5 hissə Nəhcül bəlağə
"NƏHCÜL –BƏLAĞƏ"
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları
(tərcümə və şərh, 2 cilddə)
II CİLD
Toplayan:
Seyyid Rəzi
Şərhçi:
Ayətullah Feyzul-İslam
Tərcüməçilər:
Ağabala Mehdiyev
Dürdanə Cəfərli
Etibar Quliyev
Redaktolar:
İxtisas redaktoru:
Höccətül-islam vəl-müslimin
Hacı Adil Mövlayi
Ədəbi redaktor:
Akademik Hacı Bəkir Nəbiyev
Texniki redaktor:
Rauf Kərimov
V һissә
Feyzul-İslamın
V hissəyə yazdığı müqəddimə:
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
الْحَمْدُ لِلّهِ الْفاشِى فِى الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْباسِطِ بِالْجُودِ يَدَهُ الَّذِى لا تَنْقُصُ خَزائِنُهُ وَ لا تَزِيدُهُ كَثْرَةُ الْعَطاءِ إِلّا جُوداً وَ كَرَماً إِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهّابُ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْهُداةِ الْمَهْدِيِّينَ
اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ
«Nəhcül-Bəlağə» peyğəmbərlərin sözlərinin cövhəri, Qur’ani-Kərim həqiqətlərinin sirlərinin açıqlaması, azğın və düşkünlərin xilasedicisidir. Əmirəl-möminin əleyhis-salamın Seyyid Şərif Rəzi (əleyhir-rəhmə) tərəfindən nümunələri müqəddəs «Nəhcül-Bəlağə» kitabında toplanmış kəlam və əməllərinə tabe olmayınca qan tökülməsi, fitnə-fəsad, zülmkarlıq, ikiüzlülük, özündənrazılıq və bədbəxtlik bəşəriyyətdən uzaqlaşmayacaq və dünyada sülh və asayiş, ədalət, vəhdət və xoşbəxtlik bərqərar olmayacaq. Bu kitabda insanın həyat və asayişinə aid hər bir şey olduğu üçün o, əməl edən hər bir kəsin başucalığı və xoşbəxtliyinə zamindir.
Bu sözlər əql və elm sütunları üzərində bərkidilib və boşboğazlıq və naqqallıq deyil. Əgər inanmırsınızsa, öz alim və tanınımış şəxsiyyətlərinizlə bir yerə toplaşaraq barəsində ətraflı fikirləşib düşünün ki, həqiqətlərini dərk edəsiniz.
Xeyir və yaxşılıq, asayiş və gözəllik axtaran hər bir kəs, gərək «Nəhcül-Bəlağə»ni özünə örnək etsin. Buna görə də bədbəxt o böyük və başçıdır ki, bu kitabı oxumayıb; aciz o rəhbər və tayfa başçısıdır ki, onun göstərişlərinə əməl etmir; avara-sərgərdan o xalqdır ki, əməlləri «Nəhcül-Bəlağə»nin buyuruqları ilə uyğun gəlmir; xoşbəxt o kəslərdir ki, bu tərcümə və şərhin dörd hissəsini diqqətlə oxuyub və əməl ediblər və indi beşinci hissəni dərk etməyə nail olurlar. Çünki biz lazım olan bütün nöqtələrə (hamının səviyyəsində olan xülasə şəklində və hamının başa düşdüyü sadə dildə) toxunmuş və onları yada salmışıq. Bu məsələ elm və bilik əhlinə bəllidir. Hissələrdə Allah və Peyğəmbərin razılığına zidd bir söz yazılmamasına, elm şəhəri olan Əli əleyhis-salamın hüzurunda əməlimin qəbul edilməsinə və qiyamət günü günahlarımın bağışlanmasına səbəb olacağına ümid bəsləyirəm.
اللهُمَّ اخْتِم عَمَلى بِأَحْسَنِهِ وَ اجْعَلْ ثَوابى مِنْهُ الجَنَّةَ بِرَحْمَتِكَ
امين يا رَبَّ العالَمينَِ
Fani bəndə:
Əliyyənnəqi (Feyzul-İslam) İsfahani
Ali-Məhəmməd əd-Dibac,
1368 H.Q.
Fəsil
Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın düşmənlərinə və şəhərlərin rəhbərlərinə (yazdığı) məktubları toplanıb və o Həzrətin məmurları ilə olan əhd-peymanlarının bir hissəsi, eləcə də Əhli-Beyt və dostlarına tapşırıqları (öyüd-nəsihətləri) də fəslə daxildir.
1-ci məktub
İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı və onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə çağırdı.Məktubu Kufəyə imam Həsən və Əmmar ibn Yasir ilə göndərdi.)
Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı və ərəbin şərafətlilərindən olan Kufə əhlinə:
Allaha həmd və Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən (və onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar və görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin və nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh və asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad və qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim və) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir və davranışını dəyişməyə çağırırdım.) Və (amma) Təlhə və Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi. Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi. Sonra (Təlhə, Zübeyr və Aişə camaatı onu öldürməyə sövq etdilər və) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə də onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah və məcburiyyət olmadan öz meyl və istəyi ilə mənə bey’ət etdi. (Bəs görəsən Təlhə, Zübeyr və onların ətrafındakıların mənə qarşı çıxmalarının və fitnə və çaxnaşma yaratmalarının səbəbi nədir?!)
Və bilin ki, (Təlhə, Zübeyr və Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb və əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik və asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir və imamınıza doğru tələsin (ona kömək və yardım edin) və Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr və onların ətrafındakılarla) müharibə etməyə çalışın.
2-ci məktub
İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktublarındandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).
Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərəfindən (əvəzindən) itaətkarlarına və nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz və (ona) tabe oldunuz və (dinə yardım etməyə) çağırıldınız və qəbul etdiniz (və sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).
3-cü məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya və dünya malına bel bağlamağın ziyanlarından danışıb). Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :
Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran və sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı və ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:
Bu, xar və həqir bəndənin, (mütləq öləcək və evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik və oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu və sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı isə dördüncü hasardandır.
İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb. Bu alıcıya aldığı şeydə satıcı tərəfindən dəyən (və onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn Yə’rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq və batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək. Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış və nəfsi istəklər əlində əsir olan kimsə isə bu sözlərə inanmaz və ona görə də onun düzlüyünə şəhadət verməz.)
4-cü məktub
İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)
(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)
5-ci məktub
İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.
Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!
6-cı məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb).
Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (beyətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) və ya (dində rəva olmayan şeyi ona daxil etmək - Təlhə, Zübeyr və onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bid’ət nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə və) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar.
Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!
7-ci məktub
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib və onun nadanlıq və azğınlığını xatırladıb).
Allaha həmdü-səna və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzədiyin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda onları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların hər birinin harada və necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz azğınlığın səbəbindən bu məktubu hazırlamısan və fikir və düşüncənin pisliyindən onu (mənə) göndərmisən! Məktub düz yola istiqamətləndirəcək gözü (bəsirət və gözüaçıqlığı) və nicat yoluna sövq edəcək başçısı və cilovdarı olmayan kimsədəndir. Nəfsi istək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəhbəri olub, o da onun dalınca gedib. (Buna görə də) o, sayıqlayaraq boşboğazlıq edib və bihudə fəryad qoparıb (mənası başa düşülməyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə nalayiq sözlər yazıb).
Bu da həmin məktubun bir hissəsidir
(O Həzrətə bey’ət edənlərlə bey’ət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)
(Ey Müaviyə, mənimlə bey’ət etmək və peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən və Şam əhlinin vəzifəsi yeksan və bərabərdir.) Çünki o bir bey’ətdir ki, (Məhəmməd - səlləllahu əleyhi və alih – ümmətinin dayaq nöqtəsi saydığınız Mühacirlər və Ənsar toplaşaraq həmin məsələdə birləşiblər və onların, barəsində qərara gəldikləri heç bir bey’ətdə) rəy və fikir iki olmur və onda (başqa bir rəy) seçmək başdan başlanmır, (necə ki, Əbu Bəkr, Ömər və Osman və onlarla bey’ət barəsində belə əqidədəsiniz. Odur ki, həmin bey’ət məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz və orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə də) hər kim peymanı pozaraq ondan əl götürsə, (müsəlmanların din və ayinlərinə) tənə vurandır. (Elə isə onunla çıxdığı yola qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qəbul edilib-edilməməsi) barəsində fikrə dalan da münafiq və ikiüzlüdür. (Çünki sizin əqidə və əməl təcrübənizə görə həmin şəxsin rədd və ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol və ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması və onun meylinin səmimiyyət və saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)
8-ci məktub
İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır. Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!
9-cu məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fəzilət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq buyurur:)
Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) getməyə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.
(Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).
Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir. (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun!
10-cu məktub
Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).
Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )
Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)
Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz. Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm). Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)
11-ci məktub
İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir. Nə vaxt siz düşmənlə rastlaşsanız və ya düşmən sizinlə rastlaşsa (qarşı-qarşıya gəlsəniz), gərək sizin qoşunun düşərgəsi hündür yerlərdə (təpələrdə), ya dağların ətəyində, ya da çayların kənarında olsun ki, sizə kömək etsin, (onların əllərinin sizə çatmasına) mane olsun. Həmçinin sizin (düşmənlə) döyüşünüz gərək bir, yaxud iki tərəfdən olsun. (Çünki bir neçə tərəfli döyüşün nəticəsi pərakəndəlik, zəiflik və məğlubiyyətdir.) Dağların yüksəklikləri və hamar təpələrin üstündə özünüz üçün gözətçi qoyun ki, düşmən sizə tərəf gəlməsin, istər («məbada gəlsin» deyib) qorxduğunuz yerdən, istərsə də (həmin istiqamətdən gəlməməsindən) əmin və arxayın olduğunuz yerdən. (Ola bilər ki, gözlənilmədən həmin yerdən gəlsin. Belə olanda gözətçilər uzaqdan düşmənin gəlməsini görüb sizi xəbərdar edərlər və siz, onların qarşısını almaq fikrində olarsınız.) Bilin ki, qoşunun qabağında gedənlər onun gözətçiləridir və qoşunun qabağındakıların gözətçiləri (qoşunun qabağında gedən bir neçə nəfər) kəşfiyyatçılardır. Bir-birinizdən ayrılmaq və pərakəndəlikdən çəkinin. (Bir yerdə) düşən zaman (oturaq salanda) hamılıqla düşün və (hərəkət edərək) köçəndə hamılıqla köç edin. Gecə sizi bürüyəndə (axşam gəlib çatanda) nizələri (öz ətrafınızda) dairəvi (şəkildə) yerləşdirin (ki, düşmən gecə basqın edəndə müdafiə alətləri əliniz çatan yerdə olsun). Yuxunu dadmayın (rahat yuxuya getməyin), az miqdar və suyu ağızda dolandıraraq çölə tökmək qədər istisna olmaqla! (Mürgü vurun, amma rahatlıqla yatmayın. Çünki düşmən oyaq olar və gecə basqın etmək fikrinə düşə bilər.)
12-ci məktub
İmam Əli əleyhis-salamın (səhabə və şiələrindən olmuş) Mə’qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb (və məktubda Mə’qilə düşmənlə döyüş üslubunu öyrədir).
(Mükafat və cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur. Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür və təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri və dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər də güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub. Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə. Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.
13-cü məktub
İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr və Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır. (Həmin məktubun mətni belədir:)
Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir iş görməz.)
14-cü məktub
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib).
Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var. Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir. Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – zamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.
15-ci məktub
İmam əleyhis-salam düşmənlə qarşılaşanda və döyüşə hazırlaşan zaman (Allahla münacat və razü-niyaz edərək Ondan kömək istəyib belə) deyirmiş:
Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyunlar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaqlar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.
Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxluğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm. (Qur’ani-Kərimin Ə’raf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq və düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».
16-cı məktub
İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:
Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), sonrası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin. Qılıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin və onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab və nigarançılığın sizə yaxınlaşmasına yol verməyin və sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan və digərləri kimi münafiq və ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət və bizimlə döyüş bayrağı ucaltdılar.)
17-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.
Məndən Şam vilayətini istəməyinə gəldikdə (bilməlisən ki): mən dünən sənə verməyərək əsirgədiyim şeyi bu gün verən kimsə deyiləm. (Çünki mənim oranı sənə verməməyimin səbəbi sənin haqqa qarşı çıxmağın və dinə laqeydliyindir ki, həmin səbəb indi də öz yerində qalmaqdadır.) «Müharibə ərəbi yeyib (öldürərək məhv edib), qalan canları almayaq!» kimi sözlərin barəsində bil və xəbərdar ol ki, haqqın yediyi (haqq yolunda şəhid olan) kimsə cənnətə yollanıb, batil və nahaqqın yediyi kimsə (nəfsi istəkləri yolunda öldürülən) isə cəhənnəm yolunu gedir. (Hər iki halda təəssüflənmək və qəmlənmək lazım deyil.) Bizim, müharibədə və (döyüşçü) kişilər baxımından bərabər olmağımız barəsində (dediklərin də düz deyil, çünki): Sənin şəkk və tərəddüd (bir neçə günlük dünya ağalığını əldə etmək) üçün olan səy və təlaşın mənim yəqinlik və inam (axirət səadəti və xoşbəxtliyi) üçün səyimdən artıq deyil; Şam əhalisinin dünyaya hərisliyi İraq əhalisinin axirət hərisliyindən çox deyil. «Biz Əbdül-Mənaf övladlarıyıq» sözünə gəldikdə, biz də eləyik. Amma Üməyyə Haşim kimi, Hərb Əbdülmüttəlib kimi və Əbu-Süfyan Əbu Talib kimi deyil. (Burada «mən də sənin kimi deyiləm» demək əvəzinə işarə ilə belə buyurdu:) Mühacir (Məkkədən Mədinəyə hicrət edən) əsirlik zəncirindən azad olan kəs kimi deyil. Nəsəbi pak olan da (həmin pak nəsəbə) yapışdırılmış kimi deyil. Nə danışıq və işləri düz olan, yalançı və pis əməlli kimidir, nə də mömin və dinə sığınan, münafiq və ikiüzlü kimi. Həqiqətən keçib cəhənnəm oduna düşən atasının (yaxud qohumlarının) yolunu davam etdirən övlad nə pis övladdır! (Sən pis övladsan ki, küfr, şirk, yalançılıq və ikiüzlülük nəticəsində ilahi əzaba düçar olan keçmişlərinin yolunu davam etdirirsən!)
Bütün bu fəzilət və böyüklüklərdən əlavə nübuvvət və peyğəmbərlik fəziləti və şərəfi də bizim əlimizdədir. (Peyğəmbər biz Bəni-Haşimdən göndərilib.) Biz onun vasitəsi ilə hörmətlini xar, xar olanı isə hörmətli etdik. (Səadət və xoşbəxtlik düşmənlərini məhv edərək onu istəyənlərə dünya və axirət əzab və çətinliklərindən nicat verdik.) Allah ərəbi dəstə-dəstə öz dininə daxil edəndə, bu ümmətdən (bir dəstə) meyl və rəğbətlə, (digər bir dəstə isə) naçarlıqdan təslim oldu. (İslamı çıxılmaz vəziyyətdə qalıb qəbul etdilər.) Siz (dünyaya) məhəbbət və ya (öldürülməkdən) qorxu səbəbindən dinə daxil olan kəslərdən idiniz. (Bu) o vaxt (baş verdi) ki, qabaqda gedənlər (İslama səmimiyyətlə) tabe olduqları üçün qalib gəlmişdilər və ilkin Mühacirlər fəzilət və böyüklüklərinə görə getmişdilər (və özlərinə şirk və küfrdən nicat vermişdilər). Bəs (indi ki, sənin vəziyyətin belədir) Şeytanın səndən bəhrələnməsinə və (onun) sənə yol tapmasına imkan vermə. (Şeytana tabe olub dalınca düşərək bu cür çirkin və nadürüst sözlər yazma, Allahın və Onun Peyğəmbərinin hökmlərinə tabe ol!) Salama layiq kimsəyə salam olsun!
18-ci məktub
İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır.
Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. Və (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər).
Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb. Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul Abbas – Allah səni bağışlasın – əlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.
19-cu məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır. (Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.)
Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin kobudluğun, daşürəkliliyin, onları xar etməyin və zülmkarlığından şikayət ediblər (məni sənin hərəkət və davranışından xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikirləşdim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hörmət və mehribançılığına) layiq görmədim. Çünki onlar müşrikdirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəşpərəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağlayıblar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna görə də onlarla (davranışında) sərtliklə qarışıq olan mehribançılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötə’dilliyi əldən vermə).
20-ci məktub
İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır. Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi.
Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin. Salama layiq kimsəyə salam olsun!
21-ci məktub
Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir).
(Malın sərf edilməsində) israf etmə, mötə’dil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla).
Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun!
22-ci məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – kəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir. Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)
23-cü məktub
İmam Əli əleyhis-salamın, məl’un İbn Mülcəm onun başına qılınc vurduqdan sonra (fani) həyatla vidalaşmasına yaxın, vəsiyyət və tapşırıq yönlü kəlamlarındandır. (İmam əleyhis-salam bu sözlərində övladlarını İbn Mülcəmi əfv etməyə həvəsləndirib.)
Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmmədin (səlləllahu əleyhi və alih) sünnəsini məhv edib aradan aparmamağınızdır. (O Həzrətin göstərişlərinə zidd davranmayın.) Bu iki sütunu (Allaha şərik qoşmamaq və Həzrət Peyğəmbərin sözlərinə uyğun davranmağı) dikəldin (ki, müqəddəs İslam dininin binasının möhkəmliyi bu iki sütun ilədir). Bu iki çırağı nurlandırın (ki, nadanlıq və azğınlıq qaranlıqlarında sərgərdan qalmayasınız). (Əgər belə etsəniz) siz məzəmmət edilib qınanmazsınız.
Mən dünən (sağlam bədən, qüdrət və şücaətlə) sizin dost və yoldaşınız idim. Bu gün isə sizin üçün ibrət və nəsihətəm. (Bütün cəngavərlik və böyüklüyümə baxmayaraq, əldən düşmüşəm.) Sabah sizdən ayrılacağam (öləcəyəm)! Əgər qalsam öz qanımın ixtiyar sahibiyəm (öz ixtiyarımla istəsəm İbn Mülcəmi cəzalandırar, istəsəm bağışlayaram). Əgər ölsəm, (onsuz da) ölüm mənim vədə yerimdir. (Ölsəm heç bir ixtiyara malik deyiləm və siz öz şər’i vəzifənizə əməl edin.) Əgər (onu) bağışlasam (bağışlamaq istəsəm), bağışlamaq mənim üçün (Allahın rəhmətinə yaxınlıq amili olan) itaət və bəndəlikdir. (Siz onu bağışlamaq istəsəniz) bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə (siz onu) bağışlayın. (Çünki Allah-təala Qur’ani-Kərimin Nur surəsinin 22-ci ayəsində buyurur:) «أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ» «Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir!»
Allaha and olsun ki, ölümlə mənim yanıma xoşlamadığım (bir şey) gəlməyəcək və (ondan sonra) istəmədiyim bir şey aşkar olmayacaq. (Ölümə hazıram. Çünki ölümün arxasında əbədi səadət var və mən bu dünyadakı həyata vurulmamışam.) Mən (ölümə münasibətdə) su axtararaq (onu) tapan və bir şeyin arzusunda olub (onu) əldə edən şəxs kimiyəm. (Çünki gözəllik və xoşbəxtlik ölümdən sonradır, necə ki, Qur’ani-Kərimin Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur:) «وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلاَبْرَارِ» «Allah yanında olan (əbədi) nemətlər yaxşı əməl sahibləri üçün (dünya mallarından) daha xeyirlidir». (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
Bu kəlamın bir hissəsi bundan əvvəl xütbələr fəslində (149-cu kəlamda) keçdi. Amma buradakı bu kəlamda (Bəzi) əlavə sözlər var idi ki, onun ikinci dəfə gətirilməsini zəruriləşdirdi.
24-cü məktub
İmam Əli əleyhis-salamın əmlak və malları ilə necə davranılması barəsindəki vəsiyyətlərindəndir. O Həzrət bu vəsiyyətnaməni Siffeyn (müharibəsin)dən qayıtdıqdan sonra yazıb.
Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsindəki göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq (axirət rahatlığı) əta etsin.
Bu da həmin vəsiyyətin bir hissəsidir
(Məndən sonra) tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. (O mənim vəsi və canişinimdir.) O mənim mal və sərvətimdən layiqli şəkildə (şəriətin hökmlərinə uyğun olaraq öz ehtiyaclarının aradan qaldırılmasında) sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə (o, dünyadan köçsə) və Hüseyn sağ olsa, mənim Həsəndən sonrakı vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər.
Əlinin (əleyhis-salam) hədiyyəsindən Fatimənin iki oğluna (Həsən və Hüseyn əleyhiməs-salama) Əlinin digər oğlanlarına çatan qədər çatır. (Mənim malımdan digər qardaşlara verdikləri qədər götürsünlər.) Mən bu işin öhdəçiliyini Fatimənin iki oğluna Allahın razılığını əldə etmək, Həzrət Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və o Həzrətlə qohumluq şərəfinə görə verdim.
Və (İmam əleyhis-salam) malın öhdəçiliyini verdiyi şəxslə (Həsən əleyhis-salamla) şərt kəsir ki, bu malı olduğu kimi saxlasın (satmasın) və onun meyvəsini əmr edilən və yolu göstərilən yerlərdə sərf etsin. Həmçinin şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə həmin kəndlərin yeri, xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi satmasın. (Ağacların çoxluğu onları görəni belə gümana salana kimi ki, bu yer onun əvvəllər gördüyü yer deyil.)
Bir yastığa baş qoyduğum və uşağı olan və ya hamilə olan kənizlərimin hər biri, öz övladlarının ixtiyarında qoyulurlar və (o kəniz) onun payıdır. Əgər həmin kənizin övladı ölmüş olsa və onun özü sağ olsa (yenə də) azaddır (və onu satmaq düz deyil. Çünki) kənizlik ondan götürülüb və (övlada verilmə yolu ilə olan) azadlıq, onu azad edib. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
O Həzrət əleyhis-salamın bu vəsiyyətdəki «أَنْ لا يَبِيعَ مِن نَخْلِها وَدِيَّةً» «şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə satmasın» cümləsində işlətdiyi «وَدِيَّةً» «vədiyyə» kəlməsi «فَسِيلَة» «fəsilə» (xurma ağacının qələmi) mənasınadır. Onun cəm forması isə «وَدِيّ» «vədiyy»dir. O Həzrətin «حتّى تُشْكِلَ أرْضُها غِراساً» «həmin kəndlərin yeri xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi....» cümləsi ən fəsih kəlam və ən gözəl sözlərdəndir. Məqsəd budur ki, həmin kəndlərdə xurma ağaclarının bitməsi o qədər çoxalsın ki, onu görən onları (əvvəllər) gördüyü yerdən ayrı bir yer sansın və yer ona dəyişik təsir bağışlasın, (ağacların çoxluğundan) elə bilsin ki, həmin yer (əvvəllər gördüyü) o yerdən ayrı bir yerdir.
25-ci məktub
İmam Əli əleyhis-salamın zəkat yığmaq vəzifəsinə təyin etdiyi şəxsə yazdığı tövsiyələrindəndir (ki, onda zəkat almaq və yığmaq yollarını göstərir, zəkat verənlərlə mehriban olmaqdan danışır və zəkat kimi alınan dəvələri incitməməyi əmr edir). Biz burada həmin tövsiyədən bəzi cümlələri xatırladırıq ki, onların vasitəsi ilə İmam əleyhis-salamın haqqın sütunlarını dikəltməsi və kiçik, böyük, gizlin və aşkar işlərdə ədalət (bərabərlik və düzlük) nümunələrini üzə çıxarması bilinsin.
Bir olan və şəriki olmayan Allahdan qorxub çəkinərək get. (Danışıq və davranışında Allahı nəzərində saxla.) Və (əmr və hökmü keçənlərdən olduğun üçün zalım hakimlər kimi) heç bir müsəlmanı qorxutma. Əgər onun ürəyindən olmasa, (torpaq və bağının) yanından keçmə. Ondan Allahın onun malında olan haqqından (onun verməsini əmr etdiyindən) artıq alma. Hər hansı bir qəbiləyə (məxsus yerə) çatanda, onların evlərinə daxil olma, sularının üstündə düş. Bundan sonra sakitcə, vüqarla onlara tərəf gedib aralarında dayan. Sonra onlara salam ver. Onlara salamı qısa etmə. (Onlara ehtiramsızlıq və hörmətsizlik göstərmə.) Sonra belə de: «Ey Allahın bəndələri! Allahın dostu və xəlifəsi, məni Allahın mallarınızda olan haqqını və payını (mallarınıza aid olan zəkatı) almaq üçün sizin yanınıza göndərib. Mallarınızda Allahın vəlisinə veriləcək Allah haqqı varmı?» Əgər biri «yox (mənim veriləcək zəkatım yoxdur)!» desə, ona müraciət etmə. (İkinci dəfə onun yanına getmə.) Əgər biri «var» desə, onu qorxutmadan, vahiməyə salmadan, sərtlik edərək çətinliyə düçar etmədən onunla birlikdə get. Sonra qızıl və gümüşdən sənə nə versə al. Əgər inək, qoyun və dəvəsi olmuş olsa, onun icazəsi olmadan onların yanına getmə. Çünki onların çoxu onundur. Dördayaqlıların yanına çatanda, onlara onların sahiblərinin ağası və ya ona qarşı sərt olan kəs kimi baxma. Heyvanı hürküdərək qorxutma və onu alanda yiyəsini incitmə. Malı iki hissəyə böl. Sonra onu (malın sahibini onlardan istədiyini seçməkdə) sərbəst burax. (Həmin iki hissədən birini) seçəndən sonra onun seçdiyinə toxunma. (Ona «niyə bunu seçdin?!» demə!) Ondan sonra yerdə qalanı iki hissəyə ayır və (yenə) onu (istədiyini seçməkdə) azad burax. Beləliklə, elə ki (onlardan birini) seçdi, seçdiyinə toxunma. Onun malından yerdə Allahın haqqı (zəkat) miqdarında qalana kimi bölgünü davam etdir. (Bu cür davranışla) Allahın haqqını ondan al. Əgər (sənin zəkat kimi götürdüyünün onun seçdiyindən yaxşı olmasını güman etsə və) həmin bölgünün pozulmasını istəsə, sən (bölgünü) poz və hər iki hissəni bir-birinə qarışdır. Sonra Allahın onun malında olan haqqını almaq üçün bir daha etdiyin işləri yerinə yetir. Əldən düşmüş qoca dəvəni, (əl-ayağı) sınıq olanı və nöqsanlını (bir gözlü və bu kimini) zəkat kimi götürmə. Və (onları zəkat kimi təhvil aldıqdan sonra) dinindən əmin olduğun şəxsdən başqa heç kəsə tapşırma. (Həmin şəxsin danışıq və davranışının İslam dininin hökmlərinə uyğun olmasından arxayın olduqdan sonra malları ona tapşır.) Həmin şəxs müsəlmanların malına (münasibətdə) düz olmalıdır ki, onu onların hakimlərinə çatdırsın və o, müsəlmanların arasında bölsün. Onlara ancaq düz və mehriban adamı gözətçi et ki, kobudluq edib çətinliklərə salmasın və onları incidib yormasın. Sənin yanında yığılanları tez bizə göndər ki, Allahın əmr etdiyi yerə sərf edək. Sənin inandığın şəxs onları (bizim yanımıza gətirmək üçün) götürəndə, ona tapşır ki, dəvə ilə südəmər balasını bir-birindən ayırmasın, onun südünü çox sağmasın ki, (nəticədə) balasına ziyan dəyməsin, onu minərək yorub əldən salmasın və sağmaq və minməkdə onunla başqa dəvələr arasında bərabər davransın. (Ancaq birinin südünü sağmasın və ya bütün yol boyu təkcə birinə minməsin.) Həmçinin gərək yorulan üçün rahatlıq yaratsın. Ayağı yeyilmiş və getməkdən aciz olanını yavaş sürsün. Dəvələri yanından keçdikləri gölməçələr və su yığılan yerlərə salsın. Onları otlu yerlərdən (otsuz) yollara aparmasın (ki, onlar yol boyu otlayaraq güclənsinlər). Gərək onlara saatlarla (hər neçə saatda bir dəfə, yaxud otlaqlarda) istirahət versin (ki, rahat otlasınlar). Həmçinin gərək onlara su və ot olan yerdə imkan versin və onları boşlasın ki, bizim yanımıza yorğun və əzgin deyil, Allahın izn və əmri ilə, kökəlib dolu sümüklü gəlsinlər və biz də onları Allahın kitabının (Qur’ani-Kərimin) göstərişi və Peyğəmbərinin sünnəsi ilə (ehtiyacı olanlar arasında) bölüşdürüb paylayaq. Allahın istəyi ilə, deyilənlər sənin (Allah tərəfindən) mükafatlanmağın üçün çox münasib, hidayət və nicat tapmağın üçün isə çox yetərlidir.
26-cı məktub
İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq və əli altında olanların və yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peymanlarındandır .
Öz məmuruma gizlinliklərdə (düşüncəsində) və örtülü işlərində Allahdan başqa olan və görən və Ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm.
Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib gizlin və batində onun əksini etməsin (münafiq və ikiüzlü olmasın). Gizlin və aşkarı və danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib (Allahın göstərişini yerinə yetirib) və ibadət və bəndəliyi (riyakarlıq və özünü göstərməklə deyil) saf niyyət və düzlüklə yerinə yetirib.
Ona əmr edərək göstəriş verirəm ki, onları (rəiyyət və əli altında olanları) incitməsin və onlara yalan deməsin (yaxud onlara yalan şey nisbət verməsin. Məsələn, «dəvəniz və ya əkininizin məhsulu bundan çoxdur, amma zəkat verməkdən yayınmağınız üçün onları gizlətmisiniz» kimi sözlər deməsin onlara). Onlara göstəriş verən olduğu üçün itaətsizlik səbəbindən onlardan üz döndərməsin (özünü onlardan ehtiyacsız sanmasın). Çünki onlar dində qardaş və dindaşdırlar, haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar.
Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. (Necə ki,) biz sənin haqqını tam şəkildə ödəyirik, sən (də) onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən (onların haqqlarını kəssən), qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhli-əyalından uzaqda aciz qalmış müsafirlər (səfərdə olanlar) olsun! Əmanətə (ilahi hökmə) xor baxan, xəyanətdə otlayan (ondan çəkinməyən) və özünü və dinini ondan təmizləməyən kəs dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hiylə isə, imamlara qarşı hiylə işlətməkdir. Salama layiq kimsəyə salam olsun!
27-ci məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr
(Allah ondan razı olaraq mükafatlandırsın) ilə olan əhd-peymanlarındandır. İmam bu əhdi Misir hökumətini ona tapşırarkən yazıb. (Bu əhdnamədə ona camaat arasında ədalət və bərabərliklə davranmağı əmr edərək pərhizkarlığı, ölümün və qiyamət əzabının çətinliklərini yada salıb və sonda ona nəfsi istəklərlə mübarizə və namaza diqqət etmək barəsində nəsihətlər verib.)
Qanadını onlar (Misir əhalisini) üçün yığ (hamı ilə təvazökar ol) və mülayim davran (elə iş gör ki, hamı sənin davranışından faydalansın). Onlarla gülərüz ol (əlin altında olanlara üzünü turşutma) və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut. (Belə et) ki, böyüklər sənin onların xeyrinə zülm və sitəm etməyinə (düzlükdən uzaqlaşmağına) tamahlanmasınlar (əlləri altında olanlara zülm etməsinlər) və imkansızlar sənin ədalət və düzlüyündən məyus olmasınlar. Çünki ey Allah bəndələri, Allah-təala (qiyamət günü) sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də əgər əzab versə (sizi odda yandırsa), siz (özünüzə qarşı hamıdan) çox zalımsınız (çünki ona sizin günah və itaətsizlikləriniz səbəb olub). Əgər bağışlasa, O, çox kərim və böyükdür.
Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti (onların xeyrini) qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında (onun xeyrlərində) şərik oldular. Dünya əhli isə onların axirətlərində (onun xeyirində) şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar. Dünyadan sonra onları (məqsədə) çatdıran azuqə və (səadət) mənfəəti olan sövdələşmə ilə (axirətə) getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər, (Allahın rəhmətinin onlara çatacağını yəqinliklə bilirdilər. Belə) ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, (pərhizkarlara tabe olub fani dünyaya bel bağlamayın və) ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. (Elə edin ki, ölüm çatanda nigarançılıq keçirməyəsiniz.) Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. (Yaxşı işlər görənlər üçün) heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar gətirir. Yaxud (pis işlər görənlər üçün) onunla heç vaxt yaxşılıq olmayan şər və pisliklər gətirir! Belə isə, Cənnətə Cənnət işləri görəndən və Cəhənnəmə Cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiniz. Əgər dayansanız, sizi tutacaq, əgər ondan qaçsanız, sizi tapacaq. Ölüm sizə kölgənizdən də yaxındır (sizdən bir an belə ayrılmaz)! Ölüm sizin kəkillərinizə bağlanıb (ondan qurtula bilməyəcəksiniz) və dünya sizin arxanızca büküləcək (şəxs keçdikdən sonra bükülərək yığışdırılan xalça kimi). Belə isə, (axirət məsələsinə bu qədər etinasız olmayıb) dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun. (Cəhənnəm) elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur, istək qəbul edilmir, qəm-qüssə qurtarmır. (İndi) əgər Allahdan həm xof və qorxunuzun çox, həm də Ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi (bir yerə) toplayın. (Mütləq elə edin ki, həm qorxasınız, həm də ümidvar olasınız, nə qorxunuz çox olsun, nə də ümidiniz qorxunuzu üstələsin.) Çünki bəndənin Rəbbinə olan yaxşı güman və ümidi, Rəbbindən olan qorxusunun miqdarındadır və insanların Allaha nisbətdə ən nikbini Ondan ən çox qorxandır.
Ey Məhəmməd ibn Əbu Bəkr, bil ki, mən səni qoşunlarımın ən böyüyü olan Misir əhlinə vali təyin etmişəm. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı, yaratdıqlarından birini (nahaq) şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvəzi, Onun yanında var, (amma) Allah yanında olan şeylərin əvəzi, Ondan başqasında yoxdur. (Əgər Allah razı olsa, başqasından nə qorxu və əgər O razı olmasa, başqasına nə ümid?)
Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. (Əgər namazını yaxşı qılsan, başqa işləri də yaxşı yerinə yetirəcəksən. Onu zay etsən isə ondan qalan işləri daha xarab və pis edəcəksən)
Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək
barəsindəki) bir hissəsidir
(Gərək sizin dil və qəlbiniz bir olsun və ikiüzlü olmayasınız, azğınların ardınca düşməyəsiniz.) Çünki qurtuluş (yolunun) başçısı (İmam əleyhis-salam) ilə həlakət (yolunun) başçısı (Müaviyə), Peyğəmbərin dostu ilə düşməni bir deyil. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) mənə buyurub ki: «Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir (başqalarını yoldan azdırmaqdan) saxlayır. (Deməli, ondan müsəlmanlara ziyan dəyməz.) Allah müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (ikiüzlülüyü qəlbində gizlədərək dilinə şəriət hökmlərini gətirənlərdən) qorxuram. O sizin bəyəndiyiniz şeyləri deyir, nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.
28-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.
Tək olan Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: məktubun gəlib mənə çatdı. Onda Allahın Məhəmmədi (səlləllahu əleyhi və alih) Öz dini üçün seçməsini və o Həzrəti qüdrət verdiyi səhabələrin yardımı ilə gücləndirməsini xatırladırsan. Deməli, zəmanə bizdən sənin barəndə təəccüblü şey gizlədibmiş ki, sən bizi Allahın bizim yanımızda olan xeyir-bərəkətindən və Peyğəmbərimizə görə bizə verdiyi naz-nemətdən xəbərdar etməyə başlamısan. Sən bu işində «Həcər»ə xurma vuran və yaxud öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxsə bənzəyirsən. İslamda insanların ən yaxşısının filankəslə filankəsin (Əbu Bəkr ilə Ömərin) olmasını güman edir, sonra elə şeyi (onları) xatırladırsan (tərifləyirsən) ki, əgər (dediklərin) düz olsa, ondan sənə bir pay çatmır, səhv olsa isə sənə bir ziyanı və xəcaləti yoxdur. Sənin (kimin) üstün və (kimin ondan) aşağı, (kimin) başçı və (kimin isə) əlaltı olması ilə nə işin var? Azad edilmişlər (Əbu Süfyan) və oğlanlarının (Müaviyənin) ilkin çağlarda Məkkədən Mədinəyə hicrət edənlər arasında ayrı seçkilik salmaq, onların mərtəbələrini müəyyənləşdirmək və təbəqələrini tanıtdırmaqla nə işi? (Sən ki, «azad edilənlər»dənsən və hələ də din və imanın həqiqətini dərk etməmisən, fəzilətli ilə üstünün və məqamı aşağı olanla əlaltının kim olmasını necə bilə bilərsən?) (Bu sözləri danışmaq ləyaqəti səndən) nə qədər də uzaqdır! Yarış oxlarından olmayan ox səs çıxartdı və xilafətə layiq kimsəyə tabe olmaqdan başqa bir şey rəva olmayan kimsə, xilafət və imamət barəsində hökm verməyə başladı. Ey insan, axsaq olmağına baxmayaraq, dayanmırsan? Əlinin qısa olduğunu görmürsən? Arxaya, qəzavü-qədərin sənin olmağını istədiyi yerə dönmürsən?! (Nə üçün ayağını yorğanından çölə çıxarır, xəcalət çəkib xəcalətlə başını aşağı salmırsan?) Məğlub olanın məğlubiyyətinin ziyanı və qalibin qələbəsinin xeyri sənə qalmayıb. Sən azğınlıq çölündə vurnuxursan və ayağını düz yoldan kənara qoymusan. Səni xəbərdar etmək (və özümü öymək) üçün deyil, Allahın (mənə əta etdiyi) nemətlərinə görə deyirəm: görmürsənmi (bilmirsənmi) Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi. Nəhayət, bizim şəhidimiz (Həmzə ibn Əbdülmüttəlib Ühüd müharibəsində) öldürüldü və (onun barəsində) belə deyildi (Həzrət Peyğəmbər buyurdu): «سيّد الشهداء» «O, Allah yolunda şəhid olanların ağası və böyüyüdür». Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onun namazını qılarkən yetmiş dəfə «Allahu əkbər» deməklə (bu fəziləti ancaq ona) məxsus etdi. Görmürsənmi (xəbərdar deyilsənmi) ki, Allah yolunda (Həzrət Peyğəmbərin səhabələrindən) bir dəstənin qolları (bədənlərindən) ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (Cə’fər ibn Əbu Talibin) başına gəldi. (Mu’tə müharibəsində qolları bədənlərindən ayrıldı və onun barəsində belə) deyildi (Peyğəmbər onu belə adlandırdı): «الطَّيّارُ فِي الْجَنَّةِ وَ ذُو الْجَناحَينِ» «O, iki qanad sahibidir və Cənnətdə uçur». Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi, danışan (İmam əleyhis-salam) saysız fəzilət və üstünlüklər sayardı ki, möminlərin qəlbləri onlarla tanış olar, eşidənlərin qulaqları inkar etməzdi. Buna görə də «ovun yoldan qaytardığı bir kimsəni özündən uzaqlaşdır». Biz Rəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir. Qədim şərəf və uzaq keçmişli böyüklük, bizə sənin qohumlarını özümüzə qarışdırmağa mane olmadı. Bir-birinə tay-tuş adamlar kimi (sizdən) qız aldıq, (sizə) qız verdik, halbuki siz həmin səviyyədə deyildiniz. Sizdə belə bir ləyaqət haradan ola bilər, halbuki Peyğəmbər bizdən, (Allahın Peyğəmbəri – səlləllahu əleyhi və alih – ilə hamıdan çox düşmənçilik edən və Bədr müharibəsində kafir kimi öldürülmüş) təkzib edən (Əbu Cəhl) sizdəndir! Əsədullah («أسَدُ الله» «Allahın şiri») bizdən (məqsəd o Həzrətin özü, ya da əziz əmisi - şəhidlərin ağası Həmzədir) Əsədul-əhlaf («أسَدُ الاَحْلاف» «andlar şiri») isə sizdəndir. Cənnət cavanlarının iki başçı və ağası bizdən (Həzrət Peyğəmbər –səlləllahu əleyhi və alih – buyurub: «هُما سَيِّدا شَبابِ أَهْلِ الْجَنَّةِ» «Həsənlə Hüseyn Cənnət cavanlarının başçılarıdırlar»), od əhli olan uşaqlar isə sizdəndirlər. Bütün aləmlərin qadınlarının ən yaxşısı (Fatimə salamullahi əleyha) bizdən, odun daşıyan qadın isə sizdəndir. (Qısası bunlar) bizim xeyrimizə olan çoxsaylı yaxşılıqlar və sizin ziyanınıza olan çoxsaylı pisliklər içərisində (işarə etdiyim azacıq bir hissə idi).
Müsəlmanlığımız deyilənlərdir (bizim İslamda hamıdan qabağa düşməyimiz və onda olan xidmətlərimiz hamıya məlumdur) və (İslamdan qabaqkı) cahiliyyət dövründəki (şərəf və üstünlüyümüz) də inkar edilmir. Allahın kitabı (Qur’ani-Kərim) barəmizdə pərakəndə və dağınıq olanları bizim üçün bir yerə topladı. (Bizim xilafət və imamətə layiq olmağımıza şahiddir.) Bu, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın kəlamıdır (Qur’ani-Kərimin Ənfal surəsinin 75-ci ayəsində): «وَأُوْلُواْ الْاَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ» «Qohumlar Allahın kitabında (Onun hökm və fərmanında) bir-birinə daha yaxındırlar». (Peyğəmbərin qohumlarının mən və mənim övladlarım olmasında heç bir şəkk-şübhə olmadığı üçün qohumluq ancaq ona məxsus olan şəxs o Həzrətin yerində dayanmağa daha layiqdir.) (Həmçinin) Allah-təalanın (Qur’ani-Kərimin Ali-İmran surəsinin 68-ci ayəsindəki) bu kəlamı: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ» «Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Məhəmmd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!» Deməli, biz bir dəfə (Həzrət Peyğəmbərlə) qohumluq və yaxınlığımıza görə (imamət və xilafətə başqalarından) daha layiqik, bir dəfə isə (o Həzrətə) tabe olaraq ardınca getdiyimizə görə. Mühacirlər (66-cı kəlamın şərhində toxunularaq izah edilən) Səqifə günündə Ənsara Peyğəmbərlə–səlləllahu əleyhi və alih–qohum olmalarını (xəlifəlik üçün) dəlil və sübut kimi gətirdilər və onlara qalib gəldilər. Buna görə də əgər qələbə çalmaq (xilafəti ələ almaq) Allahın Peyğəmbəri–səlləllahu əleyhi və alih–ilə qohumluğa görə gerçəkləşirsə (imamət bu yolla sübut olunursa), haqq (xilafət haqqı) bizə məxsusdur, sizə yox! (Çünki biz o Həzrətə daha yaxınıq.) Amma əgər qələbə, qohumluqdan ayrı bir şeylə gerçəkləşirsə (qohumluq dəlil və sübut deyilsə), onda Ənsar öz iddiasında qalmaqdadır.
Belə güman edirsən ki, mən xəlifələrin hamısına (Əbu Bəkrə, Ömərə, Osmana) həsəd aparmış və onlara zülm etmişəm. Əgər sənin bu gümanın düz olsa, sənə qarşı cinayət törədilməyib ki, səndən üzr istənilsin?! (Çünki onun sənə heç bir dəxli yoxdur, şair Əbi Zuvəyb demişkən: «وَ عَيَّرَ الْواشُونَ إِنِّي أُحِبُّها» Ağzıgöyçəklər məşuqəmi, mən onu sevdiyimə görə qınayır, məzəmmət edirlər.) «وَ تِلْكَ شَكاةٌ ظاهِرٌ عَنْكَ عارُها» «Bu, ar və xəcaləti səndən uzaq olan günahdır (ey məşuqə)!»
Deyibsən ki: məni (xəlifələrə bey’ət etmək üçün) burnuna çubuq soxulub çəkilən dəvə kimi çəkib apardılar ki, bey’ət edim. Allaha and olsun ki, məni pisləmək istəməyinə baxmayaraq, tərifləmisən; məni rüsvay etmək istəmisən, amma özün rüsvay olmusan. Müsəlmanın dinində şəkk və yəqin, inamında isə tərəddüd olmasa, onun zülm və sitəmə məruz qalması ona nöqsan və eyb deyil. (Xilafətimin sübutu üçün işarə etdiyim) bu dəlillərin bəyan edilməsindən məqsədim səndən başqalarıdır (icmanın gerçəkləşməsini iddia edən xəlifələrdir). Mən həmin dəlil və sübutların ancaq yeri gələn qədərini bəyan etdim (ki, sən öz azğınlığını başa düşəsən).
Sonra mənimlə Osman arasında baş verənləri xatırladırsan (məni ona kömək etmədiyim üçün zalım adlandırırsan). (Amma) onunla (yaxın) qohum olduğun üçün bu barədə sən cavab verməlisən. Buna görə də (de görüm,) mənimlə səndən hansı birimiz onunla daha çox düşmənçilik etdik və onun öldürülməsində bələdçi olduq? Ona kömək etmək istəyən, onun isə qoymayaraq özünü saxlamasını xahiş etdiyi kəs, yoxsa onun kömək istəməsinə baxmayaraq, köməyini əsirgəyən və ölümü (öldürülmək amillərini) ona tərəf istiqamətləndirən ki, nəhayət, qəzavü-qədəri (Allahın onun barəsindəki təqdiri) ona üz tutdu (və o öldürüldü)?! Allaha and olsun ki, belə deyil! (Sən münafiq və ikiüzlüsən. Çünki sən ona zülm etdin, indi isə özünü ürəyiyanan kimi göstərirsən. Allah Qur’ani-Kərimin Əhzab surəsinin 18-ci ayəsində sənin kimilər barəsində belə buyurur: «قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا») «Allah içərinizdən (müsəlmanların müharibəyə getmələrinə) mane olanları (münafiq və ikiüzlüləri) və qardaşlarına «bizə tərəf gəlin!» deyənləri tanıyır. Onlar ancaq az bir zaman (o da nifaq və özlərini göstərmək üçün) müharibəyə gəlirlər».
(Mən bu sözlərimlə) Osmana ondan baş verən bid’ətlər üçün nöqsan tutmağımdan üzr diləmək istəmirəm. Əgər mənim ona yol göstərməyim (sənin gümanına görə) günahdırsa, onsuz da: «رُبَّ مَلُومٍ لا ذَنْبَ لَهُ» «günahsız yerə məzəmmət olunan çoxdur». «وَ قَدْ يَسْتَفِيدُ الظِّنَّةَ المُتَنَصِّحُ» «bəzən çox öyüd verən kəs (öyüd nəsihətinin müqabilində) töhmət və pis gümanlar qazanır». (Bu misra öyüd-nəsihət verməyə çalışan, axırda isə pis məqsədlər güdməkdə günahlandırılan şəxs barəsində məsəldir. Qur’ani-Kərim Hud surəsinin 88-ci ayəsində Həzrət Şüeybin öz qövmünə dediyi sözləri belə bəyan edir: «إِنْ أُرِيدُ إِلاَّ الْإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ») «Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (işləri islah etməkdəki) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!»
(Məni müharibə ilə qorxudur və) deyirsən ki, sənin yanında mən və mənim səhabə və havadarlarım üçün qılıncdan başqa bir şey yoxdur! Ağladandan sonra güldürdün (bizi)! (Bu sözləri səndən eşidən kəs sənin İslam dinini ələ almağına ağlayandan sonra gülər. Sənin bu çərən-pərən sözlərin məni təəccübləndirərək güldürdü. Axı) sən Əbdülmüttəlib övladlarının düşmənlərdən çəkinərək üz çevirdiklərini və qılıncdan qorxduqlarını harada görmüsən? «لَبِّثْ قَلِيلاً يَلْحَقُ الْهَيْجا حَمَلْ» «Bir az ayaq saxla ki, Həməl (ibn Bədr – bu, Quşəyr ibn Kə’b ibn Rəbiə qəbiləsindən olan bir şəxsin adıdır) gəlib çatsın» («لا بأْسَ بِالْمَوْتِ إِذا الْموْتُ نَزَلَ» «Ölüm insana üz tutanda ondan heç bir qorxu yoxdur»). Tezliklə, axtardığın (və barəsində çərənçilik, boşboğazlıq etdiyin) şəxs səni axtarar və uzaq sandığın şey sənə yaxınlaşar. Mən Mühacirlər, Ənsar və gözəl şəkildə onlara davamçı olan çox böyük qoşunla sənə tərəf tələsirəm. Onların sayı çox, toz-dumanları isə dağınıqdır. Ölüm köynəyi geyiniblər. Onlar üçün ən yaxşı görüş özlərinin Rəbbi ilə görüşdür. Bədr müharibəsi iştirakçılarının övladları və Bəni-Haşimin qılıncları da onlarladır. Sən özün qardaşın (Hənzələ ibn Əbu Süfyan), dayın (Vəlid ibn Ütbə) baban (Ütbə ibn Rəbiə – o, Müaviyənin anası Hindin atasıdır və adı çəkilənlərin hər üçü Bədr müharibəsində öldürülüblər) və qohumlarına qarşı işlədilmiş həmin qılıncların itiliyini yaxşı bilirsən. (Qur’ani-Kərimin Hud surəsinin 83-cü ayəsində Lutun qövmü barəsində belə buyurulur: «وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ») «O əzab sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir!» (Gərək zalımlar bu cür əzab və çətinliklərə düçar olsunlar.)
29-cu məktub
İmam Əli əleyhis-salamın Bəsrə əhlinə olan məktublarındandır (ki, onda Bəsrə əhalisini onların çirkin əməllərindən keçdiyinə ümidvar edib və itaətsizlik etməkdən qorxudub).
(Azğınların ardınca getmək nəticəsində) ipinizin qırılması (əhd-peymanı pozmaq), düşmənçilik və müxalifət etməyiniz (nalayiq işləriniz) nadan və xəbərsiz olduğunuz məsələlərdən deyildi. Amma mən sizin günahkarınızı bağışladım, qılıncı üz çevirib qaçanınızdan saxladım, üz tutanınızı (qayıdanınızı) qəbul etdim. Lakin bundan sonra əgər haqqa zidd pozğunçuluq və səhv düşüncələr sizi mənimlə düşmənçilik və müxalifətə sövq etsə, bilin ki, öz atlarını yaxına gətirərək öz minik dəvəsinə palan qoyan mən olacağam. Əgər məni özünüzə tərəf gəlməyə məcbur etsəniz, sizinlə elə döyüşə başlayacağam ki, Cəməl müharibəsi onun yanında (qazan dibi) yalayanın (qazanın dibini) yalaması kimi olsun. Hərçənd ki, sizə tabe olanın fəzilət və böyüklüyü və (sizə, mənə qarşı çıxmamaq barəsində) öyüd-nəsihət verənin haqqından da xəbərdaram. Eyni zamanda günahsıza vurulmuş töhmətdən və vəfalıya qarşı peymanını pozandan da keçməyəcəyəm. (Müharibə zamanı haqq ilə batili bir-birinə qatışdırmayacaq, kimin öldürülməli və kimin buraxılmalı, kimin cəzasına çatdırılmalı və kimin mükafatlandırılmalı olmasını yaxşı bilirəm.)
30-cu məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verərək onu işin sonunda olacaq əzab və bədbəxtlikdən qorxudub).
Yanında olan şeylərə (nemətlərə) görə Allahdan qorx. Onun sənin boynunda olan haqqına (itaət, hökmlərinə tabeçilik və şükr haqqına) bax. Barəsində cahil və nadan olmaqda üzrlü sayılmayacağın şeyi tanımağa qayıt (öz zəmanənin imamına tabe ol). Çünki (əsası zəmanə imamının tanınması olan Allaha) itaət etmək və tabeçilik üçün aşkar nişanələr, aydın, düz və bəlli yollar və (Cənnət kimi) arzu olunan sonluq var. Zirəklər ona daxil olur, alçaqlar isə ondan boyun qaçırır, yayınırlar. (Allah və Peyğəmbərin göstərişlərinə zidd olan nalayiq işlər görürlər və nəticədə ona nail olmurlar.) Kim o yoldan çıxsa haqq yoldan kənara çıxıb və bilmədən azğınlıq çölünə ayaq basıb. Allah, nemətlərinin üzünü ondan döndərər (nemətlərini ondan alar) və əzab və çətinlikləri ona rəva bilər. Belə isə özünü qoru və nəfsindən qorx (onun göstəriş və istəklərinə uyğun davranma) ki, Allah (səadət və xoşbəxtlik) yolunu sənə göstərib. İşlərinin sənin öhdənə düşən qədərində öz atını zərər-ziyanın sonuna və küfr və üsyan diyarına (cəhənnəmə) sürmüsən və (istəklərinə tabe olduğun) nəfsin, səni şər və pisliyə (öz zəmanənin imamı ilə müxalifət etməyə) vadar edib, azğınlığa (əbədi bədbəxtliyə) atıb, pozğunçuluğa (Allah və Peyğəmbərə qarşı günah işlətməyə) məcbur edib və (hidayət və nicata gedən) yolları sənə çətinləşdirib. (Çünki nəfs, ona tabe olan şəxsin azğınlıq və zəlalət yollarından kənara çıxması üçün səadət və xoşbəxtlik yollarını ona çətinləşdirir.)
31-ci məktub
İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir.
(Bu vəsiyyətnamə) yoxluq və ölümə yaxın olan, zamanı (onun keçərliyi və çətinliklərini) etiraf edən, ömür və həyata arxa çevirmiş, dövrana (onun çətinliklərinə) təslim, dünyaya bədbin, ölülərin evlərində məskunlaşmış və sabah (yaxın olan ölüm günü) ondan köçəcək atadan (xalqın hidayəti və düz yola gətirilməsi barəsində) əldə edilməz bir şey arzulayan, məhv olanların (ölülərin) yolu ilə gedən, (müxtəlif) xəstəliklərə hədəf, zamanın girovu olan, müsibət və qəmlərə nişangah, dünyaya qul (onun xoşagəlməz rəftarına düçar), hiylə və yalan diyarının (yaxşılarının səadət və xoşbəxtliyi və pis əməllilərinin bədbəxtliyinin) taciri, (borc yiyəsi kimi öz borcunu almayınca əl çəkməyən xəstəliklərə, ölümlə nəticələnən hadisələrə və) puçluqlara borclu, (əlindən qurtarmaq mümkün olmayan) ölümə əsir, möhnətlərlə müttəfiq, qəm-qüssəyə yoldaş (insan möhnət və qəm-qüssədən ayrılmır və sanki onlardan ayrılmamağa və yoldaş olmağa and içib), bəla və dərdlərə hədəf, nəfsi istəklərin torpağa yıxdığı və (qovuşacağı) ölülərin canişini olan oğula!
Dünyanın mənə arxa çevirməsi, dövranın mənə itaətsizlik etməsi və axirətin mənə üz tutması barəsində bildiklərim məni başqasını yada salmaq və məndən sonra qalacaq (ev, var-dövlət və övlad kimi) şeylər üçün çalışmaqdan saxlayır. (Çünki belə bir vaxtda kimisə yada salmaq və ya nəyinsə qəmini çəkmək münasib deyil. Gərək səadət və xoşbəxtliyə səbəb olan fəzilətlər əldə etməyin fikrində olum.) Amma mənə camaatın qəm-qüssəsi deyil, yalnız öz qəm-kədərim aid edildiyi üçün (nə vaxt öz işimdən başqa iş və öz qəmimdən başqa qəmi yadımdan çıxartdımsa) düşüncəm məni təsdiqləyərək arzu və nəfsin istəklərindən saxladı, işimin həqiqətini (dünyadan köçməyi) aşkar etdi. Sonra məni onda oyun-oyuncaq olmayan səy və təlaşa və yalanla qarışıq olmayan doğruluğa vadar etdi. (Xülasə, dünyanın mənə arxa çevirdiyini və axirət səfərinə hazırlaşmağın zəruriliyini gördüyüm üçün öz işimdən başqa işlər üçün olan hər bir düşüncəni özümdən uzaqlaşdırdım. Amma) səni vücudumun bir parçası gördüm (çünki övlad insanın bir parçasıdır), hətta vücudumun hamısı hesab etdim (çünki övlad valideynin yerini tutaraq adını qoruyur). Belə ki, sənə bir şey gəlsə, mənə gəlmiş kimidir və əgər ölüm səni haqlasa məni haqlamış kimidir. (Qısası, sənin işlərin barəsində düşünməyim öz işim üçün düşünmək kimidir.) Sənin işin məni öz işlərim qəm-qüssəyə saldığı kimi kədərləndirir. Buna görə də (həmin səbəbdən) sağ qalmağımdan və ya ölməyimdən asılı olmayaraq bu məktuba möhkəm arxalanaraq onu sənə yazdım. (Bu elə bir vəsiyyətnamədir ki, əgər sən ona əməl etsən mənim qəlbim rahat olar.)
Oğulcan, sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı (çünki bina evin kamilliyi olduğu kimi Allahı yad etmək də nəfsin kamillik amilidir) və Onun (itaət və tabeçilik) ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah arasında olan ip və səbəbdən möhkəm ola bilər?!
Qəlbini öyüd-nəsihətlə (elm, hikmət və axirəti yada salmaqla) dirilt, zahidliklə (dünyaya ürək bağlamamaqla) öldür, yəqin və inamla (Allah və Peyğəmbərə iman gətirməklə) qüvvətləndir, hikmətlə (Allahın hökmlərini bilməklə) nurlandır, ölümü yada salmaqla zəlil və xar et (nəfsi istəklərə tabe olma) və (dünyanın) fanilik və yoxluğu(nu) etiraf etməyə məcbur et (onu dünyanın yox olacağını iqrar etməyə vadar et ki, oranın əbədi diyar olmasını zənn etməsin). Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et (ki, ona etimad etməsin), zamanın (acı hadisələrinin) hücumu və gecə ilə gündüzün pis keçməsi (insanın istək və arzularına uyğun olmaması) ilə qorxut. Keçənlərin xəbərləri (onların sərgüzəştlərinin necəliyi) ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan (onunla getməkdən) çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları (pis işləri) yerinə yetirən kəsdən ayrıl. Allah yolunda (din düşmənlərinə və pis işlərə əmr edən nəfsə qarşı) Ona layiq tərzdə cihad et. (İmkan və bacarığın olan qədər cihad etməkdən çəkinmə.) Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. (Başqalarını yaxşı işlərə əmr edərək pis əməllərdən çəkindirməkdə və digər ilahi hökmlərin icrasında kiminsə tənə vurması, sənə boynunda olan vəzifəni yerinə yetirməyə mane olmasın.) Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda (ona yardım etmək üçün) çalış. (Bu yolda qarşıya çıxan heç bir hadisədən üz çevirmə.) Dində elm əldə et. (Onun hökmlərini öyrən.) Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir! Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən (belə olan halda,) onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). Çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə. Çünki sözün ən xeyirlisi və gözəli onun fayda verənidir (qulaq asanın eşidərək ona uyğun rəftar etmədiyi deyil, eşidərək əməl etdiyidir). Bil ki, (sahibinə) fayda verməyən bilikdə xeyir yoxdur. Öyrənilməsi münasib olmayan (sehr, cadu və bu kimi din və məzhəbə zidd) elmdən fayda əldə edilməz.
Oğulcan, qocalaraq yaşlaşdığımı, zəiflik və süstlüyümün artmaqda olmasını görüb sənə vəsiyyət etməyə tələsdim. Zehnimdə olanları sənə çatdırmamış ölüm məni haqlayar və ya bədənimdə çatışmazlıq yarandığı kimi, düşüncəmdə də nöqsan yaranar, yaxud bəzi nəfsi istəklər və ya dünya fitnələri səni məndən tez qabaqlayar (nəfsi istəklərə tabeçilik və dünyaya ürəkdən bağlanmaq sənə hakim olmamışdan vəsiyyət etdim ki, birdən mənim öyüd-nəsihətlərimi qəbul etməzsən) və üsyankar dəvəyə dönərsən deyə, onda bir sıra fəzilətlər yazdım. Gəncin qəlbi (toxum səpilməmiş) boş yer kimidir. Hansı toxum səpilsə onu qəbul edər (bitirər). Buna görə də ürəyin (dünyaya vurğunluq səbəbindən) bərkiməmiş və ağıl və dərrakən (boş və puç işlərə) mübtəla olmamış səni ədəbləndirməyə başladım (din, hikmət, bilik və ibrət qaydalarını sənə xatırlatdım) ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçirməkdən qurtulasan. Beləliklə, bizim (çox zəhmətlə) əldə etdiyimiz ədəb (zəhmətsiz olaraq) sənə çatar və bizim üçün qaranlıq (gizlin və naməlum) olan şey, sənə aydın olar.
Oğulcan, məndən əvvəlkilərin ömrü kimi (uzun) ömür sürməsəm də, onların işlərinə nəzər salıb, xəbərləri barəsində düşünərək onlardan qalan şeyləri seyr etmişəm. Nəticədə onlardan biri (kimi) olmuşam. Hətta onların işləri barəsində mənə çatan şeylərə görə sanki birincisindən sonuncusuna kimi hamısı ilə yaşamışam. Beləliklə, onların işlərinin saf və yaxşısını bulanıq və pisindən və xeyrini ziyanından seçdim. Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum olanını (məəttəlliyə səbəb olanını) səndən uzuqlaşdırdım. Sənin işin məni, mehriban atanı vadar edən şeyə vadar etdiyi vaxt və səni tərbiyə etmək və ədəbləndirmək qərarına gəldiyim zaman belə məsləhət gördüm ki, bu işi həyata (yeni) üz tutduğun, zəmanəni yeni dərk etdiyin (gənc və yeniyetməlik) və pak niyyət və təmiz nəfsə malik olduğun vaxtda görüm. Və bu işə Allahın kitabı, onun tə’vili (yozumu), İslamın (həqiqi) yolları, şəriət hökmləri və Allahın halal-haramını öyrətməklə başlayıram. Allahın kitabından başqa bir şeylə başlamıram sənin təliminə. Sonra xalqın nəfsi istəklər və (ziddiyyətli) rəylərə uymaları səbəbindən (əqidə və şər’i hökmlərdə) şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə.
Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və (Əbu Talib, Seyyidüş-şühəda Həmzə və Cə’fər Təyyar kimi) keçmiş babaların və əməlisaleh əhli-beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər (özlərinə diqqət yetirərək səadət və xoşbəxtlik tapdılar). Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi. (Onlar özlərinə aşkar və məlum olan şeylərə inanaraq ona uyğun davrandılar, qaranlıq və naməlum qalan şeylərdən isə uzaqlaşdılar.)
Beləliklə, əgər nəfsin, sənin qohumlarının (təcrübə edərək) keçdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qəbul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şübhələrə (qatma-qarışıq sözlərə) girişərək mübahisə və çəkişmələrə daxil olmaq deyil, başa düşmək, çalışmaq və elm və bilik əldə etmək olmalıdır. Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq öz Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bütün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizlənib saflaşaraq təvazökar və itaətkar olmasını, fikrinin kamilləşərək (pərakəndəlikdən uzaqlaşıb) cəmlənməsini və o barədəki səyinin məqsədyönlü olmasını yəqin etdikdən sonra (bu vəsiyyətnamədə) dediklərimə nəzər sal və barəsində fikirləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən (ürəyin pak və itaətkar olmasa, düşüncələrin pərakəndə olsa, müxtəlif məqsədlərə malik olsan), bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara (azğınlıqlara) düşürsən. Anlayışı olmadan bilmədiyi yol ilə gedən və ya (haqqı batilə) qatışdıran kimsə dini istəyən adam deyil! Belə olan halda, dayanmaq və özünü saxlamaq (ağıl və elmin hökmünə) daha yaxındır.
Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır (bəla və çətinliklərə) düçar edən nicat verəndir. (Xülasə, işlərdə şəriksiz Allahdan başqa təsiredici yoxdur.) Dünya ancaq Allahın nemətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, (onun hikmət və məsləhətə əsaslanmamasını sanma) onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin (hikmət və məsləhətini) bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən (Onun rəhmət ipindən) yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun.
Oğulcan, bil ki, Allah barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) kimi heç kəs xəbər verməyib. Belə isə onu öz (səadət və xoşbəxtlik) bayraqdarın hesab et və (əzab və çətinliklərdən) nicat və qurtuluş rəhbərin bil. Mən (bu barədə) sənə öyüd-nəsihət verməkdə heç nəyi əsirgəmədim. Sən özün üçün (öz xeyrin üçün) fikir və düşüncələrində hər nə qədər səy və təlaş etsən də, heç vaxt mənim sənin üçün olan fikir və düşüncələrim həddinə çata bilməzsən.
Oğulcan, bil ki, əgər Rəbbinin şəriki olsaydı, sənin (hidayət edilməyin) üçün onun da peyğəmbərləri gələr, onun səltənət və hökmdarlıq nişanələrini görər, iş və sifətlərini tanıyardın. Amma Allah, Özünü vəsf etdiyi kimi təkdir. (Qur’ani-Kərimin Kəhf surəsinin 110-cu ayəsində buyurur ki: «أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ» «Sizin tanrınız yalnız tək olan Allahdır».) Səltənətində heç kəs Ona qarşı çıxmır. O heç vaxt zavala uğramır və həmişə olub (əbədi və əzəlidir). O hər şeydən əvvəldir, amma (say mənasında olan) əvvəl olmaq və birinciliksiz. Həmçinin hər şeydən axırdır, sonluqsuz! O, rübubiyyətinin qəlb və ya gözün əhatə etməsi nəticəsində isbat edilməsindən böyükdür. Buna görə də Onun sifətlərini (deyilən kimi) dərk etdikdən sonra, itaət və bəndəlik axtarışında, əzab və cəzasından qorxmaqda və qəzəbindən (rəhmətindən uzaqlaşmaqdan) çəkinməkdə qədir-qiyməti kiçik, qüdrəti az, acizliyi çox və Rəbbinə ehtiyacı böyük olan sənin kimisinə necə davranmaq layiqdirsə, elə hərəkət et. Çünki O, sənə yaxşılıqdan başqa bir şey əmr etməyib və səni çirkin işlərdən başqa bir şeydən çəkindirməyib. Oğulcan, səni dünya, onun necəliyi, aradan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sənə axirətdən və həmin diyarda onun əhli üçün hazırlanmış şeylərdən xəbər verdim. Dünya və axirət işləri barəsində sənin üçün misallar da çəkdim ki, onlardan ibrət götürərək ardınca gedəsən! Dünyanı sınaqdan keçirib tanıyan kimsə (arzu və istəklərinə) uyğun olmayan qəhətlik və dar yerdən, su və yeməyi bol və yaşıllıqları (geniş) olan yerə səfər edən müsafirlər dəstəsi kimidir. Onlar öz diyar və yerlərinin gen-bolluğuna çatmaq üçün yolun əziyyətləri, dostların uzaqlığı, səfərin çətinlikləri və yeməklərinin pisliyinə dözərlər. Beləliklə, həmin çətinliklərdən əziyyət və ağrı-acı hiss etməzlər. (Öz) yığdıqlarının həmin yolda xərcləməsində bir ziyan görməzlər. Onlar üçün onları mənzil və yerlərinə yaxınlaşdıran şeydən sevimli bir şey yoxdur. Dünyaya aldanan (və axirətə göz yuman) şəxs isə yeyib-içməyi bol, naz-neməti çox və (arzu-istəklərinə) müvafiq mənzildə olan və sonra ordan qəhətlik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün (əvvəl) olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur!
Oğulcan, özünü səninlə başqası arasında olan şeydə tərəzi et. Beləliklə, özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi, başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi, özündə də çirkin say. Sən özün başqaları barəsində məmnun və razı olub rəva bildiyin şeyi, başqalarının da sənə rəva bilmələrindən razı ol. Bildiyin az olsa da bilmədiyin şeyi demə. Sənə deyilməsini istəmədiyin şeyi (sən də başqalarına) demə.
Bil ki, məğrurluq və özünü bəyənmək xoşagəlməz və haqqa zidd bir xüsusiyyətdir və ağıla ziyan gətirər. Beləliklə, öz yaşayış və dolanışığını təmin etmək üçün çalış. Başqaları üçün xəzinədarlıq etmə. (Hərisliklə mal və sərvət yığaraq onu başqaları üçün saxlama.) Öz doğru yoluna çatanda (haqq yolu tapanda) isə, Rəbbin müqabilində ən təvazökar və itaətcil halda ol.
