öz nadürüst düşüncələrinin ardınca gedənlər). Onlara (nifaq, ikiüzlülük və fikir ayrılıqlarına) görə başçıları (fitnə-fəsada) mübtəla və giriftar olanlar. Sizin əmiriniz (İmam əleyhis-salam) Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz. Şam əhlinin başçısı (Müaviyə) Allaha qarşı günah və itaətsizlik edir, onlar isə onun mütiləridir. Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, (on gümüş dirhəmə bərabər olan) bir qızıl dirhəm verim və bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın və qoşunundan bir nəfər versin. 

Ey Kufə əhli, sizdə (rəftarınızda olan) üç şeyə və (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız və (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz və gözünüz olsa belə, haqqı eşitmir, demir və görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu və ümidsizlikdən özünüzü düşmən qarşısında qul və nökər kimi göstərirsiniz, doğruluğa və azadlığa dəliliniz yoxdur) və (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın (yoxsulluğa, pərişanlığa mübtəla olub xeyir görməyəsiniz!) Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər (sizin mənim ətrafımdan dağılmağınıza gəlincə isə) Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və döyüş alovu şölələnsə, qadın (doğum zamanı) qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız. (Dağılışdıqdan sonra uşağın anasının qarnına qayıtması mümkünsüz olduğu kimi dağıldıqdan sonra sizləri toplamaq da qeyri-mümkün olacaq.) Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum və dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın və aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm (və öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam və onunla gedirəm. (Belə olan halda, necə ətrafımdan dağılışıb uzaqlaşır və sözlərimə əməl etmirsiniz?) Öz peyğəmbərinizin əhli-beytinə (Əmirəl-möminin və onun övladlarına) baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Əgər onlar (xəlifəlik, cihad və ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz də (evinizdə) əyləşin (və onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz də qalxın (onlara kömək və yardım edin) və onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın və sərgərdan olarsınız. Və arxada da qalmayın (əmrlərindən və qadağalarından qəflətdə olmayan) ki, biçarə və həlak olarsınız. Mən Məhəmmədin (səlləllahu əleyhi və alih) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. (Ona görə ki,) onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər. 

97-ci xütbə


İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm və sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır.

Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın halal etmədiyi heç bir haramını qoymayacaq, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar. (Müaviyə İmam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Xülasə, nə bir şəhər, nə bir kənd və nə də bir biyaban) qalacaq. Camaat (onların zülm və sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına və onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca pis danışan nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni daha çox olandır (Onun istəyinə təslim və razı olandır). Allah-təala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət və çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və müttəqilər nicat taparlar (Allah onların əcrlərini puç etməz). 


98-ci xütbə


İmam Əli əleyhis-salamın (dünyanın etibarsızlığı və ona ürək bağlamamaq barədə) xütbələrindəndir.

Allah-təalaya verdiyi nemətlərə görə şükr edir, öz işlərimizdə Ondan kömək diləyirik. Bədənlərimizin (xəstəliklərdən) sağlamlığını istədiyimiz kimi din və əqidədə (xəstəlik, nadanlıq, azğınlıq və itaətsizlikdən) sağlam olmağımızı da Ondan istəyirik (bizi öz ixtiyarımıza buraxmasın ki, doğru yoldan azmayaq). 

Ey Allah bəndələri! Sizlərə, onu tərk etməyə meyliniz olmasa da (sizi tərk etməsini istəməsəniz də son nəticədə) sizi buraxan (və qiyamətdə sizə xeyri olmayan) və təzə qalmasını istəsəniz də bədənlərinizi köhnəldib çürüdən dünyadan əl götürməyi tövsiyyə edirəm. Sizlərlə dünyanın hekayəti yolla gedən və (sürətlərinə və iti getmələrinə görə) sanki yolu başa vurmuş, (uzaqdan görünən) bir nişanəni öz məqsədlərinə çevirib ona çatmış səyahətçilərin hekayətinə bənzəyir. (Bu dünyada sizin ömrümüzün tez keçməsi son mənzil olan ölümə çatmağınız kimidir.) Öz məqsədinə çatmaq üçün miniyini bacardığı qədər ən son məsafəyə çapmaq niyyətində olan süvari nə qədər də ümidvardır. Nəyə ümid edir o kəs ki, varlığı, mövcudluğu ondan əl çəkməyən (cəmi) bircə gündür və onu dünyadan ayırmaq üçün tələsik və sürətlə qovan, borcunu tələb edəni vardır. (Ölüm yaxasından yapışacağı və qaçmağa yolu olmadığı halda insan dünyanın nəyinə ürək bağlayır?) Dünyanın izzətinə və onunla öyünməyə ürək bağlamayın. Onun bər-bəzəyinə və nemətlərinə aldanaraq sevinməyin. Və onun əzab-əziyyətlərindən ahu-fəğan etməyin. Çünki dünyadakı izzət və onunla öyünmək aradan gedəcək, (dünyanın) bər-bəzək və nemətləri məhv olacaq, əzab-əziyyətləri sona yetəcək. Onda keçən hər zaman (istər yaxşı keçsin, istərsə də pis) sona çatacaq, onda olan hər canlı yox olacaq (öləcək. Deməli, ağıllı o şəxsdir ki, hər şeyi müvəqqəti olan dünyaya ürək bağlamasın). (Ölən və heç bir izi qalmayan) əcdadlarınızdan qalan nişanələrdən (xoşagəlməz işlərdən) sizləri çəkindirəcək bir şey yoxdurmu? Dərindən düşünsəniz, (onların) keçmişlərində ibrət və öyüd yoxdurmu? Sizdən öncəkilərinizin bir daha qayıtmadıqlarını və onların canişinlərinin sağ qalmadıqlarını görmədinizmi? Gündüzü gecə, gecəni də səhər edən dünya əhlini müxtəlif hallarda görmürsünüzmü? Birinin öldüyünü və ona ağladıqlarını, başqasına (ölənin müsibətinə görə) başsağlığı verdiklərini, birinin xəstələnərək üzü üstə torpağa döşəndiyini və (dərdə) giriftarlığını, başqasının xəstəyə baş çəkməyə getdiyini, başqa birisinin can üstə olmasını, birinin dünyanı istədiyini və ölümün onun dalınca olduğu, başqasının (qiyamət gününün hesabından və sorğu-sualından) qafil və xəbərsiz olduğunu, Allahın isə ondan qafil olmadığını, vaxtın keçməsinin təsirindən qalanların da getdiyini (öncəkilər dünyanı tərk etdikləri kimi başqaları da öləcəkdir)...

Agah olun! Çirkin işləri görməyə tələsərkən ləzzətləri viran qoyan, eyş-işrətləri pozan, arzuları qıran ölümü yada salın. Allah-təaladan Onun vacib haqqını (ibadət və itaət) yerinə yetirmək (buna hazır olmaq uçun) və saya-hesaba gəlməyən nemət, ehsan və yaxşılıqlarının çoxluğuna şükr etmək üçün kömək istəyin. 


99-cu xütbə


İmam Əli əleyhis-salamın (özünün öldürüləcəyinə və qeybi xəbərlərdən olan Həzrət Sahib əz-Zamanın zühuruna işarə etdiyi) başqa bir xütbəsidir.

Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq və əziyyət) görə şükr edir, əmrlərini (vacibat və müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik. Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qur’ani-Kərimi və müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər və məsləhətlə söz danışıb addım atar və) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez iş görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə və) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt ölüm onu yaxalayacaq (məl’un İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-təalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas və onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik və dağınıqlığa giriftar olacaqsınız). (Bütün işlərin nizamlanması üçün) dünyaya üz tutmayan (işlərin cilovunu əlinə almayıb xanənişin olan) aranızdakı İmama tamah salmayın (çünki Allah belə məsləhət bilib) və qeybdə olan İmami-Zamandan ümidinizi üzməyin. Çünki ola bilsin ki, Onun iki ayağından biri (zahiri hakimiyyəti) yerindən çıxaraq büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din və dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri və batini hakimiyyəti yerinə) qayıdar. 

Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).


100-cü xütbə


İmam Əli əleyhis-salamın (özündən sonra baş verəcək) ağır hadisələri ehtiva edən xütbələrindəndir.

Odur hər bir əvvəldən əvvəl (başlanğıc, deməli, hər bir əvvəl Ondan sonra gəlir) və hər bir axırdan da son olan Allah (deməli, hər son olan da Ona qayıdır). Əvvəl  (başlanğıc) olduğuna görə Onun əvvəli (başlanğıcı) olmamalıdır. (Yoxsa O, hər şeyin başlanğıcı olmazdı.) Son olduğuna (hər bir şey Ona qayıtdığına) görə, axırının olmaması vacibdir. (Yoxsa hər şey Ona qayıtmazdı. Qısası, əzəli və əbədidir, Ondan əvvəl bir şey olmayıb və sonra da bir şey olmayacaq.) Gizlində və aşkarda, ürəyin və dilin vəhdəti ilə (nifaq və ikiüzlülükdən uzaq olaraq) şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur.

Camaat, düşmənçiliyiniz və mənə qarşı olmağınız sizləri günaha (sözlərimi təkzib etməyə) vadar etməsin. (Deyəcəyim şeylər barəsində) mənə itaətsizlik sizləri heyran və sərgərdan etməsin. Məndən bir şey (qeybdən xəbər) eşitdikdə gözlərinizi bir-birinizə dikməyin (heyrətə gələrək inkar etməyin). And olsun dənəni (yerin altından) yarana və insanı Yaradana ki, sizə xəbər verdiyimi (özümdən demirəm) Peyğəmbər səlləllahu əleyhi və alihdəndir. O, ümmi olub, (onun bütün buyurduqları ilahi vəhydir və kimsədən öyrənməyib) yalan danışmayıb və (onun buyurduqlarını) dinləyən (yəni, İmam əleyhis-salam) nadan olmayıb. (Xülasə, bu xəbər Həzrət Peyğəmbərə olan ilahi vəhydir) Sanki mən bir şəxsi (Müaviyəni və ya Əbdülməlik ibn Mərvanı) çox azğınlıq içrə Şama səs salırmış (camaatı toplayırmış) və öz bayraqlarını Kufənin ətrafına sancırmış kimi görürəm. Ağzını açan kimi (camaatı qılıncdan keçirər), cilovu dartılar, (çox dikbaş olar) və ayağını yerə daha möhkəm basar (zülmü hər yanı bürüyər). Fitnə və çaxnaşmalar dövrünün kişilərini dişlərinin dibinə qədər sancar (camaat qətl, qarət, dərd və kədərə mübtəla olar), müharibə dalğaları hərəkətə gələr (ağır müharibələr baş verər), gündüzlər (zülm və sitəmə görə) tutqun və qarmaqarışıq, gecələr isə (dərd və kədərdən) bağırları yaran olar. (Qısası, o azğın kişi Kufəni viran edərək camaatı bir dəqiqə belə asudə buraxmaz). O azğının (fitnə-fəsad toxumundan) əkini göyərəndə, onun budaqları boy atanda (camaata hakim kəsiləndə) onun şeqşeqiyyəsi səslənəndə (yəni, haqsız fərmanlar verəndə), qılıncının qığılcımları parlayanda (qudurğanlığı və özbaşınalığı ən son həddə çatanda və xofu güclü ürəklərə yol tapanda) xilası mümkün olmayan fitnə və fəsad bayraqları möhkəmlənər, qaranlıq gecə və dalğalı dəniz kimi (bir-birinin ardınca camaata) üz tutar. Belədir, Kufəni neçə qasırğalar yaracaq (viran qoyacaq) və üstünə ən güclü küləklər əsəcək (onda qanlar töküləcək). Az zamandan sonra bir dəstə başqa dəstənin üstünə düşəcək (bir-birilə toqquşacaqlar) və (insanlıq sünbülündən) ayaq üstə olan (güclü olan) biçiləcək (öldürüləcək). Biçilənlər (zəif və gücsüz olan, fitnəkarların əl-ayaqları altında) əziləcəklər. (Qısası, bir-birinin ardınca həlak olacaq, hər il fitnə-fəsad zəmilərində əkilən toxumlardan insan ölüləri göylərə sovrulacaq.)