Bil ki, qarşında uzaq məsafəli uzun və çox qorxulu bir yol var. Sən orada yaxşılıq axtarışına və yükünün (ağır günah və itaətsizliklərdən) yüngül olması ilə birgə səni məqsədə çatdıracaq miqdarda azuqə götürməyə də möhtacsan. Buna görə də arxana taqət və bacarığından artıq yük götürmə ki, ağırlığı səni incidər (və yolda qalaraq başqalarına çata bilməzsən). Sənin azuqəni qiyamət gününə aparacaq və sabah, sən möhtac olduğun zaman onu sənə qaytaracaq möhtac və imkansız bir adam tapsan qənimət bil və azuqəni ona yüklə. Nə qədər ki, imkanın var, ona çox kömək et. Çünki ola bilər ki, (ehtiyac günü) onu axtarasan və tapmayasan. Sənin ehtiyacın olmayan zaman səndən borc istəyəni qənimət bil ki, möhtac olduğun gündə onu sənə qaytarsın.
Bil ki, sənin qarşında çox təhlükəli və çətin bir keçid var. Orada yükü yüngül olan yükü ağır olandan xoşhaldır və ağır tərpənən sürətlə gedəndən pis və aciz vəziyyətdədir. Həmin yolda, sənin enəcək yerin, mütləq ya cənnətdir, ya da od. Buna görə də (həmin diyara) çatmamışdan özün üçün qabaqcadan hazırlıq görən göndər (ki, sənin üçün asayiş və rahatlıq yeri əldə etsin). Getməmişdən qabaq mənzil hazırla ki, ölümündən sonra razı salmaq vasitələri yoxdur və heç kəs dünyaya qayıtmır. (Orada yaxşı iş görmək mümkün deyil ki, günahdan keçsinlər, həmçinin dünyaya qayıtmaq olmur ki, pis işlərə görə tövbə edilsin.)
Bil ki, göylər və yerin xəzinələri (qüdrətli və bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi verib və (onların) qəbul edilməsinə zəmanət verib. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etməsi üçün rəhmət və mehribanlıq diləməyini əmr edib. Səninlə Özü arasında Onu səndən ayıracaq bir kimsə qoymayıb. Səni Onun yanına şəfaətçi və vasitəçi aparmağa məcbur etməyib. Pis iş görəndə tövbə etməyinə mane olmayıb, (günahına görə) cəza verməyə tələsməyib. Rüsvay edilməyə layiq olduğun yerdə rüsvay etməyib səni. Tövbənin qəbul edilməsində səni əziyyətə salmayıb. Günahlara görə səni sıxıntıya salmayıb və rəhmətindən naümid etməyib. Hətta sənin özünü günahdan saxlamağını yaxşı iş (görmək) kimi dəyərləndirib. Sənin günah və pis işini bir günah, yaxşı və gözəl işini isə on bərabər hesab edib. Sənin üçün tövbə, peşman olaraq qayıtmaq və razı salmaq qapısı açıb. Beləliklə, nə vaxt çağırsan, səsini eşidər, nə vaxt Onunla münacat və razü-niyaz etsən, qəlbinin sirrini bilər. Belə isə, istəyini Ona çatdırarsan, ürəyinin sirrini Onun yanında açarsan və dərd-qəmindən Ona şikayət edər, Onunla dərdləşərsən. Ondan istəyərsən çətinliklərinin çarəsini və kömək və yardım diləyərsən Ondan. Ömür uzunluğu, can sağlığı və ruzi bolluğu kimi başqalarının verə bilmədikləri şeyləri, Onun rəhmət xəzinələrindən istəyərsən. Sənə Ondan istəmək icazəsi verməklə, xəzinələrinin açarlarını sənin əllərinə verib. Beləliklə, istədiyin zaman dua vasitəsi ilə nemətlərinin qapılarını açar, bir-birinin ardınca rəhmət yağışlarının gəlməsini istəyərsən. Allahın sənə gec cavab verərək (dualarını) gec qəbul etməsi naümid etməməlidir səni. Çünki bəxşiş niyyət miqdarında olur. (Duanın qəbul olunması niyyətin saflığı və daimiliyndən asılıdır.) Ola bilər, sənin duanın qəbul edilməsi (ona görə) təxirə düşsün ki, istəyənin mükafatı daha böyük, ümidvar olanın bəxşişi daha çox olsun. (Çünki duanın qəbul olunması nə qədər geciksə, istək daha da artar və daha yaxşı razü-niyaz edilər. Nəticədə həmin şəxs bəxşiş edilməyə daha çox layiq olar.) Çox şey var ki, (Allah-təaladan) istəyərsən və o sənə verilməz. Amma dünyada və axirətdə sənə ondan daha yaxşısı verilər. Yaxud da duan sənin üçün daha yaxşı olan şeyə görə qəbul edilməz. Çox vaxt da elə şey istəyirsən ki, o sənə veriləcəyi təqdirdə dinin məhv olar. Buna görə də gərək gözəlliyi sənə qalan, günah və əzabı isə səndən uzaq olan şeyi istəyəsən. (Xülasə, əbədi səadət və xoşbəxtliyə səbəb olan şeyi istə. İstəklərin çoxu dünya malı və sərvət barəsində olduğu üçün İmam əleyhis-salam onu məzəmmət edərək belə buyurur:) Mal sənə qalmır. Sən də ona qalmayacaqsan. (Axirətdə səninlə birgə olmayacaq ki, sənə xeyir versin və sən də həmişə dünyada qalıb ondan bəhrələnməyəcəksən.)
Bil ki, sən dünya üçün deyil, axirət üçün, qalmaq üçün deyil, yox olmaq üçün və yaşamaq üçün deyil, ölmək üçün yaradılmısan. Sən köç edilən yerdə, müvəqqəti diyarda və axirətə gedən yoldasan. (Buna görə də belə bir yerə ürək bağlamaq rəva deyil.) Sən əlindən qaçanın qurtula bilmədiyi və axtaranın əldən çıxarmadığı ölüm üçün bir ovsan və ölüm onu mütləq haqlayacaqdır. Belə isə ölümün səni özünə «ondan tövbə edərəm» deyib etdiyin günah zamanı haqlayaraq səninlə (həmin tövbə etmək barəsindəki) fikrin arasında ayrılıq salmasından qorx və çəkin. (Əgər belə olsa) həmin vəziyyətdə sən özünü məhv etmisən. (Çünki ağıldan uzaq belə bir fikirlə günah edib onun cəzasına düçar olmusan.)
Oğulcan, ölümü və qəflətən düşəcəyin ölümdən sonrakı hadisələri çox yada sal ki, o sənin yanına gələnə kimi özünü hazırlayıb (silahını taxaraq) kəmərini bağlamış olasan. Məbadə ölüm səni qəflətən haqlasın və (sən ona hazır olmadığın üçün) qalib gəlsin sənə! Dünya əhlinin dünyaya ürək bağlamaları, güvənmələri, hərislikləri və onun üstündə bir-birləri ilə düşmənçilik etmələrinin səni aldatmasından qorx. Çünki Allah səni ondan xəbərdar edib. Dünya özü də özünü sənin üçün vəsf edib və pisliklərini açıb göstərib. (Onun başqaları ilə rəftarını görürsən.) Dünyapərəstlər hürən itlər və ov axtaran yırtıcılardır (həmin heyvanlar kimidirlər). Onların bəzilərinin bəzilərindən xoşu gəlmir və bir-birlərinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar (bəzisinin) ayaqları bağlanmış dördayaqlılardır (dördayaqlılar kimidirlər). Digər qismi isə (başlı-başına) buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər-ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yoluna aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. (Ona vurğunluq və ürək bağlamaq nəticəsində) onu öz rəbbləri ediblər. Bu cür, dünya onlarla oynayır (ağıllarını oğurlayır) və onlar da dünya ilə oynayırlar (başlarını ona qatıblar). Ondan sonra gələcək (ölüm, çətinliklər və qiyamət günü kimi) şeyləri unudublar!!
Bir az döz və möhlət ver ki, qaranlıq açılsın. Deyəsən, kəcavələr çatdı (səfərdə olanlar gəldilər)! Tələsənin birləşəcəyi vaxt yaxındır. (Dünyaya könül verənlər tezliklə, hələ əbədi yerinə çatıb düşərgə salmamış qabaqkı karvana çatacaq və əməllərinin cəzasını alacaqlar.)
Oğulcan, bil ki, mindiyi dəvə gecə-gündüz yol gedən kimsə özü yol getməsə də, miniyi onu aparar. İstirahət və dincəlməkdə olsa da yolu qət edər.
Yəqin bil və inan ki, heç vaxt öz arzuna çatmayacaq və heç vaxt öz ölümündən qurtula bilməyəcəksən. Sən səndən əvvəlkilərin yolundasan. Belə isə (ölümə heç bir çarə olmadığı üçün mal və sərvətə görə) çalışmaqda yüngül keçin və dərinə getmə. Qazanılan şeydə səy və təlaşını gözəlləşdir (həris olma ki, onun axırı həlak və məhv olmaqdır). Çünki çox çalışmaqlar var ki, malın əldən çıxmasına səbəb olur. Hər çalışan tapmaz və hər ortayollu ümidsiz və məhrum olmaz. Nəfsin səni saysız nemətlərə çatdırsa da, onu bütün alçaqlıq və rəzilliklərdən üstün tut, əzizlə. Çünki nəfsindən sərf etdiyin şeyin müqabilində, onu əvəz edəcək bir şey tapa bilməyəcəksən. Başqasına qul olma (mal və məqam tamahı ilə heç kəsə baş əymə). Allah səni azad yaradıb. Pisliklə (başqasının yanında abır tökməklə) qazanılan xeyrin (mal və məqamın) harası xeyirdir?! Çətinliklə əldə edilən asanlığın nə xeyri var?!
Tamah və hərislik dəvələrinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin. (Dünya və onun mallarına tamah və hərislik nəticəsində haram işlər görmə ki, əgər etsən ilahi əzaba düçar olacaqsan.) Əgər səninlə Allah arasında başqa nemət sahibinin olmamasına bacarığın çatsa, et bunu! (Başqalarının yanında abrını tökmə.) Çünki sən (dünya süfrəsindən) öz payını tapacaq, (sənə çatmalı olan) hissəni əldə edəcəksən! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan çatan az, Onun yaratdıqlarından gələn çoxdan daha üstün və əzizdir, hərçənd ki, hər şey Ondandır.
Susmağının nəticəsində əldən çıxan şeyi əldə etmək danışmağın nəticəsində əldən çıxan şeyi geri qaytarmaqdan daha asandır. Qabda olan şeyin qorunması onun qapağının bərk bağlanmasından asılıdır. Mənə sənin öz əlində olanı qoruyub saxlamağın başqasının əlində olanı istəməyindən daha xoşdur. (Mal və sərvətə malik olmaq insanı başqasına möhtac edən israfdan daha yaxşıdır.) Ümidsizliyin (yoxsulluğun) acısı başqalarına əl açmaqdan daha yaxşıdır. İffətli və ismətli iş, günah və xəta ilə olan varlılıqdan daha xeyirlidir. İnsan öz sirrini daha yaxşı qoruyur. (Çünki onun sirri gizlin saxlamaq üçün olan səyi başqalarından daha çoxdur.) Çox çalışanlar var ki, çalışdıqları şey onlara ziyan gətirir. Çox danışan hərzəçi olar. (Öz dünya və axirət işləri barəsində) düşünən bəsirətə çatar. Yaxşı işlər görənlərə qoşul ki, onlardan olasan. Pislərdən ayrıl ki, onlardan olmayasan. Haram nə qədər də pis yeməkdir! Zülmün ən pisi zəif və acizə zülm etməkdir. Yumşaqlıq və mehribanlığın sərtlik və kobudluq sayıldığı yerdə sərtlik və kobudluq yumşaqlıq və mehribanlıqdır. (Yumşaqlıq fayda verməyən yerdə sərtlik bəyənilir və ağlın bir iş görə bilmədiyi yerdə dəlilik lazımdır.) Çox vaxt dərman dərd, dərd isə dərman olar. (Bəzən birinə yoxsulluq və xəstəlik məsləhət və xeyir olur, varlılıq və sağlamlıq yox.) Çox vaxt öyüd verməsi gözlənilməyən kəs öyüd verər, öyüd verməsi istənilən kimsə isə xəyanət edər. (Çox vaxt ağıllı və uzaqgörən və ya nadan düşmən sənin xeyir-ziyanın barədə sənə öyüd verər, dostun isə xəyanət edərək sənə yaxşı yol göstərməz.) Arzulara güvənmək və dalmaqdan çəkin. Çünki arzu axmaqların və ağlı az olanların sərmayəsidir. Ağıl təcrübələri yadda saxlamaq, qorumaqdır. (Ağıllı adam təcrübələri əldən verməz. Ağılsız isə onları tez yaddan çıxardar.) Etdiyin ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Fürsət olan zaman o, qəmə çevrilməmişdən tələs. Hər axtaran (axtardığını) tapmaz və həmçinin hər səfərə gedən geri dönməz. (Dünyaya ürək bağlama. Fürsəti əldən vermə və axirət üçün azuqə götür. Çünki fürsət həmişə ələ düşmür və ölüm səfərinə gedən geri dönmür.) Ziyanlardan biri də azuqəni (təqva və pərhizkarlığı) əldən vermək (yaxud var-dövləti şəhvət və nəfsi istəklərə sərf etmək) və axirəti bərbad etməkdir. Hər bir işin bir sonu var. (Ağıllı o adamdır ki, işin sonunu fikirləşir.) Sənin üçün nə təqdir edilibsə, tezliklə sənə çatacaq. (Bu qədər əziyyət çəkmə və öz din və dünyanı bərbad etmə. Mal və sərvət əldə etmək üçün dəniz və çöllükləri qət edən) tacir özünü məhvə və təhlükəyə atır. Nə çox elə az (mal) ki, bərəkəti çoxdan (çox maldan) daha artıqdır. (İsmətli peşə sahibinin əldə etdiyi şeyin xeyir-bərəkəti həm dünyada, həm də axirətdə günahkar varlının sərvətindən daha üstündür.)
Alçaq və xar köməkçidə və (nifaq və ikiüzlülükdə) günahlandırılan dostda xeyir yoxdur. (Çünki həmin köməkçinin imkanı olsaydı özünü zillət və xarlıqdan qurtarardı. İkiüzlü dost da ona görə ki, həmin şəxsə inam yoxdur. Çünki o öz xeyrini güdər və dosta ziyan dəyməsi barəsində fikirləşməz, qayğılanmaz.) Nə qədər ki, zəmanənin cavan dəvəsi sənə ram olub, onunla asan və yüngül davran. Özünü bir şeyin çoxuna göz dikib təhlükəyə atma. (Mal və sərvətini çoxaltmaq üçün hərislik göstərmə ki, çətinliklərə düçar olarsan.) Mindiyin dəvənin itaətsizlik etməsindən çəkin! (İnadkarlıq və düşmənçilikdən çəkin. Yoxsa səni işlərdə elə çətinliklərə düçar edər ki, onlardan yaxa qurtara bilməzsən.) Özünü qardaşın (dindaş və dostun) səndən ayrılanda ona yaxınlaşmağa, üz döndərəndə mehribanlıq və dostluğa, simiclik edərək əsirgəyəndə ona bəxşiş etməyə, uzaqlaşanda ona yaxınlıq etməyə, sərtlik edəndə ona qarşı yumşaq olmağa və o, pis iş görəndə üzr istəməyə vadar et. (Qısası, onun pislikləri müqabilində yaxşılıq et.) Sanki sən onun qulu, o isə sənin nemət verənindir (kimi et bunları). Deyilənləri öz yerindən başqa yerlərdə işlətməkdən (münafiqlə bu cür davranmaqdan) və ya onları ləyaqətsiz (alçaq) adamlarla münasibətdə etməkdən çəkin. (Çünki münafiq və ləyaqətsiz adama yaxşılıq etmək şoranlığa toxum səpməkdir.) Dostunun düşməni ilə dostluq etmə. Əgər belə etsən öz dostunla düşmənçilik etmiş olarsan. Öz qardaşına (dindaş və dostuna) saf (niyyətlə) öyüd ver (ona öyüd verərkən Allahın razılığını əldə etməkdən başqa heç bir qəsdin olmasın), istər (onun sənin öyüdünə münasibəti) yaxşı olsun, istərsə də pis. Qəzəbini qurtum-qurtum ud (özünü cilovla). Çünki mən sonda ondan şirin və dadlı bir içki görmədim. Sənə qarşı qəzəbli və kobud olanla yumşaq davran. Çünki (sənin yumşaqlığın onu utandırar və) tezliklə o sənə qarşı yumşalar. (Müqabil tərəf başa düşən adam olanda belə etmək lazımdır. Başa düşən adam olmasa isə onun qəzəbi müqabilində sərtlik etmək lazımdır.) Düşməninlə yaxşı və xoş davran. Bu, iki qələbədən (intiqam alaraq onu cəzasına çatdırmaqdan və ya güzəşt edərək ona yaxşılıq etməyin birindən) daha şirindir. Qardaşınla (dindaş və dostunla) münasibətlərini kəsmək istəyəndə dostluğunun yerinin bir azını saxla ki, həmin dost nə vaxtsa o dostluq yeri ilə qarşılaşsa ora qayıda bilsin. Sənin haqqında yaxşı və xoş fikirdə olanın zənnini doğrult. (O səni yaxşı bildiyi və səndən yaxşılıq umduğu üçün xeyir və yaxşı işləri tərk etmək rəva deyil.) Aranızdakı dostluğa güvənib arxalanaraq qardaşının haqqını pozma. Haqqını pozduğun kimsə qardaşın deyil. Ailən və qohumların sənə nisbətdə camaatın ən bədbəxti olmamalıdırlar. (Yaxınların bəxşiş və yaxşılıq edilmək baxımından başqalarından daha üstündürlər. Necə deyərlər: «Evə gərək olan çıraq məscidə yaraşmaz».) Səndən uzaq gəzənlə heç vaxt tanışlıq etmə. (Çünki istəməyən adamla tanış olmaq insanın həqir və xar olmasına və özünə zülm etməsinə səbəb olur.) Gərək qardaşının (dindaş və dostunun) səndən ayrılmaq bacarığı sənin onunla birləşməyindən və (həmçinin) onun pislik etməsi sənin yaxşılıqlarından üstün olmasın. (Xülasə, o nə qədər ayrılmağa şərait yaratsa da, sən birləşməyə səbəb olan şeyləri önə çək.) Sənə zülm edənin zülmü gözündə böyüməsin. Çünki o öz ziyanına (zalımlar üçün müəyyən edilmiş cəzaya) və sənin xeyrinə (sənin zülm və sitəmə səbr etməyə vəd edilmiş mükafata nail olmağına) çalışır. Səni sevindirənin mükafatı sənin onu qəmləndirməyin deyil!
Oğulcan, bil ki, ruzi iki qisimdir: bir ruzini sən axtarırsan, bir ruzi isə səni axtarır və sən ona tərəf getməsən belə sənə çatar. Ehtiyac və yoxsulluq zamanı özünü alçaltmaq, varlı ikən isə zülm və kobudluq etmək necə də çirkin xasiyyətdir! Sənin dünyandan qazancın yalnız öz yerini (əbədi axirətini) abadlaşdırmağa sərf etdiyin miqdardır. (Bundan başqa sərf etdiyin və ya özündən sonra qoyub getdiyin şeylərin sənə xeyri olmayacaq və onlar əlindən yapışmayacaqlar.) Əgər əlindən çıxan şey üçün ah-zar edib inildəyirsənsə, onda sənə çatmayan şeylərə görə də ağlayaraq nalə qopar. Artıq baş vermiş şeylərə əsaslanıb, olmayanlara dəlil gətir. (Gördüyün şeylərə baxıb görmədiyin şeyləri dərk et ki, gözüaçıq və işbilənlərdən olasan.) Çünki işlər (dünyanın işləri) bir-birinə bənzəyir. İncidilərək əziyyət verilməyincə öyüddən faydalanmayanlardan olma. Çünki ağıllı adam ədəb vermək və öyrətməklə öyüdlənər, heyvanlar isə kötək yeməyincə tabe olmazlar. Sənə üz tutan qəm-qüssələri təmkinli düşüncələr və (Allah-təalaya olan) gözəl inamla özündən uzaqlaşdır. (Allahın istəyinə tabe ol ki, sənin səadət və xoşbəxtliyin ondadır.) Kim düz və orta yolu tərk etsə, haqdan uzaqlaşıb və özünə zülm edib. Dost qohum yerindədir. (Qohumun barəsində riayət etdiyin şeyləri onun barəsində də etməlisən.) Dost o kəsdir ki, gizlində də düz olsun. (Dostunun hüzurunda etdiklərini o olmayanda da həmin cür etsin. Belə olmasa münafiq və ikiüzlüdür və öz xeyrinə görə özünü dost kimi göstərir.) Nəfsi istəklər korluğa bərabərdir. (Kor bir şey görmədiyi kimi nəfsi istəklər əsiri də qəlbi kor olduğu üçün yaxşı ilə pisi və öz xeyri ilə ziyanını bir-birindən ayıra bilmir.) Çox uzaq var ki, yaxından da yaxındır və çox yaxın var ki, uzaqdan da uzaqdır. (Çox vaxt yad insana xeyir verər, qohum isə ziyan vurar.) Qərib o adamdır ki, dostu yoxdur (hətta öz vətənində olsa belə). Haqqı (düz söz və əməli) aşanın yolu daralar. Öz qədir və məqamına uyğun (hərəkət edən) adamın qədri həmişəlik qalar. Əldə edərək yapışmalı olduğun ən möhkəm səbəb və ip səninlə Allah arasında olan səbəbdir. (Allahın ipindən yapışan kəs heç kəsə möhtac olmaz.) Sənin barəndə laqeyd olan (xeyrinlə ziyanını bir hesab edən) kəs sənin düşmənindir. Bəzən tamah və hərislik (insanı) həlakətə sürükləyəndə ümidsizlik əldə etmək olar. (Çox vaxt insan zərər və bədbəxtçiliyinə səbəb olan şeyə tamah salır və həmin şeydən ümidsizləşmək onu əldə etmək kimidir.) Hər yırtıq (çirkinlik) açılmaz (açaraq üzə çıxarmağın yaxşı deyil). Hər fürsət ələ düşməz. (Elə isə onu qənimət bil və əldən vermə.) Çox vaxt görən (ağıllı) adam öz düz yolunda səhvə düşür və kor (nadan ağılsız) nicat yolunu tapır. Pisliyi təxirə sal, gecikdir. Çünki istədiyin vaxt ona tərəf tələsə bilərsən. Nadanla əlaqələri kəsmək, ondan ayrılmaq ağıllı ilə münasibət qurmağa bərabərdir. Kim zəmanədən əmin olsa, zəmanə ona xəyanət edər. Kim onu böyük sansa, onu zəlil və xar edər. Hər ox atanın oxu hədəfə çatmaz. Hökmdar (onun düşüncə və rəftarı) dəyişəndə zəmanə (vəziyyət) də dəyişər. Yoldan qabaq yol yoldaşını, evdən qabaq isə qonşunu soruş.
Başqasından nəql etsən belə, gülünc söz danışmaqdan çəkin. (Çünki o, insanın başqaları yanında kiçilməsinə səbəb olur.) Qadınlarla məsləhətləşməkdən çəkin. Çünki onların nəzər və düşüncələri zəifliyə, qərarları isə süstlüyə doğru gedir. Hicab və örtüklə (ora-bura) baxmalarının qarşısını al. (Çölə çıxıb gözlərinin camaata sataşmasına icazə vermə.) Çünki hicabın möhkəmliyi (hicab örtmək və onunla zinətlənmək) onları daha yaxşı qoruyur. (Hər nə qədər hicabda olsalar, pozğunçuluqdan qorunmuş olarlar.) Onların çölə çıxmaları sənin onların yanına (kişi və qadınlığından asılı olmayaraq) inanılmayan və etibar edilməyən adamlar gətirməyindən pis deyil. Əgər bacarsan, elə et ki, səndən başqasını tanımasın. Qadını ona aid olmayan işə hakim etmə. Çünki qadın iş buyruqçusu deyil, ətirli bir güldür (gül kimidir. Buna görə də onu işləri yerinə yetirməkdən saxla). Onu əzizləyəndə ona aid olan şeylərdən kənara çıxma. Onu tamaha salma ki, başqası üçün şəfaət etsin, vasitəçilik etsin. Qısqanclıq edilməməli yerdə qısqanclıq etmək və pis gümana düşməkdən çəkin. (İffətli qadın barəsində pis gümana düşüb heç nədən özündən çıxma.) Çünki bu iş, düz qadını əyriliyə və (nalayiq işlərdən uzaqlıq zinəti ilə) bəzənmiş qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər. Əlin altında olanların və işçilərinin hər biri üçün bir iş müəyyənləşdir ki, (yerinə yetirməsə) həmin işə görə ondan yapışaraq sorğu-suala tuta biləsən. Çünki bu üsul onların sənin işlərini bir-birinin boynuna ata bilməmələri üçün daha münasibdir. Qohumlarına hörmət et, əzizlə onları. Çünki onlar sənin qol-qanadındırlar ki, onlarla uçursan; əsil-kökündürlər ki, onlara qayıdırsan (onlardan kömək və yardım alırsan və başucalığın onlarladır); sənin (yardımçı) əlindirlər ki, onlarla (düşmənə) hücum edirsən (qələbə qazanırsan).
Sənin din və dünyanı Allah yanında əmanət qoyuram (ki, qorusun və qarşıya çıxacaq hər bir pis hadisədən saxlasın). Ondan sənin üçün indi və gələcəkdə, dünya və axirətdə ən gözəl təqdir və istəyini diləyirəm. Salama layiq kimsəyə salam olsun!
32-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onun xalqı düz yoldan azdırmasını xatırladıb və Allahdan qorxmaq və çəkinmək barəsində öyüd-nəsihət verib).
İnsanların çoxunu həlak etdin: onları öz azğınlığınla aldatdın, öz (nifaq və ikiüzlülük) dənizinin dalğalarına atdın. Zülmətlər (azğınlıqlar) onları əhatə edib və şübhələr (əyriliklər) onların ətrafında ləpələnir. Beləliklə, öz doğru yollarından uzaqlaşdılar (haqdan sonra batilə tərəf getdilər). Keçmişlərinə qayıtdılar (dal-dala getdilər) və arxa çevirdilər. (Batil yoldan haqq yola) qayıtmış gözüaçıqları (ağıllıları) istisna olmaqla, (qalanları) əsl-köklərinə (sülalələrinin ad-sanına) arxalandılar (öyündülər). Bu cür onlar səni tanıyandan (sənin haqqa zidd addım ataraq xalqı aldatmağını biləndən) sonra səndən ayrıldılar. Onları çətinliklərə doğru çəkəndə (batilə sövq edəndə) və doğru yoldan qaytaranda (azdıranda), sənə kömək etməkdən Allahın yardımına qaçdılar. Belə isə, ey Müaviyə, özün (əzab və cəzaya düçar olmağın) barəsində Allahdan qorx və cilovunu Şeytanın əlindən çək (onunla əlaqələrini bir-birinə vur və nəfsinin ona tabe olmasının qarşısını al). Çünki dünya səndən ayrılacaq və axirət sənə yaxındır. Salama layiq kimsəyə salam olsun!
33-cü məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən (xilafətinin bütün müddəti ərzində) Məkkənin hakimi olan Qusəm ibn Abbasa (ibn Ədül Müttəlibə) məktublarındandır. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mənim qərbdəki (qərb şəhərlərindən olan Şamdakı) kəşfiyatçım məktub yazaraq məni Şam əhalisindən bir dəstənin həccə göndərilməsindən xəbərdar edib. Onların qəlbləri kor, qulaqları kar və gözləri anadangəlmə kordur. Onlar haqqı batildə (batil yolda) axtarırlar. (Belə güman edirlər ki, Müaviyəyə tabe olmaqla haqq dinə qovuşacaqlar.) Yaradılmışa tabe olub yaradana günah və Allaha itaətsizlik edirlər. (Müaviyəyə və onun tərəfdarının göstərişlərinə tabe olurlar və bu, Allahın hökmlərinə ziddir.) Din bəhanəsi ilə dünyanın südünü sağırlar. (Dünya malı əldə etmək üçün din və başqalarını pis işlərdən çəkindirmək adı ilə bir yerə toplaşaraq öz zəmanələrinin imamına qarşı çıxırlar.) Yaxşı əməl sahibləri və təqvalıların axirətlərinin əvəzinə mövcud dünyanı alırlar. (Əbədi xoşbəxtlik və Cənnətin yerinə Cəhənnəm alovu və ilahi əzabı götürürlər.) Yaxşı əməl sahibindən başqa heç kəs xeyir və yaxşılığa nail olmaz. Pis əməl sahibindən başqa heç kəs pis cəza görməz. Buna görə də çalışqan, ehtiyatlı və öz imam və rəhbərinə tabe olan ağıllı nəsihətçi kimi əlində olan şeydə (Məkkə hökuməti və onun nizam-intizam və sakitliyinin qorunmasında) möhkəm dur və müqavimət göstər. Məbada üzrxahlığa səbəb olacaq bir iş görəsən. Nemət firavanlığı zamanında çox şad olma (ki, bu, kibr və itaətsizliyə səbəb olur). Həmçinin çətinliklər zamanı qorxma və özünü itirmə (ki, bunlar məğlubiyyətə və cəsurluğun əldən çıxmasına gətirib çıxarır). Salama layiq kimsəyə salam olsun!
34-cü məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkrə məktublarındandır. Məhəmməd ibn Əbu Bəkrin Misir hökumətindən kənarlaşdırılaraq yerinə (Malik) Əştərin təyin edilməsi xəbərini eşidəndə qəmlənməsi o Həzrətə çatanda İmam bu məktubu yazıb. Əştər Misirə çatmamış yolda vəfat edib. (O, yolda öldürülüb. Onun başına gələnlər əlli üçüncü məktubun şərhində deyiləcək. İmam əleyhis-salam bu məktubda Malik Əştərin onun yerinə təyin edilməsinin məsləhət olmasının səbəbini açıqlayıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Əştəri sənin yerinə təyin etməyimdən narahat olmağın xəbəri mənə çatdı. Mən bunu sənin səy və təlaş göstərməkdə ağır tərpənməyin və sənin çalışqanlığını artırmaq üçün etməmişəm. (Çünki sən əlindən gələni etmisən. Amma Əştərin bacardığı işləri sən bacarmazsan.) Sənin əlində olan şeyi (Misir hökumətini) ixtiyarından çıxartsam da, səni elə şeyə (şəhər və ya işə) təyin edəcəyəm ki, onun ağırlıq və əziyyəti az, hakimliyi isə sənə daha xoş olsun.
Misirə vali təyin etdiyim şəxs (Malik, sənin kimi) bizim xeyrimizi düşünən və düşmənimizə qarşı cəsur və bacarıqlı bir adam idi (ki, sən belə deyilsən). Allah rəhmət eləsin ona və günahlarını bağışlasın ki, həyatını (səadət və xoşbəxtliklə) sona çatdırdı və ölümlə qarşılaşdı. Biz ondan razıyıq. Allah ona Öz rəhmətindən əta etsin və mükafatını bir neçə qat artıq etsin. Buna görə də (indi ki, Malik öldürüldü və Misirə çatmadı) düşmənə tərəf hərəkət et (şəhərdə qalma ki, düşmən sənə tərəf gəlsin), gözüaçıqlıqla yola düş (müharibə işində və üslubunda ehtiyat və sakitliyi əldən vermə) və səninlə döyüşənlə vuruşmağa tələs (ağır tərpənmə ki, sənə qalib gəlsin). (Onları) Rəbbinin yoluna dəvət et (ki, heç bir bəhanə yeri qalmasın və sənin onlarla müharibənin nəfsi istəklərə görə deyil, Allahın hökmü ilə olmasını bilsinlər). Allahdan çox yardım dilə ki, səni qəm-qüssəyə salan (düçar edən) şeylərdən qorusun və üz vermiş şeylərdə (çətinliklərdə) sənə yardım etsin, əgər Allah (fəth və qələbəni sənin üçün) istəsə!
35-ci məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr Misirdə öldürüləndən sonra Abdullah ibn Abbasa məktublarındandır. (Abdullah ibn Abbas o Həzrət tərəfindən Bəsrənin hakimi idi. İmam əleyhis-salam bu məktubu yazaraq onu Məhəmməd ibn Əbu Bəkrin şəhid edilməsindən və Əmr ibn As və Müaviyənin qoşununun Misiri ələ keçirmələrindən xəbərdar edib.)
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Misir zəbt edildi. (Müaviyənin qoşunu oranı tutdu.) Məhəmməd ibn Əbu Bəkr (Allah ona rəhmət etsin) şəhid edildi. Allahdan onun əvəz və əcrini istəyirəm. O bizim üçün xeyrimizi düşünən və mehriban övlad, zəhmətkeş məmur, iti bir qılınc və qoruyucu sütun idi. Mən xalqı həvəsləndirərək ona tərəf getməyə çağırır, öldürülməmişdən qabaq ona kömək etməyi əmr edirdim. Onları gizlin və aşkar şəkildə (ona kömək etməyə) çağırırdım. (Özü də) bir dəfə yox, dəfələrlə öz çağırışıma əvvəldən başlayırdım. Beləliklə, onların bəziləri nigaran və meylsiz halda gəlirdilər, bəziləri yalandan bəhanə gətirirdilər. Bir dəstə də öz yerində oturaraq etina etmirdi. Allahdan tezliklə məni onlardan nicat verərək xilas etməsini istəyirəm. Allaha and olsun ki, mənim düşmənimlə qarşılaşanda şəhid olmaq (Allah yolunda öldürülmək) arzum olmasaydı və ürəyimi ölümə qızdırmasaydım, heç vaxt bunlarla bir gün belə qalmaq və üz-üzə gəlib qarşılaşmaq istəməzdim. (Çünki bu cür insanlarla düşmənə qalib gəlmək mümkün deyil. Buna görə də naçar qalıb onlarla yaşayıram ki, qələbə qazanmasam da, şəhadət və Allah yolunda öldürülməyə nail olum.)