101-ci xütbə


İmam Əli əleyhis-salamın bu barədə deyilmiş xütbələrindəndir. (Əvvəlki xütbədə olduğu kimi ağır hadisələrdən xəbər verir, başlanğıcda qiyamət gününün çətinliklərini xatırladır.) 

Qiyamət günü elə bir gündür ki, Allah-təala həmin gün hesabları çürütmək və əməllərin cəzasını vermək üçün keçmişdəki və gələcəkdəki bütün yaradılmışları toplayar. Onlar xarlıq və təvazökarlıqla ayaq üstə dayandıqları halda və (izdihamın çoxluğundan və istiliyin şiddətindən) tər cilov kimi ağızlarının ətrafını bürüyər və yerin zəlzələsi onları titrədər. Onlardan ən yaxşısı və ən çox sevinəni (dünyadakı bəyənilən əməllərinə görə) addımını sabit saxlamağa bir yer hazırlamış və öz asayişi üçün (oradakı çətinliklərdən və həmin günün iztirablarından, narahatlığından qurtulmaq üçün) geniş bir yer əldə etmiş kimsədir. 


Bu xütbənin 

(o böyük şəxsiyyətdən sonra baş verəcək

 fitnə-fəsad, qan tökülməsi və çətinliklər barədə olan) bir hissəsidir


(Məndən sonra) Qaranlıq gecənin (xilas yolu olmayan) saatları kimi fitnələr baş verəcək, onun qarşısını almaq üçün kimsə qiyam etməyəcək. (Heç kimin bu fitnələrin alovunu söndürməyə və fitnəkarlarla döyüşməyə qüdrəti olmayacaq) və heç bir bayraq (qoşun) onları rədd etməyəcək (aradan götürüb fitnəkarları məğlub edə bilməyəcək). Bu fitnələr cilovlanmış, üzərinə palan qoyulmuş, sarbanın dartdığı, ona minmiş şəxsin çapdığı dəvə kimi sizə üz tutacaq (xülasə, sizi bədbəxt və çarəsiz etməyə hazır olacaq), fitnəkarlar elə bir dəstə olacaq ki, verdikləri əzab-əziyyət qarətlərindən daha çox olacaq (fitnə-fəsad salmaqda məqsədləri qənimət qazanmaq deyil, daha çox insanları məhv etməkdir. Nəhayət) Boyun əyməyənlərin onları zəlil və xar saydıqları, yer üzündə qədirləri və məqamları bilinməyən, səmalarda isə məşhur olan bir dəstə (xudpəsəndlərin həqarət gözü ilə baxdıqları, ilahi dərgahına yaxın və canından keçmiş Allahpərəst insanlar) Allah rizasına görə həmin fitnəkarlarla cihad edəcək. Bu fitnələrin baş verdiyi vaxt Allah-təalanın qəzəbi nəticəsində yaranan və izi, tozu, səs-sorağı olmayan (qəflətən peyda olan) qoşunun əlindən vay sənin halına, ey Bəsrə! (Onların gəlişi ilə) az sonra sakinlərin qırmızı ölümə (öldürülməyə) və toz-torpaq içində aclığa (çöhrələri bozardan və qaraldan qəhətçiliyə) düçar olarlar.  


102-ci xütbə


İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı barədə) xütbələrindəndir. 

Dünyaya ondan üz döndərib uzaq duranların nəzərlərilə baxın (mə’sum İmamların və ardıcıllarının yolundan nümunə götürün və dünyapərəstlərin ardınca getməyin). Çünki Allaha and olsun, dünya tezliklə sakinlərini özündən uzaqlaşdırar və nemət, dövlət, asayiş sahiblərini müsibətə, kədər və hüznə salar. Ötənlər və arxa çevirənlər (gənclik, sağlamlıq, güc və qüvvət) geri qayıtmaz. Sonra gələnlər isə (nemət və ya əzab, yaxşı və ya pis olacağı) məlum olmaz ki, onun (yaxşını əldə etmək) üçün gözləyəsən (çalışın ki, onun pislərindən uzaqlaşasınız). Onun sevinci kədərlə qarışıb (çünki onda şad olan sevdiyi şeylərin həmişəlik qalmayacağına görə kədərlidir) və insanlarının gücü, qüdrəti, gəncliyi zəifliyə, gücsüzlüyə və qocalığa gəlib çıxır. Dünyada xoşunuza gələn şeylərin (vəzifə, mal-dövlət, alicənablıq, qadın, zinət və bu kimi şeylərin) çoxluğu sizi aldatmasın, çünki dünyada əliniz çatan şeylərdən sizin nəsibiniz (qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə müqayisədə çox) azdır.

Allah rəhmət etsin o kişiyə ki, (dünyanın işləri, öz əvvəli və axırı barədə) düşünür, (dünyanın müvəqqətiliyindən) ibrət götürür və gözləri açılır. (İnanır) ki, dünyada qalan tezliklə məhv olacaq. (Onda olanı yox kimi sanır.) Axirətdə mövcud olan isə sarsılmaz və əbədidir. (Onda olmayanı da olmuş sanır.) Hesaba gələnlərin (ömrün saatlarının) sonu çatar, gözlədiyiniz hər şey (ölüm və qiyamət) gələndir və bu gələcək də yaxındadır.


Bu xütbənin 

(bilikli və gözüaçığın nadan və azğından 

üstünlüyü barədə) bir hissəsidir


Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir. (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir.) 


Bu xütbənin (fitnə-fəsadın qələbəsi və iman əhlindən qeyriləri üçün qurtuluşun olmaması barədə) 

bir hissəsidir


Bir zaman gələcək ki, (məclislərdə) iştirak etdikdə heç kəsin tanımadığı və olmayanda da kimsənin axtarmaq fikrinə düşmədiyi adsız-sansız Allahpərəst mömindən başqa heç kəs ondan (zamanın fitnə-fəsadından) xilas olmayacaq. Belə insanlar (möminlər) qaranlıq gecədə hərəkət edənlər üçün yol göstərən çıraqlar və aydın nişanələrdir. Camaat arasında fitnə-fəsad və söz-söhbət yaymır, xalqın eyblərini və pisliklərini aşkar etmirlər. (Onlar) səfeh və boş söz danışan deyillər. Allah-təala rəhmət qapılarını onlar üçün açır və əzabının çətinliklərini onlardan kənar edir. 

Ey camaat! Tezliklə elə zaman gələcək ki, qab çevrildikdə içindəkilər töküldüyü kimi İslam alt-üst olacaq. Ey camaat! Allah sizləri zülm və sitəmdən amanda saxlayıb, imtahana çəkməkdən isə sizə pənah verməyib. Bütün kəlam sahiblərindən daha əzəmətli və böyük olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 30-cu ayəsində) buyurmuşdur: إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ «Şübhəsiz ki, (Nuhun tufanı və qövmünün qırılması) hadisəsində (başqalarına ibrət üçün) nişanələr vardır. Biz (bəndələrin yaxşısını pisini) imtahana çəkirik!» (Seyyid Rəzi buyurur) 

 İmam Əli əleyhis-salamın كُلَّ مُؤْمِنٍ نُوَمَةٍ kəlamı şər və fəsadı az olan adsız-sansız şəxsdir. مَسَايِيحُ sözü مِسْياحِ sözünün cəmidir və fitnə-fəsad məqsədilə camaat arasına çıxıb, söz-söhbət yayanlar barədə işlənir. مَذَايِيعُ sözü مِذْياع başqasının eybini və pisliyini eşidib faş edənlərə və hər yerdə söyləyənlərə deyilir. بُذُرُ - بَذُور sözünün cəmidir, çox səfeh və sözləri boş, mənasız olan kəs barədə işlədilir. 


103-cü xütbə


İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin «Cəməl» səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.) 

Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram. (Seyyid Rəzi buyurur:). 

Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az və çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.

 

104 - cü xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin şə’ninə tərifdən sonra Bəni-Üməyyə dövlətinin süqutuna toxunduğu və daha sonra camaata öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

(Həqiqi günəşin doğmasından və aləmi fəth edən İslam günəşinin parlamasından öncə camaat azğınlıq və bədbəxtliyin son həddində idi ki,) Allah-təala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəm əleyhis-salamdan Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi. (Ey Bəni-Üməyyə!) Dunyanı yalnız cövlan edən, çilov və dar bağlanmamış palanla, tapdıqdan sonra onun xoşluğundan və ləzzətinin şirinliyindən faydalandınız və onun döşündən süd əmməyi bacardınız. (Onu öz başına buraxılmış, sarbansız dəvə kimi müftə əldə etdiniz. Bu ona görə belə oldu ki,) onun haramı (İmam əleyhis-salamdan əvvəlki xəlifələr və onların ardıcıllarının) ailələri üçün sidr ağacı tək tikansız idi, (asanlıqla onun meyvəsindən dadırdılar. Yəni, qadağan olunmuş işləri görürdülər və qiyamət gününün əzabından qorxuları yox idi). Onun halalı isə onlardan uzaqlaşıb yox olmuşdu (sözləri və əməlləri İslam dininin ziddinə idi). (Siz güman etməyin ki, dünya həmişə bu minvalla gedəcək və Bəni-Üməyyə dövləti olacaq.) Allaha and olsun, dünyanı müəyyən vaxta qədər uzanan kölgə tək ürəyiniz istəyən kimi tapmısınız. Yer üzü sizlər üçün boş və sahibsizdir, orada əlləriniz açıqdır. (Həqiqi) rəhbərlərin əlləri sizdən (sizə hakimiyyətdən) saxladılıb. Sizin qılınclarınız onlara hakimdir, onların qılıncları isə üstünüzdən yığışdırılıb.

(Ancaq) bilin ki, hər tökülən qanın intiqam alanı, hər bir haqqın tələb edəni var. Bizim qanlarımızı alan özü barədə hökm verən hakim kimidir (ki, dəlil və sübutsuz elminə əsasən özü barədə hökm verir). Bizim qanımızı və haqqımızı alan istədiyini (tutmaq istəsə) tutmaqda aciz olmayan, qaçan heç bir kimsənin çəngindən çıxa bilmədiyi Allahdır. Allaha and içirəm, ey Bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz (bir neçə günlük hakimiyyətinizdən sonra) qeyrilərinin əlinə düşəcək və düşməninizin (Bəni-Abbasın) sarayına köçəcək.

Agah olun! Gözlərin ən yaxşı görəni xeyrə və yaxşılığa nəzər salan (fitnə və fəsada nəzər salmayan) gözdür. Bilin ki, qulaqların ən yaxşı eşidəni öyüd-nəsihəti saxlayaraq qəbul edən qulaqdır.

Ey camaat! Nəsihət verənin çırağının şöləsindən qəbul edib (öz səadət və xoşbəxtlik yolunuzun) çırağını işıqlandırın. Və suyu bulanmamış və çirklənməmiş təmiz çeşmədən çəkin (elm və maarifi mə’sum İmamlardan öyrənin). 