36-cı məktub
İmam Əli əleyhis-salamın qardaşı Əqil ibn Əbu Talibə, bəzi düşmənlərə tərəf göndərdiyi qoşun barəsindəki məktublarındandır. Bu, Əqilin o Həzrətə yazdığı məktuba cavabdır.
(Düşmənimin qələbə çalması və tərəfdar və şiələrimin mənə kömək etməmələri barəsində yazdıqların düz deyil.) Müsəlmanlardan ibarət böyük bir qoşunu ona (düşmənə) tərəf göndərdim. Bu xəbər ona çatanda, o, qaçmağa tələsdi və peşman halda geri döndü. Mənim qoşunum gün batana yaxın yolda ona çatdı. Sonra bir-birləri ilə «yox-yox» kimi vuruşdular. Beləliklə, boğazı bərk sıxılandan və yarımcan qalandan sonra bir saatdan artıq dayanmadan kədərlə xilas oldu. Deməli, ardıcıl çətinliklərlə qurtuldu. (Deyibsən ki, yaxınlarımı da götürüb sənin yanına tələsim və sağ qalsaq bir yerdə olaq, ölsək də bir yerdə ölək. Bunun cavabında belə deyirəm:) Qureyşi və onların azğınlıqda sürətlə irəliləmələri, düşmənçilikdə cövlan etmələri və sərgərdanlıqdakı itaətsizliklərini burax! (Onlar barəsində bir şey danışma.) Çünki onlar məndən qabaq Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə müharibə etmək üçün müttəfiq olduqları kimi mənimlə döyüşmək və vuruşmağa da birləşiblər. Cəza verənlər mənim yerimə Qureyşi cəzalandırsınlar. (Ümid var ki, onlar zalımların müxtəlif zülm və əzablarına düçar olsunlar.) Çünki onlar mənim (Həzrət Peyğəmbərlə olan) qohumluq tellərimi qırdılar (bu qohumluğa hörmət göstərmədilər) və anamın oğlunun (Peyğəmbərin) hökumətini (xilafətini, mənə qarşı olan kinlərinə görə) məndən oğurladılar.
Mənim (düşmənlə) müharibə barəsindəki nəzərimi soruşmusan (və demisən ki, kömək olmadan güclü düşmənlə müharibə aparmaq rəva deyil). Mənim fikrim Allaha qovuşana (Onun yolunda öldürülənə) kimi müharibəni düz sayanlarla (ilahi əhd-peymanı pozaraq Allah və Peyğəmbərin göstərişinə zidd davrananlarla) döyüşməkdir. Ətrafımda xalq kütləsinin çoxluğu mənim izzət və hörmətimi, onların ətrafımdan dağılmaları isə qorxu və vahiməmi çoxaltmır. (İstər kimsə mənə kömək etsin, istərsə də məndən uzaqlaşsın. Bunun heç birinə əhəmiyyət verməyib din düşməni qarşısında dayanaraq Allahın istəyini yerinə yetirəcəyəm.) Belə zənn etmə ki, atanın oğlu (İmam əleyhis-salam) xalq onu tək qoysa (kömək və yardım etməsə, düşmən müqabilində) xar və zəlil olacaq, süstlük və acizlikdən zora tabe olacaq, (ram edilmiş dəvə kimi) cilovunu onu çəkənin əlinə verəcək və yaxud da minmək istəyənə minmək imkanı verəcək! (Qısası, düşmən qarşısında heç bir çətinlikdən qaçmayacağam.) Lakin (Qüreyş və qohumlar barəsində söz danışmaq, deyilənlərə görə öz məşuqəsinə xitab edən) Bəni-Suleym qardaşın (Bəni-Suleym qəbiləsindən olan Abbas ibn Murdas Selminin) dediyi kimidir ki:
فَإِنْ تَسْأَلِينِى كَيْفَ أْنْتَ؟ فَإِنَّنِى صَبُورٌ عَلي رَيْبِ الزَّمانِ صَلِيبٌ
يَعِزُّ عَلَيَّ أَنْ تُري بِي كابَةٌ فَيَشْمَتَ عادٍ أَوْ يُساءَ حَبِيبٌ
«Əgər məndən soruşsan ki, «necəsən?», mən dövranın çətinliklərinə çox səbrli və vüqarlıyam. Mənim üçün məndə, düşməni şad edəcək, dostu isə qəmləndirəcək qəm-qüssənin görünməsi çox ağırdır. (Buna görə də Qüreyşdən söz açmır və onların pis rəftarlarından olan ürək ağrısı və incikliyimi açıqlamıram.)»
37-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, onda Müaviyəni məzəmmət edir və Osmana kömək edilməməsində onu günahlandırır).
Allaha həmd-səna edərək Onu hər bir eyb və nöqsandan pak bilirəm. (Əcəba) sənin haqqı zay etmək və etimad olunan şeyləri–Allahın bəyəndiyi və bəndələrinin dəlili olan həqiqətləri kənara atmaq nəticəsindəki şəhvətpərəstliyin, yeni nəfsi istəklərin və tabe olduğun çaşqınlıqlar nə qədər də çoxdur. Osman və onun qatilləri barəsində çox danışaraq çərənləməyinə (və onu məzlum kimi qələmə verməyinə) gəldikdə (bilməlisən ki): (sənin onun qisasını tələb etməyin yersizdir. Çünki) sən Osmana öz xeyirinə olan zaman kömək etdin. Onun xeyrinə olan zaman isə yardım etmədin. Salama layiq kimsəyə salam olsun.
38-ci məktub
İmam Əli əleyhis-salamın (Malik) Əştəri Misir əhalisinə vali təyin edəndə onlara yazdığı məktublarındandır. (İmam əleyhis-salam onları tərifləyərək onlara Malik Əştərə tabe olmağı əmr edib. O Həzrət əleyhis-salam Malik Əştəri Məhəmməd ibn Əbu Bəkrin yerinə Misirə göndərəndə oranın əhalisi iki dəstəyə bölünmüşdü. Onların bir hissəsi Osman və Müaviyənin tərəfdarı idilər və Məhəmmədlə müxalifət edirdilər. Əksəriyyət təşkil edən digər hissə isə Əmirəl-mömininin Osmanın öldürülməsi istiqamətində səy etmiş dostları idilər. İmam əleyhis-salamın məktubu onlara xitab və müraciətdir.)
Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Allahın (yaratdığı) yer üzündə günah və itaətsizlik ediləndə, Onun haqqı tapdananda (əmr və fərmanlarına əməl edilməyəndə), beləliklə də, zülm həm yaxşı, həm də pis iş görənin, həm məskunlaşan, həm də səfərdə olanın başı üzərinə kölgə salanda, (xalq Allah və Peyğəmbərin buyuruqlarının əksinə hərəkət edəndə və nəticədə) sığınılaraq asudəlik və rahatçılıq əldə edilən yaxşı və bəyənilən bir iş tapılmayanda və heç bir pis və çirkin işin qarşısı alınmayan zamanda (yaxşılıqlar tərk edilərək pis işlərin yayıldığı Osmanın zamanında) Allaha xatir qəzəblənən tayfa və dəstəyə məktubudur.
Beləliklə, Allah bəndələrindən elə birisini sizin yanınıza göndərdim ki, o, qorxulu günlərdə yuxuya getməz, qorxulu və vahiməli anlarda düşmən qabağından qorxub geri çəkilməz. O, (haqdan üz döndərərək azğınlığa düşmüş) pis əməl sahiblərinə qarşı odun yandırmasından da şiddətli və kəskindir. (O, düşmənləri əldən salan bir qəhrəmandır.) O, Məzhicdən (Məzhic qəbilə və tayfasından) olan Malik ibn Harisdir. Buna görə də onun sözlərinə qulaq asın və haqqa uyğun əmr və göstərişlərinə tabe olun. Çünki o, Allahın itiliyi korlaşmayan və zərbəsi təsirsiz qalmayan (vurulduğu yeri kəsən) qılınclarındandır. Buna görə də əgər o sizə (düşmənə tərəf) getməyi əmr etsə yola düşüb gedin. Əgər əmr etsə ki, getməyin, siz də getməyərək durun. Çünki o (heç bir işdə) mənim əmrim olmadan nə qabağa düşər, nə də arxaya çəkilər, nə üz döndərər və nə də irəli gedər. Mən onun sizin xeyrinizi istəməsi və düşmənə vurduğu cilovun möhkəm olması səbəbindən, onun barəsində sizi özümdən üstün tutdum. (Ona ehtiyacımın olmasına baxmayaraq, onu sizin yanınıza göndərdim. O, düşmənə əldən salan cilov vurur.)
39-cu məktub
İmam Əli əleyhis-salamın Əmr ibn Asa məktublarındandır (ki, onda onu azğınlığına və Müaviyəyə tabe olduğuna görə məzəmmət edir).
(Düz yolda olan nicat tapmışlara salamdan) sonra (bil ki): Sən öz dinini azğınlığı aşkar olan və pərdəsi yırtılmış bir kəsin (Müaviyənin) dünyasına tabe etmisən. O öz məclisində hörmətli şəxsi nöqsanlı və başıaşağı edir və ünsiyyətdə olmaqla alimi nadan edir. İndi sən də (bir loxma yemək tamahı ilə) aslanın dalınca düşüb pəncələrinə baxaraq ovunun artığını ona atmasını gözləyən it kimi belə bir adamın dalınca gedir və ondan bəxşiş istəyibsən. Buna görə də həm dünyanı, həm də axirətini bada vermisən (dünyada özünü rüsvay etmisən, axirətdə də ilahi əzaba düçar olacaqsan)! Əgər haqdan yapışsaydın (bizə üz tutsaydın dünya və axirətdən) istədiyini tapardın. İndi (ki, haqdan üz çevirib azğınlığa düşmüsən), əgər Allah mənə səni və Əbu Süfyanın oğlunu ələ keçirmək imkanı versə sizi cəzalandıracağam. Amma əgər məni acizləşdirib (məndən sonra) qalsanız (bilin ki,) qarşınızda olan (ilahi əzab və cəza) sizin üçün daha pisdir. Salama layiq kimsəyə salam olsun.
40-cı məktub
İmam Əli əleyhis-salamın məmurlarından birinə yazdığı məktublarındandır (ki, onda onu əyriliyinə görə məzəmmət edib və hesabat verməsini tələb edib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə Rəbbini qəzəbə gətirmiş, imamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.)
Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac və əkinəcəklərin məhsullarını özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əllərində olanı yemisən. (Beytülmalın mallarını götürüb özün üçün yığmısan.) İndi öz (mədaxil və məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət günündəki) hesabatı xalqın hesab-kitabından daha böyükdür. Salama layiq kimsəyə salam olsun!
41-ci məktub
İmam Əli əleyhis-salamın öz məmurlarından birinə olan məktublarındandır (ki, onda onu əhdini pozduğu və beytülmalı yediyi üçün məzəmmət edib).
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Mən səni öz əmanətimə (rəiyyətə hakimlik və onların bu dünya və axirət işlərinin islah edilməsinə) şərik və ortaq etdim. Səni köynəyim və paltarımın astarı (kimi) etdim. (Səni həmişə özümə ən yaxın və önəmli şəxs hesab edirdim.) Qohumlarımdan heç kəs əmanətin (beytülmala aid malların) mənə çatdırılmasında ahəngdarlıq və kömək etməkdə səndən etibarlı və sadiq deyildi. Bəs sən də dövranın əmin oğlunun əleyhinə olmasını, düşmənin ona hiddətlənməsini, xalqın əmanətinin (əhd-peymanlarının) məhv olmasını və bu ümmətin (qan tökmək və zülm etməyə) cürətlənərək dağılışmalarını görən kimi qalxanın arxasını çevirdin əmin oğluna (ona tabe olmaqdan əl götürdün)! Uzaqlaşanlarla birlikdə ondan uzaqlaşdın. Kömək etməyənlərlə əlbir olub ona kömək etmədin. Xəyanət edənlərə qoşulub ona xəyanət etdin. Beləliklə, nə əmin oğlu ilə yoldaşlıq etdin, nə də əmanəti əda etdin. Sanki sənin (din yolunda) çalışmağın Allaha görə deyildi. Elə bil ki, sən Rəbbindən (iman gətirmək üçün) dəlil və sübuta malik deyildin. (İmanı süst olanlar kimi Allahı tanımayaraq Ona laqeydcəsinə yanaşanlar kimi.) Sanki sən bu camaata qarşı hiylə və kələk işlədir və onları var-dövlət məsələsində aldatmaq istəyirdin. (Xülasə, sənin din və imanını üzə çıxarmaqdan məqsədin camaatı aldadaraq onların var-dövlərini oğurlamaq idi.) Xalqa xəyanət etməyin səni gücləndirdiyi üçün tez hücum edərək cəld tərpəndin və iti canavarın əldən düşmüş keçini oğurlaması kimi, onların dul qadın və yetimləri üçün yığdıqları var-dövlətlərindən əlinə düşəni oğurladın. Sonra həmin malı ürək genişliyi ilə (sevinc və şadlıqla), onu oğurlamağın günahından qorxub çəkinmədən Hicaza (Məkkəyə, yaxud da Mədinəyə) apardın. «Sənin kimi atadan heç olmaz!» (Vay olsun sənə!) Elə bil ki, sən ata-anandan (qalmış) miras payını (götürüb) ailənin yanına gətirmisən (beytülmalı ata-ananın mirası güman edibsən). Allaha həmdü-səna edib Onu hər bir eyb və nöqsandan pak və uzaq bilirəm. (Əcəba,) sənin məada və Allahın hüzuruna qayıdışa imanın yoxdur, yoxsa ki, (axirətdəki) hesab və sorğu-sualın dəqiqliyindən qorxmursan? Ey bizim yanımızda əvvəllər ağıllılardan sayılan, (o malı) yeyib-içməyi necə düzgün və doğru hesab edirsən, halbuki haram yeyib-içdiyini bilirsən? Allahın bu malları onlar üçün müəyyənləşdirdiyi və bu şəhərləri (düşmənlərdən) vasitələri ilə qoruduğu yetimlər, yoxsullar, möminlər və mücahidlərin malları ilə kənizlər alır və arvadlarla nigah bağlayırsan?! Bütün bunlara görə Allahdan qorx və bu dəstənin mallarını özünə qaytar. Əgər bu işi görməsən və Allah mənə əlimin sənə çatması imkanını versə, Allah yanında sənin barəndə (səni cəzalandırmaq barəsində) dəlil gətirər və səni həmin o qılıncımla vuraram ki, onunla vurduğum kimsə ancaq və ancaq oda (cəhənnəmə) daxil olub. Allaha and olsun ki, əgər sənin etdiklərini Həsənlə Hüseyn (əleyhiməs-salam) etsəydi, onlarla barışmazdım və onlardan haqqı tələb edib zülm ilə əldə edilmiş batili uzaqlaşdırmayınca onlar məndən olan heç bir istəklərinə çatmazdılar. Aləmlərin Rəbbi olan Allaha and olsun ki, sənin onların mallarından götürdüklərin mənim üçün halal olsaydı da, onu özümdən sonra irs qoymağım məni sevindirməzdi. Buna görə də «dəvəni səhər tezdən yavaş otar!» ki, deyəsən axirətə (ölümə) çatmısan, torpaq altında gizlədilmisən; zülmkarın (əldən verdikləri üçün) qəm-qüssəsi səbəbindən fəryad qopardığı və (başqalarının haqqını) zay edənin (dünyaya) qayıtmağı arzuladığı yerdə əməlin sənə göstərilib, halbuki həmin zaman (ilahi əzabdan) qaçmaq vaxtı deyil.
42-ci məktub
İmam Əli əleyhis-salamın Ömər ibn Əbi Sələmə Məxzumiyə olan məktublarındandır. O, İmam tərəfindən Bəhreynin hakimi olub və o Həzrət, Məxzumini öz vəzifəsindən kənarlaşdıraraq yerinə Nö’man ibn Əclan Zurəqini təyin edib. (İmam əleyhis-salam bu məktubda Öməri tərifləyib və onu özü ilə müharibəyə aparmaq istədiyini bildirib. Ömər Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zövcəsi Ummu Sələmənin oğludur. Nö'man Ənsarın böyüklərindən olub. «Rical» alimləri bu iki nəfəri Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər və rəvayət nəql etməkdə onlara etimad edirlər. Bəzi kitablarda Ömərin adı Əmr ibn Əbi Sələmə kimi yazılır. Amma onun adının Ömər ibn Əbi Sələmə olması daha düzgündür. Çünki «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda onun adı Əmr deyil Ömər kimi yazılıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən Nö’man ibn Əclan Zurəqini Bəhreynin vali və hakimi təyin etdim və əlini səni məzəmmət etmədən və qınamadan (ondan) üzdüm (səni öz yanıma çağırdım). Sən valiliyi gözəl yerinə yetirdin və əmanəti (beytülmalı) əda etdin. Belə isə (mənim yanıma) gəl ki, sənə qarşı pis gümanda deyiləm, səni məzəmmət edərək qınamıram və günahkar hesab etmirəm. Buna görə də (səni çağırmağımın səbəbi budur ki,) Şam əhlinin zalımlarına tərəf (onlarla müharibəyə) getmək qərarına gəlmişəm və sənin özümlə olmağını istəyirəm. Çünki sən, mənim Allahın istəyi ilə düşmənlə müharibə etmək və dinin sütunlarının qaldırılmasında (İslam hökmlərinin icrasında) arxalandığım şəxslərdənsən.
43-cü məktub
İmam Əli əleyhis-salamın, özünün Ərdəşir Xurrədəki (Farsda şəhər adıdır) valisi Musqələ ibn Hubəyrə Şeybaniyə olan məktublarındandır.
Mənə bir xəbər çatıb ki, əgər sən onu etmisənsə öz Allahını qəzəbləndirmisən (Onun rəhməti sənə şamil olmayacaq) və imam və rəhbərini hirsləndirmisən (və gərək o səndən intiqam alsın. Çünki xəbər çatıb ki): sən müsəlmanların nizə və atlarının topladığı və yolunda qanları axıdılmış mallarını səni seçmiş ərəb qohumların arasında bölüşdürmüsən. (Torpaq altında) toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər (xəbər verilmiş) bu iş doğru olsa, məndən özünə qarşı xarlıq görəcəksən və mənim yanımda olan məqam və mövqeyini yüngülləşdirəcəksən. Buna görə də Rəbbinin haqqını yüngül sayma və dünyanı, dinini xarab etməklə abadlaşdırma ki, (qiyamət günü) əməlləri baxımından ziyana uğrayanların sırasında olarsan.
Bil ki, sənin və mənim yanımda olan müsəlmanlar, bu malların bölüşdürülməsində bərabər hüquqa malikdirlər. (Hər bir kəs bulağın başına gedib qayıtdığı və bulaq fərq qoymadan hamıya su verdiyi kimi müsəlmanlar da) mənim yanıma o mallar üçün gəlib qayıdırlar. (Buna görə də sənin həmin malları ancaq öz qohum-əqrabana ayırmaq və bölmək haqqın yoxdur.)
44-cü məktub
İmam Əli əleyhis-salamın, Müaviyənin Ziyad ibn Əbihə məktub yazaraq onu (qardaş olmaları hiyləsi ilə) özünə birləşdirməklə aldatmaq istəməsini eşidərkən, Ziyada yazdığı məktublardandır.
Xəbərdar oldum ki, Müaviyə sənə məktub yazaraq qəlbini (xoşbəxtlik yolundan) sapdırmaq və sənin itilik və çevikliyinə (zirəkliyinə) nüfuz etmək istəyir. Buna görə də ondan çəkinərək qorx. Çünki o, insanın qabaq və arxasından, sağ və solundan gələn və sonda birdən onun qəflət və nadanlıq anında nüfuz edərək ağlını oğurlayan (və dünyada məəttəlçilik və sərgərdanlığa, axirətdə isə əbədi əzaba düçar edən) bir şeytandır.
Ömər ibn Xəttabın xilafəti zamanında Əbu Süfyandan nəfsi istəklər və şeytanın vəsvəsələri nəticəsində ölçülməmiş bir söz çıxdı. (Əmr ibn Asa belə dedi: Bu mənim onun anası ilə olan zinamın nəticəsidir.) Bu sözü deməklə nəsəb sübut olmur və onunla heç kəs irs aparmağa layiq olmur. (O Həzrət buyurur ki:) Belə səhv sözə ürək bağlayan şəxs dəvət edilmədən özünü şərab içənlərin içinə soxan və onların, hey rədd edərək uzaqlaşdırdıqları adama və (yük daşıyanın üstündən asılan və) qərar tutmayıb yellənən taxta kasaya bənzəyir. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
Ziyad o Həzrətin məktubunu oxuyandan sonra belə dedi: «Kə’bənin Rəbbinə and olsun ki, Əbu Süfyan deyilənlərə şəhadət verib». (Bu məsələ) həmişə onun nəzərində idi və nəhayət, Müaviyə onu çağırdı (və Ziyad da ona qoşuldu).
İmam əleyhis-salamın kəlamında işlədilmiş «الواغِل» «əl-vağil» kəlməsi o adama deyilir ki, o həmişə özünü şərab içənlərin arasına soxub onlarla içib onlardan sayılmamaq istəyir və buna görə də onu qovaraq öz aralarına girməsinə mane olurlar. «النَّوْطُ الْمُذَبْذَبُ» «ən-nautul-muzəbzəb» birləşməsi isə taxta kasa, qədəh və buna bənzər şeyə deyilir ki, miniyin üstündəki yükdən asılır və yükün üstündə adam olanda və miniyi möhkəm sürəndə dayanmadan yellənir.
45-ci məktub
İmam Əli əleyhis-salamın, onun tərəfindən Bəsrənin valisi olan Osman ibn Hüneyfə olan məktublarındandır. Həzrət bu məktubu Bəsrə əhlinin Osmanı qonaqlığa dəvət etməsini və onun qonaqlığa getməsini eşidəndə yazıb. (İmam əleyhis-salam onu həmin qonaqlığa getdiyi üçün məzəmmət edib. Osman və onun İmam əleyhis-salam tərəfindən Mədinənin valisi olmuş qardaşı Səhl ibn Hüneyf Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – səhabələrindən olublar. Onların hər ikisi ömürlərinin sonuna kimi Əmirəl-möminin əleyhis-salamın şiə və dostlarından olublar. Buna görə də «Rical» alimləri bu iki qardaşın yaxşılığında ixtilaf və tərəddüdə düçar olmayıb onların nəql etdikləri hədisləri mötəbər və inanılmış hesab etmişlər. Cəməl əhli Bəsrəni alarkən Osman ibn Hüneyfin başına gələnlərin bir hissəsi yüz yetmiş birinci xütbənin şərhində deyilib.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: ey Hüneyfin oğlu, mənə xəbər çatıb ki, Bəsrə gənclərindən biri səni toy süfrəsinə dəvət edib və sən tələsik həmin süfrəyə doğru getmisən. Sənin üçün növbənöv ləzzətli yeməklər istənilib və qarşına böyük kasalar gətirilib. Sənin, kasıb və yoxsullarını qovan, varlıları isə dəvət edən bir camaatın qonaqlığına getməyini güman etməzdim. Buna görə də bu yeməkdən dişlədiyinə diqqət et. (Halal və ya haram olması) sənə məlum olmayan şeyi at (yemə). Qazanılma yollarının pak olmasını (halal və düz yolla əldə edildiyini) bildiyin şeyi ye.
Bil ki, tabe və ardıcıl olan hər bir şəxsin bir imam və başçısı var ki, ona tabe olur və onun elminin nuru ilə aydınlıq axtarır. (Hər bir tabe və ardıcıl danışıq və davranışının düzlüyünü öz imamından öyrənir. Sən də gərək öz imamına tabe olub onun ardınca gedəsən.) Bunu da bil ki, sizin imamınız öz dünyasından iki köhnə paltarla (yəni, bədəni başdan ayağa kimi örtən qumaş köynək və şalvarla), yeməklərdən isə (iftar və obaşdanlıq və ya nahar və şam üçün) iki tikə çörəklə kifayətlənib. Sizin bu cür etmək qüdrətiniz yoxdur. Amma (heç olmasa) mənə pərhizkarlıq, çalışqanlıq, iffətlilik və düzlüklə kömək edin. Allaha and olsun ki, sizin dünyanızdan qızıl toplamamışam, onun qənimətlərindən çoxlu mal yığmamışam və əynimdəki köhnə paltardan başqa digər bir köhnə paltar hazırlamamışam.
Bəli, göyün kölkə saldığı bütün şeylərdən (dünya malından) yalnız Fədək bizim əlimizdə idi ki, bir dəstə adam (üç xəlifə) ona paxıllıq etdi (onu qəsb edərək əlimizdən aldı). Başqaları (İmam əleyhis-salam və əhli-beyti) da bəxşiş edərək ondan keçdilər. Allah gözəl hakimdir (və haqq ilə batil arasında hökm çıxaracaq). Mən Fədəyi və Fədəkdən qeyrisini nə edəcəyəm? Halbuki insanın yeri sabah (öləndən sonra) qəbir və gordur ki, onun qaranlıqlarında nişanələri məhv olacaq və xəbərləri itib gedəcək. Həmçinin elə bir çuxurdur ki, əgər onun genişliyi çoxalsa və gorqazanın əlləri onun genişliyində çalışsa daş-kəsək onu sıxar və torpaq bir-birinin üstünə yığılaraq deşiklərini örtər. Mənim fikir və düşüncəm bundadır ki, öz nəfsimi pərhizkarlıqla tərbiyə edərək xar edim ki, qorxu və vahiməsi çox olan gündə (qiyamətdə) asudə və rahat olsun və sürüşkənliyin kənarında möhkəm dayansın.
Əgər istəsəm yolumu bu balın saf və təmizinə, buğda çörəyinin xalisinə və bu ipək paltarın toxunulmuşu istiqamətinə sala bilərəm. Amma Hicazda (Məkkə, Mədinə və onun digər şəhərlərində), yaxud (Yəmən şəhərlərindən olan) Yəmamədə kiminsə (imkansızlıqdan) bir tikə çörəyə ümidsiz olması və tox yatdığı vaxtı yadından çıxarması ehtimalı ola-ola nəfsi istəklərin mənə qalib gəlməsi və hərisliyin çoxluğunun məni yemək seçməyə vadar etməsi məndən necə də uzaqdır!! Həmçinin ətrafımda ac qarın və isti (susuz) ciyərlər ola-ola tox qarınla yatmaq, yaxud söz sahibinin (Hatəm ibn Abdullah Tainin) dediyi kimi olmaq, məndən çox uzaqdır. O deyib:
وَ حَسْبُكَ داءً أَنْ تَبِيتَ بِبِطْنَةٍ وَ حَوْلَكَ أَكْبادٌ تَحِنُّ إِلَي الْقِدِّ
«Sənə bu dərd bəsdir ki, gecə tox qarınla yatasan və ətrafında keçi balasının dərisinin həsrətini çəkənlər olsun (nəinki yemək, heç bunu da tapa bilmirlər)».
Dövranın çətinliklərində onlarla həmdərd olmadan, acı günlərində gözləri önündə durmadan mənə möminlərin əmir və başçısı deyilməsi ilə kifayətlənim?! Məni fikri ancaq ot olan bağlı heyvan, yaxud bir şey tapıb yemək üçün zir-zibili alt-üst edən və mədəsini əlinə düşənlə dolduraraq onun üçün nəzərdə tutulan şeydən qafil olan açıb buraxılmış dördayaqlı kimi yaratmayıblar ki, gözəl təamlar yemək məni (əbədi xoşbəxtlikdən) saxlasın. Həmçinin məni bekar qalaraq əbəs yerə özbaşınalıq etmək və ya azğınlıq ipini çəkərək düşünmədən sərgərdanlıq yoluna yollanmağım üçün yaratmayıblar. Sanki sizlərdən birinin belə dediyini görürəm: «Əgər Əbu Talib oğlunun yeməyi budursa, onda zəiflik və süstlük onu tay-tuşları ilə döyüşdən və şücaətlilərlə rəqabət apararaq bərabərlik etməkdən saxlamayacaq!» Bilin ki, (suyun az çatdığı) çöl ağacının taxtası bərkdir (möhkəmdir). Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir. (Yağış suyundan başqa digər bir su tapmayan) səhra bitkilərinin alovlarının şöləsi daha çox saçır və onlar daha gec sönürlər. Mənimlə Rəsulullah (bağlılıq və birlik baxımından hər ikisi bir kökdən bitmiş) xurma ilə xurma və (bir-birinə birləşmiş) əl ilə bazu kimiyik. (Buna görə də) Allaha and olsun ki, əgər bütün ərəblər mənə qarşı müharibə etməyə birləşsələr onların qabağından qaçmaram və əgər ələ fürsət düşsə onlara tərəf tələsərəm (Allahın və dinin yardımı yolunda hamısının boynunu vuraram). Tezliklə yer üzünü bu baş-ayaq şəxsdən və başıaşağı gövdədən (Müaviyədən) təmizləməyə çalışacağam ki, daş-kəsək biçilmiş buğdadan ayrılsın. (Münafiq və ikiüzlünü möminlərin içindən qovub çıxaracaq və din yolunu azğınlıq yolkəsənlərindən təmizləyəcəyəm.)
Bu da həmin məktubun
(dünyanın məzəmməti, pərhizkarlar və
ona ürək bağlamayıb Allahın işindən qafil
olmayanların mədhi barəsindəki)
bir hissəsi və sonudur
Ey dünya, məndən uzaq ol ki, cilovun belindədir (cilovunu boynuna atıb buraxmışam səni). Mən sənin caynaqlarından sıçrayıb çıxmışam, tələlərindən qurtulmuşam, sürüşkənliklərinə (azğınlıqlarına) getməkdən çəkinmişəm. Oyun və şənliklərinlə tutub aldatdığın kəslər haradadırlar? Zinət və bəzəklərinlə fitnə və azğınlıqlara saldığın ümmətlər haradadırlar? İndi onlar gorlara girovdurlar və ləhədlərdə (qəbirdə olan çuxurlarda) itib-batıblar! Allaha and olsun ki, əgər sən görünən bir şəxs və hiss olunan bir cisim olsaydın, bəndələri arzular vasitəsi ilə aldatmağının, ümmətləri uçurumlara (bədbəxtliklərə) atmağının və padşahları məhvə təslim edərək onları nə düşülməsi və nə də qayıdılması (münasib) olmayan bəla və çətinlik nohurlarına salmağının əvəzində sənə ilahi hədd icra edərdim (Allahın günahlar üçün müəyyənləşdirdiyi cəzaları icra edərdim sənin barəndə). Mənim sənə aldanmağım baş tutan şey deyil. Sürüşkənliklərinə ayaq basan sürüşər, bol sularının üstünə çıxan batar və torunun iplərindən uzaq gəzən müvəffəqiyyət qazanıb (nicat tapar). Sənin əlindən salamat qalanın yataq yeri darısqal olsa (çətinlik və narahatçılıqla yaşasa) da, nigarançılıq keçirməz. (Çünki bu çətinliyin tezliklə keçib gedəcəyini bilir. Buna görə də buyurur:) Dünya onun gözündə ötüb keçməsi gəlib çatmış bir gün kimidir.
Uzaq ol məndən! Allaha and olsun, sənə ram olmayacağam ki, məni xar edəsən; tabe olmayacağam (əmrlərini yerinə yetiməyəcəyəm) ki, məni (istədiyin yerə) çəkib aparasan. Allaha and olsun – Allahın iradə və istəyini istisna edib and içirəm – nəfsimi elə tərbiyə edəcəyəm ki, yavanlığına bir tikə çörək tapanda sevinərək təəccüblənsin, duzla yavanlıq etməyə qane olub uyğunlaşsın və gözlərimin kasasını (ağlamağın çoxluğundan) öz halında qoyaram ki, suyu çəkilmiş bulaq kimi onun göz yaşı boşalsın. (O qədər ağlayaram ki, göz yaşım qurtarsın, qalmasın.) Otlayan heyvanın qarnı otladığı şeylərlə dolur və o, yanı üstə düşür (yatır) və qoyun sürüsü otdan doyandan sonra yatağına gedir. Əli (salavatullahi əleyh) də dördayaqlılar kimi öz azuqəsini yeyib yatsın?! Belə olsa gözləri aydın olsun ki, uzun illərdən sonra özbaşına buraxılmış və sürüdə otlayan dördayaqlının yolunu gedir (halbuki insanın əzm və düşüncəsinin yeyib-içmək olması ardır)!
Xoş o adamın halına ki, qayıdış (qiyamət günü) qorxusu gözlərini oyaq saxlayan, yanlarını yataqlardan uzaqlaşdıran, dodaqları yavaş-yavaş Rəbblərini zikr edən və istiğfarın (bağışlanmaq istəyinin) çoxluğundan günahları (dağınıq buludlar kimi) dağılmış dəstənin içərisində Rəbbinin vacib etdiklərini əda edir, çətinliklərdə dözümlüdür, gecələr yuxu və mürgü qalib gələnə kimi yuxudan uzaqdır (və yuxu və mürgü qalib gələndə isə) yeri öz döşəyi və əlini yastığı edir! (Qur'ani-Kərimdə Mucadilə surəsinin 22-ci ayəsində buyurulur:) «Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi – məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.»
Buna görə də ey Hüneyfin oğlu, Allahdan qorx (qarın otarmaqla məşğul olma). Gərək bir neçə tikə çörəklə kifayətlənəsən ki, o sənin oddan qurtulmağına səbəb olsun.
46-cı məktub
İmam Əli əleyhis-salamın icraçılarından birinə olan məktublarındandır (ki, onda ona rəiyyətlə mülayim və xoş davranmağı, lazım gələndə isə sərt olmağı əmr edir).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sən mənim dinin qorunmasında köməklərinə arxalandığım, vasitəsi ilə günahkarın itaətsizliyini yatırtdığım və düşmənin qorxulu dilçəyini (sərhəddini) bağladığım kimsələrdənsən. Buna görə də səni qəmləndirən işlərdə Allahdan kömək istə və (rəiyyətlə işlərində) sərtlik və qatılığı bir az yumşaqlıq və mülayimliklə qatışdır (ki, ürəyini ələ almaq istəyəndə edə biləsən). Mülayimlik lazım olan zaman mülayim və mehriban ol. Sərtlikdən başqa bir şey yeriməyən vaxt da sərtlik və qatılıq et. Qanadını rəiyyət üçün endir, onlarla gülərüz ol və özünü yumşalt (mehriban, mülayim və xoşrəftar ol.) Gözucu baxmaq, gözünü zilləmək, işarə etmək və salam verməkdə onların arasında bərabər davran (birini digərindən üstün tutma) ki, böyüklər sənin zülm etməyinə tamah salıb həris olmasınlar (səninlə düşmənçilik fikrinə düşməsinlər) və zəiflər sənin ədalətindən naümid olmasınlar. Salama layiq kimsəyə salam olsun!
47-ci məktub
İmam Əli əleyhis-salamın məl’un İbn Mülcəm onu zərbətləyəndən sonra Həsən və Hüseyn əleyhiməs-salama olan vəsiyyətlərindəndir (və onları intiqam almaqdan çəkindirib və yaxşı işlərə əmr edib).
Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizi axtarsa da, sizin onu istəməməyinizi vəsiyyət edirəm. (Dünya malına hətta əlinizdə olsa belə, ürək bağlamayın.) Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Düz və doğru danışın. (Axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı və kömək olun.
Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «İki nəfərin arasını (parçalanmaya səbəb olan ixtilafları) düzəltmək bütün namaz və oruclardan yaxşıdır.» (Çünki xalq arasında parçalanma hakim olsa dini işlər sahmana düşməz, düşmən ağalıq edər və abadlıqlar viranlıqlara və xarabalıqlara çevrilər.) Yetimlər barəsində Allahdan qorxun,
Allahdan qorxun. Belə ki, onların ağızları üçün növbə müəyyənləşdirməyin (gah tox, gah da ac saxlamayın onları). Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun, Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. (Həzrət Peyğəmbər) daima onları (elə) tapşırırdı ki, biz onlara (qonşudan-qonşuya) miras müəyyənləşdirəcəyini (mallarında onlara bir pay ayıracağını) güman etdik. Qur’an barəsində Allahdan qorxun, Allahdan qorxun ki, başqaları ona əməl etməklə sizdən qabağa düşməsinlər. Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun, Allahdan qorxun. Rəbbinizin evi (əzəmətli Məkkə) barəsində Allahdan qorxun, Allahdan qorxun. Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə (sizin getməməyiniz nəticəsində boş qalsa, ilahi əzab) sizə möhlət verməyəcək (və Allahın əzabına düçar olacaqsınız). Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun. (Dinin yayılması və Allah və Peyğəmbərin düşmənləri ilə vuruşmaqda heç nədən çəkinməyin.) Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan qorxun. «Əmr be mə’ruf»u (başqalarını bəyənilən yaxşı işlər görməyə vadar etməyi) və «nəhy əz munkəri» (çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaq etməsini istəyərsiniz amma) qəbul olmaz. Sonra belə buyurdu:
Ey Əbdülmüttəlib oğulları, sizi «Əmirəl-möminin öldürüldü, Əmirəl-möminin öldürüldü» deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün bayraq etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir.
Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu «muslə» etməyin. Çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Muslə etməkdən uzaq olub çəkinin, hətta qapağan it olsa belə.» (Çünki Allah adamları, qatilin əməlindən çox kədərli olsalar da bu cür cəza növünü bəyənmirlər. O, nadan və kobud adamların davranış tərzidir ki, onlar öz ürəklərində olan kinlərini bununla soyudur, qabalıqlarını üzə çıxarırlar.)
48-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verib).
Zülm etmək və yalançılıq insanın din və dünyasını məhv edir və nöqsan axtaranın yanında onun naqislik və gücsüzlüyünü üzə çıxarır. Sən bilirsən ki, əldən çıxması təqdir edilmiş şeyi (dünyadakı istəklər və ya Osmana öldürülməsindən sonra kömək edilməsini) əldə edə bilməyəcəksən. Bəzi dəstələr haqsız olaraq işin (imamət və xilafətin) fikrinə düşdülər və (həqiqi imama tabe olmamaq, əhdi pozmaq və vəzifə və dünya malı əldə etmək üçün) aşkar ilahi hökmü başqa yerə yozdular. (Öz meylləri ilə xilafəti camaatın rəyinə həvalə etdilər və öz arzularına çatmaq üçün Osmanın qisası məsələsini bəhanə etdilər.) Buna görə də Allah onları yalançı adlandırıb (və onlara yalançıların əzab və cəzasını verəcək). Belə isə o gündən qorx və çəkin ki, onda işinin sonunun yaxşı olmasını görən kəs şad olacaq, ixtiyarını Şeytana vermiş və onunla vuruşaraq müqavimət göstərməyən (cilovunu Şeytanın əlindən çəkməyən və onun istədiyi yerə apardığı) kəs isə peşman olacaq.
Sən Qur’an əhli olmamağına baxmayaraq, (Siffeyn müharibəsində) bizi Qur’anın hökmünə dəvət etdin. (Qur’an əhli olmamağının dəlili, işlərinin onun hökm və göstərişinə zidd olmasıdır.) Biz sənə cavab vermədik və Qur’anın hökmünü qəbul etdik. Salama layiq kimsəyə salam olsun!
49-cu məktub
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə (öyüd-nəsihət verdiyi) məktublarındandır.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünya (insan üçün) baş qatmaq və ondan başqasından (axirətdən) saxlamaq yeridir. Dünyatələb dünya malından bəhrələndikcə ona olan vurğunluq və hərisliyi də mütləq artacaqdır. (O, bir şey əldə edəndə ondan bəhrələnməmiş daha çoxunu arzulayar.) Dünyatələbi, heç vaxt onda tapdığı (dünya malı) əldə etmədiyindən (axirət nemətlərindən) ehtiyacsız etməyəcək. Halbuki topladıqdan sonra ondan ayrılmaq, möhkəmləndirməsindən sonra isə məğlubiyyət və bir-birinə vurmaq mövcuddur. Əgər (öz ömründən və ya zamanın hadisələrindən) keçənlərdən ibrət alsan, qalanında özünü saxlayaraq bəhrələnəcəksən. Salama layiq kimsəyə salam olsun!
50-ci məktub
İmam Əli əleyhis-salamın qoşunlarının başçılarına olan məktublarındandır. (Həzrət bu məktubda onların imamın boynunda, həmçinin özünün onların boynunda olan haqlarını bəyan edib və onlara ədalətli və əmrlərinə tabe olmağı əmr edib.)
Bu, Allahın möminlərin başçısı və əmiri olan bəndəsi Əli ibn Əbu Talibin sərhədçilərinə olan məktubudur: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin bir üstünlük tapması və nemət əldə etməsi onun rəiyyətlə olan münasibətlərinin dəyişməsinə səbəb olmamalıdır. (Məqam və vəzifə onu əli altında olanları incitməyə vadar etməməlidir.) Həmçinin Allahın ona qismət etdiyi nemətlər, onu Allahın bəndələri ilə daha yaxından tanış olmağa və qardaşları ilə mehriban olmağa məcbur etməlidir. (Kim belə etməsə Rəbbinin nemətlərinin şükrünü yerinə yetirməyib.)
Bilin ki, sizin mənim boynumda olan haqqınız müharibə zamanından başqa sizdən heç bir sir gizlətməməyim (çünki müharibə sirlərinin faş olması ilə düşmən ondan xəbərdar olar), şəriət hökmlərindən başqa heç bir işi sizinlə məsləhətləşmə aparmadan yerinə yetirməməyim (şəriət hökmlərində məsləhətləşmə aparmaq lazım deyil, çünki siz bütün hökmləri məndən öyrənməlisiniz), haqlarınızın yerində sizə çatdırılmasında səhlənkarlıq etməməyim, möhkəmləndirərək sona çatdırmayınca ondan əl çəkməməyim və haqq və hüquq baxımındın sizin mənim yanımda bərabər olmağınızdır (mənim birinizi digərinizdən üstün tutmamağımdır). Beləliklə, mənim sizinlə rəftarım bu cür olduğu halda nemətləri sizə tamamlamaq Allahın öhdəsinədir. Mənim sizin boynunuzda olan haqqım isə tabeçilik və itaətkarlıq, mənim əmrlərimdən üz döndərməməyiniz, mənim məsləhət bildiyim işlərdə səhlənkarlıq etməməyiniz və haqq yolu üzərindəki çətinliklərə daxil olmağınızdır (haqqı tapmağınız üçün çətinliklərə qatlaşmağınızdır). Əgər siz mənim barəmdə bunları etməsəniz, mənim yanımda heç kəs sizin əyri yol ilə gedəninizdən xar və alçaq ola bilməz. Buna görə də onu bərk cəzalandıraram və o, mənim yanımda (həmin cəzadan) qurtulmaq imkanı əldə edə bilməz. Siz (də) öz (əliniz altında olan) başçılarınızla belə bir peyman bağlayın və Allahın, vasitəsi ilə işinizi islah etdiyi şeylərdən özünüz onlara bağışlayın. (Onları xar etməyin ki, köməkləri vasitəsi ilə düşmənə qalib gələ biləsiniz.) Salama layiq kimsəyə salam olsun!
51-ci məktub
İmam Əli əleyhis-salamın xərac toplayan məmurlarına olan məktublarındandır. (Həzrət bu məktubda xərac alanda camaatı incitməkdən və satılması ziyan olan şeyi satmağa məcbur etməkdən çəkindirir.)
Bu məktub Allahın bəndəsi Əmirəl-möminin Əlidən xərac toplayanlaradır: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: kim ona üz tutacaq şeydən (qiyamət gününün hesab-kitabından) qorxmasa özü üçün qabağa onu (əzab və cəzadan) qoruyacaq qoruyucu göndərməz. Bilin ki, sizin üzərinizə qoyulmuş iş yüngül, onun savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və haqsızlıq kimi şeylərə görə bir cəza olmasaydı da, onlardan çəkinmək müqabilində olan savab, onu istəməməyə bir bəhanə yeri qoymur. Belə isə xalqla mülayim və insaflı davranın və onların istəklərinə səbr və dözümlə yanaşın. Çünki siz rəiyyətin xəzinədarlarısınız (və xərac almaq üçün bir dəstə ilə ünsiyyətdə olur, iş görürsünüz və yığdıqlarınızı digər bir dəstəyə ötürməlisiniz. Belə işlə məşğul olan adam səbrli və təmkinli olmalıdır). Həmçinin ümmətin vəkili, imam və başçıların nümayəndələrisiniz (ki, onlar sizin vasitəsinizlə rəiyyət barəsində göstəriş verirlər). Heç kəsi istəyi barəsində qəzəbləndirərək hacətindən çəkindirməyin. Camaatdan xərac alan zaman onların qış və yay paltarlarını, iş heyvanlarını və qullarını satmayın. (Əgər xəracı ödəməyə malı yoxdursa, ehtiyacları olan şeyləri onlardan almayın.) Qətiyyən heç kəsə bir dirhəmə görə qamçı vurmayın. Namaz qılanların və (cizyə verərək İslamın pənahında olan) peyman bağlamışların heç birinin mallarına – vasitəsi ilə müsəlmanlara zülm edilən at və silah tapmağınız istisna olmaqla – toxunmayın. Çünki müsəlmanın onları (at və silahı) İslam düşmənlərinin əlində qoyması və nəticədə onların onun müqabilində qüdrətə malik olmaları rəva deyil. Özünüzə öyüd-nəsihət verməyi, qoşuna yaxşılıq etməyi, rəiyyətə kömək göstərməyi və Allahın dinini gücləndirməyi tərk etməyin. Allah yolunda münasib, sizə vacib və lazım olan şeyi yerinə yetirin. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah bizdən və sizdən Onun ehsan və yaxşılıqları müqabilində Ona şükr etməyimizi və gücümüz çatan qədər Ona yardım etməyimizi istəyib, (hərçənd ki,) uca və böyük Allahın yardımı olmadan heç bir güc və qüdrət yoxdur.
52-ci məktub
İmam Əli əleyhis-salamın şəhərlərin hakimlərinə namaz (onun vaxtı) barəsindəki məktublarındandır.
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: zöhr (günorta) namazını camaatla günorta (günəş göyün ortasından qərb istiqamətinə meyl edən zamandan) günəşin kölgəsi keçi ağılı (keçilərin yatdıqları yerin divarı) qədər qayıdan zamana kimi (hər bir şeyin kölgəsi onun özü miqdarında olana kimi) qılın. Həmçinin onlarla əsr (ikindi) namazını günün (sonunda deyil) bir hissəsində–(günəşin batmasına) iki ağac yol getmək mümkün olan qədər vaxt qalan zaman, günəş (solğun deyil) ağ və görünən olanda qılın. Oruc tutmuş şəxs iftar edəndə və hacılar (Ərafatdan) Minaya yola düşəndə, onlarla məğrib (axşam) namazını qılın. Onlarla, işa (xüftən) namazını isə qırmızılıq (qərbdən) çəkiləndən gecənin üçdə birinə kimi qılın. Şəxs öz dost və yoldaşının sifətini görüb seçə bildiyi zaman da onlarla sübh namazını qılın. Namazı onlarla onların ən zəifi kimi qılın (müstəhəb olan yerləri azaldın) və fitnə-fəsada səbəb olmayın.
53-cü məktub
İmam Əli əleyhis-salamın (Malik ibn Haris) Əştər Nəxəiyə (Allah onu bağışlasın) onu Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti alt-üst və qarmaqarışıq olan zaman Misirə və onun ətraf bölgələrinə vali təyin edəndə yazdığı əhd-peymanlardandır. Bu, yaxşılıq və xeyirxahlıqlar (başqalarına kömək etməyin hökmləri, rəiyyətin təşkilatçılığının sirləri, ölkə idarəçiliyinin qaydaları, qoşun çəkməyin yolları və hamıya öyüd-nəsihət) barəsində yazılaraq toplanmış ən uzun əhdnamədir.
Ruzi verən və bağışlayan Allahın adı ilə
Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Malik ibn Haris Əştəri Misirə, oranın vergilərini yığmaq, düşmənləri ilə vuruşmaq, əhalisinin vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olmaq və şəhərini abadlaşdırmaq üçün vali təyin edən zaman onunla olan əhdindəki əmrləridir.
Ona pərhizkarlıq edərək Allahdan qorxmağı, Onun hökmlərini üstün tutmağı və Öz kitabında (Qur’ani-Kərimdə) əmr etdiyi vacib və bəyənilmişlərə tabe olmağı əmr edir. Onlara (həmin vacib və bəyənilmiş şeylərə) əməl etmədən heç kəs xoşbəxt ola bilməz və hər bir kəs ancaq onlardan boyun qaçıraraq onları ayaq altına salmaqla bədbəxt olar. Həmçinin nöqsan sifətlərdən uzaq və pak olan Allaha (Onun dininə) qəlb, əl və diliylə yardım etməsini əmr edir. (Qəlbində iman və inamı olsun, əli ilə düşmənin qarşısını alsın, dili ilə isə yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirsin.) Çünki adı uca olan Allah Ona yardım edənə yardım etməyə, Ona (dininə) hörmət göstərənə izzət bəxş etməyə zəmanət verib.
Ona əmr edir ki, şəhvət və istəklərin (tüğyan edən) zamanında öz nəfsini bassın və baş qaldıraraq itaətsizlik edən vaxt onun qarşısını alsın (ki, cilov onun əlinə düşməsin və çətinliklərə salmasın). Çünki Allahın rəhm etdiyi kimsə istisna olmaqla, nəfs hər bir kəsə pis işlər görməyi əmr edir.
Ey Malik, sonra bil ki, mən səni səndən qabaq ədalətli və zalım hökmdarları olmuş şəhərlərə göndərirəm. Sən özündən qabaqkı hökmdarların işlərinə necə baxırsansa, xalq da sənin işlərinə həmin nəzərlərlə baxır. Sən onların barəsində nə deyirsənsə, camaat da sənin barəndə həmin şeyləri deyir. Allahın, bəndələrinin dillərində əzbər etdiyi (yaxşı və pis) sözlərdən, saleh və yaxşı əməl sahiblərini tanıyıb bilmək mümkündür. Buna görə də sənin ehtiyac günü üçün tədarük gördüyün şeylərin ən yaxşısı saleh əməl olmalıdır. Öz nəfsi istəklərinə hakim ol. (Onların cilovunu əlində saxla ki, səni çətinliklərə salmasın.) Halal və rəva olmayan şeyləri nəfsinə qıyma, simiclik et. Çünki nəfsə xoşladığı və ya xoşlamadığı şeydə simiclik etmək insaf və ədalətdir. Rəiyyətlə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Məbadə onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olasan. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər ki, ayaqları sürüşür, pisliklərə səbəb olan amillər onlara üz tutur və bilərəkdən və ya səhvən (bilmədən) onların əllərinə düşür. Buna görə də (məsum olan imam və peyğəmbərlərdən başqa heç kəs səhv və xətadan amanda olmadığı üçün hansısa bir hadisə onları bilərəkdən və ya səhvən pis işlərə salanda, onları bağışlamamağın rəva deyil. Belə isə) Allahın güzəşt edərək səni bağışlamasını istədiyin kimi, sən də güzəşt edib günahlarından keçməklə onları əfv et. Çünki sən onlardan, səni valiliyə göndərən səndən, Allah isə bu hökuməti sənə tapşıran, işlərini yerinə yetirməyini istəyən və səni onlarla sınayandan üstündür. (Sən onlarla nə cür davransan, O da səninlə elə davranacaq.) Məbadə özünü Allahla mübarizəyə hazırlayasan (dinə qarşı çıxaraq xalqa zülm edəsən) ki, sən Onun qəzəbinə dözə bilməzsən və Onun bağışlamasına və mehribançılıqlarına möhtacsan. Heç vaxt əfv və güzəşt etməkdən peşman, cəzalandırmaqdan şad olma. Düçar olmamağını bacardığın qəzəbə tələsmə. (İtaətsizlik və qəlbiqaralıq üzündən) mən məmuram və (hər nə istəyirəmsə) əmr edirəm və gərək mənim əmrimi qəbul etsinlər, demə. Bu, qəlbin qaralması, dinin zəifləməsi və nemətlərin dəyişərək zavala uğramasına səbəb olar. Səltənət və hökumət sənə əzəmət və böyüklük və ya lovğalıq və özündənrazılıq gətirən zaman Allahın səndən üstün olan səltənətinə, həmçinin Onun sənə nisbətdə sənin özünün aciz olduğun şeyə qadir olmasına nəzər sal və bax ki, bu baxış (Onun böyüklüyü barəsində düşünmək və Allahı hər şeyə qalib bilmək) lovğalıq və itaətsizliyi yatırdar, dikbaşlığının qarşısını alar və səndən uzaqlaşmış ağıl və düşüncəni sənə qaytarar. (Bu iş barəsində fikirləşmək sənin özünə gələrək lovğalıq və özündənrazılığı özündən uzaqlaşdırmağına səbəb olar.) Özünü Allahla Onun əzəmətində bir tutmaqdan və qüdrətində özünü Ona bənzətməkdən çəkin. Çünki Allah hər bir itaətsiz lovğanı xar edərək alçaldır. Allahla insaflı davran. (Onun əmrlərinə əməl edərək qadağan etdiklərindən çəkin.) Özün, yaxın qohumların və sevdiyin hər bir rəiyyət tərəfindən xalq barəsində insafı əldən vermə. (Onlara nə özün zülm et və nə də yaxınlarının və dostlarının sənin adınla zülm etmələrinə imkan vermə.) Əgər belə etməsən zülmkar olarsan. Allahın bəndələrinə zülm edənlə, bəndələrin yerinə Allah düşmən olar. Allah, Onunla düşmən olanın dəlil və sübutunu puça çıxarar (üzrünü qəbul etməz). Həmin kəs (zülmdən) əl çəkərək tövbə edib (düz yola) qayıdana kimi Allahla müharibədə olar. Allahın nemətlərinin dəyişməsində (əldən çıxmasında) və Onun tez qəzəbə gətirilməsində (rəhmətindən uzaq düşülməsində Allahın bəndələrinə) zülm etməkdən təsirli bir şey yoxdur. Çünki Allah, məzlumların dualarını eşidən və zalımların pusqusunda dayanandır (onların intiqamını alacaq).
Sənin üçün işlərin ən sevimlisi haqda orta yolu tutmaq, onu bərabərlik baxımından ümumiləşdirmək və rəiyyətin şad olmasına daha çox səbəb olan ədalətlilik olmalıdır. Çünki kütlənin qəzəbi bir neçə nəfərin razılığını məhv edir və kütlənin razılığı müqabilində bir neçə nəfərin qəzəbi əhəmiyyətsizdir. Rəiyyətin valiyə rifah və asayiş zamanı ən ağır yük olanı, çətinliklərdə ən az kömək edəni, ədalət və bərabərlik zamanı ən narazısı, istəklərdə ən çox israr edəni, bəxşiş veriləndə ən az şükr və minnətdarlıq edəni, rədd edəndə üzrü hamıdan gec qəbul edəni, dövranın çətinlikləri müqabilində səbr etməkdə ən zəifi xas təbəqədir. Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlər müqabilində (onların hücumlarının qarşısını almağa) hazır olan (tezliklə heç bir iş görməyə qadir olmayan bir neçə nəfər xas təbəqə deyil) xalqın ümumi hissəsidir. Buna görə də gərək onlarla birgə olasan və meyl və rəğbətin onlarla olsun. Rəiyyətin, özündən ən çox uzaqlaşdıraraq düşmən saymalı olduğun adamı camaatın eyblərini danışmaqda israr edəni olmalıdır. Çünki camaatın eyb və nöqsanları var və onları örtməyə ən layiq olan kəs, validir. Buna görə də camaatın sənə gizli olan eyblərini axtarma (arama) ki, sənin vəzifən sənə məlum olanları (onların eyb və nöqsanlarından bildiklərini) ört-basdır etməkdir. Səndən gizlin olan şeylər barəsində Allah hökm edəcək. Belə isə Allahın, sənin rəiyyətdən gizlətmək istədiyin eyblərini örtməsi üçün bacardıqca eyblərin (camaatın eyblərinin) üstünü ört. Camaatdan olan bütün kin düyünlərini aç. (Qəlbində onlardan kin saxlama.) Səni intiqam və cəzaya birləşdirən bütün telləri qır. Sənə görə düz olmayan hər bir şeydə özünü bilməməzliyə vur. Qeybətçi və söz gəzdirəni (onun dediklərini) təsdiqləmək və ona inanmaqda tələsmə. Çünki sözgəzdirən özünü öyüd verənlərin simasına salsa da xəyanətkar və hiyləgərdir. (Buna görə də onun dediklərini tez qəbul etmək sonrakı peşmançılığında heç bir fayda olmayan səhvə səbəb ola bilər.)
Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar, yoxsulluq və kasıblıqla qorxudar; nə ürəksiz və qorxağı (daxil et) ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər; nə də həris adamı ki, o, (ehtiyac günü üçün mal toplamaq) hərisliyinin çoxluğundan (xalqa) zülm etməyi sənin nəzərində gözəlləşdirər. Beləliklə, xəsislik, qorxaqlıq və hərislik bir-birindən ayrı müxtəlif xislətlərdirlər ki, Allaha qarşı pis gümanda olmaq onları bir yerə toplayır!
Sənin vəzirlərinin (məmləkətin işlərinə təyin edərək nəzər və fikirlərindən istifadə etdiyin kəslərin) ən pisi səndən qabaq şər və pis əməlli insanların vəziri olmuş və günahlarda (nalayiq işlərdə) onlarla şərik və ortaq olmuş vəzirdir. Buna görə də o, (belə bir adam) sənin yaxın və xüsusi adamlarından olmamalıdır. Çünki onlar günahkarların köməkçiləri və zalımların qardaşlarıdırlar (yoldaşlarıdırlar). Halbuki sən onların yerinə (ölkənin işlərində) onlar kimi gözəl düşüncə və yaxşı icraçılıq bacarığına malik olanlar arasından üzərində onların (pis və şər adamların hökumətində mürtəkib olduqları) günah və çirkin əməlləri olmayan, zalıma zülmündə və günahkara günahında yardım etməyərək əlbir olmamış ən yaxşı vəzir tapa bilərsən. Sənin onlara çəkdiyin xərc yüngül (-çünki onlar sənin verdiyin az neməti çox hesab edib müqabilndə təşəkkür və minnnətdarlıq edərlər), onların sənə etdikləri yardım daha gözəl, sənə mehribançılıq üzündən olan meyl və rəğbətləri daha çox və səndən başqası ilə dostluqları daha az olar. Buna görə də onları öz xəlvət (iş) və məclislərində yaxın və xüsusi adamlarından et. Gərək sənin yanında onların ən üstünü o vəzir olsun ki, sənə, acı olan həqiqəti çox söyləyir və səni, Allahın Öz dostları üçün bəyənmədiyi danışıq və davranışında az tərifləyir, hərçənd acı söz və sənin istək və arzularını az tərifləmək ürəyinin sıxılmasına səbəb ola bilər. (Onun acı danışıq və davranışının sənə ağır gəlməsindən və onun bu tərzdə davranmasından şad olmasan da deyilən kimi et.) Pərhizkar və doğruçulara qoşul (həmişə onlarla otur-dur) və onları səni çox tərifləməyə və puç və bihudə işlər görməməyinə (və deyilməsi münasib olmayan şeylərə) görə səni sevindirməməyə vadar et, öyrət (ki, sənin diqqətinin özünə cəlb olunmasına şərait yaratmış olsunlar). Çünki tərifləməkdə çox israr etmək insanı özündənrazı edərək itaətsizlik yaradır.
Yaxşı iş görənlə pis iş görən kəs sənin yanında bir səviyyədə olmamalıdır. Çünki bu, yaxşı əməl sahiblərini yaxşılıq etməkdə həvəsdən salar, pis əməlliləri isə pislik etməyə məcbur edər. Onların hər birinə özlərinin seçdikləri şeylə əvəz ver (yaxşı əməl sahibini mükafatlandır, pislik edəni cəzalandır). Bil ki, valinin rəiyyətə yaxşılıq etməsindən, xərclərini yüngülləşdirməsindən və onlardan əsassız inciməməsindən yaxşı heç nə, onun onlara münasibətdə nikbinliyinə səbəb olmur. Buna görə də gərək bu barədə rəiyyətin barəsində nikbin olmağına səbəb olan işlər görəsən. Çünki nikbinlik səndən çoxlu çətinlikləri uzaqlaşdırar. Sənin ona qarşı nikbin olmağına ən layiqli kimsə, çox yaxşılıq edərək yaxşı sınadığın şəxsdir. Barəsində bədbin olmağına ən layiqli kimsə isə pis rəftar edərək az sınadığın şəxs olmalıdır. (Buna görə də onların yardımına ehtiyacın olanda, səndən pislik və sərtlik görmüş şəxsə deyil, ehsan və yaxşılıq etdiyin şəxsə etimad et.)
Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, (camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki (əgər belə etsən, bil ki, xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.
Sənin şəhərlərinin işlərini sahmana salan şeyləri möhkəmləndirmək və səndən qabaqkı insanların bərqərar etdiklərini bərpa etmək barəsində alimlərlə çoxlu müzakirələr və doğruçular, düz əməl sahibləri ilə danışıqlar apar (ki, nəticədə hökumətin həmişəlik qalsın və rəiyyətin işi layiqli tərzdə yerinə yetirilsin).
Bil ki, rəiyyət (sənin fərmanın altında olanlar) bir neçə təbəqədən ibarətdir ki, bəziləri (bəzilərinin işləri) yalnız digər bəziləri ilə qaydaya, nizam-intizama düşür, bir dəstə, digər dəstəyə möhtacdır. Beləliklə, onların bəziləri (birincisi, Allahın düşmənlərinin qarşısını almağa hazır olan) Allah orduları, bəziləri (ikincisi) ümumi və xüsusi katiblər, digər bir qismi (üçüncüsü, şəriət hökmlərini xalq arasında ədalətlə icra edən) ədalətli qazılar, başqa bir hissəsi (dördüncüsü) insaflı və mülayim davranan işçilər (hökumət məmurları), bəziləri (beşincisi) himayədə olan cizyə verənlər (mal, can və namuslarının İslamın pənahında olması üçün vergi verən kafirlər) və xərac verən (Allahın haqqını ödəyən) müsəlmanlar, digər bir qismi (altıncısı) tacirlər və sənət sahibləri, başqa bir dəstəsi (yeddincisi isə) möhtac və miskinlərdən ibarət aşağı təbəqədir. Allah bu təbəqələrin hər birinin pay və səhmini zikr edib, onun vacibi ölçü və miqdarını Öz kitabında (Qur’ani-Kərimdə) və ya Peyğəmbərinin (səlləllahu əleyhi və alih) sünnəsində əhd və əmr formasında bəyan edib ki, onlar bizim yanımızda saxlanılaraq qorunub (həmin ölçü və öhdəçiliklər bizim əlimiz çatan yerdədir). Beləliklə, (bu dəstələrin xeyri budur ki,) əsgərlər Allahın əmri ilə rəiyyət üçün (onları düşmənlərin şərindən qoruyan) qala və istehkam (kimi), valilərin zinət və bəzəyi, dinin izzəti və əmin-amanlıq yollarıdırlar. Rəiyyətin bərqərar olması ancaq onların mövcudluğundan asılıdır. Əsgərlərin nizam-intizam və asayişi isə Allahın onlar üçün müəyyənləşdirdiyi xəracdan (vacib edilmiş haqdan) başqa heç nə ilə təmin olunmur. Onlar, onun vasitəsi ilə düşmənləri ilə vuruşmağa güc və qüdrət əldə edirlər və işlərini sahmana salmaqda ona arxalanırlar. O (xərac), onların (əsgərlərin) ehtiyacları olan zaman işlədilir. Bu iki dəstənin (əsgərlər və xərac ödəyənlərin) dayağı və asayişi isə ancaq üçüncü dəstədən asılıdır ki, o, bağlantılar (alış-veriş və evlənmə məsələləri) barəsində hökm çıxaran qazılar, vergi və xərac toplayan məmurlar, ümumi və xüsusi işlərdə etimad edilən (hesablama işlərini tənzimləyən) katiblərdən ibarətdir. Bütün bu dəstələrin rahatlıq və asayişi isə ancaq gəlir və xeyirlərini toplayıb bazarlar yaradan və özlərindən başqalarının səy və təlaşlarının qura bilmədiyi işləri quran tacir və sənət sahibləri vasitəsi ilə təmin olunur. Bu dəstələrdən sonra möhtac və yoxsullardan ibarət aşağı təbəqə gəlir və (varlılara,) onlara əl tutaraq kömək etmək vacib və lazımdır. Allah yanında bu təbəqələrin hər biri üçün (yoxsulluq və acizlik deyil) gen-bolluq, firavanlıq var. (Buna görə də əgər bəzilərini bəzilərinə möhtac edibsə bu, yoxsulluq və qüdrətin azlığından deyil, hikmət və məsləhətə əsaslanır.) Bu dəstələrin hər birinin, valinin boynunda, onun işini sahmana salmaq miqdarında haqqı var. Vali Allahın ona vacib etdiyi şeyin öhdəsindən ancaq səy və təlaş etmək, Allahdan yardım istəmək, özünü haqqın həyata keçirilməsinə hazırlamaq və çətin və asanlığından asılı olmayaraq hər bir işdə səbr etməklə gələ bilər.
Buna görə də (işlərin icrasına) əsgərlərindən o adamı təyin et ki, Allah və Onun Peyğəmbəri (Onların razılığını əldə etmək) üçün, həmçinin imam və rəhbərin üçün (ona tabe olmaqda) daha çox öyüd qəbul edən, daha təmiz ürəkli (danışıq və davranışında düz), daha ağıllı və səbrli olsun. Həmin şəxs gec qəzəblənənlərdən, üzrü (günahkarın üzrünü) tez qəbul edənlərdən (rahatlığı qəzəblənərək üzrü qəbul etməməkdə görən qaba və kobud adamlar kimi olmayanlardan), əli altındakılara mehriban, güclü və qüvvətlilərə qarşı isə sərt olub baş əyməyənlərdən, sərtliyin yerindən qopartmadığı (sərtlik nəticəsində zülm etməyə enməyənlərdən) və yumşaqlığın (işlərin icrasında) yerində oturtmadığı (vəzifəsini yerinə yetirməkdən saxlamadığı) kimsələrdən olsun.
Buna görə də şərəfli və nəcib ailələrdən olanlar, (xalqa xidmət və Yaradana tabe olmaqda) gözəl keçmişə malik kimsələrlə, həmçinin igidlər, şücaətlilər, səxavətlilər və comərdlərlə otur-dur. (Ordu və ölkə başçılarını belə adamlardan seç.) Çünki onlar böyüklük toplusu və yaxşılığın qol-budağıdırlar. Belə isə övladlarına can yandıran valideyn kimi onların işlərinə can yandır. Onlara olan və onları qadir edən yaxşılığın, sənə böyük (ağır) gəlməməlidir. Onların müqabilində götürdüyün yoldaşlıq öhdəçiliyini, hətta kiçik olsa da, yüngül saymamalısan (Onlara həmişə yaxşılıq et, istər az olsun, istərsə də çox. Buna görə də əgər onlara böyük yaxşılıq etmək fürsəti qarşıya çıxsa və sən onu etsən, etdiyin yaxşılığı böyük sanma. Həmçinin əgər kiçik bir yaxşılıq etsən onu kiçik sayıb tərk etmə və yerinə yetir.) Çünki yaxşılıq onları sənə xeyirxah və xoşbin edər (və nəticədə əmrlərini lazımınca yerinə yetirərlər). Onların böyük işlərini yerinə yetirməyə arxalanmaq və ümid bəsləməklə az əhəmiyyətli işlərdə onlara kömək etməyi, yardım göstərməyi tərk etmə. (Heç vaxt «mənim kimi böyük işlərdə onlarla birgə olan adam üçün xəstənin halını soruşmağın, yeni dünyaya gəlmiş uşağa görə təbrik deməyin və bu kimi şeylərin elə də əhəmiyyəti yoxdur» demə!) Çünki sənin kiçik yaxşılığının öz yeri var və onlar ondan bəhrələnirlər. Eləcə də böyük yaxşılığının da öz yeri var ki, onlar ona da möhtacdırlar. (Xülasə, kiçik yaxşılığı tərk etmə və onları böyük yaxşılığın intizarında qoyma ki, bu, inciklik və pərişanlığa səbəb olar.) Gərək qoşun başçılarının ən seçilmişi və üstünü qoşunla (mal və sərvət) yoldaşlığında bərabərlik edəni, insaflısı (malın artığında deyil əsli və mayasında özünü onlarla bərabər biləni-çünki artığından bağışlamağa bərabərlik deyilməz) və qoşunun düşmənlə döyüşdə yekdil olması (döyüş zamanı ailələrinin vəziyyətlərinin yaxşı olmamasının qəmini çəkməmələri) üçün öz imkanatından (qoşunun onun əlində olan ərzaqından) asayişdə olmaları miqdarında onlara və ailələrinə ehsan edən kimsə olsun. Çünki sənin onlara qarşı mehribançılığın və kömək etməyin onların qəlblərini sənə doğru yönəldəcək və onları sənə mehriban edəcək. Valiləri şad edən ən gözəl şey şəhərlərdə ədaləti bərqərar etmək və rəiyyətin arasında məhəbbəti üzə çıxarmaqdır. Onların məhəbbəti ancaq sinələrinin (qəzəb və kindən) salamat qalması ilə üzə çıxır. Onlar valilərin qorunmasını istəmələri, onların ətrafında olmaları, hakimiyyətlərini ağır saymamaları və onların (hökumət) müddətinin başa çatmasını gözləməməkdən başqa heç bir şeylə (sağlam sinə ilə) xeyirxah olmurlar. Buna görə də onların arzularını yerinə yetir. Onları yaxşı yad et və sınaqdan keçib əziyyət çəkənlərin çalışqanlıqlarını dilə gətir. Çünki onların yaxşı iş görənlərini yad etmək şücaət sahibini həyəcanlandıraraq hərəkətə gətirər və Allahın istəyi ilə oturanı (işdən qalanı) həvəsləndirər (yenidən işə başlamağa sövq edər).