Ey Allah bəndələri! Öz cəhalət və nadanlığınıza etimad etməyin, istəklərinizin dalınca düşməyin. Çünki belə bir mənzilə daxil olan kimsə çay sahilində selin altını boşaldaraq yardığı və uçmaq üzrə olan yerdə mənzil salan şəxs kimidir. (Cəhalət, nadanlıq və nəfsi istəklərinin dalınca düşən adam) həlakəti (onun ağır yükünü) öz belinə yükləyərək ağlına gələn fikrə görə bir yerdən başqa yerə dolandırar (hər zaman bir yol seçər, hər gün yeni fikir və düşüncələrə düşər). Yapışmayanı yapışdırmaq, yaxınlaşmayanı yaxınlaşdırmaq istər (onun fikir və düşüncələrinin əsasında nadanlıq və nəfs dayandığına görə ölüncəyə qədər azğınlıq vadisində heyran və sərgərdan qalar). Allahdan qorxun, qəm-kədərinizi dağıda bilməyənin, möhkəm dayandığınız işləri (yerinə yetirməyə borclu olduğunuz ilahi hökmləri) öz rəyinə əsasən sındıranın (fəsad törədənin) yanında şikayət etməyin (din və dünya işlərində elə bir insana müraciət etməlisiniz ki, İmam və ya İmamın canişini olsun). Allahın buyurduğunu dirçəltməkdən başqa bir şey İmamın öhdəsində deyil. (Bunlar beşdir) moizə (və Həzrət Peyğəmbərin buyuruqlarını) söyləmək, öyüd-nəsihət verməyə çalışmaq, sünnəni (Allahın Rəsulunun hökmlərinə uyğun rəftarı) dirçəltmək, layiq olduğu şəxslər barədə həddin tətbiqi və (beytülmaldan) payları yiyələrinə çatdırmaq. Odur ki, (İmam və canişininin vəzifələri ilə tanış olduğunuza görə haqdan başqa yola qədəm qoymayın və dinin kökündən, qollarından xəbəri olmayan şəxslərə hörmət əli uzatmayın) elm ağacı qurumamış (İmam və canişini dünyadan köçməmiş) və elmdən, bilikdən feyz almaqdan (hadisələrin və ruzigarın ağırlığı nəticəsində) məhrum qalaraq başınız özünüzə qarışmamış elm və bilik əxz etməyə çalışın. Qadağan edilmişləri (müqəddəs şəriətin haram etdiklərini) törədənləri bundan çəkindirin və özünüz də onları etməyin. Çünki siz özünüz bu işləri görmədikdən sonra pis əməldən çəkindirməyə məmur olunmusunuz. 


105 – ci xütbə


İmam Əli əleyhis-salamın (İslam dinini vəsf və Həzrət Peyğəmbəri mədh etdiyi, həmçinin öz səhabələrini Müaviyə və Şam qoşunu ilə döyüşdə səhlənkarlıqlarına görə məzəmmət etdiyi) xütbələrindəndir.

Həmd İslamı (onun həqiqətlərini bütün ağıllı insanlar üçün) aydın və aşkar edən, ona qədəm qoyan (müsəlman olan) üçün onun bulaqlarının yollarını asanlaşdıran, heç kəsin (münafiq və kafirlərin) üstün və qalib gələ (aradan götürə) bilməməsi üçün onun sütun və dayaqlarını (kök və qollarını əqli və elmi dəlil kimi iki sütun üzərində quran) möhkəm və güclü edən Allaha məxsusdur. Özünü İslama bağlayan (onun göstərişinə uyğun rəftar edən) üçün dünyada qətl, qarət və oğurluqdan, axirətdə isə əzabdan əmin-aman (bir yer), ona qədəm qoyan (müsəlman olan və Allahın birliynə, Həzrət Peyğəmbərin Onun elçisi olduğuna şəhadət verən kafir) üçün sülh və barışıq (nişanəsi), onun vasitəsilə söz danışan üçün dəlil və sübut (çünki İslamda hər bir işin həqiqiliyinə dair dəlil-sübut var), onun danışanı ilə düşmənçilik edən üçün şahid və sübut, ondan aydınlıq istəyən (doğru yola qədəm qoyaraq azğınlığın zülmətindən xilas olmaq istəyən) üçün nur və (yol göstərən) işıq, düşünən üçün (varlığın həqiqətlərini dərk etməyə) fəhm, (yaradılmışlar barədə) təfəkkür edən üçün ağıl, fərasətlə haqq yolunu axtaran üçün nişanə (nicat), (səhv iş görməmək barədə) qərar qəbul edən üçün bəsirət, öyüd alan üçün ibrət, (onun doğruluğunu) təsdiq və etiraf edən üçün (əzabdan) nicat qapıları və təvəkkül, (Allaha) etimad edən üçün əminlik, (işini Allaha) həvalə edən üçün asayiş və (çətinliklərdə) dözümlü olan üçün sipər etdi. Deməli, İslam yolların ən işıqlısı və dinlərin ən aydınıdır. Onun minarəsi (doğruluq və düzlüyü) yüksəkdə (aşkarda), yolları parlaq (görünən), çıraqları (Həzrət Peyğəmbər və o Həzrətin vəsiləri nadanların qəlblərinin zülmətinə) işıq saçandır, yarış meydanında öndədir və sonu (Allah dərgahına yaxın olmaqda) ucalıqdır. Yarış atlarını (süvariləri Allah dərgahına yaxınlaşmaq üçün bir-birindən önə keçsinlər deyə) bir yerə yığandır. Onun yarışı üçün təyin olunmuş mükafat o qədər nəfis və gözəldir ki, hamıda ona rəğbət vardır. Onun at çapanları şərafətli və alicənab, yolu (Allahın və Peyğəmbəri) təsdiq, nişanəsi saleh əməllər, sonu (məsuliyyətin boyundan düşdüyü an olan) ölüm və hazırlıq meydanı dünya, cıdır düzü qiyamət, mükafatı isə cənnətdir.


Bu xütbənin bir hissəsi Peyğəmbərin 

(səlləllahu əleyhi və alih) vəsfidir


(Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:) 

Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.


Bu, xütbənin öz səhabələrinə buyurduğu 

(onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir


(Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyirlər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olmayanlar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar. İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).

106-cı xütbə


İmam Əli əleyhis-salamın Siffeyn döyüşünün günlərinin birində (öz səhabələrini Şam qoşununa məğlub olub qaçmalarından, qayıtmalarından və fəthlərindən sonra danladığı) buyurduğu kəlamlarındandır.

(Döyüş meydanından) qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülmkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərdlərindənsiniz, burun (digər bədən üzvlərinə nisbətən) öndə olduğu kimi şərafətli, dəvənin hürgücləri kimi hündür və onlardan daha böyüksünüz. (Belə olan halda, məğlubiyyət və qaçmaq sizə yaraşan deyildi.) İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. (Qəm və kədərim yox oldu. Qaçmaqlarının nəticəsində) hovuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək (bir-birinin üstünə düşənədək) onlara nizə vururdunuz.


107-ci xütbə


İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.)

Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.


Bu xütbənin bir hissəsi 

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir


Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.


Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir


(İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər.

Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu. Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu. Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm və (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız). 


(İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir)

Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir. Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar). 


108-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın kamal və cəlal sifətləri, mələklərin vəsfi, insanların dünyaya aldanması, qiyamət gününün sorğu-sualı və Həzrət Peyğəmbərin yaxşı əməllərindən bəziləri barədə) xütbələrindəndir.

Mövcud olan hər şey Allah qarşısında boyun əyir və Ondan asılıdır. (Hər bir mövcudun varlığı Onun güc və qüdrətinin əlindədir.) Hər yoxsulu ehtiyacsız edən, hər zəlil və xarı hörmətli edən, hər acizi qüdrətliyə çevirəndir, hər məzlumun pənah yeridir. Hər danışanın sözünü eşidər, hər dinməzin sirlərindən agahdır, hər canlının ruzisini vermək Onun öhdəsinədir, hər ölənin qayıdışı Onadır. 

Gözlər Səni görməyiblər ki, Səndən xəbər versinlər (necə olduğunu bəyan etsinlər), yaratdığın vəsf edənlərdən əvvəl var idin. Məxluqları tənhalıq qorxusuna görə yaratmadın, onları faydalanmaq üçün xəlq etmədin. İstədiyin hər bir şey Səndən qabağa keçməz, tutduğun şey çəngindən çıxmaz. Sənə qarşı günah və itaətsizlik edən kimsə Sənin hakimiyyətini azaltmaz, Sənə itaət edib yolunla gedən, mülk və padşahlığını artırmaz. Qəzavü-qədərindən razı, şad olmayan əmrini döndərə bilməz, fərmanından üz döndərən Səndən ehtiyatsız olmaz. (Əksinə, əmrindən üz döndərməklə belə sənə möhtac olar.) Hər örtülü Sənin üçün aşkardır, heç bir gizlin Səndən gizlin deyil. (Gizlin və aşkar, hüzuru olmaqla olmamaq Onun üçün eynidir. Çünki Onun zatı ilə eyni olan elmi hər şeyi əhatə edir.) Sən həmişə varsan və Sənin üçün son yoxdur, Sən sonsan (hər şeyin qurtaracağı Sənə qayıdır). Deməli, Səndən (əmr və fərmanından) qaçmaq olmaz və Sən (hər şeyin) qayıdış yerisən. Deməli, Səndən (əzabından) Sənə (rəhmətinə) qaçmaqdan başqa yol yoxdur. Hər bir canlının alın tükü Sənin (güc və qüdrətinin) əlindədir və hər insanın dönüşü Sənə doğrudur. İlahi, Sən hər eyb və nöqsandan uzaq, təmizsən. Sənin yaratdıqlarından gördüyümüz bizim nəzərimizdə necə də böyükdür! Sənin güc və qüdrətinin qarşısında onun böyüklüyü necə də kiçikdir! Sənin padşahlığından (Allahlığından ağıl gözü ilə) gördüklərimiz nə qədər qorxuludur! Bu gördüklərimiz Sənin padşahlığında (Allahlığında) bizlərə görünməz olanların yanında nə qədər miskindir. Səndən dünyaya nə qədər də çox nemətlər gəlib və onlar Axirət nemətlərinin yanında necə də aşağıdırlar!


Bu xütbənin (mələklərin vəsfi barədə) bir hissəsidir


Mələklərdən bəzisini öz səmalarında məskunlaşdırdın və öz yer üzündən yüksəltdin. Onlar (bütün mələklər) Səni məxluqlardan (peyğəmbərlər və onların vəsilərindən başqa) daha yaxşı tanıyır, Səndən daha çox qorxur və (bu baxımdan) onlardan Sənə daha yaxındırlar (məqam və rütbələri daha yüksəkdir). (Onlar ataların) bellərində yerləşməyib, (anaların) bətnlərindən çıxmayıblar, pis sudan (spermadan) yaranmayıblar. Ruzigarın hadisələri onları bir-birindən ayırmayıb, dağınıq salmayıb. Onlar Sənin yanındakı məqam və mənzilləri ilə, bütün istəklərini Səndə cəmləşdirmələrinə (Səndən başqa bir şeyi nəzərlərində tutmurlar) rəğmən, Sənə ibadətlərinin çoxluğu, əmr və fərmanından bir an olsa belə, qəflətdə qalmamaları ilə belə yenə də onlara gizli olan əslini və həqiqətini aşkar görsələr, əməllərini (Sənin əzəmət və böyüklüyünün müqabilində) kiçik sanaraq (itaətdə təqsirlərinə görə) özlərini danlayıb məzəmmət edəcəklər. Başa düşəcəklər ki, Sənə (Zatına) layiq olan ibadəti yerinə yetirməyiblər. 


(Bu fəsildə camaatın dünya malına aldanmasını məzəmmət edərək ölümün çətinliklərini xatırladır)

İlahi, Səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm ki, məxluqların yaradıcısı və varlığın pərəstişgahısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (Cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən və meyvələrdən süfrə açmısan. Dəvət edəni (Həzrət Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırsın. Dəvət edənə cavab verməyib təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndirdiyin yaxşılıqlara müştaq olmadılar. (Əksinə), murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular, onunla dostluğa razılaşdılar. Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor, ürəyini xəstə edər. (Belə ki, onun eybini görməyərək çirkinliklərini də gözəl sanar.) Deməli, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didib, dünya ürəyini öldürərək özünə valeh edib. O, dünyanın və dünyadan əlində bir şey olanın bəndəsidir. Dünya hansı səmtə dönsə, ora dönər, hara üz tutsa, ora yönələr. Allah tərəfindən qadağanedici və nəsihətçi olandan (Qur’ani-Kərimdən) qəflətdən oyanmayıb, öyüd almır. Halbuki götürülmüşlərin necə də qəfil yaxalandıqlarını və pozmaq, dönüş və qayıdışa imkanı olmadıqlarını («Xudaya bizi dünyaya qaytarsan, əmr və fərmanlarına əməl edəcəyik» demələri üçün imkanı olmadıqlarını), təsəvvür etmədiklərinin (ölümün) onları necə haqlayaraq rahatlıqla yaşadıqları dünyadan ayırdığını, vəd olunan axirətə çatdırdıqlarını görürlər. Onların başına gələn çətinliklər vəsf olunmaz. Can verməyin çətinliyi, əldən gedənə görə qəm və kədər onları bürüyür, əl-ayaqlarını süstləşdirir və rənglərini dəyişir. Ondan sonra onlarda ölümün təsiri artır, hər birinin özü ilə sözü arasına maneə düşür. (Söz danışa bilmir.) Öz əhli-əyalı arasında gözü ilə (onların iztirab və narahatlıqlarını) görür, qulağı ilə (onların ah-naləsini) eşidir, ağlı yerində, fəhmi bərqərardır. Ömrünü necə başa vurduğunu, ruzigarını necə keçirdiyini fikirləşir. Topladığı malları, onları qazanmaq üçün (halala və harama) göz yumduğunu, onları (halallığı və haramlığı) aşkar və şübhəli yerlərdən əldə etdiyini yada salır. Doğrudan da o, mal-dövlət toplamağın ziyanlarına (ona görə olan cəzalara) düçar olub və onlardan ayrıldığında (bundan) agah olub. Bu mal-dövlət ondan sonra həmin naz-nemətdən istifadə edib xoş günlər keçirən sağ insanlara qalacaq. Deməli, o mal-dövlətin rahatlığı (onun xoş güzəranı) ondan qeyrisi üçündür və o yükün dəyəri (məsuliyyəti) isə onun kürəyindədir. Həmin kişi də o mal-dövlətin girovundadır. (O mal-dövlətin hesab-kitabından qurtulmayıb və qaçmağa yolu yoxdur.) Ölüm vaxtı ona aşkar olanların (çətinliklərin) təsirindən peşman olaraq əlini dişləriylə gəmirər, həyatı boyunca meyl etdiklərinə meylsiz olar. Arzu edər ki, ey kaş o malları özü yox, məqam və rütbəsini arzuladığı, malına həsəd apardığı başqa bir şəxs yığaydı. Ölüm (izləri) onun qulaqları da dili kimi işdən düşənə (heç bir söz eşitməyənə) qədər ardı-arası kəsilmədən onun bədənində görünər. Öz əhli-əyalı arasında elə hala düşər ki, nə dinib danışar, nə qulağı eşidər, öz gözlərini onların üzlərinə baxmaq üçün açar, onların dillərinin hərəkətini görüb sözlərini eşitməz. Sonra ölüm (izləri) daha da artıb ondan yapışacaq, qulaqlarını bürüdüyü (heç nə eşitmədiyi) kimi gözlərini də bürüyəcək (artıq heç nə görməyəcək) və canı bədənindən çıxacaq. Beləliklə, öz əhli-əyalı arasında murdar bir ət olar ki, ondan qorxaraq uzaq durarlar. Nə ağlayana yoldaşlıq edər, nə də çağırana cavab verər. Bundan sonra onu götürüb yerdəki (son) mənzilinə (qəbrə) gətirəcək və onu orada (tənha qoyub) əməlinə tapşıracaq, onu görməkdən əl çəkəcəklər. 

(Daha sonra İmam əleyhis-salam qiyamət günü yaradılmışların necə geri dönəcəyini şərh edir.) O zaman ki Allah-təalanın insanlar üçün təyin etdiyi vaxt qurtaracaq, aləmin müqəddəratı bitəcək və yaradılmışların axırı əvvəlinə qovuşacaq (hamı öləcək) və Allahın istədiyi insanların yeniləşməsi (ölülərin dirilməsi) üçün fərmanı çatacaq. (O zaman) Səmanı hərəkətə gətirib yaracaq, yeri alt-üst edərək titrədəcək, dağları yerindən qopararaq ətrafa dağıdacaq, Allahın heybət, cəlal, əzəmət və qələbəsinin qorxusundan dağlardan bəziləri-bəzilərinə çırpılacaq. Yerin altında kim varsa, hamısını üzə çıxardacaq. Deməli, onları köhnəldikdən sonra yeniləşdirib, üzvləri dağıldıqdan sonra bir yerə yığacaq. Sonra gizli iş və əməllərinə görə sorğu-sual etmək istədiyi üçün onları bir-birindən ayıracaq. Onları iki dəstəyə ayırıb (dünyada yaxşı işlər görüb itaət edən) bir dəstəyə nemət əta edəcək, (pislik edib itaətsiz olan) dəstədən intiqam alacaq. Ancaq itaət əhlinin mükafatını rəhmətində qərar verəcək, Öz əbədi cənnətində yerləşdirəcək. Elə bir cənnət ki, daxil olanlar bir daha ondan çıxmaz, (isti, soyuq, qocalıq, cavanlıq və bu kimi şeylərlə) halları dəyişməz, qorxu onlara üz tutmaz, xəstəliyə mübtəla olmazlar, təhlükə ilə üzləşmədikləri, səfərlərin onları dəyişib (qəribçiliyin qəm-kədərini, evdən uzaqlığın qüssəsini çəkməmələri üçün) bir yerdən başqa yerə aparmaz. Ancaq günah əhlinin cəzası budur ki, onları ən pis yerə (cəhənnəmə) daxil edəcək, əllərini boyunlarına keçirəcək, alınlarının tüklərini ayaqlarına bağlayacaq və əyinlərinə (çox pis qoxulu yağ olan) qətran köynək, alov saçan paltarlar geydirəcək. İstisi çox yandıran əzabda, qapıları (çölə çıxa bilməmələri üçün) sakinlərinin üzünə bağlı olan evdə qalacaqlar. Çox yandırıcı, hay-həşiri, alovu ərşə çıxan və qorxunc səsli atəşdədirlər. O atəşdə olanlar çölə çıxmaz, ona əsir düşəndən fidyə (əsiri azad etmək üçün verilən mala deyilir) qəbul olunmaz, (çünki cəhənnəm odunda yananın özünü qurtarmaq üçün verməyə malı olmaz, tutaq ki, olsa belə, qəbul edilməz), qandal və bəndləri sınmaz. Onun üçün bir müddət yoxdur ki, sona yetsin, nə də onun sakinləri üçün müəyyən zaman var ki, başa çatsın. (Və onları əzabdan qurtarsın. اللّهُمَّ إنّا نَعُوذُ مِنْها بِرَحْمَتِكَ الَّتِى سَبَقَتْ غَضَبَكَ İlahi Sənin qəzəbindən öndə olan rəhmətinə pənah gətiririk.) 


Bu xütbənin bir hissəsi Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – (və o Həzrətin vəsilərinin) vəsfi barəsindədir


Həzrət Peyğəmbər dünyanı kiçik görürdü, onu xırda sanırdı (ona ürək bağlamadı) və ona əhəmiyyət verməyib onu aşağı hesab etdi. Bilirdi ki, Allah-təala onu seçib və dünyanı (məhəbbət və dostluğunu) ondan uzaqlaşdırıb, kiçik və aşağı olduğuna görə onu Həzrətdən qeyrisinin nəzərində cilvələndirdi. (Dünyanı dünyapərəstlərə nəsib etdi.) O böyük şəxs də qəlbən dünyadan üz döndərib meylsizlik etdi və ya onu yada salmağı öz nəfsindən uzaqlaşdırdı (onu xatırlamaqla məşğul olmadı). Onun zinətindən bəzənmiş paltar istəməmək və ya orada yaşamağı arzulamamaq üçün dünyanın zinət və bəzəyinə baxmamağı sevərdi. Allahının tərəfindən (dəlil və sübutla) hökmləri təbliğ etdi, ümmətini və ardıcıllarını (ilahi əzabla) qorxudub öyüd-nəsihət verdi, onları müjdələyərək Behiştə dəvət etdi. 

(Biz on iki İmam əleyhimus-salam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dost və yarlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.) 


109-cü xütbə


İmam Əli əleyhis-salamın (Allaha yaxın olmağın və İslamın əlamətlərini qoruyub saxlamağın yolları barədə) xütbələrindəndir.

Allah-təalaya tərəf yaxınlaşmağın ən yaxşı yolu (ondur, onların birincisi) Allahın birliyini, vahidliyini və Onun elçisinin (Məhəmmədin - səlləllahu əleyhi və alih -) peyğəmbərliyini təsdiqləyib etiraf etməkdir. (İkincisi) İslamın (əzəmətli sütununun) ucalmasına səbəb olan Allah yolunda (kafirlərə və dinin düşmənlərinə qarşı) cihad və müharibə etməkdir. (Üçüncüsü) (İlahi bəndələr üçün) fitri və təbii olan ixlas kəlməsidir («La ilahə illəllah» deməkdir). (Dördüncüsü) İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (Əzəmət və əhəmiyyətinə görə onu dinin özü adlandırmışdır.) (Beşincisi) Allah tərəfindən müəyyən edilmiş pay olan zəkatdır. Onu ödəmək (imkanı olanlara) vacibdir. (Altıncısı) əzab üçün sipər olan Ramazan ayının orucudur. (Yeddincisi) Allahın evinə Həcc ziyarətinə getmək, onun Ümrə əməllərini yerinə yetirməkdir. Həcc və Ümrə yoxsulluğu, pərişanlığı aradan götürər, günahı yuyub paklaşdırar. (Səkkizincisi) Malın, sərvətin artmasına və ömrün uzanmasına səbəb olan sileyi-rəhm (qohum-əqrəbaya yaxşılıq edib xeyir vermək). (Doqquzuncusu) Sədəqədir (yoxsullara və əlacsızlara edilən ehsandır). Gizli verilən sədəqə günahı örtər. (Buna görə Allah-təala müsibət və günahın nəticələrini azaldar.) Aşkar sədəqə pis ölümü (qəfil ölüm, suda batmaq, yanmaq, dağıntıların altında qalmaq və bu kimi ölümləri) dəf edər. (Onuncusu) Bəyənilmiş işlər görmək (yaxşılıq, xeyirxahlıq və qardaşların arasını düzəltmək). Yaxşı əməllər insanı zillət və xarlığa düçar olmaqdan qoruyar. (Yaxşı əməl sahibi dünyada və axirətdə başıuca olaraq zillətə və bədbəxtliyə düçar olmayacaq.)

Allahı xatırlamağa tələsin ki, Allahı anmaq zikrlərin ən yaxşısıdır. Pərhizkarlara vəd verdiyinə (cənnətə) rəğbət göstərin ki, Onun vədi ən doğru vəddir. Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yolgöstərən sünnə və yoldur. 

Ən yaxşı deyim olan Qur’anı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Qur’an qəlblərin baharıdır. (Ürəkdə elm və hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət və nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Qur’an sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin və hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır. (Qur’anı bilənin rəftarı onun göstərişinə uyğun olmalıdır. Çünki) Elminin ziddinə hərəkət edən alim cəhalət və nadanlıqdan özünə gəlməyən cahil və nadana bənzəyir. (Elmin faydası olmayan yerdə bir tədbir qalmaz.) Əksinə, onun aqibəti üçün dəlil və sübut (Qiyamət günündə cahilə əzab üçün olan dəlil və sübutdan) daha çox, həsrət və kədəri daha artıq, Allah yanında məzəmmət və qınağı daha boldur. 