Buna görə də onların hər birinin zəhmət və işini onun özü üçün hesab et və birinin zəhmətini digərinə nisbət vermə (ki, zəhmətkeş, valinin ədalət və insafına bədbin olmasın və həmçinin başqaları da böyük işlərə girişsinlər). O, işini sona çatdıranda onu mükafatlandırmaqda səhlənkarlıq etməməlisən. Həmçinin kiminsə böyüklüyü səni onun kiçik zəhmət və işini böyük hesab etməyə, eləcə də birinin kiçikliyi onun böyük zəhmət və işini kiçik saymağa vadar etməməlidir.
Aciz qaldığın çətin işləri, sənə şübhəli görünən (Allahın, onun barəsində olan hökmünü bilməkdə çaş-baş qaldığın) işləri Allaha (Onun kitabına) və Onun Peyğəmbərinə (onun sünnəsinə) həvalə et. Çünki nöqsan sifətlərdən pak və təmiz olan Allah (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) hidayət etmək istədiyi dəstəyə belə buyurub: «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الْأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ» «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (imam, rəhbər və Həzrət Peyğəmbərin haqq olan xəlifə və canişininə) itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz (ixtilafa düçar olsanız) onu, Allaha və Peyğəmbərə həvalə edin (belə hallarda onlara müraciət edin, nəfsi istəklər üzündən hökm çıxarmayın ki, bu məhvə səbəb olar).» Deməli, Allaha müraciət etmək Onun kitabından «möhkəm» olanları (mənasında şübhə və tərəddüd olmayanları) götürmək, Peyğəmbərə müraciət isə onun təfriqə yaratmayan və birləşdirici olan sünnəsini (hökmlərini) götürməkdir.
Beləliklə, xalq arasında qəzavət və hakimlik üçün rəiyyətin ən yaxşısını seç. Eləsini ki, işlər ona çətin gəlməsin (hər bir hökmün öhdəsindən gəlsin və aciz qalmasın), çəkişməyə düşmüş kəslər dava və qalmaqal barəsində öz nəzərlərini ona qəbul etdirə bilməsinlər, mütəmadi olaraq səhvə yol verməsin, haqqı dərk edəndə ona qayıtmaqda aciz qalmasın (özü öz səhvini başa düşəndə və ya başqası onu səhvindən xəbərdar edəndə inadkarlıq göstərərək öz səhvinə israr edən deyil, ondan qayıdan olsun), nəfsi tamah və hərisliyə meylli olmasın (-çünki tamahkar olsa düzgün hökm çıxara bilməz), lazımınca düşünmədən az anlayışla kifayətlənməsin (bəlkə gərək araşdırma aparsın və axıra kimi lazım olan şeyi əldə etsin), şübhəli məqamlarda dayanaraq hamıdan çox götür-qoy etsin (şübhəli işlərdə həqiqəti əldə etməyincə hökm çıxarmasın), dəlil və sübutları hamıdan çox öyrənib mənimsəsin, şikayətçilərin müraciətlərindən hamıdan az bezsin, işlərin aydınlaşdırılmasında (olan əziyyətlərə) hamıdan çox təmkinli və dözümlü olsun, hökm aydınlaşanda hamıdan qətiyyətli olsun (məsələnin həqiqətini dərk edən kimi tez onun hökmünü çıxarsın və hökmü gecikdirməsin və mübahisə edən tərəflərin məəttəl qalmalarına səbəb olmasın), çox tərifləmək onu xudbinliyə düçar etməsin və məcburiyyət və kələk onu (iki tərəfdən birinə) meylli etməsin. Bu sifətlərlə zinətlənmiş hakimlər az ələ düşürlər. (Onları tapmaq üçün çox çalışmaq lazımdır.) Bundan sonra onun çıxardığı hökmlərdən ətraflı xəbər tut, yoxla. (Məbada o, sonra düzəldə bilmədiyin səhvə yol vermiş olsun.) Ona o qədər bəxşiş et və yaşayışını elə gen-bol təmin et ki, üzr və bəhanə gətirməsinə yer qoymasın və həmin bəxşiş səbəbindən xalqa ehtiyacı az olsun (və rüşvət almağa heç bir bəhanəsi qalmasın, işlərində düzgün və doğru hökm çıxarsın). Öz yanında ona elə bir məqam və böyüklük ver ki, yaxınlarından başqa birisi onun (aradan götürülməsi) tamahına düşməsin və o, sənin yanında camaatın gözlənilmədən onu puç etməsindən qorxusuz və xatircəm olsun. Beləliklə, qazıları seçmək və onlar üçün saydığım sifətlər barəsində hərtərəfli fikirləş. Çünki bu din şər və pis əməlli adamların əlində əsir olub, onunla nəfsi istəklər əsasında davranılıb və onun vasitəsi ilə dünya istənilib.
Sonra məmur və icraçılarının işlərinə nəzər sal, diqqət et. Onları sınaqdan keçirdikdən sonra işə təyin et. (Onların dindarlıq, düzlük və doğruluğunu sınamıyınca bir işə təyin etmə.) Onları öz istəyinlə, onlara kömək məqsədi ilə və özbaşına (məsləhətləşmədən) bir işə göndərmə. Çünki kimisə öz istəyinlə və özbaşına hər hansı bir işə təyin etmək (rəiyyətə) zülm və xəyanət budaqları toplumudur. Onları sınanılmışlardan, nəcib və ləyaqətli ailələrdən olan həyalılardan və İslamda öncül olanlardan istə (təyin et). Çünki onlar gözəl əxlaq və xasiyyətə, düzgün namus və şərəfə (özlərinə ar və bədnamlıq rəva bilməzlər), az tamaha və işlərin sonunu görməkdə düzgün fikrə (uzaqgörənliyə) malikdirlər. Sonra onların ərzaq paylarını gen-bol ver. Çünki bu iş onlara özlərini islah etməkdə (xasiyyətlərini yaxşılaşdırmaqda) qüvvət verir və əllərində olanları (müsəlmanların mallarını) yeməyə ehtiyac duymurlar. Həmçinin əgər əmrinə tabe olmasalar və ya əmanətinə xəyanət etsələr, bu, sənin onlara qarşı dəlil və sübutundur. Sonra onların işlərini təftiş et, yoxla. Onlara doğruçu və vəfalı müfəttişlər göndər. Çünki sənin onların işlərini gizlin şəkildə yoxlamağın onların düz və rəiyyətlə yumşaq və mülayim davranmağa məcbur olmalarına səbəb olar. (Əgər vali onların işlərinə nəzarət etməsə, onlar ədalət və insaf çərçivəsindən kənara çıxar və xalqa zülm edərlər). Özünü (xəyanətkar) yardımçı və köməkçilərdən qoru. Əgər onlardan biri xəyanət və nadürüstlük etsə və müfəttişlərinin onun xəyanəti barəsindəki xəbərləri bir-biri ilə üst-üstə düşsə, həmin xəbərlərlə kifayətlən. Buna görə də gərək ona bədən cəzası verəsən və onu əməlinə görə tənbih edəsən. Sonra onu dəyərsiz və xar et, ona xəyanət damğası vur və töhmət və bədnamlıq arını (boyunduruq kimi) boynundan as (ki, nadürüst insanlar üçün ibrət olsun).
Vergi işində vergi verənlərin xeyrinə araşdırma apar. Çünki verginin və vergi verənlərin xeyrində başqalarının dinclik və rahatlığı var. Başqalarının dinclik və rahatlığı ancaq vergi verənlərin vasitəsi ilə təmin olur. Çünki camaatın hamısı verginin və vergi verənlərin çörəkyeyənləridir. (Buna görə də əgər vergi və vergi verənlərin işləri düz olsa camaat rahatlıq və asayişdə olar. Amma bu məsələyə etina etməsən hamı çətinliyə düşər.) Sən vergi almaqdan çox (vergi alınan) yerlərin abadlığına diqqət yetirməlisən. Çünki vergi ancaq abadlıqla əldə edilir. Abadlıq yaratmadan vergi tələb edən kəs şəhərlərinin viranlığına və bəndələrin məhvinə başlayıb və onun işi ancaq qısa müddət davam edər. Buna görə də əgər vergi verənlər (müəyyənləşdirilmiş verginin) ağırlığından, (məhsula dəymiş) xəstəlik və bəladan, su payının kəsilməsindən (kəhrizlərinin tutulmasından və ya hovuzu və çayın bəndini selin aparmasından və bu kimi şeylərdən), yağış yağmaması və şeh düşməməsindən, suyun (sel və bu kimi şeylərin) örtdüyü yerin dəyişməsindən və ya susuzluğun (əkinləri) məhv etməsindən şikayətlənsələr onların vergilərini işlərinin düzələrək yaxşılaşacağına ümid bəslədiyin qədər yüngülləşdir. Onların yüklərini yüngülləşdirmək sənə ağır gəlməməlidir. Çünki onlara etdiyin bu güzəşt bir ehtiyatdır ki, onu şəhərlərin abadlığı və hökumətinin zinətləndirilməsi ilə sənə qaytaracaqlar. Həmçinin onların nikbinlik və təriflərini özünə cəlb edəcəksən və aralarında haqq-ədaləti bərqərar etməyindən şad və məmnun olacaqsan. Eyni zamanda onların yanında tədarük gördüyün şeylərlə - onlar üçün yaratdığın asayişlə, öz ədalətinlə qazandığın inamları ilə və etdiyin mülayimliklərlə güclərinin artmasına arxalanacaqsan. Beləliklə, qarşıya elə hadisə çıxa bilər ki, etdiyin yaxşılıqdan sonra onu onlara tapşırarsan və onlar onu sevinclə yerinə yetirərlər. Çünki abad məmləkətə hər nə yükləsən çəkə bilər (və bu, rəiyyətin vəziyyətinin yaxşılığı və onların öz hakimlərinə inam və etimadları nəticəsində mümkündür). Yer həmişə, əhalisinin yoxsulluğu üzündən viran olur. Rəiyyətin yoxsul və pərişan olmasının səbəbi isə hökmdarların ancaq (mal-sərvət) toplamaq fikrində olmaları, (hökumət və başçılıqda) qalmağa bədbinlikləri və hadisələr, ibrətlər və dövranın gedişi barəsindəki düşüncələrdən az bəhrələnmələridir.
Ondan sonra katiblərinin vəziyyətinə nəzər sal və onların (davranış və danışığı düz olanının) ən yaxşısını işə təyin et. (Düşmənin qarşısını almaq və dövlətçilik barəsindəki) plan və sirlərini açıqladığın məktubları elə adama həvalə et ki, (dindarlıq, əmanətə sadiqlik, xeyirxahlıq, təmizlik və bu kimi) bütün bəyənilmiş xüsusiyyətlərdə digər katiblərdən zəngin olsun. Elə bir adamı ki, məqam və böyüklük onu, camaatın və böyüklərin hüzurunda sənə qarşı çıxmaqdan çəkinməmək həddinə qədər cürətləndirməsin, qafillik və unutqanlıq məmurlarının məktublarının sənə çatdırılmasında və onlara sənin tərəfindən gözəl cavab verilməsində, eləcə də sənin üçün aldığı və sənin tərəfindən bağışladığı şeylərdə səhlənkarlıq etməsinə səbəb olmasın, sənin xeyrinə olan müqaviləni süst bağlamasın (onu möhkəm və tutarlı yazsın), sənin zərərinə bağlanmış müqavilənin düyününü açmaqda aciz olmasın və işlərdə öz yerini və qədir-qiymətini bilsin. Çünki öz məqam və işini bilməyən kəs başqasının yerini və işini heç bilməz. (Deməli, dövlət və hakimin xüsusi katibi öz rütbə və qədrini bilməlidir ki, hər bir kəsin məqam və işinə də bələd olsun.) Bir də onları öz ayıq-sayıqlığın, inamın və nikbinliyinə əsaslanaraq (işə) təyin etməməlisən. Çünki insanlar (işçi və məmurlar) vali və hökmdarların ürəklərini ələ almaq üçün özlərini bəzədilmiş və yaxşı xidmət edən kimi tanıtdırırlar. (Özlərindən əmanətə sadiqlik, nəfs paklığı və xeyirxahlıq biruzə verir və validən eyb və pisliklərini gizlədirlər ki, onu aldadaraq inam və nikbinliyini qazansınlar və divan işlərinə keçsinlər.) Halbuki (onlarda) özlərindən biruzə verdikləri və özlərini bəzədikləri şeylərin arxasında xeyirxahlıq və əmanətə sədaqətdən əsər-əlamət yoxdur. Lakin onları səndən qabaqkı yaxşılar üçün gördükləri işlərdə sına. Sonra onların xalq arasında tanınmışlarının ən yaxşılarını və əmanətdə məşhur və adı dillərdə olanların ən düzünü seç. Sənin bu sınağın Allaha və işləri sənə tapşıran kəsə (İmam əleyhis-salama) tabe olmağına bir dəlildir. İşlərinin hər biri üçün katiblərindən bir rəis və müdir təyin et ki, işlərin böyüklüyü onu məğlub və aciz, çoxluğu pərişan etməsin. Əgər katiblərində bir eyb və nöqsan olsa və sənin ondan xəbərin olmasa, həmin pisliyə görə səndən də yapışarlar. (Onun məsuliyyəti səninlədir.)
Sonra tacirlər və sənət sahibləri barəsindəki tapşırıqları qəbul et və (öz məmurlarına) onlara yaxşılıq etməyi tapşır (ki, onların mal və sərvətinə tamah salıb bəhanə gətirərək onları incitməsinlər və həvəsdən salmasınlar), istər onların (bir şəhərdə alıb-satanı və ya şəriki başqa yerdən göndərən və o, şəhərdə qalıb satan) məskunlaşaraq oturaq salanı olsun, istər öz mal və sərvəti ilə get-gəl edəni, istərsə də öz bədəni (fiziki əməyi) ilə fayda verənlər (öz əl-qolları ilə xalqın ehtiyacı olan şeyləri hazırlayan sənətkarlar)! Çünki onlar mənfəət amili və mənbəyidirlər və malı sənin hakimiyyətinin əhatə dairəsində olan səhra, dəniz, düzənlik və dağlıqların çətin yollar və uzaq nöqtələrindən - camaatın toplaşmadığı və getməyə cürət etmədiyi yerlərdən gətirənlərdir. Beləliklə, tacirlər sərtlik qorxusu olmayan asudəlik, həmçinin şər və pislik gözlənilməyən sülh və barışıq adamlarıdır. Özün olan yerdə və şəhərlərinin kənar-bucağında onların işlərini yoxla. (Uzaq və yaxın yerlərdən onların rahatlığını istə ki, onlara bir zülm və sitəm olmasın.) Onlar barəsində olan bütün tapşırıqlarla bərabər bil ki, onların çoxunda hədsiz hərislik, çirkin və xoşagəlməz xəsislik, baha satmaq üçün möhtəkirlik (malları yığıb saxlamaq) və istədiyi kimi qiymət qoymaq (xisləti) var. Onların bu işləri xalqa ziyan dəyməsinə səbəb olur və bu, valilərə nöqsandır. Buna görə də möhtəkirliyin qarşısını al. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onu qadağan edib. (Möhtəkirliyin qayda-qanununları və onunla bağlı məsələlər fiqh kitablarında açıqlanıb.) Alış-veriş gərək asan, əyər-əskiyi olmayan tərəzilərlə elə qiymətə aparılsın ki, satana və alana zülm və haqsızlıq olmasın. Beləliklə, sənin qadağa qoymağından sonra möhtəkirlik edəni cəzalandır, elə cəzalandır ki, onun rüsvay olmasına (və başqalarının ibrət götürmələrinə) səbəb olsun. Amma həddini keçməsin.
Sonra çarəsiz, aciz, yoxsul və möhtaclardan, eləcə də çətinlik, xəstəlik və zəifliyə düçar olmuşlardan ibarət aşağı təbəqə barəsində Allahdan qorx, Allahdan qorx! Çünki bu təbəqə içərisində həm həqirlik və biçarəliyini üzə çıxarıb istəyənlər, həm də bəxşişə möhtac olmasına baxmayaraq, (nəfsi pak olduğu üçün) onu zahirdə bildirməyənlər var. Allahın razılığını qazanmaq üçün Onun Öz haqqından, onlar barəsində sənə əmr etdiyini yerinə yetir və əlində olan beytülmalın bir hissəsini, eləcə də hər bir şəhərdə İslamın qənimət (yolu ilə) aldığı yerlərin taxıl və məhsulunun bir qismini onlara ayır. Çünki onların ən uzaqda olanı ən yaxında olan qədər pay və bəhrəyə malikdir. Səndən onların hər birinin hüquqlarına riayət etmək istənilib. Buna görə də şadlıq itaətsizliyi və naz-nemətə qərq olmaq səni onların halını bilməkdən saxlamasın. Çünki sən, barəsində səy və diqqətin çox olan böyük işləri möhkəmləndirməyin üçün kiçik işləri əldən çıxartmağa görə üzrlü sayılmırsan. Buna görə də səyini onlardan (işlərini düzəltməkdən) əsirgəmə və itaətsizlik səbəbindən onlardan üz döndərmə. Onların (yoxsul və zəiflərin) - gözlərin (camaatın) xar və həqirliklə baxdığı, xalqın kiçik saydığı kimsələrin - sənə əli çatmayanlarının işləri ilə maraqlan, araşdır. Beləliklə, onlar (onların vəziyyətləri ilə maraqlanaraq araşdırma aparmaq) üçün özünün (Allahdan) qorxan və təvazökar olan inanılmış nümayəndəni təyin et ki, onların işlərini sənə çatdırsın. Sonra onların barəsində elə işlər gör ki, (qiyamətdə) Allaha qovuşacağın (Onun hesab və araşdırma aparacağı) gün üzrünü qəbul etsinlər. Çünki onlar rəiyyət arasında ədalət və insafa başqalarından daha çox möhtacdırlar. (Ona görə ki, onlar öz haqq və hüquqlarını qorumaq qüdrətinə malik deyildirlər.) Beləliklə, onların hər birinin haqqını əda etməkdə Allah yanında dəlil və sübuta malik ol (ki, heç bir məsuliyyət daşımayasan). (Az yaşlı) yetimləri və çarəsiz və (zəiflik ucbatından) özlərini xahişə hazırlamamış yaşlı qocaları öhdənə götür. Dediklərimiz (və sənin üçün proqram kimi müəyyənləşdirdiyimiz şeylərə əməl etmək) valilərə ağır və çətindir. (Ümumiyyətlə) haqqın hamısı ağırdır. Bəzən Allah onu gözəl mükafat və nicat axtaranlara, özlərini səbrə vadar edənlərə və Allahın vəd etdiyinin (əbədi Cənnətin) düzlüyünə inananlara yüngülləşdirər (sonra onlar onu asanlıqla icra edərlər).
Vaxtının bir hissəsini sənə ehtiyacı olanlara ayır və həmin vaxt özünü onlar üçün (onların istəkləri ilə məşğul olmağa) hazırlayaraq ümumi məclisdə otur (ki, zəif və biçarələrin sənə əlləri çatsın). Beləliklə, səni yaradan Allaha (Onun razılığını əldə etməyə) görə (onlarla) təvazökar ol. Öz gözətçi və qarovulçularından olan əsgər və qapıçılarını (onlara mane olmaqdan) saxla ki, onların nümayəndələri kəkələmədən, qorxub çəkinmədən danışsın (ehtiyacını istəsin). Çünki mən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəfələrlə belə buyurduğunu eşitmişəm ki: «Heç bir ümmət, zəifin haqqı güclüdən kəkələmədən, qorxub çəkinmədən alınmayınca paklaşmaz, ülviləşməz». Sonra onların sərtlik, kobudluq və söhbət qaydalarını bilməmələrinə döz və üzə vurma. Tündlüyü (pis xasiyyətliliyi) və özünü bəyənməyi (onlarla oturub durmaq və danışmağı özünə sığışdırmamağı) özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını sənin üzünə açsın və itaət və tabeçilik mükafatını sənə əta etsin. (Onlardan birinə bir şey vermək istəyəndə) bağışladığın şeyi xoş üzlə bağışla (ki, o, istəyənin də ürəyinə yatsın). Həmçinin (əgər onun istəyini yerinə yetirməyə gücün çatmasa və ya onu yerinə yetirməyi məsləhət bilməsən, əsirgədiyin şeyi) mehribançılıq və üzrxahlıqla əsirgə (ki, o, səndən inciməsin və qəlbində sənə qarşı kin saxlamasın).
İşlərinin içərisində bəziləri də var ki, onları gərək sən özün yerinə yetirəsən. Onlardan biri məmurlarına (onların mətləblərinə) katiblər aciz qalanda (özlərindən cavab verə bilməyəndə) cavab verməkdir. (Həmin işlə əgər vali şəxsən məşğul olmasa katib və məmurlarının məəttəlçiliklərinə səbəb olar.) O işlərdən (digər) biri camaatın, (çoxluğuna görə) köməkçilərinin (məmurlarının) darıxmasına səbəb olan istəklərini sənə çatan gün yerinə yetirməyindir (onlara cavab verməyindir. Məmurlar öz rahatlıqları üçün həmin işləri dala atmaq istədikdə onlara sən özün baxmalı və onları təxirə düşməyə qoymamalısan). Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi var. Vaxtın ən gözəl və fəzilətlisini özünlə Allah arasında olan şeylər (ibadət və bəndəlik) üçün müəyyənləşdir, ayır. (Məsələn, namazı bütün işləri yerinə yetirib qurtardıqdan sonra yorğun və həvəssiz deyil, ilk vaxtda, qıvraq və enerjili vaxtında qıl.) Hərçənd ki, əgər onda niyyət və məqsəd pak və rəiyyət ondan asayişdə olsa (xalqın işinə həsr etdiyin) vaxtların hamısı Allaha məxsusdur.
Ancaq və ancaq Allaha görə olan vacib əməllərin yerinə yetirilməsi, gərək dinini Allah üçün xalisləşdirdiyin xüsusi vaxtda olsun. (Vaxtın ən yaxşısını ibadətə həsr etmək lazım olduğu kimi, ibadət vaxtlarının ən yaxşısını da vacib ibadətlərin yerinə yetirilməsində sərf etmək lazımdır.) Beləliklə, gecə və gündüzündə (onların bir hissəsində) bədənini Allahın ixtiyarında qoy (Ona ibadət et). Vasitəsi ilə Allaha yaxınlaşdığın şeyə (vacib əmələ) vəfalı ol. Çalış ki, (soyuq havada dəstəmaz almaq və isti havada oruc tutmaq kimi şeylər) bədənini əzginləşdirsə də, onları kamil şəkildə, eyb və nöqsansız (riyasız, özünü göstərmək və başqalarının diqqətini cəlb etmək məqsədi olmadan) yerinə yetirəsən. Namazını camaatla qılanda (camaat namazında, onu uzadaraq) xalqı özündən uzaq və incik, namazı isə (vacib yerlərini tərk etməklə) zay və xarab etmə. Çünki camaat içərisində əlil, xəstə, möhtac və işi olan var (ki, əlil və xəstənin namazı uzatmaq taqəti və gücü, işi olanın isə vaxtı yoxdur). Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) məni Yəmənə göndərəndə soruşdum ki, onlarla necə namaz qılım? Buyurdu: «Onlarla ən zəif və acizləri kimi namaz qıl və möminlərə qarşı mehriban ol!»
Bu göstərişlərdən sonra məbada özünü rəiyyətin gözündən çox gizlədəsən. Çünki valilərin rəiyyətə görünməməsi sıxıntı (qanısoyuqluq), az elmlilik və işlərdən xəbərdar olmamağın bir hissəsidir. Həmçinin valilərin rəiyyətə görünməməsi (ölkə və rəiyyətin vəziyyəti barəsində) onlara gizli olan şeylər haqqındakı məlumatları örtülü saxlayır. Beləliklə, (belə olan halda, bəzən) valinin yanında böyük iş kiçik, kiçik iş isə böyük, gözəllik çirkinlik, çirkinlik isə gözəllik görünər və haqq və düzlük batil və nadürüstlüyə qarışar. Vali də adi bir insandır ki, xalqın ondan gizlədilən işlərindən xəbərdar ola bilmir. Haqqın da elə bir əlamətləri yoxdur ki, onların vasitəsi ilə düzlə yalanın növləri tanınsın. Sən iki adamdan birisən: Biri budur ki, haqq və düzlüyü əda etməkdə səxavətli və əliaçıqsan. Belə olan halda, vacib haqqı əda etməyin və ya gözəl iş görməyin üçün üzə çıxmamağının səbəbi nədir? Yaxud da sən bərk və bəxşiş etməyən bir adamsan. Belə olan halda, (yenə də görünməməyə bir dəlil yoxdur, çünki) tezliklə xalq səndən bir şey istəməkdən əl çəkər. Çünki sənin bəxşişindən naümid olar. Halbuki xalqın səndən istəklərinin çoxu xərc və zəhməti olmayan - (onlara edilmiş) zülmdən şikayətlənmək (və onun qarşısının alınmasını səndən istəmələri), yaxud davranış və rəftarlarda insaflı və ədalətli olmağı istəmək kimi şeylərdir.
Sonra (bil), valilərin bəzi yaxınları və qohumları var ki, özbaşınalıq, itaətsizlik, (xalqın malına) əliuzunluq və insafsızlığa adət ediblər (və rəiyyəti çətinlik və əziyyətə salırlar). Həmin sifətlərə səbəb olan amilləri kəsib uzaqlaşdırmaqla onların (şərlərinin) kök və əsaslarını qurut. (Ədalətli ol və ölkənin daxili vəziyyətindən xəbər bil ki, onlar sənin ədalətsizlik və xəbərsizliyindən özbaşınalıq, əliuzunluq və insafsızlıqlarına vasitə kimi istifadə edib rəiyyəti incitməsinlər.) Ətrafında olanlardan, əhli-beytin və qohumlarından heç kəsə torpaq vermə. Gərək heç kəs səndən tarla və əkinəcək alıb onun qonşuluğundakı camaata su mənbəyində ziyan vurmaq, yaxud müştərək görülməli işdə şərikli işin çətinlik və ağırlığını qonşulara yükləmək tamahına düşməsin. Belə olan halda, onun xeyir və mənfəəti sənin deyil, onların olacaq. Onun dünya və axirət eyb və məzəmməti isə sənə qalacaqdır. Haqq layiqli və bəyənilən olduğu üçün yaxından və uzaqdan (qohum və yaddan) olmasından asılı olmayaraq onu icra et. Bu işdə səbrli və (Allahdan) əvəz istəyən ol, hətta haqqı icra etmək nəticəsində qohum və yaxınlarına hər nə olsa belə! (Məsələn haqqı icra etmək üçün qohumlarından birindən qisas almaq lazım gəlsə də, et bunu.) Sənə olan ağırlıqla (və yaxınlarına olan çətinliklə), haqqın sonuna bax ki, (onun sonu) bəyənilən və bərəkətlidir.
Əgər rəiyyət sənin barəndə zalımlıq gümanında olsa, üzr və dəlilini onlara açıqla və bu açıqlama ilə onların gümanlarını özündən uzaqlaşdır. Çünki sən bu işlə özünü (ədalət və insafa) öyrəşdirərək adət verər və rəiyyətə mehribançılıq göstərmiş olarsan. Həmçinin bu üzr gətirməklə sən onları haqqa vadar etmək barəsindəki istəyinə çatmış olarsan. (Onların sənin barəndə pis gümanda olmaları və səni məzəmmət etmələrindən qurtulmaq istəyirsənsə öz üzrünü açıqla ki, səhvdən çıxaraq sənin məhəbbətini qəlblərinə salsınlar.)
Düşməninin səni çağırdığı və Allahın da razılığı olan sülh və barışıqdan boyun qaçırma. Çünki barışıqda ordunun rahatlığı, qəm-kədərin asayişi və şəhərlər (onların əhalisi) üçün əmin-amanlıq vardır. Amma barışıqdan sonra düşmənindən çəkin və qorx. Çünki çox vaxt düşmən, özünü yaxınlaşdırır ki, (tərəf müqabilini) qəfildən haqlasın (sonra onun işini bitirsin, yaxud da onu çətinliyə salsın). Buna görə də ehtiyatlı olmağa və işi möhkəm görməyə adət et və tez, nikbinlik və yaxşı güman yükünün altına girmə. Əgər düşməninlə bir əhd bağlasan və öz tərəfindən ona aman (paltarı) geyindirsən (pənah versən), əhdinə vəfa et və verdiyin pənah və sığınacağa riayət et, özünü bağladığın əhd-peymana sipər et. Çünki insanlar, ziddiyyətli istəklərə və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfa etməyi uca tutmaq kimi heç nə barəsində yekdil deyildirlər. Müşriklər də müsəlmanlardan qabaq öz aralarında əhdə vəfa etməyi zəruri bilirdilər. Çünki əhdi pozmağın xoşagəlməz və pis nəticələrini başa düşmüşdülər (dadmışdılar. Belə isə müsəlmanlar onu yerinə yetirməyə daha layiqdirlər). Buna görə də öz verdiyin amana xəyanət edib əhdini pozma və düşmənini aldatma. Çünki (əhdi pozmaq Allaha qarşı çıxmaq və cürət etməkdir və) bədbəxt nadandan başqa heç kəs Allaha qarşı çıxmaz, cürət etməz. Allahın əhdi Onun rəhmət və mehribanlıqla bəndələri arasında yaydığı əmin-amanlıq və rahatlıqdır. (Onlara hərc-mərclik, qətl və fəsaddan qurtulmaları üçün əhdlərinə riayət etmələrini əmr edib.) Onu sığınacaq edib ki, möhkəmliyi ilə yaşayaraq ona pənah aparsınlar. Buna görə də onu pozmaq və onda hiylə işlətmək rəva deyil. Elə bir əhd-peyman bağlama ki, onda başqa yerə yozmaq, bəhanə gətirmək və hiylə və kələk işlətmək yolu olsun. Əhd-peymanı bərqərar edib möhkəmləndirdikdən sonra ikibaşlı söz işlətmə. Barəsində Allahın əhdinə (başqası ilə bağladığın peymana) riayət etməli olduğun işin çətinliyi səni, onu nahaq yerə pozmağa vadar etməsin. Çünki sənin, mükafatında asayiş və artım olmasına ümidvar olduğun çətin işə səbr etməyin, dünya və axirətdə əfv və bağışlanmasını istəmək yolu olmayan və bunu edə bilməyəcəyin hiylə və kələyin günah və cəzasından və Allah tərəfindən sorğu-suala tutulmağından qorxmaqdan daha yaxşıdır. (Başqası ilə bağlanmış peymana riayət edilməsinə təkid etmək və onu pozmaqdan qorxutmaq üçün İmam əleyhis-salam onu Allahın peymanı adlandırıb.)
Qanlardan (adam öldürməkdən) və onu nahaq yerə tökməkdən qorx. Çünki nahaq qan tökmək kimi heç nə əzab və cəzanın çoxluğuna, sorğu-sualın böyüklüyünə, nemətin əldən çıxmasına layiq olmağa və ömrün sona çatmasına səbəb olmur. Nöqsan sifətlərdən pak olan Allahın, qiyamət günü, barəsində bəndələr arasında hökm edəcəyi ilk şey tökülmüş qanlar olacaqdır. Buna görə də hökumətini haram qan tökməklə (dinin hökmlərinin əksinə adam öldürməklə) möhkəmləndirərək bərqərar etmək istəmə. Çünki haram qan tökmək hökuməti zəiflədərək süstləşdirən, hətta onu aradan aparan və (bir sülalədən digər sülaləyə) keçirən işlərdəndir. Sən qəsdən adam Öldürmək barəsində nə Allahın və nə də mənim yanımda üzrlü hesab edilməzsən. Çünki həmin təqdirdə (sözsüz-söhbətsiz) bədən qisası almaq (başqasını öldürdüyün kimi öldürmək) lazım gəlir. Əgər xəta və səhv üzündən başqasını öldürsən, qamçın və ya qılıncın işkəncə verməkdə həddini aşsa (hadisə, qəsd olmadan qətl ilə nəticələnsə) – deməli, yumruq vurmaq və ondan yuxarısı da öldürməkdir (bəzən ölümə səbəb olur) - hökumət qürurun səni, öldürülmüş şəxsin sahib və qohumlarına onun qanbahasını ödəməkdən saxlamamalıdır. (Tam təvazökarlıqla gərək onun qanbahasını ödəyəsən.)
Özünü bəyənməkdən, səni məğrurluğa sövq edən şeylərə arxalanmaqdan və camaatın səni çox tərifləmələrini sevməkdən çəkin. Çünki bu hal şeytanın yaxşı əməl sahiblərinin yaxşılıqlarını aradan aparması üçün ən mühüm fürsətlərindəndir. (Şeytan həmişə belə fürsətin ələ düşməsini gözləyir. O, insanı məğrurluğa və tərifi sevməyə sövq edir ki, gördüyü yaxşı iş təsirsiz olsun.)
Rəiyyətə, etdiyin yaxşılığa görə minnət qoymaqdan, gördüyün işi olduğundan artıq saymaq və ya ona verdiyin vədə vəfa etməməkdən çəkin. Çünki minnət qoymaq yaxşılığı nəticəsiz edir. İşi olduğundan artıq güman etmək (bir növ məğrurluq, zülm və yalandır və ) haqqın nurunu söndürür (yaxşılıq və düzlüyü savabsızlaşdırır). Vədə vəfa etməmək də Allahın və xalqın qəzəbinə səbəb olur. Allah-təala (Səff surəsinin 3-cü ayəsində) buyurub: «كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.»
Vaxtı çatmamış işlərdə tələsməkdən, çatılan zaman onların arxasınca düşüb bərk çalışmaqdan, kələfin ucu məlum olmayan zaman inadkarlıq göstərməkdən, yaxud ələ düşəndə onlarda süstlük göstərməkdən çəkin. Beləliklə, hər bir şeyi öz yerinə qoy və hər bir işi öz vaxtında yerinə yetir (ki, ədalət, bərabərlik və düzlük budur).
Xalqın bərabər olduğu şeyi ancaq özünə məxsus etməkdən qorx. Hamının bildiyi işlərdə sənin diqqət etməli olduğun şey barəsində özünü nadanlığa vurmaqdan çəkin. (Malik olmadığın haqqı tələb etmə və heç edilmiş, tapdanmış haqqa göz yumma.) Çünki o, (zülmlə aldığın şey) səndən, başqası (məzlum) üçün geri alınacaqdır. Tezliklə işlər üzərindən pərdələr götürülər (gizlin olan şeylər üzə çıxar) və məzlumun və zülmə məruz qalanın haqqı səndən alınar. Qəzəbin şölələnəndə, itaətsizliyin kəskinləşəndə, əlinlə hücum edəndə və dilin acılaşaraq çirkin sözlər danışanda özünü ələ al. Tələsməmək və hücumu təxirə salmaqla bu çirkin işlərdən çəkin ki, qəzəbin yatsın və (həmin vaxt) güc və ixtiyar taparaq özünü ələ alarsan. Rəbbinə doğru qayıdacağını çox yadına salıb fikirləşməyincə özünü ələ ala bilməyəcək, qəzəbdən qurtulmayacaqsan.
Sənə səndən əvvəlkilərinin başlarına gələnləri – çıxardıqları ədalətli və düzgün hökmləri, yaxud əməl etdikləri gözəl ən’ənələri, yaxud da Peyğəmbərimizdən (səlləllahu əleyhi və alih) nəql etdikləri xəbərləri, ya da Allahın kitabındakı vacib əməlləri yerinə yetirmələrini - yada salmaq vacibdir. Beləliklə, bu işlərdən əməl etdiyimizi gördüyün şeyləri sən də et və bu əhdnamədə sənə tapşırdıqlarıma tabe olmağa çalış. Mən bu əhdnamə ilə sənə (ünvanlanmış) dəlillərimi möhkəmləndirdim ki, nəfsin istəklərə doğru tələsəndə heç bir bəhanən olmasın. Allahdan başqa pislikdən qoruyan və yaxşı işə nail edən heç bir kimsə qətiyyən yoxdur. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mənə olan vəsiyyətlərində əhd bağlayaraq tapşırdığı şey namaz və zəkata, eləcə də qullarınızla mehriban olmağa təşviq etmək və (bu yolda) çalışmaq idi və mən o Həzrətin vəsiyyət və tapşırığını sənə yazdığım əhdin sonluğu edirəm. Uca və əzəmətli Allahın iradə və istəyi olmadan heç (kəsdə) bir hərəkət və qüdrət yoxdur.
Bu da həmin əhdnamənin
bir hissəsi və sonudur
Və mən Allahdan istəyirəm ki, rəhminin genişliyi və hər bir mətləbi vermək qüdrətinin böyüklüyü ilə məni və səni razılığı onda olan şeyə - Onun və yaratdıqlarının qarşısında aşkar üzrə malik olmağa, bəndələr arasında yaxşılıqla xatırlanmağa, şəhərlərdə gözəl nişanələr qoymağa, neməti tam və izzəti artıq olmağa müvəffəq etsin. Həmçinin mənim və sənin həyatını səadət və şəhadətlə (Allah yolunda öldürməklə) sona çatdırmasını diləyirəm. Biz Ona tərəf dönəcəyik. (Onun rəhmət və mərhəmətini axtarırıq.) Salam olsun Allahın elçisinə (Həzrət Mustafaya); ona və onun (hər bir eyb və nöqsandan) pak və təmiz Əhli-Beytinə Allahın salamı olsun!
54-cü məktub
İmam Əli əleyhis-salamın Təlhə və Zübeyrə olan məktublarındandır ki, (onda onların əhdlərini pozmaq haqqına malik olmadıqlarını isbat edib və) onu İmran ibn Hüseyn Xüzai vasitəsi ilə göndərib. Əbu Cə’fər (Məhəmməd ibn Addullah) Eskafi onu Əmirəl-mömininin fəzilətləri barəsində yazdığı «Məqamat» kitabında bəyan edib.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Gizləsəniz də bilirsiniz ki, camaat məni (mənə bey'ət etmək) istəyənə kimi mən onların fikrinə düşmədim (onların bey'ət etmələrini istəmirdim) və onlar mənə əl uzadana kimi, mən (bey'ət almaq üçün) onlara tərəf əl uzatmadım. Siz mənə tərəf gəlib bey'ət edən kimsələrdən idiniz. Xalq mənə nə (malik olduğum) güc və qüdrətə və nə də mövcud mal və sərvətə görə (ona tamah salıb) bey'ət etməyib. (Onlar öz ixtiyar və istəkləri ilə əl uzadaraq bey’ət ediblr.) Buna görə də əgər siz mənimlə ixtiyari surətdə bey’ət edib əhd bağlamısınızsa, nə qədər ki, gec deyil (onu pozmaqdan) qayıdın, (bu çirkin işdən) tövbə edib Allaha tərəf dönün. Əgər ürəksiz əhd bağlamısınızsa, itaət və tabeçiliyi üzdə göstərib (bey’ət edib) günah və itaətsizliyi gizlətməklə (ürəksiz əhd bağlamaqla) mənim (sizi sorğu-suala tutub cəzalandırmağım) üçün yol açmısınız (ki, sizdən «əgər batində meyliniz yox idisə, heç bir məcburiyyət və zor olmadan nə üçün bey’ət etdiniz?» deyə soruşum). Canıma and olsun (ki, mənimlə meyl və rəğbətlə, malik olduğunuz nadürüst məqsədə görə bey’ət etmisiniz. İndi həmin məqsədinizə çatmadığınız üçün əhdinizi pozmusunuz. Çünki) siz təqiyyə etməyə, qorxmağa və mənimlə bey’ətə könülsüzlüyünüzü bildirməməyə, Mühacirlərdən daha layiqli deyildiniz. (Ona görə ki, siz onlardan güclü idiniz və sizə güc gələrək zor işlətmək imkanı daha az idi.) Sizin üçün bey'ətə daxil olmamışdan onun yükünün altına girməməyiniz, onu qəbul etdikdən sonra əhdinizi pozmaqdan daha asan idi. (Öz əhdlərinizi pozmaq üçün hazırladığınız bəhanə budur ki,) siz Osmanı mənim öldürməyimi güman edirsiniz (və həmin bəhanə ilə siz, onun intiqamını almaq üçün mənimlə müharibə etmək fikrinə düşmüsünüz). Belə isə mənimlə sizin aranızda Mədinə əhalisindən (Məhəmməd ibn Müslimə, Usamə ibn Zeyd və Abdullah ibn Ömər kimi) şəxslər var ki, həm məndən, həm də sizdən uzaqlaşıblar (heç birimizə kömək etmirlər. Qoy onlar şəhadət verib Osmanın qatilinin kim olmasını desinlər). Beləliklə, (əgər onlar Osmanı kimin öldürməsini desələr, bizlərdən) hər bir kəs, (barəsində verilmiş şəhadət əsasında) bu işdə əli olan miqdarı, boynuna almağa məcbur edilsin (və ondan qisas alınsın. Şübhəsiz ki, əgər onlar şahidlik etsəydilər Təlhə ilə Zübeyrin, Osmanın öldürülməsinin səbəbkarı olmaları, İmam əleyhis-salamın isə bu işdən uzaq olması məlum olardı.) Buna görə də ey qocalar, fikrinizdən daşının. (Nahaq yerə bəhanə gətirməyin və müharibə edib qan tökməkdən əl çəkin.) Çünki indi – (qiyamət günündəki) rüsvayçılıq ilə od bir yerə toplaşmamışdan, (dünyada) sizin qarşınıza çıxacaq ən böyük iş xəcalət və ardır. (Sizin barənizdə «peşman olub tövbə etdilər, qayıtdılar» deyilməsi, Həzrət Peyğəmbərin səhabələrinin öz zəmanələrinin imamı ilə müxalifət səbəbindən ilahi əzaba düçar olmalarından daha yaxşıdır. Çünki burada ar ilə od bir yerə toplanıb.) Salama layiq kimsəyə salam olsun!
55-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə (nəsihət yönümlü) məktublarındandır.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: nöqsan sifətlərdən pak və uzaq olan Allah, dünyanı axirət üçün yaradıb və (bütün gizlin və aşkar olan şeyləri bilməsinə baxmayaraq) dünya əhlini onda sınağa çəkib ki, onlardan hansının əməllərinin daha yaxşı olmasını bilsin (başqalarına göstərsin). Biz dünya üçün yaradılmamışıq və onun (işləri) üçün çalışmağa göndərilməmişik. (Hamının ruzi əldə etmək üçün çalışmağa məcbur olmasına baxmayaraq, əsas səy və təlaş axirət işləri üçün olmalıdır.) Bizi dünyaya onunla sınanmağımız üçün gətiriblər (ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri məlum olsunlar). Allah məni səninlə və səni mənimlə sınayıb və bizim birimizi digərimizə dəlil-sübut edib. Sən dünyanı əldə etmək üçün Qur’anı yozmağa tələsdin. Məndən, əlim və dilim cinayət və günahına batmadığı şeyi (Osmanın qanını) istəyibsən. (Nə özüm onu öldürmüşəm, nə də onun öldürülməsinə göstəriş vermişəm.) Sən Şam əhli ilə məni Osmanın qanında günahlandırdınız. Aliminiz cahilinizi, duranınız oturanınızı təhrik etdi. (Bu cür nadürüst sözlərlə bir-birinizi mənə qarşı ayağa qaldırdınız.) Buna görə də özün barəsində Allahdan qorx. Şeytana müqavimət göstərərək cilovunu onun çəngindən çıxart. Bizim və sənin yolun olan (hamımızın gedəcəyimiz) axirətə üz tut. Allahın, səni Öz tərəfindən əsl və kökünə işləyərək nəslini kəsən təcili bəlaya düçar etməsindən qorx. (O, elə bəla olar ki, səndən və nəslindən əsər-əlamət qoymaz). Mən, sənə görə, Allaha doğru olan bir and içirəm ki: əgər (insanları) bir yerə toplayan tale, mənimlə səni qarşılaşdırsa, həmişə səninlə qalacağam «حَتَّى يَحْكُمَ اللّهُ بَيْنَنَا وَهُوَ خَيْرُ الْحَاكِمِينَ» «O vaxta kimi ki, Allah bizim aramızda Öz hökmünü versin (səni etdiyin zülm və haqsızlığın cəzasına çatdırsın). Axı O, hökm verənlərin ən yaxşısıdır!» (Ə'raf surəsi, 87-ci ayə)
56-cı məktub
İmam Əli əleyhis-salamın (barəsində on birinci məktubun şərhində bir az izahat verilmiş) Şüreyh ibn Haniyə onu (və Ziyad ibn Nəsri) özünün (Müaviyə ilə müharibə etmək məqsədi ilə) qabaqda Şama gedən (on iki min nəfərlik) qoşununa başçı təyin edən zaman buyurduğu tövsiyələrindəndir.
Hər səhər-axşam Allahdan qorx. (Onun göstərişlərinə zidd iş görmə.) Nəfsin barəsində aldadıcı dünyadan çəkin. Heç vaxt ondan əmin və xatircəm olma. Bil ki, əgər nəfsini sevdiyin şeylərin çoxundan (nəticədə sənə çatacaq) xoşagəlməzliklərinə görə saxlamasan və qarşısını almasan, arzu və istəklər sənə çoxlu zərər-ziyan vuracaq. Buna görə də nəfsinin (şəhvət və istəklərinin) qarşısını alaraq ona mane ol və qəzəb zamanı özündən çıxmağı özündən uzaqlaşdır.
57-ci məktub
İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Cəməl tərəfdarları ilə müharibə etmək üçün) hərəkət edərkən Kufə əhalisinə olan məktublarındandır (ki, onda, onlardan kömək istəyib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mən öz qəbiləmin məkanından (Mədinədən, Bəsrəyə getmək qəsdi ilə) çıxdım, halbuki (həqiqəti dərk etməyib öz zəmanəsinin imamını tanımayan şəxsin nəzərində) ya zalımam, ya da məzlum, ya təcavüzkaram, yaxud da təcavüzə məruz qalan. (Hər halda) mən, Allahı bu məktubum çatan hər bir kəsin yadına salıram ki, tez yanıma gəlsin. Əgər hərəkətim düz olsa (görsə ki, bu işdə düzgün davranıram), mənə kömək etsin. Hərəkətimin düz olmamasını gördükdə isə, məndən düzlüyə və onların razı olduqları şeyə qayıtmağı istəsin.
58-ci məktub
İmam Əli əleyhis-salamın şəhərlərin əhalisinə olan məktublarındandır ki, onda özü ilə Siffeyn (müharibəsində Şam) əhalisi arasında baş verənləri bəyan edib.
İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və (camaatın hidayət və nicat istiqamətində) İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər. (Amma zahirdə) iş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən (və bizim onun qatillərinə kömək etməkdə günahlandırılmağımızdan) başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik. Buna görə də (onlar bu bəhanə ilə müharibəyə şərait yaradanda) onlara belə dedik: Gəlin bu gün fitnə alovunu söndürmək və xalqa rahatlıq verməklə bundan (müsəlmanların qanlarının vuruşda axıdılmasından) sonra əlac edə bilməyəcəyimiz şeyə çarə qılaq ki, işlər möhkəmlənərək qaydasına düşsün və biz haqqı öz yoluna qoya bilək. Dedilər: (Yox,) biz bu işə düşmənçilik və döyüşlə çarə qılacağıq! Beləliklə, (bizim nəsihətimizdən) boyun qaçırdılar və nəhayət, müharibə başlandı, onun şölələri qızışdı və iş çətinləşdi. Müharibə və döyüş bizi və onları dişinə alıb caynaqlarını bizə və onlara batıran zaman (döyüş ağırlaşanda və onlar məğlubiyyətə uğradıqlarını görəndə), onlar bizim (müharibədən qabaq, tərəfinə) çağırdığımız şeyi qəbul etdilər. Bu halda (bizdən döyüşdən əl götürməyimizi istədilər və biz) onların çağırışlarını qəbul edib istəklərinə doğru tələsdik ki, dəlilimiz (bizim haqq olmağımız) onlara aydınlaşsın və heç bir bəhanə yerləri qalmasın. (Biz onların istəklərini ona görə qəbul etdik ki, bizim məqsədimizin qan axıdılması olmamasını bilsinlər. Başa duşsünlər ki, bizim onlarla müharibə etmək haqqımız var idi. Ona görə ki, Osmanın qətlə yetirilməsi onlar üçün müxalifət etmək və vuruşmağa bəhanə və dəlil deyildi.) Buna görə də onlardan hər kim bu sözdə (bizi çağırdıqları və bizim də qəbul etdiyimiz Allahın kitabında) möhkəm olsa, deməli, Allah onu həlak və məhv olmaqdan qoruyub. İnadkarlıq göstərərək öz azğınlığında qalan kimsə isə öz əvvəlki halına qayıdıb (əhdini pozub), Allah onun qəlbini (qəflət pərdəsi) ilə örtüb və onun başında pis hadisələr fırlanır. (Xülasə, Allahın kitabına tabe olan kəs xoşbəxt, ona arxa çevirən isə bədbəxt və ilahi əzaba düçar olacaq.)
59-cu məktub
İmam Əli əleyhis-salamın Hülvan qoşununun başçısı Əsvəd ibn Qütbəyə məktublarındandır. (Hülvan Bağdad ilə beş günlük yol fasiləsi olan bir şəhərdir. «Rical» alimləri Əsvəd ibn Qütbə barəsində bir şey yazmayıblar. Amma çox ehtimal ki, o, gözəl şəxsiyyətlərdən olub. İmam əleyhis-salam bu məktubda ona ədalətli olmağı əmr edib.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin (hər bir kəs və hər bir işə münasibətdə) meyl və istəyi eyni olmasa, bu davranış onu, ədalətliliyin çoxundan saxlayar. Buna görə də camaatın (özününkü və yadın, böyük və kiçiyin, imkanlı və imkansızın) haqq olan işi sənin yanında bərabər olmalıdır. Çünki zülmün yerinə ədalətin və insafın nəticəsi və mənfəəti əldə edilməz. Bənzərini bəyənmədiyin işdən uzaq ol. (Başqalarının yerinə yetirmələrini layiqli saymadığın işi görmə.) Nəfsini, savabına ümid bəsləyib cəzasından qorxaraq Allahın sənə vacib etdiklərinə vadar et.
Bil ki, dünya çətinlik diyarıdır. İnsan onda heç vaxt bir saat asudə və rahat olmayıb. Əgər olubsa da həmin saatın rahatlığı qiyamət günü onun qəm-kədərinə səbəb olar. Bil ki, heç vaxt heç bir şey səni haqdan ehtiyacsız edə bilməz. (Buna görə də batil və nahaq şeylərin ətrafına belə fırlanma.) Sənin boynunda olan haqlardan biri öz nəfsini (nəfsi istəklər və itaətsizlikdən) saxlamaq və rəiyyətin işlərində çalışaraq onların çatışmazlıqlarını islah etməkdir. Çünki bu yol ilə (Allahdan) sənə çatacaq xeyir və savab, sənin vasitənlə (rəiyyətə) çatan xeyirdən daha çoxdur. Salama layiq kimsəyə salam olsun!
60-cı məktub
İmam Əli əleyhis-salamın (qoşunun yolu üstündə yerləşən və) ordunun keçəcəyi yerlərin valilərinə məktublarındandır (ki, onlar və rəiyyət barəsində bəzi tapşırıqlar verib).
Allahın bəndəsi Əmirəl-möminin Əlidən ordunun, (yerlərindən) keçəcəyi şəhərlərin xərac toplayanlarına və valilərinə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sizdən (yerlərinizdən) keçəcək qoşunu yola saldım və onlara (camaatı) incidərək pislik etməmək kimi Allahın onlara vacib etdiklərini tapşırdım. Mən sizin özünüzün və (pənahınızda olan) zimmə əhlinizin yanında ordunun ziyan vurması barəsində pak və günahsızam. Ac və aciz olan və qarnını doydurmaq üçün (rəiyyətin malından özü və ya onun özü kimi sayılan atının doyması miqdarında götürməkdən başqa) bir yol tapmayan kəs istisnadır (və bu cür ziyan rəvadır). Buna görə də (ac və möhtac olmayan və) zülm üçün (camaatın malına) əliuzunluq edən qoşunu özünüzdən uzaqlaşdıraraq cəzalandırın. İcazə verdiyim şeydə ağılsızlarınızı onlara mane olaraq hörmətsizlik etməkdən saxlayın (ki, fitnə və çaxnaşma yaranmasın). Mən ordunun arxasındayam. Beləliklə, onların sizə etdikləri zülmləri, həmçinin onların Allahın köməyi və mənə müraciətdən başqa heç bir şeylə qarşısını ala bilmədiyiniz, rəftarları nəticəsində qarşılaşdığınız çətinlikləri mənə xəbər verin. Belə olan halda, mən Allahın kömək və istəyi ilə onu düzəldəcəyəm. (Sizin şikayətlərinizə baxıb onların zülm və haqsızlıqlarını sizdən uzaqlaşdıracağam.)
61-ci məktub
İmam Əli əleyhis-salamın tərəfindən (Fəratın sahilindəki şəhərlərdən olan) Hitin valisi olmuş (İmam əleyhis-salamın ən seçilmiş dost və şiələrindən) Kumeyl ibn Ziyad Nəxəiyə məktublarındandır. (İmam əleyhis-salam bu məktubda) onu, düşmənin onun olduğu şəhərdən qarətçilik üçün keçən qoşununun qarşısını almadığına görə məzəmmət edir (ki, nə üçün belə bir vaxtda öz şəhərini buraxıb digər bir düşmənin qarşısını almağa gedib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: İnsanın təyin edilərək ona tapşırılan şeyi buraxıb ona həvalə edilməyən və başqasının öhdəsinə qoyulmuş işə görə zəhmət çəkməsi, aşkar acizlik və sahibini məhvə aparan düşüncədir. (Çünki onun mənşəyi ağlın azlığıdır.) Həmçinin sənin, vali və başçı təyin etdiyim sərhədləri heç bir hami və qoruyucusu və qoşunu (düşmən qoşununu) ondan qaytaran bir kimsəsi olmayan halda buraxıb (Fərat sahilindəki şəhərlərdən olan) Qerqisiya əhalisinə hücum edib onları qarət etməyin dağınıq nəzər və düşüncədir. Beləliklə, sən (bu işlərinlə) dostlarına hücum edib onları qarət etmək istəyən düşmənlərin (onların keçməsi) üçün bir körpü olmusan. Eyni zamanda möhkəm (güclü) çiyinlərin yox idi və səndən heç bir qorxu mövcud deyildi (ki, düşmənlərin öz yerlərində otursunlar). Nə dəliyi (düşmənin yolunu) bağladın və nə də düşmənin vüqar və qüdrətini sındırıb bir-birinə vurdun; nə şəhərinin əhalisinin (düşmənin qarşısını almaq) ehtiyacını tam təmin edənsən, nə də öz əmiri tərəfindən bir iş görən! (Buna görə də sənin kimisi valilik işinə yaramır.) Salama layiq kimsəyə salam olsun!
62-ci məktub
İmam Əli əleyhis-salamın Malik Əştəri (Allah ona rəhmət etsin) Misirə vali təyin edəndə onunla, həmin diyarın əhalisinə göndərdiyi məktublarındandır. (İmam əleyhis-salam bu məktubda Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – sonra başına gələnlərin bir hissəsini açıqlayıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Nöqsan sifətlərdən pak və uzaq olan Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) bəşəriyyəti (ilahi əzabdan) qorxudan və (insanların nicatı üçün Allah tərəfindən göndərilmiş) peyğəmbərlərə şahid kimi göndərmişdir. O Həzrət – səlləllahu əleyhi və alih – vəfat etdikdən sonra müsəlmanlar xilafət barəsində çəkişmə və qalmaqala düşdülər. Allaha and olsun ki, qəlbimə gəlmir və fikrimdən belə keçmirdi ki, ərəblər o Həzrətdən (səlləllahu əleyhi və alih) sonra xilafəti onun Əhli-Beytindən başqa birinə həvalə edəcək və (bütün tapşırıqlara və məni Qədir-Xumda və digər yerlərdə aşkar şəkildə xilafətə təyin etməsinə baxmayaraq,) o Həzrətdən sonra onu məndən əsirgəyəcəklər. Məni (yəni, hər bir ağıllı və agah şəxsi) camaatın beyət etmək üçün filankəsə (Əbu Bəkrə) tərəf tələsmələrindən başqa bir şey narahat etmədi (və ya təəccübləndirmədi). Beləliklə, (həmin vəziyyətdə) əl saxladım (onları öz ixtiyarlarına buraxdım). Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə başlamasam, onda nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və kədəri mənim üçün, nəticəsi (susuz adamın su sandığı) ilğım kimi (yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə günlük müvəqqəti mal olan sizə hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kömək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticədə əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din (mürtəd və dağıdıcıların fitnələrindən) sakitlik taparaq (nigarançılıqdan) qurtulub öz yerində qərar tutdu.
Bu da həmin məktubun (o Həzrətin cihadının haqqın icrası uğrunda olması və onun düşmənin çoxluğundan qorxmaması barəsindəki) bir hissəsidir
Vallah, əgər mən onlarla (Müaviyə və onun qoşunu ilə) təkbaşına qarşılaşsam və onlar (öz çoxluqları ilə) bütün yer üzünü doldursalar, (qətiyyən heç nədən) çəkinməz və qorxmaram. Mən onların düçar olduqları azğınlıqlar və özümün hidayət və nicat yolunda olmağım barəsində öz tərəfimdən bəsirətə, Rəbbim tərəfindən isə yəqinlik və inama malikəm. Allahla görüşü (Onun yolunda öldürülməyi) arzulayır və ümidvarcasına Onun gözəl savabını gözləyirəm. Amma mənim qəm-qüssəm bü ümmətin işlərinə onun ağılsız və pis əməllilərinin (Bəni-Üməyyənin) hakimlik etmələrindən, Allahın malını (müsəlmanların beytülmalını) əldən-ələ ötürmələrindən, Onun bəndələrini qul, yaxşılarını düşmən, pislərini isə dost etmələrindəndir. Çünki onlardan sizin (siz müsəlmanların) aranızda şərab içən və (bu çirkin işinə görə) İslamda təyin edilmiş qaydada şallaq vurulmuş kəs var. Onların içərisində (Əbu Süfyan və Müaviyə kimi) azacıq bəxşişlər verilməyincə müsəlman olmayıb İslamı qəbul etməyən kəslər var. (Əsas mətndə işlənmiş «رَضِيخَة» «rəzixə» kəlməsi İslam və müsəlmanlara münasibətdə qəlbləri yumşalıb kömək etmələri üçün kafirlərə verilən az miqdarlı bəxşişə deyilir.) Buna görə də əgər bu şəxslərin vali olmaq qorxusu olmasaydı, sizi (cihad və vuruşa) çox vadar etməz, (tənbəlliyə görə) məzəmmət etməz, sizi həvəsləndirmək üçün bu qədər çalışmaz və (düşmənlə döyüşməkdən) boyun qaçırıb süstlük edəndə sizi azad buraxardım (öz halınızda qoyardım). Ətrafınızın mühasirə edilməsini, diyarınızın zəbt edilərək ixtiyarınızda olan şeyləri əllərinə almalarını və şəhərinizdə müharibə etmələrini görmürsünüzmü?! (Müaviyənin sizin bəzi şəhərlərinizi almasını və indi də məmləkətin hamısını öz əlinə keçirmək üçün müharibə etməsini görmürsünüz?!) Allah bağışlasın sizi! Düşməninizlə döyüşə gedin, özünüzü yerə yük etməyin (evdə qalıb süstlük etməyin). Yoxsa xar olar, biçarəliklə geri dönər və nəsibiniz ən alçaq şey olar. Müharibənin qardaşı (döyüşkən və cəngavər şəxs) oyaq və sayıqdır. (Düşməndən xatircəm olub) yatan kəsin düşməni yuxuya getməz. (Düşməndən xatircəm olmasını güman edib yatan kəs bilməlidir ki, düşmən ondan rahat və xatircəm deyil.) Salama layiq kimsəyə salam olsun.
63-cü məktub
İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə olan məktublarındandır. O, İmam əleyhis-salam tərəfindən Kufənin hakimi idi. İmam əleyhis-salam kufəliləri Cəməl tərəfdarları ilə (Təlhə, Zubeyr, Aişə və onların ətrafındakılarla) müharibəyə çağıranda Əş’ərinin camaatı ona yardım etməyə gəlməkdən çəkindirərək müxalifət etməyə vadar etməsi xəbəri o Həzrətə çatanda bu məktubu yazıb. (Əbu Musa həmin vaxt belə deyirmiş: Bu, müsəlmanlar arasına düşmüş bir fitnə-fəsaddır və ondan uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – hədis nəql edirmiş ki, ümmətin arasında fitnə zahir olanda siz kənara çəkilin. Bu xəbər İmam əleyhis-salama çatanda oğlu imam Həsən əleyhis-salamı bu məktub ilə Kufəyə göndərdi və onda Əbu Musanı bu çirkin işinə görə hədələyərək məzəmmət etdi.)
Allahın bəndəsi Əmirəl-möminin Əlidən Abdullah ibn Qeysə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə sənin həm xeyrinə, həm də ziyanına olan bir söz çatıb. Buna görə də mənim elçim sənin yanına gələndə ətəyini çırma, kəmərini möhkəm bağla və deşik və yuvandan (Kufədən) çölə çıx. (Kərtənkələ kimi deşiyə girib rahat qalacağını güman etmə.) Səninlə olanları (yoldaşlarını) çağır və həvəsləndir (bizə kömək etməyə vadar et). Beləliklə, əgər (bizim işimizi) düzgün sayıb inansan (bizə tərəf) gəl. Amma qorxsan (bizim arxamızca getməkdə süst olsan), uzaqlaş (hökumət və qoşundan kənar ol). Allaha and olsun ki, harada olsan gətirərlər səni və yağını südünə və əridilmişini donmuşuna qatmayınca səni azad buraxmazlar. Oturmağa fürsət tapmaz və arxandan qorxduğun kimi önündən də qorxarsan. (Nə önündən və nə də arxadan heç cür rahatlığa malik olmazsan.) Cəməl tərəfdarlarının fitnəsi sənin güman etdiyin qədər asan bir fitnə deyil. O, çox böyük və ağır bir müsibət və dərddir ki, gərək onun dəvəsini minib çətinliklərini asan və dağlıqlarını düzənlik edəsən. (Bu hadisədən qafil olub onu asan sanmaq olmaz. Onun alovunun yatırılması üçün çalışmaq lazımdır.) Buna görə də ağlını topla, işini ələ al və payını tap. (Xülasə, işinin xeyir və ziyanı barəsində yaxşıca fikirləş.) Əgər (bizə kömək etmək) istəmirsənsə qurtuluş olmayan dar yerə uzaqlaş, çəkil. (Nicat tapmayacağın yerə get.) Bu işi başqalarının sona çatdırmaları və sənin yuxuda olmağın, nəticədə «filankəs haradadır?» deyilməməsi daha məsləhətdir. (Kənara çəkil. Çünki bu müharibə sənin köməyin olmadan da aparılar. Sənin orada olmağınla olmamağın birdir.) Allaha and olsun ki, bu müharibə və döyüş haqq olan kəsin (İmam əleyhis-salamın) əli ilə haqq olaraq düzgün aparılır. O, dindən və haqq yoldan uzaqlaşmış kəslərin etdiklərindən qorxub çəkinmir. (Çünki haqq olan kəsin batil və nadürüstdən qorxusu yoxdur.) Salama layiq kimsəyə salam olsun!
64-cü məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab məktublarındandır (ki, onda, onun sözlərinin səhv olmasını bəyan edir və onu məzəmmətləyir).
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: yada saldığın kimi biz sizinlə (İslamdan qabaq) dost və birgə idik. Amma dünənki gün (İslam) bizimlə sizi bir-birimizdən ayırdı. Biz iman gətirdik (Allahın elçisinə – səlləllahu əleyhi və alih – inandıq), siz isə kafir oldunuz. Bu gün (o Həzrətdən sonra) biz düz dayanmışıq (dinin göstərişlərinə əməl edirik), siz isə fitnə-fəsada üz tutdunuz (dinin yolundan kənara çıxdınız). Sizin müsəlmanınız (Həzrət Peyğəmbərin dövründə də) İslamı ancaq icbarla və İslamın böyük şəxsiyyətlərinin hamısı (Məkkənin fəthindən qabaq) Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dost və yoldaşı olandan sonra qəbul etdi.
Demisən ki, mən (Məhəmmədin atası) Təlhəni və (Abdullahın atası) Zübeyri öldürmüş, Aişəni uzaqlaşdıraraq işini naməlum saxlamış və Bəsrə ilə Kufədə enmişəm (Məkkə ilə Mədinədən uzaqlaşmışam)! Bu, sənin ondan uzaq olduğun bir işdir. (Bu hadisələrin sənə heç bir dəxli yoxdur.) Buna görə də sənə bir ziyan dəyməyib və onlara görə sənə üzr və bəhanə gətirməyə lüzum yoxdur. (Sənin qəzavət edərək öz zəmanənin imamına etiraz etmək haqqın yoxdur.)
(Səninlə birgə və yoldaş olan) Mühacirlər və Ənsarla (onların olduqları qoşunla) görüşümə (mənimlə müharibə etməyə) gələcəyini xatırladırsan, halbuki hicrət qardaşın (Əmr ibn Əbu Süfyan Bədr müharibəsində) əsir olan gün sona çatdı. Buna görə də əgər (mənimlə müharibə etməyə) tələsirsənsə rahat ol. Çünki (biz mütləq bir-birimizlə qarşılaşacağıq. Ona görə də) mənim sənin görüşünə gəlməyim (əlinə keçirdiyin şəhərlərdə səninlə vuruşmağım) daha münasibdir ki, Allah səni cəzalandırmaq üçün məni göndərmiş olur. (Ona görə ki, fitnə-fəsadla məşğul olanların qarşısını almağa mən başqalarından daha layiqəm.) Sənin mənim görüşümə gəlməyin (mənim əlimdə olan şəhərlərdə mənimlə müharibə etməyin) isə Bəni-Əsəd (qəbiləsi şairlərindən olan) qardaşın dediyinə bənzəyir ki:
مُسْتَقْبِلِينَ رِياحَ الصَّيْفِ تَضْرِبُهُمْ بِحاصِبٍ بَيْنَ أَغْوارٍ وَ جُلْمُودٍ
«Xırda daşları çuxurların və böyük daşların arasından götürüb onlara vuran yay küləklərinə üz tutarlar.» (Məqsəd budur ki, ox, nizə və qılınclar həmin küləklərin xırda daşları kimi sənə və qoşununa yağacaq.)
Sənin (ana) babanı (Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) bir yerdə (Bədr müharibəsində) vurduğum qılınc yanımdadır. Allaha and olsun ki, sən mən bildiyim kimisən: qəlbin pərdələnib (fitnə və azğınlıq pərdəsi ilə elə örtülüb ki, öyüd-nəsihət ona heç bir fayda vermir) və ağlın zəif və azdır (ki, haqq yola qədəm qoymursan). Sənin barəndə belə deyilsə daha yaxşı olar ki: sən, xeyrinə deyil, ziyanına olan hündür bir pis yeri sənə göstərən nərdivana çıxmısan. Çünki sən sənin olmayan itiyi axtarmısan və sənin olmayan heyvanı otarmısan. Elə şeyi istəyirsən ki, ona layiq deyilsən və onun mədənindən uzaqsan. Buna görə də sənin sözün əməlindən nə qədər də uzaqdır!! Əmilərinə və dayılarına (qohumlarına) çox tez oxşadın. Bədbəxtçilik və puç arzular onları Məhəmmədi (səlləllahu əleyhi və alih) inkar etməyə vadar etdi. Buna görə də onları sənin bildiyin yerlərdə (Bədr, Hüneyn və başqa müharibələrdə) öz həlak yerlərinə atdılar (öldürdülər). Böyük hadisənin qarşısını almadılar, meydanı boşaltmayan və heç süstləşməyən qılıncların müqabilində himayə edərək kömək göstərilməsi lazım olan şeydən çəkinmədilər.