110-cu xütbə


İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət etdiyi və ondan uzaqlaşmaq barədə) xütbələrindəndir.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, sizləri dünyadan (ona ürək bağlamaqdan) çəkindirirəm. Çünki dünya (dünyapərəstlərin ağzında) şirin və (onların nəzərində) yam-yaşıldır. Şəhvətlərə və əbəs istəklərə bürünmüşdür. Tez ötüb-keçən mal-dövləti ilə (istəyənlərinə) dostluq izhar edər, azacıq zivərləri ilə (camaatı) heyrətə salaraq şad edər. (Yersiz və güvənilməyən) Arzular və (nadanları) aldatmaq üçün özünü bəzəmişdir (öz istəyənlərinin din və dünya sərmayələrini oğurlamaq üçün özünü fahişə kimi bəzər). Onun şadlığı sabit deyil, dərd və kədərindən rahatlıq yoxdur, çox aldadıcı və ziyankardır. Halları dəyişəndir. Fani, məhv və puç olacaq. (Hamını) həlak edən qarınquludur (yerin qarnı heç vaxt insandan doymaz və ruzigarın gərdişi insanları məhv etməkdən usanmaz). Ondan razı olan dünyapərəstlərin arzusu başa çatan zaman dünya olduğundan qabağa getməyəcək. Necə ki, Allah-təala (Qur’ani-Kərimin Kəhf surəsinin 45-ci ayəsində) buyurub: كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا yəni: Dünya göydən yağdırdığımız yağmura qarışıb (onunla yetişən), sonra sübh çağı (səhəri gün) dönüb küləyin sovurduğu quru çör-çöp olan yerdəki bitkiyə bənzəyir. Allah hər şeyə (hər bir işə) qadirdir. (Dünyanın rahatlığı və xoşgüzəranlığı qısa zaman ərzində quruyub varlığı fanilik küləyilə sovrulan yam-yaşıl bitkiyə bənzəyir.) Kimsə dünya malından boğaz qurudan göz yaşlarından (qəm və kədərdən) başqa sevinc və şadlıq görmədi. Pisliklərinin vurduğu ziyandan başqa bir kimsəyə xoş üz göstərmədi. (Dünyaya arxa çevirərək nemətini ondan almasından başqa heç kəs öz istəyi ilə dünyadan öz qarnını doydurmadı və öz arzusuna çatmadı.) Bu dünyada bəla buludu üstünə dalbadal yağış yağdırmaqdan savayı dolu yağışlar onu xoşbəxt eləmədi. (Dünyanın işi belə olduğuna görə) layiqdir ki, (dünya) səhərin erkən çağlarında insanın dostu, yarı olub ona yoldaşlıq etsin və gecə dəyişərək düşməninə çevrilsin. Onun bir tərəfi şirin və şəffaf olsa da başqa bir tərəfi acı və (öldürücü xəstəlik olan) vəbalıdır. Heç kəs müsibət və kədərlərinin ağrı-acısını dadmaqdan savayı onun xoşluğundan muradına yetməz, səhərini xof və qorxu qanadlarında açmadan bir gecəni belə rahatlıq və asayiş qanadında başa vurmaz. Çox aldadıcıdır. Onda nə varsa, hamısını aldadar. Fani olasıdır, ondakıların hamısı fani olar. Təqva və pərhizkarlıqdan başqa onun azuqələrinin heç birində xeyir və yaxşılıq yoxdur. Hər kim dünya malından azacıq qazansa, onu (qiyamətdə hesab-kitabın ağırlığından) çox qoruyacaq bir şey əldə etmişdir. Hər kim çox qazansa, (hesab-kitab vaxtı) onu həlak edəcək, (dünyada da) tezliklə zay olacaq bir şeyə sahib olmuşdur. Nə çoxdur dünyaya etimad edib ona ürək bağlayan, dünyanın isə dərdə saldığı insanlar. Nə çoxdur dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçaltdığı kimsələr. Nə çoxdur fəxr edən və özündən razı olan, dünyanın isə zəlil, xar etdiyi kimsələr. Dünyanın səltənəti və rəhbərliyi dövredicidir (gah ona, gah buna) və onun xoş güzəranı (küdurətlə) bulanıqdır. Onun (dünyapərəstlər üçün təmiz olan) saf suyu (aqil və gözüaçıq insanlar üçün) şor və çirklidir. Onun şirinliyi ağacın şirəsi kimi çox acıdır. Onun təamı ölümcül zəhərlər, vasitələri (ona ürək bağlanan şeyləri) çürümüş və tikə-tikə olmuş kəndirlər kimidir. Onun dirisi ölümə, sağlamı isə xəstəliyə doğru hərəkət edir. Onun hakimiyyəti əldən çıxmış, dəyərlisi əlaltı olmuş, varlısı müsibətə düşmüş, qonşusunun (dünyada yaşayanın) malı qarət edilmişdir.

Sizdən əvvəlkilərin olduğu yerlərdə deyilsinizmi? Hələ onların ömürləri daha uzun, izləri daha qalımlı, arzuları daha çox, insanları daha hazır və qoşunları daha sıx idi. Dünyaya necə vardısa, elə də pərəstiş edib seçdilər. Sonra dünyadan özləri ilə yola götürəcək azuqəsiz, yol getmək üçün miniksiz köçdülər (öldülər). Sizlər (ata-babalarınızın öldüyü vaxt) dünyanın özünü (və ya kimsəni ölməmələri üçün) fidyə verdiyini və ya onlara yoldaşlıq etdiyini, yaxşılığa görə onlara kömək etdiyini eşitmisinizmi? (Xeyr!!!) Əksinə, ömürlərinin dirəklərini çətinliklər və dərdli müsibətlərlə laxladaraq tərpədib və üzlərini, alınlarını torpağa sürtüb, mehtərlərinin əl-ayaqlarını təpiklə döyəcləyib. Köməkliyi bu olub ki, ruzigarın ağır hadisələrini başlarına gətirib. Belə isə, dünyanın ona yaxınlaşıb onu seçənlərə və etimad edənlərə dəyişdiyini və tanımsızlığını (düşmənçiliyini) gördünüzmü? Hətta ondan həmişəlik ayrılaraq köçdülər (bir daha onlar üçün qayıdış yoxdur). Onlara aclıqdan başqa bir azuqə, darısqallıqdan (gor) başqa bir yer, qaranlıqdan (qəbir) başqa bir işıq verdimi? Onların dalınca çətinliklərə görə peşmançılıqdan başqa bir şey tədarük gördümü? Belə bir (vəfasız) dünyanı seçir, ona ürək bağlayır, onu əldə etməyə tamahlanıb çalışırsınız? Ona bədgümanlıq etməyib orada yaşayanda təhlükəsindən qorxu-hürküsü olmayan üçün pis bir saraydır. Özünüz bilsəniz də agah olun ki, (əvvəl-axır) dünyanı tərk edib ondan köçəcəksiniz. «Güc və qüdrətdə bizdən üstün olan varmı?» deyənlərdən ibrət alın. (Hamısı öldülər və) taxta miniklərə mindirilib gorlarına tərəf aparıldılar. Onlara süvari demirlər (çünki süvari miniyinin ixtiyarı əlində olana deyilir). Gorlarına qoysalar da onlara qonaq demirlər. (Çünki qonaq öz ayağı ilə bir yerə gedər və ona qulluq edərlər.) Onlar üçün yerin dibindən qəbirlər, torpaqdan kəfənlər, çürümüş və sınıq sümüklərdən qonşular müəyyən olundu. Onlar elə qonşudurlar ki, çağırana cavab verməz, (özlərinə edilən) zülm və sitəmin qabağını almaz, növhəyə etina etməzlər. Üstlərinə yağış yağsa, şadlanmaz, yoxsulluq üz versə, ümidsiz olmazlar. (Dünyanın qəm, kədər və çətinliyindən azad, özlərinə qapalıdırlar.) Hamılıqla bir yerdədirlər və tənhadırlar, qonşudurlar və bir-birindən uzaqdırlar. (Çünki bir-birlərinin vəziyyətindən xəbərləri yoxdur.) Bir-birləri ilə yaxındırlar və görüşmürlər, qohumdurlar və qohumluqlarını bildirmirlər. Səbrlidirlər və ürəklərində kin yoxdur, nadandırlar (heç nəyi dərk edib anlamırlar) və kinləri aradan getmişdir. Onların qəm və kədərindən kimsə qorxmur, onların köməyinə, yoldaşlıqlarına ümid də yoxdur. Yerin üstünü altına, (dünyanın) genişliyini darlığa (qəbrə), öz əhli və dostları ilə olmağı qəribçilik və tənhalığa, işıqlığı qaranlığa çevirmişlər. Torpaqdan lüt-üryan ayrıldıqları (yarandıqları) kimi yerin təkinə gəldilər (qayıtdılar). Öz əməl və işləri ilə dünyadan həmişəlik həyata və əbədi saraya köçdülər. (Orada yenidən diriləcək və bir daha ölməyəcəklər, istər yaxşı, istərsə də pis əməl sahibi olsunlar.) Allah-təala (Qur’ani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində) buyurur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ «İnsanları ilk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Bizim bu vədimiz mütləqdir, onu yerinə yetirəcəyik». 


111-ci xütbə


İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-təalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.) 

Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qarnında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər? 


112-ci xütbə


İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət və axirətə təşviq etdiyi) xütbələrindəndir.

Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz (rahat qalacağınız) eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. (Bu səbəbdən də) Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış (əksinə, darlıq və çətinlikləri onlara nəsib etmişdir) və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, (deməli, himmət sahiblərinin ona rəğbəti yoxdur) şəri və pisliyi hazırdır (deməli, onda amanda deyillər). Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. (Deməli, ağıllı insanlar ona ürək bağlamazlar.) Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. (İbadət və bəndəliyi qazanmaq üçün səy göstərib çalışın.) Sizdən istədiyini (fərmanına əməl etməyi) yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. (Heç vaxt bu istəkdən qəflətdə qalmaq olmaz. Çünki əbədi xoşbəxtliyi qazanmağın mənşəyi diləyən hər kimsəyə əta etdiyi uğurdur.) Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin (çox təhlükəli bir yola azuqə yığın ki, öləndə əliboş olarsınız). Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır. Onlara verilənlərə (vəziyyətlərinin yaxşılığına) görə qibtə edilsələr də (ibadət və bəndəlikdə olan təqsirlərə görə) nəfslərinə olan qəzəbləri çoxdur. Ölümü xatırlamaq qəlblərinizdən qaçıb-gizlənmiş (onun çətinliklərini nəzərə almırsınız) və sizi yalan arzular bürümüşdür. Deməli, dünya sizlərə axirətdən daha çox hakim kəsilmiş, keçici dünya əbədi və daimi axirətdən daha çox sizləri özünə tərəf çəkmişdir. Allahın dinində siz hamınız (bir) qardaşsınız. Batinlərin natəmizliyi və düşüncələrin pisliyindən başqa bir şey sizlərin arasına ayrılıq salmayıb. Buna görə də bir-birinizin yükünü götürmür, (heç bir işdə bir-birinizə kömək etmir), öyüd-nəsihət vermir, (ehtiyaclı günlərinizdə) bir-birinizə yaxşılıq və xeyiriniz çatmır, dostluq etmirsiniz! Sizlərə nə olub ki, dünyanın azını tapanda sevinirsiniz, məhrum qaldığınız axirətin çoxunu itirməyiniz isə sizləri kədərləndirmir? Dünyanın (malının) azının əlinizdən çıxması sizə iztirab verib narahat edir. Əldən verdiyinizin narahatlığı və iztirabı sizin üzlərinizdə və dözümünüzün azlığında aşkara çıxır. Sanki dünya sizin əbədi məkanınız, onun malı isə sizin üçün həmişəlik qalandır!!! Eyblərinizin üzünüzə deyilmək qorxusundan başqa heç nə sizlərdən heç kimi öz (din) qardaşı ilə görüşdə onun eybini deməkdən və barəsində pis danışmaqdan çəkindirməz. Doğrudan da axirəti əldən verib dünya ilə dostlaşmaqda bir-birinizə əsl dost olmusunuz. Sizin hər birinizin dini onun dili ilə yalaması qədərdir (dildə etiraf edib ürəyinizdə inanmırsınız). Sizin belə rəftarınız öz əxlaqından uzaqlaşaraq ağasının razılığına şərait yaradanın işinə bənzəyir (buna görə də istədiyiniz hər bir işi əminliklə görürsünüz). 