Osmanı öldürənlər barəsində çox danışdın. Elə isə sən də xalqın daxil olduğu şeyə daxil ol. (Sən də başqaları kimi itaət edərək tabe ol.) Bundan sonra mənim yanımda onlara qarşı iddia irəli sür ki, mən səni və onları Allahın kitabına (tabe olmağa) vadar edim. Aldatmaq istədiyinə (Osmanın intiqamı adı ilə Şam hökumətini sənə verməyimi planlaşdırmağına) gəldikdə (bilməlisən ki): bu, uşağı süddən ayırarkən süd (içməməsi) üçün onu aldatmağa bənzəyir. Salama layiq kimsəyə salam olsun!
65-ci məktub
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır. (Müaviyə məktub yazaraq o Həzrətin Şam hökumətini ona verməsini, onu özünün canişini etməsini və yanına çağırmamasını istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və onda, onun sözlərinin səhv olmasını və istədiyi şeylərə layiq olmamasını xatırladıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sənin diqqətlə baxıb aşkar işlərdən faydalanmağının (mənim xilafətimin düzlük və haqq olmasına yəqin edib inanmağının) vaxtı çatıb. Nahaq iddialar (Şam hökuməti və canişinlik iddiası) etmək, qorxub çəkinmədən özünü yalanlara (onun azğınlıq çölünə) atmaq (və qiyamət əzabını nəzərə almamaq), sənin məqam və mərtəbəndən üstün olan şeyi (müsəlmanlara xəlifəlik və hakimliyi) iddia və yalan (yolu) ilə özünə yapışdırmaqla keçmişlərinin (qohumlarının azğınlıq) yolları ilə getdin (və düz yoldan uzaqlaşdın). Haqdan (Allahın və Peyğəmbərin göstərişlərindən) uzaqlaşdığın və sənə ət və qanından da lazımlı şeyi (mənim xilafətimi) inkar edib tabe olmadığın üçün sənə tapşırılan şeyi (beytülmalı) oğurladın. Onu (Həzrət Peyğəmbərin Qədir-Xum və bir çox digər yerlərdə mənim barəmdə buyurduqlarını) sənin qulağın qoruyub saxlayıb («eşitməmişəm» deyə bilməzsən) və sinən onunla dolub («xəbərim yoxdur, bilmirəm» deyə bilməzsən). Haqdan və düzlükdən sonra aşkar azğınlıqdan, həmçinin haqqı aşkar etdikdən sonra yanlışlıq və batilə qarışmaqdan başqa nə var? Buna görə də şübhədən və haqq ilə batili bir-birinə qatmaqdan qorx. Çünki (şübhələr yaradan) fitnə, neçə vaxtdır öz pərdələrini asıb (hazırlayıb) və onun zülməti gözləri torlu və görməz edib.
Səndən mənə sözləri qarmaqarışıq (bir-birinə aidiyyatı olmayan) bir məktub gəlib çatıb ki, onun (sözlərinlə dəm vurduğun) sülh və barışıq gücü zəif və yetərsizdir. Onda elə hiylələr var idi ki, onları sənin elm və təmkinin uydurmamış, bir yerə toplamamışdır. (Əksinə, sən onları nadanlıq, həyasızlıq və ağılsızlıqla hazırlamısan.) Sən bu puç sözlərinlə hamar qumluqda batan və qaranlıq yerdə ehtiyatsız hərəkət edən (öz ayağının qabağını körməyən) kimsəyə bənzəyirsən. Özünü elə uca yerə qaldırmısan (məndən səni canişin etməyimi istəmisən və həmin məqamı umursan) ki, ora çatmaq çətin, nişanələri isə yüksəkdir. Ora (heç kəsin əli çatmayan uca dağların qüllələrində yuva quran iti caynaqlı və yüksək uçuşlu) qartal (belə) çata bilməz. Onunla Əyyuq (süd yolunun sağında çox yüksəklikdə olan kiçik, aydın və qırmızı bir ulduzdur ki, Ülkər ulduzunun arxasında olur və ondan qabağa keçmir) bir ola bilər.
Allah göstərməsin ki, sən məndən sonra işlərinin həlli üçün müsəlmanlara hakim olasan, yaxud sənə onların biri üzərində əqd (– nigah, alver, icarə və bu kimi şeylər), yaxud əhd (bey'ət, aman, himayə və buna bənzər işlər) üçün bir vəzifə verim! Buna görə də indi özünü hazırlayaraq düşün. Çünki əgər Allahın bəndələri sənə tərəf hərəkət edənə (qoşunumuz səninlə döyüşə gələnə) kimi nöqsan və başısoyuqluğunu davam etdirsən, qapılar üzünə bağlanacaq və bu gün səndən qəbul edilə bilən iş (onda) qəbul edilməyəcək. Salama layiq kimsəyə salam olsun!
66-cı məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (dünyada sevinməmək və kədərlənməmək barəsində öyüd-nəsihət verdiyi) məktublarındandır. Bu məktub bundan öncə (iyirmi ikinci məktubda) başqa ibarələrlə keçdi.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Bəndə həmişə əldən çıxarması təqdir edilməmiş şeyə çatanda sevinir. Ona çatması təqdir edilməmiş şeyə görə isə kədərlənir. Buna görə də dünyadan əldə etdiyin ən yaxşı şey ləzzət və şadlığa çatmaq və (intiqam almaq və incitməkdə) qəzəb işlətmək deyil, batil və nahaqqı yatırmaq (məhv etmək) və haqq və düzlüyü diriltmək (bərpa etmək) olmalıdır. Gərək sevincin qabaqcadan göndərdiyin (sabahına tədarük gördüyün) şey üçün, kədərin görmədiyin (dünyada axirət üçün yerinə yetirmədiyin) iş üçün, fikir-düşüncən isə ölümdən sonra üçün olsun.
67-ci məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən Məkkənin hakimi olan Qusəm ibn Abbasa məktublarındandır. (İmam əleyhis-salam bu məktubda ona həcc mərasimini bərqərar etməyi əmr edir, camaatla ünsiyyətdə olmayıb qapalı olmaqdan çəkindirir və Məkkə əhalisinin hacılardan kirayə almalarını qadağan edir.)
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Həcci camaatla birgə bərqərar et (onun əməllərini bilməyənlərə öyrət və həcci yerinə yetirmək üçün onları bir yerə topla) və «Allahın günlərini» (keçmiş ümmətlərin çirkin əməllərinə görə aldıqları cəzaları) onların yadına sal. (Vaxtların ən yaxşısı olan) səhər və axşamüstü onlarla otur, (dini) hökm soruşana fitva ver, nadana elm öyrət və alimlə söhbət et. Gərək sənin, dilindən başqa camaata söz çatdıranın olmasın. (Hər nə istəyirsənsə özün birbaşa onlara de. Məğrur insanlar kimi xəbər göndərmə.) Həmçinin üzündən başqa qapıçın olmamalıdır. (İstəyən hər bir kəs maneəsiz səni görə bilməlidir.) İstəyi olanın səninlə görüşməsinə mane olma. Çünki əgər həmin istək işin əvvəlində sənin qapılarından düzəlməsə, onu işin sonunda düzəltdiyin üçün təriflənməzsən. (İstək sahibi, işin əvvəlində çəkdiyi zəhmətlər nəticəsində ruhdan düşdüyü üçün səni tərifləməz.)
Allahın malından (müsəlmanların beytülmalından) yanında yığılanlara bax (onunla məşğul ol). Onu yanında olan ailəli və ac kəslərə ver, (həqiqətən) fağır, yoxsul və möhtac olanlara çatdır. Ondan artıq qalanını bizim yanımıza göndər ki, yanımızda olanlar arasında paylayaq.
Məkkə əhalisinə göstəriş ver ki, (həmin diyarın əhalisindən olmayıb evlərdə) məskunlaşanlardan muzd və kirayə almasınlar. Çünki nöqsan sifətlərdən pak olan Allah (Qur’ani-Kərimin Həcc surəsinin 25-ci ayəsində) buyurur: («إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاء الْعَاكِفُ فِيهِ وَالْبَادِ» Kafir olub Allaha və Peyğəmbərə iman gətirməyənlər və camaatı Allahın yolundan, itaət və bəndəlikdən, hamı üçün etdiyimiz və) onda «akif» (oranın əhli) ilə «badi» (qərib) bərabər olan (Məscidül-Həramdan döndərənlərə şiddətli əzab daddıracağıq).» «عاكِف» «Akif»dən məqsəd Məkkədə yaşayan, «بَادِ» «badi»dən məqsəd isə həmin diyarın sakini olmayıb həccə gedəndir. Allah bizi və sizi Özünün sevdiyi (əmr buyurduğu) gözəl əməl və layiqli işlərə müvəffəq etsin. Salama layiq olana salam olsun!
68-ci məktub
İmam Əli əleyhis-salamın (zahiri) xilafətə çatmamışdan qabaq Salman Farsiyə (Allah ona rəhmət etsin) olan məktublarındandır (ki, onda onu dünyaya aldanmaqdan çəkindirib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Dünya əl vuranda yumşaq, zəhəri isə həlakedici olan ilan misalındadır. Buna görə də səni dünyada şad edən şeydən (maldan) uzaq ol. Ona görə ki, onun malından bir azı (ancaq bir kəfən) səninlə birgə qalacaqdır (qəbrə gedəcəkdir). Həmçinin onun qəm-kədərini özündən uzaqlaşdır. Çünki ondan ayrılacağına və onun halının dəyişəcəyinə inanırsan (bilirsən ki, nəhayət ondan ayrı qalacaqsan və onun rəftarı hər an əvvəlki vaxtdakı rəftarına ziddir. Buna görə də ona ürək bağlama və bir neçə günlük yaşayış üçün özünü qəmləndirmə). Dünya ilə ünsiyyət və əlaqən çox olan zaman ondan daha çox qorx. Çünki dünyapərəst ona ürək bağlayıb şad olanda, dünya onu həmin şəraitdən çətinliyə tərəf çəkir, yaxud onunla ünsiyyət və əlaqəyə arxalanıb dinclik tapanda onu həmin haldan (çıxarıb) qorxu və vahiməyə düçar edir. (Buna görə də ağıllı adam bu cür düşmənlə dostluq etməyə aldanmamalıdır, əksinə, o, özünü dost kimi göstərəndə ondan daha çox uzaqlaşmalıdır.) Salama layiq kimsəyə salam olsun!
69-cu məktub
İmam Əli əleyhis-salamın Haris Həmdaniyə məktublarındandır. (O, Əmirəl-möminin əleyhis-salamın səhabələrindən və deyəsən, o Həzrətə tabe olanlardan olub. Həmdan Yəməndə olan bir qəbilənin adıdır. Bu, böyük bir məktubdur ki, Seyyid Şərif Rəzi əleyhir-rəhmə onun bir hissəsini burada bəyan edib. Onun mövzusu gözəl və nəcib əxlaq və xasiyyət, eləcə də bəyənilən davranış qaydalarıdır.)
Qur’an ipindən yapış (onun hökm və göstərişləri əsasında davran), onu özünə öyüd-nəsihət verən et və halalını halal, haramını haram bil (ki, dünya və axirət səadətini və xoşbəxtliyini sənə nəsib etsin). Bundan əvvəl olmuş həqiqətlərə inan. (Həzrət Peyğəmbərdən əvvəl olmuş peyğəmbərləri və onların Allah tərəfindən öz ümmətlərinə gətirdiklərini təsdiq et.) Dünyanın keçmişindən onun qalan hissəsi üçün ibrət al. (Onun qalan hissəsini keçmişi ilə müqayisə et, tutuşdur və bil ki, qalan da keçən kimi minlərlə dərd-qəmlə ötüb keçəcək.) Çünki onun bir hissəsi digər hissəsi kimidir və sonu əvvəlinə bağlıdır. Onun hamısı məhv olan və aradan gedəndir. Allahın adını uca tut və haqq, doğru və yerindən başqa Ona and içmə. (Yaxud Ona, and içilməsi münasib və layiqli olan yerdə and iç. Buna görə də Onun adına yalandan və ya əhəmiyyətsiz şey üçün and içməkdən çəkin, qorx.) Ölümü və ölümdən sonrakı vəziyyətləri çox yadına sal (ki, bu sənin üçün ən böyük moizə edən və öyüd-nəsihət verəndir). Möhkəm şərti olmadan onu arzulama. Əməl sahibinin özündə layiqli bilib başqa müsəlmanlarda nalayiq hesab etdiyi hər bir işdən çəkin. (Özün üçün bəyənmədiyin işi başqasına rəva görmə. Həmçinin özün üçün münasib bilmədiyin şeyi camaata namünasib güman etmə.) Gizlində edilərək aşkarda xəcalət gətirən hər bir işdən çəkin. (Gizlində çirkin və günah iş görüb camaat xəbər tutanda xəcalət çəkməyinə səbəb olan işdən çəkin.) Əməl sahibindən (nə üçün belə etməsini) soruşanda inkar etdiyi və ya üzr istədiyi hər bir işdən uzaq ol. (Heç vaxt kiminsə barəsində söz gəzdirmə, yalan quraşdırma.) Şərəf və heysiyyətini söz oxlarına hədəf etmə. (Onu ağzıgöyçəklər və eyb axtaranların dilindən qoru.) Hər eşitdiyini xalqa demə ki, bu yalançılığın nişanəsidir. Xalqın sənə dediklərini rədd edib yalan sanma ki, bu da nadanlığa dəlildir. (Çünki ola bilər ki, sənə deyilənlər düz olmuş olsun. Buna görə də onu inkar etmək haqqa nadan olmaqdır.) Qəzəbini ud və qüdrətin olan zaman (cəzalandırmaqdan) keç. Əsəbləşəndə təmkinli ol və imkan və qüdrətinin olmasına baxmayaraq, (intiqam almaqdan) uzaq ol ki, gözəl savab sənin olsun. (Qiyamət günü Allah səndən intiqam almasın və mərhəmətini sənə nəsib etsin.) Allahın sənə əta etdiyi hər bir nemətin şükrünü yerinə yetir. Allahın sənə bəxş etdiyi nemətlərin heç birini zay etmə. Gərək Allahın sənə əta etdiyi şeyin nişanəsi səndə görünsün.
Bil ki, möminlərin ən gözəli özündən, qohum-əqrəbasından və malından bağışlamaq baxımından daha yaxşı olanıdır. Həmçinin bil ki, sənin qabaqcadan göndərdiyin gözəllik (Allah yolunda verdiyin və əta etdiyin şeyin gözəlliyi) sənin üçün toplanaraq qalır (qiyamət günü onun savabını əldə edəcəksən). Özündən sonra qoyduğun şeyin gözəlliyi isə başqası üçündür (onun xeyri varisə nəsib olur). Zəif nəzər və düşüncə və xoşagəlməz əməl sahibi ilə oturub-durmaq və yoldaşlıq etməkdən çəkin. Çünki insan öz dostu ilə həmxasiyyət olur. (Buna görə də onu dostuna oxşadırlar.) Böyük şəhərlərdə məskunlaş. Çünki müsəlmanlar orada bir-birinin yanındadırlar (və onlardan elm və bilik əldə etmək və səadət və xoşbəxtlik yollarını öyrənmək olar). (Allahdan) qafil olmağa və (Onu) yaddan çıxarmağa, (yaxşılara) zülm etməyə səbəb olan və Allaha itaət və bəndəlik yolçularının az olduğu (küfr ölkələri və kəndləri kimi) yerlərdən çəkin. Düşüncəni işinə yarayan şeylərə vadar et (puç işlərə sərf etmə). Bazarların başında oturmaqdan çəkin. Çünki ora Şeytanın yeri və fitnə-fəsadın üzə çıxdığı məkandır. (Çox vaxt bu yerlərdə dünya işləri və dinə zidd əməllərlə məşğul olurlar. Buna görə də bacardıqca oradan uzaq olmaq lazımdır. Əl altında olan və) sənin ondan üstün olduğun (Allahın səni ondan üstün etdiyi) kəs barəsində çox düşün, qayğılan. Çünki sənin onun barəsində fikirləşməyin, şükr yollarından biridir. (Bu qayğılanmaq ilə Allahın sənə verdiyi nemətlərin şükrünü yerinə yetirmiş kimi olursan.) Cümə günü namazda iştirak edənə kimi səfərə çıxma. Allah yolunda (din düşmənləri ilə cihada) getmək, yaxud üzrlü olduğun (və namaz vaxtına kimi qala bilmədiyin) səfər bundan istisnadır. Bütün işlərində Allaha itaət et, tabe ol (Onun göstərişləri əsasında hərəkət et). Çünki (səadət və xoşbəxtlik onunla əldə edildiyi üçün) Allaha itaət hər bir şeydən üstündür. İbadət və bəndəlikdə öz nəfsini tovla. (Onu aldadıb cəzadan qorxutmaq və savaba sevindirmək vasitəsi ilə şəhvətdən saxla və itaətə vadar et.) Onunla yumşaq davran (Onu çox çətinliyə salma) və onu məğlub etmə (öhdəsinə ağır vəzifələr qoyma). Güzəşt və sevinc zamanı onu haqla (asudə və şad olanda onu itaət və bəndəliyə məcbur et, əlbəttə, gündəlik namazlar kimi) yerinə yetirilməsi sənin üçün vacib olan şeylərdən qeyrisi üçün. Çünki onun (vacibatın) yerinə yetirilməsi və vaxtında həyata keçirilməsi zəruridir (şad və ya qəmgin olmaqdan asılı olmayaraq onları mütləq yerinə yetirmək lazımdır). Sən dünya malı əldə etmək üçün Rəbbindən (Ona itaətdən) qaçarkən ölümün səni haqlamasından qorx. Yaramaz əməl sahibləri ilə yoldaşlıq etməkdən çəkin. Çünki pis pisliyə birləşər. Allahı uca və böyük bil, Onu sevənləri sev. Qəzəbdən çəkin. Çünki o, şeytanın qoşunlarından olan böyük bir qoşundur (ki, onun vasitəsi ilə səni bədbəxtliyə çəkir). Salama layiq kimsəyə salam olsun!
70-ci məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən Mədinənin hakimi olmuş (və qırx beşinci məktubun şərhində yaxşılığını xatırlatdığımız) Səhl ibn Hüneyf Ənsariyə, həmin diyarın əhalisindən Müaviyəyə birləşmiş bir dəstə barəsindəki məktublarındandır (ki, İmam əleyhis-salam ona bu hadisəni əhəmiyyətsiz sayıb kədərlənməməyi buyurmuşdur).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə xəbər çatıb ki, sənin yanında olanlardan bəziləri gizlində Müaviyəyə birləşirlər. Onların əldən çıxması və sənə olan köməklərinin (qoşun və rəiyyətinin sayının) azalmasına görə ruhdan düşüb kədərlənmə. Onlar (cəzalandırılmaları) üçün azğınlıq (xəstəliyi), sənin üçün isə onlardan şəfa tapmaq (onların əzab-əziyyətlərindən qurtulmağın) bəsdir. Onların qaçdıqları şey hidayət və qurtuluş, (tərəfinə) tələsdikləri şey isə azğınlıq və nadanlıqdır. Onlar dünyanı sevənlərdir ki, tələsik ona üz tutublar. Onlar (bizim davranış üsullarımızdan) ədalət və düzlüyü tanıyıb gördülər, eşitdilər, qulaqlarında saxladılar və bildilər ki, bizim yanımızda olan insanlar haqq-hüquq baxımından bərabərdirlər. Buna görə də (onların arasında hər bir şeyi ancaq bərabər bölüşdürməyimizi görüb) qaçdılar ki, özləri mənfəət əldə edib başqalarını nəsibsiz qoysunlar. Allah onları rəhmindən uzaq etsin!!
Allaha and olsun ki, onlar zülm və sitəmdən qaçmayıb və ədalət və insafa qovuşmayıblar. Biz Allahın, istəyəcəyi təqdirdə bu xilafət işinin çətinliklərini bizim üçün asanlaşdıracağına və nahamarlıqlarını hamarlaşdıracağına ümidvarıq . Sənə salam olsun!
71-ci məktub
İmam Əli əleyhis-salamın (Əbdül-Qeys qəbiləsindən olan) Münzir ibn Carud Əbdiyə məktublarındandır. (İmam əleyhis-salam) onu bəzi şəhərlərə (Farsa) hakim təyin etmişdi. Münzir o Həzrətin onu təyin etdiyi bəzi işlərdə xəyanət etmişdi. (Xərac pullarından dörd min dirhəm oğurlamışdı. İmam əleyhis-salam bu məktubda onu məzəmmət edərək öz yanına çağırmışdır. Həmçinin öz qəbiləsi Əbdül-Qeys ilə Həzrət Peyğəmbərin hüzuruna gəlib İslamı qəbul etmiş atası Carudu tərifləmişdir. Axır ki, «Rical» alimləri Münziri zəif hesab edir və onun rəvayətlərinə etimad etmirlər.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Atanın yaxşılığı məni aldatdı və sənin, onun üsuluna tabe olub onun yolu ilə gedəcəyini güman etdim. Birdən mənə xəbər çatdı ki, xəyanət etmisən: nəfsi istəklərinə tabe olmaqdan əl çəkmirsən, axirətin üçün azuqə toplamırsan, öz dünyanı axirətini viran etməklə abadlaşdırırsan və dinindən qırılaraq qohum-əqrəbana birləşirsən. Əgər səndən mənə çatan şey (xəyanət) düz olsa, sənin əhlilləşmiş dəvən və ayaqqabının bəndi səndən yaxşıdır. Sənin kimisi isə sərhədin qorunmasına, ya iş görülməsinə, yaxud məqamı yüksəldilməyə, yaxud əmanətə şərik edilməyə və ya xəyanət və əyriliyin qarşısının alınmasına təyin edilməyə layiq deyil. (Sərhədlərin qorunması, şəhərlərin hökuməti və ya işlərin icrasına başçılığı sənə tapşırmaq yaraşan iş deyil.) Buna görə də Allahın istəyi ilə bu məktubum sənə çatan zaman mənim yanıma gəl. (Seyyid Rəzi deyir:)
Bu Münzir həmin kəsdir ki, Əmirəl-möminin əleyhis-salam onun barəsində belə buyurub: O, öz sağ-soluna çox baxır, əynindəki iki «bürd»ü (çox qiymətli Yəmən paltarı) ilə öyünür və ayaqqabılarının toz-torpağını çox təmizləyir. (Yəni, o, özü və paltarı ilə öyünən və bəzənən təkəbbürlü və məğrur bir şəxsdir.)
72-ci məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa (Allah onu bağışlasın) məktublarındandır (ki, onda ona öyüd-nəsihət verir).
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Sən öz əcəlindən qabağa düşə bilməyəcəksən. Sənə çatmayan şey sənin ruzin deyil. (Ölümünün ixtiyarı sənin əlində deyil. Həmçinin sənə çatmayacaq şeyi əldə edə bilməzsən.) Bil ki, ruzigar iki gündür: bir günü sənin xeyrinə, bir günü isə ziyanınadır. Dünya şadlıqların fırlanaraq əldən ələ keçdiyi diyardır. (Hər kəsin öz növbəsi var.) Buna görə də dünyadan sənin xeyrinə olan şey, hətta aciz olsan (başqaları onun qarşısını alsalar) belə, sənə çatacaqdır. Həmçinin (güclü olsan da) onun sənin ziyanına olan şeylərinin qarşısını zor və güc ilə ala bilməzsən.
73-cü məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onu məktubunun nadürüstlüyünə görə məzəmmət edərək hədələyib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sənə dalbadal cavab vermək və məktubuna qulaq asmaqla (nadan və azğın olduğun üçün öyüd-nəsihətin sənə heç vaxt xeyir verməyəcəyi və fitnə-fəsaddan əl çəkməyəcəyin barəsindəki) nəzər və düşüncəmi süstləşdirirəm, fərasət və zirəkliyimi (yəqin və inamımı) səhvə salıram (halbuki sənin kimisinin cavabında susmaq lazımdır. Amma mənim cavab verməyimin səbəbi ancaq və ancaq yumşalaraq bir daha səni başa salıb bəhanə gətirməyinə yer qoymamaqdır). Sən hiylə və «zirəngliklə» məndən bəzi şeylər istəyəndə və cavab almaq üçün mənə məktub göndərəndə yalan və pərişan yuxu görən ağır yatmış şəxsə, yaxud da ayaq üstə durmaqdan aciz və biçarə qalmış (nə yol gedə bilən, nə də ayaq üstə dayana bilən) və qarşıya çıxacaq şeyin xeyrinə və ya ziyanına olacağını bilməyən kimsəyə bənzəyirsən. Sən onun kimi deyilsən, bəlkə o sənə oxşayır. (Sənin vəziyyətin başqasına oxşamaqdan da pisdir. Çünki sən bədbəxtlik və biçarəlikdə təksən. Sən ancaq və ancaq özünə oxşayırsan.) Allaha and olsun ki, əgər (əsaslanaraq ona uyğun davranmalı olduğum məsləhətə görə) qalmağını istəməsəydim tərəfimdən sənə sümüyü sındıran və əti əridən (səni məhv edən) zərbə vuranlar (müharibə və döyüşün çətinlikləri) gəlib çatardı. Bil ki, sənin yaxşı işlərə qayıtmağına və nəsihət verənin öyüdlərinə qulaq asmağına (öz zəmanənin imamına üz tutaraq göstərişlərini icra etməyinə) şeytan mane olur. Salama layiq kimsəyə salam olsun!
74-cü məktub
İmam Əli əleyhis-salamın Rəbiə və Yəmən əhli üçün yazdığı əhdnamələrdəndir (ki, onda onlarla Qur’ani-Kərimə tabe olmaq, vəhdət və birlik barəsində əhd bağlayıb.) Bu əhdnamə (Əbul Münzir) Hişam ibn (Saib) Kəlbinin xətti ilə nəql edilmişdir.
Bu, Yəmən əhli və Rəbiə qəbiləsinin həm məskunlaşmışları, həm də köçərilərinin Allahın kitabı (ona əməl etmək) barəsində bir araya gəldikləri əhddir ki: (başqalarını) ona tərəf dəvət etsinlər, onun əsasında əmr etsinlər, ona dəvət edib əmr verəni (onun sözlərini) qəbul etsinlər, onun müqabilində heç bir şey almasınlar və onu dəyişdirməyə razı olmasınlar. (Bu əhdə sadiq qalsınlar və dünya malı əldə etmək üçün aldanıb Qur’andan əl götürməsinlər.) Həmçinin onlar müxalif və etinasızların qarşısını almaq üçün vəhdət (birlik) yaradaraq bir-birlərinə köməkçi olsunlar: çağırışları (sözləri) bir olsun, birinin töhmət vurması və qəzəblənməsi və ya bir dəstənin digər bir dəstəni təhqir etməsi və söyməsinə görə əhdlərini pozmasınlar. Onların hazır və qaibləri, ağlı az olanları və alimləri, həlim və nadanları bu əhdnamədə möhkəmdirlər. Beləliklə, bu əhdnamə ilə Allahın peymanı onların öhdəsinə düşdü (və gərək ona əməl etsinlər). (Çünki) Allahın peymanı barəsində sorğu-sual ediləcəkdir. (Bu əhdnaməni) Əli ibn Əbi Talib yazdı.
75-ci məktub
İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin əvvəlində Mədinədən Müaviyəyə yazdığı məktublarındandır. (O Həzrət, bu məktubda Müaviyəyə və onun dostlarına, ona bey’ət etməyi əmr edir.) Bu məktubu (Əbu Abdullah Məhəmməd ibn Ömər) Vaqidi Cəməl kitabında nəql edib:
Allahın bəndəsi Əmirəl-möminin Əlidən Əbu Süfyanın oğlu Müaviyəyə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənim sizin barənizdəki üzrümdən (mülayimlik və laqeydliyimin səbəbindən) xəbərdarsan və (bundan əvvəl) sizdən (sizləri özümə bey’ət etməyə dəvət etməkdən) uzaqlaşmağımı bilirsən. Nəhayət, çarəsi olmayan və qarşısı alınmaz şey (Osmanın öldürülməsi və ya ondan qabaqkı digər hadisələr) baş verdi. Hekayə uzun, söz çoxdur. (Onları deməyə fürsət yoxdur və ya onlara göz yummaq daha yaxşıdır.) Keçən keçdi, gələn gəldi. (Əvvəlki xəlifələrin dövrləri keçdi və haqq olan xilafətin zamanı gəlib çatdı.) Buna görə də yanında olanlardan (mənim üçün) bey’ət al və yoldaşlarından bir dəstə ilə yanıma gəl. Salama layiq kimsəyə salam olsun!
76-cı məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Bəsrədə öz canişini edəndə ona olan tövsiyələrindəndir (ki, onda Abbasa xalqla mehriban olmaq və qəzəbdən uzaq olmaq barəsində öyüd-nəsihət verib).
Xalqla gülərüz, məclis yoldaşı və düz ol. (Heç kəsin səninlə görüşünə mane olma. Elə yerdə otur ki, hamı yanına yol tapa bilsin. Hamının hörmətini saxla. Onları çətin və ağır işlərə məcbur etmə və aralarında ədalət və insafla hökm et. Xalqa) qəzəblənməkdən çəkin. Çünki o, şeytandan olan (ondan sənə çatan) yelbeyinlikdir. Bil ki, səni Allaha (Onun mərhəmətinə) yaxınlaşdıran hər bir iş, oddan (qiyamət gününün cəzasından) uzaqlaşdırır. Səni Allahdan uzaqlaşdıran hər bir iş isə oda yaxınlaşdırır.
77-ci məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Xəvaricə (düşüncə və danışıqlarının səhv olması barəsində) dəlil gətirmək üçün göndərəndə buyurduğu tövsiyələrindəndir (və onda onu Qur'ana istinad edib dəlil gətirməkdən çəkindirib).
Onlarla Qur’anla mübahisə etmə (Qur’andan dəlil gətirmə). Çünki Qur’an (tə'vil, təfsir, batini və zahiri məna kimi) çoxlu ehtimal və yozumlara malikdir. (Onlardan birini) sən deyərsən (digər birini isə) onlar deyərlər (beləliklə, mübahisə uzun çəkər). Onlara sünnəyə əsaslanaraq dəlil gətir. Çünki onlar heç vaxt sünnəyə əsaslanan dəlildən qaçmağa yol tapa bilməzlər. (Həmin sözlərin düz və doğru olmasını qəbul etməkdən başqa bir çarələri olmaz.)
78-ci məktub
İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə onların (onunla Əmr ibn Asın) hökm çıxarmaq (xəlifə seçmək) üçün təyin edildikləri (şərhi 35-ci xütbədə deyilmiş «Daumətul-Cəndəl» adlı) bir yerdən o Həzrətə yazdığı məktuba cavab məktublarındandır. Bu məktubu Səid ibn Yəhya Əməvi (özünün) Məğazi (adlı) kitabında bəyan edib.
İnsanların çoxu (dünya və axirətdə) öz nəsib və qismətlərinin çoxundan məhrum oldular. Beləliklə, dünyaya üz tutdular (ayaqlarını haqdan kənara qoydular və) nəfsi istəkləri ilə danışdılar (Allah və Peyğəmbərin öz zamanlarının imamına tabe olmaq barəsindəki sözlərinə göz yumdular). Mən bu işdə (xilafət məsələsində) təəcüblü bir yerə gəlib çıxmışam. Orada nəfsləri onları kibr və məğrurluğa vadar etmiş bir neçə dəstə toplaşıb. Buna görə də mən (onlarla mülayim davranıram və) onların çiban və yaralarını müalicə edirəm. Çünki qanın (birdən) bağlanmasından (və sonra müalicənin çətinləşməsindən) qorxuram. (Ey haqq və həqiqətdən xəbərsiz və ey nadan) bil (mənim onlarla mülayim davranmağımın səbəbi budur) ki, Məhəmməd – səlləllahu əleyhi və alih – ümmətinin işlərinin nizam-intizama düşməsinə və onların arasında ülfət və dostluq yaranmasına məndən həris (çox çalışan) bir kimsə yoxdur. Bu işimlə gözəl savab və qayıdış yeri, sığınacaq istəyirəm və hətta sən məndən ayrılarkən malik olduğun ləyaqətdən (özünü göstərdiyin paklıq və yaxşılıqdan) dönsən (və nəfsi istəklərinlə Qur’ani-Kərimə zidd hökm versən) belə, mən tezliklə verdiyim vədə və qoyduğum qərara vəfa edəcəyəm. Çünki bədbəxt və ziyana uğramış o adamdır ki, ona verilmiş əql və təcrübədən məhrum qallmış olsun. Mən danışan birisinin batil və nahaq söz deməsindən və həmçinin Allahın məsləhət bildiyi bir işi pozmaqdan uzaq olduğumu (yaxud əsəbləşdiyimi və halımın pozulmasını) bildirirəm. Buna görə də tanımadığın şeyi burax. (Bilmədiyin şeyin ətrafına belə fırlanma və ehtiyat və düşüncəni əldən vermə.) Çünki insanların pis əməlliləri xoşagəlməz (haqq və həqiqətə zidd) sözlərlə sənə tərəf tələsirlər (ki, sənin ağlının azlığından istifadə edib müsəlmanları zəlalət və azğınlıq yoluna apararaq bədbəxt etsinlər). Salama layiq kimsəyə salam olsun!
79-cu məktub
İmam Əli əleyhis-salamın (zahirdə) xilafətə çatanda ordu başçılarına məktublarındandır (ki, onda onları haqqa tabe olmağa əmr edərək batil və nahaqdan çəkindirib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: sizdən qabaqkılarınızın həlak olmalarının səbəbi bu olub ki, onlar xalqı haqdan (hidayət və nicat yolundan) saxlayıblar və xalq da onu alıb (qəbul edərək tabe olub, yaxud satıb, yəni, əldən verərək ona qarşı etinasız olub). Həmçinin onları batilə (zəlalət və azğınlığa) vadar ediblər və onlar da ona tabe olublar.
Комментарии
Отправить комментарий