113-cü xütbə


İmam Əli əleyhis-salamın (təqva və pərhizkarlığa çağırdığı, dünyanı məzəmmət etdiyi, dünyadan uzaqlaşıb axirətə yaxınlaşmağa təşviq etdiyi) xütbələrindəndir.

Həmd və şükrlər O Allaha məxsusdur ki, həmdi nemətlərlə və nemətləri şükrlə bağlayıb (nemətlərin müqabilində həmd etməyi vacib buyurub və eyni zamanda şükr etməyi nemətin bolluğunun səbəbinə çevirib). Bəlalarına görə şükr etdiyimiz kimi nemətlərinə də həmd edirik. Boynuna vəzifə qoyulmuş şeyə (ibadət və bəndəliyə) süstlük, tənbəllik edən, yerinə yetirilməsi qadağan olunmuş şeyə (günah və itaətsizliyə) tələsən nəfslərin müqabilində Səndən kömək və yardım istəyirik. Onun elminin əhatə etdiyi və kitabının (bəndələrin əməllərinin qeydə alınması üçün təyin etdiyi Lövhi-məhfuzun) hamısını qeyd etdiyi günahlara görə Ondan bağışlanmaq diləyirik. Elə bir elm ki, qüsurlu və məhdud deyil (böyük və kiçik günahları bilir) və heç nəyi buraxmayan (heç nəyin qeydi unudulmayan) kitab gizlinləri (ölümün ağrı-acılarını, qəbr evinin sorğu-sualının, qiyamət günü hesab-kitabın ağırılığını və s.) aşkar görən, vəd edilmişlərə (pərhizkarlara əbədi cənnət, günahkarlara isə həmişəlik yanan atəşə) agah olan şəxsin imanı tək Ona iman gətiririk. Elə bir iman ki, ixlası ilə şirki silib atar (insanı təkallahlı edər), yəqinliyi ilə şəkk-şübhəni aradan götürər (buna görə də əsil möminlər Allahın, Peyğəmbərin və onun vəsilərinin əmrlərinə dərhal əməl edərlər). Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli mə’bud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu iki aydın əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa, heç bir əməl qəbul olunmaz).

Ey Allahın bəndələri! Sizə (axirət səfərinə) azuqəni, (ilahi əzabdan) pənah olan təqvanı və Allahdan qorxmağı tapşırıram. Bu, (sahibini mənzil başına) çatdıran azuqə və (çətinlikdən) azad edən bir pənah yeridir. Ən yaxşı eşidən, dəvət edən (Həzrət Peyğəmbər) camaatı ona dəvət etdi və ən yaxşı dərk edən (İmam əleyhis-salam) onu dərk etdi (ona əməl etdi). Dəvət edən onu eşitdirdi, dərk edən isə nicat tapdı.

Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır. Deməli, (axirət) dincliyini (dünyada) əziyyətə və (o günün) sirablığını (bu günün) susuzluğuna dəyişdilər. Ölümü yaxın bilərək yaxşı işlər görməyə tələsdilər, arzunu yalan sanaraq ömrün başa çatmasını nəzərdə tutdular. Deməli, dünya məhv olası bir saray, əziyyət, halların dəyişməsi və ibrətdir. Fanilik və yoxluq vəsilələrindən biri də ruzigarın (məhv etmək üçün) oxunu kamanın çilləsinə qoymasıdır. Onun oxları boşa çıxmaz, yaraları sağalmaz, ölüm oxunu diriyə, xəstəlik oxunu sağlama, çətinlik və əziyyət oxunu xilaskara tərəf atar. Qarnı doymayan yeyən, susuzluğu yatmayan içəndir.

 Əzab-əziyyət vasitələrindən biri də insanın yeməyəcəyi bir şeyi hazırlaması, yaşamayacağı evi tikməsi, sonra da malını götürmədən və binanı özü ilə aparmadan Allahın yanına getməsidir (dünyadan köçməsidir, boş əllə, evsiz-eşiksiz və əbədi həsrətlə köçür). Halların dəyişməsinin nümunəsi isə budur ki, (yoxsulluğuna və pərişanlığına görə) rəhm olunan bir kişiyə (indi xoş güzəranına və imkanına görə) qibtə edilir, (sərvət və nemətinin çoxluğuna görə) qibtə olunana isə (indi zəlilliyinə və çarəsizliyinə görə) rəhm edirlər. Bu ürək acıması (onun əlindən) getmiş nemətə və (onun yerinə) gələn çətinlikdən başqa bir şeyə görə deyil. İbrətlərdən biri budur ki, bir insan (ömrünü sərf edib çox əziyyətdən sonra) arzusuna çatmağa yaxınlaşan vaxt ölüm ümidini kəsir. Nə arzusuna yetir (ki, yaxşı yaşasın), nə də (ölümün çəngindən) xilas olur (ki, hər halda, ümidsiz olsa belə, yaşasın). İlahi, (əcəba,) bu nə olan şeydir ki, sevinci və şadlığı aldadıcıdır (belə ki, öz aşiqlərini ibadət və bəndəlikdən çəkindirir) və doyanları (axirətdə) susayar, kölgəsi (cəhənnəmdə) istilik yaradar? Nə gələcək (ölüm) keçəndir, nə də keçmiş (əldən çıxanlar) qayıdandır (ki, bir iş görsün). İlahi, (əcəba,) diri ona qoşulmaq üçün ölüyə nə qədər yaxın, ölü ondan əbədi ayrılığına görə diridən nə qədər də uzaqdır? Cəzasına görə çəkilən əzabdan başqa (dünyada) pislikdən alçaq bir şey, (axirətdə) onun üçün təyin olunan mükafatından qeyri (dünyada) yaxşılıqdan gözəl bir şey yoxdur. Dünya barədə eşitdiyiniz hər bir şeyin böyüklüyü onu görməkdən daha artıq, axirətdən gördüyünüz hər şey onu eşitməkdən daha mühümdür. Deməli, (axirətin vəziyyətini) eşitmək və (peyğəmbər, İmam vasitəsilə) qeybdən, gizlindən xəbər tutmağınız sizi görməkdən qane edər. Bilin ki, dünyada az çatıb axirətdə çox olması, axirətdə az çatıb, dünyada çox olmasından yaxşıdır. (Mükafatı əbədi cənnət olan haram dinar-dirhəmdən gözünü çəkmək əbədi əzab cəzası ilə onu yığmaqdan daha yaxşıdır). Deməli, azlığı xeyir gətirən və çoxluğu ziyan vuran nə qədər şey var! Sizə vəzifə edilənlər çəkindirildiyinizdən və qadağan olmuşlarınızdan daha geniş və asandır. Sizə halal edilənlər haram olunmuşlardan daha çoxdur. Belə isə çox üçün azdan əl çəkin, genişlik və asanlıq üçün darlığı və çətinliyi buraxın. (Dünya malını qazanmaq üçün bu qədər çalışmayın, çünki) sizin ruzinizə zəmanət verilib (mütləq sizə çatacaq) və saleh əmələ (Xaliqə ibadət və xalqa xidmətə) borclu edilmisiniz. Deməli, zəmanət verilmiş ruzini istəmək sizlərə vacib edilmiş saleh əməli yerinə yetirməkdən əvvələ keçməməlidir. Ancaq Allaha and olsun, (din və əqidələrinizə) şəkk, şübhə düşüb və əminliyiniz, inamınız sarsılıb. Sanki sizə zəmanət verilmiş (ruzi istəmək) vacibə çevrilmiş, sizlərə vacib qılınmış (saleh əməl görmək) isə boynunuzdan götürülmüşdür. Odur ki, əmələ (ibadət və xidmətə) tələsin və qəfil ölümdən qorxun. Çünki ruzinin qayıtmasına ümid olsa da ömrün qayıtmasına heç bir ümid yoxdur. (Deməli, əməldə qüsura yol vermək və ömrü ruzi istəməyə sərf etmək səhvdir.) Bu günün ruzisindən fövtə gedənin sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə (ruzi), ümidsizlik isə (ömürdədir) keçmişdədir. Deməli, (Qur’ani-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُمْ مُّسْلِمُونَ İlahi əzabdan qorxun. Pərhizkar olun. Ona layiq bir pərhizkar. Müsəlman olmamış ölməyin (Allahın və Peyğəmbərin əmrlərinə əməl edin ki, müsəlman kimi öləsiniz). 


114-cü xütbə


İmam Əli əleyhis-salamın yağış dilədiyi vaxt buyurduğu xütbələrindəndir.

İlahi, dağlarımız çatlayaraq quruyub, torpaqlarımız toza bələnib. Heyvanlarımız analar övladlarının müsibətində nalə çəkdikləri kimi susuzluqdan axurlarında heyran və sərgərdan qalıb nalə çəkirlər. Otlaqlara və su içdikləri yerə su həvəsi ilə gedib-gəlməkdən yorulub əldən düşüblər. İlahi, nalə edənlərin naləsinə və diləyənlərin arzusuna rəhm qıl. İlahi, heyvanların keçidlərdəki sərgərdanlığına və axurlarında (ot-ələf tapmadıqlarına görə) çəkdikləri naləyə rəhm et. İllərin qəhətçiliyi arıq (zəif, gücsüz və biçarə) dəvələr tək bizlərə üz tutduğu, yağış ehtimalı olan buludların əleyhimizə çıxdığı vaxt (buludlar görünüb ürəklərdə yağış yağacağına ümid yaratsalar da yağmırdılar) Sənin fəzl və kərəminə olan ümidlə (öz evlərimizdən) bayıra çıxdıq. Sən qəmlinin ümidi, istəyənin diləyini yerinə yetirənsən. Camaatın (hər yerdən) ümidinin üzüldüyü, buludların yağmamasından heyvanların öldüyü bir vaxt Səni çağırırıq (Səndən istəyirik) ki, bizi (çirkin) iş, əməl və günahlarımızla mühakimə etməyəsən. Çox yağmurlu bulud, buludlu bahar, heyrətamiz bərəkətli çiçəklərinlə, ölənləri (quruyanları) diriltdiyin, aradan gedəni (nemət və bolluq) qaytardığın iri dənəli bol yağışınla rəhmətini bizə şamil et. İlahi, Səndən dirildən, doyduran, çox, bütöv, yaxşı, bərəkətli, içməli və bitki bitirən su istəyirik. Çiçəkləri yetişsin, budaqları meyvə versin, yarpaqları təzə-tər olsun ki, aciz bəndələrini bədbəxtlikdən qurtarasan, ölmüş (qəhətlik görmüş) şəhərlərini dirildəsən (onların nemətini bol edəsən). İlahi, Səndən su istəyirik ki, onunla yüksəkdəki torpaqlarımız çiçəklə dolsun, enişlərimizdən (çay və arxlarda) axsın, ətraf və dövrəmizi (şəhər və kəndləri) bolluğa yetirsin, meyvələrimiz çoxalsın, heyvanlarımıza yaxşı olsun, bizdən uzaqda olan camaata da çatsın, həmişə günün altında olan yerlər (səhra və tarlalar) istifadə etsin (doysun). Ehtiyacı olan məxluqlarına, (çöllərə) buraxdığın (və azuqəsi olmayan) vəhşi heyvanlara geniş bərəkətindən və saysız kərəmindən bəxş et. Bizə rəvan, arası kəsilmədən yağan yağış göndər ki, torpaq islansın (quraqlıqdan xilas olsun). Elə bir yağış ki, başqa yağışı dəf etsin (damlaları sürətlə başqa damcıları yusun və sürət gətirsin). İşığı yağmursuz, üfüqdəki geniş buludu faydasız, səpələnmiş buludları ağ, az yağışı soyuq küləkli yağışdan olmasın ki, qəhətlik görənlər onun çiçəklərinin çoxluğundan firavanlığa (bol nemətə) çatsınlar, çətinlik görənlər onun bərəkətindən rahatlıq tapsınlar. Çünki Sən məxluqların ümidsiz olduğu vaxt yağış göndərir, rəhmətini (dünya əhlinə) şamil edirsən. Sənsən hakim və (ehsanı ilə) öyülən. (Seyyid Rəzi buyurur:) 

Xütbədəki heyrətamiz kəlmələrin mənası budur:

İmam Əli əleyhis-salamın buyurduğu انْصاحَتْ جِبَالُنا – yəni, «dağlar quraqlıqdan parçalandı» sözləri (ərəblər arasında) انصاحَ الثَوْبُ «paltar sökülən kimi», eləcə də انْصاحَ النَّبْتُ وَ صاحَ وَ صَوَّحَ «bitki tək soldu» kimi də deyilir. O Həzrətin buyurduğu وَهامَتْ دَوابُّنا «heyvanlarımız təşnədir» sözündə هُيامٌ təşnəlik mənasında işlənmişdir. Həzrətin buyurduğu حَدَابِيرُ السِّنِينَ ifadəsində حَدابير sözü حِدْبَار-ın cəmidir. Yol getməkdən arıqlamış dəvə deməkdir. Xütbədə isə quraqlıq və susuzluq olan il belə dəvəyə bənzədilmişdir. (Ərəb şairlərindən biri) Zurrummə demişdir: 

حَدَابِيرُ ما تَنْفَكُّ إِلّامُناخَةً      عَلى الْخَسْفِ أَوْ تُرْمى بِهَا بَلَداً قَفْراً

Yəni: Onlar yol getməkdən arıqlamış dəvələrdilər ki, yalnız aclıq axurlarında və ya onları susuz, otsuz şəhərlərə aparanda bir-birindən ayrılırlar. O Həzrətin buyurduğu وَلاقَزَعٍ رَّبابُها cümləsindəki قَزَع səpələnmiş buludun kiçik parçalarına deyilir. O Həzrətin buyurduğu وَلاشَفّانٍ ذِهَابُها onun təqdiri (onda gizlənmiş söz) وَلا ذَاتَ شَفّانٍ ذِهَابُها deməkdir. شَفَّان soyuq külək ذِهَاب az yağış mənasını verir. Deməli, Həzrət (وَلا شَفَّانٍ ذِهَابُها cümləsində) dinləyicinin məsələdən xəbəri olduğuna görə ذَات sözünü çıxarmışdır. 


115-ci xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir.

Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.


Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir


Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, Cə’fərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə. (Seyyid Rəzi buyurur:) 

Deyirəm: «Vəzəhə» deməkdə məqsəd «xunfəsa»dır. (Bu sözün lüğətdə mənası «xunfəsa» deyil, Həccac onu «xunfəsa»ya aid etmişdir).

Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın «vəzəhə» ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil. 

116-cı xütbə


İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır. 

(Siz son dərəcə paxıl və xəsissiniz. Bu səbəbdən də) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara və zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr və qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz də onlar kimi bu dünyadan gedəcək və əməllərinizin cəzasına çatacaqsınız). 


117-ci xütbə


İmam Əli əleyhis-salamın («Cəməl» döyüşü qurtardıqdan sonra öz səhabələrini öyərkən) buyurduğu kəlamlarındandır.

Siz haqqa yardımçı, dində qardaş, çətin gündə (döyüş meydanında) sipər, sirr səhabələrinin xasları və başqalarının deyil, (mənim) dostlarımsız. Sizin köməyinizlə (haqqa) arxa çevirənlərə qılınc çalır, (haqqa) üz tutanların itaət və tabeçiliyinə ümid bağlayıram. Belə isə nadürüstlük və şübhənin yol tapmadığı öyüdlə mənə yardım edin (dediklərimi qəbul edin). Allaha and olsun, mən (İmamlıq və onlara rəhbərlikdə) camaat üçün ən layiqli insanam. 


118-ci xütbə


İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm və sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır.

O böyük şəxs (qoşun göndərmişdi və onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə nə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır və cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». (Bu söz həqiqətə uyğun deyildi və döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu:

Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat və nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi və qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tə’nə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq. 


119-cu xütbə


İmam Əli əleyhis-salamın (özünü və mə’sum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi və qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır.

Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qur’ani-Kərimin təfsiri və tə’vilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər və Allahı tanımağın) qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam və o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır və onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı və pis niyyətlərin, şər və xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər və mə’sum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar. Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun. 

Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.

 

120-ci xütbə


İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə baş vermiş «Hərir» gecəsi hadisəsindən sonra buyurduğu) kəlamlarındandır. (Hadisə haqda otuz altıncı xütbənin şərhində yığcam məlumat verilmişdir. Şam ordusu məğlub olub İraq qoşununda qələbə və fəthin nişanələrini gördükdə Əmr ibn Asın məkri, hiyləsilə döyüşdən əl çəkdilər və Qur’anları nizələrinə sancaraq iki hakimin qəzavətini xahiş etdilər. İraq qoşununun çoxu xahişi qəbul etsə də, İmam əleyhis-salam buna razı deyildi və onları xahişin qəbulundan çəkindirdi. Onlarsa çox israr edərək «onların xahişini qəbul etməsən, Osman ibn Əffanı öldürdüyümüz kimi səni də öldürərik» dedilər. Həzrət onların israrı və çirkin sözlərinin nəticəsində hakimliklə razılaşaraq ordusuna onu qəbul etməyə icazə verdi.) Səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi (iki hakimin) qəzavətə razılaşmaqdan çəkindirib sonra ona əmr etdin. Başa düşmədik ki, bu iki əmrdən hansı doğru yola, hidayətə daha yaxındır? İmam əleyhis-salam əlini əlinə çırparaq buyurdu: 

Bu (heyrət və sərgərdanlıq) ayıqlıq və ehtiyatını əldən verən kimsənin (sözümə tabe olmayaraq iki hakimin-yəni, Əbu Musa və Əmr ibn Asın hakimliyini qəbul etməyə məni vadar edənin) cəzasıdır!! Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmamağınızı əmr etdiyim vaxt sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi (nəsibiniz fəth və qələbə idi) meylinizin isə olmadığı bir işə (Şam əhli ilə döyüşə) vadar etmişdim. Müqavimətiniz olsaydı (mənim ardımca gəlsəydiniz), sizə yol göstərərdim, əyri olsaydınız, düzəldərdim. Məndən (mənə itaətdən) imtina etsəydiniz, sizləri məcbur edərdim (əmrlərimi yerinə yetirməniz üçün sizi öldürər və ya zülm verərdim). Bu yolun hər anı (mənim və sizin üçün) əminlik idi, ancaq kimin köməyi, yoldaşlığı ilə? Kimdən yardım istəməklə? Sizin özünüz mənə dərd və xəstəlik (məğlubiyyətimin səbəbkarı) olduğunuz halda sizinlə (köməyiniz və yoldaşlığınızla məğlubiyyət və düşmənin özümə hakim kəsilmək xəstəliyini) müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm. 

İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar (bu qövmün doğru yola yönələcəyinə ümidimiz yoxdur, Sən Özün əlac qıl). Hanı İslama çağrılanda onu qəbul edənlər, Qur’anı oxuyub onu möhkəmləndirənlər (ona uyğun əməl etdilər) və cihada ruhlandıranlar (onları təşviq etdilər). Sonra (düşmənlə döyüş, müharibə meydanına getməyə) aşiq oldular, dəvələr (onları bir-birindən ayıranda) balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını (döyüş meydanını) bürüdülər. (Düşməni mühasirəyə aldılar. Bu fəthlər və qələbələr müsəlmanlara yalnız ona görə nəsib oldu ki,) bəziləri həlak oldu (öldürüldü), bəziləri isə sağ qaldı. Sağ qalmalarına (döyüşdə ölmədiklərinə) sevinməzlər. (Desəydilər «filankəs döyüşdən sağ çıxıb», buna sevinməzdilər. Çünki əbədi həyatı haqq yolunda ölməkdə görürdülər.) Ölənlərə görə başsağlığı istəməzdilər. Gözləri (Allahın xofundan) ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı (izləri) əyləşdi. Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. (Çünki sizin aranızda onlar kimiləri tapılmaz.) Şeytan öz yollarını (azğınlığı) sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir (ki, nəticədə haqdan əl çəkib kafir olasınız). Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin (ona aldanıb əmrilə oturub-durmayın). Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən (İmam əleyhis-salamdan) onu qəbul edib qoruyun (dünya və axirət səadətini qazanmaq üçün onu qəbul edib əməl edin). 

121-ci xütbə


İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinin iki hakimin qəzavətinə razılıqlarını inkar edib öz sözlərinin üstündə durduqlarına (və Müaviyə ilə, Şam ordusu ilə döyüşə hazırlaşdıqlarına) görə onların qərargahına təşrif apardığı vaxt onlara dediyi kəlamlarındandır. İmam əleyhis-salam sonra buyurmuşdur: «Sizin hamınız Siffeyn döyüşündə bizimlə idinizmi? Dedilər ki, bəzilərimiz olub, bəzilərimiz yox. İmam buyurdu: «İki dəstəyə bölünün. Siffeyndə olanlar bir cərgədə, olmayanlar da başqa cərgədə dursun ki, hər dəstə ilə sözlərinə uyğun danışım. Sonra qışqıraraq camaata buyurdu ki, danışmaqdan çəkinin və sözlərim (eşitmək) üçün sakit olun, ürəklərinizi mənə yönəldin. Hər kimsəni şəhadət verməsi üçün istəsəm, biliyinə və məlumatına uyğun o barədə danışsın. Sonra İmam əleyhis-salam onlara çox mətləbləri, o cümlədən bunları buyurdu:

Şam əhli hiylə, kələk və yalanla Qur’anı nizələrinə taxanda «onlar bizim qardaşlarımız, bizim kimi müsəlmandırlar, müharibəni qurtarıb döyüşə son qoymaq istəyirlər, Qur’ana üz tutmuşlar və rahatlıq, asayiş diləyirlər, istəklərini qəbul edib qəm, kədərlərini dağıtmağımız məsləhətdir» demədinizmi? Mənsə sizə dedim: «(Qur’anı nizəyə keçirməklə bizdən sülh istəyən) Şam əhlinin bu işinin zahiri iman, allahpərəstlik, batini isə zülm və sitəmdir. Əvvəli mehribanlıq, sonu peşmançılıqdır. Öz gedişatınızı izləyin, getdiyiniz yolu davam etdirin və (onlarla) cihad, müharibə üçün dişlərinizi bir-birinə sıxın (dözümlü olun ki, qələbə qazanasınız). Fəryad çəkən harayçıya (sizi Qur’anla aldadan Müaviyə və Əmr ibn Asa) fikir verməyin ki, onun istəyi qəbul edilsə, sizi azdırar (həyatınızı ağırlaşdırar və sərgərdan qoyar), saymasanız, zəlil və xar olar. (Lakin sözlərimi və nəsihətlərimi qəbul etmədiniz və) bu iş (iki hakimin qəzavəti ilə razılaşmağınız) baş tutdu və sizləri onda çalışan gördüm. Allaha and olsun ki, iki hakimin qəzavətindən imtina edib onun yükünün altına getməzdim və onun hər vacib işi mənə fərz olmazdı. Allah-təala o işi tərk etməyin günahını mənə yükləməzdi. (Çünki haqqın əleyhinə hərəkət etməmişdim, əksinə, ilahi göstərişə uyğun olaraq bu işə qarşı çıxmışdım.) And olsun Allaha! Əgər bu işi görsəydim, mənə itaət edilməyə layiq olardım və Allahın Kitabı (Qur’ani-Kərim) mənimlədir. Onunla həmsöhbət və yoldaş olandan ayrılmamışam. Sonra (İmam əleyhis-salam Həzrət Peyğəmbərin səhabələrinin iman və dönməzliklərini xatırladaraq müxaliflərin sözlərini rədd etmək üçün buyurur:) Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və (kafirlərlə, müşriklərlə döyüşürdük və) atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. (İslamın irəliləyişi üçün bunlara əhəmiyyət vermir, o böyük şəxsin əmrlərinə qarşı çıxmırdıq.) (Üzləşdiyimiz) hər müsibət və çətinliyə (Allaha və Peyğəmbərə) imandan, haqq iş görməkdən, (o Həzrətin) əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq (indi biz kafir və müşriklərlə çəkişmirik ki, onlarla həmin yolla döyüşək, əksinə,) bu gün küfrə meyl, əyrilik (haqdan əl çəkmək), səhv salınma (haqqın batillə) və (səhv) tə’vil (yəni, haqq-ədalətin ziddinə söz danışmaq) kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük. Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla (ülfət və dostluqla) bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq (sülhə, mehribanlığa və İslamın güclənməsinə səbəb olan yol tapsaq), ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik. 

122-ci xütbə


İmam Əli əleyhis-salamın döyüş vaxtı səhabələrinə buyurduğu kəlamlarındandır.

Sizlərdən hər bir kişi düşmənlə üzləşəndə özündə qəlbinin qüvvətləndiyini (şücaət) hiss edib qardaşlarından birində xof, qorxu görsə, Allahın ona əta etdiyi üstünlük və igidliyə görə düşməni qardaşınızdan da özünüzdən uzaqlaşdırdığı kimi dəf etməlidir. Odur ki, (mənə nə, hər kəs özünü müdafiə etməlidir və qorxağa düşmənin hakim olması layiqdir deməsin). (Deməsin ki,) Allahın istəyi olsaydı, onu da belə (şücaətli və qorxmaz) edərdi. (Çünki) ölüm tələskənliklə axtarandır, (hamını tapar), durub dayanan (öləcəyindən qorxaraq belə bir vaxtda öz qardaşını müdafiə etməyən igid) çəngindən çıxa bilməz, ondan qaçan onu aciz edib gücdən salmaz. (Onun əlindən qaçıb xilas olmaq mümkün olmadığından) ən əziz ölüm öldürülməkdir. (Çünki dünyada yaxşı adın qalmasına və axirətdə savaba səbəb olur). And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha itaətdən qeyri yataqda ölümdən daha asandır.  


123-cü xütbə


İmam Əli əleyhis-salamın (öz səhabələrini pisləyib danladığı) kəlamlarındandır.

Sanki sizləri (yolda) bir-birinə sürtülən kərtənkələlərin dərisinin səsi tək (döyüşdən qaçmaq üçün hər şeyi bir-birinə qatarkən) səs-küy salan (hay-həşir qoparan) görürmüş kimiyəm. Haqqı qəbul etmir (düşmənə müqavimət göstərmir) və zülmün, sitəmin (zülmkarın) qarşısını almırsınız. Sizi (cənnətə gedən) yolda azad buraxıblar. Nicat və qurtuluş özünü ona atan (Allah yolunda döyüşən), ölüm və bədbəxtlik isə dayanan (cihaddan imtina edən) üçündür.


124-cü xütbə


İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (və döyüş qaydalarını öyrənməyə) həvəsləndirdiyi kəlamlarındandır.

(Döyüş meydanında düşmənlə üzbəüz gəldikdə) zirehlinizi önə, zirehsizinizi arxaya keçirin, dişlərinizi bir-birinizə sıxın (döyüşdə dönməz olmaqla çətinlikləri özünüzə asanlaşdırın). Çünki döyüşdə dönməzlik qılıncları başlardan daha da uzaqlaşdırar (döyüş meydanının çətinliklərinə dözmək qələbə və fəth üçün hər təbdirdən daha yaxşıdır). Nizələrin ətrafında əyilib-bükülün, (düşmənə nizə ilə zərbə vurarkən özünüzü endirib qaldırın və yaxud düşmən sizə nizə endirəndə özünüzü uzaq tutun), çünki nizələri bu üsulla vurmaq (onları əyilib-bükülmədən vurmaqdan) daha təsirli olur (və yaxud özünə az dəyir). Nəzərlərinizi yerə dikin (hər tərəfə baxmayın), çünki gözü yummaq qəlbin gücünün və ürəklərin rahatlığının artmasına (düşməndən qorxmamağa) səbəb olar. Səslərinizi alın (hay-küy salmayın), çünki mətanət və sakitlik (hər şeydən) xofu, qorxunu daha tez uzaqlaşdırar (qorxaqlar döyüş meydanında hay-küy salar, igidlər isə söz danışmayıb öz işlərini görərlər). Bayrağınızı yerindən hərəkət etdirib ətrafını boşaltmayın (ki, hamının diqqəti bayrağa yönəldiyinə görə qoşunun məğlubiyyətinə səbəb olar). Onu dilavərlərdən, hər pis hadisənin sizə yetişməsinə mane olanlardan və qorunub saxlanılması lazım olanı müdafiə edəndən başqa hər kəsə tapşırma. (Əlbəttə, belə insanlar zəfər çalmaqdan və ya həlak olmaqdan başqa heç vaxt bayrağı əllərindən verməzlər.) Çünki (döyüşün) bəla və çətinliklərinə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. (Düşmənə) təslim olmasın deyə ondan dala qalmasın və onu tənha qoymamaq üçün qabaqa keçməsin. Kişi (döyüş meydanında) onunla üzbəüz gələn düşməndən qorunmalı və (onu məğlub etdikdən və ya öldürdükdən sonra) öz qardaşına (yoldaşına) kömək etməlidir. Öz düşmənini buraxıb qardaşına tərəf yönəlməməlidir ki, qardaşının düşməni ilə əlbir olub (onu aradan götürüb) birlikdə ona qəsd etsinlər. Allaha and olsun, dünyanın qılıncından qaçsanız, axirətin qılıncından salamat çıxmayacaqsınız (cihada gedib Allah yolunda qılınc çalmasanız, əbədi əzabdan xilas ola bilməyəcəksiniz. Nəyə görə özünüzü qılınc çalmağa və düşmənin qarşısını almağa hazırlamırsınız? Bir halda ki,) siz ərəbin zadəganları və böyük (hörmətli) şəxslərindənsiniz. Həqiqətən də (döyüşdən) qaçmağınız Allahın qəzəbinə (Allah-təalanın rəhmətindən uzaqlaşmağa), zillət, çarəsizlik və əbədi rüsvayçılığa səbəb olar. Qaçanın ömrü artmaz və qaçmaq onun ölümünə mane olmaz. Allaha doğru gedən (cihad edənin şövqü) suya çatan təşnə kimi olmalıdır. Cənnət nizələrin ətraflarının altındadır. Bu gün xəbərlər aşkar olacaq (qılınc vurarkən, ölərkən, öldürərkən hər kəsin sözünün düzlüyü və səhvliyi aydınlaşar). Allaha and olsun, mənim onlarla (düşmənlərlə) görüşə olan həvəsim onların şəhərlərinə olan həvəslərindən daha çoxdur. İlahi, əgər onlar haqqı rədd edib onunla düşmənçilik niyyətində olsalar, insanlarını pərən-pərən et, aralarına fikir ayrılığı sal və onları öz günahlarında həlak et. Onlar dayandıqları yerdən heç vaxt uzaqlaşmazlar (fitnə-fəsad törətmək qərarlarından əl çəkməzlər. Siz, mənim tərəfdarlarım, onlarla döyüşüb etiraz etməsəniz), düşmənin canını bədənindən çıxaran dalbadal nizələr vurulmasa, beynini yarıb sümüklərini sındıran, ayaqlarını, biləklərini və qıçlarını qıran qılınclar çalınmasa (öz pozğunluqlarını davam etdirib sizləri məğlub edəcəklər). Qoşunlar dəstə-dəstə və ardı-arası kəsilmədən onlarla üzləşməsə, saysız-hesabsız əsgərlər qələbə və yardım üçün hər bir yandan toplanıb arxada saxlanan ehtiyat atlarla onlarla döyüşməsə, yerlərindən tərpənən deyillər. Tərpənməzlər-arxasında böyük ordunun dayandığı (beş səmti – yəni, önləri, arxaları, sağları, solları və qəlbləri nizamlı, düzümlü olan) çoxlu qoşunlar onların şəhərlərinə daxil olana qədər. Atları dırnaqları ilə bir-birinə yanaşı torpaqlarını (evlərini) və heyvanlarının örüşlərini tapdaq-tapdaq edənə qədər (qısası, onların hər şeyinə hakim kəsilərlər. Seyyid Rəzi buyurur:)

Deyirəm: الدَّعْقُ sözünün mənası döyüb əzməkdir, yəni, «atlar onların torpaqlarını dırnaqları ilə döyüb əzərlər». وَنَوَاحِرُ الْأَرْضِ isə üzbəüz torpaqlar mənasında işlənmişdir. مَنَازِلُ بَنِى فُلان تَتَناحَرُ dedikdə isə filankəsin oğullarının evlərinin bir-birinin qarşısında olması mənasını verir. 


125-ci xütbə


İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur: 

İnsanları hakim etmədik, əksinə, Qur’anı hakim qıldıq. Bu Qur’an iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Qur’anı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ «Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qur’ana və sünnəyə) müraciət edin». Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir və nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə və xilafətə) biz (İmam əleyhis-salam və o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik. Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük. Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, iş bu yerə gəlib çatdı. Həmin gün və ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan və bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.)

Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam və rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz və əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz). 


126-cı xütbə


İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir: 

Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz? Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm). 

Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:

Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır. Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şə’nini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz. 


127-ci xütbə


İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır: 

Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi və alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi də öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır. Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq və öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mö’tədil dəstədəndirlər. Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bid’ət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bid’ətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:)

İki hakim Qur’anın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Qur’anı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Qur’an bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər. Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa və Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qur’andan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə və danlağa layiqdirlər.) 


128-ci xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir: Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir. Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).


Bu sözlər Həzrətin kəlamının tatarların 

(və monqolların kitablarda və tarixdə həkk olunmuş 

axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir


Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)

O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi: 

Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih – öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır!» Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir. Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir. 


129-cu xütbə


İmam Əli əleyhis-salamın peymanlar və tərəzilər barədə xütbəsidir: 

Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət və bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric və Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil və alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli və bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lə’nət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.


130-cü xütbə


İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır. 

Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar. Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).


131-cü xütbə


İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır. 

Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan (bir-birilə həmrəy olmayan) dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya (azğınların) əydikləri haqqı düzəltməyim nə qədər də çətindir! İlahi, Sən bizim işlərimizdən (döyüş və toqquşmalardan) agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir, (şəhərlərdə fitnə-fəsad yayıldığına, camaata zülm, sitəm edildiynə, halalla haram dəyişdiyinə görə) Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür. İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alihdən) başqa heç kəs namazda məndən öndə olmayıb. 

Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala. Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın, nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub başqasını xar etsin (güclülərin dostu olub möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batil və batili haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də Həzrət Peyğəmbərin yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün. 


132-ci xütbə


İmam Əli  əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir.

Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün. Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).

 

Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir


Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).


133-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir.

Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar. Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər. 


Bu xütbənin (Qur’ani-Kərimin əzəməti barədə)

 bir hissəsidir


Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər). 


Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi) 

bir hissəsidir


Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi. 


Bu xütbədən (dünyanı görmək və axirəti istəmək barəsində) bir parçadır


Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar). 


Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir


Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qur’ani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Qur’anın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm. 


134-cü xütbə


İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır.

Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən). 


135-ci xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: «Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm». Sonra İmam əleyhis-salam ona buyurdu: 

Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu! Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur və zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir və yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin.  


136-cı xütbə


İmam Əli əleyhis-salamın (bey’ətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.

Sizin mənimlə bey’ətiniz fikirləşmədən və düşüncəsiz deyildi. Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin burnuna həlqə keçirib cilovunu çəkdikləri kimi) burnunun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım). 


137-cü xütbə


İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (bey’əti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır. 

Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar. Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir. İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi. Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər. 


Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir


(Osmanın qətlindən) sonra (bey’ət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «bey’ət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz. (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et. (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları bey’ətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər. 


Комментарии

Популярные сообщения из этого блога

Жизнь Имама Али (а).